Mərhəmətli və rəhmli Allahın adı ilə
Həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan kömək və bağışlanma diləyir və Ona tövbə edirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimə hidayət verərsə, onu doğru yoldan azdıran, kimi də azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur, O, tək və şəriksizdir. Həmçinin şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allah onu hidayət və haqq dinlə göndərmişdi. O, risaləni çatdırdı, əmanəti yerinə yetirdi, ümmətə nəsihət verdi və ölənə qədər Allah yolunda haqq döyüşlə mübarizə apardı. Ümmətini, gecəsi gündüzə bənzəyən aşkar bir dəlil üzərində tərk etdi. Ondan yalnız məhvə məhkum olunmuş aza bilər. O, ümmətinə lazım olan bütün işləri orada bəyan etdi. Hətta Əbu Zərr (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) göydə qanad çalan quşu belə buraxmadı. Onun barəsində belə bizə elm verdi.”[1]
Müşriklərdən bir kişi Salman əl-Farisiyə (Allah ondan razı olsun) demişdi: «Peyğəmbəriniz sizə ayaqyoluna getməyin qaydasını da öyrətdi?!» Salman isə ona bu cür cavab vermişdi: “Bəli, O bizə üzü qibləyə ehtiyacı ödəməyi, üçdən az daşla, sağ əllə, peyin və sümüklə təmizlənməyi qadağan etdi.”[2]
Sən özün də görürsən ki, Allah təala əzəmətli Quranda dinin əqidə və fiqhi məsələlərini bəyan etmişdir. O, nəinki tövhidi bütün qisimləri ilə, hətta məclisin və icazə almağın ədəb-ərkanlarını açıqlamışdır.
Uca Allah buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ
“Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mömin qardaşlarınıza) yer verin!” — deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə geniş yer versin…” (əl- Mucadilə, 11).
Başqa ayədə buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّى تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلَى أَهْلِهَا ذَلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
فَإِن لَّمْ تَجِدُوا فِيهَا أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّى يُؤْذَنَ لَكُمْ وَإِن قِيلَ لَكُمُ ارْجِعُوا فَارْجِعُوا هُوَ أَزْكَى لَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
“Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb anlayasınız. Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə “Geri dönün!” — deyilsə, geri dönün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi biləndir!” (ən- Nur, 27-28).
Allah təala geyim ədəbləri barədə buyurur:
وَالْقَوَاعِدُ مِنَ النِّسَاءِ اللَّاتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَاتٍ بِزِينَةٍ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌ لَّهُنَّ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
“Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini göstərmədən üst paltarını çıxarmasında günah yoxdur. Bununla belə, çəkinmələri onlar üçün daha yaxşıdır. Allah eşidəndir, biləndir!” (ən-Nur, 60).
Digər ayədə buyurulur:
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ذَلِكَ أَدْنَى أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!» (əl-Əhzəb, 95).
Uca Allah buyurur:
وَقُل لِّلْمُؤْمِنَاتِ… وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ
“Mömin qadınlara de ki… gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar.” (ən-Nur, 31).
Ayədə buyurulur:
وَلَيْسَ الْبِرُّ بِأَن تَأْتُوا الْبُيُوتَ مِن ظُهُورِهَا وَلَكِنَّ الْبِرَّ مَنِ اتَّقَى وَأْتُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
“.Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!” (əl-Bəqərə, 189).
Bu kimi çoxsaylı ayələrdən bəlli olur ki, İslam dini tam və kamildir. Onun heç bir əlavəyə ehtiyacı yoxdur. Həmçinin onu naqisləşdirmək də yolverilməzdir. Allah təala bu səbəbdən Quranı vəsf edərkən buyurmuşdur:
… وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ…
“.Biz Quranı sənə hər şeyi izah etmək üçün. nazil etdik!» (ən-Nəhl, 89).
Uca Allah insanların dünya və axirət işlərində ehtiyac duyacaqları hər şeyi Öz Kitabında onlara bəyan etmişdir. Bu ya birbaşa ayə ilə, ya işarə vasitəsilə, ya məzmunla, yaxud da məfhumla çatdırılmışdır.
Qardaşlarım! Bəzi insanlar uca Allahın bu ayəsini aşağıdakı kimi izah edirlər. O buyurur:
وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ
“Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəkdir.” (əl-Ənam, 38). Onlar ayədə buyurulan kitabın Quran olduğunu deyirlər. Lakin doğru olan budur ki, o, Lövhi-məhfuzdur.
Allah təala başqa bir ayədə Quranı dolğun şəkildə vəsf edərək buyurmuşdur:
… وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ…
“…Biz Quranı sənə hər şeyi izah etmək üçün. nazil etdik!» (ən-Nəhl, 25). Bu ayə, “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq” ayəsindən daha uyğun və aydındır. Çünki kimsə soruşa bilər ki, Quranda beş namaz və onların rükətlərinin sayları haradadır? Axı biz, Quranda onların rükətləri barədə bir şey tapa bilmirik. Uca Allah isə buyurur:
… وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ…
“.Biz Quranı sənə hər şeyi izah etmək üçün. nazil etdik!”
Cavab budur: Allah təala Öz Kitabında bizə bəyan etmişdir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dediklərinə və yönəltdiyi işlərə riayət etmək vacibdir.
O buyurur:
مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ ۖ وَمَنْ تَوَلَّىٰ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.” (ən-Nisə, 80).
Başqa ayədə buyurulur:
وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
“…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.» (əl-Həşr, 7).
Sünnənin (yəni, Peyğəmbər hədislərinin) bəyan etdiyini Quran da bildirmişdi. Çünki Sünnə, Allahın Öz Peyğəmbərinə nazil etdiyi və öyrətdiyi iki vəhydən biridir.
Necə ki, uca Allah buyurur:
وَأَنْزَلَ اللَّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ اللَّهِ عَلَيْكَ عَظِيمًا
“.Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (ən-Nisə, 113).
Ona görə də Sünnədə varid olan izzət və cəlal sahibi Allahın Kitabında da varid olmuşdur.
Qardaşlarım! Əgər bu deyilənlərdən nəticə çıxardınızsa, elə isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfatından sonra Onun bəyan etmədiyi, insanı Allaha yaxınlaşdıran hər hansı bir dini işin qaldığını söyləmək olarmı?
Xeyr, qətiyyən! Peyğəmbər (salləllahu aleyhi və səlləm) bütün dini öz sözü, əməli, təsdiqi, sualla başlaması və ya cavab verməsi ilə bəyan etmişdir. Bəzən Allah uzaq səhrada yaşayan bədəvi ərəbi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına göndərirdi ki, ona səhabələrin vermədiyi dinlə bağlı sualları versin. Buna görə də əshabələr bədəvi ərəbin gəlib bəzi suallar verməsinə çox sevinərdilər. Bu, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) insanlar üçün lazım olan ibadət, müamilə və yaşayış məsələləri ilə bağlı heç nəyi tərk etmədiyini, əksinə bəyan etdiyini göstərir.
Allah təalanın ayəsi də buna sübutdur:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.” (əl-Maidə, 3).
Ey müsəlman! Əgər bu deyilənlərə qərar verdinsə, bil ki, Allahın dininə yaxşı zənlə olsa belə yenilik gətirən şəxs, bidətinin zəlalət olması ilə yanaşı, Allahın dininə də tənə etmiş olur. O, bu əməli ilə Allahın ayəsini yalan saymış olur. Allah buyurur:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ
“…Bu gün dininizi sizin üçün kamil etdim…” (əl-Maidə, 3)
Çünki Allahın dininə onda olmayan bir işi əlavə edən bidətçi, sanki bu sözü ilə dinin kamil olmadığını və özünün Allaha yaxınlıq iddiası ilə uydurduğu yeniliyin qaldığını bildirir.
Allahın Özü, Onun ad və sifətləri ilə bağlı bidətlər uyduran insanın Rəbbini əzəmətləndirməsini, Onu nöqsanlardan və bənzətmələrdən uzaq tutmasını deməsi çox təəccüblüdür. O hələ ayəyə də əsaslanır:
فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ
Siz də Allaha bilə-bilə şəriklər qoşmayın!” (əl-Bəqərə, 22).
Allahın dininə Onun Özü ilə bağlı bidətlər gətirənin bu əməli, ümmətin sələflərinin və imamlarının əməllərində öz təsdiqini tapmayıbdır. Bunula yanaşı onun Allahı pak tutmasını, Onu əzəmətləndirməsini və bənzətmədiyini deməsi əlbəttə ki, sənə qəribə gəlir. Dəlili isə Allahın bu kəlamdır:
فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ
“Siz də Allaha bilə-bilə şəriklər qoşmayın!” (əl-Bəqərə, 22).
Deyir ki, ona müxalif olan, Allahı bənzədən, oxşadan və sairə pis ləqəbli kəsdir.
Necə ki, sən, bidətçilərin Allahın dininə Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) bağlı bidətlər gətirmələri ilə yanaşı, özlərini Peyğəmbəri (salləllahu aleyhi və səlləm) sevən və ona ehtiram edən biri kimi qələmə vermələrinə də təəccüblənirsən. Bidətləri ilə razılaşmayanlar haqqında isə, “onlar Peyğəmbəri sevmir” və sairə bu kimi nalayiq sözlər söyləyirlər.
Belələrinin Allahı və Onun Elçisini (salləllahu aleyhi və səlləm) uca tutmalarını iddia etməsi çox təəccüblüdür. Axı onlar Allahın Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) göndərdiyi dinindən və şəriətindən olmayan bir işi ona aid etmiş və bununla da Allahın və Onun Peyğəmbərinin önünə keçmişlər. Halbuki uca Allah buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
“Ey iman gətirənlər! Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah eşidəndir, biləndir!” (əl-Hucurat, 1).
Qardaşlarım! Allah xatirinə sizə bir sual verim. Mən sizin yerinizə kiminsə yox, şəxsən özünüzün təqlidsiz şəkildə dininizə əsaslanaraq cavab vermənizi xahiş edirəm. Allahın dininə istər Onun Özü ilə, yaxud da ad və sifətləri ilə və ya Peyğəmbəri ilə bağlı bidətlər gətirən və “biz bununla Allahı və Onun Elçisini ucaldırıq” iddiasını edən kimsələr haqqında nə deyirsiniz? Allahı və Onun Elçisini (salləllahu aleyhi və səlləm) ucaltmağa bu kəslərin, yoxsa Allahın şəriətindən kiçicik qədər kənara çıxmayan bir toplumun haqqı çatır? Həmin toplum, şəriətdə varid olanlara iman gətirdik, xəbər verilənləri təsdiqlədik, əmr və ya qadağan edilənləri eşitdik və itaət etdik söyləyirlər. Onlar şəriətdə varid olmayan işlər barəsində deyirlər: “Əl saxladıq və son qoyduq, biz (sözlərimiz, iş və hərəkətlərimizdə) Allahdan və Peyğəmbərindən önə keçmərik, Allahın dinindən olmayan bir işi Onun dininə aid etmərik”.
Bunlardan hansı tərəf Allahı və Peyğəmbərini sevən və ucaldandır? Şübhəsiz ki: “xəbər verilənlərə iman gətirdik və təsdiqlədik, əmr edilənləri eşitdik və itaət etdik” — deyənlər. Onlar həmçinin deyirlər: “Bizə əmr edilməyən işlərdən əl çəkdik və son qoyduq. Bizim Allahın şəriətinə ondan olmayan bir işi və ya Allahın dininə ona aid olmayan bir bidəti artırmağa səlahiyyətimiz çatmır”.
Şübhəsiz ki, bu şəxslər özlərini və Yaradanlarını düzgün qiymətləndirənlərdir. Onlar Allah təaləni və Peyğəmbərini layiqincə ucaldanlardır. Məhz belələri Allaha və Onun Peyğəmbərinə səmimi qəlbdən sevgilərini nümayiş etdirənlərdir.
Əqidə, söz və əməldə Allahın dininə bidətlər əlavə edənlər isə, yuxarıda deyilənlərdən uzaqdırlar. Peyğəmbərin: “Sizi (dini) işlərdəki yeniliklərdən çəkindirirəm. Həqiqətən də, hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət də oddadır.”[3]
Onlar “hər bir bidət” ifadəsinin ümumiliyə dəlalət edən sözlə (ərəbcə “kullu”) işlədildiyindən xəbərdardılar. Bu sözü söyləyən Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun hansı məna daşıdığını çox gözəl bilirdi. Çünki o, yaradılanların ən səlis danışanı idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanlarla səmimi davranan ən üstün şəxs idi. O, sözün mənasını nəzərə almadan danışmazdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) “hər bir bidət” buyurduqda nə danışdığını və sözlərinin hansı məna daşıdığını çox yaxşı bilirdi. Ümmətə kamil nəsihət verməsi üçün o belə bir söz söyləmişdi.
Əgər kəlam bu üç prinsipə əsasən yəni, kamil nəsihət və iradə, kamil bəyan və səlislik, kamil elm və tanıma ilə tamamlanarsa, deməli onun söylənilməsində məqsəd daşıdığı mənanı çatdırmaqdır.
Bu ümumilik ifadəsindən sonra bizim bidəti üç və ya beş qismə bölməmiz düzgün sayıla bilərmi? Xeyr, bu heç vaxt düzgün sayılmaz. Yaxşı bidətin də olduğunu iddia edən bəzi elm adamları bu sözlərini iki çür izah edirlər.
1) Həmin iş bidət olmasın, yalnız onun bidət olması güman edilsin.
2) Həmin iş bidətdir və pisdir. Lakin onu edən, pis olduğunu bilmir.
Nəyinsə yaxşı bidət olduğu iddia edilərsə, ona yuxarıdakı kimi cavab verilməlidir. Buna görə də, bidətçilərin öz bidətlərini yaxşı adlandırması yolverilməzdir. Çünki əlimizdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “hər bir bidət zəlalətdir” kəlamı kimi kəsən qılıncı var. Bu iti qılınc heç nə ilə qarışıq deyildir. O, peyğəmbərlik və risalət mənbəyində hazırlanmışdır. Əlində belə bir iti qılınc olan insanın qarşısına kiminsə: «Bu yaxşı bidətdir» — deyərək çıxması qeyri mümkündür. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) “hər bir bidət zəlalətdir” buyurmuşdur.
Mən sanki sizin bədəninizdə gəzən bir sürünənin aşağıdakıları dediyini hiss edirəm: “Haqqa müvafiq olan, Əmir əl-möminin Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) Ubey ibn Kəbə və Təmim əd-Dariyə insanlara Ramazan vaxtı təravih namazı qıldırmalarını əmr etməsinə nə deyirsən?” Ömər camaatın imamla birgə namaz qılmasını gördükdə demişdir: “Bu nə gözəl bidətdir. Bu gecənin sonunda namaz qılanlar əvvəlində qılanlardan daha üstündürlər.”[4]
Bunun iki cavabı var:
Birincisi, heç bir insanın, istər Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra ümmətin ən əfzəl şəxsi sayılan Əbubəkrin, istər ikincisi sayılan Ömərin, istər üçüncüsü olan Osmanın, istərsə də dördüncüsü olan Əlinin və yaxud da bunlardan qeyrisinin sözü Peyğəmbərin kəlamına qarşı qoyula bilməz. Çünki Allah təalə buyurur:
فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
“…Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!» (ən-Nur, 63).
İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: ”Bilirsən bəla (ərəbcə «fitnə») nədir? Bəla, şərik qoşmaqdır. Ola bilər ki, insan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduqlarının bir qismini rədd etməklə azğınlıqdan qəlbinə nə isə girsin və onu məhv etsin.”
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mən qorxuram sizin başınıza göydən daş yağsın. Mən sizə deyirəm ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurub, siz deyirsiniz ki, Əbubəkr və Ömər belə deyib.”
İkincisi, biz yəqin elmlə bilirik ki, möminlərin əmiri Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Allah təalənin və Onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) kəlamını layiqincə uca tutan insanlardan biri idi. Hətta o, Allahın qoyduğu hədləri aşmayan bir insan kimi tanınırdı. Həmçinin onu Allah təalənin kəlamında dayanan (ərəbcə «vaqqaf») kimi vəsf edirdilər. Ömər ibn əl-Xəttabın mehrə məhdudiyyət qoymaq istəyinə öz etirazını bildirən qadının rəvayətində isə, əgər bu hekayə doğrudursa, qadın bu ayəni sübut gətirmişdi:
وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا
“…onlardan birinə çoxlu mal vermiş olsanız da…” (ən-Nisə, 20). Ömər bundan sonra öz fikrindən dönmüşdür. Lakin bu rəvayətin etibarlı olması şübhə doğurur.
Hər halda məqsəd Ömərin (Allah ondan razı olsun) Allah təalənin qoyduğu hədləri aşmamasıdır. Ömərin (Allah ondan razı olsun) “Bu nə gözəl bidətdir” sözü ilə bəşəriyyətin seyyidi olan Muhəmmədin (salləllahu aleyhi və səlləm) “hər bir bidət zəlalətdir” kəlamına müxalif olması və Peyğəmbərin nəzərdə tutduğu bidət məfhumuna daxil olması ona yaraşmazdı. Onun dediyi “gözəl bidət” sözünü Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu “hər bir bidət zəlalətdir” ifadəsinin tərkib hissəsindən çıxarılması zəruridir. Çünki Ömər “Bu nə gözəl bidətdir” sözü ilə insanların dağınıq deyil, bir imamın başçılığı altında camaat şəklində namaz qılmasına işarə edirdi. Ramazan ayında təravih namazlarının bu cür qılınması əslində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özündən də nəql edilmişdir. əl-Buxari və Müslimin “Səhih” adlı əsərlərində Aişədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə o deyir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç gün insanlara imamlıq edərək camaat şəklində təravih namazı qıldı. Dördüncü gün isə, onlardan ayrıldı və buyurdu: “Mən qorxdum ki, bu namaz sizə fərz edilsin. Sizin isə onu qılmağa gücünüz çatmasın.”[5]
Deməli, Ramazan gecələrində təravih namazının bu cür qılınması Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsidir. Allahın Elçisi (salləllahu aleyhi və səlləm) həmin namazı vahid camaat şəklində qılmağı tərk etdikdən sonra insanlar onu fərdi, iki-iki, yaxud da daha çox sayda olmaqla məsciddə qılırdılar. Məhz bu səbəbdən Ömər onu bidət adlandırmışdı. Möminlərin əmiri münasib və doğru rəyinə əsaslanaraq insanların bir imamın başçılığı altında namaz qılmasına göstəriş vermişdir. Bu, müəyyən səbəbə görə yəni, özündən əvvəl insanların dağınıq şəkildə olması ilə əlaqədar olan bidətdir. Ömərin (Allah ondan razı olsun) əsassız olaraq özündən icad etdiyi mütləq bir bidət deyildir. Çünki bu sünnə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə də mövcud idi. Sünnə olmasına baxmayaraq Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında tərk edilmişdir. Ömər isə, onu bir daha qaytarmışdı. Təbii ki, bidətçilər bu izahdan sonra yaxşı bidət adlandırdıqları əməllərinə Ömərin sözü ilə bəraət qazandıra bilməyəcəklər.
Bəzi insanlar deyə bilər ki, bir çox bidətlər var ki, müsəlmanlar onu məqbul saymış və ona müvafiq əməllər etmişlər. Baxmayaraq ki, həmin işlər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zəmanəsində yox idi. Məsələn, təhsil ocaqları, tədris ləvazimatı sayılan kitablar və s. Müsəlmanlar bu bidətləri yaxşı iş adlandıraraq onlara riayət etmiş və ən xeyirli əməllərdən hesab etmişlər. Bu halda müsəlmanların az qala hamılıqla dəstəklədiyi bir işlə, onlara başçılıq edən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “hər bir bidət zəlalətdir” kəlamı arasındakı ziddiyyəti necə götürək.
Biz belə cavab verməliyik: Əslində bu, bidət yox, şəriətin icrasına vasitədir. Vasitələr zaman və məkana görə dəyişə bilərlər. Qaydalara əsasən, vasitələrin məqsədlərlə bağlı hökmləri vardır. Şəriətə əsaslanan vasitə yolverilən, şəriətə əsaslanmayan vasitə isə yolverilməzdir. Həmçinin haram vasitənin özü də haramdır. Şərə vasitəçilik edən xeyir iş də qadağan olunmuş və şərli sayılır.
İzzət sahibi Allahın kəlamını dinlə:
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ
“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.” (əl-Ənam, 108).
Müşriklərin ilahlarının söyülməsi düşmənçilikdən deyil, həqiqətdən doğurur. Lakin aləmlərin Rəbbinin söyülməsi heç bir vəchlə yolverilməzdir. Bu, düşmənçilik və zülmdür. Buna görə də müşriklərin ilahlarının haqlı söyülməsi, Allahın söyülməsinə səbəb olarsa, o, haram və yolverilməz sayılar.
Bunu vasitələrin məqsədlərə uyğun hökm daşımasına bir dəlil olaraq qeyd etdim. Təhsil ocaqları, elmi əsərlər və kitablar Peyğəmbərin dövründə olmadığına görə bidət sayılsa da, onlar məqsədi deyil, vasitəni bildirirlər. Vasitələr isə, məqsədlərə bağlı hökm daşıyırlar. Məsələn, bir nəfərin haram olan elmin tədrisi üçün inşa etdiyi binanın tikilişi də haram sayılır. Digər şəxsin isə, şəriət elmlərinə yiyələnmək üçün tikdiyi təhsil ocağının tikilişi isə, icazəli hesab olunar.
Peyğəmbərin (salləllahu aleyhi və səlləm): “Kim İslamda yaxşı sünnə (yol) qoyarsa, ona öz savabı ilə yanaşı, Qiyamətə qədər bu sünnəyə əməl edənlərin savabı yazılar.”[6] hədisinə nə cavab verək sualına deyəcəyik ki, “Kim İslamda yaxşı sünnə (yol) qoyarsa…” kəlamını buyuran, “hər bir bidət zəlalətdir” sözünü də söyləmişdir. Doğru danışan və doğruluğu təsdiqlənən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bir sözü digər sözünü yalan etməz. Onun kəlamı heç vaxt ziddiyyətli ola bilməz. Allahın və ya Onun Elçisinin kəlamında uyğunsuzluq olduğunu zənn edənlər bir daha nəzər yetirsinlər. Bu zənn onların öz nöqsanları və ya təqsirləri ucbatındandır. Allahın və ya Onun Elçisinin kəlamında heç vaxt ziddiyyət ola bilməz.
Bu halda, “Kim İslamda yaxşı sünnə (yol) qoyarsa…” hədisi ilə, “hər bir bidət zəlalətdir” rəvayəti arasında heç bir ziddiyyətin olmadığını bəyan edərək deyirik ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm): “Kim İslamda yaxşı sünnə (yol) qoyarsa…” buyurdu. Bidətlər isə, İslamdan deyillər. Həmçinin buyurur ki, “yaxşı”, lakin bidətlər yaxşı sayılmırlar. Elə isə sünnə qoymaq anlayışı ilə, bidət icad etmək məfhumunu fərqləndir.
Məsələyə etimad ediləcək başqa bir cavab da verilmişdir: “Kim İslamda yaxşı sünnə (yol) qoyarsa…” kəlamı, «kim mövcud olmuş sünnəni yoxa çıxdıqdan sonra dirçəldərsə» mənasındadır. Buna görə də “sünnə qoymaq” sözü, bidətdə olduğu kimi nisbi bağlılıq anlamındadır. Necə ki, itmiş sünnəni onu dirçəldənlə əlaqələndirirlər.
Hədisin nə səbəbdən buyurulmasına işarə edən üçüncü cavab da var. Bu, bir neçə nəfərdən ibarət nümayəndə heyətinin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlməsi ilə bağlı hekayədir. Onlar çox kasıb idilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ətrafındakıları bu insanlara kömək etməyə çağırdı. Ənsarlardan bir kişi gümüşdən olan ağır külçəni gətirərək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qarşısına qoydu. Allahın Elçisinin fərəh və sevinci onun üzündən hiss edilirdi. O, buyurdu: “Kim İslamda yaxşı sünnə (yol) qoyarsa, ona öz savabı ilə yanaşı, Qiyamətə qədər bu sünnəyə əməl edənlərin savabı yazılar.” Burada “Kim İslamda yaxşı sünnə (yol) qoyarsa…” ifadəsi “Kim İslama əlavə edilən əməli yerinə yetirərsə” deyil, “Kim İslamda mövcud olan əməli edərsə” mənasındadır. Çünki yenilik, “hər bir bidət zəlalətdir” kəlamına görə qadağandır.
Qardaşlarım! Bilin ki, tabeçilik yalnız əməlin aşağıdakılara uyğun olması ilə gerçəkləşir.
Altı bənddən birincisi, səbəblə bağlıdır. Əgər insan, şəriətdə varid olmayan səbəblə Allaha ibadət edirsə, bu rədd edilən bidət sayılır. Məsələn, bəziləri Rəcəb ayının iyirmi yeddinci gecəsi oyaq qalaraq bunu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) meraca çıxması ilə əlaqələndirirlər. Təhəccüd (yəni, gecə qılınan nafilə) namazının ibadət olmasına baxmayaraq, o bu səbəbdən qılındığına görə bidət sayılır. Çünki şəriətdə təsdiqini tapmayan səbəb üzərində qurulmuşdur. Bu vəsf yəni, ibadətin səbəb baxımından şəriətə uyğunluğu çox mühümdür. Onun vasitəsilə sünnədən olduğu güman edilən çoxsaylı bidətlər aşkara çıxarılır.
İkincisi, ibadətin əsli şəriətə uyğun olmalıdır. Əgər insan əsli şəriətdə olmayan formada Allaha ibadət edərsə, bu məqbul sayılmaz. Məsələn, kiminsə atı qurban kəsməsi düzgün deyildir. Çünki o, əsl baxımından şəriətə müxalif olmuşdur. Qurban isə, yalnız dəvə, inək və qoyundan olur.
Üçüncüsü, miqdardır. Əgər insan fərz hesab etdiyi bir namaza əlavə etmək istəyərsə, deyəcəyik ki, bu bidətdir və məqbul deyildir. Çünki, miqdar baxımından şəriətə ziddir. Həmçinin Zöhr namazını beş rükət qılmaq istəyən şəxsin namazı yekdilliklə düzgün sayılmır.
Dördüncüsü, ibadətin necə edilməsidir. Əgər insan dəstəmaza ayaqlarını yumaqla başlayarsa, sonra başına məsh çəkər, qollarını yuyar və axırda üzünü yuyarsa, deyəcəyik ki, dəstəmazın batildir. Çünki dəstəmazın bu cür edilməsi necəlik baxımından şəriətə müxalifdir.
Beşincisi, vaxtdır. Əgər insan Zülhiccə ayının əvvəlində qurbanını kəsərsə, onun qurbanı qəbul olunmaz. Çünki o, vaxtı düzgün seçmədiyi üçün şəriətə müxalif olmuşdur.
Mən bəzi adamların Ramazan ayında Allaha yaxınlıq məqsədilə qurban kəsdiyini eşitmişəm. Bu cür əməl bidətdir. Çünki Allaha yaxınlıq niyyəti ilə kəsilən heyvanlar yalnız qurbanlıqda, həcdə və əqiqdə (övlad olduqda) olur. Lakin kiminsə Ramazan ayında heyvan kəsməklə Qurban bayramında qazanılan savabı qazanmasını etiqad etməsi bidət sayılır. Bunu ətə olan tələbata görə etməsi isə, icazəlidir.
Altıncısı, yerin düzgün seçilməsidir. Əgər insan məsciddən qeyri yerdə etikaf[7]edərsə, onun bu əməli düzgün sayılmaz. Çünki etikaf yalnız məsciddə olur. Əgər bir qadın evdə namaz qıldığı otaqda etikaf etmək istəsə, onun bu əməli seçdiyi yer baxımından şəriətə müxalif olduğu üçün düzgün sayılmayacaq.
Başqa bir misala nəzər yetirək. Əgər təvaf etmək istəyən şəxs oradakı sıxlığı görərək, məscidin kənarından bunu etsə, onun bu əməli düzgün sayılmaz. Çünki təvaf Kəbənin ətrafında edilir. Allah təalə buyurur:
وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ
“…evimi təvaf edənlər… üçün təmizlə!” (əl-Həcc, 26).
İbadət, aşağıdakı iki şərtin gerçəkləşməsi ilə saleh əməl sayılır.
Birincisi, əməlin yalnız Allaha görə edilməsi (əl-İxlas).
İkincisi, Peyğəmbərə tabeçilik göstərilməsi (əl-Mutəbəə).
Tabeçilik yuxarıda ötən altı bəndə riayət etməklə gerçəkləşir.
Mən, bəlkə də niyyətləri yaxşı və istəkləri xeyir olan bidət bəlasına düçar olmuş insanlara üzümü tutub deyirəm: Əgər xeyir istəyirsinizsə, Allaha and olsun ki, sələflərin (Allah onlardan razı olsun) yolundan xeyirli yol tanımırıq.
Qardaşlarım! Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsindən arxa dişlərinizlə yapışın. Saleh sələflərin yolu ilə gedərək onların əsaslandıqlarına əsaslanın. Sonra isə, baxın görün bu sizə hansısa zərər verdimi?
Mən, biliyim olmadığı bir şeyi deməkdən Allaha sığınaraq söyləyirəm ki, bidətlərin edilməsinə canfəşanlıq göstərənlərin əksəriyyəti şəriətdə təsdiqini tapmış şünnələrin yerinə yetirilməsinə laqeyd yanaşırlar. Onlar bidətləri icra etdikdən sonra taqətsiz halda sübuta yetmiş sünnələrə üz tuturlar. Bunların hamısı bidətlərin qəlblərə pis təsir göstərməsi nəticəsində əmələ gəlir. Bidətlərin qəlblərə mənfi təsiri olduqca böyükdür. Onlar din üçün də çoxlu təhlükələr törədirlər. İnsanlar Allahın dinində hər hansı bir bidətə yol verdikdə onun misli qədər və ya daha artıq sünnəni itirirlər. Necə ki, sələfdən olan bəzi alimlər bunu öz əsərlərində qeyd etmişlər.
Şəriətə əsaslanan insan, aləmlərin Rəbbindən olan qorxusunun, itaətkarlığının, təslimiyatının və ibadətlərinin kamilləşməsini hiss edir. O həmçinin müttəqilərin imamına, elçilərin seyyidinə və kainatın Rəbbinin Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) tam tabeçiliyini duyur.
Mən nəsihətimi Allahla və ya Onun ad və sifətləri ilə, yaxud da Peyğəmbəri (salləllahu aleyhi və səlləm) və onun uca tutulması ilə bağlı bidətləri yaxşı hesab edən bütün müsəlman qardaşlarıma ünvanlayıram. Onlar Allahdan qorxsunlar və bu işlərindən əl çəksinlər. Əməllərini yenilik deyil tabeçilik, Allaha şərik qoşmaq deyil, ibadəti Ona məxsus etmə (ixlas), bidət deyil, sünnə üzərində qursunlar. Şeytanın yox, mərhəmətli olan Allahın sevdiyi işləri etsinlər. Sonra qəlblərinin necə sağlam, diri və arxayın olduğunu, mənəvi rahatlıq tapdıqlarını və böyük bir nuru əldə etdiklərini görəcəklər.
Allah təalədən bizi hidayət yolu ilə gedənlərə bələdçi və islah edənlərə başçı etməsini diləyirəm. O, bizim qəlblərimizi iman və elm nuru ilə işıqlandırsın. Öyrəndiklərimizi arzu olunmaz aqibətimizə çevirməsin. Yolumuzu mömin qullarının yolu ilə bir etsin. Bizi müttəqi övliyalarından və nicat tapan dəstəsindən etsin. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Muhəmmədə, onun ailəsinə və bütün əshabələrinə Allahın salavatı və salamı olsun.
[1] İmam Əhməd rəvayət etmişdir. (21612, 21770, 21771).
[2] Muslim, “Təharət” fəsli, “İstitabə” bölümü, (h. 262).
[3] Hədisi imam Əhməd (17274, 12275), Əbu Dabud (Sünnə fəsli, Sünnənin lüzumu bölümü, rəqəm 4607), ət-Tirmizi (Elm fəsli, Sünnəyə əsaslanmaq və bidətlərdən çəkinmək bölümü, rəqəm 2676), İbn Macə (Sünnə fəsli, Seçilmiş raşidi xəlifələrin sünnəsinə tabe olmaq bölümü, rəqəm 42) rəvayət etmişdir. ət-Tirmizi demişdir ki, hədis həsən səhihdir. Rəvayəti Hakim (1/95) etibarlı (səhih) saymış və Zəhəbi onunla razılaşmışdır. “Hər bir zəlalət isə (Cəhənnəmlik) oddadır.” sözləri yuxarıdakı mənbələrdə yoxdur.
[4] əl-Buxari, “Təravih namazı” fəsli, “Ramazada təravih qılanın fəziləti” bölümü (h. 2010).
[5] əl-Buxari, “Təravih namazı” fəsli, “Ramazan ayında təravih qılanın fəziləti” bölümü (h. 2012), Müslim, “Müsafirlərin namazı” fəsli, “Ramazan ayında namaza həvəsləndirmə və bu təravih namazıdır” bölümü (h. 761).
[6] Müslim “Zəkat” fəsli, “Xurmanın yarısı və ya gözəl kəlimə ilə sədəqə, Cəhənnəm odunun qarşısına çəkilmiş maneədir” fəsli (h. 1612) rəvayət etmişdir.
[7] Etikaf, insanın bir neçə gün zəruri hallar istisna olmaqla məsciddə qalaraq ibadət etməsidir.