Ora ancaq ən bədbəxt kimsə daxil olar

“Ora ancaq ən bədbəxt kimsə daxil olar”. Yəni Cəhənnəmə hər tərəfi mühasirəyə alınaraq yalnız ən bədbəxtlər girər. Sonra Allah təala açıqlayaraq buyurur ki, “O kimsə ki, qəlbi ilə yalan sayar, bütün bədən orqanları ilə haqqa riayət etməkdən üz döndərər!”

İmam Əhməd deyir: Həsən ibn Musa İbn Luheyədən, o da Əbu Hureyrədən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Cəhənnəmə yalnız bədbəxt girər”. Soruşdular: “Bədbəxt kimdir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “O kəs ki, Allaha itaət etməz və Onun üçün günahlardan əl çəkməz”.

İmam Əhməd başqa bir rəvayət qeyd edərək deyir: Bizə Yunis və Sureyc Əbu Hureyrədən rəvayət edirlər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qiyamət günü üz döndərənlərdən başqa ümmətimin hamısı Cənnətə daxil olar”. Soruşdular: “Ey Allahın elçisi! Üz döndərənlər kimlərdir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) cavab verdi: “Mənə itaət edən Cənnətə daxil olar. Mənə qarşı çıxanlar isə üz döndərənlərdir”. Hədisi Buxari də Muhəmməd ibn Sinan vasitəsilə Fuleyhdən rəvayət etmişdir.

Sonra Uca Allah buyurur: “Ən çox qorxan isə ondan uzaqlaşdırılar”. Yəni Allahdan ən çox qorxub günahlardan təmizlənən kimsə Cəhənnəmdən uzaq tutular. Daha sonra Allah təala onun kim olduğunu açıqlayaraq buyurur: “O kimsə ki, malını verib təmizlənər”. Yəni o, öz malını Allaha itaət uğrunda xərcləyər ki, həm özünü, həm malını, həm də Allahın ona bəxş etdiyi din və dünya ilə bağlı qalan digər şeyləri təmizləsin. “O, heç kəsdən əvəzlənəcək bir mükafat ummaz”. Yəni onun öz malını xərcləməsinin səbəbi insanlardan yaxşılıq təmənna etmək deyil. Onu Allaha itaətə və yaxşılıqlara sövq edən təkcə “Ən uca olan Rəbbinin Üzünü diləməkdir”. O ona görə Allaha itaət edər ki, Axirət yurdunda Cənnətin bağçalarında Onu görməyə nail olsun. Onun tək istəyi budur. Daha sonra izzət və cəlal sahibi Allah buyurur ki, “O, mütləq razı qalacaqdır!” Yəni bu sifətlərlə vəsflənən hər kəs mütləq razı qalacaqdır. Bir çox təfsir alimləri bu ayələrin Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) barəsində nazil olduğunu söyləmişlər. Hətta bəziləri bütün alimlərin bu bu fikirdə olduqlarını qeyd etmişlər. Heç şöbhə yoxdur ki, o, Cənnətə daxil olacaqdır. Lakin ən münasib fikir ayənin bütün ümmətə şamil olduğu fikridir. Çünki ayənin mətni ümumiliyə dəlalət edir: “Ən çox qorxan isə ondan uzaqlaşdırılar. O kimsə ki, malını verib təmizlənər. O, heç kəsdən əvəzlənəcək bir mükafat ummaz”. Əlbətdə ki, Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) xatırlanan bu və xatırlanmayan digər tərifəlayiq vəsflərdə ümmətin ən qabaqcılı, ən ilkinidir. O, dürüst, siddiq, Allahdan qorxan müttəqi və günahlardan çəkinən biri idi. Allaha itaət və Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dəstək uğrunda öz mal-dövlətini xərcləmiş, əlindən gələni əsirgəməmişdir. O, Rəbbini görmək niyyəti ilə neçə-neçə dirhəmlər, neçə-neçə dinarlar sərf etmişdi. O heç vaxt etdiyi yaxşılıqların əvəzində insanlardan heç nə ummaz, əvəzini istəməzdi. Bununla yanaşı onun qəbilə başçılarından dha çox üstünlüyü və hörməti var idi. Qeyd olunmalıdır ki, Hüdeybiyyə andlaşması zamanı Səqif qəbiləsinin başçısı Urva ibn Məsud ona belə demişdi: “Allaha and olsun ki, sənə borclu qaldığım yaxşılıqlar indi mənim boynumda qalmasaydı, mütləq cavabını verərdim”. Halbuki Əbu Bəkr (Allah ondan razı olsun!) həmin vaxt ona çox sərt davranmışdı. Əgər onun qəbilə başçıları ilə olan münasibəti belə idisə, onda gör digər insanlarla necə münasibdə idi. Ona görə də Allah təala buyurur ki, “Ən çox qorxan isə ondan uzaqlaşdırılar. O kimsə ki, malını verib təmizlənər. O, heç kəsdən əvəzlənəcək bir mükafat ummaz. O, mütləq razı qalacaqdır!” Buxari və Muslimin eyni adlı “Səhih” kitablarında rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim Allah yolunda bir cüt şey xərcləyərsə, Cənnətin keşikçiləri ona deyər: Ey Allahın qulu, bu, daha xeyirlidir”. Əbu Bəkr dedi: “Ey Allahın rəsulu, çağırılanlara nəsə zəruri bir şey varmı? Hamısından kimsə çağırılacaqmı?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəli! Və ümid edərəm sən onlardan olacaqsan”.

“Əl-Leyl” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.