On İkinci: Andlar və nəzirlər fəsli

Bu fəsil, özündə iki bölümü əhatə edir.

Birinci bölüm:

Andlar (əl-Əymən)

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Andın tərifi barədə:

Andlar sözünün lüğəti mənası: Ərəb dilində «əl-Əyman» sözü yəmin sözünün cəmidir. Bu sözə ərəb dilində «əl-Həlif» və «əl-Qasəm» də deyilir. Andın bu adla adlandırılmasına səbəb, ərəblərin and içərkən bir-birinin sağ əlindən tutması idi.

Andlar sözünün şəriət mənası: Allahın ad və ya sifətindən hər hansı bir sifətini dilə gətirməklə bir şeyə özünün təkidini bildirməkdir.

İkinci məsələ: Andların qisimləri:

Andlar sayılıb sayılmaması baxımından üç qisimə bölünür:

1- Bilmədən içilən and (əl-Yəmin əl-Ləğv):

Bilmədən içilən and məqsədsiz içilən anddır. Məsələn: «Xeyr, Allaha and olsun» və ya «bəli, Allaha and olsun» demək kimi. And içən insan, belə and içdikdə həqiqətən də Allaha and içmək məqsədi olmadığı üçün, andın bu növü, bilmədən, məqsədsiz and içmək növündən sayilir. Bir şeyin dogru olduğunu zənn edib, and içdikdən sonra həmin şeyin heç də onun zənn etdiyi kimi olmadığını bilən insanın andı, bilmədən içilən and növündəndir. Çünki Uca Allah buyurur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz).» [1]

Aişə -Allah ondan razı olsun- demişdir: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz» ayəsi, bir kişinin: «Xeyr, Allaha and olsun» və ya «Bəli Allaha and olsun» -kimi məqsədsiz deyilən andları barədə nazil olmuşdur[2].

Andın bu növünə görə insana kəffarə və günah yoxdur.

2- Doğrudan içilən and:

Doğrudan içilən and andiçənin qəsdən söylədiyi və təkid etdiyi anddır. Andın bu növü, gələcək zaman feli ilə və edilməsi mümkün olan bir işə görə içilir. Bu növ and qəsdən, məqsədyönlü içildiyinə görə, bu andı pozan kimsənin kəffarə verməsi vacibdir. Çünki Uca Allah buyurur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar.» [3]

3- Yalandan içilən and (əl-Yəmin əl-Ğamus):

Andın bu növü, başqalarının haqlarını mənimsəmək yaxud aldatmaq və ya xəyanət etmək üçün yalandan and içdiyini bildiyi halda içilən anddır. Yalandan içilən and ən böyük günahlardan biridir. Bu and, kəffarə ilə günahı yumaqdan daha da böyük olduğuna və andın sayılmadığına görə and hesab edilmir və buna görə bilmədən içilən andda olduğu kimi bu anda da kəffarə vacib deyildir. Vacib olan isə tövbə etmək və əgər bu and səbəbi ilə kiminsə haqlarını mənimsəyibsə, haqq sahibinin haqqını qaytarmaqdır. Bu and -Allah qorusun- sahibinin dünyada günaha batmasına və axirətdə isə cəhənnəm oduna girməsinə səbəb olduğu üçün «əl-Ğamus» (batıran) andı adlanmışdır. Bunun haram olmasının dəlili Uca Allahın bu ayəsidir: «Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli bir əzab gözləyir!» [4]

İbn Ömər -Allah ondan razı olsun-, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir»[5].

Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Beş günah vardır ki, bu günahların kəffarəsi yoxdur: Allaha şərik qoşmaq, haqsız yerə adam öldürmək, möminə böhtan atmaq və başqasının malını heç bir haqqı olmadan mənimsəmək üçün yalandan and içmək»[6].

Üçüncü məsələ: Andın kəffarəsi və kəffarənin vacib olma şərtləri:

1- Andın kəffarəsi:

İzzət və Cəlal sahibi olan Allah, qulları andlarını pozduqları zaman, andın öhdəçiliyindən çıxmaq üçün qullarına andın kəffarəsini verməyi vacib etmişdir və bu, Allahın qullarına olan bir rəhmətidir. Uca Allah buyurur: «Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir.» [7]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Hər kim bir şeyə and içər, sonra ondan xeyirlisini görərsə, onu etsin və andını pozaraq kəffarəsini versin»[8].

Bu kəffarə, andını pozan və andına vəfalı olmayan insana vacibdir.

Andın kəffarəsi həm seçim, həm də tərtib ilə verilməlidir. Belə ki, insan andının kəffarəsini verdikdə, hər miskinə yarım saa miqdarında yemək yedizdirməklə on miskini yedizdirməli yaxud hər birinin namazda geyə biləcəyi paltarla on miskini təmin etməli yaxud da ki, eyibsiz bir mömin qul azad etməlidir. Əgər deyilən bu üç şeydən heç birini etməyə qadir olmazsa bu zaman o, üç gün oruc tutmalıdır. Çünki Uca Allah buyurur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır.» [9]

Bu ayədə andın kəffarəsi, həm seçim həm də tərtiblə cəm edilmişdir. Belə ki, insan yedizdirmək, geyindirmək və qul azad etmək arasında ixtiyar sahibidir və bu üçündən hər hansı birini istəsə edə bilər. Əgər bu üç şeydən hər hansı birini etməyə qadir olmazsa, bundan sonra o, üç gün oruc tutmalıdr.

2- Andın kəffarəsinin vacib olma şərtləri:

Andını pozduğu və ya andına vəfalı olmadığı zaman, kəffarənin vacib olması üçün mütləq üç şərtin olması vacibdir: Bunlar:

Birinci şərt: Yuxarıda qeyd edildiyi kimi, and doğrudan (məqsədyönlü) içilən and olmalıdır. Belə ki, and içən andını qəsdən və andını gələcək zaman feli ilə yaxud da gələcəkdə edəcəyini qəsd edərək and içməlidir. Allaha və ya Allahın adlarından yaxud sifətlərindən hər hansı birinə içilən and düzgün and sayılır. Çünki Uca Allah buyurur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar.» [10]

Bu ayə dəlalət edir ki, kəffarə, yalnız qəsdən içilən anda görə vacibdir. Amma istəmədən və ya məqsədsiz içilən and, and sayılmır və buna görə kəffarə vacib deyildir.

İkinci şərt: İnsan, öz istəyi ilə and içməlidir. Kim məcbur edilərək istəmədiyi halda and içərsə, bu and düzgün sayılmaz və buna görə kəffarə də vacib deyil. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həqiqətən Allah ümmətimin xətadan, unutqanlıqdan və məcburi şəkildə etdiyi günahlardan keçmişdir».

Üçüncü şərt: Andı xatırlayaraq öz seçimi ilə bir işi etməyəcəyinə görə and içdikdən sonra həmin işi yenidən etməklə yaxud da bir işi edəcəyinə görə and içdikdən sonra həmin işi etməməklə andını pozmaq. Amma andını unudaraq yaxud məcburiyyət qarşısında qalaraq pozarsa, yuxarıda qeyd edilən hədisə əsasən kəffarə vacib deyildir.

  • And içərkən istisna etmək:

Kim and içərkən «İnşə Allah» deyərsə, o artıq istisna etmişdir. Əgər andını pozarsa, andı pozulmuş sayılmır və buna görə kəffarə vermir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim and içdikdə: İnşə Allah deyərsə, andını pozmaz»[11].

  • Andı pozmaq:

And içən insanın andına vəfalı olması vacibdir, lakin həyatda elə anlar olur ki, bu vaxt müəyyən xeyir və zərərə görə insan andını pozmaq məcburiyyətində qalır. Buna görə də şəriət, yuxarıda qeyd edildiyi kimi, andını pozan insana, andın kəffarəsini verməyi vacib etmişdir.

Andı pozmaq, aşağıdakı qisimlərə bölünür:

1- Andı pozmağın vacib olan qismi:

Bu qisim, insanın ona vacib olan bir iş etməyəcəyinə görə and içməsidir. Buna misal: İnsan qohumluq əlaqələrini birləşdirməyəcəyinə yaxud hər hansı bir haram işi edəyəcəyinə yaxud da mütləq şərab içəcəyinə and içməsidir. Kim vacib bir şeyi etməyəcəyinə və ya asilik olan bir işi edəcəyinə görə and içərsə ona həmin andını pozmaq vacibdir və and içdiyi üçün andın kəffarəsini də verməlidir.

2- Andı pozmağın haram olan qismi:

Bu qisim, insanın ona vacib olan bir iş edəcəyinə yaxud haram işi etməyəcəyinə görə and içməsidir. Onun bu andı, Allah qullarını mükəlləf etdiyi şeyi edəcəyinə görə olduğu üçün, andına vəfalı olması vacib və andını pozmaq isə haramdır.

3- Andı pozmağın mübah (edilməsi və ya edilməməsi könüllü, ixtiyari olan) olan qismi:

Bu qisim, insanın mübah olan bir iş edəcəyinə yaxud etməyəcəyinə görə and içməsidir.

Dördüncü məsələ: Caiz və qadağan olunan bəzi andların növləri:

Caiz olan and, Allaha yaxud da Allahın sifətlərindən hər hansı birinə içilən anddır.

Buna insanın: «Allaha and olsun» yaxud «Allahın üzünə and olsun» yaxud «Allahın əzəmətinə, böyüklüyünə and olsun» kimi and içməsini misal çəkmək olar… İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ömər bin Xəttabın səfərdə ikən atasına (atasının canına) and içdiyini eşidib dedi: «Agah olun ki, Allah sizə ata-babalarınıza and içməyi qadağan etmişdir, qoy and içmək istəyən kəs ancaq Allaha and içsin yaxud da sussun!» [12]

İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) andı: «Xeyr, qəlbləri Çevirənə and olsun!» idi. [13]

Həmçinin kimsə anda niyyət edərək: «Allaha and içirəm ki, mütləq belə edəcəm» deyərək and içərsə, bu and sayılar: Çünki Uca Allah buyurur: «Onlar Allaha möhkəm and içdilər.» [14]

Qadağan olunan andların bəzi növləri:

1- Allahdan başqasına and içmək. Məsələn: «Həyatına və ya əmanətə and olsun»… demək.

Abdullah bin Ömər -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Qoy and içmək istəyən kəs ancaq Allaha and içsin yaxud da sussun»[15].

2- Özünün yəhudi və ya xristian olmasına yaxud Allahdan yaxud Allahın elçisindən uzaq olduğuna and içərsə, dediyi kimi də olar. Çünki Bureydə atasından -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim and içdikdə: Mən İslamdan uzağam deyərsə, əgər yalan deyibsə belə, dediyi kimi olar, əgər doğru deyibsə, İslama salamat geri qayıtmaz»[16].

3- Ata-babaya və tağuta and içmək. Abdurrahman bin Səmura -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Tağutlara və ata-babalarınıza and içməyin»[17].

İkinci bölüm:

Nəzirlər

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Nəzirin tərifi, caiz olması və hökmü:

1- Nəzirin tərifi:

Nəzir sözünün lüğəti mənası, vacib etmək deməkdir. Məsələn: Bir şeyi nəzir etdin -dedikdə, yəni, həmin şeyi özünə vacib etdin.

Nəzir sözünün şəriət mənası: Mükəlləf bir insanın öz istəyi ilə özünə Uca Allah üçün hər hansı bir şeyi vacib etməsidir.

2- Nəzirin caiz olması və hökmü:

Nəzir etmək Kitab, Sünnə və ümmətin yekdil rəyinə (icmasına) əsasən caizdir və bu haqda qarşıda dəlillərlə daha ətraflı danışılacaq.

İlk olaraq nəzir etməyin hökmü müstəhəb deyil, məkruhdur. Rəvayət edilir ki, İbn Ömər -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəzir etməyi qadağan edib demişdir: «Nəzir (qədərdən) heç nəyi dəyişdirə bilməz. Bu sadəcə xəsis adamdan qoparılan bir şeydir»[18].

Nəzir edən insan, şəriətin ona vacib etmədiyi bir şeyi özünə vacib edib, özünü məşəqqətə saldığı üçün nəzirin hökmü məkruhdur, çünki müsəlmandan tələb olunan, xeyir əməlləri heç bir nəzir demədən etməkdir.

Amma hər hansı bir itaət əməli etmək üçün nəzir edərsə, bu zaman nəzirinə vəfalı olub, yerinə yetirməsi ona vacibdir. Çünki Uca Allah buyurur: «(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir.» [19]

Uca Allah buyurur: «Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar.» [20]

Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın»[21].

İzzət və Cəlal sahibi olan Allah, Qurani-Kərimdə nəzirlərinə vəfalı olub onu yerinə yetirənləri öyüb tərif etmiş və Peyğəmbərə də (sallallahu aleyhi və səlləm) nəzirini yerinə yetirməyi əmr etmişdir. Bütün bunlar, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunan nəzir etməyin qadağan olmasının haramlığına deyil, məkruh olmasına və nəzir etməklə özünü nəzir məsuliyyətinə salmağın qadağan olmasına dəlalət edir. Amma nəzir etdikdən sonra nəzirinə vəfalı olub onu yerinə yetirmək vacibdir və Pak və Nöqsansız olan Allaha itaət olan bir əməldir. Nəzir ibadət növlərindən biridir və onu Uca Allahdan başqasına sərf etmək olmaz. Kim qəbirə, övliyaya və ya başqasına nəzir edərsə, Uca Allaha böyük şərik qoşmuşdur. Bundan Allaha sığınırıq!

İkinci məsələ: Nəzirin şərtləri və nəzirin sözləri:

1- Nəzirin şərtləri:

Nəziri yalnız həddi-büluğa çatmış, əqli qüsursuz və öz ixtiyarı ilə edən insanın deməsi səhihdir. Uşağın, dəlinin, əqli qüsurlunun və məcbur edilərək nəzir verənin nəzir deməsi səhih deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır…».

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Allah ümmətimin xətadan… etdiyi günahlarını bağışlamışdır».

Artıq bu hədis bir neçə dəfə təkrarlanmışdır.

2- Nəzirin sözləri:

Nəzirin forması və nəzir etmək üçün deyilən sözlər. Burada insanın: «Allah üçün bu işi görmək mənə vacibdir yaxud filan şeyi etmək üçün nəzir edirəm» və s. buna oxşar nəzir etməyini açıq-aşkar şəkildə dediyi sözləri misal çəkmək olar.

Üçüncü məsələ: Nəzirin qisimləri:

1- Səhih və xəta olan nəzir:

Nəzir, düzgün olub-olmaması baxınından səhih və xəta yaxud caiz və qadağan qisimlərinə bölünür.

Əgər nəzir, Uca Allaha itaət və Ona yaxınlaşdıran bir əməl üçün edilibsə, bu nəzir səhihdir və onu yerinə yetirmək vacibdir.

Əgər nəzir, qəbirlərə yaxud övliyalara yaxud peyğəmbərlərə yaxud qətlə yetirəcəyinə yaxud da şərab içəcəyinə və s. bu kimi Uca Allaha asilik olan əməlləri etmək üçün deyilərsə, bu nəzir, nəzir sayılmaz və belə nəzirləri yerinə yetirmək haramdır.

2- Qeydsiz və qeydli nəzir:

— Qeydsiz nəzir: Nəzirin bu növü, insanın heç bir şərt qoymadan və ya nəzirini heç bir şərtə bağlamadan özünə nəziri vacib etməsidir. Bu növ nəzir, Allahın ona bəxş etdiyi nemətə şükür səbəbi ilə də ola bilər yaxud da səbəbsiz ola bilər. Məsələn: Bir insanın: «Allah üçün namaz qılmağa yaxud oruc tutmağa nəzir edirəm» — deməsi. Əgər kim belə bir nəzir edərsə, nəzirini yerinə yetirməsi vacibdir.

—  Qeydli nəzir: Nəzirin bu növü, insanın öz nəzrini hər hansı bir şərtə və ya müəyyən bir şeyin olmasına bağladığı nəzirdir. Məsələn, bir insanın: «Əgər Allah xəstəmə şəfa versə yaxud da səfərdə olan yaxın adamım gəlsə, Allah üçün filan işi etməyə nəzir edirəm» — deməsi. Kim belə bir nəzir edərsə, qoyduğu şərt və istədiyi şey olarsa, nəzirini yerinə yetirməsi vacibdir.

Dördüncü məsələ: Nəzirin növləri və hökmləri:

Nəzir, hökmlərə bölünməsinə və yerinə yetirməyin vacib olub-olmamasına görə beş qisimə bölünür:

1- Mütləq nəzir:

Məsələn, insanın heç bir ad çəkmədən və heç bir şərt qoymadan: «Allah üçün nəzir edirəm» -deməsi. Kim belə nəzir edərsə, nəzirin qeydsiz və qeydli olmasından asılı olmayaraq, and kəffarəsi kimi kəffarə verməsi vacibdir. Çünki Uqbə bin Amir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Heç bir ad çəkilmədən (heç bir şərt qoymadan) edilən nəzirin kəffarəsi, and kəffarəsidir»[22].

2- Licəc və qəzəb nəziri:

Nəzirin bu növü: İnsanın bir şeyi etmək yaxud etməmək yaxud bir xəbəri təsdiqləmək yaxud təkzib etmək məqsədi ilə nəzirini hər hansı bir şərtə bağlamasıdır. Məsələn, insanın, başqa bir kimsəyə: «Əgər səni danışdırsam yaxud bu işi sənə xəbər verməsəm yaxud bu xəbər səhih yaxud yalan olarsa, həcc etməyə yaxud qul azad etməyə nəzir edirəm…» — deməsi.

Nəzirin bu növündə, nəzir etmək və Allaha yaxınlaşmaq məqsədi olmadığı, əksinə burada məqsədin, bir işi etməyə yaxud da etməməyə həvəsləndirmək olduğu üçün bu nəzirin hökmü, and içmək hökmündədir. Belə bir nəzir edən kimsə, nəzirini yerinə yetirməklə, and kəffarəsi vermək arasında seçim sahibidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Nəzirin kəffarəsi and kəffarəsidir»[23].

3- Mübah nəzir:

Bu növ nəzir: İnsanın paltar geyinməsi yaxud miniyə minməsi və s. buna oxşar mubah olan şeyləri etmək üçün nəzir deməsidir. Şeyxulislam İbn Teymiyyənin rəyinə əsasən bu növ nəzir edən insana heç bir şey vacib deyil, çünki rəvayət edilir ki, İbn Abbas -Allah onların hər ikisindən razı olsun- demişdir: Bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə verərkən (günün altında) ayaq üstə durmuş bir nəfəri gördü və onun (niyə belə etdiyini) soruşdu. (Əshabələr) dedilər: “Bu, Əbu İsraildir! O, ayaq üstə duracağına, oturmayacağına, kölgəyə çəkilməyəcəyinə, danışmayacağına və oruc tutacağına dair nəzir etmişdir”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Ona de ki, danışsın, kölgəyə çəkilsin, otursun və orucunu tamamlasın!»[24].

4- Asilik nəziri:

Bu növ nəzir: İnsanın şərab içməsinə və qəbirlərə yaxud qəbir sahiblərinə nəzir demək yaxud heyzli olduğu və ya bayram günlərində oruc tutmağı nəzir etməsidir. Belə bir nəzir etmək düzgün sayılmır və yerinə yetirmək də vacib deyil. Çünki Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim Allaha asi olmağı nəzir etmişsə, Ona asi olmasın».

Çünki Allaha asilik etmək heç bir zaman icazəli deyil və asilyə görə də kəffarə verilmir.

5- Təbərrur nəziri:

Bu növ nəzir, bir şeyi əldə etmək üçün, nəzirin şərtli və ya şərtsiz olmasından asılı olmayaraq, namaz qılmaq, oruc tutmaq və həcc etmək kimi itaət nəziridir. Əgər nəzir heç bir şərt qoyulmadan edilibsə, nəziri ümumən yerinə yetirmək, amma şərt qoyularaq edilibsə, yalnız qoyduğu şərt yerinə yetdikdə etmək vacibdir. Çünki Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin».

Beşinci məsələ: Yerinə yetirilməsi qadağan olan bəzi nəzir növləri:

Yerinə yetirilməsi qadağan olan nəzir, asilik etmək üçün edilən nəzirdir. Bu nəzirin bəzi növləri aşağıdakılardır:

1- Şərab içmək yaxud heyz günlərində oruc tutmaq üçün nəzir etmək. Çünki Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim Allaha asi olmağı nəzir etmişsə, Ona asi olmasın».

2- Ölülərə edilən nəzir. Bura, insanın ölmüş bir kimsəyə: «Ey ağam filankəs! Əgər səfərdə olan yaxın adamım qayıtsa yaxud xəstəm sağalsa yaxud ehtiyacım ödənsə (çətin işim asanlaşsa) sənin üçün bu qədər pul yaxud yemək yaxud (yandırmaq üçün) şam və ya yağ verməyə nəzir edirəm» -deməsini misal çəkmək olar. Bu növ nəzir məxluq üçün edilən nəzir olduğuna görə belə bir nəzir etmək batildir və Allah qorusun, böyük şirkdir. Nəzirin həm ibadət olduğuna və həm də Allahdan başqası üçün edilmədiyinə görə belə bir nəzir etmək olmaz.

3- Əgər insan, bir qəbir üzərində çıraq yandırmağa yaxud ağac əkməyə nəzir edərsə, bu nəziri yerinə yetirmək olmaz və bu nəzirin məbləği müsəlmanlara fayda verən yerlərə sərf olunmalıdır. Çünki bu asilikdir və yuxarıda Aişədən -Allah ondan razı olsun- rəvayət edilən hədisə əsasən, asi əmələ görə nəzir etmək yoxdur.


[1]əl-Maidə surəsi, ayə: (89).

[2]Buxari: 4613.

[3]əl-Maidə surəsi, ayə: (89).

[4]ən-Nəhl surəsi, ayə: (94).

[5]Buxari: 6298.

[6]Əhməd: 2/326. Albani, İrva əl-Ğalil: 5/26 da hədisin “həsən” olduğunu bildirmişdir.

[7]ət-Təhrim surəsi, ayə: (2).

[8]Buxari: 6722, Müslim: 1650. Hədisin ləfzi Müslimə aiddir.

[9]əl-Maidə surəsi, ayə: (89).

[10]əl-Maidə surəsi, ayə: (89).

[11]Əhməd: 2/309, Tirmizi: 1532. Albani, Səhih Sünən ət-Tirmizi: 1237 də hədisin “səhih” olduğunu bildirmişdir.

[12]Buxari: 6270, Müslim: 1646.

[13]Buxari: 6628.

[14]ən-Nəhl surəsi, ayə: (38).

[15]Buxari: 6270, Müslim: 1646.

[16]Əbu Davud: 3258, Nəsai: 7/6. Albani, Səhih Sünən ən-Nəsai: 3532 də = hədisin “səhih” olduğunu bildirmişdir.

[17]Müslim: 1648.

[18]Buxari: 6692, Müslim: 1639. Hədisin ləfzi Müslimə aiddir.

[19]əl-Bəqərə surəsi, ayə: (270).

[20]əl-İnsan surəsi, ayə: (7).

[21]Buxari: 6696.

[22]Tirmizi: 1528. Tirmizi hədisə “həsən, səhih, qərib” hökmü vermiş, başqaları isə bu hədisin zəyif oldduğunu qeyd etmişlər. Lakin Əbu Davud: 3322 də İbn Abbasın rəvayətinə oxşar rəvayət etdiyi hədis bu hədisi qüvvətləndirir. Bəzi Alimlər isə bunun “mövquf” olduğunu bildiriblər. Bax: Subul əs-Sələm: 3/42.

      Səhabənin sözlərindən və ya əmələrindən edilən rəvayətlərə mövquf adı verilmişdir.

[23]Müslim: 1645.

[24]Buxari: 6704.