Allah Təala yəhudilərin içində xainlər olduğunu bildirir və möminləri onların yalanlarına aldanmamaları üçün xəbərdar edir. Çünki onlardan “eləsi var ki, ona bir yığın əmanət etsən, onu sənə qaytarar” daha az əmanət etsən rahat qaytarar deməkdir. “Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz” yəni haqqını almaq üçün qovalamadıqca, onu təqib etmədikcə və tələb etmədikcə, verməz deməkdir. Bir qızıl üçün bunu edərsə, bundan artığı üçün heç verməz. “Qantar”-ın nə qədər olması haqqında surənin əvvəlində qeyd olunmuşdu. Dinar isə, bəllidir.
İbn Əbi Hatim demişdir: Bizə Səid ibn Amr əs-Sukuni danışdı, bizə Bəqiyyə danışdı, o da Ziyad ibn Heysəmdən, mənə Malik ibn Dinar danışıb dedi: Dinar belə adlanmışdı. Çünki o, din və nardır (yəni, oddur). Belə də deyilmişdir: Kim onu haqqı ilə alarsa onun dinidir, kim onu haqsız alarsa, onun odudur. Burada Buxarinin Səhihində qırıq sənədlərlə bir neçə yerdə bildirdiyi hədisi qeyd etmək məqsədəuyğun olardı. Onu ən yaxşı qeyd etdiyi yer “Kitabul Kəfalət” bölməsindədir. Orada demişdir: Leys dedi: Mənə Cəfər ibn Rəbia danışdı, o da Abdurrahman ibn Hürmüz əl-Ərəcdən , o da Əbu Hureyradan (radiallahu anhu) xəbər verdi ki, Rasulullah (səlləllahu aleyhi və səlləm) İsrail oğullarından bir nəfər haqqında danışdı. Onlardan biri digərindən borc pul istədi. O da: “Mənə şahidlər gətir, onları şahid tutum” – dedi. Borc istəyən: “Şahid olaraq Allah kifayətdir” – dedi. Borc verən: “Zamin duracaq birini gətir.” – dedi. O dedi: “Zamin olaraq Allah kifayətdir.” Borc verən: “Haqlısan” – dedi və pulu bəlli bir müddətə qədər borc olaraq verdi. O insan dənizə çıxdı. İşlərini həll etdikdən sonra pulu vədələşdiyi vaxtda çatdırmaq üçün geri gəlməyə bir gəmi axtardı, lakin tapa bilmədi. Bir taxta parçası götürüb içini ovdu. Min dinarı və borc sahibinə yazdığı məktubu ora qoydu. Sonra üstünü şüşə ilə bağladı. Dənizin sahilinə gəlib: “Allahım, sən bilirsən ki, mən filankəsdən min dinar borc aldım. O da məndən zamin duracaq birini istədi. Mən də: “Zamin olaraq Allah kifayətdir” – dedim. O da Sənin zaminliyinə razı oldu. Məndən şahid olacaq birini istədi. Mən də: “Şahid olaraq Allah kifayətdir” – dedim. O da Sənin şahidliyinə razı oldu. Mən pulunu göndərmək üçün bir gəmi tapmağa çalışdım, amma tapa bilmədim. İndi o pulu sənə əmanət edirəm” – dedi və onu dənizə atdı. Pul suyun içinə girdi. Sonra özü ölkəsinə geri dönmək üçün bir gəmi axtarmağa getdi. Borc verən adam da bəlkə bir gəmi pulumu gətirər deyə sahilə çıxdı. Baxdı ki, bir kötük var. Hansı ki, içinə pul qoyulmuşdu. Onu ailəsi üçün odun olaraq götürdü. Onu sındıranda pulu və məktubu tapdı. Sonra borc alan kişi gəldi və min dinarı verdi. O dedi: “Allaha and içirəm ki, bir gəmi tapmaq üçün çox çalışmışam. Bu gəldiyim gəmidən başqasını tapa bilmədim.” Borc sahibi də: “Sən mənə bir şey göndərdinmi?” – dedi. O: “Sənə bu gəldiyim gəmidən başqa bir gəmi tapa bilmədim, demədimmi?” –dedi. Kişi: “Allah, kötüyün içində göndərdiyinlə sənin borcunu ödədi. Min dinarı al, düz yolunla get.” – dedi.
Buxari bunu bir yerdə qətilik formasında və qırıq sənədlə rəvayət etmişdir. Səhihin bir çox yerində onu Leysin katibi Abdullah ibn Salehdən sənədlə nəql etmişdir. Bunu İmam Əhməd Müsnədində bu şəkildə uzun olaraq Yunus ibn Muhəmməd əl-Muəddibdən, o da Leysdən rəvayət etmişdir. Onu Bəzzar da Müsnədində Həsən ibn Müdrikdən, o da Yəhya ibn Həmməddən, o da Əbu Avanədən, o da Ömər ibn Əbu Sələmədən, o da atasından, o da Əbu Hurəyrədən, o da Rasulullahdan (səlləllahu aleyhi və səlləm) oxşar şəkildə rəvayət etmiş, sonra da: “Rasulullahdan (səlləllahu aleyhi və səlləm) ancaq bu sənədlə bu şəkildə rəvayət edilmişdi” – demişdir. Belə də demişdir. Lakin yuxarıda qeyd edilənə görə bu, səhvdir.
Bu, ona görədir ki, onlar:: “Avamlardan ötrü bizə günah olmaz!” dedilər. Yəni, haqqı inkar etməyə: Bizim dinimizdə avam ərəblərin malını yemədə bir günah yoxdur; Allah onu bizə halal etdi, demələrinə səbəb oldu. Allah Təala demişdir: “bilə-bilə Allaha qarşı yalan söyləyirlər”, yəni bu sözü uydurmuşdular, bu azğınlığı icad etmişdilər. Halbuki Allah xalqın malını, yalnız haqqı çatdığı istisna edilməklə, yeməyi haram etmişdir. Onlar isə şərçi bir xalqdırlar.
Əbdürrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Əbu İshaq Həmədanidən, o da Sasaa ibn Yəziddən, rəvayət edir ki, bir adam İbn Abbasa: “Biz müharibədə zimmilərin toyuq və qoyun kimi mallarını ələ keçiririk” dedi. İbn Abbas dedi: “Bəs bu barədə nə söyləyirsiz?”. O dedi: “Bunda bizim üçün heç bir günah yoxdur” – deyirik. O da: “Bu, Əhli kitabın “Avamlardan ötrü bizə günah olmaz!” demələrinə bənzəyir. Onlar, cizyə verdikləri müddətcə, könül xoşluğu ilə verdikləri istisna olmaqla, malları sizə halal deyil” – dedi. Bunu Səvri də Əbu İshaqdan bənzər şəkildə rəvayət etmişdir.
İbn Əbu Hatim demişdir: Bizə Məhəmməd ibn Yəhya danışdı, bizə Əburrəbi Zəhrani xəbər verdi, bizə Yaqub danışdı, bizə Cəfər danışdı, o da Səid ibn Cubəyrdən, o demişdi: Əhli-kitab: “Avamlardan ötrü bizə günah olmaz!” dedikdə, Rasulullah (səlləllahu aleyhi və səlləm) belə dedi: “Allahın düşmənləri yalan danışdılar. Cahiliyyə dövründə nə varsa hamısı ayağımın altındadır. Yalnız əmanət bunun xaricindədir. Onun sahibi pis və ya yaxşı olsun, geri qaytarılacaq” – dedi.
Sonra Allah Təala dedi: “Xeyr! Kim əhdini yerinə yetirsə və (Allahdan) qorxsa” yəni, ey Əhli kitab, sizdən kim Allaha, Muhamməd (səlləllahu aleyhi və səlləm) göndərildiyi vaxt ona iman edəcəyinə dair verdiyi sözü yerinə yetirərsə, deməkdir. Necə ki, eyni sözü peyğəmbərlərdən və ümmətlərindən də almışdı. Kim bu vədi yerinə yetirərsə, Allahın qadağan etdiyi şeylərdən imtina edərsə, sonuncu peyğəmbərin və bəşəriyyətin seyidinin göndərdiyi şəriətə tabe olarsa və Allaha itaət edərsə, “Allah müttəqiləri sevər”.