O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mə-ləyin köməyinizə çatması, sizə bəs etmirmi?”

Təfsirçilər bu vədin Bədirdə yaxud Uhudda olmasına dair ixtilaf etmişlər. Birincisi: “O vaxt sən möminlərə demişdin” cümləsinin “Allah, Bədirdə sizə yardım etdi.” (Ali İmran, 123) cümləsinə bağlıdır. Həsən Bəsri, Amir Şabi, Rəbi ibn Ənəs və digərlərindən də belə rəvayət edilmişdir. İbni Cərir də bunu üstün rəy hesab etmişdir.

Abbad ibn Mansur isə, Həsəndən rəvayət edərək “O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” kəlamı barədə: “Bu, Bədir günüdür.” – demişdir. Bunu İbni əbi Hatim də rəvayət edərək demişdir: Bizə atam danışdı, bizə Musa ibn İsmayıl danışdı, bizə Vuheyb danışdı, o da Davuddan, o da Amirdən – yəni, Şabidən – rəvayət etdi ki, müsəlmanlar Bədir döyüşündə Kurz ibn Cabirin müşriklərə kömək edəcəyini eşidirlər. Buna görə Allah Təala da: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” ayəsini endirdi. Rəvayət edir ki, Kurzə müşriklərin məğlubiyyətə düçar olduqları xəbəri çatdı və o, müşriklərə kömək etmədi. Allah da müsəlmanlara beş min mələklə yardım etmədi.

Rəbi ibn Ənəs demişdir: Allah müsəlmanlara min mələklə kömək etdi, sonra üç min oldular, sonra da beş min oldular.

Əgər bu rəyə görə, bu ayə ilə Bədir hadisəsi haqqında enmiş “O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.”  (Ənfal 9,10) ayəsi necə uzlaşdırılır deyilsə, cavab belədir: Burada minə vurğu edilməsi, üç minə və daha yuxarı olmasına mane deyildir. Çünki ard-arda deyilmişdir. Bunun mənası odur ki, bunlar gedər ardınca onlar kimi digər minlər gələr, deməkdir. Bu hadisə Ali İmran surəsindəki həmin hadisəyə bənzəməkdədir. Bunun da zahirən göründüyü kimi Bədir günü olduğu aydın olur. Çünki mələklər ancaq Bədir döyüşündə döyüşə qatılmışdılar. Allah daha yaxşı bilir. Səid ibn əbu Arubə demişdi: Qatadədən: Allah Bədir günü müsəlmanlara beş min ilə kömək etdi.

İkinci rəy: Bu vəd, Allah Təalanın “O zaman sən döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin.” kəlamı ilə bağlıdır. Bu da Uhud döyüşündə idi. Mücahid, İkrimə, Dəhhak, Zuhri, Musa ibn Uqbə və digərləri belə demişdirlər. Ancaq onlar beş min mələklə köməyin həyata keçmədiyini demişdirlər. Çünki müsəlmanlar o gün qaçmışdılar. İkrimə: “Üç min mələklə də olmamışdır” cümləsini əlavə etmişdir. Çünki Allah Təala “Əlbəttə, siz səbr etsəniz, (Allahdan) qorxsanız” demişdir ki, onlar səbr etmədilər, əksinə qaçdılar;  bu səbəbdən bir mələklə belə kömək olunmadılar.

“Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız” – yəni, düşmənlərə qarşı dayanıqlıq göstərsəniz, məndən qorxsanız və əmrimə itaət etsəniz, deməkdir.

Onlar bu saat sizin üstünüzə hücuma keçsələr” – burada keçən “min fəvrihim” kəlamı haqqında Həsən, Qatadə, Rəbi və Suddi: “Bu istiqamətdən” demişdirlər. Mücahid, İkrimə və Əbu Saleh də “Bu qəzəblərindən” demişdirlər. Dəhhak da: “Qəzəblərindən və üzlərindən” demişdirlər. Əvfi də İbn Abbasdan: “Bu səfərlərindən” dediyini rəvayət etmişdir. “Bu qəzəblərindən” də deyilmişdir.

Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.” “Musəvvimin” — nişanlı, işarəli deməkdir.

Əbu İshaq əs-Subeyi demişdir: Harisə ibn Midrabdan, o da Əli ibn Əbu Talibdən (radiyallahu anh): Bədirdə mələklərin işarəsi ağ yun idi, demişdir. Bu eyni zamanda atlarının alınlarında da var idi.

Bunu İbni Əbiu Hatim rəvayət etmiş və sonra belə demişdir: Bizə Əbu Zura danışdı, bizə Hudbə ibn Xalid danışdı, bizə Həmmad ibn Sələmə danışdı, o da Muhamməd ibn Amr ibn Alqamədən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən (radiyallahu anh) bu ayədə barədə “nişanlanmış mələklər” qırmızı yunla nişanlı, demişdir. Mücahid də “nişanlanmış” yalmanları kəsilmiş, alınları ağ yunla nişanlanaraq atların quyruğunda demişdir.

Avfi demişdir: İbn Abbas radiyallahu anh belə demişdir: Mələklər Muhammədə (salləllahu aleyhi və səlləm) yunla nişanlanmış halda gəldilər. Muhamməd və əshabı da özlərini və atlarını onlar kimi yunla nişanladılar.

Qatadə ilə İkrimə də  “nişanlanmış” yəni, döyüş işarəsi ilə demişdirlər. Məkhul da “Əmmamələr ilə” demişdir.

İbn Mərdeveyh, Abdul Quddus ibn Həbibdən, o da Əta ibn Əbi Rəbahdan, o da İbni Abbasdan, o da   Rəsulullahdan  (salləllahu aleyhi və səlləm) rəvayət edir ki, o: Musəvvimin” kəlamı barədə: “nişanəli” demişdir. Mələklərin Bədirdəki işarələri qara əmmamələr, Hüneyndə də qırmızı əmmamələr idi.

Husayn ibn Muxariqdən, o da Səiddən, o da Hakəmdən, o da Miqsəmdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət edir: Mələklər Bədirdən başqa heç bir yerdə döyüşmədilər.

İbn Ishaq demişdir: “İttiham etmədiyim bir nəfər mənə rəvayət etdi, o da Miqsəmdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etdi: Bədirdə mələklərin işarəsi ağ əmmamələr idi. Uclarını kürəklərinə sallamışdılar. Hüneyndə də qırmızı əmmamələr idi. Mələklər Bədir döyüşündən savayı qılıınc çalmamışdılar. Digər döyüşlərdə hazırlıq və ehtiyat qüvvələr idilər, amma qılınc çalmırdılar.” Sonra bunu Həsən ibn Umarədən, o da  Hakimdən, o da Miqsəmdən, o da İbni Abbasdan oxşar şəkildə rəvayət etmişdir.

İbn Əbi Hatim demişdir: Bizə əl-Əhməsi danışdı, bizə Vəki danışdı, bizə Hişam ibn Urvə danışdı, o da Yəhya ibn Abbaddan rəvayət edir: “Zübeyrin (radiyallahu anh) başında Bədirdə sarı bir əmmamə var idi, onunla üzünü örtmüşdü. Mələklər də sarı əmmamələrdə endilər.” Bunu İbni Mərduveyh, Hişam ibn Urvə yolu ilə, o da atasından, o da Abdullah ibn Zubeyrdən rəvayət etmiş və bu cür qeyd etmişdır.

“Allah bunu sırf sizə müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə etdi” yəni, mələkləri endirməsi və onları endirməsini sizə bildiməsi, sırf müjdə üçün, qəlblərinizi xoş etmək və arxayın etmək üçündür. Yoxsa zəfər ancaq Allah qatındandır, istəyərsə siz olmadan və onlarla döyüşmənizə ehtiyac olmadan da düşmənlərdən intiqam alar. Necə ki, Allah Təala möminlərə döyüş əmrindən sonra belə demişdir: ”Bax belə! Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. (Allah) onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq. və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.” (Muhamməd 4-6). Buna görə də burada belə demişdir: “Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.”  yəni, o yanına yaxınlaşılmayacaq qədər güclüdür, qədər və hökmlərdə hikmət sahibidir.

“(Bu ona görə idi ki, Allah bununla) kafirlərin bir hissəsini kəssin” yəni, sizə cihadı və sərtliyi əmr etməsi bütün bunlarda hikmət olmasına görədir. Buna görə də, döyüşən kafirlərdə mümkün olan cəhətlərin hamısını zikr edib dedi: ”kafirlərin bir hissəsini kəsmək üçün” yəni, kafirlərin bir bölüyünü məhv etmək üçün, deməkdir. “Və ya onları darmadağın etsin” yəni, darmadağın edib qəzəbləri ilə birlikdə geri oturtmaq üçündür, çünki sizdən umduqlarını əldə edə bilmədilər. “Məyus halda geri dönsünlər” yəni umduqlarını əldə edə bilmədən geri dönsünlər.

Sonra dünya və axirətdə hökmün bir tək Allaha məxsus olduğuna dəlalət edən cümlə ilə  “bu işin sənə aidiyyəti yoxdur” buyurdu. Yəni, bütün işlər mənə qayıdar. Necə ki,  “Sənin öhdənə düşən ancaq təbliğ etməkdir” demişdir. Həmçinin buyurmuşdur: “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir.” (Bəqərə 272)  O demişdir: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.” (Qəssas 56)

Muhamməd ibn İshaq “Bu işin sənə aidiyyəti yoxdur” kəlamı haqqında belə demişdir: “Qullarım üzərində Mənim sənə onlar barədə əmr etdiyimdən başqa heç bir hökmün yoxdur.” Sonra qalan hissələri zikr edib dedi: “(Allah) ya onların tövbəsini qəbul edər” yəni, içərisində olduqları küfürdən tövbə edib zəlalətdən sonra onları hidayətə yönəldər. “Ya da onlara əzab verər” yəni, küfür və günahlarına görə dünya və axirətdə onlara əzab edər. Buna görədir ki, “Çünki onlar zalımdırlar” demişdir, yəni buna layiqdirlər, demişdirlər.

Buxari demişdir: “Bizə Hibban ibn Musa danışdı, bizə Abdullah xəbər verdi, bizə Mamər xəbər verdi, o da Zühridən, mənə Səlim danışdı, o da atasından, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) sübh namazının ikinci rükətində başını rükudan qaldırıb “Səmi Allahu Limən Həmidəh, Rabbənə və Ləkəl Həmd” dedikdən sonra “Allahım, filankəsə və filankəsə lənət et” dediyini eşitdi. Buna görə Allah Təala: “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi. Bunu Nəsai də Abdullah ibn Mübarək ilə Abdurrəzzaqdan rəvayət etmişdir, ikisi də Mamərdən belə rəvayət etmişlərdir.

İmam Əhməd demişdir: Bizə Əbu Nadr danışdı, bizə Əbu Aqil danışdı, — Əhməd dedi: O, Abdullah ibn Aqildir, hədisi yaxşıdır, güvəniləndir — bizə Ömər ibn Həmzə danışdı, o da Səlimdən, o da atasından rəvayət edir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm): “Allahım filana və filana lənət et. Allahım Haris ibn Hişama lənət et, Allahım, Suheyl ibn Amra lənət et. Allahım Safvan ibn Umeyyəyə lənət et” – dediyini eşitdim. Bu haqda ” Bu işin sənə aidiyyəti yoxdur. (Allah) ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.” ayəsi endirildi. Hamısnın da tövbəsini qəbul etdi.

İmam Əhməd demişdir: Bizə Əbu Muaviyə əl Ğalabi danışdı,  bizə Xalid ibn Haris danışdı, bizə Muhamməd ibn Aclan danışdı, o da Nafidən, o da Abdullahdan rəvayət edir ki,  Rəsulullah (salləllahu aleyhi və səlləm) dörd nəfərə bəd dua edərdi. Allah Təala “Bu işin sənə aidiyyəti yoxdur.” ayəsini endirdi. Əlavə edir ki, Allah onları İslama hidayət etdi.

Buxari demişdir: Bizə Muhamməd ibn Aclan rəvayət etdi, o da Nafidən, o da İbni Ömərdən (radiyallahu anhum) Rəsulullah (salləllahu aleyhi və səlləm) müşriklərdən bəzilərinə adlarını çəkərək bəddua edərdi. Sonda Allah Təala “Bu işin sənə aidiyyəti yoxdur.” ayəsini endirdi.

Buxari yenə demişdir: Bizə Musa ibn İsmayıl danışdı, bizə İbrahim ibn Sad danışdı, o da İbn Şihabdan, o da Səid ibn Museyyəb ilə Əbu Sələmə ibn Abdurrahmandan, onlar da Əbu Hureyrə radiyallahu anhdan rəvayət edir ki, Rəsulullah   (salləllahu aleyhi və səlləm) bir kəsə bəddua və ya dua etmək istədikdə rukudan sonra qunut oxuyar və çox vaxt “səmiAllahu limən hamidəh, Rabbəna vələkəl həmd, Allahım Vəlid ibn Vəlidi, Sələmə ibn Hişamı, Ayyaş ibn Əbi Rəbiyanı, gücsüz möminləri xilas et. Allahım Mudara təzyiqi artır, onlara Yusufun qıtlığı kimi qıtlıq ver” deyər və bunu hündür səslə edərdi. Bəzi vaxtlarda sübh namazlarında: “Allahım filana və filana lənət elə” deyərdi. Bəzi Ərəb qəbilələrinin adını anardı. Sonda Allah “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi.

Buxari demişdir: Humeyd ilə Sabit dedi: Ənəs ibn Malikdən onun bu cür dediyi rəvayət edilir: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Uhud döyüşündə başı yarıldı, “Peyğəmbərlərinin başını yaran qövm necə nicat tapar?” dedi. Bu haqda “Bu işin sənə aidiyyəti yoxdur” ayəsi endi. Buxarinin Səhihində sənədsiz nəql etdiyi bu hədis sənədlə rəvayət edilmişdi.

Buxari Uhud döyüşünü rəvayət edərkən demişdir: Bizə Yəhya ibn Abdullah əs Suləmi danışdı, bizə Abdullah danışdı, bizə Mamər xəbər verdi, o da Zühridən, mənə Salim ibn Abdullah danışdı, o da atasından rəvayət edərək demişdir: Rəsulullah   (salləllahu aleyhi və səlləm) sübh namazının son rəkatında başını rükudan qaldırıb   “səmiallahu limən hamidəh, Rabbəna vələkəl həmd” dedikdən sonra “Allahım filankəsə, filankəsə, filankəsə lənət et” deyərdi. Allah “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi.

Hanzala ibn Əbi Süfyandan rəvayət edilir ki, Salim ibn Abdullahdan onun belə dediyini eşitdim: Rəsulullah (salləllahu aleyhi və səlləm), Safvan ibn Umeyyə, Suhel ibn Amr və Haris ibn Hişama bəddua edərdi. Bu haqda Allah: “Bu işin sənə aidiyyəti yoxdur. (Allah) ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.” ayəsini endirdi. Bu əlavəni Buxari sənədi qırıq və mürsəl olaraq zikr etmişdir. Əhmədin Müsnədindəki bütöv sənədi isə az əvvəl keçmişdi.

İmam Əhməd demişdir: Bizə Hüşeym danışdı, bizə Humeyd danışdı, o da Ənəsdən (radiyallahu anh) rəvayət edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Uhudda kəsici dişi qırıldı, alnı yarıldı, üzünə qan axdı və o: “Rəblərinə dəvət edən peyğəmbərinə belə edən cəmiyyət necə nicat tapa bilər?” dedi. Bu haqda Allah Təala Bu işin sənə aidiyyəti yoxdur. (Allah) ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar.” ayəsini endirdi. Bunu Müslim tək olaraq rəvayət etmişdir. Onu Qanəbidən, o da Həmmad ibn Sələmədən, o da Sabitdən, o da Ənəsdən rəvayət etmiş və bu cür zikr etmişdir.

İbni Cərir də demişdir: Bizə İbn Humeyd danışdı, bizə Yəhya ibn Vadih danışdı, bizə Huseyn ibn Vaqid danışdı, o da  Matardan rəvayət etdi ki, Qatadə demişdir: Uhudda Peyğəmbər (salləllahu aleyhi və səlləm) yaralandı, dişi qırıldı, qaşı yarıldı, yıxıldı. Üzərində iki zireh var idi, qan axırdı. Ona Əbu Hüzeyfənin azad edilmiş köləsi Salim rast gəldi, onu otuzdurdu, üzünü sildi. O özünə gəldikdə: “Onları Əziz və Cəlil olan Allaha  dəvət edən peyğəmbərinə belə edən bir qövm necə olar?” dedi. Allah Təala da   “Bu işin sənə aidiyyəti yoxdur” ayəsini endirdi. Bunu Abdurrəzzaq, o da Mamərdən, o da Qatadədən oxşar formada rəvayət etmiş, “özünə gəldikdə” sözünü deməmişdi.

Sonra Allah Təala belə dedi: “Göylərdə və yerdə nə varsa, Allahındır.” yəni mülkün hamısı Onundur, o ikisindəkilər də Onun hüzurunda duran qullarıdır, deməkdir. “O, istədiyini bağışlayar, istədiyinə də əzab verər” yəni hökm verən odur, heç kim onun hökmünə etiraz edə bilməz. Etdiklərindən sorğu sual olunmaz, onlar etdiklərindən sorğu sual olunarlar. Allah Bağışlayandır, Rəhmlidir.