-
1
Əlif. Ləm. Mim. Sad.
-
2
Qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.
-
3
Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.
-
4
Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günor-ta çağı yatıb istirahət etdikləri vaxt gəldi.
-
5
Əzabımız onları haqladığı zaman onların çağırışları: “Həqiqətən, biz zalım olmuşuq!”– deməkdən başqa bir şey olmadı.
-
6
Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq.
-
7
Onlara Öz elmimizlə bildirəcəyik. Axı Biz qaib deyildik.
-
8
O gün çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər – nicat tapanlardır.
-
9
Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə özlərini ziyana uğradanlardır.
-
10
Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!
-
11
Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa səcdə etdi. O, səcdə edənlərdən olmadı.
-
12
Dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” Dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
-
13
“Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”.
-
14
Dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.
-
15
Dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”.
-
16
Dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub tovlayacağam.
-
17
Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.
-
18
Buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam.
-
19
Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olar-sınız”.
-
20
Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya əbədi qalanlardan olmayasınız”.
-
21
Onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi.
-
22
Beləliklə, onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
-
23
Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
-
24
Dedi: “Bir-birinizə düşmən kəsilərək enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün (istifadə edəcəyiniz şeylər) vardır”.
-
25
Dedi: “Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız”.
-
26
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan )ibrət alasınız.
-
27
Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.
-
28
Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
-
29
De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”.
-
30
Bir qismini doğru yola yönəltdi, digərlərinə isə azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar.
-
31
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.
-
32
De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik.
-
33
De: “Rəbbim həm aşkar, həm də gizli yaramaz əməlləri, günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”.
-
34
Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.
-
35
Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən qorxub öz islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.
-
36
Ayələrimizi yalan sayıb onlara təkəbbürlüklə yanaşanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.
-
37
Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Yazıda olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçiləri-miz onların canını almaq üçün yanlarına gəldikdə: “Allah-dan savayı çağırdıqlarınız haradadır?”– deyəcəklər. Onlar: “Bizi qoyub qaçıblar!”– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
-
38
Deyəcək: “Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər tayfa girdikcə havadarlarını lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Deyəcək: “Hər kəs üçün ikiqatdır, lakin siz bilmirsiniz!”
-
39
Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz olmayıb. Elə isə qazandıqlarınıza görə dadın əzabı!”
-
40
Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
-
41
Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq.
-
42
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.
-
43
Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların (ayaqları) altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”
-
44
Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!
-
45
O kəslərə ki, Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər”.
-
46
Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
-
47
Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!”
-
48
Əraf əhli simalarından tanıdıqları adamları səsləyib deyəcəklər: “Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi”.
-
49
“Allah onlara mərhəmət nəsib etməyəcəkdir”– deyə (barəsində) and içdiyiniz kəslər bunlardırmı?” “Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz”.
-
50
Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”.
-
51
O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq.
-
52
Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən camaat üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik.
-
53
Yoxsa yalnız onun aqibətini gözləyirlər? Onun aqibəti gəldiyi gün əvvəllər onu unudan kəslər deyəcəklər: “Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər. İndi bizim tərəfimizi saxlayan şəfaətçilər varmı? Yaxud geri qaytarılacağıqmı ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərini ziyana uğratdılar. Uydurduqları isə onlardan uzaqlaşıb qeyb olacaqlar.
-
54
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.
-
55
Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir.
-
56
Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.
-
57
Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.
-
58
Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik.
-
59
Biz Nuhu öz xalqına göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.
-
60
Xalqının zadəganları dedilər: “Həqiqətən də, biz, səni açıq-aydın azğınlıq içində görürük!”
-
61
O dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən bir elçiyəm.
-
62
Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan sizin bilmədiklərinizi bilirəm.
-
63
Qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?”
-
64
Onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.
-
65
Ad qövmünə də qardaşları Hudu (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Yoxsa qorxmursunuz?”
-
66
Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”
-
67
O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən bir elçiyəm.
-
68
Mən Rəbbimin vəhy etdiyi hökmlərini sizə təbliğ edirəm. Mən sizin etibarlı nəsihətçinizəm.
-
69
Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.
-
70
Onlar dedilər: “Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət edək? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”.
-
71
Dedi: “Artıq Rəbbinizdən sizə əzab və qəzəb yetişdi. Siz özünüzün və atalarınızın adlandırdıqları barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir. Gözləyin! Şübhəsiz mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
-
72
Biz onu və onunla birlikdə olanla-rı Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər.
-
73
Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi üzücü bir əzab yaxalayar.
-
74
Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
-
75
Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: “Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi?” Onlar dedilər: “Həqiqətən, biz onunla göndərilən hər şeyə inanırıq”.
-
76
Təkəbbür göstərən dedilər: “Həqiqətən, biz sizin inandığınızı inkar edirik”.
-
77
Onlar dişi dəvənin diz vətərini kəsdilər və Rəbbinin əmrindən çıxıb: “Ey Saleh! Əgər sən elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir”– dedilər.
-
78
Onları dəhşətli bir sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
-
79
Onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz”.
-
80
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?
-
81
Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.
-
82
Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı.
-
83
Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu.
-
84
Biz onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.
-
85
Mədyən qövmünə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.
-
86
Hər yolun başında oturub Allahaiman gətirənləri hədələyib Onun yolundan sapdırmayın və onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu.
-
87
Əgər aranızdan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, Allah aramızda hökm verənədək səbr edin. Axı O, hakimlərin ən yaxşısıdır”.
-
88
Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. (Şueyb) dedi: “Hətta nifrət etmiş olsaq belə?”
-
89
Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə camaatımız arasında ədalətlə hökm ver. Axı Sən, hökm verənlərin ən yaxşısısan.
-
90
Onun qövmünün kafir zadəganları dedilər: “Əgər Şueybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız”.
-
91
Onları dəhşətli bir şiddətli sarsıntı yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
-
92
Şueybi yalançı sayanlar, sanki orada yaşamamışdılar. Şueybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular.
-
93
Onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd-nəsihət verdim. Kafir tayfadan ötrü mən necə heyfsilənə bilərəm?”
-
94
Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr.
-
95
Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən: “Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi”– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən yaxaladıq.
-
96
Əgər o ölkələrin əhalisi iman gətirib qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət açardıq. Lakin onlar yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə yaxaladıq.
-
97
Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular?
-
98
Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular?
-
99
Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər.
-
100
Məgər yer üzünün sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər?
-
101
Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir.
-
102
Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük.
-
103
Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.
-
104
Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən bir elçiyəm.
-
105
Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər”.
-
106
Dedi: “Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, onu göstər!”
-
107
Əsasını atdı və o, dərhal açıq-aşkar bir ilan oldu.
-
108
Əlini çıxartdı və o, baxanlar üçün ağappaq oldu.
-
109
Firon qövmünün əyanları dedilər: “Həqiqətən, bu, bilikli bir sehrbazdır.
-
110
O sizi yurdunuzdan çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?”
-
111
Onlar dedilər: “Onu və qardaşını gözlət və şəhərlərə toplayan adamlar göndər ki,
-
112
bilikli sehrbazların hamısını sənin yanına gətirsinlər”.
-
113
Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq?”
-
114
Dedi: “Bəli, siz yaxın adamlardan olacaqsınız”.
-
115
Dedilər: “Ey Musa! Ya sən at, ya da biz ataq!”
-
116
Dedi: “Siz atın!” Onlar atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər.
-
117
Biz Musaya: “Əsanı at!”– deyə vəhy etdik. Elə bu an onların düzəltdikləri şeyləri uddu.
-
118
Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.
-
119
Orada məğlub oldular və rüsvay olaraq geri döndülər.
-
120
Sehrbazlar səcdəyə qapandılar.
-
121
Onlar dedilər: “Aləmlərin Rəbbinə iman gətirdik!
-
122
Musa və Harunun Rəbbinə!”
-
123
Firon dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz bir hiylədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz.
-
124
Əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm”.
-
125
Onlar dedilər: “Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq.
-
126
Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbr ver və bizi müsəlman olaraq öldür”.
-
127
Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin tanrılarını bir kənara atsınlar”. (Firon) dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik”.
-
128
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”.
-
129
Onlar dedilər: “Sən bizə gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. Dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”.
-
130
Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar.
-
131
Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu bilmir.
-
132
Dedilər: “Sən bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik!”
-
133
Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular.
-
134
Əzab onları bürüdükdə dedilər: “Ey Musa! Bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et! Əgər əzabı bizdən sovuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birlikdə göndərəcəyik”.
-
135
Biz, çatacaqları müəyyən vaxta qədər əzabı onlardan sovuşdurduqda isə, dərhal pozdular.
-
136
Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz intiqam alaraq onları dənizdə qərq etdik.
-
137
Zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik.
-
138
Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların tanrıları olduğu kimi, bizim üçün də bir tanrı düzəlt”. Dedi: “Həqiqətən, siz, cahil bir tayfasınız.
-
139
Şübhəsiz ki, bunların etiqad etdikləri məhvə məhkumdur, gördükləri işlər isə batildir”.
-
140
Dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa tanrımı axtaracağam?”
-
141
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi.
-
142
Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Camaatımın içərisində məni əvəz et, islah et və fəsad törədənlərin yoluna uyma!”
-
143
Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Dedi: “Ey Rəbbim! Mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”
-
144
Dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə )danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”
-
145
Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq: “Bunları möhkəm tut və camaatına da onun ən yaxşısından yapışmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm.
-
146
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”.
-
147
Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar yalnız etdikləri bu əməllərə görə cəzalandırılmayacaqlarmı?
-
148
Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Ona ilah kimi sitayiş edib zalımlardan oldular.
-
149
Onların əlləri yanlarına düşdükdə və azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
-
150
Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?” Lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. Dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdilər. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”.
-
151
Dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!”
-
152
Həqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxanları belə cəzalandırırıq.
-
153
Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir.
-
154
Musanın qəzəbi sakitləşəndə lövhələri götürdü. Onlardakı yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi.
-
155
Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi. Onları zəlzələ yaxaladıqda o dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan.
-
156
Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.
-
157
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır”.
-
158
De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”.
-
159
Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər.
-
160
Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, “Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin!” Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər.
-
161
Bir zaman onlara deyilmişdi: “Bu kənddə sakin olun və ondan bəyəndiyiniz yerlərdə yeyin. “Bizi bağışla!”– deyin və qapıdan səcdə edərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə artırarıq”.
-
162
Onlardan haqsızlıq edən-lər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Etdikləri haqsızlığa görə Biz onlara göydən əzab göndərdik.
-
163
Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq.
-
164
O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “(Bu,) Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar çəkinsinlər!”
-
165
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.
-
166
Özlərinə qoyulan qada-ğanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!”– dedik.
-
167
O zaman Rəbbin onlara Qiyamət gününədək ən ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir.
-
168
Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə dönələr.
-
169
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar olanları öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?
-
170
Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.
-
171
Bir zaman dağı yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. (Biz onlara): “Sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”
-
172
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz.
-
173
Yaxud: “Atalarımız bizdən əvvəl şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.
-
174
Biz ayələri beləcə izah edirik ki, bəlkə qayıdalar.
-
175
Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu.
-
176
Biz istəsəydik, bunun sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları danış ki, bəlkə fikirləşələr.
-
177
Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!
-
178
Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır.
-
179
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
-
180
Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.
-
181
Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.
-
182
Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb aparacağıq.
-
183
Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm sarsılmazdır.
-
184
Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir dəlilik yoxdur. O ancaq qorxudan və bəyan edəndir.
-
185
Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yarat-dığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?
-
186
Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər.
-
187
Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. O vaxtı yalnız O, aşkara çıxara bilər. Göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bilmir”.
-
188
De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”.
-
189
Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur. Zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi və onu gəzdirdi. Ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq” dua etdilər.
-
190
Onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır.
-
191
Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri (Allaha) şərik qoşurlar?
-
192
Nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər.
-
193
Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur.
-
194
Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.
-
195
Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!
-
196
Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir.
-
197
Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”.
-
198
Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər.
-
199
Sən bağışla, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.
-
200
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
-
201
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman xatırlayar və dərhal görərlər.
-
202
Öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər.
-
203
Sən onlara möcüzə gətirmədiyin zaman: “Nə olardı ki, onu da uyduraydın?”– deyərlər. De: “Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir”.
-
204
Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun.
-
205
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.
-
206
Rəbbinin dərgahında olan Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər.