Vəki təfsirində Şərikdən, o da Əbu İshaqdan, o da Amr ibn Meymundan rəvayət etmişdir ki, o: “Ayədə keçən xeyir cənnətdir” demişdir. İmam Əhməd demişdir: Bizə Ravh danışdı, bizə Malik danışdı, o da İshaq ibn Abdullah ibn əbu Talhadan, o da Ənəs ibn Malikdən onun belə dediyini eşitmişdir: “Əbu Təlha Mədinədə malı ən çox olan ənsarlardan biri idi. Ən çox sevdiyi malı isə Beyraha xurmalığı idi. Bağ, məscidin qarşısında yerləşirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ora girər və içərisindəki şirin sudan içərdi. Ənəs rəvayət edir ki, “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız” ayəsi nazil olduqda Əbu Təlha: “Ey Allahın Rəsulu, Allah “Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız” buyurur, mənim də ən sevdiyim malım Beyraha baxçasıdır. O, Allah üçün sədəqədir. Allah təalə qatında onun xeyrini və azuqəliyini umuram. Ey Allahın Rəsulu, onu Allahın sənə göstərdiyi yerə qoy” dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: “Bəh –bəh! Bu, qazanclı maldır. Bu, qazanclı maldır.” – dedi.” Belə eşitdim ki, “Onu qohumlarına verməyini məsləhət görürəm” dedi. Əbu Təlha da: “Belə edərəm, ey Allahın Rəsulu” – dedi. Əbu Təlha onu qohumları və əmisi uşaqları arasında bölüşdürdü.” Bunu Buxari ilə Müslim təxric etmişlər.
İki Səhihdə Ömər (radiyallahu anhu) demişdir: “Ey Allahın Rəsulu, Xeybərdəki payımdan daha gözəl malım yoxdur, bu haqda nə əmr edirsən?” O da: “Əsli səndə qalsın, gəlirini xeyriyyə et” dedi.
Hafiz Əbu Bəkir əl-Bəzzar demişdir: Bizə Əbul Xattab Ziyad ibn Yəhya əl-Hassani danışdı, bizə Yəzid ibn Harun danışdı, bizə Muhamməd ibn Əmr danışdı, o da Abu Amr ibn Hamasdan, o da Həmzə ibn Abdullah ibn Ömərdən rəvayət edir ki, Abdullah demişdir: Bu, “Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayacaqsınız” ayəsi yadıma düşdü və Allahın mənə verdiklərini xatırladım. Rumlu kölə qızdan daha çox sevdiyim nəsə tapa bilmədim. Dedim: “O, Allahın üzü xətrinə azaddır!” Əgər əlimdən çıxan şeyi geri qaytarası olsaydım, onunla nikahlanardım. Yəni, evlənərdim.”