Allah Təala: “Sizdən bir camaat çıxsın” deyir. Allahın xeyrə dəvət etmək, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək əmrinin icrası üçün təyin edilmiş bir camaat olsun. “Məhz onlar nicata qovuşanlardır.” Dahhak deyir ki: “Onlar məxsusi səhabələr və rəvayətçilərdi. Yəni, mücahidlər və alimlərdir.”
Əbu Cəfər əl-Baqir demişdir: “Rasulullah (salləllahu aleyhi və səlləm) “içərinizdən xeyrə çağıran bir camaat çıxsın” ayəsini oxudu, sonra da: “Xeyir, Qurana və sünnəmə tabe olmaqdır, dedi.” Bunu İbn Mərduveyh rəvayət etmişdir.
Bu ayənin məqsədi bu ümmətdən bu işlə məşğul olan bir qrup insanın olmasıdır. Əslində bu, ümmətin hər fərdi üçün də şəxsi vəziyyətinə görə vacibdir. Səhih Muslimdə Əbu Hüreyrədən rəvayət olunmuşdu ki, Rasulullah (salləllahu aleyhi və səlləm) demişdi: “Sizdən kim bir pislik görsə, onu əli ilə dəyişsin. Əgər gücü çatmasa dili ilə, buna da gücü çatmasa qəlbi ilə onu dəyişsin. Bu, ən zəif imandır”. Bir rəvayətdə də: “Bunun xaricində imandan xardal dənəsi qədər yoxdur”, deyilmişdir.
İmam Əhməd demişdir: “Bizə Süleyman əl-Haşimi danışdı, bizə İsmail ibn Cəfər xəbər verdi, o da Amr ibn Əbi Amrdan xəbər verdi, o da Abdullah ibn Abdurrahman əl-Əşhəlidən, o da Huzeyfə ibn əl-Yəməndən rəvayət etdi ki, Rasulullah (salləllahu aleyhi və səlləm) demişdi: “Ruhumu əlində tutan Allaha and içirəm ki, ya yaxşılığa əmr edib pislikdən də çəkindirəcəksiniz ya da Allah öz qatından tezliklə sizə əzabını göndərəcək. Sonra da mütləq ona dua edəcəksiniz, amma O, duanızı qəbul etməyəcək.” Bunu Tirmizi ilə İbn Macə də Amr ibn Əbi Amrdan bu şəkildə rəvayət etmişlər. Tirmizi: “Həsəndir” demişdir. Bu mövzuda olan ayələrlə yanaşı, hədislər də çoxdur. Necə ki, yeri gəldikcə onların təfsiri gələcək.
Sonra Allah Təala buyurdu: “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın.” Allah Təala bu ümmətə, keçmiş ümmətlər kimi parçalanmağı, ixtilaf etməyi, yaxşılığı əmr edib pislikdən çəkindirməni tərk etməyi qadağan edir. Bununla da onlara hüccət qaldırır (bəhanələrini kəsəcək sübutları çatdırır).
İmam Əhməd demişdir: “Bizə Əbul-Muğirə danışdı, bizə Safvan danışdı, o da Əzhər ibn Abdullah əl-Həvzənidən, o da Əbu Amir Abdullah ibn Luheydən belə rəvayət etdi: Muaviyə ibn Əbu Sufyanın rəhbərliyi altında həcc etdik. Məkkəyə gəldiyimizdə zöhr namazını qıldığımız vaxt ayağa qalxdı və dedi: “Rasulullah (səlləllahu aleyhi və səlləm) buyurdu: “İki kitab əhli olan yəhudilərlə nəsranilər yetmiş iki firqəyə ayrıldılar. Bu ümmət də, yetmiş üç firqəyə – yəni nəfslərinə uyanlara –ayrılacaqdır. Biri xaric, hamısı cəhənnəmdədir. O da camaat olandı. Mənim ümmətimin içində yanları ilə bu zəlalətlər qaçan dəstələr çıxacaq. Necə ki, bir it öz sahibinin yanında qaçar. Belə ki, bu zəlalətin girmədiyi damar və oynaqları qalmayacaq. Ey Ərəblər, Allaha and içirəm ki, əgər Peyğəmbərinizin (salləllahu aleyhi və səlləm) gətirdiyini siz yerinə yetirməsəniz, başqaları heç yerinə yetirməyəcək.” Bunu Əbu Davud da, Əhməd ibn Hənbəl ilə Muhəmməd ibn Yəhyadan bu şəkildə rəvayət etmişdir. Hər ikisi də Əbul-Muğirədən – onun adı Abdulquddus ibn Həccac əş-Şamidir – rəvayət etmişlər. Bu hədis bir çox yollarla varid olmuşdur.
“O gün üzlər ağaracaq” yəni, qiyamət günündə deməkdir. O vaxt Əhli sünnə vəl camaatın üzü ağ olar, əhli bidət və yolunu azmış firqələrin üzləri isə qapqara olar. Bunu İbn Abbas (radiy Allahu anhumə) demişdir.
“Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?” deyiləcək. Həsən Bəsri: “Bunlar münafıqlərdir” – demişdir.
“Elə isə, küfrünüzə görə dadın əzabı!.” Bu sifət bütün kafirlərə aid edilir.
“Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar.” Yəni, cənnətdə əbədi olaraq qalacaqlar, oradan ayrılmaq istəməyəcəklər. Əbu İsa Tirmizi bu ayənin təfsirində demişdir: “Bizə Əbu Kurəyb danışdı, bizə Vaki danışdı, o da Rəbidən – o, İbn Subayhdir – ilə Həmməd ibn Sələmədən, onlar da Əbu Ğalibdən rəvayət etdi ki, o demişdi: “Əbu Umamə Dəməşq məscidi gedən yolda sancılmış başlar gördü. Əbu Umamə: “Cəhənnəmin itləridir. Göy qübbəsinin altında öldürülənlərin ən pisləridir. Öldürdükləri isə ən xeyirlilərdir.” – dedi. Sonra da: “O gün (neçə-neçə) üzlər ağaracaq,” ayəsini sonuna qədər oxudu. Mən, Əbu Umaməyə: “Bunu Rasulullahdan (salləllahu aleyhi və səlləm) eşitdin?” – dedim. O da: “Əgər bir dəfə və ya iki dəfə və ya üç dəfə və yaxud dörd dəfə – hətta yeddiyə qədər saydı – dediyini eşitməsəydim, sizə danışmazdım” – dedi. Tirmizi sonra da: “Həsən hədisdir” – dedi. Bunu İbn Macə də Sufyan ibn Uyəynədən, o da Əbu Ğalibdən rəvayət etmişdir. Bunu Əhməd də Musnədində Abdurrazzaqdan, o da Mamərdən, o da Əbu Ğalibdən bənzər şəkildə rəvayət etmişdir.
İbn Mərduvəyh bu ayənin təfsirində Əbu Zərdən uzun və çox qəribə bir hədis rəvayət etmişdir.
Sonra Allah Təala buyurdu: “Bunlar Allahın ayələridir. Onları sənə bir həqiqət olaraq oxuyuruq“, yəni bunlar Allahın ayələri, dəlilləri və bəyanıdır, ey Muhəmməd, bunları sənə oxuyuruq, “həqiqət olaraq” yəni dünya və axirətdə həqiqi vəziyyəti açıqlayırıq, deməkdir.
“Allah aləmlərə haqsızlıq etmək istəmir” yəni, zalım deyildir. Əksinə, hökm Ona aiddir. Adildir, haqsızlıq etməz. Çünki Onun hər şeyə gücü çatar, hər şeyi bilir. Bunun üçün yaratdıqlarından heç kimsəyə zülm etməyə ehtiyacı yoxdur.
Bundan ötrüdür ki, Allah Təala: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur” dedi. Yəni, hər şey Onun mülkü və quludur. “axırda işlər Allaha qaytarılacaqdır” yəni, O dünya və axirətdə hökm edən tək hakimdir, deməkdir.