İslamın əvvəlində hökm belə idi: Qadının zinası ədalətli açıqlama ilə təsdiqlənərdisə, evində həbs edilirdi və ölənə qədər evdən çıxmasına izn verilmirdi. Buna görə Allah təala buyurur “fahişəlik edən” yəni, zina edənlər ”qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın”. Allahın göstərdiyi yol bunu nəsx edəndir. İbn Abbas demişdir: «Hökm əvvəllər belə idi. Sonra Allah təala Nur surəsini nazil etdi və onu şallaq yaxud daşqalaq ilə əvəz etdi. İkrimə, Səid ibn Cubeyr, Həsən, Əta əl-Xorasani, Əbu Salih, Qatadə, Zeyd ibn Əsləm və Dəhhakdan da belə rəvayət edilmişdir ki, o, nəsx edilmişdir. Bu da ittifaq edilən bir məsələdir.
İmam Əhməd demişdir: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Səid danışdı, o da Qatadədən, o da Həsəndən, o da Hittan ibn Abdullah ər-Raqqaşidən, o da Ubadə ibn Samitdən, o deyir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) vəhy gəldiyi zaman ona təsir edirdi. Bu, ona çox ağır gəlirdi. Üzü ağ-apağ ağarırdı. Bir gün Əziz və Cəlil olan Allah vəhy endirdi. Vəhyin təsiri çəkildikdə o dedi: «Məndən götürün. Allah onlara bir yol göstərdi: Evli evli ilə, subay subay ilə, evliyə yüz şallaq vurulur və daşqalaq olunur. Subaya da yüz qamçı vurulur, sonra bir illik sürgün edilir.» Bunu Muslim ilə Sünən sahibləri müxtəlif yollarla Qatadədən, o da Həsəndən, o da Hittandan, o da Ubadə ibn Samitdən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişlər. Onun mətni belədir: «Məndən götürün, məndən götürün. Allah o qadınlara yol göstərdi: Subay subay ilə zina edərsə, yüz şallaq və bir il sürgün edilər. Evli evli ilə zina edərsə, yüz şallaq və daşqalaq edilər.»
Tirmizi demişdir: «Bu həsən, səhih bir hədisdir.» Bunu Əbu Davud Təyalisi də, Mubarək ibn Fədalədən, o da Həsəndən, o da Hittan ibn Abdullah ər-Raqqaşidən, o da Ubadədən rəvayət etmişdir ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) vəhy gələndə onun üzündən bilinirdi. “Yaxud Allah onlar üçün bir yol açanadək” ayəsi nazil olanda və vəhyin təsiri aradan qalxan kimi Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Götürün, götürün. Allah onlara bir yol göstərdi: Subay subay ilə zina edərsə, yüz şallaq vurulur və bir il sürgün edilir. Evli evli ilə zina edrəsə, yüz şallaq vurulur və daşqalaq edilir.»
İmam Əhməd bu hədisi Vəki ibn Cərrahdan rəvayət etmiş və demişdir: Bizə Fadl ibn Dəlhəm danışdı, o da Həsəndən, o da Qabisa ibn Hureysdən, o da Sələmə ibn Muhəbbəqdan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Məndən götürün, məndən götürün, Allah onlara bir yol göstərdi: Subay subay ilə zina edrəsə, yüz şallaq vurulur və bir il sürgünə göndərilir. Evli evli ilə zina edərsə, yüz şallaq vurulur və daşqalaq edilir.» Bunu Əbu Davud da, uzun olaraq Fədl ibn Dəlhəmdən rəvayət etmiş, sonra demişdir: O, hədis hafizi deyildi, Vasitdə qəssab idi.
Başqa bir hədisdə Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhəmməd ibn Əhməd ibn İbrahim danışdı, bizə Abbas ibn Həmdən danışdı, bizə Əhməd ibn Davud danışdı, bizə Amr ibn Abdulğaffar danışdı, bizə İsmayıl ibn Əbu Xalid danışdı, o da Şabidən, o da Məsruqdan, o da Ubey ibn Kəbdən, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «İki subay zina edərsə, şallaqlanar və sürgün edilər, iki evli zina edərsə şallaqlanar və daşqalaq edilər. İki yaşlı isə daşqalaq edilər.» Bu yoldan qərib hədisdir.
Təbarani də, İbn Ləhiyadan rəvayət etmişdir, o da qardaşı İsa ibn Ləhiyadan, o da İkrimədən, o da İbn Abbas bu cür demişdir: Nisə surəsi nazil olan zaman Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Nisə surəsindən sonra həbs yoxdur.» İmam Əhməd ibn Hənbəl bu hədisin tələbinə əsasən söylənilən sözü götürmüş və evli ikən zina edənlərə həm şallaq vurulacağını, həm də daşqalaq ediləcəklərini deyərək ikisini bir yerə cəm etmişdir. Cumhur isə zina edən evlinin şallaqlanmadan ancaq daşqalaq ediləcəyinə qərar vermişdir. Onlar demişlər: «Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) Maizi, Ğadimiyyəni və iki yəhudini daşqalaq etdi. Onları bundan əvvəl şallaqlamadı.» Bu da şallağın vacib olmadığını, hətta onların rəyinə görə nəsx olduğunu göstərir. Allah ən doğrusunu biləndir.
“Aranızda belə iş tutanların hər ikisinə əziyyət verin” yəni fahişəlik edənlərə əziyyət verin. İbn Abbas (radiyallahu ənh), Səid ibn Cubeyr və digərləri demişlər: Söyməklə, ayıblamaqla və başmaqlarla döyməklə demişdir. O zamanın hökmü elə idi. Sonra Allah bunu şallaq və daşqalaqla əvəz etdi.
İkrimə, Əta, Həsən və Abdullah ibn Kəsir demişlər: Bu ayə zina edən kişi və qadın haqqında nazil oldu.
Suddi demişdir: Hələ evlənməmiş iki gəncin haqqında nazil edildi.
Mucahid: Adı dilə gətirilməyən bir iş tutmuş iki kişi haqqında nazil edildi. Sanki lut qövmünün əməlini demək istəyir. Allah ən doğrusunu biləndir.
Sünən sahibləri Amr ibn əbu Amrdan rəvayət etmişlər, o da İkrimədən, o da İbn Abbasdan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kimi Lut qövmünün hərəkətini edərkən görsəniz, aktivi də, passivi də öldürün.»
“Əgər tövbə edib islah etsələr” yəni, o işi tərk etsələr, hər ikisinin də əməlləri düzəlib yaxşılaşsa “onlardan əl çəkin” yəni, bundan sonra onlara pis söz deməyin. Çünki günahına tövbə edən günah etməyən kimidir.
“Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir” İki Səhihdə belə sabit olmuşdur: «Birinizin cariyəsi zina etsə onu hədd cəzası olaraq şallaqlasın və onu ayıblamasın.» Yəni, hədd cəzasını verəndən sonra onu qınamasın. Çünki həmin hədd cəzası etdiyi əməlin kəffarəsidir.