Bu, Allahdan əhli-kitaba danlama və hədələmədir. Allah onlardan peyğəmbərlərinin dili ilə Muhəmmədə (salləllahu aleyhi və səlləm) iman edəcəklərinə və insanlar arasında şanını ucaldacağına vəd almışdı. Ta ki, onun işinə qarşı hazırlıqlı olsunlar. Onlar isə bunu gizlətdilər, dünya və axirətdə onlara edilən vəddən üz çevirdilər. Onun yerinə bəsit şeyə alçaldılar, keçici dünya ilə qane oldular. Ticarətləri çox pis idi, alış verişləri necə də pis idi. Burada onların yolu ilə gedən alimlər üçün də xəbərdarlıq vardır. Sonra onların başına gələn özlərinin də başına gəlir. Onlar da onların yolu ilə getdilər. Buna görə də alimlər faydalı və yaxşı əmələ aparan elmi insanlara öyrətməli, ondan heç bir şey gizlətməli deyillər. Bir çox yollardan rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Kimdən bir elm soruşulsa və o onu gizlədərsə qiyamət günü ağzında alovdan gəm vurular.
“Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır” burada, verilmədiklərini çoxaldan riyakarlar nəzərdə tutulur. Necə ki, iki Səhihdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim malını çoxaltmaq üçün olmayanı iddia edərsə, Allah onun yalnız azaldar.” Yenə iki Səhihdə deyilmişdir: “Ona verilməyən ilə tox olduğunu göstərməyə çalışan, iki yalan libasını geymiş olur.”
İmam Əhməd demişdir: Bizə Həccac danışdı, o da İbn Cureycdən, mənə İbn Əbu Muleykə xəbər verdi ki, Humeyd ibn Abdurrəhman ibn Avf ona xəbər verdi ki, Mərvan qapıdakı gözətçisinə dedi: Ey Rəfi, İbn Abbasın yanına get və de: “Əgər aramızda hər kəs etdiyi ilə sevinib və etmədiyi ilə də lovğalandığına görə əzaba düçar olacaqsa, hamımız əzab görəcəyik?” İbn Abbas dedi: Bundan sizə nə, bu yalnız əhli-kitaba aiddir dedi və bu ayəni oxudu: “O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz onu mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə”.
İbn Abbas dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) onlardan bir şey barəsində soruşdu, onlar gizlədib başqa bir şey dedilər. Çıxdılar, soruşduğu haqqında cavab verdikləri kimi davranaraq lovğalanmaq istədilər. Ondan gizlətdiklərindən dolayı sevindilər.” Buxari təfsir bölümündə, Muslim, Tirmizi və Nəsai də təfsir bölümündə bu cür rəvayət etmişlər. İbn əbi Hatm, İbn Cərir, Hakim Mustədrəkində və İbn Mərduveyh, hamısı Abdulməlik ibn Cureycdən bənzər şəkildə rəvayət etmişlər. Buxari də İbn Cureycdən, o da İbn əbu Muleykədən, o da Əlqamə ibn Vaqqasdan belə rəvayət etmişdir: “Mərvan qapıçısına dedi: Ey Rafi, İbn Abbasın yanına get…”
Buxari demişdir: Bizə Səid ibn əbi Məryəm danışdı, bizə Muhəmməd ibn Cəfər xəbər verdi, mənə Zeyd ibn Əsləm danışdı, o da Ata ibn Yasərdən, o da Əbu Səid əl Xudridən (radiyallahu ənh) nəql etdi ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) vaxtında bəzi münafiq kişilər Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə yürüşə çıxanda geriyə qalardılar, ona müxaliflik edib dayanmaqdan həzz alardılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dönən zaman ondan üzr diləyib and içərdilər. Etmədikləri şeydən ötrü təriflənmələrini istəyirdilər. Buna görə bu ayə nazil oldu: “Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə”. Bunu Muslim də İbn əbi Məryəmdən oxşar şəkildə rəvayət etmişdir. Onu İbn Mərduvey öz təfsirində Leys ibn Saddan, o da Hişam ibn Saddan, o da Zeyd ibn Əsləmdən rəvayət edərək demişdir: Əbu Səid, Rafi ibn Xadic və Zeyd ibn Sabit, Mərvanın yanında idilər. Mərvan dedi: “Ey Əbu Səid “Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə” ayəsini görürsən? Hamımız etdiklərimizə sevinirik və etmədiyimizdən ötrü təriflənmək istəyirik.” Əbu Səid dedi: “Bu ondan deyil, bu belədir: Münafiqlər Rəsulullahın (salləllahu aleyhi və səlləm) göndərdiyi döyüşçülərin başına bir pislik gələndə sevinirdilər. Əgər onlara Allahdan qələbə və kömək gəlirdisə, möminləri razı salmaq və zəfər və yardıma sevindiklərinə görə təriflənmək istəyirdilər.” Mərvan dedi: “Bu harada, o harada?” Əbu Səid dedi: “Bu da onu bilir.” Mərvan dedi: “Doğrudur, ey Zeyd?” O da dedi: “Bəli, Əbu Səid doğru dedi.” Sonra Əbu Səid dedi: “Bu da onu bilir – Rafi ibn Xadici qəsd edirdi – , amma sənə xəbər versə, qorxur ki, gənc dəvələrini zəkatda əlindən alacaqsan. Çölə çıxanda Zeyd, Əbu Səidə dedi: “Lehinə şahidlik etdiyim üçün məni tərif etməyəcəksən?” Əbu Səid dedi: “Sən haqqa şahidlik etdin.” Zeyd dedi: “Haqqa şahidlik etdiyim üçün məni tərif etməyəcəksən?” Sonra onu Məlikdən, o da Zeyd ibn Əsləmdən, o da Rafi ibn Hədicdən rəvayət edərək dedi ki, o və Zeyd ibn Sabit, Mərvan ibn Həkəmin yanında idilər. Mərvan o zaman Mədinənin əmiri idi. Mərvan dedi: “Ey Rafi, bu ayə nə üçün nazil oldu?” O da, Əbu Səid əl-Xudridən keçdiyi kimi danışdı. Mərvan, yuxarıda keçdiyi kimi hadisədən sonra İbn Abbasın yanına adam göndərdi və soruşdu. O da danışdığımız kimi dedi. İbn Abbasın dediyi ilə bunların dediyi arasında ziddiyyət yoxdur. Çünki ayə hamısını əhatə edəcək qədər ümumidir. Allah ən doğrusunu biləndir.
Bunu İbn Mərduveyh də Muhəmməd ibn Əbu Atiq ilə Musa ibn Uqbədən, onlar da Zuhridən, o da Muhəmməd ibn Sabit əl-Ənsaridən rəvayət etmişdir ki, Sabit ibn Qeys əl-Ənsari dedi: “Ey Allahın Rəsulu həlak olmaqdan qorxdum.” O da dedi: “Nə üçün?” Dedi: “Allah təala insana etmədiyi şeylə öyünməyə qadağan etdi, mən isə öyünməyi sevirəm. Allah təkəbbürlüyü qadağan etdi, mən isə gözəlliyi sevirəm. Allah səsimizi sənin səsin üzərinə qaldırmağı qadağan etdi, mənim isə səsim gurdur.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Təriflənərək yaşamaq, şəhid olmaq və Cənnətə girmək istəmirsən?” O dedi: “İstəyirəm, Ey Allahın Rəsulu.” O təriflənərək yaşadı və Museyləmə əl-Kəzzəb ilə döyüşdə şəhid oldu.
“Əzabdan qurtulacaqlarını əsla güman etmə” İkinci şəxsin təki olaraq “tə” hərfi ilə (fələ təhsəbənnəhum) və həmçinin “yə” ilə onlar barədə xəbər olaraq oxunmuşdur. Yəni, onlar əzabdan qurtulacaqlarına zənn etməsinlər, bu mütləq olacaqdır, deməkdir. Buna görə Allah təala buyurur: “Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır”.
Sonra buyurur: “Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir”. Yəni O, hər şeyin sahibidir. Hər şeyə qadirdir. Heç bir şey onu aciz etməz, Ondan qorxun, Ona müxalif olmayın. Qəzəbindən və intiqamından çəkinin. Çünki O, əzəmətlidir, Ondan böyüyü yoxdur. O, güclüdür, Ondan güclü yoxdur.