Allah təala insanlar üçün bu dünyada bəzədilmiş, qadın və oğullardan ibarət müxtəlif növ zövqlərdən xəbər verir. Əvvəl qadınlardan başladı. Çünki ən şiddətli imtahan onlardan olacaq. Necəki, səhih olan hədisdə Rasulullah (səlləllahu aleyhi və səlləm) buyurur: “Özümdən sonra kişilər üçün qadınlardan daha zərərli bir sınaq qoyub getmədim”. Amma onlardan məqsəd iffətini qorumaq və çoxlu övlada sahib olmaqdırsa, bu istənilən və rəğbət edilən bir şeydir. Necəki, evlənməyi və nəsil çoxluğunu təşviq edən hədislər varid olmuşdur. “Şübhəsiz ki, bu ümmətin ən xeyirlisi, qadınları çox olandır. ”Rasulullah (səlləllahualeyhi və səlləm) buyurur: “Dünya əmtəədən ibarətdir, onun ən xeyirli əmtəəsi isə saleh bir qadındır, baxarsa onu sevindirər, əmr edərsə itaət edər, yanında olmayanda qadın özünü və malını qoruyar. Mənə qadınlar və ətirlər sevdirildi. Namaz da gözümün nuru edildi.”
Aişə (radiyAllahuənhə) demişdir: “Rəsulullahın(salləllahualeyhi və səlləm) at xaric, qadınlardan daha çox sevdiyi bir şey yox idi”. Bir rəvayətdə də: “Qadınlar xaric, atdan daha çox sevdiyi bir şey yox idi” deyilmişdir.
Oğul sevgisi də bəzən öyünmək və yaraşıq üçün olur ki, o da bura daxildir. Bəzən də nəsil artırmaq və Muhamməd(səlləllahualeyhi və səlləm) ümmətinin tək və ortağı olmayan Allaha ibadət edən qullarının sayını çoxaltmaq üçün olur ki, bu da təriflənən bir şeydir. Necəki, hədisdə sabit olmuşdur: “Ərlərini sevən və çoxlu övlad dünyaya gətirən qadınlarla evlənin. Çünki mən qiyamət günü sizinlə ümmətlərdən sayca çox olacam.”
Mal sevgisi də bəzən təkəbbürlük, lovğalıq, zəiflərə yuxarıdan aşağı baxmaq və kasıblara qarşı yekəxanalıq üçün olur ki, bu da qınanmış bir şeydir. Bəzən də qohumlarının ehtiyacını təmin etmək, qohum ziyarəti və digər xeyir işləri yerinə yetirmək, xeyir və itaət yollarına sərf etmək üçün olur ki, bu da şəriət baxımından təriflənən və təşəkkür edilən bir haldır.
Təfsirçilər “qantarın” miqdarında ixtilaf etmişdirlər. Qısacası onun çoxlu miqdarda mal olmasıdır. Necəki, Dəhhak və digərləri belə demişlər.“Min dinardır” deyənlər vardır. “Min iki yüz dinardır” deyənlər vardır. “On iki min” deyənlər vardır. “Qırx min” deyənlər vardır. “Altmış min” deyənlər vardır. “Yetmiş min” deyənlər vardır. “Səksən min” deyənlər vardır. Başqa miqdar deyənlər də vardır.
İmam Əhməd demişdir: Bizə Abdussaməd danışdı, bizə Hamməd danışdı, o da Asimdən, o da Əbu Salihdən, o da Əbu Hureyrədən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Qantar on iki min uqiyədir, hər uqiyə göylə yer arasında olandan daha xeyirlidir” – dedi. Bunu İbn Macə də, o da Əbubəkr ibn Əbi Şeybədən, o da Abdussaməd ibn Abdul-Varisdən, o da Həmmad ibn Sələmədən belə rəvayət etmişdir. Bunu İbn Cərir də Bundardan, o da İbn Məhdidən, o da Həmmad ibn Zeyddən, o da Asimdən – o, İbn Bəhdələdir – o da Əbu Salihdən, o da Əbu Hureyrədən məvquf rəvayət kimi danışmışdır. Bu, daha səhihdir. Bunu İbn Cərir də Muaz ibn Cəbəl ilə İbn Ömərdən rəvayət etmişdir. Bunu İbn Əbi Hatim də Əbu Hureyrə ilə Əbud-Dərdadan nəql etmişdir. Onlar demişlər: “Qantar min iki yüz uqiyədir”.
Sonra İbn Cərir demişdir: Mənə Zəkəriyyə ibn Yəhya əd-Darir danışdı, bizə Şəbabə danışdı, bizə Məxləd ibn Abdulvahid danışdı, o da Əli ibn Zeyddən, o da Əta ibn Əbi Məymunədən, o da Zir ibn Hubeyşdən, o da Ubəy ibn Kəbdən rəvayət etdi ki, Rasulullah (səlləllahu aleyhi və səlləm): “Qantar min iki yüz uqiyyədir” – demişdir.
Bu da həmçinin münkər bir hədisdir. Ən yaxşı ehtimala görə Ubəy ibn Kəbin və yaxud başqa bir səhabənin sözü olaraq məvquf olmasıdır. İbn Mərduvəyh, Musa ibn Ubəydə əz-Rabəzidən rəvayət etmişdir, o da Muhamməd ibn İbrahimdən, o da Yuhannəş Əbu Musadan, o da Ummud-Dərdadan, o da Əbu Dərdadan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim Qurandan yüz ayə oxuyarsa, qafillərdən yazılmaz. Kim yüz ilə min ayə arası oxuyarsa, sübh vaxtı Allah qatından bir qantar savab qazanar, hər qantar da böyük dağ kimidir.» Vəki də Musa ibn Ubeyddən bu məna ilə rəvayət etmişdir.
Hakim də «Müstədrək» əsərində demişdir: Bizə Əbul-Abbas Muhamməd ibn Yəqub danışdı, bizə Əhməd ibn İsa ibn Zeyd əl-Ləxmiy Tənnisdə danışdı, bizə Amr ibn Əbi Sələmə danışdı, bizə Zuheyr ibn Muhamməd danışdı, bizə Humeyd Ət-Tavil ilə birgə bir nəfər danışdı ki, Ənəs ibn Malik demişdir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) izzət və cəlal sahibi Allahın “qantar-qantar qızıl-gümüş” kəlamı haqqında soruşdular və o: ”qantar, iki min uqiyyədir” – dedi. Hədis iki şeyxin şərtlərinə uyğun olsa da təxric etməmişdirlər. Hakim də bu cür rəvayət etmişdir. Bunu İbn Əbi Hatim də başqa bir ifadə ilə rəvayət etmiş və demişdir: Bizə Əhməd ibn Əbdurrəhman əl Raqqi danışdı, bizə Amr ibn əbi Sələmə danışdı, bizə Zuheyr yəni, İbn Muhamməd danışdı, bizə Humeyd ət-Tavil ilə birgə başqa bir adam danışdı,, onun adının Yəzid ər-Rəqaşi olduğunu dedi, o da Ənəsdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): ”qantar, min dinardır” – buyurdu. Bunu İbn Mərduyə ilə Təbarani də Abdullah ibn Muhamməd ibn İbrahimdən, o da Amr ibn Əbi Sələmədən oxşar sənədlə bu cür rəvayət etmişdir. İbn Cərir də Həsən Bəsridən mürsəl və məvquf olaraq: “Qantar – min iki yüz dinardır” – dediyini rəvayət etmişdir. Əl-Avfinin İbn Abbasdan rəvayəti də belədir.
Dəhhak demişdir: Ərəblərdən “Qantar min dinardır”, deyənlər vardır. Onlardan “on iki min dinar” deyənlər də vardır. İbn Əbi Hatim demişdir: Bizə atam danışdı, bizə Arim danışdı, o da Həmmaddan, o da Səid əl-Cureyridən, o da Əbu Nadrədən rəvayət etdi ki, Əbu Səid əl-Xudri demişdir: “Qantar öküz dərisi dolu qızıldır”. Əbu Muhamməd demişdir: Onu Muhamməd ibn Musa əl-Həraşi, o da Həmmad ibn Zeyddən mərfu olaraq rəvayət etmişdir. Məvquf olması daha doğrudur.
At sevgisi də üç qismə bölünür. Bəzən sahibləri onları Allah yolunda hazırlamış olar, onlara nə vaxt ehtiyac yaranarsa onların üstündə döyüşə çıxarlar. Bunlar savab qazanarlar. Bəzən də təkəbbür və qürur üçün, müsəlmanlara düşməncəsinə davranmaq üçün bəsləyərlər. Bu da sahibi üçün bəladır. Bəzən də istifadə etmək və ya bala əldə etmək üçün olur. Lakin öz boynunda olan, Allahın haqqını unutmazsa, bu da sahibi üçün örtük olar, ayıblarını örtər. Necə ki, “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın” (Əl-Ənfal, 60) ayəsinin təfsirində bununla əlaqədar olan hədis gələcəkdir.
Ayədə işlədilən «əl-musəvvəməti» ifadəsi haqqında da İbn Abbasdan (radiyallahu anhumə): “Otlağa buraxılmş cins və gözəl atlardır” dediyi rəvayət edilmişdir. Mücahid, İkrimə, Səid ibn Cübeyr, Abdurrahman ibn Əbza, Suddi, Rabi ibn Ənəs, Əbu Sinən və digərlərindən də belə rəvayət edilmişdir. Məkhul da: “Əl-musəvvəməti» alnında ağ ləkəsi olan və çapılası atdır” – demişdir. Başqa cür deyənlər də olmuşdur.
İmam Əhməd demişdir: Bizə Yəhya ibn Səid danışdı, o da Abdul-həmid ibn Cəfərdən, o da Yəzid ibn Əbi Həbibdən, o da Suveyd ibn Qeysdən, o da Muaviyə ibn Hudeyçdən, o da Əbu Zərdən (radiyallahu anhu) rəvayət edir ki, Rəsulullah (salləlllahu aleyhi və səlləm) demişdir: “Harda bir ərəb atı varsa, ona hər səhər iki dua etməyinə icazə verilir, o deyir: “Allahım, sən məni Adəm oğullarının xidmətinə vermisən, məni ona malından və ailəsindən daha çox sevdir, yaxud ailəsinin və malının ən sevdiyi et.”
“Vəl-ənami” «mal-qaranın» deməkdir ki, dəvə, inək, qoyun qəsd edilir.
“Əkin yerləri” yəni, ağac əkmək, əkinçiliklə məşğul olmaq üçün ayrılan yer, deməkdir.
İmam Əhməd demişdir: Bizə Ravh ibn Ubadə danışdı, bizə Əbu Nəamə əl-Adəviy danışdı, o da Müslim ibn Budeyldən, o da İyas ibn Zuheyrdən, o da Suveyd ibn Hubeyrədən rəvayət etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: «Kişinin ən xeyirli malı doğurqan dayça və ya arıtlanmış xurmadı.»
Sonra Allah təala buyurdu: “Bunlar, dünya həyatının keçici zövqüdür” yəni bunlar dünya həyatının parıltısı, müvəqqəti və sona çatacaq zinətidir. “Gözəl qayıdış yeri isə Allah dərgahındadır” yəni ən gözəl yer və savab Allahın yanındadır, deməkdir.
İbn Cərir demişdir: Bizə İbn Humeyd danışdı, bizə Cərir danışdı, o da Ətadan, o da Əbubəkr ibn Hafs ibn Ömər ibn Səddən rəvayət edir ki, Ömər ibn Xəttab (radiyallahu anhu) demişdir: “istək insanların gözünə gözəl göstərilmişdir” ayəsi endikdə: “Ey Rəbbim, indiki vaxt bizim üçün bəzədiyin vaxtdırmı?” – dedim, sonra bu barədə “De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi?” ayəsi endi.
Buna görə də Allah təala De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi?” demişdir. Yəni, ey Muhəmməd, insanlara de ki, sizə bu dünya həyatnın parıltısı, müvəqqəti və sona çatacaq nemətindən daha xeyirlisini xəbər verimmi? Sonra isə bundan xəbər verərək: «Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan Cənnət bağları vardır” buyurdu. Yəni, hər tərəfindən bal, süd, şərab, su və digər çayların axdığı arxlar deməkdir ki, onları gözlər görməmiş, qulaqlar eşitməmiş və heç kimin qəlbinə gəlməmişdir.
“İçində əbədi qalacaqları” Yəni orada sonsuza qədər qalacaq, oradan çıxmaq və yerdəyişmə etmək istəməyəcəklər.
“Pak zövcələr vardır” yəni kirdən, natəmizlikdən narahat edəcək şeylərdən, heyzdən, nifasdan və qadınlarda qüsur olan digər şeylərdən təmiz qadınlar, deməkdir.
“və Allahın rizası vardır” yəni Allah onlardan razı olar, bir daha əbədiyyən onlara qəzəblənməz. Buna görə də Allah təala Bəraət surəsinin başqa bir yerində “Allahın razılığı isə daha böyükdür” (Ət-Tövbə, 72) demişdir ki, onlara verdiyi kəsintisiz nemətlərdən daha böyükdür deməkdir. Sonra Allah təala belə dedi: “Allah qullarını görür”. Yəni hər kəsə haqq etdiyi ehsanı verir, deməkdir.