İbn Abbas demişdir: “Sayı müəyyən olan günlər təşriq günləridir. Bilinən günlər də on gündür”. İkrimə demişdir: “Allahı müəyyən olan günlərdə yad edin” ayəsində təşriq günlərində fərz namazlarından sonra Allahu Əkbər, Allahu Əkbər deyilən təkbir nəzərdə tutulmuşdur.
İmam Əhməd demişdir: “Bizə Vəki o da Musa İbn Əlidən, o da atasından, o da Ukbə İbn Amirdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Ərəfə günü, qurban günü və təşriq günləri biz müsəlmanların bayramıdır. Bunlar yemək-içmək günləridir.” yenə İmam Əhməd belə demişdir: “Bizə Huşeym, o da Xaliddən, o da Əbu Məlihdən, o da Nubeyşə əl-Huzəlidən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Təşriq günləri yemək, içmək və Allahı zikr etmək günləridir.” Bunu Muslim də rəvayət etmişdir. Cubeyr İbn Mutimin “Bütün Ərafat durma yeridir, bütün təşriq günləri qurban kəsmək günləridir” hədisi yuxarıda qeyd edilmişdir. Əbdurrəhman İbn yamər əl-Diyalinin “Mina günləri üçdür, artıq kim iki gün ərzində geri qayıtsa ona heç bir günah yoxdur. Kim də tamamlayərsa ona da günah yoxdur” hədisi də daha əvvəl qeyd edilmişdir.
İbn Cərir demişdir: “Bizə yaqub İbn İbrahim ilə Xalləd İbn Əsləm, onlar da Huşeymdən, o da Amr İbn əbi Sələmədən o da atasından o da Əbu Hureyrədən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Təşriq günləri yemək, içmək və Allahı zikr etmək günləridir.” Bizə Xalləd İbn Əsləm o da Ravhdan o da Salihdən o da İbn Şihabdan o da Səid İbn Museyyibdən o da Əbu Hureyrədən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Abdullah İbn Huzafəni Minayə göndərərək orada insanlar arasında dolaşıb belə deməsini buyurdu: “Bu günlərdə oruc tutmayın, bunlar yemək, içmək və əziz və cəlil olan Allahı zikr etmək günləridir”. Bizə yaqub o da Huşeymdən o da Sufyan İbn Huseyndən o da Zuhridən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Abdullah İbn Huzafəni göndərdi və o da təşriq günlərində: “Bu günlər yemək, içmək və Allahı zikr etmək günləridir, ancaq qurban cəzasına görə oruc tutanlar xaricdir” – deya car çəkdi. Bu gözəl bir əlavədir, lakin mürsəldir. Huşeym, Abdulməlik İbn əbi Süleymandan, o da Amr İbn Dinardan nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Bişr İbn Suheymi göndərdi və o da təşriq günlərində: “Bu günlər yemək, içmək və Allahı zikr etmək günləridir” – deya elan etdi. Huşeym dedi: İbn əbi Leyladan, o da Ətadan nəql etdi ki, Aişə demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) təşriq günlərində oruc tutmağı qadağan etdi və: “Bunlar yemək, içmək və Allahı zikr etmək günləridir” – dedi.
Muhəmməd İbn İshaq demişdir: Həkim İbn Həkimdən, o da Məsud İbn əl-Hakim əz-Zuraqidən nəql etdi ki, onun anası demişdir: “Mən Əlini Rəsulullahın (salləllahu aleyhi və səlləm) ağ qatırı üzərində sanki indi görürəm. O, gələrək ənsarların toplandığı dağ yolunda durdu və dedi: “Ey insanlar, bu günlər oruc günləri deyil, ancaq yemək, içmək və Allahı zikr etmək günləridir.”
Miqsəmdən nəql olunur ki, İbn Abbas demişdir: “Sayı müəyyən olan günlər təşrik günləridir Onlar dörd gündür: Qurban günü və onun arxasınca gələn üç gün.” İbn Ömər, İbn Zubeyr, Əbu Musa, Əta, Mucahid, İkrimə, Səid İbn Cubeyr, Əbu Malik, İbrahim Nəxai, yəhya İbn əbi Kəsir, Həsən, Qatadə, Suddi, Zuhri, Rəbi İbn Ənəs, Dəhhak, Muqatil İbn Həyyan, Əta əl-Xorasani, Malik İbn Ənəs və digərlərindən də belə rəvayət edilmişdir.
Əli İbn Əbi Talib demişdir: “Onlar üç gündür: Qurban kəsmə və arxasınca davam edən iki gün. İstədiyin zaman qurbanını kəs. Ən fəzilətlisi ilk gündür.” Birinci rəy daha məşhurdur. Ayənin zahiri də onu göstərir, çünki “Kim iki gün ərzində geri qayıtsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz” demiş, kəsim günündən sonra üç gün olduğunu göstərmişdir.
“Sayı müəyyən olan günlərdə Allahı yad edin” aid olanlardan biri də qurbanların üzərində Allahın adını zikr etməkdir. Bu da yuxarıda qeyd edilmişdir. Bu mövzuda tərcih olan Şafinin rahiməhullah məzhəbidir ki, o da qurbanın vaxtını kəsim günündən başlayəraq təşriq günlərinin sonuna qədər davam etməsidir. Bununla əlaqədar olanlardan biri də fərz namazlarının arxasından və bütün hallarda edilən zikrlərdir. Onun vaxtı haqqında alimlərin müxtəlif rəyləri vardır. Aralarında ən məşhuru və əməl ediləni Ərafə günü Sübh namazından başlayən və son təşriq gününün əsr namazına qədər davam edənidir ki, o da son geri qayıdış günüdür. Bu xüsusda Daraqutni tərəfindən rəvayət edilən bir hədis varid olmuşdur. Ancaq mərfu olduğu səhih deyildir. Allah ən doğrusunu biləndir. Ömər İbn Xəttabın (radıyAllahu anhu) öz çadırında təkbir gətirdiyi sabit olmuşdur. Onun təkbirini eşidən bazar camaatı da təkbir gətirərdi. Hətta Mina təkbirdən lərzəya gələrdi.
Bununla əlaqədar olan şeylərdən biri də bütün təşriq günlərində şeytana daş atarkən təkbir demək və Allahı zikr etməkdir. Əbu Davud və digərlərinin rəvayət etdiyi hədisdə belə deyilmişdir: “Beytullahı təvaf, Səfa-Mərva arasında səy və daşları atmaq, izzət və cəlal sahibi Allahın zikrini bərqərar etmək üçün təyin olunmuşdur.”
Allah Təala insanların məşərlərə və vəqfələrə yığışdıqdan sonra həcc mövsümündən müxtəlif iqlim yerlərinə və istiqamətlərə ayrılmaları olan birinci və ikinci dönüşü zikr edərək buyurdu: “Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.” yəni, Qiyamət günü cəm ediləcəksiniz. Necə ki, buyurur: “O ki, sizi yer üzərinə səpələdi, yalnız ona geri dönəcəksiniz.”