Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbr ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

Talutun adamlarından ibarət iman dəstəsi, onlar azlıqda idilər, düşmənləri Calutun çoxsaylı tərəfdarları ilə qarşı-qarşıya gəldikdə dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver” yəni, bizə Öz qatından səbir nazil et. “Qədəmlərimizi sabit et”  yəni, düşmənlə qarşı-qarşıya gəldiyimiz zaman bizi qaçmaqdan və acizlikdən uzaq et. “Kafir qövmə qələbə çalmaqda bizə yardım et!

Allah Təala dedi: “Allahın izni ilə onları darmadağın etdilər” yəni, Allahın köməkliyi ilə onları məğlub etdilər və üzərilərində qələbə çaldılar. “Davud Calutu öldürdü” İsrailiyyatda onu əlindəki sapandla öldürdüyü deyilir. Ona atdı və o da dəyib onu öldürdü. Talut, Calutu öldürənə qızını, dövlətinin yarısını və özünə şərik edəcəyini vəd vermişdir. O, sözünün üstündə durdu. Sonra mülk Davuda keçdi. Bu arada Allah ona böyük Peyğəmbərlik nəsib etdi. Necə ki, Allah buyurur: “Allah ona mülk verdi” yəni, Talutun əlində olan mülkü, “və hikmət verdi” yəni, Şəmvildən sonra Peyğəmbərlik verdi, “ona istədiyini öyrətdi” yəni, Allah istədiyi və məxsusi olaraq ona öyrətdiyi elmdən, (salləllahu aleyhi və səlləm) . Sonra Allah buyurur: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayərdı” yəni, əgər Allah Talutun döyüşü və Davudun şücaəti ilə İsrail oğullarını müdafiə etdiyi kimi başqalarını da müdafiə etməsəydi, onlar məhv olardılar. Necə ki, Allah buyurur: “Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Həcc, 40).

İbn Cərir rahiməhullah demişdir: Mənə Əbu Humeyd əl-Himsi Əhməd İbn əl-Muğira danışdı, bizə yəhya İbn Səid danışdı, bizə Hafs İbn Suleyman danışdı, o da Muhəmməd İbn Suqadan, o da Vəbrə İbn Abdurrəhmandan, o da İbn Ömərdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Həqiqətən, Allah bir saleh müsəlman quluna görə onun yüz qonşusundan bəlanı dəf edər.” Sonra İbn Ömər bu ayəni oxudu: “Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayərdı”. Bu zəif bir sənəddir. Çünki bu yəhya İbn Səid, Əbu Zəkəriyya əl-Əttar əl-Himsidir və o, çox zəifdir.

Sonra İbn Cərir demişdir: Bizə Əbu Humeyd əl-Himsi danışdı, bizə yəhya İbn Səid danışdı, bizə Osman İbn Abdurrəhman danışdı, o da Muhəmməd İbn Munkədirdən, o da Cəbir İbn Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Həqiqətən Allah, saleh bir müsəlmanın islahı ilə övladını, övladının övladını, qonşularını və ətraf qonşularını islah edər. O, aralarında ikən onları qoruyar və himayə edər.” Bu da adı çəkilən raviya görə qərib və zəifdir. Əbubəkr İbn Mərdəveyh demişdir: Bizə Muhəmməd İbn Əhməd İbn İbrahim danışdı, bizə Əli İbn İsmayıl İbn Hammad xəbər verdi, bizə Əhməd İbn Muhəmməd İbn yəhya İbn Səid xəbər verdi, bizə Zeyd İbn Hubəb xəbər verdi, mənə Hammad İbn Zeyd danışdı, o da Əyyubdan, o da Əbu Qilabədən, o da Əbu Əsmadan, o da Səvbandan, hədisi mərfu olaraq çatdırdı ki, o dedi: “Aranızdan yeddi qrup insan əskik olmazsa, onların sayəsində qələbə çalarsız, yağmurunuz onların sayəsində yağar, ruziniz onların sayəsində verilər, Allahın əmri  gələnə qədər bu belə davam edər.”

İbn Mərdəveyh demişdir: Bizə Muhəmməd İbn Əhməd danışdı, bizə Muhəmməd İbn Cərir İbn yəzid danışdı, bizə Əbu Muaz Nəhər İbn Osman əl-Leysi danışdı, bizə Zeyd İbn Hubab xəbər verdi, mənə Ömər əl-Bəzzər xəbər verdi, o da Ənbəsə əl-Xavasdan, o da Qatadədən, o da Əbu Qilabədən, o da Əbu Əşas əs-Sənanidən, o da Ubadə İbn Samitdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ümmətimin əbdəli (bədəlləri, fəzilət baxımından üstünlükləri ilə digərlərinə əvəz olanlar) otuzdur, onların sayəsində yer durar, yağmurlar yağar və düşmənə qarşı zəfər qazanılar.” Qatadə demişdir: Həsən Bəsrinin onlardan olduğunu umuram.

Lakin Allah aləmlərə qarşı lütfkardır” yəni, onlara qarşı ehsan və mərhəmət sahibidir. Bəzilərinə görə bəzilərindən bəlanı dəf edər. Bütün yaratdıqları barəsindəki fel və sözlərində hökm, hikmət və hüccət Ona məxsusdur.

Sonra Allah Təala buyurdu: “Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Və həqiqətən sən göndərilən elçilərdənsən”. yəni, Allahın sənə onlar barəsində endirdiyi ayələrdəki qissələr haqdır, yəni, həmin baş verənlər doğrudur, əhli kitabın əlində olan doğru bilgilərlə eynidir. Bunları İsrail oğullarından olan alimlər də bilir. “Və həqiqətən sən” ey Muhəmməd, göndərilən elçilərdənsən, bu da təkiddir və ona yer hazırlamaqdır.