Yaxud onlar zülmət içində göy gurultusu və şimşəklə yağan leysana bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri əhatəyə almışdır.

Bu da Allahu Təalanın münafiqlərə gətirdiyi başqa bir misaldır. Onlar elə bir qrup insanlardır ki, haqq onlara bəzən görünür bəzən də onda şübhə edərlər. Buna görə də qəlbləri şübhə, küfr və tərəddüd halındadır. “Kə sayyibin” əs sayyib: Yağışdır. Bunu ibn Məsud, ibn Abbas, bir qrup sahabə, Əbul Aliyə, Mücahid, Said ibn Cubeyr, Ata, Həsən Bəsri, Qatadə, Atiyyə əl Avfi, Əta əl Xorasani, Suddi, Rəbi ibn Ənəs demişdirlər. Dahhak  demişdir ki, o buluddur. Ən məşhuru qaranlıq zamanlarda göydən enən yağış olmasıdır. O da şübhələr küfr və münafiqlikdir. “Raadun”“Göy gurultusu” o da qəlbləri qorxu ilə titrədən bir səsdir. Münafiqlərin hallarından  biri  də  şiddətli  qorxu  və  həyəcanlı olmalarıdırNecə ki Allah subhanə və təala buyurur: “Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar.” (Münafiqun, 4).  Və belə demişdir: “Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar  yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər” (Tövbə, 56-57).

            Əl bərqu-“Şimşək”: O da bu münafiqlərin bəzi hallarında qəlblərində parıldayan iman nurudur. Bunun üçün də Allah  subhanə  və təala  belə  buyurur: — “Buna görə də ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar», «Allah kafirləri hər tərəfdən əhatəyə almışdır” demişdir. Yəni qorxmaları onlara heç bir fayda verməyəcəkdir. Çünki Allah onları qüdrəti ilə əhatə etmişdir. Onlar Onun istəməsi və iradəsi altındadırlar. Necə ki belə demişdir: Qoşunlar haqqında əhvalat sənə çatıbmı? Firon və Səmud qoşunlarının. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.  Allah onları arxadan əhatə etmişdir. (Buruc 17-20).

            Sonra da belə demişdir: “İldırım hardasa gözlərini alacaq”. Yəni birbaşa olaraq şiddətli və qüvvətli olduğu üçün və gözləri də zəif olub imanda sabit qala bilmədikləri üçün. Əli ibn Abu Talha, İbn Abbasdan: “İldırım az qala gözlərini alacaq” sözündə belə demişdir: Hardasa Quranın möhkəm ayələri münafiqlərin  gizli  yerlərini göz önünə çıxaracaq.

İbn İshak belə demişdir: Mənə Muhəmməd ibn Əbi Muhəmməd o da İkrimə və ya Said ibn Cübeyrdən, onlar da İbn-i Abbasdan bu “İldırım az qala gözlərini alacaq”  ayəsi  haqqında  demişlər: yəni Haqqın şiddətli işığına görə “Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar” ayəsində isə belə demişdir: Onlara imandan bir şey göründüyü zaman onunla qızınır, ona tabe olurlar.  Bəzən də onlara şübhə varid olur, qəlblərini qaraldır. Onlar da çaşıb qalarlar. Əli ibn Əbu Təlhadan, ibn Abbas burada belə demişdir: Nə zaman münafiqlərə islam izzətindən bir şey toxunarsa bundan məmnun qalarlar. İslam yara aldığı zaman isə küfrə dönməyə cəhd edərlər. Eynən bu ayədə olduğu kimi: İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O şəxs dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.(Həcc, 11).

Muhəmməd ibn İshaq, Muhəmməd ibn Əbi Məhəmməddən o da İkrimədən və ya Said ibn Cübeyrdən rəvayət edir ki, ibn Abbas: “Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar” ayəsində belə demişdir: Onlar haqqı tanıyırlar və söyləyərlər. Haqqı dedikləri üçün də doğru yoldadırlar. Ondan küfrə döndükləri zaman isə çaşıb qalarlar. Əbul Aliyə, Həsən Bəsri, Qatadə, Rəbi ibn Ənəs, Suddi sənədiylə səhabədən belə rəvayət etmişdirlər. Bu da doğru və açıqdır. Allah daha yaxşı bilir.

Qiyamətdə hər  kəsə imanlarına görə nur verildiyi zaman da belə olurlar. Onlardan kimisinə elə bir nur verilir ki, çox uzaqlıqları işıqlandırır. Kimisinə də bundan daha az və ya daha çox verilir. Kimisinin nuru gah sönər, gah yanar. Kimisi sirat üzərində gah yeriyər gah dayanar, kimisinin nuru tamamilə sönər ki, onlar xalis münafiqlərdir. Allah Təala onların haqqında belə demişdir: «O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: «Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq»– deyəcəklər. Onlara deyiləcəkdir: «Geriyə qayıdıb işıq axtarın!» (Hədid, 13). Möminlər haqqında da belə demişdir: ”O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: «Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!»– deyiləcək” (Hədid, 12). Və Allah Təala belə demişdir: “Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: «Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!» (Təhrim, 8).

Bu haqda varid olan hədislər  belədir:

Said ibn Əbi Aruba, Qatadədən: “O gün kişi və qadın möminəri görürsən”ayəti üzərində belə demişdir. Bizə rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyərdi: Möminlərdən elələri vardır ki, nuru Mədinədən Ədənə qədər və ya Sənaya qədər olan məsafəni işıqlandırır… Elə möminlər də vardır ki, nurları ancaq ayaq uclarını işıqlandırır. Bunu ibni Cərir rəvayət etmişdir. (27/222). İbni Əbi Hatim də İmran ibni Dəvar əl Qattandan, o da Qatadədən bənzər rəvayətlər etmişdir.

Eyni şəkildə Minhal ibn Amr, o da Qeys ibn əs Səkəndən rəvayət etmişdir ki, Abdullah ibn Məsud belə demişdir: Hər kəsə nuru əməlinə görə verilir: Kimisinə xurma ağacı kimi verilir. Kimisinə ayaq üstə dayanmış bir adam boyda verilir. Ən az verilən də o adamdır ki, baş barmağı qədər nur verilər o da gah sönər gah yanar. Bunu ibn Cərir, ibn Müsənna, İbn İdris, o da atasından, o da Minhaldan da rəvayət etmişdir. ibn Əbu Hatim belə demişdir: Bizə atam, o da Əli ibn Muhəmməd əl Tanafisidən, o da İbn İdrisdən, o da atasından, o da Minhaldan o da Qeys İbn Səkəndən, o da Abdullah ibn Məsuddan: “Nurları önlərində yayılar «ayəsində belə demişdir: Sirat üzərində hər kəsə əməlinə görə nur verilər. Kimisinin nuru dağ kimidir. Kimisinin nuru da xurma ağacı kimidir. Ən az nuru olan da baş barmağı qədər olandır. O da gah yanar gah sönər.

Yenə ibn əbu Hatim belə demişdir: Bizə Muhəmməd ibn İsmayıl əl Əhməsi, o da Əbu Yahyə əl Himmanidən, o da Utbə ibn əl Yəqzandan, o da İkrimədən rəvayət etmişdir ki, ibn Abbas belə demişdir: qiyamət günü hər bir tövhid əhlinə nur veriləcək. Münafiqin isə nuru sönər, mömin isə bunu gördüyü üçün nurunun sönməsindən qorxar; onlar “Rəbbimiz nurumuzu tamamla!” (Təhrim, 8) deyərlər. Dəhhaq ibn Mizahim belə demişdir: Qiyamət günü  dünyada imanı izhar edən hər kəsə nur veriləcək. Sirata çatanda münafiqlərin nuru sönər. Möminlər bunu gördükdə qorxarlar və Rəbbimiz nurumuzu tamamla deyərlər.

Vəziyyət belə olduğu zaman insanlar bu hissələrə bölünmüş olurlar: Xalis möminlər, Bəqərə surəsinin ilk dörd ayəsində vəsf edilənlərdir. Xalis kafirlər, bu da onlardan sonrakı iki ayədə vəsf edilənlərdir və Münafiqlər də iki qismə ayrılırlar. Xalis münafiqlər, bunlara od misalı verilmişdir. Vaxtaşırı tərəddüd edən münafiqlər, bunların bəzən iman nuru parıldayar bəzən sönər. Bunlarada bu misalı verilmişdir ki, halları özlərindən əvvəlkilərdən daha yüngüldür. Bu məqam bəzi yönlərdən Nur surəsində misal verilən möminlərə daha yaxındır. Allah onun qəlbinə hidayət və nur vermişdir. O nur şüşə içində bir lampadadır. Sanki o şüşə inci kimi parıldayan ulduzdur. O da iman üzərində yaradılan  möminin qəlbidir. Yardımını özünə çatan xalis və saf şəriətdən alır. Onda heç bir bulanıqlıq və qarışıqlıq yoxdur. Necə ki yerində bəhs ediləcəkdir  inşəAllah.

Sonra kafir qullara bir misal gətirdi. Onlar özlərini nəyinsə üzərində olduğunu zənn edirlər əslində isə heç bir şeyin üzərində deyillər. Onlar da bu ayədə mürəkkəb cahilliklə təsvir edilən kəslərdir. “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər” (Nur,39). Sonra da daha bəsit olan kafirlərə bir misal verdi və onlar haqqında belə dedi: “Yaxud onların əməlləri dərin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz” (Nur, 40). Beləcə kafirləri iki qismə ayırmış oldu. Dəvətçi və təqlidçi. Necə ki onlar haqqında Həcc surəsinin əvvəlində belə demişdir: “İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi olmuş şeytana itaət edir.(Həcc 3) Bundan sonra da belə demişdir: İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir” (Həcc, 8). Allah Təala möminləri də Vaqiə surəsinin əvvəlində və axırında, insan surəsində iki hissəyə ayırmışdır. Öndə gələnlər – Onlar Allaha yaxın olanlardır və sağda gələnlər – onlar da yaxşı insanlardır.

Bu ayələrdən bu xülasə çıxır: Möminlər iki sinifdir. Allaha yaxın olanlar və yaxşılar. Kafirlər iki sinifdir: Dəvətçilər və təqlidçilər. Münafiqlər də iki sinifdir: Xalis münafiq və içində münafiqlikdən bir şöbə olan münafiq. Necə ki. Iki səhihdə (Buxari 34,Müslim 58): Abdullah ibn Əmr rəvayətində Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Üç xislət vardır ki, onlar kimdə olarsa o insan xalis münafiqdir. Kimdə də ondan biri olarsa onu tərk edincəyə qədər onda bu xislət qalmış olar. Danışdığı zaman yalan danışar, Vəd etdiyi zaman vədindən qaçarlar, bir şey əmanət edildiyi zaman da əmanətə xəyanət edərlər.” Bundan da bu nəticəyə çıxarılır ki, insanda imandan da şöbə ola bilər, münafiqlikdən də bir şöbə ola bilər. O da bu hədisə görə ya əməlidir, ya da ayənin dəlalət etdiyi kimi etiqadıdır. Necə ki sələfdən bir hissə və bəzi alimlər bu qənaətdədirlər. Bu da yuxarıda qeyd edilmişdir və yeri gəlincə qeyd ediləcəkdir, İnşəAllah. İmam Əhməd belə demişdir (10745): Bizə Əbu Nadir o da əbu Muaviyədən yəni Şeybandan, o da Leysdən, o da Amr ibn Mürradan, o da əbul Baxtəridən, o da Əbu Saiddən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Qəlblər dörddür: Bir qəlb vardır yalındır çıraq kimi parıldayar, Bir qəlb vardır, bükülmüşdü, ağzı bağlıdır Bir qəlb də vardır tərsinə dönüb, bir qəlb də vardır ki, iki üzü vardır. Yalın qəlb mömin qəlbidir, Onun çırağı da içindəki nurdur. Bükülmüş qəlb isə kafirin qəlbidir. Tərs qəlb də xalis münafiqin qəlbidir. Yaxşılığı tanıyar sonra da inkar edər. İki üzü olan qəlb də içində iman və nifaq olan qəlbdir. Ondakı iman paxla dənəsinə bənzəyər təmiz su ilə böyüyər. Ondakı münafiqlik də yara kimidir ki, onu irin və qan bəslər. İki maddədən hansı o birisinə qalib gələrsə ona qalib olar. Bunun sənədi yaxşıdır.

Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi Şübhəsiz ki, Allah hər şeyə qadirdir: Məhəmməd ibn İshaq belə demişdir: Mənə Muhəmməd ibn Əbu Muhəmməd, o da İkrimə və ya Said ibn Cübeyrdən rəvayət etmişdir ki, ibn Abbas bu ayət haqqında belə demişdir: Onlar haqqı tanıdıqdan sonra tərk etdikləri üçün belə olmuşdurlar. “Şübhəsiz Allah hər şeyə qadirdir” ayəsi haqqında isə ibn Abbas belə demişdir: Allah quluna cəza vermək və ya əfv dilədiyi zaman bunu etməyə qadirdir. İbn Cərir də belə demişdir: Allah Təala niyə burada özünü hər şeyə Qadir olaraq vəsf etmişdir? Çünki o münafiqləri xəbərdar etdi, şiddət və əzabından çəkinmələrini istədi, və bunu etməyə gözlərini və qulaqlarını əllərindən almağa gücü çatacağını bildirdi. “Qədirun”, Qadir mənasındadır eynilə, alımun da alim mənasında olduğu kimi. İbn Cərir və onun ardıclıları bu iki misalın da tək sinif münafiqə aid olduğu qənaətindədilər. O zaman “Auv kasayyibin minessəməi” sözündəki “auv” ədatı vav mənasına gəlir. Necə ki, Vəla Tuti minhumasimən auv kəfura” (İnsan 24) ayəsində də belədir. Yaxud da seçim ədatı olur ki, “onlara bu misalı gətir istər sə də o birisi misalı gətir” mənasına gəlir. Qurtubi də belə demişdir: Auv ədatı bərabərlik üçündür, məsələn “calisil Həsan auv ibni Sirin” deyilir ki, istərsən Həsən Bəsri ilə otur istəyərsən İbni Sirinlə, ikisi də eynidir.  Zaməxşəri bunu belə yozmamışdı. O zaman ayətin mənası da belə olur: Onlara istəyirsən bu misalı gətir istəyirsən o birisini , ikisi də hallarna uyğun gəlir.

Mən də deyirəm ki, Bu münafiqlərin cinslərinə görədir. Çünki onlar sinif sinifdir. Onların müxtəlif hal və sifətləri vardır. Necə ki, Allah Təala bunları Bəraət surəsində zikr etmişdir. Onlar sinif sinifdir. Onlardan bəzilərinin tez-tez dediyi sözlər, etdiyi fellər zikr edilmişdir. Bu iki misalın onlara verilməsi hal və sifətlərinə olduqca uyğun gəlir. Allah daha yaxşı bilir. Necə ki, Nur surəsində dəvətçi və təqlidçi olmaqla iki sinif kafirə bu misalı gətirmişdir. “Kafirlərin əməlləri çöldəki ilğım kimidir”.  və ya dərin dənizdəki qaranlıqlar kimidir. Birincisi dəvətçilər üçündür ki, onlar da mürəkkəb cəhalət içindədirlər. İkincisi də bəsit cəhalət içində olanlardır ki, onlar da ardlarına düşən təqlidçilərdir. Allah ən doğrusunu biləndir.