Bu fəsil, özündə üç bölümü əhatə edir.
Birinci bölüm:
Yeməklər (Qidalar) haqqında
Bu bölümdə bir neçə məsələ var:
Birinci məsələ: Yeməklər sözünün tərifi, halal və haram olması:
- Yeməklər sözünün tərifi:
Ərəb dilində «əl-Atiməh» sözü «təam» yemək sözünün cəmidir. Təam, insanın qidalandığı yemək-içmək növlərinin ümumi adıdır.
2- Yemək-içməyin halal və haram olmasının bildirən dəlil Uca Allahın bu ayəsidir:
«(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!» [1]
Allah Sübhənəhu və Təala buyurur: «(O Peyğəmbər) onlara təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər.» [2]
Uca Allah digər ayədə buyurur: «(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” [3]
Ayədə deyilən «Təmiz» sözü ilə insanın nəfsinin xoşladığı və istədiyi pak yeməklər nəzədə tutulur. Çünki insan yeməklə qidalandığına görə qidanın onun əxlaqına təsiri vardır. Təmiz qida insana gözəl, xəbis qida isə insana pis təsir bağışlayır. Elə bu baxımdan Pak və Nöqsansız olan Allah, qullarına təmiz, pak qidaları halal, xəbis qidaları isə haram etmişdir.
Yeməklərin əsli halaldır. Yalnız hikmətli şəriətin haram etdiyi qidalar müstəsnadır. Çünki Uca Allah buyurur: «Məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir.» [4]
Ayədə qeyd edilən təfsilat üç şeyi özündə əhatə edir:
1- Mübah olan qidalar.
2- Haram olan qidalar.
3- Şəriətin susduğu qidalar.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu bəyan edərək demişdir: «Həqiqətən də, Allah vacib olanları vacib etmişdir. Onları tələf etməyin. Hədlər qoymuşdur, onları aşmayın. Müəyyən şeyləri haram etmişdir, onları etməyin. Bəzi işlər barədə unutqanlıqdan deyil, sizə mərhəmət olaraq susmuşdur, onları axtarmayın»[5].
İkinci məsələ: Şəriətin, halal və mübah olduğunu bildirdiyi qidalar:
Burada əsil və qayda budur ki, hər bir pak və zərərli olmayan qidanı qəbul etmək mübahdır. Mübah qidalar iki qisimə bölünür: Heyvanlar və bitkilər. Bitkilər dedikdə bura dənli birkilər və meyvələr daxildir. Heyvanlar da iki qisimə bölünür: Suda və quruda yaşayan heyvanlar.
Birinci: Suda yaşayan heyvanlar:
Susuz yaşaya bilməyən bütün heyvanlara suda yaşayan heyvanlar deyilir. Bura, balığın müxtəlif növləri ilə yanaşı balıqdan başqa suda yaşayan heyvanlar da daxildir. Yalnız zəhərli olanlar zərərinə görə müstəsnadır. Həmçinin çirkin və murdar qisminə daxil olan bununla yanaşı öldürülməsi də qadağan edilən qurbağa və murdarlığına, yırtıcı dişi olmasına və həmin dişlə ov etdiyinə görə yeyilməyən timsah da suda yaşayanlardan yeyilməsi haram olanlardır. Bu hökm, Uca Allah bu ayəsinin ümumiliyinə görədir: «(O Peyğəmbər) onlara murdar (napak) şeyləri haram edər.» [6]
Suda yaşayan heyvanı, müsəlman yaxud qeyri müsəlmanın ovlamasından yaxud həmin heyvanın qurudakı oxşarının yeyilməsinin caiz olub olmamasından asılı olmayaraq ümumən yemək caizdir. Suda yaşayan heyvanı kəsməyə ehtiyac yoxdur. Çünki Uca Allah buyurur: «Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi.» [7]
İbn Abbas -Allah ondan razı olsun- demişdir: «Ağah olun ki, dəniz ovu, dənizdən ovlanılandır. Dənizin yeməyi isə dənizin çölə atdığıdır»[8].
Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, bir kişi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşaraq dedi: Ey Allahın elçisi! biz dənizə çıxırıq və özümüz ilə az miqdarda su götürürük, əgər o su ilə dəstəmaz alsaq bizə içmək üçün su qalmayacaq, biz dəniz suyu ilə dəstəmaz ala bilərikmi? Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə cavab verdi: «Onun (dənizin) suyu təmiz, ölüsü isə halaldır»[9].
İkinci: Quruda yaşayan heyvanlar:
Şəriətin, quruda yaşayan heyvanlardan yeyilməsi halal olduğunu bildirdiyi heyvanları, xülasə olaraq aşağıdakı kimi izah etmək olar:
1- Davar (dəvə, inək, kəl, qoyun, keçi və s.):
Uca Allah buyurur: «Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s.) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.» [10]
Pak və Nöqsansız olan Allah diğər ayədə buyurur: «Ey iman gətirənlər! Əhdlərə sadiq olun. Adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi.» [11]
Ayənin ərəbcəsində deyilən «Bəhimətu-l-ənam» sözünün mənası, dəvə, inək və qoyun deməkdir.
2- At:
Cabir ibn Abdullah -Allah onların hər ikisindən razı olsun- belə rəvayət edir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Xeybər günü ev eşşəyinin ətini yeməyi qadağan etdi və at əti yeməyə izn verdi»[12].
3- Varan:
İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki,»Peyğəmbərin (sallallahu aleyhi və səlləm) süfrəsində varan yeyildi»[13].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Siz yeyin o halaldır, lakin o, mənim yediyim yemək deyil»[14].
4- Çöl eşşəyi:
Bu, əhliləşməyən vəhşi eşşəkdir. Əbu Qatədə -Allah ondan razı olsun- rəvayət edir ki, o, çöl eşşəyi görüb onu ovladı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Siz də onun ətindən bir şey varmı?». Əbu Qatədə: «Bizdə onun ayağı qalıb» -dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu alıb yedi[15].
5- Dovşan:
Ənəs İbn Məlik -Allah ondan razı olsun- belə rəvayət edir: «Biz Mərri əz-Zahran adlanan yerdə bir dovşanı hürkütdük və səhabələr onun ardınca qaçdılar və yoruldular. Mən onun ardınca qaçdım və nəhayət onu tutdum. Onu Əbu Talhanın yanına gətirdim. O, onu kəsdi və budunu Peyğəmbərə (sallallahu aleyhi və səlləm) göndərdi, Peyğəmbər də (sallallahu aleyhi və səlləm) onu qəbul etdi»[16].
6- Kaftar:
Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, mən Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) kaftar baradə soruşdum. O, belə dedi: «O, ovdur, əgər onu ovlayarsa qoç fidyə verməlidir»[17].
Yəni, ehramda olduğu halda.
əl-Hafiz İbn Həcər demişdir: Kaftarın halal olması barədə bəzi keçərli hədislər varid olmuşdur[18].
7- Toyuq:
Əbu Musa -Allah ondan razı olsun- rəvayət edir: «Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) toyuq əti yediyini gördüm»[19].
Toyuq qisminə qaz və ördək də aid edilir. Çünki qaz və ördək pak, halal olan quşlardandır və Uca Allahın bu ayəsinə daxildirlər: «(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur.» [20]
8- Çəyirtkə:
Abdullah bin Əbi Əvfə -Allah ondan razı olsun- demişdir: «Biz, Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə yeddi, yaxud altı döyüşdə iştirak etmişdik. (Həmin ərəfədə) biz onunla birgə çəyirtkə yeyirdik»[21].
Üçüncü məsələ: Şəriətin haram olduğunu bildirdiyi qidalar:
Haram olan yeməklər: Hər bir nəcis, murdar və zərəri olan yeməyi yemək olmaz. Haram olan yeməklər aşağıdakılardır:
1- Yeməklərdən haram edilənlər Allahın Kitabında on şeydə əhatə olunmuş və Onun bu ayəsində buyurulmuşdur: «Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş — canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır — dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar sizə haram edildi.» [22]
— Ölü heyvan, öz əcəli ilə ölən və şəriətə müvafiq kəsilmədən öncə ruhu bədənindən çıxan heyvana deyilir. Bu halda ölmüş heyvanın bədənində qanın yığılıb qaldığı və murdar qida olması səbəbi ilə zərərli olduğu üçün onu yemək haram edilmişdir. Amma insanın zərurət halında ehtiyacı qədər ölü heyvandan yeməsi caizdir. Balıq və çəyirtkənin ölüsü halal olduğuna görə bunların hər ikisi, leş hökmündən müstəsnadır.
— Qan: Qan dedikdə burada, axar qan nəzərdə tutulur, çünki axar qan haramdır. Uca Allah başqa bir ayədə buyurur: «(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.» [23]
Amma heyvan kəsildikdən sonra ətin daxilində və damarlarda qalan qan və həmçinin çiyər və dalaq kimi şəriətdə halal olması varid olan qanlar mübahdır.
— Donuz əti: Donuz əti insan səhhətinə həddən artıq zərərli olduğu və həmçinin donuzun murdar və çirkin şeylərlə qidalandığı üçün o murdardır. Uca Allah bunların üçünü də bir ayədə cəm etmişdir: Uca Allah buyurur: «(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.» [24]
— Allahdan başqasının adı ilə kəsilmiş heyvan: Yəni, Uca Allahın adından başqasının adını çəkərək kəsilmiş heyvanın əti. Allahdan başqasının adı ilə heyvan kəsmək Allaha şərik qoşmaq olduğu üçün haramdır və tövhidə ziddir. Çünki qurban kəsmək ibadətdir və bu ibadəti Allahdan başqasına sərf etmək olmaz. Necə ki, İzzət və Cəlla sahibi olan Allah buyurur: «Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!» [25]
— əl-Munxaniqah: Bu, qəsdən yaxud xətadan boğularaq ölən heyvandır.
— əl-Muquzəh: Bu, əsa yaxud küt alətlə yaxud ağir bir şeylə vurulub öldürülən heyvandır.
— əl-Mutəraddiyəh: Bu, hündür bir yerdən yıxılaraq ölmüş heyvandır.
— ən-Natiyhətu: Bu, başqa bir heyvanın buynuzu ilə vurulub gəbərmiş heyvandır.
— Vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş heyvan: Bu, aslan, yaxud pələng yaxud bəbir yaxud canavar yaxud da it tərəfindən bəzi yerləri parşalanıb yeyilmiş və bu səbəbdən ölmüş heyvandır. Uca Allahın yuxarıda qeyd edilən «Canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır» ayəsinə əsasən, axırıncı sayılan bu beş növ heyvan, canı çıxmazdan əvvəl kəsilərsə, yemək halaldır[26].
— Dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar. Bu, Kəbənin ətrafında dik qoyulmuş və cahiliyyə zamanında, üzərində bütlər üçün qurban kəsdikləri daşlardır. Bu, Allahdan başqasının adı ilə kəsilən bölümündə ötdüyü kimi, Allahın haram etdiyi şirk əməl olduğu üçün həmin qurbanlığın ətindən yemək halal deyil.
Haram olan qidalardan həmçinin:
2- Tərkibində zəhər, şərab və sairə sərxoş edici və insanı taqətdən salan qidalar: Çünki Uca Allah buyurur: «Öz əlinizlə özünüzü təhlükəyə atmayın.» [27]
Uca Allah başqa bir ayədə buyurur: «Özünüzü öldürməyin!» [28]
3- Diri heyvandan kəsilən əza (bədən üzvü): Əbu Vaqid əl-Leysi -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Heyvan diri olduğu halda ondan kəsilən əza leş sayılır.» [29]
4- Yırtıcı heyvanlar: Bura, aslan, canavar, pələng, bəbir və it kimi dişləri ilə ovunu parçalayan çöl heyvanları daxildir. Əbu Sələbə əl-Xuşəni -Allah ondan razı olsun- rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yırtıcı (köpək) dişi olan hər bir heyvanı qadağan etmişdir. [30]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Yırtıcı (köpək) dişi olan hər bir yırtıcı heyvanı yemək haramdır»[31].
5- Yırtıcı quş: Bura, qartal, şahin, çalağan və bayquş kimi caynağı ilə ov edən yırtıcı quşlar daxildir. İbn Abbas -Allah onların hər ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yırtıcı (köpək) dişi olan hər bir yırtıcı heyvanı və caynağı olan hər bir quşu yeməyi qadağan etmişdir. [32]
6- Qartal və qarğa kimi yeş yeyən hər bir quş, murdar şeylərlə qidalandığına görə haramdır.
7- İlan, əqrəb, sican və çalağan kimi şəriətin öldürməyə icazə verdiyi hər bir heyvanı yemək haramdır. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Beş (növ) heyvan vardır ki, bunlar ziyanvericidirlər və onları haram sayılan ərazidə öldürmək olar: qarğa, çalağan, əqrəb, siçan və quduz it»[33].
Çünki bu heyvanlar murdar və çirkin heyvanlardır.
8- Ev eşşəyi: Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Xeybər günü ev eşşəyinin ətini yeməyi qadağan etdi»[34].
9- Siçan, ilan, milçək, eşşək arısı və bal arısı kimi yeyilməsi murdar, çirkin olan heyvan və həşəratlar. Çünki Uca Allah buyurur: «(O Peyğəmbər) onlara murdar (napak) şeyləri haram edər.» [35]
10- Cəllalə: Cəllalə heyvanı, qidasının əksəriyyətini nəcis ilə qidalanan heyvandır. İbn Ömər -Allah onların hər ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəcasətlə qidalanan (cəllalə) heyvanın ətini yeməyi qadağan etmişdir. [36]
Nəcasətlə qidalanan (cəllalə) heyvanın dəvə, inək, qoyun, toyuq və s. heyvanlardan olmasından asılı olmayaraq bu hökm əti yeyilən bütün heyvanların hamısında eynidir. Əgər nəcasətlə qidalanan (cəllalə) heyvanı nəcis yemindən uzaqlaşdırıb, təmiz və pak yemlər verilərsə bu zaman həmin heyvanı yemək halaldır. Çünki İbn Ömər -Allah onların hər ikisindən razı olsun- nəcasətlə qidalanan (cəllalə) heyvanı kəsmək istədikdə həmin heyvanı üç gün bağlı saxlayardı (üç gün ona yalnız pak yemlər verərdi). Bəzi alimlərin rəyinə görə, nəcasətlə qidalanan (cəllalə) heyvanı kəsməzdən öncə üç gündən çox bağlı saxlamaq lazımdır.
Dördüncü məsələ: Şəriətin susduğu qidalar:
Əşyaların əsli icazəli olduğu üçün, şəriətin susduğu və Kitab və Sünnədə haramığı barədə heç bir şey varid olmadığı qidalar halaldır. Buna dəlil Uca Allahın bu ayəsidir: «Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan Odur.» [37]
Əbu əd-Dərdə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah, Kitabında nəyi halal etmişdirsə o, halaldır, nəyi də haram etmişdirsə o, haramdır və nə haqqında susmuşdursa o, əfvdir. Allahdan afiyətini qəbul edin, çünki Allah heç bir şeyi unudan deyil, sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: «Rəbbin (Öz bəndələrini) unudan deyildir.» [Məryəm surəsi, ayə: 64][38].
Beşinci məsələ: Yeyilməsi məkruh olan qidalar:
Xüsusən məscidlərə, elm məclislərinə və ibadət mərasimlərinə getdikdə soğan, sarımsaq, kəvər, turp və s. bunlara oxşar pis qoxusu olan bitkiləri yemək məkruhdur. Çünki Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim bu ifunətli ağacdan yeyərsə məscidlərimizə yaxınlaşmasın, çünki mələklər Adəm övladının əziyyət çəkdiyi şeydən əziyyət çəkirlər»[39].
Yəni, sarımsaq bitkisi.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa rəvayətdə demişdir: «Hətta sarımsağın iyi gedənədək».
Əgər soğan və sarımsağı iyi gedənə qədər bişirərsə, bu zaman onları yeməkdə heç bir qəbahət yoxdur. Çünki Ömər bin Xəttab -Allah ondan razı olsun- demişdir: «Kim soğan və sarımsaq yeyərsə, qoy iyi gedənə qədər bişirib sonra yesin»[40].
Bu hədisin ravisi demişdir: «Mən, Cabirdən -Allah ondan razı olsun- soruşdum: «Bunu deməklə o, nəyi qəsd edirdi?» O dedi: «Düşünürəm ki, o, çiy sarımsağı qəsd edirdi»[41].
Digər rəvayətdə isə deyilir: «… onun üfunətli qoxusunu qəsd edirdi».
Altıncı məsələ: Yemək ədəbləri:
Yemək yeyən zaman bəzi ədəblər vardır ki, insan bu ədəblərə həris olmalıdir. Bunlar aşağıdakılardır:
1- Yemək yeməyə başladıqda:“Bismilləh!”– demək: Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə -Allah ondan razı olsun- demişdir: «Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) himayəsi altında böyüyən bir uşaq idim. Yemək yeyəndə mən əlimi qabın hər tərəfinə uzadardım. (Bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə belə buyurdu: «Ey oğlan, “bismilləh” de, özün də sağ əllə və öz qabağından ye!» O gündən bəri mən yeməyi ancaq bu qaydada yeyirəm»[42].
2- Sağ əl ilə yemək:
Buna dəlil, yuxarıda qeyd edilən Ömər ibn Əbu Sələmənin -Allah ondan razı olsun- rəvayət ediyi hədisdir.
3- İnsanın, yeməyin ona yaxın olan yerindən yeməsi: Həmçinin buna dəlil, Ömər ibn Əbu Sələmənin -Allah ondan razı olsun- rəvayət ediyi hədisdir. Əgər insan, onunla birgə yemək yeyən kimsənin, onun yeməyin müxtəlif yerlərindən yeməsindən əziyyət çəkməyəcəyindən və onun buna pis baxmayacağına əmindirsə, bu zaman o, yeməyinin istədiyi yerindən yeyə bilər. Rəvayət edilir ki, Ənəs ibn Malik -Allah ondan razı olsun- demişdir: “Bir dərzi yemək hazırlayıb Peyğəmbəri (sallallahu aleyhi və səlləm) qonaq çağırdı. Mən də Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə bu qonaqlığa getdim. Adam Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qabağına çörək və içində balqabaq və qurudulmuş ət tikələri olan şorba qoydu. Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qabdakı balqabaq tikələrini seçib yediyini gördüm. O gündən bəri mən də balqabağı xoşlayıram»[43].
Yaxud insan tək yemək yedikdə və ya yeməkdə müxtəlif çeşidli təamlar olduqda bu zaman başqasına əziyyət verməyəcək dərəcədə, yeməyin müxtəlif yerlərindən yeməsi caizdir.
4- Yeməyi qurtardıqda: “Əlhəmdulilləh!”– demək:
Rəvayət edilir ki, Əbu Umamə -Allah ondan razı olsun- demişdir: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qarşısındakı süfrə qaldırıldıqda deyərdi:
[الْحَمْدُ لِلَّهِ حَمْداً كَثِيراً طَيِّباً مُبَارَكاً فِيهِ، غَيْرَ مُوَدَّعٍ، وَلاَ مُسْتَغْنَىً عَنْهُ رَبَّنَا]
Transkripsiyası: «[Əlhəmdu-li-l-ləhi həmdən kəsiran tayyibən mubərakan fihi ğayra muvaddəin va lə mustağnən anhu Rabbənə]».
«Rəbbimiz Allaha həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək, [sonsuz], ardı-arası kəsilməyən, onsuz keçinmək mümkün olmayan bir həmd!»[44].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Allah yemək yedikdən sonra ona həmd edən və ya su içdikdən sonra ona həmd edən bəndədən razı olar»[45].
5- Yeməyi süfrə üzərində yemək:
Rəvayət edilir ki, Ənəs ibn Malik -Allah ondan razı olsun- demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) nə masa arxasında, nə balaca qabda, nə ki, yumşaq çörək yemədi”. Ravi deyir: Qatədədən soruşdum ki, elə isə onlar yeməyi nəyin üzərində yeyirdilər? Qatədə: «Bu süfrələrin üzərində» –deyərək cavab verdi[46].
6- Dirsəklənmiş halda yemək yeməyin məkruh olması:
Aişə -Allah ondan razı olsun- belə rəvayət edir: Mən, Peyğəmbərə (sallallahu aleyhi və səlləm): «Ey Allahın elçisi! -Canım sənə fəda olsun- dirsəklənmiş halda yemək ye, bu sənin üçün daha rahatdır» –dedim. O, başını, az qala alını yerə dəyəcəyə qədər aşağı saldı və dedi: «Xeyr, əksinə mən, qul necə yeyirsə elə də yeyirəm və qul necə oturursa elə də otururam»[47].
Əbu Cuheyfə -Allah ondan razı olsun- rəvayət edir ki, Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: «Mən dirsəklənmiş halda yemirəm»[48].
7- Xoşlamadığı yeməyi pisləməmək:
Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) heç vaxt heç bir yeməyi pisləməzdi. Yemək xoşuna gəldikdə onu yeyər, əks halda isə onu tərk edərdi»[49].
8- Qabın ətrafından yemək:
Qabın ortasından yeməyin məkruh olması: İbn Abbas -Allah onların hər ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bir qabda ətli şorba gətirildi və Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Qabın ətrafından yeyin, ortasından yeməyin, çünki bərəkət qabın (yaxud yeməyin) ortasına nazil olur»[50].
9- Yeməyi üç barmaqla yemək və qurtardıqdan sonra barmaqları yalamaq:
Rəvayət edilir ki, Kəab bin Malik -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) yeməyi üç barmaqla yeyərdi və əlini yalamadıqca onu (heç nəyə) silməzdi»[51].
10- Yemək əsnasında yerə düşən yaxud yerə dağılan yeməyi görürüb yemək:
Cabir ibn Abdullah -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: «Sizlərdən kiminsə əlindən loxması düşərsə onun üzərində olanı təmizləsin və yesin! Onu şeytan üçün qoymasın!»[52].
11- Qabda qalan yemək qalığını çörək və ya barmaqla silib təmizləmək və ya yalamaq:
Yuxarıda qeyd edilən hədisdə Ənəs -Allah ondan razı olsun- demişdir: «Bizə qabı siyirməyi əmr etdi — yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm) -«.
Yəni, qabı silib təmizləməyi və orada qalan yeməyi götürüb yeməyi.
Başqa rəvayətdə demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) barmaqları və qabı yalamağı əmr etdi və buyurdu: «Siz bərəkətin onun harasında olduğunu bilmirsiniz»[53].
İkinci bölüm:
Kəsilmiş heyvanlar barədə
Bu bölümdə bir neçə məsələ var:
Birinci məsələ: Kəsilmiş heyvanlar sözünün mənası, kəsməyin növləri və heyvan kəsməyin hökmü:
- Kəsilmiş heyvanlar sözünün tərifi:
Ərəb dilində (əz-Zəbəih) kəsilmiş heyvanlar sözü, (zəbiyhə) kəsilmiş heyvan sözünün cəmidir. Bu söz ərəb dilində (məzbuh) mənasındadır.
Kəsilmiş heyvanlar sözünün şəriət mənası: Kəsilmiş heyvan sözü, yalnız dini qaydalara uyğun olaraq kəsilən heyvana deyilir. Ərəb dilində kəsmək sözü, əti yeyilən və kəsilməsi mümkün olan quruda yaşayan hevyanın hülqum və qida borusunu kəsməyə yaxud (hevyanın hürkmə səbəbindən) kəsilməsi mümkün olmayan heyvanı isə yaralamağa deyilir.
2- Kəsməyin növləri:
Heyvan kəsməkdə məqsəd, heyvanın ətini yeməyi halal edən, şəriətə müvafiq kəsimdir. Hevyanın yeyilməsini icazəli edən kəsim növlərinə aydınlıq gətirmək burada münasibdir.
Kəsilmiş heyvanlar sözünün şəriət tərifindən aydın olduğu kimi, hevyanı kəsmək üç qisimə bölünür:
Birinci qisim:
Kəsmək. Bu, müəyyən şərtlər ilə hevyanın boğazını kəsməyə deyilidir.
İkinci qisim:
Heyvanın boğaz nahiyəsinin aşağı hissəsindən kəsmək, bu dəvənin sünnəyə müvafiq olaraq kəsilmə qaydasıdır. Çünki Uca Allah buyurur: «Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!» [54]
Üçüncü qisim:
Yaralamaq: Bu, dəvə, inək, qoyun və çöl heyvanlarından kəsilməsi mümkün olmayan heyvanı boğazından kəsməkdən başqa bədənin başqa hər hansı bir hissəsindən vurub yaralamadır. Rəvayət edilir ki, Rafi ibn Xədic -Allah ondan razı olsun- demişdir: Dəvələrdən biri qaçdı bu zaman bir kişi dəvəni oxla vurdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Həqiqətən, bu heyvanlardan (bəzisi) vəhşiləşib vəhşi heyvanlar kimi olmuşdur. Odur ki, onlardan hansı biri əlinizdən çıxıb qaçarsa, onu bunun etdiyi kimi oxla vurun»[55].
3- Kəsməyin hökmü:
Kəsilməsi mümkün olan heyvanı kəsmək lazımdır, bu növ heyvanın əti yalnız (boğazından) kəsildikdə halal ola bilər. Bu məsələdə alimlər arasında ixtilaf yoxdur. Çünki Uca Allah buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan sizə haram edildi.” [56]
Yeməklər fəslində qeyd edildiyi ki, kəsilməyən hər bir heyvan leşdir. Bu hökmdən balıq, çəyirtkə və yalnız suda yaşayan heyvanlar müstəsnadır. Çünki bu heyvanlar kəsilməsə də halaldır.
İkinci məsələ: Heyvan kəsməyin səhih olmasının şərtləri:
Bu şərtlər üç qisimə bölünür:
1- Heyvanı kəsən insanla bağlı olan şərtlər.
- Kəsilən heyvanla bağlı olan şərtlər.
- Heyvan kəsilən alətlə bağlı olan şərtlər.
Birinci: Heyvanı kəsən insanla bağlı olan şərtlər:
1- Heyvan kəsən insanın, kəsməyə layiq insan olması:
Belə ki, heyvanı kəsən insanın, kişi və ya qadın yaxud müsəlman və ya kitab əhli olmasından asılı olmayaraq, o, əqli qüsursuz və yaxşını pisdən ayıra bilən insan olmalıdır. Uca Allah buyurur: “Kəsdiyiniz heyvanlar müstəsnadır.” [57] Bu ayə, müsəlmanın kəsdiyi heyvan haqqında nazil olmuşdur.
Uca Allah başqa bir ayədə buyurur: “Kitab əhlinin yeməkləri sizə halaldır.” [58]Bu ayə isə, Kitab əhlinin kəsdiyi heyvanlar haqqında nazil olmuşdur.
İbn Abbas -Allah ondan razı olsun- demişdir: «Kitab əhlinin yeməkləri yəni, onların kəsdikləri hevyanlar»[59].
Amma Kitab əhli olmayan kafirlərin həmçinin dəli, sərxoş, uşaq və yaxşını pisdən ayıra bilməyən insanların kəsdikləri heyvanlar halal deyil.
2- İzzət və Cəlal sahibi olan Allahdan qeyrisi üçün heyvan kəsməmək və ya heyvanı kəsdikdə Allahdan başqasının adını çəkməmək.
Əgər heyvanı büt yaxud hər hansı bir müsəlman və ya peyğəmbər üçün kəsərsə, həmin heyvanın ətini yemək halal olmaz. Çünki Uca Allah yeməklərdən haram edilənləri sadaladıqda demişdir: “Allahdan başqasının adı ilə (bismilləh deyilmədən) kəsilmiş.” [60]
Əgər kəsilən heyvanda bu iki şərt olarsa, heyvan kəsənin kişi yaxud qadın, böyük yaxud kiçik, azad yaxud qul insan olmasının fərqinə varmadan, kəsilən heyvan halal sayılır.
İkinci: Kəsilən heyvanla bağlı şərtlər.
1- Heyvanı kəsdikdə, heyvanın nəfəs borusu olan hülqumunu, qida borusunu və hülqumun ətrafında bir-birinə qarşı-qarşıya olan iki damarı kəsmək.
Rafi ibn Xədic -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz. Lakin diş və dırnaqla kəsmək olmaz»[61].
Kəsdiyi heyvanın, qanı axması və həmçinin heyvanı yuxarıda deyilən yerdən (hülqum, qida borusu və hülqumun ətrafında bir-birinə qarşı-qarşıya olan iki damar) kəsilməsi də şərtdir. Heyvanın xüsusən bu yerdən kəsilməsi, qanının və ruhunun bədənindən tez çıxmasına və ətinin daha da yaxşı olmasına və heyvanın rahat ölməsinə kömək edir. Boğulmaq, (küt alət və ya silahla) vurulmaq, (bir yerdən) yıxılaraq ölmək, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmək, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmək, həmçinin xəstələnmək, tora düşmək yaxud da onu təhlükədən qurtarmaq kimi ölüm səbəbi olarsa, bu halda olan heyvanlara -heyvanın əli və ayağı yaxud gözünün tərpənməsi kimi- heyvanın sağ olmasına dəlalət edən əlamətlər olduğu vaxt çatıb kəsərsə, əti halaldır. Çünki Uca Allah buyurur: “Canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır.” [62] Yəni, haram deyil.
Amma ov, hürkmüş (vəhşiləşmiş) dəvə, quyuya düşmüş heyvan və s. görə heyvanı, yuxarıda deyilən yerdən kəsmək mümkün olmadıqda onun kəsilməsi, bədəninin hər hansı bir yerindən yaralamasıdır. Bu onun kəsilməsi sayılır. Yuxarıda qeyd edilən Rafi ibn Xədicin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə deyilir ki, dəvələrdən biri qaçdı və bu zaman bir kişi dəvəni oxla vurdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Həqiqətən, bu heyvanlardan (bəzisi) vəhşiləşib vəhşi heyvanlar kimi olmuşdur. Odur ki, onlardan hansı biri əlinizdən çıxıb qaçarsa, onunla belə edin»[63].
2- Heyvanı kəsdiyi zaman, İzzət və Cəlal sahibi olan Allahın adını çəkmək “bismilləh” –demək.
“Üstündə Allahın adı çəkilməmiş (– “bismilləh” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır.” [64]
Heyvan kəsdiyi zaman “bismilləh” – deməklə yanaşı, «Allahu Əkbər» –demək də sünnədir. Rəvayət edilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qurban kəsdikdə «Allahın adını çəkdi və Təkbir gətirdi»[65].
Başqa bir hədisdə isə rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) heyvan kəsdikdə deyərdi:باسم الله، والله أكبر)) «Bismilləh və Allahu Əkbər»[66].
Üçüncü: Heyvan kəsilən alətlə bağlı olan şərt.
Heyvan kəsilən alət, sümük və dırnaqdan başqa, dəmir, mis, daş və s. buna oxşar hülqumu kəsən və qan çıxaran alət olmalıdır. Çünki Rafi ibn Xədic -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz. Lakin diş və dırnaqla kəsmək olmaz»[67].
Diş və dırnaqla heyvan kəsməyin qadağan olmasının hökmünə, insan və ya qeyri insan sümüyünün olmasından asılı olmayaraq bütün sümüklər daxildir.
Bu əşyalarla heyvan kəsməyin qadağan olmasının səbəbi hədisin tamamında bildirilmişdir. «Sizə bunun niyə qadağan olduğunu deyəcəm: Diş sümükdür, dırnaq isə həbəşilərin bıçağıdır».
Sümüklə heyvan kəsməyin qadağan olmasının səbəbi, sümüyün qana bulaşaraq, nəcis olmasına görədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) sümüyü nəcisə bulaşdırmağı qadağan etmiş və sümüyün, cin qardaşlarımızın yeməyi olduğunu bildirmişdir.
Dırnağa gəlincə, səbəb kafirlərə oxşamağın qadağan olunmasıdır[68].
Üçüncü məsələ: Heyvan kəsməyin ədəbləri:
Heyvan kəsilən zaman bəzi əbəblər vardır ki, heyvan kəsən insan bu ədəblərə əməl etməlidir. Bunlar aşağıdakılardır:
1- Heyvan kəsən insan, kəsməzdən öncə bıçağını itiləməlidir. Şəddəd ibn Ovs -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. Öldürdükdə yaxşı öldürün, heyvanı kəsdikdə yaxşı kəsin. Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin»[69].
2- Heyvanı sol tərəfi üzərində yerə uzatmaq və heyvanı kəsdikdən sonra ayağı ilə hərəkət edib rahatlaşması üçün kəsdikdən sonra heyvanın sağ ayağını buraxmaq. Buna dəlil, az öncə Şəddəd bin Ovsun rəvayət etdiyi hədisdir. Həmçinin Əbu əl-Xeyir rəvayət edir ki, ənsarlardan olan bir kişi, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu ona demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) qurbanını kəsmək üçün yerə uzatdı və kişiyə dedi: «Mənə qurbanımı kəsmək üçün kömək et». O da Peyğəmbərə (sallallahu aleyhi və səlləm) kömək etdi[70].
3- Dəvənin sol dizi bağlı halda, iti bir alətlə, dəvənin boynu ilə sinəsi arasında olan boşluğa vurmaq lazımdır. Çünki Uca Allah buyurur: (Qurbanlıq dəvələri) onları ayaq üstə durduqları halda kəsərkən üstlərində Allahın adını çəkin (bismilləh deyin).” [71]
Yəni, dəvəni üç əza üzərində olduğu (sağ ayağı və iki əli açıq vəziyyətdə olduğu) halda kəsin[72].
Rəvayət edilir ki, Abdullah ibn Ömər -Allah ondan razı olsun- dəvəsini yerə çökdürüb kəsmək istəyən bir nəfərin yanından keçərkən ona dedi: «Onu ayağa qaldır, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsinə müvafiq qayda üzrə ayaq üstə, həm də (ayağı) bağlı olduğu halda kəs»[73].
4- Dəvədən başqa heyvanlar kəsmək barədə Uca Allah buyurur: “Allah sizə bir inək kəsmənizi əmr edir.” [74]
Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qurban kəsdiyi kimi iki qoç kəsdi[75].
Dördüncü məsələ: Heyvan kəsən zaman məkruh olan əməllər:
1- Heyvan kəsən zaman küt alətlə kəsmək məkruhdur. Çünki bu heyvana əzab verməkdir. Yuxarıda qeyd edilən Şəddəd bin Ovsun rəvayət etdiyi hədisdə deyilir: «Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin»[76].
Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) heyvan kəsdikdə bıçağı itiləməyi və onu heyvandan gizlətməyi əmr etmişdir[77].
2- Heyvanın ruhu (canı) çıxmazdan əvvəl boynunu sındırmaq yaxud da dərisini soymaq məkruhdur. Çünki Şəddəd bin Ovsun rəvayət etdiyi hədisdə deyilir: «Heyvanı kəsdikdə yaxşı kəsin»[78].
Ömər -Allah ondan razı olsun- demişdir: «Heyvan kəsdikdə tələsib, heyvanın ruhu çıxmazdan əvvəl dərisini soymayın»[79].
3- Heyvanın gözü qarşısında bıçağı itiləmək məkruhdur. Çünki Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bıçağı heyvandan gizlətməyi əmr etmişdir[80].
Beşinci məsələ: Kitab əhlinin kəsdiyi heyvanların hökmü:
Kitab əhlindən olan yəhudi və xristianların kəsdikləri heyvanlar halaldır, çünki Uca Allah buyurur: “Kitab əhlinin yeməkləri sizə halaldır.” [81]
Yəni, ey müsəlmanlar! kitab əhlindən olan yəhudi və xristianların kəsdikləri heyvanlar sizə halal edilmişdir.
İbn Abbas -Allah ondan razı olsun- demişdir: «Kitab əhlinin yeməkləri, yəni, onların kəsdikləri hevyanlar.» [82]
Müsəlmanların yekdil rəyinə (icmasına) əsasən, kitab əhlindən olan yəhudi və xristianların kəsdikləri heyvanlar halaldır. Çünki onlar, başqa kafirlərdən olan bütpərəslərə, zindığlara, mürtədlərə və məcusilərə müxalif olaraq, Allahdan qeyrisinə qurban kəsməyin və ölü heyvanın haram olmasını etiqad edirlər. Elə bu səbəbdən də onların kəsdikləri heyvanlar, qəbirlərə və buna oxşar şeylərə ibadət edən, Allaha böyük şirk qoşan müşriklərin kəsdikləri heyvanlar kimi halal deyil.
Üçüncü bölüm:
Ov barədə
Bu bölümdə bir neçə məsələ var:
Birinci məsələ: Ov sözünün tərifi, hökmü və caiz olmasının dəlili:
1- Ov sözünün tərifi:
Ov sözünün lüğəti mənası: Ov sözünə ərəb dilində «əs-Sayd» –deyilir. «sadə» ovladı, «yasidu» ovlayır, «saydan» ovlamaq» felinin məsdəridir. Yəni, əti yeyilən yaxud yeyilməyən hər hansı bir heyvanı ovlamaq, gizlincə və hiylə yolu ilə ələ keçirmək mənasını bildirir. Beləcə, ovlanmış heyvana ov deyilir.
Ov sözünün şəriət mənası: Əti halal, əhliləşməmiş, vəhşi, heç bir kimsənin şəxsi mülkü və həmçinin əl ilə kəsilməsi mümkün olmayan heyvanı ovlamaq.
Vəhşi heyvan: Əhliləşməmiş hər bir çöl heyvanıdır.
2- Ov etməyin caiz olması:
Ov etmək caiz və mübahdır, çünki Uca Allah buyurur: “Ehramda olarkən ov sizə qadağan edilməklə, adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi.” [83]
Uca Allah buyurur: “Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin.” [84]
Adiy bin Hatim -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əgər əhliləşdirilmiş itini ovun üstünə göndərdiyin zaman “bismilləh” demisənsə, (ovladığın heyvanı) yeyə bilərsən»[85].
Əgər ov insanın ehtiyacına görədirsə bu hökm qüvvədədir. Amma ov sadəcə olaraq əylənmək üçün edilirsə, bu zaman ov etmək məkruhdur. Çünki bu əbəs, nahaq və faydasız bir şeydir və həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) də heyvanı həbs edərək əzabla öldürülməyi qadağan etmişdir[86]. Yəni, heyvanı hədəf edərək vurub öldürməyi.
İkinci məsələ: İcazəli və qadağan olunan ov:
Bəzi hallar müstəsna olmaqla, suda və quruda yaşayan olmasından asılı olmayaraq ovun hamısı icazəlidir. Bu müstəsna hallar aşağıdakılardır:
Birinci hal: Məkkə şəhərinin haram hüdudları daxilində, istər ehram libasında olan insan olsun, istərsə də adi libasda, ov etmək haramdır. Bu alimlərin yekdil rəyidir (icmasıdır). Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkənin fəthi günü demişdir: «Həqiqətən Allah, ğoyləri və yeri yaratdığı gün bu şəhəri haram etmişdir… Bu şəhərin tikanı dərilməz və ovu hürküdülməz»[87].
Hafiz İbn Həcər demişdir: Deyilir ki, bu, (Məkkədə) ov etməyin qadağan olmasını kinayə ilə bildirməkdir. Alimlər deyir: Məkkədə heyvan hürkütməyin qadağan edilməsi, ilk növbədə (orada hər hansı bir şeyi) tələf etməyin haram olunmasını bildirir[88].
İkinci hal: Ehram libasında olduğu vaxt, çöl ovu etmək yaxud ov ovlamaq yaxud ov edən kimsəyə ovu göstərərək yaxud da işarə edərək yardım etmək haramdır. Çünki Uca Allah buyurur: “Ey iman gətirənlər! Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin.” [89]
Həmçinin ehramda olan insana, özü etdiyi ov ətindən yaxud onun üçün ov edilmiş ətdən yemək yaxud da ov edənə yardım etmək haramdır. Çünki Uca Allah buyurur: “Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu.” [90]
Abdullah ibn Abbas -Allah onların hər ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbvada və ya Vəddanda olarkən Sab ibn Cəssamə əl-Leysi ona vəhşi bir eşşək hədiyyə etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədiyyəni onun özünə qaytardı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun üzündə kədər hissi olduğunu görəndə dedi: «Biz onu sənə ancaq ihramda olduğumuza görə qaytardıq.»[91] Yəni, ihram libasında olduğumuza görə.
Üçüncü məsələ: Ovun icazəli olmasının şərtləri:
Ovun halal və icazəli olması üçün bəzi şərtlər vardır. Bu şərtlərin bəzisi ov edən insanla bağlıdır, bəzisi isə ov edilən alətlə.
Birinci: Ov edən insanın şərtləri:
Ovçunun, ovladığı heyvanın halal olması üçün olan şərtlər, heyvan kəsən kimsənin şərtləri ilə eynidir. Belə ki, ov edən, müsəlman yaxud kitab əhlindən olan əqli qüsursuz bir insan olmalıdır. Ov edən insan, heyvan kəsən insana bənzədiyi üçün, heyvan kəsməyə layiq olmayan, dəli yaxud sərxoş yaxud məcusi yaxud bütpərəst yaxud da mürtəd və s. bu kimi insanların kəsdiyi heyvan halal deyildir. Amma balıq və çəyirtkə kimi kəsilməsinə ehtiyac olmayan heyvanları kəsməyə ehtiyac yoxur. Balıq və çəyirtkəni, hətta kəsdiyi halal sayılmayan insanlar da ovlasalar, halaldır. Həmçinin ov edən insana aid şərtlərdən biri də budur ki, ov edən insan, ov etdiyi zaman niyyət etməlidir. Çünki şəriət, ov aləti ilə ovu vurmağı və ya əhlilələşdirilmiş iti ovun arxasınca göndərməyi heyvanı kəsməyə bərabər etmişdir. Elə bu baxımdan da ov etmək üçün niyyət etmək şərtdir.
İkinci: Ov alətinin şərtləri:
Ov aləti iki növdür:
1- Qılınc, biçaq və ox kimi, heyvanı iti tərəfi ilə yaralayan alət olmalıdır: Ov alətində, heyvan kəsən alətdə lazım olan eyni şərtlərin olması şərtdir. Beləliklə ov aləti, qan axıtmağa qadir olan, diş və dırnaq olmayan və ovu küt tərəfi ilə deyil, məhz iti tərəfi ilə yaralayan olmalıdır. Çünki Rafi ibn Xədic -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz»[92].
Peyğəmbər (sallallahu aleyhi və səlləm) mirad deyilən lələksiz oxla vurulmuş ov barəsində soruşulduqda belə buyurdu: “Nəyi deşərsə ye, yox əgər gövdəsi ilə vurulub öldürülmüşsə onu yemə»[93].
Daş, əsa, tələ, dəmir parçası və s. buna oxşar iti tərəfi olmayan alətlər, mirad deyilən ox hökmündədir. Bu hökmdən, günümüzdə istifadə edilən tüfənglə atılan güllə müstəsnadır. Çünki tüfəngin, ovun bədənini deşib qan çıxartma qüvvəti olduğu üçün, güllə ilə vurulan ov halaldır.
2- Yırtıcı heyvanlar və yırtıcı quşlar. Yırtıcı dişi və caynağı ilə ov edən heyvanların ovladığı halaldır. Çünki Uca Allah buyurur: “Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin).” [94]
Yırtıcı heyvanlara iti, bəbiri və pələngi, yırtıcı quşlara isə qartalı və şahini misal çəkmək olar.
Yırtıcı heyvanlarla və yırtıcı quşlarla ov etməyin şərtləri:
Yırtıcı heyvanlarla və quşlarla ov etmək üçün, yırtıcı heyvanların və ya quşların əhliləşmiş olması şərtdir. Yəni, ov arxasınca gedən heyvan, ovu tutmaq qaydalarını bilməli və aşağıda qeyd edilən sifətlərə malik olmalıdır:
1- Ovçu ov etdiyi heyvanı, ovun arxasınca göndərdikdə, ov heyvanını başqa niyyətlə deyil, yalnız ov niyyəti ilə göndərməlidir.
2- Ovçu, ov heyvanını ovun arxasınca göndərdikdə sıçrayıb getməli və onu ovdan uzaqlaşdırdıqda uzaqlaşmalıdır. Bu iki şərt yalnız itə aiddir. Çünki bəbir hətta əhliləşmiş olsa da, demək olar ki, ovçunun göstərişinə məhəl qoymur.
Quşun ov etməyi öyrənməsi isə iki şeylə olur: Ovçu quşu ov arxasınca göndərdikdə getməsi və onu geri çağırdıqda qayıtması.
3- Ov heyvanı ovu tutduqda, sahibinə qayıdana qədər ovladığı heyvandan heç bir şey yeməməlidir.
Bu şərtlərin dəlili Uca Allahın bu ayəsidir: “De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin.» [95]
Adiy bin Hatim -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əgər “bismilləh” deyib əhliləşdirilmiş itini ovun üstünə qısqırtsan və o da ovu tutub öldürərsə, (ondan) yeyə bilərsən. Əgər it (həmin ovdan) yemişdirsə, sən (ondan) yemə. Çünki belə olduğu halda o bu ovu özü üçün ovlamışdır»[96].
Ovu vurduğu zaman (باسم الله)«bismilləh» demək:
Həmçinin şərtlərdən biri də, ovu vurduqda yaxud ov heyvanını ovun arxasınca göndərdikdə باسم الله)) «bismilləh» demək.
Uca Allah buyurur: “Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismilləh, Allahu-əkbər deyin).”[97]
Adi bin Hatim -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə rəvayət etmişdir: «Əgər əhliləşdirilmiş itini ovun üstünə göndərsən, باسم الله)) “bismilləh” de… Əgər Allahın adını çəkib yayla ovlasan, باسم الله)) “bismilləh” de…» [98]
Başqa sözlərlə belə rəvayət olunur: «Əgər əhliləşdirilmiş itini ovun üstünə göndərdiyin zaman باسم الله)) “bismilləh” demisənsə, (ovladığın heyvanı) yeyə bilərsən»[99].
Əgər səhvən باسم الله)) “bismilləh” deməyi unudarsa, ov halaldır. Ən düzünü Allah bilir.
Ovun sağ olduğu halda ona çatmağın hökmü:
Əgər ovçu -heyvanın əli və ayağı yaxud gözünün tərpənməsi kimi- heyvanın sağ olmasına dəlalət edən əlamətlər olduğu vaxt ona çatarsa, heyvanı kəsmək vacibdir. Əgər kəsilməsə əti halal olmaz. Amma heyvanın sağ olmasına dəlalət edən əlamətlər olmadığı vaxt ona çatarsa, bu zaman heyvanı kəsmədən yemək caizdir.
[1]əl-Ənam surəsi, ayə: (145).
[2]əl-Əraf surəsi, ayə: (157).
[3]əl-Əraf surəsi, ayə: (32).
[4]əl-Ənam surəsi, ayə: (119).
[5]Dəraqutni: 4/184, Beyhəqi: 10/12. Şeyx Fövzan, əl-Mulaxxas əl-Fiqhi: 2/460 da Nəvavidən nəql etdiyinə əsasən, Nəvavi bu hədisə “həsən” hökmü vermişdir.
[6]əl-Əraf surəsi, ayə: (157).
[7]əl-Maidə surəsi, ayə: (96).
[8]Dəraqutni: 4/270, Bax: Təfsir İbn Kəsir: 3/189.
[9]Əbu Davud: 1/64, Tirmizi: 69, Nəsai: 59, İbn Maca: 386. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Malik, Muvatta, səhifə: 20, Hakim, Müstədrak: 1/140 və başqaları. Albani, Səhih Sünən ən-Nəsai: 58 də hədisin “səhih” olduğunu bildirmişdir.
[10]ən-Nəhl surəsi, ayə: (5).
[11]əl-Maidə surəsi, ayə: (1).
[12]Buxari: 5520, Müslim: 1941.
[13]Buxari: 5217, Müslim: 1945.
[14]Buxari: 7267, Müslim: 1944.
[15]Buxari: 6839, Müslim: 1196.
[16]Buxari: 2433, Müslim: 1953.
[17]Əbu Davud: 3801, Tirmizi: 4/222, Nəsai: 3443, İbn Maca: 3085. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih sünən İbn Maca: 2522 də hədisin “səhih” olduğunu bildirmişdir.
[18]Fəth əl-Bəri: 9/574.
[19]Buxari: 5517, Müslim: 1649.
[20]əl-Maidə surəsi, ayə: (4).
[21]Buxari: 5495, Müslim: 1952.
[22]əl-Maidə surəsi, ayə: (3).
[23]əl-Ənam surəsi, ayə: (145).
[24]əl-Ənam surəsi, ayə: (145).
[25]əl-Kovsər surəsi, ayə: (2).
[26]əl-Maidə surəsi, ayə: (3).
[27]əl-Bəqərə surəsi, ayə: (195).
[28]ən-Nisa surəsi, ayə: (29).
[29]Əhməd, 5/218, Əbu Davud: 2858, Tirmizi: 1480 və başqaları. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 1197 də hədisin “səhih” olduğunu bildirmişdir.
[30]Buxari: 5530, Müslim: 1932.
[31]Müslim: 1933.
[32]Müslim: 1934.
[33]Buxari: 1829, Müslim: 1198.
[34]Buxari: 5204, Müslim: 1941.
[35]əl-Əraf surəsi, ayə: (157).
[36]Əbu Davud: 3785, İbn Maca: 3189. Hədis “səhih” hədisdir. Bax: İrva əl-Ğalil: 8/149.
[37]əl-Bəqərə surəsi, ayə: (29).
[38]Hakim: 2/375. Hakim hədisə “səhih” hökmü vermişdir. Zəhəbi də ona müvafiq olmuşdur.
[39]Buxari: 5452, Müslim: 564.
[40]Müslim: 567.
[41]Cəmi əl-Usul: 8/280.
[42]Buxari: 5061, Müslim: 2022.
[43]Buxari: 5379.
[44]Buxari: 5459.
[45]Müslim: 2734.
[46]Buxari: 5386.
[47]Bəğavi, Şərh əs-Sünnə: 11/286, 287, Əhməd, Zühd, səhifə: 5,6. Ərnaut, Haşiyə Şərh əs-Sünnə də hədisi başqa mursəl şavahid hədislər vasitəsi ilə “səhih” hesab etmişdir.
[48]Buxari: 5398.
[49]Buxari: 5409, Müslim: 2064.
[50]Əhməd: 1/270, Əbu Davud: 3772, Tirmizi: 1805, İbn Maca: 3288. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən İbn Maca: 2650 də hədisin “səhih” olduğunu bildirmişdir.
[51]Müslim: 2032.
[52]Müslim: 2305.
[53]Müslim: 2033.
[54]əl-Kovsər surəsi, ayə: (2).
[55]Buxari: 5509, Müslim: 1968.
[56]əl-Maidə surəsi, ayə: (3).
[57]əl-Maidə surəsi, ayə: (3).
[58]əl-Maidə surəsi, ayə: (5).
[59]Bu hədisi Buxari “müallaq” rəvayət etsədə, Beyhəqi isə “movsul” olaraq rəvayət etmişdir. Bax: 9/552, 553.
[60]əl-Maidə surəsi, ayə: (3).
[61]Buxari: 5503, Müslim: 1968.
[62]əl-Maidə surəsi, ayə: (3).
[63]Buxari: 5509, Müslim: 1968.
[64]əl-Ənam surəsi, ayə: (121).
[65]Müslim: 1966.
[66]Müslim: (1966) – 18.
[67]Buxari: 5503, Müslim: 1968.
[68]Bax: Fəth əl-Bəri: 9/544.
[69]Müslim: 1955.
[70]Əhməd: 5/373. Heysəmi, Məcma əz-Zəvaid: 4/25 də “Hədisin ricaları səhih ricallardır” – demişdir. Hafiz Bin Həcər, Fəth əl-Bərid: 10/19 da “Hədisin ricalları etibarlı ricallardır” – demişdir.
[71]əl-Həcc surəsi, ayə: (36).
[72]Zəd əl-Musir: 5/432.
[73]Buxari: 1713, Müslim: 1320.
[74]əl-Bəqərə surəsi, ayə: (67).
[75]Buxari: 5554, Müslim: 1966.
[76]Müslim: 1955.
[77]Əhməd: 2/108, İbn Maca: 3172. Albani, Dayif Sünən İbn Maca: 681 də hədisin “zəyif” olduğunu bildirmişdir. Lakin bu hədisi qüvvətləndirən başqa şahid hədislər vardır.
[78]Müslim: 1955.
[79]Beyhəqi: 9/278. Albani, İrva əl-Ğalil: 8/176 də “Bu isnad, həsən isnad oldmasına ehtimal edir” – demişdir.
[80]Əhməd: 2/108, İbn Maca: 3172. Albani, Dayif Sünən İbn Maca: 681 də hədisin “zəyif” olduğunu bildirmişdir. Lakin bu hədisi qüvvətləndirən başqa şahid hədislər vardır.
[81]əl-Maidə surəsi, ayə: (5).
[82]Bu hədisi Buxari “müallaq” rəvayət etsədə, Beyhəqi isə “movsul” olaraq rəvayət etmişdir. Bax: 9/552, 553.
[83]əl-Maidə surəsi, ayə: (1).
[84]əl-Maidə surəsi, ayə: (2).
[85]Buxari: 5483, Müslim: 1929.
[86]Buxari: 5513, Müslim: 1956.
[87]Buxari: 1833, Müslim: 1353.
[88]Fəth əl-Bəri: 4/55, 56.
[89]əl-Maidə surəsi, ayə: (95).
[90]əl-Maidə surəsi, ayə: (96).
[91]Buxari: 1825.
[92]Buxari: 5503, Müslim: 1968.
[93]Buxari: 5168, Müslim: 1929.
[94]əl-Maidə surəsi, ayə: (4).
[95]əl-Maidə surəsi, ayə: (4).
[96]Buxari: 5483, Müslim: (1929) – 3.
[97]əl-Maidə surəsi, ayə: (4).
[98]Müslim: (1929) – 6.
[99]Buxari: 5483, Müslim: 1929.