Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”

Rəbbimiz ona anasından bir nəzir olaraq qəbul etdiyini və onu “gözəl bir bitki kimi yetişdirdiyni”xəbər verir. Yəni, ona cəlbedici bir şəkil, qəlbə yatımlı surət verdiyni, ona qəbul etmənin səbəblərini nəsib etdiyini və onu yaxşılara yaxınlaşdırdığını xəbər verir. O, da onlardan elm, xeyir və din öyrəndi. Buna görə də “və kəfələhə Zəkəriyyə”, bir qiraətdə isə «fə» hərfi şəddəli olaraq “və kəffələhə Zəkəriyyə” oxunmuşdur. Zəkəriyyə  sözü məful sayılaraq nasb edilmişdir. Yəni, Zəkəriyyəni ona baxmağa mükəlləf etmişdir.

İbn İshaq demişdir: Buna səbəb Məryəmin yetim olması idi. İsrail övladlarında bir il müddətində qıtlıq baş verdi. Zəkəriyyə də bu vəziyyətdə Məryəmə qulluğu öhdəsinə götürdü. İki görüş arasında uyğunzusluq yoxdur. Allah daha yaxşı bilir. Allah, ona baxması üçün Zəkəriyyəni mükəlləf etdi ki, o xoşbəxt olsun. Bununla da ondan çox faydalı bilik və saleh əməllər öyrənəcəkdi. O, Məryəmin xalasının əri idi. Necə ki, İbn İshaq, İbn Cərir və digərləri bu cür demişlər. Həmçinin, bacısının əridir də deyilmişdir. Necə ki, Buxari Səhihində “Bir də Yəhya və İsa ilə görüşdüm, onlar xala uşaqlarıdır” deyilmişdir. Bəzən də ümumi şəkildə İbn İshaqın dediyi kimi islənir. Buna əsasən xalasının himayəsinə verilmiş olur. Səhihdə belə sabit olmuşdur ki, Rasulullah (səlləllahu aleyhi və səlləm), Həmzənin qızı Umurəni xalasının himayəsinə vermişdi. O da Cəfər ibn Əbu Talibin zövcəsi idi. Rasulullah (səlləllahu aleyhi və səlləm): “Xala ana yerindədir” demişdir.

Sonra Allah Təala, Məryəmin üstünlüyündən və ibadət yerindəki hörmətindən bəhs edib Zəkəriyya hər dəfə onun yanına mehraba  daxil olduqda, onun yanında ruzi olduğunu görərdi.buyurdu. Mücahid, İkrimə, Səid ibn Cubeyr, Əbuşşaşa, İbrahim Nəxai, Dahhak, Qatadə, Rəbi ibn Ənəs, Atiyyə əl-Avfi və Suddi demişdi: «Yəni, yanında qış vaxtı yay meyvəsi, yay vaxtı qış meyvəsi olurdu».

Mücahid də …onun yanında ruzi olduğunu görərdi. barədə: «Elm tapırdı» –demişdi. Yaxud: «İçində elm qeyd olunan səhifələr tapırdı» – demişdi. Bunu İbn Əbu Hatim rəvayət etmişdir. Birincisi daha sağlam rəvayətdir. Burada övliyaların kəramətinə dəlalət vardır. Sünnətdə bunun çoxsaylı bənzərləri vardır. Zəkəriyyə onun yanında bunu gördükdə: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” yəni, haradan gəlir, dedi. (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.”

Hafiz Əbu Yəla demişdir: Bizə Səhl ibn Zəncələ danışdı, bizə Abdullah ibn Salih danışdı, bizə Abdullah ibn Ləhia danışdı, o da Muhamməd ibn Munkədirdən, o da Cabirdən rəvayət etdi ki, Rasulullah (səllallahu aleyhi və səlləm) bir neçə gün bir şey yeməmişdi, çox çətin vəziyyətə düşmüşdü. Zövcələrinin otaqlarını gəzdi, heç birinin yanında bir şey tapmadı. Fatimənin yanına gəlib: “Ey qızım, yanında yeməyə nəsə varmı, mən acam» – dedi. O da: «Xeyr vallahi, atam-anam sənə fəda olsun» – dedi. Rasulullah (səllallahu aleyhi və səlləm) onun yanından çıxdıqda, bir qonşusu Fatiməyə iki lavaş çörəyi ilə bir parça ət göndərdi. Fatimə ondan aldı və onu bir kasaya qoydu və: “Vallahi, bununla Rasulullahı nəfsimdən və yanımdakılardan daha üstün tutacam» – dedi. Hamısı da qarınlarını doyduracaq bir şeyə möhtac idilər. Həsəni və ya Hüseyni Rasulullahın (səllallahu aleyhi və səlləm) yanına göndərdi. O, da qızının yanına qayıtdı. Fatimə ona: “Canım sənə fəda olsun, Allah bəzi şeylər göndərdi, mən də sənin üçün saxladım” – dedi. O, da: “Gətir, qızım” – dedi. Fatimə deyir: «Kasanı ona gətirdim. O açdıqda, ət və çorəklə dolu olduğunu gördü.» Fatimə də ona baxdıqda heyrət etdi və onun Allahdan gələn bir bərəkət olduğunu anladı. Allaha həmd, Nəbisinə salavat gətirdi və onu Rasulullaha (səllallahu aleyhi və səlləm) təqdim etdi. O da gördükdə Allaha həmd etdi və dedi: “Ey qızım, bu səndə haradandı?» O dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.” Sonra Allaha həmd etdi və dedi: «Səni, ey qızım! İsrail oğulları qadınlarının xanımı Məryəmə bənzədən Allaha həmd olsun. Allah ona bir ruzi verdikdə bu barədə soruşulurdu. O da deyirdi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.” Rasulullah (səllallahu aleyhi və səlləm) Əliyə də xəbər göndərdi. Sonra da Rasulullah (səllallahu aleyhi və səlləm), Əli, Fatimə, Həsən, Hüseyn, Rasulullahın (səlləllahu aleyhi və səlləm) bütün zövcələri və bütün əhli beyti doyana qədər yedilər. Fatimə deyir: «Kasa olduğu kimi qaldı. Qalanlarını bütün qonşulara payladım. Allah ona bərəkət və çoxlu xeyir vermişdi.»