İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!

İsa hiss etdikdə” yəni onlardan küfrə qərar verdikləri və azğınlığa davam etmək istəklərini görüncə, “Allah yolunda kimlər mənə yardımçı olacaq” dedi. Mucahid: Allahın yoluna kim arxamca gələcək, demişdir. Sufyan əs-Səvri və başqası demişdir: “Allahla birgə köməkçim kimdir?” Mucahidin görüşü doğruya daha yaxındır. Zahirən görünən budur ki, Allahın yoluna dəvətdə köməkçilərim kimdir, demək istəyirdi. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) də hicrət etmədən öncə həcc mövsümündə demişdir: Rəbbimin kəlamını təbliğ etməyim üçün məni kim himayə edər? Çünki Qureyş Rəbbimin kəlamını təbliğ etməyə mane oldu. Sonra Ənsarları tapdı, ona dəstək oldular, yardım etdilər, o da onlara hicrət etdi. Ona malları ilə yardım etdilər, onu qara və ağ insanlardan qorudular. Allah onlardan razı olsun və onları razı etsin.

Həmçinin, Məryəm oğlu İsaya İsrail oğullarından bir qrup insan özlərini həsr etdilər, ona iman etdilər, ona arxa çıxdılar və onunla bərabər nazil olan nura tabe oldular. Buna görə də Allah təala onlardan belə xəbər verir: “Həvarilər dedilər: Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq. Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”. Həvarilərin ağardıcı olduqları deyilmişdir. Libaslarının ağ olduğu üçün onlara belə deyildiyi də söylənmişdir. Ovçu olduqları da deyilmişdir. Doğrusu həvari köməkçi deməkdir. Necə ki, iki Səhihdə sabit olan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əhzab döyüşündə insanlara müraciət edərkən, Zubeyr özünü ortaya atdı. Bir daha müraciət etdi yenə Zubeyr irəli çıxdı, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Hər Peyğəmbərin bir həvarisi vardır, mənim də həvarim Zubeyrdir.

İbn əbu Hatim demişdir: Bizə Əbu Səid əl-Əsac danışdı, bizə Vəki danışdı, bizə İsrail danışdı, o da Simakdan, o da İkrimədən, o da İbn Abbasın “bizi də şahidlərlə bir yerdə yaz” sözləri barəsində belə dediyini rəvayət etmişdir: “Muhəmməd ümməti ilə yaz.” Bu yaxşı isnaddır.

Sonra Allah təala İsrail oğullarından İsaya qarşı birləşmiş, onu öldürmək, pislik etmək və çarmıxa çəkmək istəyənlər barədə xəbər verdi. Onlar həmin dövrdə hökmdarlıq edən kafir krala İsa haqqında yalan məlumatlar verdilər. Ona: “Burada insanları azdıran, onları hakimə itaətsizliyə təşviq edən, milləti pozan, ata ilə oğulu ayıran biri var” – dedilər. Bu və digər iftiralar ataraq özlərini günaha batırdılar. Onu yalançılıqda ittiham etdilər. Kəbindən kənar övlad olduğunu söylədilər. Nəticədə hakimi qəzəbləndirə bildilər. Hakim də onu tutub çarmıxa çəkdirmək və bunun da aləmlərə ibrət olması üçün bir adam göndərdi. Evini mühasirəyə aldılar onu tutduqlarını zənn etdilər. Allah onu aralarından aldı, onu evin kiçik pəncərəsindən göyə qaldırdı. Allah o evdə olanlardan birini İsaya bənzətdi. İçəri daxil olanda qaranlıqda onun İsa olduğunu zənn etdilər. Onu tutdular və zülm edərək onu çarmıxa çəkdilər. Başına tikandan çələng qoydular. Bu da Allahın onlara hiyləsindən idi. O, peyğəmbərini xilas etdi, onu aralarından göyə qaldırdı. Onları isə azğınlıqları içində çapalayan şəkildə saxladı. Istədiklərini əldə etdiklərini zənn etdilər. Allah onların qəlblərinə daim daşıyacaqları daşlaşma və haqqa inad yerləşdirdi. Onlara qiyamət gününə qədər onlardan ayrılmayacaq bir zillət verdi. Allah buyurdu: “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.”