O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.

İbn Abbas belə demişdir: “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir”: Yəni Allah tərəfindən gətirdiyin şeyləri də səndən əvvəl peyğəmbərlərin gətirdiyi şeyləri də təsdiq edərlər. Onların aralarında ayrı seçkilik eləməzlər. Onların Rəbblərindən gətirdiklərini inkar etməzlər, demişdir. “Axirətə də yəqinliklə inanırlar”: Yəni öldükdən sonra dirilməyə, cənnətə, cəhənnəmə, hesaba və mizana inanırlar. Axirətə elə deyilməsi, dünyadan sonra olmasından ötrüdür. Təfsirçilər burada iki məvsufda, onlar yuxarıda Allah Təalanın : “O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər” (Bəqərə 3) dediyi kimsələrdir mi, onlar kimlərdir, deyə üç rəy üzrə ixtilaf etmişdilər. İbn Cərir bunları nəql etmişdir: Birincisi: Əvvəl sifətlənənlər ikinci dəfə də sifətlənənlərdir, onlar da Ərəblərin möminləri, əhli kitabın möminləri və digərləri olmaqla bütün möminlərdir. Bunu da Mücahid, Əbul-Aliyə, Rəbi İbn Ənəs və Qatadə demişlərdir. İkincisi: O ikisi birdir, onlar da əhli kitabın möminləridir. Bu iki rəyə görə vav bağlayıcısı sifətləri bir birinə bağlayan ədat olur. Bu ayədə olduğu kimi: “Ən Uca Rəbbinin adına təriflər de! O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi; O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi, O( Rəbbin) ki, otlağı cücərdib, sonra da qaralmış samana çevirdi” (Ala, 1-5). Necə ki, şair də belə demişdir:

Ağa, cəsur hökmdara

Savaşda ordunun aslanı hökmdara

Burada sifətlər bir birinə bağlanmış, məvsuf isə təkdir. Üçüncüsü: Birinci məvsuflar Ərəb möminləridir. “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar” (Bəqərə, 4) sözündəki ikinci məvsuflar da əhli kitabın möminləridir. Bunu da Suddi, təfsirində İbn Abbas ilə bir neçə səhabədən nəql etmişdir. İbn Cərir rahmətullahi aleyh də bunu tərcih etmiş və dediyinə: “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir” (Ali İmran, 199) və “əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.Onlara oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər.Səbr etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən xərcləyirlər” (Qasas, 52-54) ayələrini və İki Səhihdəki bu hədisi şahid gətirmişdir: Şabi, Əbu Burdədən rəvayət etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə demişdir: Üç kimsəyə mükafatları iki dəfə verilir: Əhli kitabdan öz peyğəmbərinə və mənə iman edən kimsəyə; Allahın haqqını və ağalarının haqqını lazımınca ödəyən köləyə; cariyəsini gözəlcə tərbiyə etdikdən sonra onu azad edərək onunla evlənən kimsəyə. İbn Cərir dediyinin düzgünlüyünə Allah Təalanın sürənin əvvəlində mömin və kafirləri sifətləmə menasibətini dəlil gətirmişdir. O, kafirləri kafir və münafiq olmaqla ikiyə ayırdığı kimi möminləri də Ərəb və əhli-kitab olmaqla ikiyə ayırmışdır.

Məncə  ən açığı Mücahidin rəyidir. Sevri onu bir adamdan, o da Mücahiddən rəvayət etmişdir. Onu başqaları da İbn Əbi Nəcih vasitəsi ilə Mücahiddən rəvayət etmişdir. O belə demişdir: Bəqərə surəsinin əvvəlində dörd ayə möminlər haqqında, iki ayə də kafirlər haqqında endi. On üç ayə də münafiqlərin haqqında endi. Bu dörd ayə bu sifəti daşıyan ərəb və əcəm, insan və cinlərdən olan bütün möminləri ehtiva edir. Bu sifətlərdən biri olmadan digəri səhih olmaz. Necə ki, biri digəri üçün çox vacib şərtdir. Qeybə iman, namaz və zəkat ancaq Rəsulullahın (salləllahu aleyhi və səlləm) gətirdiyi və ondan əvvəl peyğəmbərlərin gətirdikləri şeylərə inanmaqla və axirətə də kəsin inanmaqla səhih olur. Allahın rəhməti və salamı bütün peyğəmbərlərin üzərinə olsun. Bu, ancaq bununla səhih olduğu kimi Allah möminlərə də bunu əmr etmişdir. Necə ki, belə demişdir: “Ey iman edənlər, Allaha, Rəsuluna, Rəsuluna nazil etdiyi kitaba və ondan əvvəl nazil etdiyi kitaba iman edin.” “Əhli kitabla ancaq ən gözəl tərzdə mücadələ edin, ancaq zalımları istisna. Bizə nazil olana və sizə nazil olana iman etdik. Bizim ilahımız və sizin ilahınız birdir, deyin”.  “Ey Kitab verilmişlər! Üzləri sıyırıb arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir”(Nisa 47). De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfa üçün heyfsilənmə (Maidə 68). “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə, 285). “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (Nisa, 152). Daha bir çox ayələr vardır ki, onlar da möminlərə Allaha, peyğəmbərlərinə və kitablarına iman etmələrini buyurmuşdur. Ancaq əhli-kitab möminlərinin bir xususiyyəti vardır ki, onlar əllərində olana xüsusilə iman edərlər. İslama girərək buna da ayrıca iman etdikləri vaxt bundan ötrü iki qat savab qazanırlar. Digərlərinə gəlincə onlar üçün keçən şeylərin hamısına iman müzakirə mövzusudur. Necə ki, səhih hədisdə Buxarinin rəvayəti: “Əhli kitab sizə bir şey dediyi vaxt onları nə yalanlamayın nə də ki, təsdiq etməyin. Ancaq: Bizə nazil olana da sizə nazil olan da iman etdik, deyin. Ancaq bir çox Ərəblərin Muhəmməd (salləllahu aleyhi və səlləm) ilə göndərilən İslama imanları, onlardan İslama girənlərin imanından daha mükəmməl, daha geniş və daha əhatəli ola bilər. Onlar üçün bu etibarla iki savab məsələsi müzakirə mövzusu olarsa da başqaları üçün onların savabını iki qat keçəcək təsdiq də meydana gəlmiş ola bilər. Allah ən doğrusunu biləndir.