-
1
Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə məxsusdur. Ona görə də əgər möminsinizsə, Allahdan qorxun, aranızı düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!”
-
2
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildiyi zaman ürəkləri titrəyər, onlara Allahın ayələri oxunduğu zaman bu, onların imanlarını artırar və yalnız Rəbbinə təvəkkül edərlər.
-
3
Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edərlər.
-
4
Həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün Rəbbi dərgahında dərəcələr, bağışlanma və bitməz-tükənməz bir ruzi vardır.
-
5
Necə ki, Rəbbin səni haqq uğrunda evindən çıxartmışdı. Halbuki, bu, möminlərdən bir dəstənin heç xoşuna gəlməmişdi.
-
6
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi baxaraq onun barəsində səninlə mübahisə edirlər.
-
7
O zaman Allah sizə iki dəstədən birinin sizin olmasını vəd edirdi. Siz isə silahsız olanının sizin olmasını istəyirdiniz. Ancaq Allah, Öz sözləri ilə haqqı ortaya çıxarmaq və kafirlərin kökünü kəsmək istəyirdi.
-
8
Bu, günahkarların xoşuna gəlməsə də, haqqı ortaya çıxarmaq və batili yox etmək üçündü
-
9
O zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi.
-
10
Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbləriniz sakitləşsin deyə etmişdi. Yardım yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.
-
11
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.
-
12
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlblərinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” — deyə vəhy edirdi.
-
13
Bu ona görə idi ki, onlar Allaha və Onun Peyğəmbərinə qarşı çıxmışdılar. Kim Allaha və Peyğəmbərinə qarşı çıxarsa, bilsin ki, həqiqətən, Allah şiddətli əzab verəndir.
-
14
Bu sizə (Allahın əzabıdır). Elə isə, dadın onu! Kafirlər üçün bir də cəhənnəm əzabı vardır.
-
15
Ey iman gətirənlər! Axıb gələn kafir ordusu ilə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin!
-
16
Döyüşmək üçün bir kənara çəkilənlər və ya dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
-
17
Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
-
18
Bu belədir! Şübhəsiz ki, Allah kafirlərin hiyləsini zəiflədəndir.
-
19
Əgər siz qələbə istəyirsinizsə, artıq sizə qələbə gəlmişdir. Əgər əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir.
-
20
Ey iman gətirənlər, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Quranı) eşitdiyiniz halda, ondan üz çevirməyin!
-
21
Eşitmədikləri halda: “Eşitdik!” — deyənlər kimi olmayın!
-
22
Şübhəsiz, Allah nəzdində canlıların ən pisi, düşünməyən karlar və lallardır.
-
23
Əgər Allah onlarda bir xeyir olacağını bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə onlar üz çevirərək dönərdilər.
-
24
Ey iman gətirənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız.
-
25
İçinizdən sadəcə zülm edənlərə toxunmayan fitnədən qorxun! Bilin ki, Allahın əzabı şiddətlidir.
-
26
Xatırlayın ki, bir zaman siz yer üzündə az və zəif idiniz. İnsanların sizi ələ keçirməsindən qorxurdunuz. Şükür edəsiniz deyə Allah sizə sığınacaq yer verdi, sizi köməyi ilə dəstəklədi və sizə təmiz ruzilər verdi.
-
27
Ey iman gətirənlər, bilə-bilə Allaha, Peyğəmbərə və öz aranızdakı əmanətlərinizə xəyanət etməyin!
-
28
Bilin ki, mal-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah yanındadır.
-
29
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
-
30
Bir zamanlar səni bağlayıb həbs etmək və ya öldürmək, yaxud da səni qovmaq üçün kafirlər sənə qarşı tələ qururdular. Onlar tələ qurarkən Allah da tələ qururdu. Allah tələ quranların ən güclüsüdür.
-
31
Ayələrimiz onlara oxunduğu zaman dedilər ki: “Eşitdik. İstəsəydik, biz də bunun bənzərini əlbəttə, söyləyə bilərdik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”.
-
32
nlar vaxtilə belə demişdilər: “Ey Allahım! Əgər bu Sənin dərgahından gələn bir həqiqətdirsə, onda başımıza göydən daş yağdır, yaxud bizə acı bir əzab gətir!”
-
33
Ancaq sən onların arasında ikən Allah onlara əzab verəsi deyil. Onlar bağışlanmalarını diləyərkən də Allah onlara əzab verəsi deyil.
-
34
Onlar Məscidi-haramın sahibləri olmadıqları halda mane olduqlarına görə Allah onlara nə üçün əzab verməsin?! Onun sahibləri yalnız Allahdan qorxanlardır. Lakin onların çoxu bunu bilmir.
-
35
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı!
-
36
Həqiqətən, kafirlər mallarını Allah yolundan döndərmək üçün xərcləyirlər və xərcləyəcəklər. Sonra bu onlar üçün bir peşmançılıq olacaq, bunun ardınca da məğlub olacaqlar. Kafirlər cəhənnəmə toplanacaqlar.
-
37
Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana uğrayanlardır!
-
38
Kafirlərə de: “Əgər əl çəksələr, onların keçmiş günahları bağışlanacaq. Əgər geri qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir.
-
39
Fitnə yox olana və din tamamilə Allaha məxsus olanadək onlarla vuruşun! Əgər fitnəyə son qoysalar, bilsinlər ki, Allah onların nə etdiklərini görür.
-
40
Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin himayədarınızdır. O nə gözəl himayədar və nə gözəl yardımçıdır!
-
41
Əgər Allaha və haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, Peyğəmbərə, onun qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir.
-
42
O zaman siz vadinin ən yaxın tərəfində, onlar da ən uzaq tərəfində idilər. Karvan isə sizdən daha aşağıda idi. Əgər sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
-
43
O zaman Allah yuxunda sənə onları az göstərmişdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxacaq və bu iş barəsində bir-birinizlə mübahisə edəcəkdiniz. Lakin Allah qurtardı. Şübhəsiz ki, O, qəlblərdəkini bilir.
-
44
Allah, olacaq bir işi yerinə yetirmək üçün üz-üzə gəldiyiniz zaman onları sizin gözünüzdə az göstərir, sizi də onların gözündə az göstərirdi. Bütün işlər Allaha qaytarılacaqdır.
-
45
Ey iman gətirənlər, hər hansı bir dəstə ilə qarşılaşdığınız zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, bəlkə qalib gələsiniz!
-
46
Allah və Onun Peyğəmbərinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.
-
47
Özlərini insanlara göstərmək və Allah yolundan döndərmək üçün təkəbbürlənərək yurdlarından çıxan kimi olmayın! Allah onların etdiklərini əhatə etmişdir.
-
48
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”
-
49
O zaman münafiqlər və ürəklərində xəstəlik olanlar (sizin haqqınızda): “Bunları, öz dinləri aldatdı”, — deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir.
-
50
Kaş mələklər üzlərinə və arxalarına vurub: “Dadın yandırıcı cəhənnəm əzabını!” — deyərək kafirlərin canlarını alarkən onları görəydin!
-
51
Bu, etdiyiniz əməllərə görədir. Şübhəsiz ki, Allah bəndələrinə zülm edən deyildir.
-
52
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar da Allahın ayələrini inkar etmişdilər. Ona görə də Allah onları günahlarına görə cəzalandırmışdı. Şübhəsiz ki, Allah güclüdür, cəzası şiddətlidir.
-
53
Bu ona görədir ki, bir qövm özlərində olanı dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
-
54
Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə boğmuşduq. Onların hamısı zalım idi.
-
55
Həqiqətən, Allahın nəzərində yer üzündəki canlıların ən pisi inkar edənlərdir. Çünki onlar iman gətirməzlər.
-
56
Onlar, səninlə əhd bağladıqdan sonra heç çəkinmədən hər dəfə əhdlərini pozan kimsələrdir.
-
57
Əgər müharibədə onları tutsan, onlarla arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar!
-
58
Əgər bir tayfanın xəyanət etməsindən qorxsan, sən də eynilə müqaviləni pozduğunu onlara bildir! Şübhəsiz ki, Allah xainləri sevməz.
-
59
Kafirlər önə keçdiklərini zənn etməsinlər! Şübhəsiz ki, onlar aciz qoya bilməzlər.
-
60
Onlara qarşı bacardığınız qədər qüvvə və bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız. Allah yolunda nə xərcləsəniz, sizə tam olaraq ödənilər və siz heç bir haqsızlığa məruz qalmazsınız.
-
61
Əgər onlar sülhə yönəlsələr, sən də sülhə yönəl və Allaha təvəkkül et! Şübhəsiz ki, O eşidəndir, biləndir.
-
62
Əgər onlar səni aldatmaq istəsələr, Allah sənə yetər. O, köməyi ilə və möminlərlə səni dəstəkləyir.
-
63
Allah onların qəlblərini birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.
-
64
Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayətdir.
-
65
Ey Peyğəmbər, möminləri döyüşə həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, kafirlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır.
-
66
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir!
-
68
Əgər Allah tərəfindən əvvəlcədən verilmiş bir hökm olmasaydı, həqiqətən, aldığınıza görə sizə böyük bir əzab toxunardı.
-
69
Ona görə də əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
-
70
Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de ki: “Əgər Allah qəlblərinizdə bir xeyir olduğunu bilsə, sizdən alınandan daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir.
-
71
Əgər sənə xəyanət etmək istəsələr, onlar daha əvvəl Allaha da xəyanət etmişdilər. Buna görə də onlara qarşı imkanı verdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
-
72
Şübhəsiz ki, iman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman gətirdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması şərtilə onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür.
-
73
Kafirlər də bir-birlərinin dostlarıdır. Siz onu yerinə yetirməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.
-
74
İman gətirib Allah yolunda hicrət edənlər, cihad edənlər və sığınacaq verib yardım edənlərə gəldikdə, həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.
-
75
Sonradan iman gətirib hicrət edən və sizinlə birlikdə cihad edənlərə gəldikdə, onlar da sizdəndir. Allahın Kitabında qohumlar bir-birlərinə daha uyğundurlar. Şübhəsiz ki, Allah hər şeyi biləndir.