Allah təala buyurur: “Sizlərdən kimsə imkanı olmadığına görə” yəni, imkanı və taqəti olmasa “namuslu mömin qadınlarla evlənə bilmirsə” yəni, azad və iffətli mömin qadınlarla deməkdir. İbn Vəhb demişdir: Mənə Abdul-Cəbbar xəbər verdi, o da Rabiədən, o dedi: «Bu ayədə keçən “tavlən” kəlməsi istək mənasındadır. Yəni, əgər cariyəyə istəyi olarsa onunla evlənə bilər.» Bunu İbn Cərir ilə İbn əbu Hatim rəvayət etmişdir.
Sonra Allah bu kəlamını cavablandıraraq buyurur. “Onda sağ əlləri sahib olduğu mömin kənizlərdən alsın” yəni, möminlərin sahib olduğu imanlı cariyələrlə evlənin, deməkdir. Buna görə də “mömin cariyələrinizdən” demişdir.
İbn Abbas və başqaları demişlər: «Möminlərin cariyələri ilə evlənsin.» Suddi ilə Muqatil ibn Həyyan da bu cür demişlər.
Sonra Allah təala: “Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz” deyə etiraz etdi. Yəni, O, işlərin gerçəyini və sirlərini bilir. Bu minvalla ey insanlar, siz yalnız işlərin görünən qisminə cavabdehsiniz, deməkdir. Sonra buyurdu: “onlarla sahiblərinin icazəsi ilə evlənin.” Bu da onu göstərir ki, sahibi cariyənin vəlisidir, yalnız onun izni ilə evlənər. O eyni zamanda köləsinin də vəlisidir. Onun izni olmadan evlənməz. Hədisdə deyildiyi kimi: «Sahibinin izni olmadan evlənən kölə zina etmiş olar». Əgər cariyənin sahibi qadın olarsa, onu qadını evləndirən evləndirər. Çünki hədisdə deyilir: «Qadın nə qadını, nə də özü-özünü evləndirə bilməz. Özü başına evlənən qadın zinakardır.»
“Mehrlərini yaxşı şəkildə verin” yəni, onlara mehrlərini könül xoşluğu ilə verin. Kölə qismindən olduqlarına görə onları aşağı görərək mehrlərindən kəsməyin.
“Muhsanatin” bu da zinadan uzaq olan və belə bir əməli etməyən iffətli qadınlar, mənasındadır. Buna görə “zina etməyən” demişdir. «Musəfihət» zina istəyənə mane olmayan qadınlardır.
“Aşna saxlamayan” kəlamı barədə İbn Abbas demişdir: «Açıq-aydın zina etməyənlərdir, o qadınlar özləri ilə zina etmək istəyənlərə mane olmazlar».
“Muttəxizatu əxdəni” dostlar mənasındadır. Əbu Hureyrə, Mucahid, Şəbi, Dəhhak, Əta əl-Xorasani, Yəhyə ibn əbi Kəsir, Muqatil ibn Həyyan və Suddi demişlər: «Əxdən» dostlar mənasındadır. Həsən Bəsri: Yəni dost, demişdir. Dəhhak demişdir: «Tək dostu olan və onu qəbul edən», Allah bunu qadağan etmişdir. Yəni, o halda onunla evlənməyi qadağan etmişdir.
“Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər”. Qarilər “uhsinnə” kəlməsinin oxunuşunda ixtilaf etmişlər. Bəziləri həmzəni dammə və “sad” hərfini kəsrə ilə faili bildirilməyən fel formasında oxumuşlar. Yəni “uhsinnə”. Bəziləri də həmzəni və “sad” hərfini fəthi ilə “lazım fel” olaraq oxumuşlar. Sonra iki qiraətin mənasının eyni olduğu deyilmişdir. Burada da iki ixtilaf vardır:
Birinci: Burada “ihsan” sözü ilə məqsəd İslamdır. Bu, Abdullah ibn Məsud, İbn Ömər, Ənəs, Əsvəd ibn Yəzid, Zir ibn Hubeyş, Səid ibn Cubeyr, Əta, İbrahim Nəxai, Şəbi və Suddidən rəvayət edilmişdir. Zuhri də eynisini Ömər ibn Xəttabdan rəvayət etmişdir. Sənədində qırıqlıq var. Rəbinin rəvayətində Şafii (rahiməhullah) bunu gətirmiş və demişdir: “Bunu, Sünnəyə və bir çox elm adamlarının icmasına əsaslanaraq söylədik”.
İbn əbu Hatim bu xüsusda mərfu bir hədis rəvayət edərək demişdir: Bizə Əli ibn Hüseyn ibn Cuneyd danışdı, bizə Əhməd ibn Əbdurrəhman ibn Abdullah əd-Diməşqi danışdı, bizə atam danışdı, o da atasından, o da Əbu Həmzədən, o da Cabirdən, o da bir adamdan, o da Əbu Abdurrəhmandan, o da Əlidən, o dedi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) ayədə keçən “fə izə uhsinnə” sözü barədə buyurdu: “Onun “ihsanı” onun İslamı və iffətidir”.
O: “Burada həmin sözlə “evlənmək” nəzərdə tutulur” – demişdir. O demişdir: Əli dedi: “Onlara qamçı vurun.” Sonra İbn əbu Hatim demişdir: “Bu munkər bir hədisdir”.
Mən də deyirəm: “Sənədində zəiflik var. Rəvayətçilərdən birinin adı çəkilməyib. Belə hədis dəlil sayıla bilməz”.
Qasım ilə Səlim demişlər: “Onun ihsanı İslamı və iffətidir”.
Burada məqsəd “evlilikdi” deyənlər də olmuşdur. Bu da İbn Abbas, Mucahid, İkrimə, Tavus, Səid ibn Cubeyr, Həsən, Qatadə və digərlərinin görüşüdür. Bunu Əbu Əli ət-Təbəri də “əl-İdah” kitabında Şəfiidən nəql etmişdir. Bunu da Əbu Həkəm ibn Abdulhəkəm ondan rəvayət etmişdir. Leys ibn Əbu Suleym də, Mucahidin belə dediyini rəvayət etmişdir: “Kənizin ihsanı, onu azad bir kişinin almasıdır. Kölənin ihsanı, onun azad qadınla evlənməsidi.” İbn əbu Talha da, İbn Abbasdan bu cür rəvayət etmişdir. Hər iki rəvayəti İbn Cərir öz təfsirində nəql etmişdir. İbn əbu Hatim də bunu Şəbidən və Nəxaidən qeyd etmişdir.
İki qiraətin mənası fərqlidir, deyənlər də vardır. Məsələn, kim onu damməli həmzə ilə oxusa, yəni “uhsinnə”, məqsəd evlilikdi. Kim də onu fəthə ilə “əhsannə” oxumuşsa, məqsəd İslamdır. Əbu Cəfər Təbəri öz təfsirində sonuncunu seçərək buna qərar vermiş və dəstəkləmişdi.
Görünən budur ki, Allah doğrusunu bilir, burada ihsan sözü ilə qəsd edilən evlilikdi. Çünki ayənin ahəngi onu göstərir. Pak və uca Allah buyurur: “namuslu mömin qadınlarla evlənə bilmirsə onda sağ əlləri sahib olduğu mömin kənizlərdən alsın”. Allah ən doğrusunu biləndir. Ayənin bütün məzmunu imanlı cariyələr haqqındadır. Buradan da ihsan sözünün evlilik mənasını daşıması meydana çıxır. Necə ki, İbn Abbas və ona tabe olanlar bu cür təfsir etmişlər.
Cumhurun rəyinə görə hər iki görüşdə ziddiyyətlər vardır. Çünki onlar demişlər: “Cariyə zina etdiyi zaman, onun müsəlman, kafir, evli və ya bakirə olması nəzərə alınmayaraq əlli qamçı vurulur. Üstəlik ayənin mənası tələb edir ki, evli olmayan cariyələr zina etdikdə onlara hədd cəzası verilməsin. Buna verdikləri cavablar fərqlidir. Cumhur demişdir: “Şübhə yoxdur ki, ifadə edilən söz fəhmdən öndədir. Cariyələrə cəzanın tətbiq edilməsi barəsində ümumi hədislər varid olmuşdur. Biz də bunları ayənin məfhumundan önə çəkdik. Belə hədislərdən bəziləri:
Səhih Muslimdə Əlidən (radiyallahu ənh) xütbə zamanı belə dediyi rəvayət edilmişdir: “Ey insanlar kölələrinizdən evli olana da, olmayana da hədd cəzası verin. Çünki Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir cariyəsi zina etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) da onu şallaqlamağı mənə əmr etdi. O təzə doğmuşdu. Qorxdum ki, şallaqlasam öldürərəm. Bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verdim. O dedi: “Düz etdin, ayağa qalxana qədər ona dəymə”. Abdullah ibn Əhmədin atasından deyil, başqasından olan rəvayəti isə belədir: “Nifasından qalxan kimi ona əlli şallaq vur.”
Əbu Hureyrə isə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Birinizin cariyəsi zina edərsə və aşkara çıxarsa, onu hədd cəzası olaraq şallaq vursun, onu biabır etməsin. İkinci dəfə zina etsə onu hədd cəzası olaraq şallaqlasın və biabır etməsin. Sonra üçüncü dəfə zina etsə və bu aşkara çıxsa, onu tükdən hörülmüş ipə (dəyişməli olsa) belə, satsın.” Muslimin bir rəvayəti belədir: “Üç dəfə zina etsə, dördüncüdə onu satsın”.
Məlik dedi: Yəhya ibn Səiddən, o da Suleyman ibn Yasərdən, o da Abdullah ibn Əyyaş ibn əl-Rabiə əl-Maxzumidən, o dedi: “Ömər ibn Xəttab mənə Qureyşin zina edən kölələri barəsində əmr verdi. Biz də zinaya görə kənizlərin uşaqlarına əlli qamçı vurduq”.
İkinci cavab: Bu da: “Cariyə evli olmadığı halda zina edərsə, ona cəza yoxdur. Yalnız tərbiyə üçün çubuq vurulur” – rəyində olanların cavabıdır. Bu da Abdullah ibn Abbasdan (radiyallahu ənh) rəvayət edilmişdir. Tavus, Səid ibn Cubeyr, Əbu Ubeyd Qasım ibn Səlləm, Davud ibn Əli əz-Zahiri də bir rəvayətində belə demişdir. Əsasları da, ayənin məfhumudur. Bu da şərtin bildirdiyi məfhumlardan biridir. Onların əksərinə görə bu, dəlil sayılır. Onlara görə bu, ümumi mənadan öndədir.
Əbu Hureyrə ilə Zeyd ibn Xaliddən (radiyallahu ənhumə) bu cür rəvayət edilmişdi: Rəsulullahdan (salləllahu aleyhi və səlləm): “Evli olmayan cariyə zina edərsə, nə edilir?” – deyə soruşduqda, o dedi: “Əgər zina edərsə, onu cəzalandırın. Sonra yenə zina edərsə ona qamçı vurun. Sonra da bir hörmə ipə olsa belə, satın.” İbn Şihab demişdir: “Üçüncüdən yoxsa dördüncüdən sonra dediyini bilmirəm”. Bunu iki Səhihdə təxric etmişlər. Muslimin rəvayətində İbn Şihab demişdir: “Hörmə, tükdən hörülmüş ipdir”.
Onlar demişlər: “Bu hədisdə, azad evli qadında olduğu kimi vaxt sayı təyin edilmədi. Necə ki, Quranda evli qadınlara verilən cəzanın yarısı, deyilmişdir. Ona görə ayə ilə hədisi birləşdirmək lazımdır. Allah ən doğrusunu biləndir.
Bundan daha aydın olanı Səid ibn Mənsurun rəvayət etdiyidir: Sufyandan, o da Misardan, o da Amr ibn Murrədən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Cariyə iffətini qazanana qədər yaxud evlənənə qədər ona cəza yoxdur. Əgər evlənib iffətini qazanarsa, ona azad qadına verilən cəzanın yarısı vardır.” Bunu İbn Xuzeymə, o da Abdullah ibn İmran əl- Abididən, o da Sufyandan mərfu olaraq rəvayət etmişdir. O demişdir: “Bunu mərfu saymaq xətadır. Bu yalnız İbn Abbasın sözüdür.” Bunu Beyhaqi də Abdullah ibn İmrandan rəvayət etmiş və İbn Xuzeymənin dediyi kimi demişdir.
Onlar demişlər: Əli ilə Ömərin hədisləri müəyyən fərdə bağlı hökmlərdi. Əbu Hureyrənin hədisinə də bir neçə cavab var:
Birincisi: Bu, o hədislə bu hədisi birləşdirmək üçün evli cariyəyə aid edilir.
İkincisi: “Ona şallaq cəzası vur” cümləsindəki cəza sözü bəzi rəvayətçilər tərəfindən əlavə edilmişdi ki, dəlili də üçüncü cavabdır: Bu, iki səhabədən gələn bir hədisdir, o isə yalnız Əbu Hureyrənin rəvayətindəndir. İki nəfərdən gələn isə bir nəfərdən gələndən üstün sayılır. Bir də ki, bunu Nəsai də Muslimin şərtinə görə rəvayət etmişdir. Onu Abbad ibn Təmimdən, o da əmisindən – o, Bədirdə iştirak etmişdir –nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər cariyə zina etsə, ona şallaq vurun. Sonra yenə etsə, yenə şallaq vurun. Sonra yenə etsə, şallaq vurun. Sonra yenə zina etsə, bir tük hörüyünə olsa belə satın”.
Dördüncüsü: Bəzi rəvayətçilərin cəza sözünü şallaq yerinə istifadə etmələri həqiqətdən uzaq deyildir. Çünki şallaq deyərkən bunu cəza mənasında anlamış yaxud “cəza” sözünü “tərbiyə etmək” mənasında istifadə etmişdir. Necə ki, “cəza” (ərəbcə hədd) sözü, xəstə olarkən zina edənləri yüz salxımı olan xurmanın budağı ilə döyməyə və zövcəsi icazə verdiyi üçün onun cariyəsi ilə zina edəni şallaqlamağa deyilmişdir. Əslində bu, Əhməd və digər bunu icazəli görənlər üçün tənbeh və tərbiyədir. Həqiqi cəza isə subaya vurulan yüz şallaq və evliyə yaxud lut qövmünün əməlini edənə verilən daşqalaq hökmüdür. Allah ən doğrusunu biləndir.
İbn Cərir öz təfsirində demişdir: “Bizə İbn Musənnə danışdı, bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Amr ibn Murrədən, o da Səid ibn Cubeyrdən onun belə dediyini eşitmişdir: “Cariyə zina edərsə, nə qədər ki, evli deyil döyülməz”.
Bu onun rəvayət etdiyi səhih bir sənəddir. Əgər nəinki cəza olaraq, ümumən döyülməz fikrini qəsd edirsə, qərib bir görüşdür. Sanki o ayənin məfhumunu götürübdü. Hədis isə ona çatmayıbdı. Əgər cəza olaraq döyülməz fikrini dəstəkləməklə yanaşı, tərbiyə üçün döyülməsi fikrinə etiraz etmirsə, o zaman İbn Abbas (radiyallahu ənh) və bu görüşdə ona tabe olanlar kimi danışmış olar. Allah ən doğrusunu biləndir.
Üçüncü cavab: Ayə evli cariyənin azad qadının yarı cəzası qədər cəza çəkəcəyini göstərir. Amma evlənmədən əvvəl Kitab və Sünnənin ümumi ifadələri ona yüz şallaq vurmağına dəlalət edir; məsələn, “Zina edən qadın və zina edən kişiyə yüz şallaq vurun” (ən-Nur, 2) ilə, Ubadə ibn Samitin hədisində “Məndən alın, məndən alın, Allah o qadınlara yol göstərdi; subay subay ilə zina edərsə yüz şallaq və bir il sürgün, evli evli ilə zina edərsə yüz şallaq və daşla rəcm” deyildiyi kimi. Bu xüsusda Səhih Muslimdə və digərlərində hədislər vardır.
Bu görüş Davud ibn Əli əs-Zahiridən məşhurdur. Bu çox zəifdir. Çünki Allah evli cariyəyə azad olanın yarı cəzasını verərkən, belə ki, bu əlli şallaqdır, evlənmədən əvvəl olan hökmü ondan necə ağır ola bilər? Şəriət qaydası isə onun dediyinin əksini deyir. Səhabələr Rəsulullahdan (salləllahu aleyhi və səlləm) evli olmayan cariyə barəsində soruşanda, o: “Ona şallaq vurun” – dedi. Yüz sözü işlətmədi. Əgər onun hökmü Davudun dediyi kimi olsa idi, onlara bunu açıqlamalı idi. Çünki onlar bu haqda, cariyələr evləndikdən sonra, onlar barəsində yüz şallaq hökmünün bəyan edilmədiyi üçün soruşdular. O halda “evli olmayan” sözlərinin nə mənası olardı? Ayə nazil olmasa idi, aralarında fərq olmazdı. Yalnız iki hökmdən birini bildiklərinə görə digəri barəsində soruşdular, o da onlara izah etdi. Necə ki, iki Səhihdə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) ona nə cür salavat demək barədə soruşduqda onlara bunu bildirdikdən sonra dedi: “Salam da bildiyiniz kimidir”. Bir ifadədə belədir: Allah təala “Ey iman gətirənlər! Siz də ona salavat gətirin və ədəb-ərkanla salamlayın” ayəsini nazil etdikdə əshabələr dedilər: “Bu sənə salamdır, onu bizə öyrətdin, bəs sənə salavatı necə gətirək?” O da hədisdə keçdiyi kimi söylədi. Bu sual da onun kimidir.
Dördüncü cavab: Ayənin məfhumu barədə, Əbu Səvrin verdiyi cavabdır ki, bu da bir neçə yöndən Davudun görüşündən də qəribədir. O deyir: “Əgər evli olsalar, evlilərə verilən rəcmin yarısı verilər”. O isə, ikiyə bölünməz. Bu o deməkdir ki, əgər evli cariyə zina etsə, rəcm edilməsi vacibdir. Evlilikdən əvvəl isə, əlli şallaq vurular. O, ayəni səhv anlamış və hökm verməkdə cumhurun rəyinə müxalif olmuşdur. Hətta Əbu Abdullah əş-Şəfii (rəhmətullahi aleyh) demişdir: “Müsəlmanlar zinada kölə üçün rəcm olmadığında icma etdilər”. Çünki ayə onlara azad qadına verilən cəzanın yarısını verməyi əmr edir. Burada “əl muhsənət” kəlməsinin əvvəlindəki “əl” qoşması, əhd üçündür. Onlar “namuslu mömin qadınlarla evlənə bilmirsə” ayəsinin əvvəlində keçən namuslu qadınlardır. Bunlardan murad edilən yalnız azad qadınlardır, evli olub olmamasından asılı olmayaraq. “Azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər” bu da ikiyə bölünə biləcək cəzadır ki, o da şallaqdır, rəcm deyildir. Allah ən doğrusunu biləndir.
İmam Əhməd, Əbu Səvrinin görüşünü rədd edərkən, Həsən ibn Səddən, o da atasından bu cür rəvayət etmişdir: “Safiyyə, Qureyşin irəlidə olan kişilərindən biri ilə zina etdi, ondan bir oğlan uşağı oldu. Zina etdiyi kişi uşağı ona qalmasını iddia etdi. Bunlar şikayət üçün Osmanın yanına getdilər. O da onları Əli ibn Əbu Talibin yanına göndərdi. Əli dedi: “Aranızda Rəsulullahın (salləllahu aleyhi və səlləm) verdiyi hökm ilə qərar verəcəyəm. O: “Uşaq kimin yatağında doğulubsa, onundur. Zina edənə daşqalaq vardır” – dedi və onların hərəsinə əlli şallaq vurdu”.
Belə də deyilmişdir: Ayədən başa düşülən, yuxarı vasitəsi ilə aşağıya diqqət çəkməkdir. Yəni, cariyələrə evli olsalar da, azad qadınların yarı cəzası verilməlidi və onlara heç bir halda evlənməkdən əvvəl yaxud sonra olsa belə, rəcm yoxdur. Onlara Sünnəyə görə hər iki halda şallaq vurulur. Bunu da “əl-İfsah” kitabının müəllifi Şafidən nəql etmişdir. Bunu da İbn Abdul-Həkəm ondan rəvayət etmişdir. Bunu əl-Beyhaqi “Sünən və Əsərlər” kitabında zikr etmişdir ki, ayənin mətnindən uzaqdır. Çünki biz cəzanın yarısının olmasını ayədən öyrənirik, başqa yerdən deyil. Başqa yerlərdə yarısı olacağı necə bilinir? O demişdir: “Hətta ondan başa düşülür ki, evlilik halında ona cəzanı yalnız ölkə başçısı tətbiq edə bilər, bu halda sahibinin ona cəza verməyə haqqı yoxdur. – Bu, imam Əhmədin (rahiməhullah) məzhəbinin bir rəyidir – Evlilikdən əvvəl isə, edə bilər. Cəza hər iki yerdə azad qadının yarısıdır”. Bu da uzaqdır. Çünki ayənin sözlərində buna dəlil sayılacaq bir şey yoxdur. Əgər bu olmasa idi, cariyələr barədə yarım hökmünün nə olduğunu bilməzdik və o zaman onları ayənin ümumi mənasına daxil edərək cəzanı yüzə tamamlamaq və ya rəcm etmək vacib olardı. Necə ki, ondakı dəlillə belə sabit olmuşdur. Əlinin yuxarıda belə dediyi keçmişdir: “Ey insanlar, kölələrinizə, evli olub olmamasından asılı olmayaraq, zina etdikləri halda cəza tətbiq edin”. Yuxarıda keçən hədislərin ümumi ifadəsində isə evli olub olmamalarına dair açıqlama yoxdur. Çünki cumhurun dəlil olaraq irəli sürdüyü Əbu Hureyrənin hədisində deyilmişdir: “Birinizin cariyəsi zina etsə və zinası sübutunu tapsa, ona şallaq vursun və onu təhqir etməsin”.
Ayənin xülasəsi belədir: Cariyə zina etdiyi halda bir neçə görüş vardır: Birincisi, evlilikdən əvvəl və ya sonra əlli şallaq vurulur. Sürgün edilirmi? Bunda üç görüş vardır: Birincisi, göndərilir. İkincisi, heç bir şəkildə göndərilmir. Bu, Əlinin və Mədinə fəqihlərinin rəyidir. Üçüncü: Altı aylıq sürgünə göndərilir. O da azad qadının sürgün edilməsinin yarısıdır. Bu ixtilaf Şəfii məzhəbinə görədir. Əbu Hənifəyə görə sürgün tərbiyədir, cəzanı tamamlayan ünsür deyil. O, başçının ixtiyarındadır, istəsə edər, istəsə tərk edər. Bu, qadın və kişi üçün eynidir. İmam Məlikə görə sürgün yalnız kişilərə aiddir. Çünki bu qadınların qorunmasına ziddir. Kişilərin və qadınların sürgünü haqqında heç nə varid olmamışdır. Bəli, Ubadə və Əbu Hureyrənin hədisi vardır ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) evli olmadan zina edəni bir il sürgünə göndərilməsi və ona şallaq vurulması şəklində hökm vermişdi. Bunu Buxari rəvayət etmişdir. Bu da mənanın xüsusiyyətidir, sürgündə məqsəd qorunmaqdır. Bu isə qadın üçün müzakirə mövzusu deyil. Allah ən doğrusunu biləndir.
İkincisi: Cariyə zina etdiyi zaman evli olsa, əlli şallaq vurulur. Amma evlilikdən əvvəl tərbiyə məqsədi ilə, müəyyən say təyin edilmədən döyülür. İbn Cəririn yuxarıda Səid ibn Cubeyrdən rəvayət etdiyinə görə evli deyilsə, şallaq vurulmaz. Əgər onu sürgünə göndərmək istəsə, o zaman bu, yozumu bir görüş sayılacaq. Əks halda ikinci görüş kimidir.
Digər görüş belədir: Subay olsa ona yüz, evli olsa əlli şallaq vurulur. Davuddan məşhur olan görüş budur. Görüşlərin ən zəifi də budur. Ona evlənməkdən əvvəl əlli şallaq vurulur, evli isə rəcm edilir. Bu da Əbu Səvrin görüşüdür ki, bu da həmçinin zəifdir. Bütün qüsurlardan uzaq Allah ən doğrusunu biləndir.
“Sıxıntıya düşməkdən qorxanlarınız üçündür” yəni, cariyələrlə evlənmək keçən şərtlərlə, kim zinaya düşməsinə görə qorxursa, cinsi əlaqədə olmamağa səbir etmək ona çətin gəlirsə və bütün bu səbəblərə görə əziyyət çəkirsə, onun üçün mübah (icazəli) sayılır. Əgər onunla evlənməyi tərk edib, zina etməməkdə nəfsi ilə cihad edərsə, bu onun üçün daha xeyirlidir. Çünki cariyə ilə evlənsə, cariyənin uşaqları onun sahibinin köləsi olar. Əgər ər ərəb olsa, uşaq kölə olmaz. Şəfiinin köhnə görüşü belədir. Buna görə “Amma səbirli olsanız, bu sizin üçün daha yaxşı olar” deyilmişdir. Cumhur alimlər bu kərim ayəni dəlil gətirərək cariyələr ilə evlənməyi icazəli hesab etmişlər. Lakin bunun üçün azad qadınla evlənməyə imkanın çatmaması və sıxıntı qorxusunun olması labüddür. Çünki onlarla evlənilirsə, övladların kölə olmaq təhlükəsi vardır. Həmçinin azad qadınları qoyub cariyələrə getmək adiləşər. Əbu Hənifə ilə dostları bu iki işin şərt olmasında cumhura müxalif olmuşlar. Onlar demişlər: Azad qadınla evli olmayan kişi, istənilən mömin kölə və kitab əhli sayılan qadınla evlənə bilər. Bunu azad qadınla evlənmə imkanı olub olmamasından və çətinliyə düşməkdən qorxub qorxmamasından asılı olmayaraq edə bilər. Onların dəlili bu ayədir: “İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır” (əl-Maidə, 5). Ayədəki “namuslu qadınlar” ifadəsi, azad və cariyə qadınları özündə cəm edir. Bu ümumi ayədir. Bu eyni zamanda cumhurun dediyini də açıq-aydın göstərir. Allah ən doğrusunu biləndir.