Onuncu: Cinayətlər fəsli

Bu fəsil, özündə üç bölümü əhatə edir.

Birinci bölüm:

Cinayətlər barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Cinayətin tərifi və qisimləri:

1- Cinayətin tərifi:

Cinayət sözü, cinayətlər sözünün cəmidir. Cinayət sözünün lüğəti mənası, cana, mala yaxud namusa qarşı həddi aşmaqdır. Fəqihlər adətən cinayətlər fəslini, məxsusi olaraq insan bədəninə qarşı həddi aşmağa, cəzalar fəslini isə xüsusi olaraq mala və namusa qarşı həddi aşmağa aid edirlər.

Cinayət sözünün şəriət mənası, insan bədəninə qarşı həddi aşmaqdır ki, nəticədə qisas alınmasını, mal-mülk ödənilməsini yaxud da kəffarə verilməsini vacib edir.

2- Cinayətin qisimləri:

Cinayət iki qisimə bölünür:

  1. Cana qarşı olan cinayət.
  2. Cana qarşı olmayan cinayət.

İkinci məsələ: Cana qarşı olan cinayət:

Cinayətin bu növü, ruhun bədəndən çıxması ilə nəticələnən hər bir hərəkətdir və bu, qətldir. Müsəlmanlar haqsız verə adam öldürməyin haramlığı barədə yekdil rəydədirlər. Çünki Uca Allah buyurur:“Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin.”[1]

Abdullah ibn Məsud -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Allahdan başqa (ibadətə layiq) məbud olmadığına və mənim Allahın Elçisi olmağıma şəhadət gətirən müsəlmanın qanını (axıtmaq) halal deyildir. Yalnız üç hal istisna edilir: Zinakar evli, cana can (qisas) və dinindən dönüb camaatdan ayrılan (mürtəd)»[2].

Haqsız yerə adam öldürmək Kitab, Sünnə və ümmətin yekdil rəyinə əsasən haramdır.

Haqsız yerə adam öldürməyin hökmü:

Əgər bir şəxs başqa bir şəxsi haqsız yerə qəsdən öldürərsə, onun hökmü fasiqdir. Çünki o böyük günah etmişdir. Uca Allah Quranda adam öldürməyin böyük günah olduğunu xəbər verərək buyurur: “Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur.”[3]İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Mömin adam haram buyurulmuş (cana qəsd edib) qan tökməyənədək öz dinində firavanlıq içində olar»[4]. Allah -Sübhənəhu- haqsız yerə adam öldürəni Cəhənnəmlə xəbərdar edərək buyurur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!”[5]Onun işi Allaha qalar. Allah istəsə ona əzab verər, istəsə bağışlayar. Çünki Uca Allah buyurur:“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar.”[6]Onun etdiyi günah Allaha şərik qoşmaqdan aşağı olduğu üçün, Allahın istəyi altındadır. O, tövbə etməzsə belə olar. Amma tövbə edərsə, tövbəsi məqbuldur. Çünki Uca Allah buyurur: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: ‘Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”[7]Lakin qatilin sadəcə tövbə etməsi ilə, öldürülənin haqqı axirətdə düşməz.

Ücüncü məsələ: Qətlin növləri:

Qətl üç qisimə bölünür: Qəsdən qətlə yetirmək, (zahirən) qəsdə oxşayan surətdə qətlə yetirmək və xəta üzündən qətlə yetirmək.

Qəsdən və xəta üzündən qətlə yetirmək barədə Uca Allahın bu ayəsində buyurulmuşdur:“Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir.”[8]

Uca Allah buyurur:“Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!”[9]

Amma (zahirən) qəsdə oxşayan surətdə qətlə yetirməyə gəlincə, pak sünnədə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi sabit olmuşdur: «Qəsdə oxşayan surətdə qətlə yetirməyin qanbahası (diyəsi), qəsdən qətlə yetirməyin diyəsi kimi şiddətlidir»[10].

İndi isə bu üç qismin təfsilatı barədə:

Birinci qisim: Qəsdən qətlə yetirmək:

Qəsdən qətlə yetirməyin həqiqəti, qatilin məsum bir insanı onu öldürə biləcəyini zənn etdiyi alətlə qətlə yetirməsidir. Beləliklə qətlin, qəsdən qətlə yetirmək sayılması üçün üç şərtin olması labüddür:

1- Qatilin niyyəti olması. Bu, qətlə yetirmək istəyinin olmasıdır.

2- Qətlə yetirmək istədiyi insanın, qətlə yetirilməsi haram olan insan olmasını bilməlidir.

3- Qətl törədiyi alət, iti və ya küt olmasından asılı olmayaraq, adətən qətlə yetirmək üçün istifadəsi mümkün olan alət olmalıdır.

Əgər bu şərtlərdən birinə xələl gələrsə, bu zaman qətl, qəsdən qətiə yetirmək sayılmaz.

  • Qəsdən qətlə yetirmənin formaları:

1- Qılınc, bıçaq, nizə və digər bunlara oxşar bədəni kəsən və daxilə nüfuz edən iti alətlə insanı vurması.

2- Böyük daş, çəkic və digər bunlara oxşar böyük həcmli ağır bir əşya ilə insanı qətlə yetirməsi. Ənəs -Allah razı olsun- rəvayət etmişdir ki, bir qızı, başı iki daşın arasına qoyulub əzilmiş halda tapdılar. Qızdan: “Bunu sənə kim edib, filankəsmi, yoxsa filankəsmi?”– deyə soruşdular. Nəhayət bir yəhudinin adı çəkildikdə qız başı ilə işarə etdi. Dərhal yəhudini tutub gətirdilər və (o, öz əməlini) etiraf etdi. Bundan sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmri ilə onun başını iki daşını arasına qoyub əzdilər»[11].

3- İnsanı ip və ya buna oxşar bir şeylə boğmaq yaxud ağzını və burnunu tutub ölənə qədər nəfəsinin çıxmasına mane olmaq.

4- İnsanın bilmədiyi halda ona zəhər içizdirmək yaxud onu öldürə biləcək bir şey yedizdirib öldürmək.

5- İnsanı, yırtıcı və vəhşi heyvanların çox olduğu təhlükəli yerə atmaq yaxud da onu susuz ərazidə buraxmaq.

6- İnsanı, xilas ola bilməyəcəyi suya atıb boğmaq yaxud da qurtulamayacağı oda tullayıb yandırmaq.

7- İnsanı həbs edib, adətən öləcəyi müddətdə yemək-içməksiz qoymaq. Nəticədə isə, onun aclıqdan və susuzluqdan ölməsi.

8- İnsanı, aslan kimi yırtıcı və ya ilan kimi öldürücü heyvanların yanına atıb, ölməsinə səbəb olmaq.

9- Adətən insanın ölümünü vacib edən əməllə məsələn, zina etdiyinə, mürtəd olduğuna, yaxud da bir kimsəni qətlə yetirdiyinə şahidlik edib onun öldürülməsinə səbəb olmaq və sonra da: «Biz qəsdən onun ölməsinə şahidlik etdik» — deyərək etdiyi şəhadətdən geri gönsələr, yalan şahidlik edib günahsız insanın ölümünə səbəb olduquları üçün onlar da öldürülməlidir.

  • Qəsdən adam qətlə yetirməyin hökmü:

Qəsdən adam qətlə yetirməyin iki hökmü var:

1- Axirət hökmü, qətlin haram olmasıdır. Əgər qatil tövbə etməzsə və ya Allah onu əfv etməzsə, onun günahı böyükdür və ona ağrıdıcı əzab var. Çünki uca Allah buyurur: «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!» [12]

2- Dünya hökmü: Əgər qəsdən öldürülən adamın sahibləri, qatili əfv etməzlərsə, dünyadakı hökmü qisasdir. Uca Allah buyurur: «Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) ‘diyə’ (qanbahası) verməlidir.» [13]

Əbu Hureyrə -Allah ondan razı olsun- Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) belə rəvayət etmişdir: «Qətlə yetirilmiş kimsənin varisi iki şeydən birini seçə bilər: ya qatili bağışlamalı, ya da qatil öldürülməlidir».

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa rəvayətdə demişdir:»Ya qatildən qisas alınmalı ya da (ölü sahibinə) qanbahası verilməlidir»[14].

Qan (yəni, ölü) sahibləri, qisas ya da heç bir qarşılıq olmadan bağışlama yaxud da qisasın əvəzinə qanbahası almaq arasında seçim sahibidir. Qan sahibi istəsə diyə qiymətindən çox pul alıb bu hadisəni sülhlə bağlaya bilər. Əl- Muvaffaq deyir ki: «Bu məsələdə, Amr bin Şuayb atasından, o da babasından, o da Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət etdiyi hədisə görə ixtilaf bilmirəm». Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim bir kimsəni qəsdən qətlə yetirərsə, qatil, qan sahiblərinə təhvil verilər. Əgər onlar istəsələr onu öldürərlər, istəsələr də ondan diyə alarlar. Diyə: otuz ədəd üç yaşı tamam olmuş, otuz ədəd dörd yaşı tamam olmuş və qırx ədəd qarnında balası olan dəvələrdir. Öz aralarında nəyi razılaşarlarsa o, onlarındır (qan sahiblərinindir). Bu, (qəsdən qətlə yetirməyin) diyəsinin şiddətli olduğuna görədir»[15].

Qan sahibi, qatildən heç bir müqabil almadan əfv etməsi daha əfzəldir. Çünki Uca Allah buyurur: «Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır.» [16]

  • Cana görə qisasın şərtləri:

Qətlə yetirilmiş kimsənin sahibi, dörd şərtə əsasən qisas ala bilər:

1- Qatil mükəlləf insan olmalıdır: Mükəlləf, həddi-büluğa çatan və əqli qüsuru olmayan insandır. Az yaşlı uşağa, dəliyə, əqli qüsurluya yə yatmış insana qisas yoxdur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır: Yatmış insan yuxudan oyanana qədər, dəli ağıllanana qədər və uşaq həddi-büluğa çatana qədər»[17].

Çünki bu insanlar doğru məqsədə (yəni, normal dərkə) yaxud da öldürmə qəsdinə malik deyillər.

2- Öldürülən insan günahsız insan olmalıdır. Çünki qisas, nahaq qan tökülməsinin qarşısını almaq üçün şəriətdə buyurulmuşdur. Ölüm hökmü kəsilən insan isə, qorunmuş deyil. Belə ki, əgər müsəlman (müharibə zamanı) döyüşən kafiri yaxud tövbə etməzdən əvvəl mürtədi yaxud da evli zinakarı qətlə yetirərsə, ona qisas və diyə yoxdur. Lakin o, hakimdən icazəsiz həddini aşaraq özbaşna belə kimsələri qətlə yetirərsə, buna görə cəzalandırılar.

3- Öldürənlə öldürülən eyni hüquqlu insan olmalıdır. Öldürənlə öldürülən azadlıqda, dində və köləlikdə eyni səviyyədə olan insanlar olmalıdırlar. Müsəlman kafirə görə öldürülməz. Hətta müsəlman qul, azad bir kafiri qətlə yetirsə də, bu belədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Müsəlman kafirə görə öldürülmür»[18].

Həmçinin azad bir insan köləyə görə öldürülməz. Çünki Uca Allah buyurur: «Azad şəxsi azad şəxsin, qulu qulun əvəzində (öldürə bilərsiniz).» [19]

Bundan başqa üstünlüklər qisasda təsir etməz. Şərəfli şərəfsizə, kişi qadına, ağıllı dəli və ağlı naqis insana görə qisasda öldürülür. Çünki Uca Allah buyurur: «Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası candır.» [20]

4- Doğuş baxımından qohumluq əlaqəsinin olmaması. Belə ki, öldürülən, qatilin uşağı və şəcərə aşağı uşağının uşağı (nəvəsi) olmalı deyil. Şəcərə yuxarı valideyindən biri, şəcərə aşağı uşağa görə öldürülmür. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ata oğluna görə qətlə yetirilmir»[21].

Amma övlad, Allahın bu ayəsinin ümumi mənasına əsasən valideyinlərinin hər birinə görə qətlə yetirilir: «Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu).» [22]

  • Qisasda olan hikmət:

Allah -Sübhənəhu- qisas hökmünü insanlara mərhəmət, canlarına mühafizə, düşmənçiliyə son olaraq buyurmuşdur. Bu hökmlə cinayətkar başqasına verdiyi əzabı dadmış olur. Həmçinin caninin öldürdüyü adamın sahiblərinin qəlbindəki qəzəb alovunu söndürmək, insanlara həyat və bəşəriyyətin yer üzündə qalması üçün buyurulmuşdur. Necə ki, Allah -Sübhəhəhu- demişdir: «Ey ağıl sahibləri, qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır.» [23]

  • Qisas almanın şərtləri:

Əgər qisası vacib edən şərtlər hasil olarsa, icra edilər. Üç şərt olmadıqca cinayətkara qisas hökmü tətbiq edilməz və ona əzab verilməz. Bu üç şərt aşağıdakılardır:

1- Qisas almağa layiq olan insan mükəlləf — həddi-büluğa çatan və əqli qüsursuz — insan olmalıdr. Əgər qisas almağa layiq olan insan — yaxud da onlardan bəzisi- uşaq ya da dəli olarsa, bu zaman uşaq həddi-büluğa çatana və dəli ağıllalana qədər cinayətkar həbs olunmalıdır. Bu müddət ərzində onların ikisini başqa bir iki nəfər əvəz edə bilməz. Çünki Müaviyə -Allah ondan razı olsun- belə etmiş və səhabələr də onun bu əməlini təsdiq etmişlər. Bu məsələ sanki onların icması idi.

2- Qisas almağa haqları olan qan sahibləri hamılıqla qisasın alınmasında ittifaq etməlidirlər. Başqasının izni olmadan onun haqqına girib, qan sahiblərindən bəzilərinin qisası tələb etməyə, bəzilərinin isə bağışlamağa haqqı yoxdur. Uzaqda (səfərdə) olan qan sahibinin gəlməsi, uşağın həddi-büluğa çatması və dəlinin ağıllanması gözlənilməlidir. Qisas almağa haqları olan qan sahiblərindən biri vəfat edərsə, varisi onu əvəz edir. Əgər qisas almağa haqları olan qan sahiblərindən bəziləri qatili əfv edərlərsə, qisas tətbiq olunmaz və qisas hökmü ləğv olunar.

3- Cinayətkara qisas hökmü tətbiq edildiyi təqdirdə, qisasın başqa günahsız bir insana təsir etməyəcəyindən əmin olmaq. Çünki Uca Allah buyurur: «O da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)!» [24]

Əgər qisas hökmü hamilə qadına vacib olarsa, bətnindəkini yerə qoyana qədər qisas ona tətbiq olunmaz. Çünki hamilə qadını öldürmək, bətnindəki günahı olmayan körpəni öldürmək deməkdir. Bətnindəkini dünyaya gətirdikdən sonra, uşaq üçün ananı əvəz edib, ona süd verən tapılarsa, qadına ölüm cəzası tətbiq edilər, əgər tapılmazsa, körpə süddən ayrılana qədər iki il gözləmək lazımdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ğamidiyyənin hədisində demişdir: «Elə isə onu (rəcm) daşqalaq edib, uşağını körpə və əmizdirən olmadan tərk etmərik». Bu vaxtı ənsardan bir kişi qalxıb: Uşağın südü mənim boynumadır Ey Allahın elçisi! — dedi. Bundan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadını rəcm etdi[25].

  • Qisasın bəzi hökmləri:

1- Qisas hökmü hakimin -imamın- yaxud da onun naibinin iştirakı ilə icra edilir. Çünki qisasda zülmə yol verməmək, onu şəriət qaydalarına əsasən etmək, fitnə-fəsadın, hərc-mərcliyin və qarmaqarışıqlığın qarşısını almaq üçün, onun hökmünü yalnız hakim və ya onun naibi oxumalı və icazə verməlidir.

2- Qisasda əsl budur ki, cinayətkara etdiyi cinayətin müqabilində əzab verilməlidir. Çünki Uca Allah buyurur: «(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır).» [26]

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qızın başını iki daşın arasında qoyub əzən yəhudini qıza etdiyi kimi, başını iki daşın arasında qoyub əzdirdi. Həmçinin əgər iki əllərinin kəsib sonra qətlə yetirərsə, cinayətkarın etdiyi kimi iki əllərini kəsib qətlə yetirmək lazımdır.

3- Qisas hökmünün icrasında, qılınc və ya bıçaq kimi istifadə edilən kəsici alət, iti alət olmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Öldürdüyünüz zaman, öldürdüyünüzü yaxşı öldürün»[27].

4- Əgər öldürülən insanın qan sahibi şərətin qoyduğu qaydaya əsasən öldürməyi bacarırsa, hakim, qatilin öldürülməsini ona icazə verə bilər, əgər öldürməyi bacarmırsa, bu zaman hakim, bu işi yaxşı bacaran başqa bir insana həvalə etməlidir.

İkinci qisim: (Zahirən) qəsdə oxşayan şəkildə qətlə yetirmək:

Qəsdə oxşayan şəkildə qətlə yetirməyin həqiqəti: Qatilin, adətən insanı öldürməyən bir alətlə insana hücum edib onu qətlə yetirməsidir. Həmçinin qətlin bu növünə, qəsdin xətası da deyilir. Qətlin bu növü, zərbə endirdiyinə görə qəsdən öldürməyə, öldürmək niyyətinin olmadığına görə isə xətadan öldürdüyünə oxşayır. Elə buna görə də onun düşmənçilik niyyətinin olub-olmamasından asılı olmayaraq, bu növ qətlin hökmü, qəsdən və xətadan qətlə yetirmək hökmü arasında tərəddüdlüdür.

  • Qəsdə oxşayan şəkildə qətlə yetirməyin halları və misalları:

1- Adətən insanın ölüm qorxusu olmayan bədən üzvünə qamçı yaxud kiçik daş və ya kiçik əsa ya da əllə vurmaqla yaxud da sinəsinə yumruq zərbəsi endirməklə qətlə yetirmək.

2- İnsanın əlini-ayağını bağlayıb, bəzi vaxtlar artan və bəzi vaxtlar isə artmayan suyun yanına atılması və onun da suyun artması səbəbindən ölməsi. Həmçinin adətən insanın oxşar suda batıb ölmədiyi dayaz suya onu atmaq və onun da həmin suda boğuluması.

3- Ağlı başında olan insanın xəbərsiz halında qəflətən yanında ucadan qışqırmaqla ölümünə səbəb olmaq, yaxud evin damındakı uşağın və ya əqli qüsurlu insanın yanında ucadan qışqırmaq və onun bu səbəbdən damdan yıxılıb ölməsi.

  • Qəsdə oxşar şəkildə adam qətlə yetirməyin hökmü:

Qəsdə oxşar şəkildə adam qətlə yetirməyin iki hökmü var:

1- Axirət hökmü: Qəsdə oxşar şəkildə qətlə yetirməyin hökmü haramdır, günahdır və buna görə axirətdə əzabı vardır. Çünki o, öz əməli ilə qanı məsum olan insanın ölümünə bais olmuşdur. Ancaq qəsdə oxşar şəkildə adam qətlə yetirməyin hökmü, qəsdən qətlə yetirməyin hökmündən yüngüldür.

2- Dünya hökmü: Sərt şəkildə qanbahası verməsi tələb olunur. Qətlin bu növündə, hətta qan sahibləri tələb etsələr belə, qəsdən öldürmədəki kimi qisas hökmü yoxdur. Kəffarənin qatilin şəxsi malından verilməsi vacibdir. Kəffarə: Bir qul azad etməkdir. Əgər qul tapmazsa, iki ay ardıcıl oruc tutmalıdır. Diyə, qətlə yetirdiyi adamın qan sahiblərinə, qatilin «Asabəsi» yəni, ata tərəfindən olan qohumları tərəfindən üç il ərzində ödənməlidir. Çünki Abdullah ibn Amr -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qəsdə oxşar şəkildə qətlə yetirməyin qanbahası, qəsdən qətlə yetirməyin diyəsi kimi şiddətlidir. Amma qəsdə oxşar şəkildə qətlə yetirən kimsə öldürülməz»[28].

Rəvayət edilir ki, Muğira ibn Şöbə -Allah ondan razı olsun- demişdir: «Bir qadın, ərinin hamilə olan ikinci zövcəsini çadırın dirəyi ilə vurub öldürdü, Peyğəmbər (sallallahu aleyhi və səlləm) öldürülən qadının diyəsinin verilməsini qatilin «Asabəsinə» -ata tərəfindən olan qohumlarına- vacib etdi»[29].

Üçüncü qisim: Xətadan qətlə yetirmək:

Xətadan qətlə yetirməyin həqiqəti: Bir şəxsi öldürmək niyyəti olmadan qətlə yetirmək.

  • Xətadan qətlə yetirməyin növləri:

1- Feldə xətaya yol vermək. Bu, insanın icazəli bir əməli edərkən qəsd etmədiyi məsum insanı öldürməsidir. Məsələn, ov ovladığı vaxt, xətadan insanı (tüfənglə) vurub öldürməsi yaxud yuxulu olduğu halda başqa insanın (misal üçün ananın yatdığı zaman körpəsinin) üstünə çevrilib oldürməsi.

2- Niyyətdə xətaya yol vermək. Məsələn, öldürülməsi mübah olan bir şeyə atıb sonradan onun insan olduğunu bilmək. Necə ki, ov bilib vurduqdan sonra onun məsum insan olduğunu bilmək.

3- Qatilin, uşaq yaxud dəli olması ilə yanaşı insanı qəsdən öldürməsi. Uşaq və dəlinin qəsdən öldürməsinin hökmü, onların qəsdi (niyyəti) olmadığı üçün, xətadan öldürməyin hökmü kimi sayılır.

Səbəb ilə öldürmək də, xətadan öldürmək hökmünə daxildir. Buna misal, bir şəxsin su quyusu qazması yaxud yolda bir quyu qazması ilə insan tələfinə səbəb olmasıdır.

  • Xətadan adam qətlə yetirməyin hökmü:

Qətlin bu növünün iki hökmü vardır:

1- Axirət hökmü:

Bu, axirətdə günahın və əzabın olmamasıdır. İbn Abbas -Allah onların hər ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həqiqətən Allah ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyətdən etdiyi günahlarından keçmişdir»[30].

2- Dünya hökmü:

Bu, yüngül diyənin, dəvənin beş növündən, qatilin «asabə»si tərəfindən üç il ərzində ödənməklə vacibdir. Çünki uca Allah buyurur: «Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir.» [31]

Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bəni Yihyən qəbiləsindən olan bir qadının bətnindəki uşağı meyit düşdükdə, ölmüş uşağa görə bir kölə və ya bir kəniz qanbahası verilməsini qərar verdi. Sonra cinayət törədən qadın vəfat etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun mirasını ərinə və övladlarına, qanbahasını isə asabə-sinin verməsinə qərar verdi[32].

Xətadan qətlə yetirən adamın, qanbahsı ilə birgə kəffarə də verməsi vacibdir. Kəffarə aşağıdakılardır:

  1. Bir mömin qul azad etmək: Bu hökm, qul azad etməyi bacarana aiddir. Qulun mömin və eyibsiz olması şərtdir. Çünki Uca Allah buyurur: «Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməlidir.» [33]

Əgər yoxsulluğuna yaxud da qulun olmamasına görə qul azad etməyə imkanı olmasa, bu zaman, bacarırsa iki ay ardıcıl oruc tutmalıdır. Çünki Uca Allah buyurur: «Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır.» [34]

  • Əgər xəstə yaxud da yaşlı olduğu üçün oruc tutmağa aciz olarsa, kəffarə onun boynunda qalar (nə vaxt bacararsa tutmalıdır) və orucun əvəzinə miskin yedizdirmək kifayət etməz, çünki Uca Allah miskin yedizdirməyi ayədə deməmişdir. Kəffarə məsələsində əvəz edici, qiyasa deyil, Kitab və Sünnə dəlillərinə bağlıdır.

Dördüncü məsələ: Cana, nəfsə qarşı olmayan cinayət:

Cinayətin bu növü, insan həyatının itirilməsinə səbəb olmayan dərəcədə, onun bədən üzvlərini yaralamaq və ya kəsmək kimi əziyyətlər verib və s. buna oxşar şeylərlə ona qarşı cinayət törətməkdir. Bu, Kitab, Sünnə və icma ilə sabit olduğuna görə, cana qarşı olmayan cinayət növündə qisas almaq vacibdir:

Kitabdan dəlil: Uca Allah buyurur: «Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır.» [35]

Sünnədən olan dəlilə gəldikdə: (Ənəs ibn Nədrin bacısı) Rubeyyi başqa bir qadının ön dişlərini sındırdığı vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allahın Kitabı qisasdır»[36].

Alimlər, cana qarşı olmayan cinayətdə qisasın vacib olmasına icma ediblər.

Bu üç növdür:

  1. Yara ilə olan cinayət:
  2. İnsanın bədən üzvlərindən hər hansı birini kəsmək.

3- İnsanın bədən üzvlərindən hər hansı birinin fəaliyyətinə xələl yetirmək.

Birinci növ: Yara ilə olan cinayət:

Bu cinayət iki qisimə bölünür:

  1. İnsanın üzündə və baş nahiyəsində olan yara. Yaranın bu növünə «Şicəc»- deyilir. «Şicəc» sözü ərəb dilində «Şəccə» sözünün cəm formasıdır.
  2. İnsanın (üzü və başından başqa) bədəninin digər nahiyələrində olan yaralar. Yaranın bu növü isə şəccə — deyil, curh adlanır.

Birinci qisim: İnsanın üzündə və baş nahiyəsində olan yaralar.

Bu on növdür:

1- əl-Hərisah.

Bu, cırmaqlamaq kimi dəridən qan çıxmayan dərəcədə dərini azacıq cızmağa deyilir. Yaranın bu növünə «əl-Qaşirah və əl-Malitau-də» — deyilir.

2- əd-Dəmiyəh.

Bu, dərinin çırıldığı yerdən azacıq qan çıxmasına deyilir. Yaranın bu növü göz yaşının çıxmasına oxşadığı üçün «əl-Bəziləh və əd-Dəmah-də» — deyilir.

3- əl-Bədiah.

Bu, dərini çırdıqdan sonra sümüyə çatmayacaq dərəcədə əti azacıq yarmağa deyilir.

4- əl-Mutələhiməh.

Bu, yaranın ət ilə sümük arasında olan pərdəyə çatmayacaq dərəcəyə qədər, ətin daxilinə nüfuz etməsinə deyilir.

5- əs-Simhəq.

Bu, baş nahiyəsindəki yaranın, ət ilə sümük arasında olan pərdəyə çatmasına deyilir. əs-Simhəq sözü ərəb dilində kəllə sümüyünün üzərindəki nazik pərdəninin adı olduğu üçün elə yaranın bu növünə də əs-simhəq adı verilmişdir.

Bu beş növ yaraya görə nə qisas alınmaz nə də ki, qanbahası verilməz. Bu növ yaralarda yalnız «Hukuməh» vacibdir. Hukumənin mənası, cinayət qurbanı olmuş kimsənin, cinayət törədilməzdən əvvəl sanki kölə kimi qiymətləndirilməsidir. Yarası sağaldıqdan sonra yenidən qiymətləndirilməlidir və bu iki qiymətləndirmənin arasında nə qədər qiymət azalarsa, ona həmin məbləğin nisbətində qanbahası verilməlidir.

6- əl-Muvaddihəh.

Bu, kəllə və ya üz sümüyünün üzərindəki nazik pərdəni yırtıb sümüyün üstünü açmağa deyilir. Yaranın bu növündə, qanbahasının onda birinin yarısı, yəni, beş dəvə vermək vacibdir.

7- əl-Həşiməh.

Bu, sümüyün üstünü açmağa və sümüyü sındırmağa deyilir. Yaranın bu növündə, on dəvə qanbahası vermək vacibdir.

8- əl-Munaqqiləh.

Bu, sümüyun üstünü açmaqdan yaxud da sındırmaqdan asılı olmayaraq sümüyü yerindən çıxartmağa deyilir. Yaranın bu növündə, on beş dəvə qanbahası vermək vacibdir.

9- əl-Məmuməh.

Bu, kəllə sümüyünü sındırıb, beyni əhatə edən dəriyə çatmağa deyilir. Yaranın bu növünə «əl-Əmməh-də» — deyilir və bu növ yaraya isə qanbahasının üçdə biri vacibdir.

10- əd-Dəmiğah.

Bu, beyni əhatə edən dərini yarıb, yaranın beyinə çatmasına deyilir. Yaranın bu növündə həmçinin qanbahasının üçdə biri vacibdir.

Bura əl-Cəifədə əlavə olunur. əl-Cəifə, baxdıqda bilinməyən (gözlə görünməyən) amma insanın daxilinə, məsələn: qarnına, belinə, sinəsinə, boğazına və sidik kisəsinə nüfuz edən yaraya deyilir. Yaranın əl-Cəifəh növü üzdə və başda olmadığı üçün əş-Şicəc növünə aid edilmir. Lakin buna baxmayaraq fəqihlər, «əl-cəifə» yuxarıda qeyd edilən yaraların növündə olduğu üçün bu bölünmdə onun haqqında danışıblar. əl-Cəifə yarasında, əl-məmuməh və əd-dəmiyəh yaralarında olduğu kimi qanbahasının üçdə biri vacibdir.

Bu yaraların dəlili:

1- Əbu Bəkr bin Muhamməd bin Amr bin Həzm atasından, o da babasından -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Yəmən əhlinə bir məktub yazdı. Məktubda deyilirdi: «əl-Məmuməh yarasında qanbahasının üçdə biri vacibdir, əl-munaqqiləh yarasında on beş dəvə vermək vacibdir… və əl-muvaddihəh-də isə beş dəvə vacibdir[37].

2- Alimlər icma edib ki, əl-munaqqiləh yarasında on beş dəvə vermək vacibdir.

3- Alimlər, əl-cəifəh yarasında qanbahasının üçdə birinin olmasına ittifaq ediblər. Amr bin Həzmin rəvayət etdiyi hədisdə deyilir: «əl-Cəifəh yarasında qanbahasının üçdə biri vacibdir».

4- Zeyd bin Sabitdən -Allah ondan razı olsun- rəvayət olunan əsərdə, o, əl-Həşiməhə yarasında on dəvə qanbahası qərarını vermiş və onun bu əməlinə səhabələr arasınsda heç bir etiraz edən bilinməmişdir[38].

5- Yuxarıda qeyd edilən Amr bin Həzmin məktubunda deyilir ki, əl-Məmuməh yarası üçün qanbahasının üçdə biri vacibdir. əd-Dəmiğah yarası, əl-Məmuməh yarasından daha şiddətlidir. Elə bu baxımdan əd-Dəmiğah yarasında qanbahasının üçdə biri vacib olması daha uyğundur.

Yuxarıda qeyd edilən yaralardan, başqa yaraların əksi olaraq, yalnız əl-muvaddihəh yarasına dəqiq təhlil (analiz) qoymaq və həmçinin cinayətkardan eyni ilə həmin yaranın qısasını almaq mümkün olduğu üçün, ondan (yəni, əl-muvaddihəh yarasından) başqa heç bir yaradan qısas alınmır. Çünki başqa yaralar daha böyük yaxud da az ola bilər deyə, tam dəqiqiqliklə eyni qisası almağa əmin olmaq mümkün deyil.

İkinci qisim: İnsanın (üzü və başından başqa) bədəninin digər nahiyələrində olan yaralar.

Bu yaralar, növünün müxtəlifliyinə görə diğər yaralardan fərqlidir. Bu yaralardan eləsi var ki, üz və kəllə nahiyəsində olduğu üçün qisas almaq yoxdur, həmçinin əl-məmuməh yarasından başqa: sinə və boyun nahiyəsində olan və s. yaralar kimi, bədənin diğər nahiyələrində olan yaralara da qisas almaq yoxdur.

İkinci növ: İnsanın bədən üzvlərindən hər hansı birini kəsmək.

Bu cinayət üç qisimə bölünür:

  1. Qəsdən.
  2. Qəsdə oxşayan.
  3. Xətadan.

Xətadan və qəsdə oxşayan cinayətlərdə qisas almaq vacib deyil, qisas yalnız, üç şərt əsasında, qəsdən qətlə yetirmək kimi və s. törədilən cinayətlərdə vacibdir:

1- Zülm etmədən qisas almaq imkanı olması. Belə ki, kəsmək ya oynaqdan (buğumda) olmalı ya da ki, barmaqlar, bilək yaxud dirsək kimi son həddi olan bədən əzalarından olmalıdır.

əl-Cəifəh yarasında olduğu kimi son həddi bilinməyən və dişdən başqa: bud, qol və ayaq sümüyü yaralarında qisas almaq yoxdur.

2- Cinayət qurbanı olmuş insan ilə cinayət törədənin bədən əzasının adı və əzanın yeri eyni olmalıdır. Sağ tərəfə görə sol tərəfdən, çeçələ barmağa görə adsız barmaqdan və insanın bədənində artıq olan bir əzaya ğörə əsil yaradılışda olan bir əzadan qisas alınmır.

3- Cinayət qurbanı olmuş insan ilə cinayət törədənin bədən əzaları sağlamlıq və kamillik baxımından eyni və ya bərabər səviyyədə olmalıdır. İflic bir əzaya görə sağlam əzadan və həmçinin barmaqları naqisə görə barmaqları kamil olandan və s. buna oxşar insanlardan qisas alınmır.

Üçüncü qisim: İnsanın bədən üzvlərindən hər hansı birinin fəaliyyətini itirmək.

Əgər cinayətkar, cinayət qurbanı olmuş insanın bədən üzvlərindən hər hansı birinin fəaliyyətini itirərsə, cinayətkara zülm etmədən qisas almaq mümkün olmasına əmin olmadığına görə, ona qisas hökmü tətbiq olunmaz. Lakin cinayətkar, həmin əzanın kamil qandahasını ödəməlidir.

Kim bir adamın bədən əzasının fəaliyyətini itirərsə, əgər əzanın itirilən fəaliyyətinin dəyərini, məsələn, fəaliyyətin yarısı yaxud da dördə biri olmasını bilərsə, həmin fəaliyyətin qanbahasının yarısını yaxud da dördə birini və s. buna oxşar şəkildə verməsi vacibdir.

Əgər itirilən fəaliyyətin dəyərini bilmək mümkün olmazsa, burada «Hukumə» vacibdir. Bunu isə hakim ictihadı ilə qiymətləndirməlidir.

Bədən üzvlərinin itirilən fəaliyyətləri: Ağıl, eşitəmə, görmə, iy hiss etmə, danışıq və səs, dad duymaq və çeynəmək qabiliyyətlərinin itməsi, həmçinin məninin gəlməsi yaxud hamilə qalmağa taqətinin və s. buna oxşar fəaliyyətlərin itməsi.

İkinci bölüm:

Diyələr (qanbahası) barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Diyələr sözünün tərifi:

Diyə (qanbahası) sözünün lüğəti mənası: Ərəb dilində qanbahasını verdiyin zaman deyilir: «vadeytu-l-qatilə, ədihi diyətən». Diyə sözünün cəmi isə diyət- deməkdir.

Diyə sözünün şəriət mənası: Diyə sözü, cinayət səbəbindən qurban olmuş kimsəyə yaxud da onun sahibinə verilən mala deyilir.

Qatil qanbahası vermək üçün dəvə toplayıb, dəvələri qan sahiblərinin həyətində bağladığına görə qanbahasına ərəb dilində «əl-Aqlu» da deyirlər.

İkinci məsələ: Qanbahası verilməsinin icazəli olması, dəlili və hikməti:

1- Qanbahasının icazəli olmasının dəlili:

Qanbahası Kitab, Sünnə və icma dəlilləri ilə sabitdir.

Kitabdan dəlil: Uca Allah buyurur: «Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir.» [39]

Sünnədən olan dəlillərə gəldikdə: Əbu Hureyrənin -Allah ondan razı olsun- rəvayət etdiyi yuxarıda keçən hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qətlə yetirilmiş kimsə (varisi) iki şeydən birini seçə bilər: ya ona qanbahası verilməlidir, ya da qatili öldürməlidirlər».

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) Amr bin Həzmə göndərdiyi məktubda qanbahasının miqdarları qeyd edilmişdir.

Elm əhli qanbahasının vacib olması barədə yekdil rəydədirlər.

2- Qanbahası verilməsinin hikməti:

Bunun hikməti, canları və həmçinin günahsız insanların qanının axmasını qorumaqdan və başqa insanların canlarına qıymaqdan çəkindirmək ibarətdir.

Üçüncü məsələ: Qanbahası kimə vacibdir və qanbaharsını kim ödəməlidir?

Kim bir insanı qətlə yetirərsə yaxud da onun bir əzasını tələf edərsə, burada iki hal vardır:

— Əgər cinayət törədib bir insanın ölməsinə açıq-aşkar qəsdli şəkildə səbəb olarsa, qatilin malından tam qanbahası verilməlidir. Əgər bağışlayarsa qisas alınmaz. Qanbahası qatilin tələf etdiyi canın müqabilidir, elə buna görə də onun qatilin şəxsi malından verilməsi vacibdir. Uca Allah buyurur: «Heç bir günahkar başqasının günahını daşımaz.» [40]

— Əgər cinayət xətadan yaxud da qəsdə oxşayan cinayət növü olarsa, bu zaman qanbahasını qatilin «aqiləsi» yəni, ata tərəfdən olan kişi qohumları ödəməlidir. Çünki Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bəni Yihyən qəbiləsindən olan bir qadının bətnindəki uşağı meyit düşdükdə, ölmüş uşağa görə bir kölə və ya bir kəniz qanbahası verilməsini qərar verdi. Sonra cinayət törədən qadın vəfat etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun mirasını ərinə və övladlarına bölünməsinə, qanbahasını isə «asabə»-sinin verməsinə qərar verdi[41].

Cinayətin xətadan törədilməsi insanlar arasında çox vaxt baş verən bir hadisə olduğu üçün və həmçinin cinayətkarın qətli qəsdən törətmədiyinə görə üzrlü olduğu üçün, qanbahasını ata tərəfdən olan kişi qohumların ödəməsi vacibdir. Elə bu baxımdan qəsdən qətlə yetirənin tam əksi olaraq, xətadan qətlə yetirənə yüngüllük olması üçün ona kömək etmək vacibdir. Çünki qəsdən qətlə yetirən insan qanbahasını, canını ona vacib olan ölümdən qurtarmaq üçün verir, əgər qan sahibləri onu əfv edərlərsə, bu zaman qanbahasını ödəməlidir.

Dördüncü məsələ: Qanbahasının növləri və onun miqdarları:

  1. Qanbahasının növləri:

Qanbahasında əsl, dəvədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Mömin cana görə yüz dəvə qanbahası vermək vacibdir…»[42].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Agah olun ki, qamçı və ya əsa ilə vurmaqla qəsdə oxşar xəta qətlə görə yüz dəvə (qanbahası) vermək vacibdir»[43].

Rəvayət edilir ki, Amr bin Şüeyb atasından, o da babasından demişdir: «Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında qanbahası səkkiz yüz dinar yaxud da səkkiz min dirhəm idi… Bu, Ömər xəlifə olanadək belə davam etdi. Elə ki, Ömər xəlifə oldu, insanlara xütbə verərək belə dedi: Agah olun ki, artıq dəvənin qiyməti bahalaşmışdır. (Səhabi) deyir ki, (bundan sonra) Ömər qanbahasını qızıl sahiblərinə min dinar və gümüş sahiblərinə on iki min (dirhəm), inək sahiblərinə iki yüz inək, qoyun sahiblərinə iki min qoyun və paltar sahiblərinə isə iki yüz paltar verilməsini fərz etdi -başqa rəvayətdə isə: təqdir etdi-«[44].

Beləliklə də aydın olur ki, qanbahası verilməsində əsl, dəvədir. Əsərdə, dəvədən başqa qeyd edilən növlər dəvənin qiymətinə nisbətdə müqayiasə edilərək icazə verilmişdir. Çünki Ömər -Allah ondan razı olsun- bu hökmü səhabələrin qarşısında vermiş və onlardan Ömərə etiraz etdikləri bilinməmiş və bu məsələ səhabələr arasında icma olmuşdur. Beləliklə qanbahası dəvədən yaxud da dəvənin qiymətinə münasib gələn yuxarıda qeyd edilən növlərdən verilməlidir.

  • Qanbahasının miqdarları:

— Azad müsəlmanın qanbahası: Yüz dəvədir. Qəsdən və qəsdə oxşayan qətl növündə isə, şiddətli qanbahası verilməlidir. Şiddətli qanbahası dedikdə burada, həmin dəvələrdən qırxının bətnində balası olması nəzərdə tutulur. Yuxarıda keçən hədisdə Amr bin Şüeyb atasından, o da babasından rəvayət etdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «və qırx hamilə dəvə».

— Kitab əhlindən olan azad insanın qanbahası: Kitab əhlindən olan azad insanın qanbahası -zimmi (müsəlman ölkəsində muzdla işləyən kafir) və ya qeyri zimmi olmasından asılı olmayaraq- müsəlman kimsənin qanbahasının yarısıdır. Çünki Amr bin Şüeyb atasından, o da babasından rəvayət etdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Zimmət əhlinin qanbahası, müsəlman kimsənin qanbahasının yarısıdır»[45].

Başqa mətndə rəvayət olunur: «Muahədin qanbahası, müsəlman kimsənin qanbahasının yarısıdır».

(Muahəd: müsəlmanlarla onlar arasında hərb olan kafirlərdən biri, müsəlmanların diyarına, onu qətlə yetirməyəcəklərinə əhd aldıqdan sonra daxil olan kəs).

— Qadının qanbahası: Müsəlman qadının qanbahası, müsəlman kişinin qanbahasının yarısıdır. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Amr bin Şüeybə göndərdiyi məktubda deyilir: «Qadının qanbahası, müsəlman kişinin qanbahasının yarısıdır».

Həmçinin İbn Abu-l-Bərr və İbn əl-Munzir bu məsələdə icma olduğunu nəql etmişdir.

— Məcusi kişinin qanbahası: Azad məcusi və həmçinin bütpərəst kişinin qanbahası -zimmi və ya muahəd olmasından asılı olmayaraq- səkkiz yüz dirhəmdir. Çünki Uqbə bin Amir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Məcusinin qanbahası, səkkiz yüz dirhəmdir»[46].

— Məcusi, kitab əhli və bütpərəst qadınların qanbahası: Yuxarıda qeyd edilən Amr bin Şüəyb rəvayət etdiyi hədisə əsasən, müsəlman qadınların qanbahası, müsəlman kişilərin qanbahasının yarısı olduğu kimi, bu qadınların qanbahası da, onların kişilərinin qanbahasının yarısı qədərdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kitab əhlinin qanbahası, müsəlman kimsənin qanbahasının yarısıdır».

— Ana bətnində olan körpənin qanbahası: Ana bətnində olan körpənin anasına qarşı qəsdən yaxud da xətadan cinayət törədilərsə və körpənin ana bətnindən düşməsinə səbəb olarsa, kölə və ya bir kəniz qanbahası verməlidir. Rəvayət edilir ki, Əbu Hureyrə -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Bəni Yihyən qəbiləsindən olan bir qadının bətnindəki uşaq meyit düşdükdə, ölmüş uşağa görə bir kölə və ya bir kəniz qanbahası verilməsinə qərar verdi[47].

Ana bətnində olan körpənin qanbahası, anasının qanbahasının onda biri qədər verilir, bu isə beş dəvədir. Ölmüş uşağa görə bir kölə və ya bir kəniz qanbahası verilməsinin səbəbi, sankı körpənin diri olaraq düşməsi kimi qiymətləndirilir.

Üçüncü bölüm:

 And içmək (əl-Qasəmə) barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: And içmək (əl-Qasəmə) sözünün tərifi, hökmü və hikməti:

1- And içmək (əl-Qasəmə) sözünün tərifi:

əl-Qasəmə sözü ərəb dilində: «Uqsimu, yuqsimu, iqsəmən və qasəmətən» sözünün məsdər formasıdır. Bu söz, and içmək mənasını verir.

And içmək (əl-Qasəmə) sözünün şəriət mənası: Bu, məsum insanın öldürülmə iddiasını rədd etmək üçün təkrar-təkrar and içməyə- deyilir. Bu andlar, öldürülən insanın qan sahibləri arasında bölünür və onların yaxın qohumunu öldürdüyünü idda etdikləri kimsənin həqiqətən də onu öldürdüyünə əlli dəfə and içirlər. Buna (əl-qasəmə) and içmək adı verilmişdir. Məsələn: Hər hansı bir kimsə tərəfindən öldürüldüyü bilinməyən, qətlə yetirilmiş bir insan tapıldığı zaman, onu öldürməsi etimal edilən insanlar arasında, qarşıda gələn şərtlər əsasında, and içmə həyata keçirmək.

2- And içməyin hökmü:

And içməyin hökmü caizdir. Bir-birlərindən intiqam almağı tələb edən qəbilələrdə, öldürülən və öldürməkdə ittiham edilən tərəflər arasında açıq-ayın düşmənçilik olduqda yaxud qatil iqrar etmədikdə yaxud iddia dəlillərdə öz əksini tapmadıqda, and içməklə qisas yaxud da qanbahası sabit olur. Bəzi elm əhli demişdir: And içmək hökmü yalnız yuxarıda deyilənlərə aid deyil, əksinə bu, adətən iddia edilməsi düzgün olan hər bir şeyə şamildir.

  • And içməyin icazəli olmasının dəlili:

Səhl ibn Əbu Həsmə rəvayət edir ki, Abdullah ibn Səhl və Muheyyisa ibn Məsud başlarına gələn sıxıntıdan dolayı Xeybərə getdilər. Az sonra Muheyyisaya, Abdullah ibn Səhlin öldürülüb bir quyu və ya bir çuxurun içinə atıldığını xəbərini verdilər. O, yəhudilərin yanına gələrək dedi: «Allaha and olsun ki, onu siz öldürmüsünüz. «Onlar: «Allaha and olsun ki, biz öldürməmişik» deyə cavab verdilər. Sonra qayıdaraq qövmünün yanına gəldi və bunu onlara xəbər verdi. Sonra o, böyük qardaşı Huveysa və Abdurrahman ibn Səhllə getdi… Peyğəmbər (sallallahu aleyhi və səlləm) Huveysaya, Muheyyisaya və Abdurrahmana belə buyurdu: “Qardaşınızın qanını yerdə qoymayasınız deyə (onun kim tərəfindən ölüdürüldüyünə) and içə bilərsinizmi?” Başqa rəvayətdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara belə dedi: “Dəlil gətirin” Onlar: «Bizim dəlilimiz yoxdur» dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “And içə bilərsinizmi?”. Onlar: «(Hadisənin) şahidi olmadığımız və (onu) görmədiyimiz halda biz necə and içə bilərik?!» deyə cavab verdikdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlardan: “Yəhudilər sizin üçün and içsinlər?” deyə soruşdu. Onlar: «Onlar Müsəlman deyillər» deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara qanbahasını özü verdi, onlara yüz dişi dəvə göndərib və evlərinə daxil olana kimi sürdürdü. Səhl demişdir: «Dişi dəvələrdən qırmızı bir dəvə məni şıllaqladı»[48].

Bu hədis, and içməyin caiz olması ilə yanaşı, onun müstəqil bir şəriət əsası olmasını bildirir.

4- And içməyin hikməti:

And içməyə, qanların qorunması və haqsız yerə axmaması üçün icazə verilmişdir. İslam şəriəti, insanlar arasında qətlin çoxaldığı və qətlin kimin tərəfindən törədildiyinə şahidlik edən tapılmadığı vaxt, qanların qorumasına və haqsız yerə axmamasına daima böyük qayğı göstərmişdir. Çünki qatil, qətlə yetirmək üçün daima gizlin yer axtardığına görə, and içməyə qanların qorunması üçün icazə yerilmişdir.

İkinci məsələ: And içməyin şərtləri:

1- Qətlə yetirənlə qətlə yetirilən arasında düşmənçiliyin olması. Artıq bu haqda yuxarıda məlumat verilmişdir.

2- Qətlə yetirməkdə ittiham olunan kimsə, həddi-büluğa çatmış kimsə olmalıdır. Uşaq və dəliyə qarşı ittiham irəli sürmək düzgün deyil.

3- Başqasını qətlə yetirməkdə ittiham edən, eyni ilə həddi-büluğa çatmış kimsə olmalıdır. Bu məsələdə uşaq və dəlinin ittihamları dinlənilmir.

4- Qətlə yetirməkdə ittiham olunan kimsə, müəyyən, bilinən bir kimsə olmalıdır. Bilinməyən, qeyri məlum bir kimsəyə qarsı ittiham qəbul olunmur.

5- Qətlə yetirməkdə ittiham olunan kimsənin, qətlə yetirməsi mümkün olmalıdır. Əgər ittiham olunan kimsənin, qətl hadisəsi törədilən yerdən uzaqlığına və ya digər səbəblərə görə qətlə yetirməsi mümkün olmazsa, ona qarşı olan iddialar və ya ittihamlar dinlənilməz.

6- İddiaçının ittihamları bir-birinə zidd olmamalıdır.

7- And içmək iddiası müfəssəl və təfsilatlı izah edilməlidir.

Məsələn iddiaçı: Mən bu insanın, mənim yaxın adamım, filankəsin oğlu filankəsi, qəsdən yaxud qəsdə oxşayaraq yaxud da xətadan qətlə yetirdiyini iddia edirəm- deməli və bundan sonra onun necə qətlə yetirdiyini təfsilatla izah etməlidir.

Üçüncü məsələ: And içməyin qaydası:

Əgər and içməyin şərtləri tamamlanarsa, iddia edənlər əlli dəfə and içərək: «Onu, həqiqətən filankəs öldürüb»- deməlidirlər. Bu andlar onlar arasında, öldürülmüş insandan olan miras payına nisbətdə bölünməli və qətldə ittiham edilən insanın iştirakı ilə olmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) İbn Əbu Həsmənin rəvayət etdiyi hədisdə demişdir:»Siz, əlli dəfə and içməklə, onlardan qanbahası almağa razısınızmı?»[49].

Əgər varislər ümumiyyətlə and içməkdən yaxud da əlli andı axıra çatdırmaqdan boyun qaçırarlarsa, bu zaman ittiham olunan, iddiaçıların razılığından sonra, qətlə o yetirmədiyinə görə əlli and içməlidir, çünki yuxarıda qeyd edilən hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) iddiaçılardan: «Yəhudilər sizin üçün and içsinlər?» deyə soruşdu. Onlar: «Onlar Müsəlman deyillər» deyə cavab verərək onların and içmələrinə razılıq vermədilər. Əgər ittiham olunan and içərsə, qətl ittihamından xilas olar. Əgər iddiaçılar ittiham etdikləri kimsənin and içməsinə razı olmazlarsa, imam beytülmaldan (dövlət xəzinəsidən) qətlə yetirilmiş insanın qanbahasını qan saniblərinə verməlidir, çünki ənsarlar, yəhudilərin and içmələrinə razı olmadıqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) qətlə yetirilmiş insanların qanbahasını özü vermişdir. Belə olduqda, qətldə ittiham olunanın qətlə yetirməsini isbat etməyə heç bir sübut qalmır və günahsız insanın qanı hədər getməməsi üçün, onun qanbahası beytülmaldan verilməsi vacibdir.

Kim izdihamda ölərsə onun qanbahası beytülmaldan verilir. Rəvayət edilir ki, Əli -Allah ondan razı olsun- Ömərə -Allah ondan razı olsun- Arafada insan izdihamında ölən kişi barədə demişdir:»Ey möminlərin əmiri! Müsəlman bir kişinin qatili bilindiyi halda qanı hədər edilməz, əgər qatili bilinməzsə, qanbahasını beytülmaldan ver»[50].


[1]əl-İsra surəsi, ayə: (33).

[2]Buxari: 3335, Müslim: 1677.

[3]əl-Maidə surəsi, ayə: (32).

[4]Buxari: 6862.

[5]ən-Nisa surəsi, ayə: (93).

[6]ən-Nisa surəsi, ayə: (48).

[7]əz-Zumər surəsi, ayə: (53).

[8]ən-Nisa surəsi, ayə: (92).

[9]ən-Nisa surəsi, ayə: (93).

[10]Əbu Davud: 4565, Əhməd, Müsnəd: 2/183. əl-Ərnaut Müsnədin haşiyəsin də (11/328) hədisin “həsən” olduğunu bildirmişdir.

[11]Buxari: 2413, Müslim: 17 – (1672).

[12]ən-Nisa surəsi, ayə: (93).

[13]əl-Bəqərə surəsi, ayə: (178).

[14]Buxari: 4295, Müslim: 1354.

[15]İbn Maca: 2626 və başqaları hədisi “həsən” isnadla rəvayət etmişdilər. Bax: İrva əl-Ğalil: 7/259 və Səhuh Sünən İbn Maca: 2125.

[16]əl-Bəqərə surəsi, ayə: (237).

[17]Əbu Davud: 4401, İbn Maca: 2041. Albani, İrva əl-Ğalil: 2/4 də hədisin “səhih” olduğunu bildirmişdir.

[18]Buxari: 6915.

[19]əl-Bəqərə surəsi, ayə: (178).

[20]əl-Maidə surəsi, ayə: (45).

[21]Tirmizi: 1433, 1434, İbn Maca: 2661, 2662. Albani, Səhih sünən İbn Maca: 2156, 2157 də hədisin “səhih” olduğunu bildirmişdir.

[22]əl-Bəqərə surəsi, ayə: (178).

[23]əl-Bəqərə surəsi, ayə: (179).

[24]əl-İsra surəsi, ayə: (33).

[25]Müslim: 1695.

[26]ən-Nəhl surəsi, ayə: (126).

[27]Müslim: 1955.

[28]  Əbu Davud: 4565, Əhməd, Müsnəd: 2/183. əl-Ərnaut Müsnədin haşiyəsin də (11/328) hədisin “həsən” olduğunu bildirmişdir.

[29]Müslim: 1682.

[30]İbn Maca: 2043, Beyhəqi, Sünən əl-Kubra: 7/584. Albani, İrva əl-Ğalil: 1/123 də hədisin “səhih” olduğunu bildirmişdir.

[31]ən-Nisa surəsi, ayə: (92).

[32]Buxari: 6740, Müslim: 1681.

[33]ən-Nisa surəsi, ayə: (92).

[34]ən-Nisa surəsi, ayə: (92).

[35]əl-Maidə surəsi, ayə: (45).

[36]Buxari: 6893, Müslim: 1675.

[37]Nəsai: 2/252, Hakim: 1/397, Beyhəqi: 8/73. Hədis “səhih” hədisdir. Bax: İrva əl-Ğalil: 7/326.

[38]Abdurrazaq, Musannaf: 9/314, Beyhəqi: 8/72.

[39]ən-Nisa surəsi, ayə: (92).

[40]əl-Ənam surəsi, ayə: (164).

[41]Buxari: 6740, Müslim: 1681.

[42]Nəsai: 4857. Albani, Səhih Sünən ən-Nəsai: 4513 də hədisin “səhih” olduğunu bildirmişdir.

[43]Nəsai: 4791. Albani, Səhih Sünən ən-Nəsai: 4460 da hədisin “səhih” olduğunu bildirmişdir.

[44]Əbu Davud: 4542. Albani, İrva əl-Ğalil: 7/305 də hədisin “həsən” olduğunu bildirmişdir.

[45]Tirmizi: 1413. Nəsai: 8/45. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 7/307 də hədisin “həsən” olduğunu bildirmişdir.

[46]Beyhəqi: 8/101. Bu hədisdə zəyiflik vardır. Lakin bu, bəzi səhabələrin sözüdür və onlar arasında buna müxalif olan bilinməmişdir. Bax: ət-Təlxis əl-Həbiyr: 4\34.

[47]Buxari: 6740, Müslim: 1681.

[48]Buxari: 6898, 6899, Müslim: (1669) – 1. Hədisin ləfzi Müslimə aiddir.

[49]Buxari: 6899.

[50]Abdurrazaq, Müsannaf: 10/51, İbn Əbi Şeybə: 9/395.