Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir.

Allah Təala yaratdıqları və insanların öz nəfslərində müşahidə etniklərində öz varlığına dəlil olan şeyləri zikr etdikdən sonra, onların şahid olduqları göylərdə və yerdə başqa dəlillər də zikr edib belə dedi ”Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur.” İsteva iləssəmai- göyə yönəldi deməkdir.

Burada istəva niyyətlənmək və yönəlmək mənasını ehtiva edir. Çünki ila ədatı ilə işlənmişdir. “Fe sevvahunnə”  yəni göyü yeddi qat olaraq yaratdı deməkdir. Burada səma növün (cins, ümumi anlayış) adıdır. Buna görə də “Onları yeddi qat etdi. O hər şeyi biləndir” demişdir. Yəni onun elmi bütün yaratdıqlarını əhatə etmişdir. Necə ki, “yaradan bilməz mi?” (Mülk 14) demişdir. Bu ayənin təfsiri Fussilət surəsində belə gəlmişdir. “De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini tam dörd gündə yerbəyer etdi.  Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür.(Fussilət, 9-12). Bu ayədə Allah Təalanın əvvəlcə yeri yaratdığına dəlil vardır. Sonra da yeddi qat göyü yaratmışdır. Bina da belə tikilir. Bir tikinti aşağıdan yuxarıya doğru tikilməyə başlayar. Təfsirçilər də bunu açıq aydın ifadə etmişdirlər. Biz də bunları sonrakı hissələrdə zikr edəcəyik İnşəAllah.

Bu ayəyə gəldiyimiz zaman isə    “Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi. (Bunlar) sizin və mal-qaranızın faydalanmasından ötrüdür.” (Naziyat, 27-33) ayələrində belə deyilmişdir: Burada: (Bəqərə, 29 ayəsində) summə ədatı xəbəri xəbərə bağlamaq üçündür. Feli felə bağlamaq üçün deyildir. Necə ki, şair belə demişdir:

De o nəcib olana,  sonra atası nəcib olana,

Sonra daha əvvəl babası nəcib olana

Belə deyilmişdir: Yeri yaymaq göyləri yaratdıqdan sonra olmuşdur. Bunu Əli ibn Əbu Talha, İbni Abbasdan rəvayət etmişdir. Suddi təfsirində Əbu Malikdən, o da əbu Salehdən, o da İbni Abbasdan, həmçinin Mürrə, o da ibni Məsuddan o da bir qrup sahabədən bu ayə haqqında belə dediklərini rəvayət etmişdirlər. “Uca Allahın ərşi su üzərində idi. sudan öncə başqa bir şey yaratmamışdı. Məxluqatı yaratmaq istədikdə sudan bir duman çıxartdı. Duman suyun üzərində yüksəldi, onun üzərinə çıxdı. Buna görə də ona səma (yüksəklik) dedi. Sonra suyu qurutdu onu tək yer etdi. Sonra da onu yararaq onu yeddi qat etdi. Bunu da iki gündə Bazar və bazar ertəsi günündə etdi. Yeri də balığın üstündə yaratdı. O Allah təalanın “Nun vəlqaləmi” (Qələm, 1) ayəsində zikr etdiyi balıqdır.

Balıq sudadır, su da düz daşın üzərindədir. Düz daş da bir mələyin belindədir. Mələk də bir qayanın üstündədir. Qaya da küləyin üzərindədir. O qaya Loğmanın (aleyhi ssalam) nə göydə nə də yerdədir dediyi qayadır. Balıq qımıldanıb çırpındı. Yer silkələndi. Allah üstünə dağları sancdı. Dağlar dayandı. Ona görə də dağlar yerə qarşı öyünür. Allah Təalanın “Yerə sizi sarsıtmasın deyə yüksək dağlar bina etdi”- dediyi budur. Yerdə dağları yaratdı, sonra yer sakinlərinin də qidalarını, ağaclarını və lazım olanları da iki gündə Çərşənbə axşamı və çərşənbə günlərində yaratdı. Bu haqda belə deyir: De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi” (Fussilət, 9-10). Deyir ki, ağacını bitirdi, “Orada ruzilərini təqdir etdi “yer sakinləri üçün, tam dörd gündə ruzi istəyənlər üçün. Deyir ki, kim ruzi istəyərsə vəziyyət belədir: “Sonra duman halındakı göyə yönəldi” (Fussilət, 11). Deyir ki, o duman suyun nəfəs almasından yüksəldi, ondan da göyü yaratdı. Sonra iki gündə — Cümə axşamı və Cümə günlərində onu yardı və yeddi göy halına gətirdi. Ona Cümə deyilməsi, göylərin və yerin məxluqatını onda cəm etməsindəndir. “Hər göyə öz əmrini vəhy etdi” (Fussilət, 12). Deyir ki, hər göydə onun mələklərdən olan sakinlərini, və oradakı dənizləri, dağları, dolunu və digərlərini yaratdı. Sonra dünya göyünü ulduzlarla bəzədi. Onu şeytanlardan qorudu.

İstədiyi şeyleri yaratdıqdan sonra Ərşə istiva etdi, “Göyləri və yeri altı gündə yaratdı. Sonra Ərşə istiva etdi”(Əraf, 54) ayəsində də dediyi budur. Deyir ki, “o iki bitişik idi onu ayırdıq. Hər canlını sudan yaratdıq.”(Ənbiya, 30). İbni Cərir belə demişdir: Mənə əl Musənna, o da Abdullah ibni Salehdən, o da Əbu Maşərdən, o da Said ibni Əbu Saiddən rəvayət edir ki, Abdullah ibn Səlam demişdir: Allah yaradılışı bazar günü yaratmağa başladı, Yerləri bazar və bazar ertəsi günü yaratdı, Qidaları və yüksək dağları Çərşənbə axşamı və çərşənbə günləri yaratdı. Göyləri Cümə axşamı və cümə günü yaratdı. Cümə günü son saatda boş qaldı, Adəmi də tələsik olaraq onda yaratdı. Baxın qiyamət günü də həmin saatda qopacaqdır.

Mücahid, “Yer üzündə olanların hamısını sizə görə xəlq edən Odur” ayəsində belə demişdir: Allah yeri göydən əvvəl yaratmışdır. Yeri yaratdığı zaman ondan bir duman yüksəldi.  “Sonra göyə yönəldi, O duman halında idi. Onu yeddi qat göy halına gətirdi” dediyi budur. Deyir ki, Göy bir birinin üstündədir, yer bir birinin altındadır. Bu ayə yerin göydən öncə yaradıldığını göstərir. Necə ki Fussilət surəsində: “De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və (ruzi) istəyənlər üçün orada (yer əhlinin) ruzisini tam dörd gündə yerbəyer etdi.  Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin (əmrimə boyun əyin!)”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən (Allahın) əzəli hökmüdür” (Fussilət, 9-12). Bu və o iki ayə yerin göydən öncə yaradıldığını göstərməkdədir. Bu haqda mən alimlər arasında heç bir ixtilaf bilmirəm, yalnız ibn Cəririn Qatadədən olan rəvayəti istisnadır. Qatadə güman etmişdir ki, Səma yerdən əvvəl yaradılmışdır.

Qurtubi təfsirində burada ayaq saxlamışdır. Çünki Allah Təala belə demişdir: “Sizin yaradılışınız çətindir, yoxsa göyün?  O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). Sonra yeri döşəyib, onda su və otlaq yaratdı, dağları da yerə bərkitdi” (Naziyat, 27-32). Deyirlər ki, burada yerin göydən öncə yaradılldığı zikr edilmişdir.

Səhih Buxaridə belə deyilməkdədir. İbn Abbasdan bu haqda soruşdular o da belə dedi: Yer göydən öncə yaradıldı. Yer göy yaradıldıqdan sonra döşəndi. Qədim və yeni bir çox təfsir alimləri də belə demişdirlər. Biz də bunu Naziyat surəsinin təfsirində yazmışıq. Xülasə yerin döşənməsi “Sonra yeri döşədi “(Naziət, 30-32) ayəsində təfsir edilmişdir. Döşənməyin mənası də yerin daxilində olan ehtiyatların qüdrətli bir şəkildə ortaya çıxarılmasıdır.

Yer və göy məxluqatlarının surətləri kamala çatdırdı və yeri də bundan sonra döşədi. Ona ehtiyat olaraq verilən suyu çıxartdı. Ondan da müxtəlif sinifləri, sifətləri, rəngləri və formaları ilə bitkiləri cücərtdi. Beləcə də göylərin çarxı, onlardakı ulduz və planetlərlərlə birlikdə fırlanmağa başladı.

İbn Əbi Hatim ilə ibni Mərdiveyh də bu ayənin təfsirində Müslim ilə Nəsainin təfsir bölümündə rəvayət etdikləri bu hədisi İbn Cüreycdən zikr etmişdirlər. O belə demişdir: Mənə İsmayıl ibn Ümeyyə,  o da Əyyub ibn Xaliddən, o da Ümmü Sələmənin azad etdiyi qulu  Abdullah ibn Rəfidən rəvayət edir ki, Əbu Hureyrə deyir di ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)  əlimdən tutdu, belə dedi: Allah torpağı(yeri) şənbə günü yaratdı. Ondakı dağları Bazar günü yaratdı. Ondakı ağacları bazar ertəsi günü yaratdı, məkruhu Çərşənbə axşamı yaratdı. Nuru çərşənbə günü yaratdı. Onun içində  heyvanıları Cümə axşamı günü səpələdi. Adəmi də Cümə günü son saatlarda əsrdən sonra gecəyə tərəf yaratdı.

Bu hədis Müslimin qərib hədislərindəndir. Onun haqqında Əli ibn əl Mədini ilə Buxari və digər hədis hafizləri danışmışdırlar və onun Kəbin sözündən olduğunu və Əbu Hüreyrənin bunu Kəbdən eşitdiyini demişdirlər. Bəzi ravilər bunun fərqinə vara bilmədiyi üçün hədisi mərfu qəbul etmişdirlər. Bunu Beyhaki qeyd etmişdir.