Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”.

Peyğəmbərləri onlara dedi: Talutun mülkünün bərəkətinin əlaməti, sizdən alınan sandığı sizə geri qaytarmasıdır. “Onun içərisində Rəbbinizdən bir təskinlik vardır” Deyilir ki, onun mənası, təmkin və cəlaldır.

Abdurrəzzaq demişdir: Mamərdən, o da Qatadədən: “Onun içərisində təskinlik vardır” yəni, təmkin vardır — demişdir. Rəbi də: Rəhmət vardır — demişdir. Əl-Əhfi də, İbn Abbasdan belə rəvayət etmişdir.

İbn Cureyc  demişdir: Ətadan “Onun içərisində Rəbbinizdən bir təskinlik vardır” kəlamı haqqında soruşdum, o da: “Allahın bildiyiniz və hüzur tapdığınız ayələridir” — dedi.

Belə də deyilmişdir: “Təskinlik qızıldan bir ləyan idi, içərisində Peyğəmbərlərin qəlbləri yuyulurdu. Allah onu Musaya (əleyhissalam) verdi, o da içərisinə Tövrat lövhələri qoydu.” Bunu Suddi, Əbu Malikdən, o da İbn Abbasdan rəvayət etmişdir.

Sufyan Səvri demişdir: Sələmə İbn Kuheyldən, o da Əbu Ahvasdan, o da Əlidən (radiyAllahu anh) onun belə dediyini rəvayət etmişdir: Təskinlik, insan üzü kimi üzü olan bir şeydir. Sonra isə o uğultulu bir küləkdir.

İbn Cərir demişdir: Mənə əl-Musənna danışdı, bizə Əbu Davud danışdı, bizə Şubə, Həmmad İbn Sələmə və Əbu Əhvas danışdı, hamısı da Simakdan, o da Xalid İbn  Ararədən rəvayət etdi ki, Əli (radiyAllahu anh) demişdir: “Təskinlik qıvrılaraq əsən bir küləkdir, onun iki başı vardır.” Mucahid də: “Onun iki qanadı və bir quyruğu vardır” — demişdir.

Muhamməd İbn İshaq demişdir: Vəhb İbn Münəbbihdən onun belə dediyi nəql edilir: Təskinlik, ölü bir pişik başı idi, tabutun içində pişik kimi mırıldayənda, qələbənin yaxın olduğuna inanardılar, ardından da fəth gələrdi.

Əbdurrəzzaq demişdir: Bizə Bəkkar İbn Abdullah xəbər verdi ki, o, Vəhb İbn Münəbbihdən onun belə dediyini eşitmişdir: Təskinlik, Allahdan bir ruh idi. O, danışardı. Hər hansı bir şeydə ixtilaf edildiyi zaman daNisərdı. Onlara nəyi istəsələr bəyan edərək, xəbər verərdi.

“Musanın ailəsindən və Harunun ailəsindən qalan (bəzi) şeylər vardır.” İbn Cərir demişdir: Bizə İbn Musənna danışdı, bizə Əbu Vəlid danışdı, bizə Həmmad danışdı, o da Davud İbn Əbi Hinddən, o da İkrimədən rəvayət edir ki,  İbn Abbas “Musanın ailəsindən və Harunun ailəsindən qalan (bəzi) şeylər vardır” ayəsi haqqında “Musanın əsası və Tövratın lövhələrinin qırıntıları” demişdir. Qatadə, Suddi, Rəbi İbn Ənəs və İkrimə də belə demişlər. Sonuncusu: ”Tövrat da vardır” cümləsini əlavə etmişdir.

Əbu Saleh “… qalan (bəzi) şeylər vardır. “ kəlamı haqqında “yəni, Musanın əsası, Harunun əsası, Tövratdan iki lövhə və qüdrət halvası” — demişdir. Atiyyə İbn Sad da, “Musanın əsası, Harunun əsası, Musanın paltarı, Harunun paltarları və Tövrat lövhələrinin parçaları” demişdir.

Əbdurrəzzaq deyir ki, Səvridən “Musanın ailəsindən və Harunun ailəsindən qalan (bəzi) şeylər vardır” ayəsi haqqında soruşdum, o da: “Bəziləri: “Bir qədər qüdrət halvası və Tövrat lövhələrinin qalıqları” deyar, bəziləri də: “Əsa ilə çarıqlar” deyarlər.

“Onu mələklər daşıyarlar” İbn Cureycdən rəvayət edilir ki, İbn Abbas demişdir: “Mələklər sandığı göylə yer arasında daşıyaraq gətirdi, onu Talutun önünə qoydular, insanlar da seyr edirdi.” Suddi demişdir: “Sandığı Talutun evinə qoydular. Şəmunun Peyğəmbərliyinə iman etdilər və Taluta itaət etdilər.”

Əbdurrəzzaqdan, o da Səvridən, o da bəzi şeyxlərindən rəvayət edir ki, onlar: “Mələklər sandığı bir öküz arabasında gətirdilər.” Bəziləri də: “İki öküzün üzərində gətirdilər” — demişdi.

Başqaları da belə demişlər: “Sandıq Ərihada idi, müşriklər onu götürdükləri zaman onları bütxanalarında böyük bütün altına qoydular. Sandıq səhəri gün böyük bütün başında göründü. Onu endirib bütün altına qoydular, ertəsi gün bir daha belə oldu. Onu mismarlarla bütün altına pərçimlədilər. Ertəsi gün bütün ayəqlarının qırılmış və xeyli arAliyə atılmış olduğunu gördülər. Beləcə bunun Allahdan bir əmr olduğunu və Ona qarşı çıxa bilməyacəklərini başa düşdülər.  Sandığı ölkələrindən çıxarıb kəndlərdən birində saxladılar. Ölkə əhalisinin boyunlarında bir xəstəlik meydana gəldi. İsrail oğullarından əsir götürülmüş bir kəniz, bu xəstəlikdən yaxa qurtarmaları üçün onu İsrail oğullarına qaytarmağı onlara əmr etdi. Onlar da iki öküzlə onu daşıyıb ora aparırdılar. Ona kim yaxınlaşdısa öldü. Axırda İsrail oğullarının bir şəhərinə yaxınlaşdılar, öküzlər boyunduruğu qırıb geri döndülər. İsrail oğulları da gəlib onu götürdülər.” Onu Davudun (əleyhissalam) təhvil aldığı da rəvayət edilmişdir. Davud əleyhissalam bunu gördükdə sevincindən atılıb düşdü. İki gəncin təhvil aldığı da rəvayət edilmişdir. Allah ən doğrusunu biləndir. Sandığın Fələstin kəndlərindən Əzdərid adında bir kənddə olduğu da rəvayət edilmişdi.

“Bu sizin üçün bir dəlildir” yəni, sizin yanınıza Peyğəmbərliklə gəlməyimdə doğruluğum və Taluta itaət etmənizi əmr etməyim üçün bir dəlildir. “Əgər siz möminsinizsə” yəni, əgər Allaha və Axirət gününə inanırsınızsa, deməkdir.