Yuxarıda bu hədis qeyd edilmişdir: Qul “bizi doğru yola yönəlt” deyəndə Allah Təala: «Bu qulum üçündür və qulumun istədiyi vardır» buyurur. “Nemət bəxş etdiklərinin yoluna” doğru yolun təfsiridir. Nəhv alimlərinə görə onun bədəlidir. Ətfu bəyan olması da caizdir. Ən doğrusunu Allah bilir. «Nemət bəxş etdiklərin» dən məqsəd, Nisa surəsində zikri keçənlərdir. Allahın nemət verdiyi kimsələr Nisə surəsində sadalanır: «Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər» (Nisa, 69-70). Dahhak, İbn Abbasın dediyini rəvayət etmişdir: İtaət və ibadətinlə nemət verdiyin mələklərin, peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və yaxşıların yoluna hidayət et. Bu ayə də ona bənzəyir: « Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar». Əbu Cəfər əl-Razi, Rəbi ibn Ənəsin dediyini rəvayət etmişdir: «Allahın nemət verdiyi kimsələr, peyğəmbərlərdir». İbn Cüreyc isə İbn Abbasın onların möminlər olduğunu söylədiyini rəvayət etmişdir. Mucahid də eyni şəkildə söyləmişdir. Vəki isə onların müsəlmanlar olduğunu söyləmişdir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm demişdir: onlar Peyğəmbərin (salləllahu aleyhi və sələm) yanında olanlardır. Yuxarıda İbn Abbasdan keçən təfsir daha geniş və ümumidir. Allah ən doğrusunu biləndir.
“Qəzəbə uğramışların və azmışların yoluna deyil”. Cumhur “ğayrı” sözünü sifət olaraq cər ilə oxumuşdur. Zəməxşəri demişdir: Hal olaraq nasb ilə oxuyanlar da olmuşdur. Rəsulullahın (salləllahu aleyhi və sələm) və Ömərin qiraəti də belə idi. İbn Kəsirdən də rəvayət edilmişdir. Halın sahibi aleyhim-dəki damirdir. Amil də “ən əmtə aleyhim” kəlməsidir. “Bizi doğru yola yönəlt, Nemət bəxş etdiklərinin yoluna”: Onlar hidayət olunanlar, doğru yolda olanlar, Allaha və Peyğəmbərinə itaət edənlər, Allahın əmrlərini yerinə yetirib, qadağanlarını tərk edənlərdir. “Qəzəbə uğramışların yoluna deyil”: Onlar da düşüncələri pozulmuşlar, haqqı öyrəndikdən sonra ondan üz döndərənlərdir. «Azmışların yoluna deyil»: Onlar məlumatı itirmiş, pozğunluqda çabalayıb, haqqı tapa bilməyənlərdir. Söz “ləm” ədatə ilə bərkidilmişdir ki, orada xarab iki yol olduğunu göstərir. Onlar yəhudi və xristianların yoludur. Bəzi nəhv alimlər buradakı «ğayrı»-nı istisna ədat olduğunu iddia etmişlər. Bu təqdirdə munqatı olur, çünki onlar nemət verilənlərdən istisna edilmişlər, onlara daxil deyillər. Bizim dediyimiz daha uyğundur. Çünki şair demişdir:
Sanki sən Uqeys oğullarının dəvələrindənsən,
Ayaqlarının altında tənəkə çalınan.
Burada dəvə sözünü Uqeys qəbilənin dəvələrindən demək istəmişdir. Vəsf edilərək sifətlə kifayətlənmişdir. “Ğayrilməğdubi aleyhim” də belədir, yəni “ğayri sıratal məğdubi aleyhim” deməkdir. Mudaf atılmış, mudaf ileyhi ilə kifayətlənmişdir. Sözün axarı da bunu göstərir: “İhdinə ssıratal mustəqim, sıratalləzinə ən əmtə aleyhim”. Sonra isə Allah buyurur: “Ğayrilməğdubi aleyhim”. Bəziləri “və ləddalin”-dəki lə-nin zaid olduğunu demişlər. Kəlmənin təqdiri də onlara görə belə olur: “Ğayrilməğdubi aleyhim və ddalin”. Dəlil olaraq Əccacın bu beytini gətirirlər:
Təhlükəli bir quyuya düşdü
Gecə gedərkən fərq etmədi.
Əslində “fi birin hurin” demək istəmişdir. Doğrusu isə bizim dediyimizdir. Bunun üçün Əbu Übeyd Qasım ibn Səllam Quranın fəzilətləri bölməsində Əbu Muaviyədən, o da Aməşdən, o da İbrahim ibn Əsvəddən, o deyir ki, Ömər İbn Xəttab “Ğayril məğdubi aleyhim və ğayri ddalin” oxuyardı. Bu isnad sağlamdır. Ubey ibn Kəbdən də belə oxuduğu rəvayət edilmişdir. Bu oxunuşu təfsir şəklində oxuduqları kimi yozulur. Bu da göstərir ki, bizim söylədiyimiz kimi “ləm” əksini təkid etmək üçün gətirilmişdir ki, özlərinə “nemət verilənlərin” aid olduqları ağıla gəlməsin. İki yol arasında fərq olduğu bilinsin, mömin hər ikisindən də uzaqlaşsın. Çünki İman əhlinin yolu haqqı bilməyə və haqq ilə əməl etməyə əsaslanır. Yəhudilər əməli itirmiş, nəsranilər da elmi itirmişlər. Bunun üçün yəhudilər qəzəbə uğramışlar, nəsranilər isə azğınlığa düşmüşlər. Çünki bir şeyi bilib tərk edənlər qəzəbə layiq olurlar. Halbuki onun vəziyyəti bilməyəndən fərqlidir. Xristianlar isə bir şeyi əməl etmək istədilər, yolunu tapa bilmədilər. Çünki evə qapıdan girmədilər. Qapıdan girmək isə haqqa tabe olmaqdır. Ona görə azdılar. Yəhudi və xristianların hamısı qəzəbə uğramışlar və azmışlardır. Ancaq Yəhudilərin ən diqqətə çarpan xüsusiyyəti qəzəbə düçar olmaqlarıdır. Allah buyurur: “Allahın lənətlədiyi, ona qəzəbləndiyi” (Maidə, 60). Xristianların isə xüsusiyyəti azğınlıqlarıdır. Allah buyurur: “De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”(Maidə, 77). Buna aid hədislər və əsərlər belə varid olmuşdur. Əhməd ibn Hənbəlin bu hədisində qayə açıq görünür: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, bizə Simak ibn Harb danışdı, bizə Abbad ibn Hubeyş danışdı, Adiy ibn Hatim deyir ki, Rəsulullahın (salləllahu aleyhi və sələm) atlıları gəlib xalamı və bir neçə nəfəri həbs etdilər. Onları Rəsulullahın (salləllahu aleyhi və sələm) yanına gətirdilər və qarşısında səf halında düzdülər. Xalam dedi: Ey Allahın Rəsulu, ərim uzaqda, uşağım yoxdur, özümdə yaşlı və xidmətə möhtac bir qadınam, mənə lütf et, Allah da sənə lütf etsin. O soruşdu: Ərin kimdir? Xalam dedi: Adiy ibn Hatim. O dedi: Allah və Rəsulundan qaçan? Xalam da dedi: Mənə lütf et Allah da sənə lütf etsin. Peyğəmbər gedincə, yanından bir adam gəldi və dedi: Qadın, ondan quzular istə. O da istədi, Peyğəmbər də verilməsini buyurdu. Adiy deyir ki, xalam mənə qayıdıb dedi: elə bir şey etdin ki, onu atam etməzdi. Çünki filankəs onun yanına gəldi və xeyir qazandı, filankəs də gəldi xeyir qazandı. Mən də getdim. Rəsulullahın (salləllahu aleyhi və sələm) yanında bir qadın, iki və ya bir uşaq var idi. Çox yaxın idilər ona, Fars və Roma kralları kimi olmadığını anladım. O mənə dedi: Ey Adiy nədən qaçırsan? Lə iləhə illəllah deməkdən? Allahu əkbər deməkdən? Allahdan böyük bir şey varmı? Məndə müsəlman oldum. Üzünün parıldadığını gördüm: Qəzəbə uğrayanlar yəhudilər, azanlar isə nəsranilərdir. Hədisi Tirmizi də Simak ibn Hərbdən rəvayət etmişdir və həsən qəribdir demişdir, bizdə onu bu rəvayətdən tanıyırıq.
Məndə deyirəm ki, onu Hammad ibn Sələmə, Simakdan, o da Məriydən, Adiyin dediyini rəvayət etmişdir: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “Qəzəbə uğramışların” barəsində soruşdum, onlar yəhudilərdir, dedi. “Azmışların” barəsində soruşdum, onlar nəsranilərdir, dedi. Hədisi Sufyan ibn Ueynə, İsmayıl ibn Xaliddən rəvayət etmişdir, o da Şəbidən, oda Adiy ibn Hatimdən. Adiyin bu hədisi müxtəlif yollarla rəvayət edilmişdir. Onun başqa mətnləridə vardır. Onları sadalamaq çox çəkər. Abdurrəzzaq demişdir: bizə Mamər danışdı, o da Budeyr əl-Uqeylidən, o da Abdullah ibn Şaqiqdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Vadi əl-Kura da atının üzərində olarkən, Qayn qəbiləsindən bir nəfər ondan soruşdu: «Ey Allahın Rəsulu bunlar kimlərdir?» O da, qəzəbə uğramışlar, yəhudilərdir deyə bölgələrini göstərdi. Azmışlar da nəsranilərdir və onların bölgələrini göstərdi. Bu hədisi əl-Cəriri, Urvə və Xalid əl-Həzzə, Abdullah İbn Şaqiqdən mürsəl olaraq rəvayət etmişlər. Bunlar onu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşidən adamın adını verməmişlər. Bir rəvayətdə onun Abdullah İbn Ömər olduğu bildirilir. Allah ən doğrusunu biləndir. İbn Merduyə, İbrahim ibn Tahmandan, o da Budeyl ibn Meysərdən, o da Abdullah ibn Şaqiqdən, Əbuzərin dediyini rəvayət etmişdir: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) qəzəbə uğramışların kimlər olduğunu soruşdum, yəhudilər buyurdu. Mən də deyirəm ki, azmışlar nəsranilərdir, buyurdu. Suddi, Əbu Malikdən, o da Əbu Salehdən, o da İbn Abbasdan, o da İbn Məsuddan, o da bir qrup səhabələrin dediyini rəvayət etmişdir: Qəzəbə uğrayanlar yəhudilər, azmışlar isə nəsranilərdir.
Dahhak və İbn Cüreyc, İbn Abbasın dediyini rəvayət etmişlər: qəzəbə uğrayanlar nəsranilərdir. Rəbi ibn Ənəs, Abdurrahman İbn Zeyd İbn Əsləm və bir başqaları da belə demişlər. İbn Cərir demişdir: mən təfsirçilərin arasında bu barədə ixtilaf etdiklərini görmədim. Bu imamların qəzəbə uğramışların yəhudilər, azmışların da nəsranilər olduğunu söyləyənlərin dəlilləri yuxarıdakı hədis və bu ayələrdir: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”” (Maidə, 60).
“İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və hədləri aşdıqlarına görə idi. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!” (Maidə, 78, 79).
Sirada Zeyd İbn Amr ibn Nüfeylidən rəvayət edilmişdir: o bəzi yoldaşları ilə dinlərini araşdırmaq üçün Şama getdilər. Yəhudilər dedilər: sən Allahın qəzəbindən dadmayınca bunu edə bilməzsən. O da dedi: mən Allahın qəzəbindən çəkinirəm. Xristianlar isə dedilər: sən Allahın əzabından dadmayınca bunu edə bilməzsən. O dedi: Mən Allahın əzabından çəkinirəm və fitrəti üzərində olan dininə davam edərək, müşriklərdən və bütpərəstlərdən uzaq durdu. Nə yəhudi oldu nə nəsrani. Yoldaşları isə nəsrani olub onların dinlərini qəbul etdilər. Çünki onu yəhudilərin o günki dinindən daha yaxın bildilər. Varaqa ibn Nofəl fə onların arasında idi. Nəhayət Allah ona Nəbisi vasitəsilə hidayət etdi, çünki o vəhyə çatdı və ona iman gətirdi.
Məsələ: alimlər “dad” hərfini tam tələffüz etməyənlərin bağışlanacağı görüşündədirlər. Çünki məxrəcləri bir birinə yaxındır və dilin ucu ilə ona yaxın arxa dişlərlə çıxır. “Z” isə dilin ucuna yaxın ön dişlərlə tələffüz olunur. Üstəlik hərfin ikisidə səsləri aydın və dilin damağa dəyən yumşaq hərflərdəndir. Bütün bunlar da bunu bacarmayanlar üçün icazəlidir. Allah ən doğrusunu biləndir. “Dad hərfini ən doğru tələffüz edən mənəm” hədisin isə əsası yoxdur. Allah ən doğrusunu biləndir.
Bu uca surə yeddi ayədən ibarətdir və içində Allaha həmd, tərif və səna vardır. Çünki uca sifətlərini yad edən ən gözəl adlarından ibarətdir. Onda axirətdən bəhs edilir ki, buda cəza günüdür. Ondan istəməyə təşviq edilərək, güc və qüvvətlərindən keçib Allaha təslimiyyətə dəvət edilir. İbadətdə ixlasa, onu təkləşdirməyə dəvət edilir. Onun şəriki, bənzəri və yoldaşı yoxdur. Ondan doğru yolu istəməyə təşviq edilir ki, o da əyrisi olmayan dindir. Ondan sabitlik istənilir ki, qiyamət günü gözləri ilə gördükləri sirat körpüsündən keçsinlər, oradan da Nəim cənnətlərinə çatsınlar. Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və yaxşılarla qonşu olsunlar. Bu arada yaxşı əmələ də təşviq vardır, ta ki qiyamət günü o əməllərə sahib olsunlar. Batil yollardan uzaq olub qiyamət günü orda olanlarla birlikdə həşr olunmasınlar. Onlar isə qəzəbə uğrayanlar və azmışlardır. “Sıratalləzinə ən əmtə aleyhim” deyərək nemətin Allahdan olmasını bildirir, «Ğayrilməğdubi aleyhim» də qəzəbin kimin üzərinə düşdüyü bəlli olur. “Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər”(Mücadilə, 14) deyərək hər şeyi edən Onun olmaqla bərabər burada onu dilə gətirməməsi ayrı bir gözəllik qazandırır. Onları qədəri ilə azdıran Özü olsa da, onu o işi edənlərə isnad etməsi də belədir: “Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən” (Kəhf, 17). Bu ayədə eynidir: “Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər” (Əraf, 186). Daha bir neçə ayələr var ki, hidayətə və zəlalətə aparan Allahın yalnız özü olduğu bildirilir. Qədərilər firqəsinin dediyi kimi, onu qullar edir kimi deyil. Onlar bu bidətlərinə Quranın mütəşabih ayələrini dəlil gətirərərək özlərini rədd olunanların içinə qatırlar. Bütün azmış firqələrin aqibəti budur. Səhih bir hədisdə deyilir: “Quranın mütəşabih ayələrinə tabe olanları gördüyünüz zaman onlara Allahın verdiyi adı verin və onlardan uzaq olun. Bunu buyuraraq bu ayəni qəsd etmişdir: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran, 7). Allaha həmd olsun ki bidət əhlinin Qurandan heç bir səhih dəlil yoxdur. Çünki Quran haqqı batildən ayırmaq, hidayətlə azğınlığı ayırmaq üçün göndərilmişdir. Onda ziddiyyət və ixtilaf yoxdur. Çünki o, Allah tərəfindən nazil edilmişdir. Çünki o, Hikmət sahibi və Həmd ediləndən göndərilmişdir.
Fatihəni oxuyanın arxasından, yəsin vəznilə “əmin” deməsi müstəhəbdir. Qısaca «əmin» şəklində də deyilir. Əminin mənası: Allahım qəbul et deməkdir. Bunun dəlili İmam Əhməd, Əbu Davud və Tirmizinin rəvayət etdikləri bu hədisdir: Əbu Vail demişdir: «Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “ğayrilməğdubi aleyhim və ləddalin” dedikdən sonra səsini uzadaraq “əmin” dediyini eşitdim. Əbu Davudun rəvayətində isə, səsini yüksəltmişdir deyilir. Tirmizi isə bu hədisin həsən olduğunu nəql edir. Əlidən, Abdullah İbn Məsuddan və digərlərindən də nəql edilmişdir. Əbu Hüreyrə demişdir Rəsulullah (salləllahu aleyhi və səlləm) ğayrilməğdubi aleyhim və ləddalin oxuyandan sonra “əmin” deyərdi. Birinci səfdə ona yaxın olanlar eşidərdilər. Bunu Əbu Davud və İbn Macə də rəvayət etmişlər. İbn Macə rəvayətində: bu səslə məscid səslənərdi, əlavəsi vardır. Darakutni isə bu gözəl isnaddır demişdir. Bilaldan «Ey Allahın Rəsulu, “əmin” deyərkən məni keçmə» dediyi rəvayət edilmişdir. Bunu Əbu Davud da rəvayət etmişdir. Əbu Nasr əl-Kuşeyri Həsən ilə Cəfər Sadiqdən, şəddəli mim ilə “əmmin” dedikləri rəvayət edilmişdir, bu ayədəki kimi “əmminəl bəytəl haram” (Maidə, 2). Dostlarımız və digərləri demişlər: Namaz xaricində olanlara müstəhəb, namaz daxilində olanlar üçün vacibdir. O da istər tək, istər imam, istərsə də imama uymuş olsun, hər bir halda elədir. Çünki iki Səhihdə Əbu Hureyrənin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdi: biriniz namazda amin deyərkən digəriniz də amin deyər. Bunlardan biri i birisi ilə üst üstə düşərsə keçmiş günahları bağışlanar. Bunun mənası odur ki, amin mələklərin amininə icabətdə uyğun gəldiyi halda. Buna ixlasla uyğun gələrsə də deyənlər vardır. Muslimin səhihində Əbu Musadan mərfu olaraq belə rəvayət edilmişdir: İmam “vələddalin” deyən zaman sizdə “əmin” deyin, Allah da duanızı qəbul edər. Cüveybir İbn Abbasın belə dediyini rəvayət etmişdir: «ey Allahın Rəsulu “əmin”-in mənası nədir? O dedi: Ey Rəbbim, bunu et, deməkdir. Cəvhəri demişdir: “əmin”-nin mənası – olsun, deməkdir. Tirmizi onun mənasını, ümidimizi boşa çıxartma, olduğunu demişdir.
Qurtubi, Mucahid, Cəfər Sadiq və Hilal ibn Yəsafdan deyilmişdir: “əmin” Allahın adlarından biridir. İbn Abbasdan mərfu olaraq rəvayət edilsə də, isnadı tam sağlam deyil. Bunu da Əbubəkr ibn əl-Ərabi əl-Məliki demişdir. Məlikin dostları demişlər: imam “əmin” deməz imama uyan deyər. Çünki Malik Səmidən o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: imam “vələddalin” desə, sizdə “əmin” deyin. Və Əbu Musanın bu hədisini göz önünə almışlar: imam “vələddalin” oxuduğu zaman, sizdə “əmin” deyin. Üzərində ittifaq edilən hədis yuxarıda qeyd edilmişdir: imam “əmin” dediyi zaman sizdə “əmin” deyin. Rəsulullah (salləllahu aleyhi və səlləm) ğayrilməğdubi aleyhim və ləddalin oxuduğu zaman “əmin” deyərdi.
Dostlarımız imamın səslə oxuduğu namazlarda ucadan “əmin” deməsi barəsində ixtilaf etmişlər. Ixtilaf belədir: Əgər İmam “əmin” deməyi unutsa imama uyan deməlidir. Bunda tək görüş vardır. Əgər imam ucadan “əmin” desə, Şafiinin görüşünə görə, imama tabe olanlar açıqdan “əmin” deməzlər. Əbu Hənifə ibn Məlikin bir görüşü də belədir. Çünki onlara görə o zikrlərdən bir zikrdir. Onu namazın digər zikrləri kimi səsli deməz. Köhnə görüşündə isə ucadan deyər, demişdir. Bu da Əhməd ibn Hənbəlin məzhəbidir. Malikində rəvayəti belədir. Yuxarıda qeyd edilənlərə görə: Məscid səslənərdi. Bizim üçüncü bir görüşümüz də vardır: Məscid kiçik olsa imama tabe olan ucadan demir. Çünki onlar imamın oxumasını eşidərlər. Məscid böyük olduğu təqdirdə, ucadan deyərlər ki, məscidin bütün künclərində eşidilsin. Allah ən doğrusunu biləndir.
İmam Əhməd İbn Hənbəl Müsnədində Aişədən rəvayət etmişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında yəhudilərdən bəhs edildi: Onlar bizi heç bir şeydə, Allahın bizi hidayət edib onları azdırdığı cümə mövzusunda, bizə hidayət edib onların azdığı qiblə mövzusunda və bizim imamın arxasında “əmin” deməmizə qısqandıqları qədər heç bir şeydə qısqanmazlar. İbn Macə də eyni hədisi rəvayət etmişdir. Onun mətni belədir: Yəhudilər sizi salamda və “əmin”-də qısqandıqları kimi heç bir şeydə qısqanmazlar.
İbn Macə İbn Abbasın belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm belə buyurmuşdur: Yəhudilər sizin “əmin” deməyinizə qədər heç bir şeydə qısqanmazlar. Sizdə çoxlu “əmin” deyin. Bunun sənədində Talha ibn Amr vardır ki, o da zəifdir. İbn Merduyə Əbu Hüreyrədən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuş: “əmin” Allahın mömin qullarının dili ilə aləmlərin Rəbbinin möhürüdür. Ənəs İbn Malik nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: «Mənə namazda və dua əsnasında “əmin” verildi ki, məndən əvvəl Musadan başqa heç bir kimsəyə verilməmişdir. Çünki Musa dua edərdi, Harun da “əmin” dərdi. Buna görə də siz də duanızı “əmin” ilə bitirin, şübhəsiz ki, Allah duanıza qəbul edər.
Mən deyərəm ki: bəziləri bu ayədən bir hökm çıxarmışlar: “Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər. Dedi: “Hər ikinizin duası qəbul olundu, möhkəm olun və nadanların yoluna uymayın!” (Yunus, 88, 89). Burada yalnız Musanın duası xəbər verdi. Bu da göstərir ki, Xarunun “əmin” deməyi duanın yerinə keçir. Buna görə də imama tabe olan oxumaz, çünki onun Fatihədən sonra amin deməsi onu oxuması deməkdir. Bunun üçün hədisdə belə buyurulmuşdur: «Kim imama tabe olarsa, imamın oxuması onun oxumasının yerinə keçər. Bunu İmam Əhməd Müsnədində rəvayət etmişdir. Bilal da belə deyirdi: «Ey Allahın Rəsulu məni “əmin”-də keçmə». Bu da göstərir ki, imama tabe olan səsli namazda oxumaz. Allah ən doğrusunu biləndir.
Beləliklə, İbn Mərduyə demişdir: bizə Əhməd İbn əl-Həsən, bizə Abdullah ibn Muhammad ibn Salam danışdı, bizə İshaq ibn İbrahim danışdı, bizə Cərir danışdı, o da Leys ibn Əbu Suleymdən, o da Kəbdən, o da Əbu Hüreyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: imam «ğayrilməğdubi aleyhim və ləddalin» dediyi zaman “əmin” deyin. Yer məxluqlarının “əmin”-i göy məxluqların “əmin «ilə üst üstə düşərsə qulun keçmiş günahlarını bağışlanar. “Əmin” deməyənin misalı buna bənzəyər: bir adam bir toplumla döyüşə çıxar, püşk atıldığında hər kəsin payı çıxdı, onun payı çıxmadı. Mənim payım niyə çıxmadı? Soruşdu. Onlar dedilər: “Sən “əmin” demədin.