(1-16 ayələr)
Bir çox təfsir alimləri qeyd edirlər ki, bir gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qureyşin bəzi liderləri ilə söhbət edirdi. Onların müsəlman olmalarını çox istəyirdi. Onlara söhbət edib onları İslama dəvət etdiyi vaxt, hələ əvvəldən müsəlman olmuş İbn Ummu Məktub gəldi və Peyğəmbərə bir sual verdi. O, sualının üstündə israrla dayandı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu əsnada çox ləngiməyib onun orada olan kişi ilə söhbət etməsinə imkan verməsini istədi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmin kişinin hidayət olunmasını istəyir və buna çalışırdı. Bu səbəblə üzünü İbn Ummu Məktuma turşudaraq ondan çevirdi və digərinə tərəf yönəldi. Buna görə də Allah təala ayə nazil edərək buyurdu: “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə; Nə bilirsən, bəlkə də, o təmizlənəcək!” Yəni o, təmizliyə nail olacaq və mənən saflaşacaq. Yaxud öyüd alacaq və öyüd ona fayda verəcək. Yəni öyüd-nəsihət götürərək haramlardan çəkinəcək. “Ehtiyacsız olduğunu hesab edənə gəlincə; Sən ona tərəf çevrilirsən”. Varlıyla isə hidayət olunsun deyə, söhbət edirsən. “Onun təmizlənməməsi sənlik deyil!” Yəni o, təmizlənməzsə, buna görə sən məsuliyyət daşımırsan. Sənin yanına qaçaraq gələn; Və qorxan kimsəyə gəldikdə isə; Yəni hidayət olunması üçün sənə üz tutan, sənin yanına gələnlə isə maraqlanmırsan, ondan üz çevirib başqa şeylə məşğul olursan. Burada Allah təala Öz elçisinə əmr edir ki, xəbərdarlığı təkcə bir nəfərə aid etməsin, əksinə güclü ilə zəif, varlı ilə kasıb, ağa ilə kölə, kişi ilə qadın, böyüklə kiçik arasında heç bir fərq qoymadan hamısına bərabər yanaşsın! Bundan sonra, Allah dilədiyini doğru yola yönəldər. O, sonsuz hikmət, tutarlı hüccət sahibidir. Əbu Yalə öz “Müsnəd”ində deyir: “Muhəmməd ibn Mehdi “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi haqda Ənəsin belə dediyini nəql edir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ubeyy ibn Xələf ilə söhbət edərkən İbn Ummu Məktub onun yanına gəldi. Ancaq Peyğəmbər (salləllahu aleyhi və səlləm) üz çevirdi. İzzət və cəlal sahibi Allah da ayə nazil edərək buyurdu: “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə”. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona qarşı ehtiram göstərirdi.
Qatədə deyir ki, Ənəs ibn Malik mənə belə dedi: “Qadisiyyə günü onu (İbn Ummu Məktumu nəzərdə tutur) əlində qara bayraq zirehinə bürünmüş gördüm. Əbu Yalə və İbn Cərir deyirlər ki, Səid ibn Yəhya əl-Əməvi Aişədən nəql edir ki, “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi İbn Ummu Məktub barəsində nazil olub. O, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib “məni doğru yola çək!” – deyirdi. Həmin ərəfədə isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında müşriklərin sayılıb-seçilən adamlarından bir nəfər var idi. Aişə sözünə davam edərək deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ondan (İbn Ummu Məktumdan) üz çevirib, o birisi ilə maraqlandı və ona “Mənim dediklərimdə pis bir şey görürsən?” – dedi. O isə “Xeyr!” – dedi. Bax “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi bu haqda nazil oldu. Tirmizi bu hədisi oxşar isnadla Səid ibn Yəhya əl-Əməvidən rəvayət etmiş və demişdir: “Bəziləri Hişam ibn Urvadan, o da atasından rəvayət edir ki, “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi İbn Ummu Məktub haqda nazil olub. Lakin Aişənin adı orada qeyd edilmir”. Bu, “əl-Muvatta”da da mövcuddur.
İbn Cərir və İbn Əbu Hatim də Ovfi yolu ilə İbn Abbasdan “Qaşqabağını töküb üzünü çevirdi” – ayəsi haqda rəvayət edərirlər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Utbə ibn Rəbiə, Əbu Cəhl ibn Hişam, Abbas ibn Abdulmuttalib ilə danışardı. Onlara çox diqqət göstərir, iman gətirmələrinə böyük istəklə çalışırdı. Bu əsnada Abdulla ib Ummu Məktub adlı kor bir kişi ona yaxınlaşdı. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) Quranın bir ayəsini oxumağı istədi və dedi: “Ey Allahın elçisi, Allahın sənə öyrətdiklərindən sən də mənə öyrət!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) ondan üz çevirdi, qaşqabağını tökdü və onunla danışmaq istəmədi. Əvəzində isə digərlərinə çevrilib onlarla danışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) söhbətini başa çatdırıb evinə qayıtdıqda Allah təala onun görmə qabiliyyətini olduqca azaltdı. Başı sirkələndi. Sonra Allah bu ayələri nazil etdi: “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə; Nə bilirsən, bəlkə də, o təmizlənəcək! Yaxud öyüd alacaq və öyüd ona fayda verəcək”.
Onun haqda ayə nazil olduqda Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona xoş davrandı, onunla danışaraq dedi: “Eytiyacın varmı? Nə isə bir şey istəyirsənmi?” Onun yanından gedərkən yenə dedi: “Nə isə bir şeyə ehtiyacın varmı?” Bu, Allah təalaın “Ehtiyacsız olduğunu hesab edənə gəlincə; Sən ona tərəf çevrilirsən. Onun təmizlənməməsi sənlik deyil!” – ayələri nazil olarkən baş verdi. Bu hədisdə qəriblik və munkərlik var. Bunun isnadı haqda danışıldı. İbn Əbu Hatim deyir: Əhməd ibn Mənsur ər-Rimadi Abdulla ibn Ömərin rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə eşitdiyini nəql etmişdir: “Bilal gecə ikən əzan oxuyar. İbn Ummu Məktumun əzanını eşidənə kimi yeyin, için!” O, uca Allahın haqqında “Qaşqabağını töküb üzünü çevirdi. Yanına kor gəldi deyə” – ayəsini nazil etdiyi həmin kor kişidir. O, Bilalla yanaşı əzan verirdi. Salim deyir ki, onun gözləri görmürdü. Camaat fəcrin ağartısını görüb ona “qalx əzan ver!” – demədikcə, əzan verməzdi. Urva ibn Zubeyr, Mucahid, Əbu Malik, Qatədə, Dahhak, İbn Zeyd və digər sələf və xələfləri bu ayələrin İbn Ummu Məktub haqda nazil olduğunu qeyd etmişlər. O, Abdulla adı ilə tanınmışdır. Deyilənə görə Ömər də deyilirdi. Ən doğrusunu Allah bilir.
“Xeyr! Həqiqətən, bu bir öyüddür!” Yəni bu surə və ya istər hörmətli, istərsə də sıradan insan olsun, hər kəsə elmi çatdırmaq barədə eyni gözlə baxmaq bir öyüd-nəsihətdir. Qatədə və Suddi “Xeyr! Həqiqətən, bu bir öyüddür!” – ayəsi haqda deyirlər: “Bu Qurandır”. “İstəyən ondan öyüd alar”. Diləyən hər bir işində Allahı xatırlayar. Söhbət vəhydən getdiyi üçün əvəzliyin ona aid olması ehtimal olunur.
“Əzəmətli səhifələrdə; Yüksək, tərtəmiz!” Bu surə və ya öyüd-nəsihət hər ikisi bir-biri ilə bağlıdır. Hətta, bütün Quran dəyərli, möhtərəm, əzəmətli səhifələrdədir. “Yüksək” dəyərə malik, bütün əksiklikdən, artıqlıqdan və çirkinlikdən “tərtəmizdir”. “Elçilərin əlləri ilə!” İbn Abbas, Mucahid, Dahhak və İbn Zeyd onların mələklər olduğunu söyləyirlər. Vahb ibn Munəbbih demişdir: “Onlar Muhəmmədin (salləllahu aleyhi və səlləm) səhabələridirlər”. Qatədə isə onların qarelər olduqlarını söyləmişdir. İbn Cureyc İbn Abbasdan belə rəvayət edir ki, ayədəki ( السفرة — “səfəra” – elçilər) sözü qədim Nəbati dilində qarelər deməkdir. İbn Cərir deyir ki, səhih olan bunun mələklər mənasını daşımasıdır. Yəni mələklər Allah təala ilə məxluqatı arasında elçilərdir. Ona görə də insanlar arasında sülh və əmin-amanlığın yaranmasında vasitəçilik edənlərə səfir, elçi deyilir. Şair deyir ki,
Xalqım arasında səfirliyi tərk etmərəm.
Getsəm də hilə işlədərək getmərəm.
Buxari elçilərin (səfirlər) mələklər olduğunu demiş və eyni kökdən gələn səfir sözünün insanlar arasında sülhün yaranmasında vasitəçilik edən olduğunu bildirmişdir. Onun sözlərinə görə, mələklər Allahın təalalanın vəhyini gətirdikləri üçün, bu gəlişləri bir kütlənin arasında sülh yaradn səfirin vəzifəsinə oxşayır. “Çox dəyərli, çox möhtərəmdirlər”. Yəni yüksək əxlaqlı, gözəl və şərəfli, hərəkətləri mükəmməl, təmizdir. Buradan belə qənaət hasil olur ki, Quranı özündə daşıyan kəslərinhərəkətləri və sözləri doğru və möhkəmdir. İmam Əhməd deyir ki, İsmayılın Aişədən (Allah ondan razı olsun!) nəql etdiynə görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Quranı məharətlə oxuyan çox dəyərli və çox möhtərəm elçilərlə birgədir. Ona çətin olduğu halda onu (Quranı) oxuyana isə iki savab var”. Hədisi Qatədə yolu ilə Camaat rəvayət etmişlər.