Uhud döyüşündə məğlub olan müsəlmanlar öldürüldükdə, İblis: “Muhəmməd (salləllahu aleyhi və səlləm) öldürüldü” – deyə səsləndi. İbn Qamiə də müşriklərə tərəf dönərək onlara dedi: “Mən Muhəmmədi öldürdüm”. Əslində o, Rasulullahı (salləllahu aleyhi və səlləm) vurmuş və başını yarmışdı. Bir çox insan da, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) öldürüldüyünü düşündü. Onun barəsində bunun mümkünlüyünü icazəli hesab etdilər. Necə ki, Allah Təala bir çox peyğəmbərlərdən barədə belə bir şeyi bildirmişdir. Bu səbəblə bir boşluq və zəiflik meydana gəldi və onlar müharibədən çəkildilər. Bunun qarşılığında Allah Təala öz Rəsuluna (salləllahu aleyhi və səlləm) “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər.” ayəsini endirdi. Yəni, risalə ilə göndərilməsi və ölümünün mümkünlüyü ilə onlardan bir nümunə götürmüşdür.
İbn Əbu Nəcih atasından belə rəvayət etmişdir: Mühacirlərdən biri ənsardan birinə rast gəldi. O, qana bələnmişdi və: “Ey filankəs, Muhəmmədin öldürüldüyünü bilirsənmi?” dedi. Ənsar da: “Əgər Muhəmməd öldürüldüsə də, o vəzifəsini yerinə yetirmişdir, buna görə öz dininiz üçün vuruşun” – dedi. Bunun qarşılığında da “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər.” ayəsi nazil oldu. Hafiz Əbubəkr əl-Beyhəqi bunu “Dəlailun-Nübüvvə” əsərində rəvayət etmişdir.
Sonra Allah Təala, zəiflik göstərənləri qəsd edərək, “Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz?” dedi. Yəni, geriyə qayıdacaqsınız?
“Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.“ dedi. Yəni, ona itaət edib dini uğrunda vuruşanları, həyatda və öldükdən sonra Rəsuluna (salləllahu aleyhi və səlləm) tabe olanları mükafatlandıracaqdır deməkdir.
Səhihlərdə, Musnədlərdə, Sunən və digər İslam kitablarında da yəqinlik verəcək şəkildə çoxsaylı sənədlərlə belə sabit olmuşdur. Mən də bunu iki şeyxin, Əbubəkr və Ömərin (radiyallahu anhumə) müsnədlərində zikr etdim: Rəsulullah (salləllahu aleyhi və səlləm) vəfat etdiyi vaxt Əbubəkr əs-Siddiq bu ayəni oxumuşdur.
Buxari demişdir: Bizə Yəhya ibn Bukəyr danışdı, bizə Leys danışdı, o da Aqildən, o da İbn Şihabdan, mənə Əbu Sələmə xəbər verdi ki, ona da Aişə (radiyallahu ənhə) belə xəbər vermişdi: Əbubəkr (radiyallahu anh) atına minərək Sunhdakı evindən gəldi. Atından enərək məscidə girdi. Aişənin yanına gəlincəyə qədər heç kimlə danışmadı. Birbaşa Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdi. Bədəni, üzərində cizgilər olan Yəmən parçası ilə örtülmüşdü. Üzünü açdı, üstünə çökdü, onu öpdü və ağladı. Sonra da: “Anam, atam sənə fəda olsun, Allaha and içirəm ki, Allah səni iki dəfə öldürməyəcək. Sənə yazılan ölümə gəldikdə o yerini tapmışdır” – dedi.
Zuhri demişdir: Mənə Əbu Sələmə danışdı, o da İbn Abbasdan rəvayət etdi ki, Əbubəkr çölə çıxdı, Ömərin insanlarla danışdığını görüb: “Otur, ey Ömər” – dedi. Ömər oturmaq istəmədi. İnsanlar ona tərəf döndülər, Ömərdən isə, ayrıldılar. Əbubəkr dedi: “İndi kim Muhəmmədə ibadət edirsə, bunu yaxşı bilsin ki, Muhəmməd vəfat etmişdir. Kim Allaha ibadət edirsə bilsin ki, Allah diridir, ölməzdir.”
Allah Təala dedi: “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Allah şükür edənləri mükafatlandırar.” İbn Abbas rəvayət edir: Allaha and içirəm ki, Əbubəkr bu ayəni oxuyana qədər, insanlar bu ayənin endiyini bilmirmiş kimi görünürdülər. İnsanlar onu xatırladılar, eşidən hər kəs təkrarladı.
Səid ibn Musəyyəb mənə xəbər verdi ki, Ömər (radiyallahu anh) dedi: Allaha and içirəm ki, Əbubəkrin bu ayəni oxuduğunu eşidincə, dizlərim tutuldu. Ayaqlarım gövdəmi daşıya bilmədi, yerə çökdüm.
Abul-Qasim Təbərani demişdir: Bizə Əli ibn Əbdüləziz danışdı, bizə Amr ibn Həmməd ibn Talha al-Qannad danışdı, bizə Əsbat ibn Nasr danışdı, o da Simak ibn Hərbdən, o da İkrimdən, o da İbn Abbasdan rəvayət etdi ki, Əli (radiyallahu anh) Rəsulullah (salləllahu aleyhi və səlləm) həyatında: “Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz?” ayəni oxuyar və belə deyərdi: “Allaha and içirəm ki, Allah bizi hidayət etdikdən sonra geri qayıtmarıq. Allaha and içirəm ki, əgər vəfat etsə və ya öldürülsə, onun döyüşdüyü yol uğrunda ölüncəyə qədər vuruşacam. Allaha and içirəm ki, mən onun qardaşı, qəyyumu, əmisi oğlu və varisiyəm. Ona məndən daha çox haqqı çatan varmı?”
“Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür.” Yəni, hər kəs Allahın təyin etdiyi qədərlə dünyasını dəyişir. Allahın təyin etdiyi müddəti doldurmadan ölməz. Buna görə də “əzəldən müəyyən edilmiş bir vaxtda” demişdir. Necə ki, “Uzun ömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır.”(Fatir 11). Həmçinin buyurur: “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında (Qiyamət günü üçün də )bəlli bir əcəl vardır.” (Ənam 2)
Bu ayədə qorxaqlar üçün cəsarətləndirmə və müharibədə iştirak etmək üçün həvəsləndirmə və təşviq etmə vardır. Çünki irəli atılmaq və geri çəkilmək, ömrü nə qısaldar nə də uzadar. Necə ki, İbn Əbu Hatim demişdir: Bizə Abbas ibn Yəzid əl-Abdi danışıb dedi: Əbu Muaviyyədən eşitdim, o da Aməşdən, o da Hubəyb ibn Şuheybdən rəvayət etdi ki, müsəlmanlardan bir kişi – o, Hucr ibn Adiydir – dedi: “Digər tərəfdəki düşmənin üzərinə keçib getməyinizə nə maneə olur? Bu çay –yəni, Dəclə – ? Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür.” Sonra atını Dəcləyə sürdü. Ardınca digərləri də keçdilər. Düşmənlər onları gördükdə: “Bunlar nəhəngdirlər” – dedilər və qaçdılar.
“Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik.” Yəni, kimin əməli yalnız dünya üçün olarsa, ona Allahın onun üçün təyin etdiyi çatar. Onun üçün axirətdə heç bir pay yoxdur. Kim də əməli ilə axirət yurdunu istərsə, Allah da ona dünyada qismət etdiyi ilə yanaşı pay verər. Necə ki, Allah Təala demişdir: “Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz.” (Şura, 20) Allah Təala demişdir: “Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən )qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.” (İsra, 18). Burada da bu cür demişdir: “Biz şükür edənləri mütləq mükafatlandıracağıq.” Yəni, onlara lütfümüzdən və mərhəmətimizdən dünya və axirətdə şükürləri və əməlləri qədər verəcəyik.
Sonra Allah Təala, Uhud günü möminləri qəlblərindən keçən şeylərdən ötrü təsəlli edərək “Neçə-neçə peyğəmbər bir çox dindarlarla birlikdə vuruşmuşlar.” dedi. Bunun mənasının bu cür olduğu deyilmişdir: “Bir çox peyğəmbərlər vardır ki, həm özləri öldürülmüş, həm də onlarla bərabər səhabələri öldürülmüşdür.” İbn Cərir bu görüşü qəbul etmiş və demişdir: Kimlər “qutilə məəhu ribbiyyun kəsir” oxuyursa, bunu qəsd etmişlər: “Peyğəmbər və yanındakılardan hamısı yox, bəzi dindarlar öldürülmüşdür. Ruh düşgünlüyünü və zəifliyi, yerdə qalan öldürülməmiş dindarlar barəsində inkar etmişdir.
O demişdir: Kim “qaatələ” oxuyarsa, bunu seçmişdir. Çünki o demişdir: Əgər öldürülsəydilər “ruhdan düşmədilər” sözünün bəlli bir istiqaməti olmazdı. Belə ki, onların öldürüldükdən sonra ruhdan düşmədilər və zəifləmədilər kimi vəsf olunmaları qeyri mümkündür.
Sonra “qutilə məəhu ribbiyyun kəsir” qiraətini seçmişdir. Çünki Allah Təala bu və ondan əvvəlki ayələri ilə Uhudda məğlub olub döyüşü tərk edənləri qınamışdır. Çünki, Muhəmməd öldürüldü, deyə bağıran birinin səsini eşitdikdə Allah onlar qaçdıqlarına və döyüşü tərk etdiklərinə görə tənbeh etmişdir. Onlara “ölərsə və ya öldürülərsə” dedi, yəni, ey möminlər dininizdən gerimi dönəcəksiniz? “gerimi dönəcəksiniz?” dedi.
Belə də deyilmişdir. Neçə-neçə peyğəmbərlər vardır ki, önündə səhabələrindən bir çoxu öldürülmüşdür.
İbn İshaqın “Əs-Sira” kitabındakı qeyd etdiyində başqa bir görüş də var. O demişdir: Neçə-neçə peyğəmbərlər vardır ki, öldürüldü, yanında da camaatı vardı; onlar peyğəmbərlərdən sonra ruhdan düşmədilər və düşmənlərinə qarşı zəiflik göstərmədilər. Allah və dini üçün cihad edərkən başlarına gələn şeylərdən ötrü boyun əymədilər. Elə bu da səbirdir. “Allah səbr edənləri sevir.”
Bununla da “məəhu ribbiyunə kəsir” cümləsini hal etmiş olur. Suheyli də bu görüşü müdafiə edərək daha da qüvvətləndirmişdir. Bunun “başlarına gələnlərə görə nə ruhdan düşmüş” cümləsi ilə də oxşarlığı vardır. Əl-Uməvi də “Mağazi” əsərində Muhəmməd ibn İbrahimin kitabından bu görüşü qeyd etmişdir. Başqası isə bunu deməmişdir.
Bəziləri də “qatələ məəhu ribbiyunə kəsir” oxuyublar. Sufyan Səvri demişdir: Asimdən, o da Zirdən, o da İbn Məsudun “ribbiyunə kəsir” kəlamı haqqında “minlərcə” dediyini nəql etmişdir.
İbn Abbas, Mücahid, Səid ibn Cubeyr, İkrimə, Həsən, Qatadə, Suddi, Rəbi və Əta əl-Xorasani də: “Çoxlu toplum” – demişlər.
Abdurrazzaq demişdir: Mamərdən, o da Həsəndən demişdir: “Çoxlu alimlər.” Yenə ondan: “Səbirli, yaxşı və təqvalı alimlər” dediyi rəvayət edilmişdi.
İbn Cərir də, Bəsrəli bəzi qrammatika alimlərinin: “Onlar əziz və cəlil olan Rəbbə ibadət edənlərdir” – dediklərini bildirmişdir. O demişdir: Bəziləri də bunu rədd etmiş və: “Əgər elə olsaydı “ra” hərfi fəthə ilə, “Rabbiyyun” deyilərdi” söyləmişdi.
İbn Zeyd də “Rabbiyyun” tabe olanlar, xalqdır. “Rababiyyun” da idarəçilərdir demişdir.
“Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də boyun əymişlər.” Qatadə ilə Rəbi ibn Ənəs peyğəmbərlərin öldürülməsi ilə “zəiflik göstərmədilər”, “boyun əymədilər”, nə onlara köməksizlikdən, nə də dinlərindən dönmədilər, Allahın nəbisinin yolunda döyüşdülər, Allaha qovuşdular demişlər. İbn Abbas da “boyun əymədilər” boyun bükmədilər demişdir. Suddi ilə İbn Zeyd də belə demişlər: Yəni, Peyğəmbərləri öldürüldükdə bu onlar bu vəziyyətə düşmədilər.
“Allah səbir edənləri sevir.”
“Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.” yəni, pıçıltıları həmişə bu olub, deməkdir.
“Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir.” yəni, kömək, qələbə və rahatlıq verdi. “gözəl axirət mükafatını” yəni, onlar üçün bununla yanaşı onu da topladı. “Allah yaxşı iş görənləri sevir.”