Allah təala buyurur: “Xeyr! Şübhəsiz ki, yaxşıların əməl dəftəri İlliyyundadır!” Yaxşılar pislərdən fərqli olaraq İlliyyunda olacaqlar. Əvvəldə qeyd etdiyimiz kimi, pislərin aqibəti isə Siccindir. Əmaş, Şəmr ibn Atiyyə vasitəsilə Hilal ibn Yasəfin beləd ediyini nəql etmişdir: İbn Abbas Kəbdən Siccin haqda soruşdu və mən də orada idim. Kəb dedi: “O, yerin yeddinci qatıdır və kafirlərin ruhları oradadır”. Daha sonra İbn Abbas İlliyyun haqda soruşduqda, Kəb cavab verdi: “O, Göyün yeddinci qatıdır və möminlərin ruhları oradadır”. Ondan başqaları da İlliyyunun göyün yeddinci qatında olduğunu söyləmişlər. Əli ibn Əbu Talha “Xeyr! Şübhəsiz ki, yaxşıların əməl dəftəri İlliyyundadır!” ayəsi haqda İbn Abbasın belə dediyini nəql etmişdir: “Yəni Cənnətdədir”. Avfinin rəvayətində isə İbn Abbasın belə dediyi nəql olunur: “Onların əməlləri səmada Allah dərgahındadır”. Dahhak da bu cür qeyd etmişdir. Qatədənin sözlərinə görə, İlliyyun ərşin sağ ayağıdır. Bəziləri də İlliyyunun Sidrətul-muntəhənin yanında olduğunu söyləmişlər. Görünüşə baxılarsa, İlliyyun “Uluv” (uca) sözündən götürülmüşdür. Yüksələn və ucalan hər şey böyüyər və genişlənər. Bu səbəblə də Allah təala İlliyyunun əzəmətini göstərərək buyurur: “Sən İlliyyunun nə olduğunu hardan biləsən?!”
Daha sonra Allah təala yaxşılar üçün yazılanları qeyd edir və buyurur: “O, yazılı bir kitabdır. Onu yaxın olanlar görərlər”. Qatədənin sözlərinə görə, yaxın olanlar mələklərdir. Avfi İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Səmada yaşayan hər kəs onu görər”.
“Həqiqətən, yaxşılar Nəimdə olacaqlar”. Qiyamət günü onlar nemətlər içərisində geniş lütfün sərgiləndiyi cənnətlərdə olacaqlar. “Taxtlar üstündə tamaşa edəcəklər”. Belə qeyd olunur ki, onlar öz mülklərində və Allahın onlara bəxş etdiyi bitib-tükənmək bilməyən bəxşişlərində əyləşərək tamaşa edəcəklər. Bəzilərinin sözlərinə görə, onlar taxtlar üstündə əyləşərək izzət və cəlal sahibi Allaha tamaşa edəcəklər. Bu ayə Allah təalanın pislər üçün vəsf etdiyi “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır” ayəsinə qarşılıq olaraq buyurulmuşdur. Bu ayə yaxşıların öz taxtlarında və malikanələrinə oturub izzət və cəlal sahibi Allaha baxacaqlarını bildirir. Belə ki, əvvəlcə qeyd etdiyimiz kimi, Abdullah ibn Ömərdən nəql edilən hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Cənnət əhlinin məqam etibarilə ən aşağıda olanı, iki min illik məsafədən öz mülkünə baxıb ən yaxınını gördüyü kimi, ən uzağını da görənindir. Cənnət əhlinin məqam etibarilə ən yüksək olanı, izzət və cəlal sahibi Allaha gün ərzində iki dəfə baxandır”.
Daha sonra uca Allah buyurur: “Cənnətin parıltısını sən onların üzlərində tanıyarsan”. Yəni sən onların üzlərinə baxdığın zaman, Cənnətin gözəlliyini, sevincini, üstünlüyünü və içərilərində üzdükləri nemətlərin əlamətini tanıyacaqsan.
“Onlara Rəhiq-məxtumdan içirdiləcəkdir”. Yəni onlara Cənnət şərabı içirdiləcəkdir. Rəhiq Cənnət şərablarından birinin adıdır. Bunu İbn Məsud, İbn Abbas, Mucahid, Qatədə, Həsən və İbn Zeydqeyd etmişlər. İmam Əhməd deyir: Həsən, Zuheyr vasitəsilə Əbu Səid əl-Xudridən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu nəql etmişdir: “Bir mömin susuz olan digər bir möminə su içizdirərsə, Allah təala da ona Qiyamət günü Rəhiq-məxtumdan içizdirər. Bir mömin ac olan digər bir mömini yedizdirərsə, Allah təala da ona Cənnət meyvələrindən yedizdirər. Bir mömin çılpaq olan digər bir mömini geyindirərsə, Allah təala da onu Cənnətin yaşıl paltarları ilə geyindirər”. İbn Məsud Allah təalanın “Onun möhürü müşkdür” ayəsi haqda demişdir: “Yəni ona müşk qatılıbdır”. Avfi İbn Abbasın belə dediyini nəql etmişdir: “Allah təala içkini onlara elə gözəlləşdirmişdir ki, axırda içki müşk kimi olur. Beləcə, içki müşk ilə möhürlənər. Qatədə və Dahhak da belə demişlər. İbrahim və Həsən “Onun möhürü müşkdür” ayəsi haqda demişlər: “Yəni onun sonu müşkdür”.
İbn Cərir deyir: İbn Humeyd, Yəhya ibn Vadih vasitəsilə Əbdürrəhman ibn Sabitdən nəql edir ki, “Onun möhürü müşkdür” ayəsi haqda Əbu Dərda demişdir: “O, gümüş kimi ağ-ağappaq bir içkidir. İçdiklərini onunla möhürləyərlər. Əgər dünya əhlindən bir nəfər barmağını ona batırıb çıxartsaydı, bütün canlılar onun gözəlliyini görərdi”. İbn Əbu Nəcih “Onun möhürü müşkdür” ayəsi haqda Mucahidin belə dediyini nəql etmişdir: “Onun qoxusu müşkdür”. “Elə isə yarışanlar onun üçün yarışsınlar!” Yəni öyünənlər belə bir şeyə sahib olmaq üçün öyünsünlər. Yarışanlar belə bir hal üçün yarışıb öyünsünlər. Başqa bir ayədə Allah təala buyurur ki, ““Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!” (əs-Saffat, 61)
“O, təsnimlə qarışdırılıb”. Yəni Rəhiq içkisinə təsnim adlı içkidə qarışdırılıb. Təsnim Cənnət əhlinin içdiyi ən üstün və ən qiymətli içkidir. Əbu Saleh və Dahhak bu cür qeyd etmişlər. Ona görə də Allah təala ayənin arxasınca buyurur ki, “ O elə bir çeşmədir ki, ondan yaxın olanlar içər”. Yəni bu çeşmədən yaxın olanlar içər və sağ tərəf sahibləri üçün qarışdırılaraq verilər. İbn Məsud, İbn Abbas, Məsruq, Qatədə və başqaları bu cür qeyd etmişlər.