Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır.

Allah Təala iman gətirdikdən sonra kafir olub, sonra da küfründə davam edənləri, yəni, ölənə qədər o əməli işləyənləri xəbərdarlıq edərək və ölüm halında tövbələrini qəbul etməyəcəyini bildirərək belə demişdir. Başqa yerlərdə də belə demişdir: Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.” (Nisə 18)  Buna görə də burada da belə demişdir, “o kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır.” Yəni, onlar haqq yoldan azğınlıq yoluna çıxmış kəslərdir.

Hafiz Əbu Bəkr əl-Bəzzar demişdir: Bizə Muhamməd ibn Abdullah ibn Bəzi danışdı, bizə Yəzid ibn Zurəy danışdı, bizə İbn Əbu Hind danışdı, o da İkrimədən, o da  İbn Abbasdan rəvayət etdi ki, bir qrup insan müsəlman oldu. Sonra dindən döndülər. Sonra yenidən müsəlman oldular. Sonra yenə dindən döndülər. Qövmlərinə xəbər göndərib onlardan soruşdular. Onlar da bunu Rəsulullaha (səlləllahu aleyhi və səlləm) çatdırdılar. Bu hadisəyə görə ayə nazil oldu: Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq”. Belə rəvayət etmişdir. Sənədi də yaxşıdır.

Sonra Allah Təala buyurdu: Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır” yəni, kim küfr əməl üzərində ölərsə etdiyi xeyir əbədiyyən qəbul edilməyəcək. İstəyir öz fikrinə görə yaxın olmasını umaraq dünya dolusu qızıl xərcləsin. Necə ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Abdullah ibn Cudan barədə soruşub dedilər: “O, qonaqları o qəbul edər, çətinlikdə olana kömək edər və yemək verərdi. Ona bu əməlləri fayda verəcəkmi?” Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Xeyr, çünki o, heç bir gün: “Rəbbim, din günündə günahımı bağışla” demədi.”

Eyni şəkildə, yer dolusu qızıl fidyə versə də bu belədir. Necə ki, Allah Təala belə demişdir: heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək” (Əl-Bəqərə: 123) O buyurur: Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün“ (əl-Bəqərə: 254) Başqa ayədə buyurur: alış-verişin və dostluğun olmayacağı bir gün “ (İbrahim: 31). O demişdir: Əgər yer üzündə olan hər şey, üs-təlik bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün üzücü bir əzab hazırlanmışdır.” (Maidə: 36) Bu səbəbdən Allah Təala burada: Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır” demiş və “fidyə versə belə” cümləsini birinciyə bağlamışdır. Bu da hər ikisinin ayrı-ayrı şeylər olduğunu göstərməkdədir. Bizim dediyimiz, “vav” hərfinin artıq olduğunu deməkdən daha gözəldir. Allah daha yaxşı bilir. Bu ayəyə əsasən, istəyərsə yer dolusu qızıl xərcləsin, istəyərsə nəfsi üçün Allaha yer dolusu dağlarının, təpələrinin, torpağının, yaylasının, səhrasının, qurusunun və dənizinin ağırlığı qədər qızıl versin, bunlar onu Allahın əzabından xilas edə bilməyəcək.

İmam Əhməd demişdir: Bizə Həccac danışdı, mənə Şubə danışdı, o da Əbu İmran əl-Cəvnidən, o da Ənəs ibn Malikdən rəvayət etdi ki, Rasulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qiyamət günündə cəhənnəmliklərdən birinə: “Dünyadakı hər şey sənin olsa, onu fidyə olaraq verərdinmi?” deyilir. O da: “Bəli” deyir. Allah Təala da: Səndən bundan daha yüngülü istəndi. Səndən atan Adəmin belində olduğun vaxtı Mənə şərik qoşmamanı əhd aldım. Sən isə şərik qoşmaqdan başqa bir şey istəmədin” deyilir.” Bunu Buxari və Muslim bu şəkildə təxric etmişlər.

Başqa bir yol: İmam Əhməd demişdir: Bizə Rəvh danışdı, bizə Həmməd danışdı, o da Sabitdən, o da Ənəsdən rəvayət etdi ki, Rasulullah (səlləllahu aleyhi və səlləm) demişdir: “Cənnətliklərdən biri gətirilər və ona: “Ey Adəm oğlu, yerin necədir?” deyilər. O da: “Ey Rəbbim, ən xeyirli yerdir” deyər. O da: “İstə və dilədiyini arzula” deyər. Adam: “Səndən məni dünyaya on dəfə göndərməni və öldürülməmi istəyirəm və diləyirəm” deyər. Ona görə ki, şəhidliyin fəzilətini görmüşdür. Cəhənnəmliklərdən də biri gətirilər və ona: “Ey Adəm oğlu, yerin necədir?” deyilər. O da: “Ey Rəbbim, ən şərli yerdir” deyər. Ona: “Dünya qədər qızıl fidyə etmək istərdinmi?” deyər. O da: “Bəli, ey Rəbbim” deyər. Allah ona: “Yalan danışdın, səndən bundan çox azını və daha yüngülünü istədim. Sən əməl etmədin” deyər və  oda qaytarılar.

Buna görə də Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır.” demişdir. Yəni, onları Allahın əzabından xilas edəcək və onun şiddətli cəzasından himayə edəcək heç kim yoxdur, deməkdir.