Məkkə Surələrindəndir.
İmam Əhməd deyir: Bizə Əbdürrəzzaq Aişənin belə dediyini nəql etmişdir: “Peyğəmbərə (salləllahu aleyhi və səlləm) gələn ilk vəhylər çin yuxular şəklində olmuşdur. O, hansı yuxunu görərdisə, səhərin aydınlığı kimi doğru çıxardı. Sonra o, təkliyə çəkilməyə meyl etdi. O, Hira mağarasına gedər, orada gecə ibaətləri edərdi. Gedərkən özü ilə birgə bir müddətlik azuqə də aparardı. Azuqəsi qurtardıqda Xədicənin yanına gələr azuqə götürər və yenidən mağaraya qayıdardı. Bu hal mağarada ona vəhy nazil olan vaxta kimi davam etdi. Bir dəfə də mağarada olarkən mələk nazil olaraq ona dedi: “Oxu!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə demişdi: “Axı mən oxumaq bilmirəm”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda danışır və buyurur ki, “O, tutdu və taqatim tükənəncəyə qədər bərk sıxdı. Sonra məni buraxıb dedi: “Oxu!” Mən yenə dedim: “Mən oxumaq bilmirəm”. O, məni yenə tutdu və taqətim tükənincəyə qədər sıxdı. Sonra buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) böyük sarsıntı içərisində əsə-əsə özünü Xədicə ilə yaşadıqları evə çatdırdı. Evə daxil olan kimi “Məni örtün! Məni örtün!” – deyə səsləndi. Dərhal onun üstünü örtdülər. Canındakı qorxu çıxdıqdan sonra Xədicəyə: “Ey Xədicə, mənə nə olub?” dedi və başına gələnləri ona danışdı. Sonra dedi: “Çox qorxdum”. Xədicə dedi: “Əsla qorxma! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz! Sən qohumlarınla əlaqə saxlayır, doğru danışır, kimsəsizin əlindən tutar, qonağa ikram edər, haqqı tapdalanmışlara kömək edərsən”. Sonra Xədicə onu əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Əbdülizzə ibn Quseyin yanına apardı. O, cahiliyyə dövründə xristian olmuş bir kişi idi. Ərəbcə kitablar yazardı. O, İncildən bəzi hissələri ərəbcəyə çevirmişdi. Yaşı xeyli keçdikdə isə gözləri kor olmuşdu. Xədicə ona dedi: “Ey əmi oğlu, qulaq as gör əmin oğlu nə deyir!” Varaqa ibn Nofəl dedi: “Ey əmim oğlu, danış görüm!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) başına gələnləri ona danışdı. Varaqa dedi: “Bu, Musaya nazil olan mələkdir. Kaş mən cavan olaydım. Kaş qövmün səni öz yurdundan çıxardacaqları zaman sağ olam”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: “Onlar məni yurdumdanm çıxardacaqlar?” Varaqa dedi: “Bəli! Səndən əvvəl elə bir adam olmamışdı ki, onu yurdundan çıxartmasından. Əgər sənin dövrünə kimi yaşasam, sənə mütləq kömək edəcəm”.
Çox keçmədi ki, Varaqa ibn Nofəl vəfat etdi. Bir müddət vəhy kəsildi. Bizə çatan məlumata görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu hadisədən çox kədərləndi. Hətta bir neçə dəfə dağın başına çıxıb özünü atmaq istəyi də oldu. Hər dəfə özünü atmaq üçün dağın başına çıxanda Cəbrayıl ona görünərək demişdi: “Ey Muhəmməd, sən, həqiqətən, Allahın rəsulusan”. Bu sözlərdən sonra o sakitləşərək geri qayıdardı. Bir dəfə vəhyin nazil olmasından uzun vaxt keçmişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yenə də dağın təpəsinə çıxıb özünü atmaq istədiyi an Cəbrayıl ona görünüb əvvəlcə ona dediklərini bir də dedi. Bu hədis Buxari və Muslimin eyni adlı – “Səhih” kitablarında Zuhridən rəvayət edilmişdir. Biz bu hədis haqda istər isnad, istər mətn, istərsə də məna baxımından Buxarinin “Səhih”ini şərh edərkən ətraflı söhbət açmışdıq. İstəyən həmin mənəbəyə müraciət edə bilər. Həmd və səna Allaha məxsusdur. Qurandan nazil olan ilk ayələr bu mübarək ayələrdir. Bunlar Allahın Öz qullarına göstədiyi ilk mərhəmət, bəxş etdiyi ilk nemətlər idi. Həmin ayələrdə insanın laxtalanmış qandan yaranmasını və ona bilmədikləri şeyləri öyrətməklə böyük lütf göstərməsini ifadə edən məlumatlar var. Ayələrdə deyilir ki, Allah insanı elmə, şərəfə və kəramətə nail etmişdir. Bu elə bir şərəfdir ki, insanlığın atası hesab olunan Adəm onunla mələklərdən üstün tutulmuşdu. Elm hərdən zehndə, hərdən dildə, hərdən də barmaq ucları ilə qələmə alınan yazıda olur. Bu, əqli, ləfzi və yazı məlumatlarıdır. Yazı məlumatları onlar ikisini özündə cəm edə bilməsinə baxmayaraq, onlar yazını əvəzləyə bilmirlər. Ona görə də Allah təala buyurur ki, “Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. Bir tabeinin belə dediyi nəql olunmuşdur: “Elmi yazıya qeyd edin!” Həmçinin, “Allah elmlə əməl edən kəslərə bilmədikləri elmi də nəsib edər”.