Əbu Cəfər əl Razi, Ala ibn əl Museyyib ibn Rafidən, o da Əbu İshaqdan, o da Əbul Əhvasdan rəvayət edir ki, Abdullah ibn Məsud: Iman təsdiq etməkdir, demişdir. Ali ibn abu Talhadan rəvayət edilir ki, İbn Abbas: “iman edənlər” təsdiq edənlərdir, demişdir. Mamər Zuhridən rəvayət edir ki, o “İman əməldir” demişdir. Əbu Cəfər ər-Razi Rəbi ibn Ənəsin “iman edənlər” qorxanlardır, dediyini rəvayət etmişdir.
İbn Cərir belə demişdir: Ən üstün rəy, iman edənlər, söz, etiqad və əməl baxımından qeybə iman sifətini daşıyanlardır. Allahdan qorxmaq iman mənasına girir ki, o da sözü işlə təsdiq etməkdir. İman Allahı kitablarını rəsullarını iqrar etmək, və bu iqrarı da əməllə təsdiq edən geniş mənalı bir kəlmədir.
Mən də deyirəm ki, İman lüğətdə sırf təsdiq mənasına gəlir. Bəzən Quranda istifadə edilir, ondan da bu murad edilir. Məsələn: “Allaha iman edər və möminlərə iman edər” (Tövbə, 61) ayəsində olduğu kimi. Və Yusifin qardaşlarının “Biz doğru desək də sən bizə iman edəcək deyilsən” (Yusif, 17) sözləri kimi. Əməllərlə bir yerdə istifadə edilərsə də bu mənaya gəlir, “ancaq iman edib yaxşı əməllər edənlər müstəsna”(İnşiqaq, 25). Amma mütləq olaraq istifadə edilərsə şəri iman mənasında qəbul edilər o da ancaq etiqad, söz və əməl baxımından olar. İmamların çoxu bu qənaətdədir. Hətta Şafi, Əhməd ibn Hənbəl, Əbu Ubeyd və daha bir çoxları bu xüsusda icma olaraq nəql etmişlər ki: İman söz və əməldir, artar və azalar demişdirlər. Bu mövzuda bir çox əsər və hədislər varid olmuşdur ki, biz də onları Buxari şərhinin əvvəlində qeyd etmişik. Həmd və minnət Allaha məxsusdur.
Bəziləri də onu qorxu kimi də təfsir etmişdirlər. Məsələn “Rəbblərindən qiyabən qorxarar” (Mülk, 12) və: “Kim Rəhmandan qiyabən qorxar və Allaha dönən bir qəlb ilə gələrsə (Qaf, 33)” ayələrində olduğu kimi. Qorxu da iman və elmin xülasəsidir. Beləki, AllahTəala belə demişdir. “Qullardan Allahdan ancaq Alimlər qorxar”(Fatir, 33) ayəsində olduğu kimi. Bəziləri də belə demişdirlər: Onlar görünənə iman etdikləri kimi görünməyənə də iman edərlər, münafiqlərdən bəhs edən bu ayədə olduğu kimi: ”İman edənlərlə qarşilaşdığı zamab biz də iman etdik deyərlər. Şeytanları ilə baş başa qaldıqları zaman isə: Şübhəsiz ki biz sizinlə bərabərik,biz ancaq onları məsxərəyə qoyuruq, deyərlər” (Bəqara, 14) və “Münafiqlər sənin yanına gəldikləri zaman şəhadət edirik ki sən həqiqətən Allahın elçisisən, deyərlər. Allah bilir ki, sən onun elçisisən. Allah şahidlik edər ki, münafiqlər yalançıdır” (Munafiqun, 1). Buna görə də “bilğaybi” sözlüyü halı bildirir, yəni insanların yanında olmadıqları zaman deməkdir.
Amma burada qeybdə qəsd edilən şey xüsusunda da sələfin ifadələri müxtəlifdir. Hamısı da doğrudur, hamısı da Allahın qəsd etdiyi şeydir. Əbu Cəfər Ər-Razi, Rəbi İbn Ənəsdən Əbul Aliyə: ”Qeybə iman edərlər” sözündə: Allaha, mələklərə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, cənnətinə, cəhənnəminə, ona qovuşmağa iman edərlər; ölümdən sonrakı həyata və dirilməyə də iman edərlər. Bütün bunlar qeybdir demişdir. Qatadə İbn Diamə də belə demişdir. Suddi, Əbu Malikdən o da Əbu Salihdən, o da İbn Abbasdan bir də Suddi o da Murrə Əl-Həmədanidən o da İbn Məsuddan o da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi sahəbələrindən: Qeyb cənnət və cəhənnəm kimi qullardan gizlədilən şeylərdir demişdilər. Muhəmməd İbn İshaq, Muhəmməd İbn Əbi Muhəmməddən, o da İkrimədən və ya Səid İbn Cubeyrdən, İbn Abbas “qeyb” Allahdan gələnlərdir, demişdir. Süfyan Sevri Asimdən rəvayət edir ki, Zər belə demişdir: ”Qeyb” Qurandır. Ata İbn Əbi Rəbah da: Kim Allaha iman edərsə qeybə iman etmiş olar demişdir. İsmayıl İbn Əbi Xalid də: ”Qeybə iman edərlər” İslam qeybinə iman edərlər demişdir. Zeyd İbn Əsləm də “Qeybə iman edərlər” qədərə iman edərlər, demişdir. Bütün bunlar bir mənada toplanmışdır, çünki bu izah olunanlar iman edilməsi lazım olan qeyb cümləsindəndir.
Səid İbn Mənsur belə demişdir: Bizə Əbu Muaviyə Aməşdən rəvayət etdi ki, Əmmara İbn Umeyr o da Abdurrəhman İbn Yəziddən rəvayət edir ki: Biz Abdullah İbn Məsudun yanında oturmuşduq; Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən bizi imanda ötmələrindən bəhs etdik. Abdullah İbn Məsud: Muhəmməd sallahu aleyhi vəssəlləmin vəziyyəti onu görənlər üçün aydındı. Özündən başqa ilah olmayan Allaha and içirəm ki, qeybə iman edəndən daha fəzilətli bir şeyə iman edən kimsə yoxdur, dedi, sonra da bu ayələri oxudu: “Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən xərcləyirlər. İbn Əbi Hatim, İbn Mərdəveyh və Hakim də Mustədrəkində Aməşə çatan yollardan da belə demişlərdir. Hakim: Səhihdir, İki şeyx bunu təxric etməmişdir, demişdir. İmam Əhmədin rəvayət etdiyi bu hədis də bu mənadadır: Bizə Əbul Muğirə o da Əvzaidən o da Əsid İbn Abdurrəhmandan o da Xalid İbn Dureykdən rəvayət edir ki, İbn Məhayriz deyir ki: Əbu Cumaya bizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdiyin bir hədis daniş, dedik. O da: Yaxşı, sizə gözəl bir hədis danışım, dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə səhər yeməyini yedik. Yanımızda da Əbu Ubeydə İbn Cərrah var idi: ”Ya Rəsulullah, bizdən daha xeyirli bir kimsə varmı? Səninlə bərabər müsəlman olduq, səninlə bərabər cihad etdik” dedi. O da “Bəli” dedi. “Sizdən sonra gələn məni görmədikləri halda mənə iman edən bir qövm” dedi. Başqa bir rəvayətdə də belədir: Əbu Bəkir İbn Mərdəveyh təfsirində belə demişdir: Bizə Abdullah İbn Cəfər o da İsmayıldan o da Abdullah İbn Məsuddan, bir də Abdullah İbn Salihdən o da Muaviyyə İbn Salihdən rəvayət etdi ki, Salih İbn Cubeyr belə deyir: ”Rəsulullahın (salləllahu aleyhi və səlləm) Əbu Cuma namaz qılmaq üçün Beytul-müqəddəsə gəldi. O gün üçün yanımızda da Racə Əbu Hayvə radıyallahu anhu var idi. Namazdan sonra onu yola salmaq üçün çıxdıq. Getmək istədiyi vaxt: Qazanc və mükafata layiq oldunuz, sizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm)veşitdiyim bir hədisi deyim. Biz də “De” Allah sənə rəhm etsin, dedik. Belə dedi: ”Biz Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Yanımızda Muaz İbn Cəbəl də var idi. On adam olardıq. “Ya Rəsulullah, mükafatı bizdən daha böyük olan biri varmı? Allaha iman etdik, sənə tabe olduq” dedik. O da belə dedi: İman etmənizə nə maniyə olurdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) aranızda idi, göydən vəhy enirdi. Sizdən sonra gələn bir qövm, onlara iki qapaq arasında bir kitab gəlir, ona iman eləyər və içindəkilərə əməl edərlər. Elə onlar mükafat baxımından sizdən iki qat üstündürlər, dedi. Sonra İbn Mərduveyh bunu Dəmrə İbn Rəbia, Mərzuq İbn Nəfi, Salih İbn Cubeyr, Əbu Cuma yolu ilə də rəvayət etdi.
Bu hədisdə vicadə deyilən və hədisçilərin ixtilaf etdiyi yazılı hədis mətni ilə əməl etmənin caiz olduğuna dəlillər vardır. Necə ki, mən də bunu Buxarinin şərhinin əvvəlində təhlil etdim. Çünki, peyğəmbərimiz bu hərəkətə görə onları mədh etmiş və onlara məhz bu cəhətdən böyük savab olduğunu bildirmişdir. Həsən İbn Ərəfə Əl-Abdinin rəvayət etdiyi hədis də belədir: Bizə İsmayıl İbn Əyyaş Əl-Hımsi o da Muğirə İbn Qeys Ət-Təmimidən o da Amr İbn Şuaybdən o da atasından o da babasından nəql edir ki, : Rəsulullah (salləllahu aleyhi və səlləm): ”Sizcə iman baxımından kimlər daha təəccübləndiricidir?” dedi. Onlar da: Mələklər dedilər. O da: Onlar necə iman etməsinlər? Axı onlar Rəbblərinin yanındadılar, dedi. Onlar da: Peyğəmbərlər dedilər. O da: necə iman etməsinlər. Axı onlara vəhy enir, dedi. Onlar da: Bizik dedilər. O da: siz də necə iman etməyəsiniz. Axı mən sizin aranızdayam, dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Bilin ki, imana görə ən təəccüb ediləcək yaradılanlar, sizdən sonrakı bir qövmdür ki, bunlar yazılı bir neçə səhifə taparlar və içindəkilərə iman edərlər. Əbu Hatim Ər-Razi: Muğirə İbn Qeys Əl-Bəsrinin hədisi munkərdir, dedi.
Mən də deyirəm ki, ancaq Əbu Yala Müsnədində, İbn Mərduveyh Təfsirində və Hakim də Müstədrəkində Muhəmməd İbn Həmiddən (zəif ravidir) o da Zeyd İbn Əsləmdən, o da atasından o da Ömərdən o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) oxşar rəvayət etmişdir. Hakim də: İsnadı səhihdir, Buxari ilə Muslim təxric etməmişlərdir, demişdir. Bir oxşarı da Ənəs İbn Malikdən mərfu olaraq rəvayət edilmişdir. Allah daha yaxşı bilir.
İbn Əbi Hatim belə demişdir: Bizə atam o da Abdullah İbn Muhəmməd Əl-Musnididən o da İshaq İbn İdrisdən o da İbrahim İbn Cəfər İbn Mahmud İbn Sələmə Əl-Ənsaridən o da Cəfər İbn Mahmuddan o da nənəsi Nüveylə Bint Əsləmdən belə rəvayət etmişdir ki: Zöhrü və əsri Harisoğullarının məscidində qıldım. İlya (Qudus) məscidinə üz tutduq, iki rükət qıldıq, sonra bizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Kəbəyə tərəf yönələrək namaz qıldığı xəbəri gəldi. Qadınlar kişilərin yerinə, kişilər də qadınların yerinə keçdilər. Qalan iki rükəti da Kəbəyə tərəf yönələrək qıldıq. İbrahim deyir ki, mənə Harisoğullarından bir nəfər nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) onların belə elədiklərini eşidincə: Onlar qeybə iman edən qövmdür, dedi. Bu hədis bu cəhətlə qəribdir.
İbn Abbas belə demişdir: ”Namazı doğru qılarlar”: Yəni namazı fərzləri ilə qılarlar. Dahhaq İbn Abbasdan: Namazı doğru qılmaq, rüku, səcdə, qiraət, xuşu və özünü namaza vermə kimi şeyləri tam eləməkdir. Qatadə belə demişdir: Namazı doğru qılmaq, vaxtını buraxmamaq, dəstəmazını, rükunu və səcdəsini tam etməkdir. Muqatil İbn Həyyan belə demişdir: Onu doğru qılmaq vaxtını buraxmamaq, dəstəmazı tam almaq, rüku, səcdə, qiraət, təhiyyət və peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat kimi şeyləri tam yerinə yetirməkdir. Həqiqətən də onu doğru etmək elə budur.
Əli İbn Əbu Talha və digərləri, İbn Abbasdan nəql etmişdilər ki, “Özlərinə ruzi olaraq verdiyimizdən Allah yolunda xərcləyərlər”: Bu, malların zəkatıdır, demişdir. Suddi, Əbu Malikdən, o da Əbu Salihdən, o da İbn Abbasdan, bir də Murrədən, o da İbn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi sahabələri: Nəfəqə (xərc) insanın ailəsinə xərclədiyidir, demişlərdir. Bu da zəkat haqqındakı vəhy enmədən əvvəl idi. Cuveybirdən, Dahhaq belə demişdir: Nəfəqələr hər kəsin malının gücünə görə Allaha yaxınlaşmaq üçün edilən xərcləmələr idi. Hətta Bəraət surəsindəki yeddi sinif haqqında ayə nazil olana qədər bu belə idi. Bunlar onları nəsx etdi və yerində qaldı. Qatadə: “Özlərinə ruzi olaraq verdiklərimizdən xərcləyərlər” ayəsində: Allahın sizə verdiklərindən xərcləyin. Bu mallar əmanətdir, sənin yanında əmanət və borcdur. Ey Adəm oğlu, yaxında onlardan ayrılacaqsan. İbn Cərir bu ayənin zəkat və digər nəfəqələr üçün ümumi olduğunu demiş və belə buyurmuşdur: Ən uyğun və doğru yozum zəkat və nəfəqə kimi lazım gələn şeyləri verməkdir. Çünki Allah təala ümumi demiş və onları bununla mədh etmişdir. İnfaq da zəkat da təriflənən və xoş şeylərdəndir.
Mən də deyirəm ki, Allah təala çox vaxt namazla infaqı birlikdə zikr etmişdir. Çünki namaz Allahın haqqıdır, ona ibadətdir. O da onun tövhidini, onun təriflənməsini, ucaldılması, ona yalvarmağı, ona dua etməyi və ona təvəkkülü ehtiva edir. İnfaq isə faydalı şeyi yaradılanlara ehsan etməkdir. Buna da insanların ən layiq olanları qohumlar, ailələr və kölələrdir. Sonra da yadlardır. Vacib olan nəfəqələr və fərz olan zəkat bu infaqa daxildir. Bunun üçündür ki, iki səhihdə İbn Ömərdən rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İslam beş təməl üzərində qurulub: Allahdan başqa ilah olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və Kəbəni həcc etmək. Bu xüsusda hədislər çoxdur.
Namazın əsli Ərəb dilində duadır. Şair Əaşa belə demişdir:
Bir gözətçisi vardır ayrılmaz qapısından,
Başı kəsilsə belə, Əl çəkməz duasından
Yenə belə demişdir:
Meh əsdi, hava dəydi piyalədə şəraba,
Dua etdi, istədi və xaç çəkdi o qaba
İbn Cərir bu iki beyti buna sübut olaraq gətirmişdir. Başqa birisi yəni şair Əaşa da belə demişdir:
Ölümüm yaxınlaşdı, qızım dedi Allahım, Atama ağrı vermə sənsən yalnız pənahım
Duanın bir hissəsi sənə qayıtsın qızım, hər kəsə bu dünyada köməkçi, dayaq lazım
Demək istəyir ki: Mənə etdiyin duanın eynisi sənə olsun. Bu bəllidir. Sonra əs-salat kəlməsi şəriətdə rükülü, səcdəli, müəyyən vaxtlarda bilinən, şərtləri və bəlli növləri ilə yerinə yetirilərək edilən özünəməxsus hərəkətə deyildi. İbn Cərir belə demişdir: Mən elə fikirləşirəm ki, namaza salat deyilməsi, namaz qılanın savab və ehtiyac istəyinin Allah tərəfindən yerinə yetirilməsi arzusuna görədir. Belə də deyilmişdir: O salveyn deyilən iki damarın namaz qılarkən rükü və səcdədə hərəkət etməsindəndir. Bu iki damar beldən büzdüm sümüyünə qədər uzanır. Bunun üçündür ki, at yarışında ikinci gələn ata, musalli deyilir. Bu rəyə etiraz edilmişdir. Bunun saly kökündən gəldiyi də deyilmişdir ki, o da bir şeyə möhkəm yapışmaqdır. Necə ki,: ”Lə yəsləhə” ona möhkəm sarılmaz və ona davam etməz “ancaq bədbəxt kimsə edər” (Leyl, 15) ayəsi də bundandır. Bunun ağacı düzəltmək üçün oda atmaqdan gəldiyi də deyilmişdir. “Həqiqətən namaz pis və çirkin əməllərdən çəkindirər. Allahın zikri ən böyükdür” (Ənkəbut, 45) ayəsi də bu mənadadır. Duadan törəməsi isə ən doğrusu və ən məşhurudur. Allah ən doğrusunu biləndir. Zəkat isə yeri gəlincə izah ediləcəkdir, inşəAllah.