On dördüncü: Qazilik və şahidlər fəsli

Bu fəsil, özündə iki bölümü əhatə edir.

Birinci bölüm:

Qazilik haqqında

Bu fəsildə bir neçə məsələ var:

Birinci məsələ: Qazilik sözünün tərifi, hökmü və caiz olmasının dəlili:

1- Qazilik sözünün tərifi:

Qazilik sözünün lüğəti mənası: Hökm vermək və iki (mübahisəli) şeyin arasını ayırmaqdır. Bir işdə hökm vermək yəni, o işdən qutarmaq, başa çatdırmaq mənasını da bildirir. Ərəb dilində «qada» hökm verdi, «yaqdi» hökm verir, «qadaən» hökm vermək dedikdə yəni, hökm verdi, iki şeyin arasını ayırdı mənasındadır.

Qazilik sözünün şəriət mənası: Dini hökmü açıqlamaq, (başqasını) bu hökmə riayət etdirmək, mübahisə edən şəxslər arasında hökm vermək və mübahisələrə son qoymaq deməkdir.

Qazilik, zülmə mane olduğu üçün ona, hökm adı verilmışdlr. Hökm sözünün kökü, hər bir şeyi öz yerinə qoymağı vacib edən hikmət sözündən götürülmüşdir.

2- Qaziliyin hökmü və hikməti:

Cəmiyyətdə insanlar arasında qazilik etməyin hökmü, fərz kifayədir. Əgər insanlar arasında hökm verməyi bacaran, savadlı bir insan bu vəzifəni icra edərsə, qalan insanların üzərindən günah götürülər. Əgər bacaran insanlar bu vəzifəni icra etməkdən boyun qaçırarlarsa bu zaman orada olan bütün müsəlmanlar günah qazanarlar. Çünki insanlar öz aralarında olan ixtilaflı məsələlərdə daima qazinin hökmünə ehtiyac duyurlar. Qazilik etmək, Allaha yaxınlaşdıran ən əzəmətli əməllərdən biridir, çünki məhz qazilik etmək səbəb ilə məzluma kömək olunur, cəzalar tətbiq edilir, hər bir haqq öz sahibinə qaytarılır, insanların arası islah edilir, mübahisələrə və ixtilaflara son qoyulur və beləliklə də cəmiyyətdə əmin-amanlıq bərqərar olur və yer üzündə fitnə-fəsad və şər azalır.

Haqların itməməsi, zülmün yayılmaması üçün, dövlət rəhbərinin rayonlara və məntəqələrə kifayət qədər qazilər təyin etməsi vacibdir. Qazilik etməyi bacarmayıb və üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirə bilməyən bir kimsənin belə bir məsuliyyətli vəzifədə çalışması, Allah qatında böyük bir günah olduğu kimi, qaziliyi bacarıb öz üzərinə düşən məsuliyyəti lazımınca yerinə yetirməyə qadir bir insanın, bu vəzifəsində çalışmasının əzəmətli fəziləti və böyük savabı vardır.

3- Qaziliyin caiz olmasının dəlili:

Qazilik Kitab, Sünnə və icma dəlilləri ilə sabitdir.

Qurani-Kərimdən qaziliyə dəlil Uca Allahın bu ayəsidir: “Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver.” [1]

Sünnədən olan dəlillərə gəldikdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Əgər hakim hökm verdiyi zaman ictihad etsə, sonra da verdiyi hökm düz çıxsa, iki savab qazanar. Əgər hökm verdiyi zaman ictihad etsə, sonra da verdiyi hökm səhv olsa, bir savab qazanar»[2].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü insanlar arasında qazilik edib hökm vermiş, səhabələrdən qazilər təyin etmişdir və həmçinin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra səhabələr və onlardan sonra bu ümmətin saleh sələfləri qaziliklə məşğul olmuşlar.

İcmadan olan dəlil: Müsəlmalar, qazilər təyin etməyin və insanlar arasında hökm verməyin caiz olması barədə yekdil rəydədirlər.

İkinci məsələ: Qazinin şərtləri:

Qazilik edən insan, aşağıda qeyd edilən şərtlərə əsasən seçilməlidir:

1- Qazi, müsəlman olmalıdır, çünki İslam, ədalətli olmaq üçün şərtdir. Kafir isə adil deyil. Kafir bir kimsəni qazi təyin etmək onu uca tutmaqdır, bizdən isə onu aşağı tutmaq tələb olunur.

2- Qazi, mükəlləf yəni, həddi-büluğa çatan və əqli qüsursuz insan olmalıdır. Çünki uşaq və dəli, mükəlləf deyil və həmçinin onlar başqa bir kimsənin himayəsi altındadırlar.

3- Qazi, azad insan olmalıdır. Çünki qul, ağasına xidmət etməklə məşğuldur və o, insanlar arasında böyüklük edən və hökm verən deyil. Necə ki, qadın belədir.

4- Qazi, kişi olmalıdır. Bu vəzifəyə qadın həvalə edilmir, çünki o, böyüklük etməyə qadir insan deyil. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Başçılığı qadına həvalə edən qövm, heç vaxt nicat tapmaz»[3].

5- Qazi, günahlardan uzaq insan olmalıdır. Fasiq insana qazilik həvalə edilmir. Çünki Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın!” [4]

Əgər şəriət fasiqin gətirdiyi xəbəri qəbul etmirsə, onun verdiyi hökmləri heç bir zaman qəbul etməz.

6- Qazi, kar, kor və ya lal olmaq kimi daimi xəstəliklərdən salamat olmalıdır. Çünki qazidə bu xəstıliklərdən hər hansı biri olduğu təqdirdə, mübahisə edən tərəflər arasında hökm verməyə qadir olmaz. Amma bəzi alimlərin «Qazinin kor olmaması» şərtini qoymaları isə, digər alilərə görə səhih deyil.

7- Qazi, öz fiqhi məzhəbində alimlərdən hansı birinə təqlid etsə belə, qazi təyin edildiyi sahədə, o barədə olan şəriət əhkamları bilməlidir.

Üçüncü məsələ: Qazinin ədəbi, əxlaqı və qaziyə icazəli və qadağan olan əməllər.

1- Qazi, təkəbbür və sərtlikdən uzaq olmalıdır. Qüvvətli bir kimsənin onun qarşısında zorla başqasının haqqını tələb etməməsi üçün onun qüvvətli və heybətli olması və zəif bir kimsənin də onun adil olmasından ümüdünü üzməməsi üçün, zəiflik göstərmədən mülayim olması lazımdır.

2- Qazi, qarşısında mübahisə edən insanın sözündən qəzəblənib yalnış hökm verməmək üçün, xasiyyətcə yumşaq, həlim və tələsməyən olmalıdır.

3- Qazi, iddiaçının onu aldatmaması üçün, zəkalı, uzaq görən, ayıq və diqqətli olmalıdır.

4- Qazi, Allahın haram etdiyi şeylərdən təmiz, təqvalı və iffətli olmalıdır.

5- Qazi, Allahın ona verdiyi ruziyə qane olan, sadiq, düzgün rəy sahibi və elm əhli ilə məşvərət edən olmalıdır.

Əli -Allah ondan razı olsun- demişdir: «Qazidə, beş xüsusiyyət olmadıqca onun qazi olması düzğün deyil: Qazi, iffətli və həlim olmalı, özündən qabaq olan qazinin verdiyi hökmləri bilməli, ağıl, dərrakə sahibləri ilə məşvərət etməli və Allah üçün heç kəsin tənəsindən qorxan olmamalıdır»[5].

6- Qazinin, iki mübahisəçidən biri ilə gizlincə danışması yaxud ikisindən birinə gözəl münasibət göstərməsi yaxud ikisindən birinə dəlilləri yaxud da necə iddia etməyi öyrətməsi haramdır.

7- Qazinin şiddətli qəzəb halında hökm verməsi haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hakim qəzəbli olduğu halda iki nəfərin arasında hökm verməsin!»[6].

Qazinin, qəm-qüssə, aclıq, susuzluq, yorğunluq, xəstəlik və s. bu kimi fikrini yayındıran hallarda hökm verməsi, qəzəbli halında hökm verməsi ilə müqayisə edilir.

8- Qazinin rüşvət alması haramdır: Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah, hökm verdiyinə görə rüşvət alana və rüşvət verənə lənət etsin»[7].

Rüşvət qazini, haqq sahibinin leyhinə hökm çıxarmasına mane olur yaxud haqsız insana batil hökm çıxarmasına sövq edir, bunların ikisi də böyük şərdir.

9- Qazinin iki mübahisəçidən yaxud onların birindən hədiyyələr qəbul etməsi haramdır. Bir kimsə qaziyə, onun qazi təyin edilməsindən əvvəl də hədiyyə verirdisə, qazi təyin olunduqdan sonra da hədiyyə verməsində qəbahət yoxdur. Lakin bu, hədiyyə verənin qazi yanında mübahisəli işi olub, qazinin də onun xeyrinə hökm verməsi məqsədi ilə edilməməlidir. Amma bütün bunların hamısından uzaq olmaq, qazi üçün daha əfzıldir. Qazi, cəmiyyətdə onun qaziliyinə və şəxsiyyətinə xələl gətirən hər bir xoşagəlməz əməldən yan durmalıdır. Hətta alış-veriş olsa belə qazi onu tanıyan insanlardan alış-veriş etməməlidir. Çünki kimsə qazinin hörmətini qazanmaq məqsədi ilə ona nəyi isə bağışlaya bilər. Alış-veriş də bağışlamaq, hədiyyə etmək kimidir. Əgər qazinin alış-veriş etməyə ehtiyac olarsa bu zaman onu alış-veriş etdiyi bilinməyən bir kimsənin vasitəsi ilə etməlidir.

10- Qazinin, özü üçün və şahidlik etməsi qəbul edilməyən yaxın qohum-əqrəbası üçün yaxud düşməni üçün hökm verməsi cazi deyildir. Çünki qazinin bu kimsələr arasında hökm verməsi, onun bu kimsələrin leyhinə yaxud əleyhinə hökm çıxartması ilə nəticələnə bilər.

11- Qazi (qabadcadan məsələdən xəbəri olduğuna görə) öz elmi ilə hökm verməməlidir. Çünki qazi məsələni ərtaflı bilməyib hökm verdiyinə görə ittiham oluna bilər.

12- Qazi, hökm məclisində baş verən şeyləri yazmaq üçün yanında katib, qapıçı, insanları yaxşı tanıyan və müxtəlif dillər bilən tərcüməşi bir kimsəni təyin etməsi müstəhəbdir. Çünki qazi insanların işləri ilə məşğul olduğu üçün onun başqasının köməyinə ehtiyacı vardır.

13- Qazinin öz hökmlərini, Allahın Kitabına və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsinə isnad edərək verməsi vacibdir. Əgər Kitab və Sünnədə dəlil tapmazsa, ümmətin icmasına əsaslanaraq hökm verməlidir. Əgər icmada da dəlil tapmazsa, ictihad etməyə qadirdirsə, ictihad etməlidir, əgər qadir deyilsə bu zaman alimlərdən soruşub, onların fətvasına əsasən hökm verməlidir.

14- Qazi hökm məclisində iki mübahisəçi arasında hər bir şeydə adil olmalıdır. Ömər -Allah ondan razı olsun-, Əbu Musa əl-Əşariyə -Allah ondan razı olsun- məktub yazıb bildirdi: «Davranış, oturuş və ədalətli olmaq baxımından insanlara bərabər gözlə bax. Zəif insan, sənin adil olmağından ümüdünü üzməsin. Adlı-sanlı insan da səni zülmə sövq etməsin»[8].

Dördüncü məsələ: Qazinin tərəflər arasında hökm verməsinin qaydası:

Qazi tərəflər arasında, aşağıda qeyd edilən qaydalara əsasən hökm verməlidir:

— Əgər iki mübahisə edən, qazinin onlar arasında hökm verməsi üçün gələrlərsə, bu zaman qazi onlardan: «Hansınız iddiaçısınız?» -deyə soruşmalı yaxud iddiaçı özü danışmağa başlayana qədər susub, danışdıqdan sonra isə onun iddialarını dinləməlidir.

— Əgər iddiaçı, düzğün şəkildə iddia edərsə, qazi, ittiham olunandan, iddialara öz mövqeyini bildirməsini tələb etməlidir. Əgər ittiham olunan iddiaları təsdiqləyərsə, qazi iddiaçının leyhinə hökm verməli, inkar edərsə, qazi iddiaçıdan iddialarını isbat edəcək dəlil tələb etməlidir.

— Əgər iddaçının dəlili varsa, qazi ondan dəlili gətirməyi tələb etməli, şahidlərini dinləməli və sonda mübahisəni əvvəlcədən bildiyi üçün öz elminə əsaslanaraq deyil, yalnız dəlillərə əsaslanaraq hökm verməlidir.

— Əgər iddiaçının dəlili olmazsa, qazi ona, onun ittiham etdiyi kimsədən and içməyi tələb etmək imkanı olduğunu öyrətməlidir. Vail ibn Hucr -Allah ondan razı olsun- belə rəvayət edir: «Hadramövtdan (Yəməndə yer adı) və Əl-Kində adlanan yerdən iki kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi. Hadramövtdan olan kişi dedi: «Ey Allahın elçisi, bu mənə aid torpağımı əlimdən alıb. Bu torpaq atamın olub.» Əl-Kindili kişi isə dedi: «Bu torpaq mənim əlimdədir onu əkirəm. Onun bunda haqqı yoxdur». Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hadramövtdan olana: «Sənin dəlilin varmı?» -deyə soruşdu. O: «Xeyr» deyə cavab verdikdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Sənin and içdirməyin lazımdır.» — dedi: Hadramövtdan olan dedi: «Ey Allahın Elçisi, kişi facirdir (yalançıdır), nəyə and içdiyi heç vecinə də deyil. Heç bir şeydən qorxub ehtiyat etmir». Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə buyurdu: «Sənə ondan bu vardır». Kişi and içdirməyə getdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) kişi çevrilib getdiyində, belə buyurdu: «Əgər o malına, onu zülm ilə yemək üçün and içərsə, Allahla qarşılaşdıqda Allah Təala ondan üz çevirər»[9].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə buyurur: «İddiaçı dəlil gətirməlidir, ittiham olunan adam isə and içməlidir»[10].

— Əgər iddiaçı, ittiham olunanın andını qəbul edərsə, qazi ittiham olunanı and içdirməli və onu sərbəst buraxmalıdır. Çünki əsil budur ki, insan ona yönəldilmiş ittihamlardan uzaqdır.

— Əgər ittiham olunan insan and içməkdən boyun qaçırıb, imtina edərsə, qazi onun and içməkdən imtina etməsinə görə, iddaçının leyhinə hökm çıxarmalıdır. Çünki ittiham olunanın and içməkdən imtina etməsi, iddaçının iddasında doğru olduğuna dəlalət edən açıq-aydın sübutdur. Həmçinin Osman -Allah ondan razı olsun- və bəzi elm ehli, ittiham olunanın and içməkdən imtna etməsinə görə, iddiaçının haqlı olduğu barədə hökm vermişlər.

Amma bəzi elm əhlinin rəyinə əsasən, əgər ittiham olunan and içməkdən imtina edərsə bu zaman qazi, iddiaçıdan haqlı olduğuna görə and içməsini tələb etməlidir. İddiaçı and içərsə, onun haqqa yaxın olduğu üçün iddia edilən haqqa sahib olar.

— Əgər ittiham olunan and içərsə, qazi onu sərbəst buraxmalıdır. Amma iddiaçı günlərin birində haqlı olduğunu isbat edən bir dəlil gətirərsə, qazi həmin dəlilə əsasən onun haqlı olduğu barədə hökm verməlidir. Çünki hökm məclisində inkar edənin and içməsi, haqqın, sahibinə çatmasına mane olmur, əksinə mübahisəni aradan qaldırır.

İkinci bölüm:

Şahidlər barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Şahidlər sözünün tərifi, hökmü və dəlilləri:

1- Şəhadət sözünün tərifi:

Şəhadət sözü lüğətdə «Qəti xəbər» mənasını bildirir. Hadisəyə şahidlik edən insan, hadisəni müşahidə edib, gördüyünü xəbər verdiyi üçün sözün kökü müşahidə etmək sözündən götürülmüşdür.

Fəqih alimlərə görə şəhadət sözünün tərifi: Hökm məclisində, hər hansı bir haqqın bir kimsənin xeyrinə, başqa bir kimsənin isə əleyhinə olduğunu xəbər verməkdir. Yaxud: Bu, şahidin: «Şahidlik edirəm» yaxud «Şahidlik etdim» yaxud bunları əvəz edən xüsusi sözlərlə, bildiyi bir şeyi xəbər verməsidir.

2- Şahidlik etməyin hökmü:

Allahın haqlarından başqa olan haqlarda -yəni, insanların haqlarında- şahidlik etməyin hökmü fərz kifayədir. Əgər bir kimsə şahidlik edərsə, məqsəd yerinə yetdiyi üçün şahidlik etmək istəməyənlərə günah yazılmaz, əgər şahidlik etməyə yalnız məyyən insanlar məsləhət görülərsə, bu zaman o kimsələrin şahidlik etməsi onlara vacib olar. Çünki Uca Allah buyurur: “Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar.” [11]

Qazi qarşısında şahid olduğu şeyi əda etməyin hökmü: İnsan bir işə şahid olduqdan sonra nə zaman qazi yanına gəlib, şahid olduğu iş barədə xəbər verməyə çağırılarsa, gedib şahidlik etməsi fərz ayındır. Çünki Uca Allah buyurur: “Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır.” [12]

Bu, şahid olduğu şeyi gizlətənlər üçün şiddətli əzabdır. Bu ayə, şahid olduqdan sonra, şahidlik etmək üçün çağırıldığı zaman, onu əda etməsinin fərz olduğuna dəlalət edir.

Şahid olmaq və bu şahidliyi əda etməyin vacib olması üçün, şahidə, şahidlik etdiyinə görə zərər gəlməməsi şərtdir.

Əgər şahidlik etdiyinə görə onun namusuna, malına, canına və ailəsinə zərər gələrsə, şahidlik etməsi vacib deyil, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Dində (başqasına) zərər vermək və zərəri zərər ilə qarşılamaq da yoxdur»[13].

3- Şahidlik etməyin caiz olmasının dəlilləri:

Şahidlik etməyin caiz olmasına Kitab, Sünnə və icma dəlalət edir. Kitabdan olan dəlil, Uca Allahın bu ayəsidir: “Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar.” [14]

Uca Allah buyurur: “(Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin!” [15]

Uca Allah buyurur: “Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır.” [16]

Uca Allah buyurur: “(Aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun.” [17]

Uca Allah buyurur: “Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir.” [18]

Sünnədən olan dəlillərə gəldikdə isə, İbn Məsud -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ya sən iki şahid gətirməlisən ya da o, and içməlidir»[19].

İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İddiaçı dəlil gətirməlidir, inkar edən adam isə and içməlidir»[20].

Alimlər, haqların isbatı üçün, şahidlik etməyin caiz olması barədə yekdil rəydədirlər. Çünki insanın, başqa bir kimsənin onun üçün şahidlik etməsinə ehtiyacı var.

İkinci məsələ: Şəhadəti qəbul edilən şahidin şərtləri:

Şəhadəti qəbul edilən insanda aşağıda qeyd edilən şərtlərin olması şərtdir:

1- İslamda olmaq:

Kafirin şəhadəti məqbul deyil. Çünki Uca Allah buyurur: “(Aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun.” [21]

İzzət və Cəlal sahibi olan Allah buyurur: “Razı olduğunuz şahidlər.” [22]

Kafir, adil və Allahın ondan razı qaldığı insan deyil. Amma müsəlman səfərdə ikən, ölüm ayağında olduğu zaman vəsiyyət etdikdə, kitab əhlindən olan kafirlərdən hər hansı biri bu vəsiyyətə şahidlik edərsə, zərurət olduğuna görə bu şahidlik qazi tərəfindən məqbul hesab edilir.

Bu hal yalnız, müsəlmanın səfərdə ölüm ayağında ikən yanında kitab əhlindən başqa bir kimsənin olmadığı vaxta aiddir. Çünki Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun.” [23]İbn Abbas və bir çox alimlər, Uca Allahın bu ayəsi barədə demişlər: Özünüzdən olmayan iki nəfəri.Yəni, müsəlmanlardan qeyri, kitab əhlindən olan kimsələrdən[24].

2- Həddi-büluğa çatmaq və əqli qüsursuz olmaq:

Uşaq adilliklə vəsf olunsa belə, ağlı kamil olmadığı və səlahiyyəti naqis olduğu üçün onun şahidlik etməsi məqbul hesab edilmir. Amma uşaqların öz aralarında xüsusən bədən yaralarında, xüsusən də hadisə yerindən ayrılmazdan əvvəl, hamısının sözü eyni gəldikdən sonra, bir-birilərinə etdiyi şahidliklər məqbuldur. Həmçinin dəlinin, ağlı naqis və sərxoş insanın şəhadəti, yəqinliklə hökm vermək üçün kifayət etmədiyinə görə məqbul hesab edilmir.

3- Danışıq qabiliyyətinin olması:

Lalın, hətta işarə etməsi ilə nə demək istəməsi başa düşülsə də şahidlik etməsi məqbul hesab edilmir. Onun şahidliyi yalnız xüsusi hökmlərdə zərurət olduqda məbul hesab edilir. Lakin lal, şahidliyini öz dəsti-xətti ilə bildirərsə, xətt qəlbində olan sözlərə dəlalət etdiyi üçün, məqbul hesab edilər.

4- Yaddaşın yaxşı olması, hadisəni dəqiq yadında saxlaması və ayıq-sayıq olması:

Qafil və insanlar arasına daima xəta, səhv etməklə tanınan bir kimsənin, sözünün etibarlı olmadığı və yenə də xəta və ya səhv etdiyi ehtimalı olduğu üçün, şahidliyi məqbul deyildir. Lakin bəzi vaxtlar xəta, səhv edən kimsənin şəhadəti məqbuldur, çünki heç kim xəta və səhvdən salamat qala bilmir.

5- Adil olmaq:

Fasiqin şəhadəti məqbul deyil. Çünki Uca Allah buyurur: “(Aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun.” [25]

Adil olmaq: Yəni, dində sabit və əxlaqlı olmalı, vacib və müstəhəbləri etməli, haram və məkruhlardan uzaq dayanmalıdır.

Üçüncü məsələ: Şahidliklə əlaqəli bəzi hökmlər:

1- Şahidin, nəyə şahidlik etdiyini bilməsi vacibdir, bilmədiyi bir şeyə şahidlik etməsi caiz deyildir.Çünki Uca Allah buyurur: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü də demə).” [26]

Uca Allah buyurur: “Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə “la ilahə illallah” deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).” [27] Yəni, bəsirət və elm üzərində.

Elm, eşitməklə yaxud görməklə yaxud bir şeyin məşhurlaşması ilə və nəsil-nəcabət, ölüm xəbəri kimi çox vaxt insanlar arasında yalnız yayılmaq səbəbi ilə bilinən xəbərlə hasil olur.

2- Ata oğul üçün, oğul da atası üçün, həmçinin ər-arvadı, arvad da əri üçün, bir-birilərin leyhinə şahidlik etmə ehtimalı olduğuna görə, bir-birilərin leyhinə şahidlik etmələri məqbul hesab edilmir. Amma bir-birlərinin əleyhinə şahidlik etmələri məqbuldur. Əgər atası yaxud oğlu yaxud zövcəsi onun əleyhinə şahidlik edərsə, onun leyhinə şahidlik etmə ehtimalı olmadığı üçün şahidlik etmələri məqbul hesab edilir. Uca Allah buyurur: “Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun!” [28]

3- Düşmənin düşməninin əleyhinə, yaxud özünə fayda vermək yaxud da şəri özündən uzaqlaşdırmaq məqsədi ilə şahidlik etməsi məqbul hesab edilmir. Amma dinə görə olan düşmənçilik, şahidliyinin qəbul olmasına mane olmur, elə buna görə də müsəlmanın kafirin və sünnəyə əməl edənin də bidətçinin əleyhinə şahidlik etməsi məqbuldur.

4- Şahid, şahidlik etdiyi kimsə ona ən yaxın insan olsa belə haqqa şahidlik etməsi vacibdir. Şahidlik etdiyi kimsə yaxın qohumu olduğu üçün haqsızcasına onun xeyrinə şahidlik etmək olmaz. Uca Allah buyurur: “Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun!” [29]

Yəni, şahidlik sənin atanın və yaxın qohumlarına görə də olsa, qohum olduğunuzu nəzərə alıb haqsızcasına onların xeyrinə şahidlik etməyin, əksinə sənin şahidlik etməyinə görə hətta onlara zərər gəlsə belə, siz yenə də haqqa şahidlik edin.

5- İnsanın, ehtiyac olduqda şahid olduğu şeyə görə başqasını öz şahidliyinə şahid tutması məqbul hesab edilir. Məsələn, insanın başqa birinə: «Sən mənin şahid olduğum şeyə şahid ol» yaxud «Sən şahid ol ki, mən filan şeyə şahidəm» — deməsi. Lakin bu hər iki şahidin adilliyi isbat edildikdən sonra, əsil (birinci) şahid olan kimsənin xəstəlik yaxud ölüm və s. bu kimi üzrlü səbəblərə görə şahidlik etməsi mümkün olmadığı zaman icazəlidir.

6- Yalandan şahidlik etmək məqbul deyil və bu, böyük günahlardandır. Uca Allah buyurur: “Murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin.” [30]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Sizə günahların ən böyüyü barədə xəbər verimmi?» – deyə soruşdu. Əshabələr: “Bəli, ya Rəsulallah!”– deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq» – dedi. (Bunu deyəndə) o söykənmişdi; sonra qalxıb oturdu və: «yalan söz danışmaq» – dedi. Bunu o qədər təkrar etdi ki, biz (bir-birimizə): «Nə olardı, susardı!» – dedik.” [31]

Çünki yalandan şahidlik, başqasına zülm etməkdir.

7- Şahidin, şahidlik etməsinə görə nə isə (pul və s.) alması caiz deyil. Lakin şahidlik etmək üçün lazım olan yerə ayağla getməyə aciz olarsa bu zaman minik üçün pulu tələb edə bilər.

8- Şahidlərin sayı, şahidlik edilən hallara görə müxtəlifdir: Zina və livatda (homoseksualizimdə) şahidlərin sayının dörd kişidən aşağı sayda olması qəbul edilmir. Çünki Uca Allah buyurur: “(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər?” [32]

Amma oğurluq, böhtan atma kimi cəzalarda və həmçinin mal olmayan və ya mal qəsd edilməyən və eyni ilə nikahda, talaqda, qaytarmaqda, zihar etməkdə, nəslin isbat olunmasında, vəkalət və vəsiyyət etməkdə və s. bu kimi çox vaxt kişilərin bildiyi işlərdə qadınların şahidliyi deyil, yalnız iki kişinin şahidlik etməsi məqbul hesab edilir. Çünki Uca Allah raci talaq barədə demişdir: “(Aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun.” [33]

Yuxarıda qeyd edilənlər də bununla müqayisə edilir. Çünki bu mal deyil və bununla mal qəsd edilmir və bu daha çox cəzalara oxşayır.

Amma alış-veriş, icarə, möhlət, borc vermək, girov, əmanət qoymaq və s. bunlara oxşar mal və ya mal qəsd edilən şahidliyə gəldikdə isə burada iki kişi yaxud bir kişi və iki qadının şahidliyi məqbul hesab edilir. Çünki Uca Allah buyurur: “Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir.” [34]

Həmçinin mal və ya mal qəsd edilən şahidlikdə, bir kişinin şahidliyi və iddiaçının andı məqbul hesab edilir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə hökm vermişdir.

Amma bakirəliyin pozulması və ya qalması, uşaq doğmaq, əmizdirmək, doğulan uşağın meyit yaxud diri doğulması və s. bu kimi çox vaxt kişilərin bilmədiyi, qadınların gizli eyibləri məsələsində tək-tək qadınların şahidliyi məqbul hesab edilir və belə hallarda tək adil qadının şahidliyi kifayətdir.

Kim zənğin olduqdan sonra fəqir olduğunu idda edərsə, onun fəqirliyini üç kişinin isbat etməsi şərtdir. Çünki Qabisə ibn Xariq əl-Hilali belə rəvayət edir: “Birinə kəfil oldum və buna görə də Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) (yardım, mal) istədim”. Mənə, bizə sədəqə gələnə kimi gözləməmi və sədəqə gəldiyində mənə ondan verəcəyini söylədi sonra isə belə dedi: «Ey Qabisə, üç şeydən başqa istəmək halal olmaz: Kəfalət altına girən kəsə, o malı əldə edincəyə kimi yardım diləmək halal olar, sonra isə ondan əl çəkər. Bütün malını itirən kəsə özünün yaşam təminatını və ehtiyacını ödəyənə kimi yardım diləmək halal olar. Kasıbçılığa düçar olan və qövmündən üç ağıl sahıbi onun kasıb olduğuna səhadət verərək barəsində: «Artıq filankəsə kasıbçılıq üz vermişdir» – deyilən kəsə, yaşam təminatını və ehtiyacını ödəyənə kimi yardım diləmək halal olar. Ey Qabisə, bundan başqa yardım istəyərək yeyən, haram yeyər»[35].

9- Şahidlik edərkən, şəhadət sözlərini istifadə edib, «Şahidlik edirəm» yaxud «Şahidlik etdim» — deməsi şərt deyil, əksinə «Mən filan şeyi belə gördüm yaxud filan şeyi belə eşitdim» — deyərək şahidlik etməsi kifayət edər. Çünki şahidlik etdikdə, şəhadət sözlərinin istifadə edilməsinin şərt olması barədə dəlil varid olmayıb.

Sonra bu, –pak və nöqsansız– Allahın (mənə) bu müxtəsər kitabda yığıb cəm etməyi asanlaşdırdığıdır. Biz, Allahdan bu kitabı xalis Onun üzü üçün olan əməllərdən etməsini və mömin qullarına bu kitab vasitəsi ilə fayda verməsini diləyirik. Dualarımızın sonu: «Həmd olsun aləmlərin Rəbbi Allaha!», Allahın salavatı, salamı və xeyir-bərəkəti Peyğəmbərimiz Məhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!


[1]Sad surəsi, ayə: (26).

[2]Buxari: 7352, Müslim: 1716.

[3]Buxari: 4425.

[4]əl-Hucurat surəsi, ayə: (6).

[5]İbn Qudəmə, Muğni: 14/17. Albani: “Bu əsərin Əlidən rəvayət edildiyini bilmirəm” – demişdir. Beyhəqi isə buna bənzərini Ömər bin Abdulazizdən rəvayət etmişdir. Bax: İrva əl-Ğalil: 8/239.

[6]Buxari: 7158, Müslim: 1717.

[7]Tirmizi: 1336, İbn Maca: 3213. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 1073 də hədisin “səhih” olduğunu bildirmişdir.

[8]Dəraqutni: 512. Hədis “səhih” hədisdir. Bax: İrva əl-Ğalil: 8/241.

[9]Müslim: 223.

[10]Tirmizi: 1341. Albani, Səhih Sünən ət-Tirmizi: 1078 də Amr bin Şeyibin etdiyi rəvayətdə hədisin “səhih” olduğunu bildirmişdir.

[11]əl-Bəqərə surəsi, ayə: (282).

[12]əl-Bəqərə surəsi, ayə: (283).

[13]Hakim: 2/57, 58. Hakim hədisə “səhih” hökmü vermişdir, Zəhəbi də ona müvafiq olmuşdur. Beyhəqi: 6/69, 70. Albani, Silsiləh əl-Əhədis əs-Sahiyhə: 250 də hədisin “səhih” olduğunu bildirmişdir.

[14]əl-Bəqərə surəsi, ayə: (282).

[15]ət-Talaq surəsi, ayə: (2).

[16]əl-Bəqərə surəsi, ayə: (283).

[17]ət-Talaq surəsi, ayə: (2).

[18]əl-Bəqərə surəsi, ayə: (282).

[19]Buxari: 6676, Müslim: 221 – (138). Hədisin ləfzi Müslimə aiddir.

[20]Tirmizi: 1341. Albani, Səhih Sünən ət-Tirmizi: 1078 də Amr bin Şeyibin etdiyi rəvayətdə hədisin “səhih” olduğunu bildirmişdir.

[21]ət-Talaq surəsi, ayə: (2).

[22]əl-Bəqərə surəsi, ayə: (282).

[23]əl-Maidə surəsi, ayə: (106).

[24]Bax: Təfsir İbn Kəsir: 3/211.

[25]ət-Talaq surəsi, ayə: (2).

[26]əl-İsra surəsi, ayə: (36).

[27]əz-Zuxruf surəsi, ayə: (86).

[28]ən-Nisa surəsi, ayə: (135).

[29]ən-Nisa surəsi, ayə: (135).

[30]əl-Həcc surəsi, ayə: (30).

[31]Buxari: 2653, 2654, Müslim: 87.

[32]ən-Nur surəsi, ayə: (13).

[33]ət-Talaq surəsi, ayə: (2).

[34]əl-Bəqərə surəsi, ayə: (282).

[35]Müslim: 1044.