İslamın əvvəlində möminlər Məkkədə olarkən onlara namaz qılmaları və zəkat vermələri əmr edilmişdi. Nisab miqdarları təyin olunmasa da, kasıblara kömək etmələri əmr olunmuşdu. Müşriklərə toxunmamaq, onları bağışlamaq və bir müddət onlara səbir etmək əmri də verilmişdi. Nəticədə möminlər düşmənlərindən heyf almaq üçün alışıb yanırdılar və döyüş əmrinin gəlməsini çox istəyirdilər. Lakin həmin vaxtdakı vəziyyət, çoxsaylı səbəblərə görə münasib deyildi. Belə səbəblərdən biri də, düşmənlərin say çoxluğu nisbətində, müsəlmanların azlığı idi. Digər səbəb isə, öz şəhərlərində olmaları idi. Belə ki, ora haram şəhər və yer üzünün ən şərəfli torpağı sayılırdı. Ilk vaxtlar döyüş əmrinin verilməsi məqsədə uyğun deyildi. Buna görə döyüş yalnız Mədinədə əmr edildi. Çünki yurdları, gücləri və köməkçiləri oldu. Bununla bərabər çox istədikləri döyüş əmri verilincə bəziləri qorxuya düşdülər. İnsanlarla üz-üzə gəlməkdən çox xoflanaraq dedilər: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin” yəni, onu vacibliyini başqa bir vaxta saxlayardın. Çünki onda qan axıtmaq, uşaqları yetim, qadınları isə dul qoymaq kimi məsələlər var. Bu ayə mənaca digər bir ayəyə bənzəyir: “Möminlər: “Bir surə nazil olmalı deyildimi?” — deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlblərində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur! Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. İş qətiləşdikdə Allaha sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı.” (Muhəmməd, 20-21).
İbn əbu Hatim demişdir: Bizə Əli ibn Hüseyn danışdı, bizə Muhəmməd ibn Əbdüləziz ibn əbu Rizmə və Əli ibn Zəncə danışdılar, bizə Əli ibn Həsən danışdı, dedilər, o da Hüseyn ibn Vaqiddən, o da Amr ibn Dinardan, o da İkrimədən, o da İbn Abbasdan demişdir: “Əbdurrəhman ibn Avf ilə dostları Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkədə olarkən onun yanına gəlib dedilər: “Ey Allahın Rəsulu, biz müşrik olarkən hörmətli idik. İman gətirdikdən sonra isə, alçaldıq.” O da dedi: “Mən bağışlamaq əmri almışam, onlarla döyüşməyin”. Allah onu Mədinəyə döndərəndə döyüşü əmr etdi. Onlar isə, çəkildilər. Buna görə Allah bu ayəni nazil etdi: “əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi?”. Nəsai, Hakim və İbn Mərduveyh bunu Əli ibn Həsən ibn Şəqiqdən rəvayət etmişlər.
Əsbat isə, Suddidən belə demişdir: “Onlar üçün o zaman yalnız namaz və zəkat var idi. Allahdan döyüşü fərz etməyini istədilər. Onlara döyüş fərz edildikdə: “…içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər.” Yaxın vaxt, ölümdür.
Allah təalə buyurur: “De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir.” Mucahid demişdir: “Bu ayə yəhudilər haqqında nazil oldu.” Bunu İbn Cərir rəvayət etmişdir. “De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir” yəni müttəqinin axirəti dünyasından daha xeyirlidir.
“Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz” yəni, əməllərinizdən, əksinə əvəzi isə tam olaraq verilər. Bu, dünyaya görə onlara bir təsəllidir. Eyni zamanda axirətə rəğbət və cihada təşviqdir.
İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Yaqub ibn İbrahim əd-Dəvraqi danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, bizə Hammad ibn Zeyd danışdı, o da Hişamdan, onun belə dediyini söylədi: Həsən “Dünyanın ləzzəti azdır” ayəsini oxudu və dedi: “Allah dünyaya bu cür sahib olana rəhmət etsin. Dünyanın əvvəli və axırı bütünlüklə yatmış bir insan kimidir. O adam yuxusunda sevdiyi şeylərin bəzisini görür. Sonra da oyanır.” İbn Məin demişdir: Əbu Mushir bu şeri oxuyurdu:
Əbədi evdə Allahdan payı olmayan üçün dünyada heç bir xeyir yoxdur
Dünya insanlara xoş gəlsə də, həqiqətdə onun ləzzəti az və sonu yaxındır.
“Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə” yəni qaçılması mümkün olmayan ölüm sizə yetişəcək. Heç kim ondan qurtula bilməz. Allah təala buyurur: “Yer üzündəki hər şey fanidir.” (Ər-Rahmən, 26). O demişdir: “Hər nəfs ölümü dadacaq.” (Ali-İmran, 185). Allah təalə buyurur: “Səndən əvvəl heç bir insana ölümsüzlük nəsib etmədik.” (əl-Ənbiya, 34). Məqsəd ölümün hər kəsə yetişməsidir. Heç kəs ondan qurtula bilməz. İstər cihada getsin, istər getməsin. Çünki onun bəlli bir əcəli və müəyyən ömrü vardır. Necə ki, ölüm Xalid ibn Validi yatağında haqladıqda, o demişdir: “Filan və filan döyüşlərdə oldum, bədənimdə qılınc və ox yarasından yer qalmayıb, indi isə yatağımda ölürəm. Qorxaqların isə, gözünə yuxu getməyirdi”.
“Hətta yüksək qalalarda olsanız belə” yəni yenilməz, yüksək və hündür qalalarda olsanız belə. Deyilmişdir ki, buradakı “buruc” göylərdəki bürclərdir. Bunu Suddi demişdir ki, bu da zəifdir. Doğrusu qala deməkdir. Yəni, ölümə qarşı tədbir tökmək və onun əlindən qalaya çəkilmək fayda verməz. Şair Zuheyr ibn əbu Sulma demişdir:
Kim ölüm səbəbləri ilə qarşılaşmağa qorxursa
Nərdivanla göyə çıxsa da ölüm onu haqlayacaq
Belə də deyilmişdir: “Burdakı “muşəyyədə” sözü “məşid” mənasını daşıyır. Necə ki, buyurulur: “boş qalmış qəsrlər” (əl-Həcc, 45). İkisinin arasında fərq olduğunu deyənlər də vardır. Bu fərqə görə, şəddə ilə yazılarsa “yüksək” mənasında olur, şəddəsiz isə “əhənglə boyanmış” mənasını verir.
İbn Cərir və İbn əbu Hatim burada Mucahiddən uzun bir rəvayət nəql etmişlər. O demişdir: “Bizdən əvvəl yaşayanlar arasında bir qadın vardı. Onu doğuş sancısı tutdu. İşçisinə od gətirməyə əmr etdi. O çıxdıqda, qapıda duran bir nəfərlə qarşılaşdı. Adam soruşdu: “Qadının nəyi oldu?” O: “Qızı” – dedi. Adam dedi: “Amma o qız yüz kişi ilə zina edəcək, sonra işçisi ilə evlənəcək, ölümü isə bir hörümçəkdən olacaq.” İşçi fikrə gedərək geri qayıtdı. Qızın qarnını bıçaqla yardı və qaçdı. O, qızın öldüyünü zənn etdi. Anası qızın qarnını tikdi. Qız sağ qaldı və böyüyüb ölkənin ən gözəl qadını oldu. İşçi isə öz işlərinin dalınca gedərək dənizləri aşdı və çoxlu mal-dövlət qazandı. Sonra ölkəsinə qayıdaraq evlənmək istədi. Bir yaşlı qadına ölkənin ən gözəl qadını ilə evlənmək istədiyini dedi. O da: “Burada filan qızdan gözəli yoxdur” – dedi. Kişi: “Onu mənim üçün istə” – dedi. Qadın gedib onu istədi, o da qəbul etdi. Yanına girdikdə, onu çox bəyəndi. Qadın ondan işi və haradan gəlməsi barədə soruşdu. O da öz keçmişini və qaçdığı bir məsələni ona danışdı. Qadın dedi: “O qız mənəm” və bıçağın yerini göstərdi. Adam dedi: “Əgər o sənsənsə, mənə iki şey barəsində xəbər ver. Birincisi, sən yüz kişi ilə zina etməlisən”. Qadın dedi: “Elə bir şey olub amma onların sayını bilmirəm”. Kişi dedi: “Onların sayı yüzdür. İkincisi, sənin ölümün bir hörümçəkdən olacaq”. Sonra onu qorumaq üçün yüksək bir saray tikdirdi. Bir gün tavanda bir hörümçək gördü və onu qıza göstərdi. Qız dedi: “Məni bununla qorxuzursan? Vallahi mən onu öldürərəm.” Hörümçəyi tavandan aşağı salıb ayaq baş barmağı ilə əzdi. Hörümçəyin zəhərindən qızın dırnağı ilə ətinin arasından bədəninə keçdi. Onun ayağı qaraldı və əcəli onu yaxaladı.”
Burada Hadra şəhərinin sahibi əsSatırunun hekayəsini də qeyd edəcəyik. Şapur hiylə ilə onu iki il mühasirədə saxladı və xalqını məhv etdi. Ərəblər bu barədə şerlər söylədilər:
Hadra şəhərinin hakimi onu etdi,
Diclə və Xabur çayları ora axırdı,
Onu mərmərdən tikdi, əhənglə boyadı,
Zirvəsində quşlar yuva qurdu.
Ölümün əli onu qorxutmadı,
Mülk məhv olsada, qapısı bağlı qaldı.
Osmanın sarayına daxil olarkən, o dedi: “Allahım Muhəmməd ümmətini birləşdir” və şairin bu şerini misal olaraq oxudu:
Ölümü görürəm, nə şərəfliyi,
Nə də Ad üçün ölkədə bir sığınacaq və daxma saxlamaz,
Qala əhalisi yatıb, qapısı bağlıdır,
Ölüm isə dağlara və zirvələrə də çatır.
“Onlara bir yaxşılıq üz verdikdə” yəni meyvə, əkin və övlad kimi şeylərdə bolluq və ruzi olduğu halda. Bunu İbn Abbas, Əbul-Aliyə və Suddi demişlər.
“Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə” meyvələrdə və əkinlərdə qıtlıq və azalma olsa yaxud uşaq ölümü və heyvan tələf olarsa. Bunu Əbul-Aliya və Suddi demişdir. “Bu, səndəndir!”– deyərlər”, yəni sənə görədir, sənə tabe olub dininə girməmizə görədir. Necə ki, Allah təala Fironun xalqından bəhs edərkən demişdir: “Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar” (Əraf, 131). O demişdir: “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib qayıdar. O dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur” (Həcc, 11). Zahirən İslama daxil olan, lakin daxilən ona ikrah hissi bəsləyən münafiqlər də belə dedilər. Onlar başlarına gələn pisliyi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabeçiliyə bağlayırdılar. Suddi demişdir: “Onlara bir yaxşılıq üz verdikdə”, yaxşılıq bolluqdur, mal-qarası və atları artır, halları düzəlir, qadınları oğlan doğur. “Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə” pislik qıtlıqdır, mallarına zərər dəyməsidir. Bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) bağlayarlar və “Bu səndəndir” deyərlər. Yəni dinimizi tərk edib Muhəmmədə qoşulduq deyə başımıza bu iş gəldi. Buna görə Allah təalə “De: Hamısı Allahdandır” ayəsini nazil etdi.
Allah buyurdu: “De: Hamısı Allahdandır”, yəni hamısı Allahın qəza və qədəri ilədir. O, salehdə və günahkarda, mömində və kafirdə keçərlidir. Əli ibn Əbu Talha, İbn Abbasın belə dediyini bildirmişdir: “Hamısı Allahdandır” yəni yaxşılıq da pislikdə Allahdandır.” Həsən Bəsri də bunu demişdir. Sonra Allah təala şübhə və tərəddüddən, anlama və elm zəifliyindən, cahillik və zülmün çoxluğundan meydana gələn bu sözü deyənləri tənqid edərək buyurur: “Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?”.
“De: Hamısı Allahdandır” sözləri ilə bağlı qəribə bir hədis zikr edilir.
Hafiz Əbubəkr Bəzzar demişdir: Bizə Səkən ibn Saad danışdı, bizə Ömər ibn Yunus danışdı, bizə İsmayıl ibn Hammad danışdı, o da Muqatil ibn Həyyandan, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından demişdir: “Biz Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında oturmuşduq. Əbubəkr ilə Ömər bir neçə nəfərlə gəldilər. Səsləri yüksəkdən gəlirdi. Əbubəkr Rəsulullaha (salləllahu aleyhi və səlləm) yaxın oturdu, Ömərdə Əbubəkrə yaxın oturdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Səsiniz niyə yüksəkdən gəlir?” Bir nəfər dedi: “Ey Allahın Rəsulu! Əbubəkr deyir ki, yaxşılıqlar Allahdandır, pisliklər isə nəfsimizdən”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Sən nə dedin ey Ömər?” Ömər dedi: “Məndə dedim ki, yaxşılıqlar da pisliklər də Allahdandır. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bu mövzuda ilk danışan Cəbrayıl ilə Mikayıldır. Mikayıl sənin kimi dedi, ey Əbubəkr. Cəbrayıl isə sənin kimi, ey Ömər.” O da dedi: “Biz ixtilaf edirik, səma əhli də ixtilaf edir, əgər səma əhli ixtilaf edərsə, yer əhli də ixtilaf edər. İsrafilin yanına getdilər. O da aralarında belə qərar verdi: Yaxşılıqlar və pisliklər Allahdandır. Sonra o Əbubəkr və Ömərə dedi: “Mənim bu qərarımı yaxşı qoruyun, Allah ona asi olmağı istəməsəydi, İblisi yaratmazdı.”
Şeyxul-İslam Təqiyuddin Əbu Abbas İbn Teymiyyə demişdir: “Bu uydurma hədisdir. Bu barədə hədis alimləri ittifaq ediblər.”
Sonra Allah təala Rəsuluna xitab etdi. Məqsəd hər bir insana verilən cavabdır. “Sənə gələn yaxşılıq Allahdandır”, yəni, Allahın fəziləti, lütfü və rəhmətindəndi.
“Sənin başına gələn bəla isə sənin özündəndir” yəni sənin tərəfindən və əməlindəndir. Necə ki, Allah buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız üzündəndir, (Allah) çoxunu bağışlayır”(Şura, 30). Suddi, Həsən Bəsri, İbn Cureyc və İbn Zeyd demişlər: “sənin özündəndir” yəni, sənin günahlarına görədir. Qatadə demişdir: “Ey Adəm oğlu günahlarının cəzasıdır.” O demişdir: “Bizə deyildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir adamın bir yeri cızılsa, yaxud ayağı burxulsa, titrəmə tutsa, mütləq günahlarındandı. Allahın bağışladığı isə daha çoxdur”. Qatadənin mürsəl olaraq rəvayət etdiyi bu hədis, Səhihdə muttasil olaraq rəvayət edilibdir: “Ruhumu əlində tutan Allaha and olsun ki, bir mömin kədərlənsə, üzülsə yaxud yorulsa, hətta ona bir tikan batarsa, Allah onun xətalarından bir qismini silər”.
Əbu Saleh də bu ayə barəsində demişdir: “Yəni günahındandı, bunu mən təqdir etdim.” Bunu İbn Cərir rəvayət etmişdir.
İbn əbu Hatim demişdir: Bizə Muhamməd ibn Ammar danışdı, bizə Səhl ibn Bəkkar danışdı, bizə Əsvad ibn Şeyban danışdı, mənə Muttarifin qardaşı oğlu Uqbə ibn Vasil danışdı, o da Muttarif ibn Abdullahdan dedi: “Qədərdən nə istəyirsiz? Nisə surəsindəki “Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir” ayəsi sizə kifayət deyil? Yəni pislik özünüzdəndir. Allaha and olsun ki, qədərə buraxılmadılar, onlara əmr edildi və ona qayıdacaqlar.” Muttarifin bu sözü Qədərilərə və Cəbərilərə sağlam və güclü rəddir. O başqa bir yerdə geniş şəkildə izah edilibdi.
“Biz səni insanlara elçi göndərdik” yəni Allahın şəriətini, sevdiyi və razı qaldığı, xoşlamayıb qəbul etmədiyi şeyləri onlara təbliğ edərsən. “Şahid olaraq Allah kifayət edər” yəni səni göndərdiyinə. O, səninlə onların arasında da şahiddir. Onlara təbliğ etdiyini, onların küfr və inadkarlıqdan dolayı rədd etdikləri şeyi bilir.