Allah Təala Quran barəsində düşünməyi qullarına əmr edərək, ondan, onun möhkəm mənalarını və bəlağətli sözlərini anlamaqdan üz çevirməyi qadağan edərək və xəbər verərək buyurur ki, onda ixtilaf, uyğunsuzluq və ziddiyyət yoxdur. Çünki o, hikmət sahibi və tərifə layiq Allah tərəfindən nazil edilmişdir. O, Haqdan gələn haqdır. Buna görə Allah buyurur “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhəmməd, 24). Sonra buyurur: “Əgər o, Allahdan başqası tərəfindən olsaydı” yəni nizamsız və uydurma olsaydı, necə ki, bunu bəzi nadan müşriklər və eləcə də münafiqlər içlərində deyirdilər, “onda çoxlu ziddiyyət tapardılar” yəni onda uyğunsuzluq və ziddiyyət görərdilər. Yəni o, ixtilafdan salamatdır və o, Allahdandır. Necə ki, həqiqi elm sahiblərinin “onlara iman gətirdik, hamısı Rəbbimizdəndir” (Ali İmran, 7) yəni möhkəmidə, mütaşabihidə haqdır, dediklərini xəbər vermişdir. Ona görə mütaşabihi möhkəmə qaytararaq hidayəti tapmışlar. Qəlblərində əyrilik olanlar isə möhkəmini mütaşabihə qaytararaq yollarını azmışlar. Buna görə Allah həqiqi elm sahiblərini tərif edərək, sapmışları qınamışdır.
İmam Əhməd demişdir: Bizə Ənəs ibn İyad danışdı, bizə Əbu Həzim danışdı, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından demişdir: Mən və qardaşım elə bir məclisdə oturmuşduq ki, onun əvəzində çil-çil dəvələri istəməzdik. Mən və qardaşım gəlib gördük ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yaşlı səhabələri onun qapılarının birində oturublar. Aralarına girmək istəmədik, bir küncdə oturduq. Birdən Qurandan bir ayə zikr etdilər, sonra çəkişərək səsləri yüksəldi. Rəsulullah (salləllahu aleyhi və səlləm) qəzəbli şəkildə çıxdı, hətta üzü qızarmışdı, onların üstünə torpağı ataraq dedi: “Ey camaat ağır olun, sizdən əvvəlki ümmətlər Peyğəmbərlərlərinə qarşı çıxmaqdan və kitabları bir-birinə qarşı tutmaqdan həlak oldular. Doğru odur ki, Quran ayələri biri birini yalanlamaq üçün nazil edilmədi, əksinə, bir-birini təsdiqləmək üçüm nazil edilmişdir. Anladığınıza əməl edin anlamadığınızı isə bilənlərə həvalə edin.” Bunu Əbu Muaviyədən, o da Davud ibn əbu Hinddən, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından rəvayət etmişdir ki, o demişdir: “Bir gün Rəsulullah (salləllahu aleyhi və səlləm) evindən çıxdı. İnsanlar qədər haqqında danışırdılar. Əsəbindən üzünə nar suyu sıxılmış kimi idi. Onlara dedi: “Sizə nə olub ki, Allahın ayələrini bir-birinə qarşı qoyursuz? Sizdən əvvəlkilər bundan ötrü həlak oldular.” Rəvayətçi dedi: “Buna görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi məclislərində iştirak etmədiyim üçün özümü bu qədər bəyəndiyim olmamışdı.” Bunu İbn Macə də Davud ibn əbu Hind hədisindən belə rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə Əbdürrəhman ibn Mehdi danışdı, bizə Hammad ibn Zeyd danışdı, o da Əbu İmran əl-Cəvnidən, o demişdir: Mənə Abdullah ibn Rabah yazdı ki, Abdullah ibn Amr belə demişdir: Günortanın istisində Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdim. Birdən iki nəfər yüksək səslə bir ayə barəsində ixtilaf etdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Sizdən əvvəlkilər kitabda ixtilaf etmələrinə görə həlak oldular.” Bunu Muslim və Nəsai də Hammad ibn Zeyd hədisindən belə rəvayət etmişdir.
“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar” Bu da işlərin həyata keçməsindən əvvəl onu yaymağı rədd edir. Bunlar onu ifşa edər və yayarlar. Bəzən bu doğru olmazdı. Muslim “Səhih” əsərinin müqəddiməsində demişdir: Bizə Əbubəkr ibn əbu Şeybə danışdı, bizə Əli ibn Həfs danışdı, bizə Şubə danışdı, o da Xubeyb ibn Əbdürrəhmandan, o da Hafs ibn Asimdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Bir nəfərin hər eşitdiyini danışmağı onun yalançı olmasına yetər”. Bunu Əbu Davud “Sünən” əsərinin “Kitəbul ədəb” bölməsində Muhəmməd ibn Hüseyn ibn İşkəbdən, o da Əli ibn Hafsdan, o da Şubədən musnəd olaraq rəvayət etmişdir. Bunu Muslim yenə, Muaz ibn Hişam əl-Ənbəri və Əbdürrəhman ibn Mehdidən rəvayət etmişdir. Əbu Davud yenə, Hafs ibn Ömər ən-Nəmiridən, hər üçü Şöbədən, o da Xubeybdən, o da Hafs ibn Asimdən mürsəl olaraq rəvayət etmişdir.
İki Səhihdə Muğira ibn Şubədən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi-qodu yaymağı yəni, insanların dediklərini araşdırmadan, düşünmədən və aydınlıq gətirmədən danışmağı qadağan etmişdi.
Əbu Davudun “Sunən” əsərində Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kişinin pis davranışı, araşdırmadan söylədiyidir. ”
Səhihdə deyilir: “Kim bilərəkdən yalan hədisi yayarsa, o iki yalançıdan biridir”.
Burada, Buxari və Muslimdə nəql edilən Ömər ibn Xəttabın danışdığı hədisi zikr edək: Ona Rəsulullahın (salləllahu aleyhi və səlləm) xanımlarını boşadığı xəbəri çatanda, evindən çıxıb məscidə gəldi. İnsanların bu barədə danışdığını gördü. Dayana bilmədi və icazə alaraq Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına girdi. Ona bu barədə sual verdi: “Qadınlarını boşadınmı?” O da: “Xeyr” dedi. Mən də: “Allahu Əkbər” – dedim.” Sonra hədisi tam şəkildə danışdı.
Muslimin rəvayətində belə deyilir: Xeyr, deyən kimi, məscidin qapısında duraraq bağırdım: “Rəsulullah (salləllahu aleyhi və səlləm) qadınlarını boşamadı”. Nəticədə bu ayə nazil oldu: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər”. Məndə onun mahiyyətinə varanlardan idim. Ayədə keçən “yəstənbitunəhu” sözünün mənası bir şeyi qaynağından çıxartmaq deməkdir. “İstənbətər raculu əl-əynə”, yəni adam torpağı qazaraq yerin dərinliyindən bulağ çıxartdı.
“Az bir qisminiz istisna olmaqla, şeytana uyardınız” Əli ibn əbu Talha da, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “yəni, möminlər.”
Əbdurəzzaq demişdir: Mamərdən, o da Qatadədən: “Yəni, hamınız uyardı.” Bu fikri dəstəkləyənlər şair Tirməh ibn Həkimin, Yəzid ibn Muhəlləbi tərifləmək üçün dediyi beyti dəlil gətirmişdilər:
Şərəflidir, comərddir,
Qüsuru və ləkəsi azdır.
Yəni heç bir qüsuru və ləkəsi yoxdur.