-
1
Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər
İmam Əhməd deyir: Affan Ammar ibn Əbu Ammardan nəql etdi ki, ənsarlardan olan Malik ibn Amr ibn Sabitin belə dediyini eşitmişəm: “Əl-Beyyinə” surəsi axıra kimi nazil olduqda Cəbrayıl dedi: “Ey Allahın rəsulu, sənin Rəbbin bu surəni Ubeyə oxumağını əmr edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ubeyə dedi: “Ey Ubey, Cəbrayıl bu surəni sənə oxumağımı əmr etdi”. Ubey dedi: “Ey Allahın rəsulu, mən orada xatırlandım?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəli!” Bu sözlərdən sonra Ubeyi ağlamaq tutdu.
Həmçinin İmam Əhməd deyir ki, Şubənin Ənəs ibn Malikdən rəvayət etdiyi hədisdə Pryğəmbərin (salləllahu aleyhi və səlləm) Ubey ibn Kəbə belə dediyi bildirilir: “Allah mənə əmr etdi ki, sənə “Əl-Beyyinə” surəsini oxuyum”. Ubey soruşdu: “Mənim adımı çəkdi?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Bəli!” Ubey ağlamağa başladı”. Hədisi Buxari, Muslim, Tirmizi və Nəsai də Şubədən rəvayət etmişlər.
Əhməd başqa bir hədis nəql edərək deyir: Müəmmal Ubey ibn Kəbin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə “Sənə bu surəni oxumağım əmr olundu” – dedi. Mən soruşdum: “Ey Allahın elçisi, mən orada xatırlandım?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəli!” Mən ona dedim: “Ey Əbu Munzir, sən ona sevindinmi?” O, “niyə sevinməyim?! Allah buyurur ki, “De: “Allahın neməti və mərhəməti ilə — ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunis, 58) Müəmmal deyir ki, mən Süfyandan qiraətin bu hədisdə olduğu haqqında soruşduqda, o bunu təsdiqlədi. Əhməd ibn Hənbəl hədisin bu cür mətnini müfrəd olaraq nəql etmişdir.
Əhməd digər bir isnadla həmin hədisi belə nəql etmişdir: Muhəmməd ibn Cəfər və Həccac Ubey ibn Kəbin belə dediyini rəvayət edirlər: Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə dedi: “Allah mənə əmr etdi ki, sənə Quran oxuyum. Sonra “Kitab əhlindən kafir olanlar…” ayəsini oxudu və bunları dedi: “Əgər Adəm övladı vadi dolu mal-mülk istəsəydi və bu da ona verilsəydi, o, ikincisini də istəyər. Ikincisi də ona verilsə, üçüncüsünü istəyər. Adəm övladının boşluğunu yalnız torpaq doldurar. Allah tövbə edənin tövbəsini qəbul edər. Allah dərgahında din nə müşriklik, nə yahudilik, nə də ki xristianlıqdır. Həqiqətən Allah dərgahında var olan din yalnız Allaha ibadət dini olan hənif dinidir. Hər kim bir xeyir bir əməl edərsə, o heç vaxt zay olmaz”. Hədisi Tirmizi Əbu Davud ət-Təyalisidən, o da Şubədən nəql etmişdir. Tirmizi hədisin həsən-səhih olduğunu bildirmişdir.
Digər bir hədis: Əbul Qasim ət-Təbərani deyir: Əhməd ibn Xalid əl-Həlbi Ubey ibn Kəbin belə dediyini nəql etmişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Ey Əbu Munzir, sənə Quranı ərz etməyim əmr olundu”. Mən dedim: “Allaha iman gətirdim. Sənin vasitənlə müsəlman oldum və səndən öyrəndim”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) eyni sözləri bir daha təkrarladı. Mən soruşdum: “Ey Allahın elçisi, mən orada xatırlandımmı?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəli! Həm adınla, həm də soyunla əl-Mələuləlada xatırlandın”. Mən dedim: “Elə isə oxu, ey Allahın elçisi!” Hədisin bu şəkildə rəvayəti hədisin qərib hədis olduğunu bildirir. Hədisin sabit və səhih şəkli yuxarıda qeyd olunandır. Rəsulullah (salləllahu aleyhi və səlləm) bu surəni Ubey ibn Kəbə onun imanını artırmaq və gücləndirmək üçün oxumuşdu. Əhməd və Nəsai bu hədisi Ənəs ibn Malik vasitəsilə rəvayət etmişlər. Həmçinin, Əhməd və Əbu Davudun Süleyman ibn Sərddan da nəql etmə şəkli də varid olmuşdur. Habelə Əhməd Affandan, o da İbadə ibn Samitdən nəql etmişdir. Hədisi Əhməd, Muslim, Əbu Davud və Nəsai İsmail ibn Əbu Davud vasitəsilə Əbdürrəhman ibn Əbu Leyladan nəql etmişlər. Abdulla ibn Məsud Qurandan bir hissəni Peyğəmbərin (salləllahu aleyhi və səlləm) oxunuş şəklindən fərqli oxuyaraq ziddiyət yaradan şəxsin qiraətini qəbul etməmişdi. O, bunu Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər vermiş, Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər ikisinin də qiraətinə qulaq asdıqdan da demişdi: “İkiniz də doğru oxudunuz”. Ubey ibn Kəb deyir ki, cahiliyyə dövründə belə olmayan bir şübhə bürüdü məni”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun sinəsinə vurdu. Kəb deyir ki, tər içində yerimdən tərpəndim. Sanki Allaha baxırdım. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəbrayılın gəlişini mənə xəbər verdi. Cəbrayıl deyirdi: “Allah sənə əmr edir ki, Quranı ümmətinə bir hərflə oxuyasan”. Mən dedim: Allahdan bağışlanma və məğfirət diləyirəm. Daha sonra dedi: “İki hərflə!” Çox keçmədi ki, bir daha dedi: “Allah sənə əmr edir ki, Quranı ümmətinə yeddi hərflə oxuyasan.” Biz bu hədisi müxtəlif ləfzlər və isnadlarla təfsirin əvvəlində qeyd etmişdik. İçərisində “Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir” ayəsinin də mövcud olduğu bu surə nazil olduğu vaxt Peyğəmbər (salləllahu aleyhi və səlləm) təbliğ, təsbit və xəbərdarlıq üçün həmin surəni ona oxudu. Burada öyrətmə və xatırlatma nəzərdə tutulmur. Ən doğrusunu Allah bilir.
Hüdeybiyyə günü Ömər ibn Xəttab Peyğəmbərə (salləllahu aleyhi və səlləm) eyni tipli suallar vermişdi. O, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu ki, “sən bizə demədinmi ki, biz Beytullaha gedəcəyik və oranı təvaf edəcəyik?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona dedi: “Bəli! Ancaq mən sizə oranı bu il təvaf edəcəksiniz – dedimmi?!” Ömər ibn Xəttab dedi: “Yox!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Sən ora gedib Beytullahı təvaf edəcəksən”. Müsəlmanlar Hüdeybiyyədən qayıtdıqda Allah təala Öz elçisinə (salləllahu aleyhi və səlləm) əl-Fəth surəsini nazil etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ömər ibn Xəttabı çağırdı və həmin surəni ona oxudu. Həmin surədə Allah təala buyururdu: “And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidülhərama daxil olacaqsınız”. (əl-Fəth, 27)
Hafiz Əbu Nueym “Səhabələrin adları” adlı kitabında Muhəmməd ibn İsmail vasitəsilə Fudeylin belə dediyini nəql etmişdir: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: “Allah “Kitab əhlindən kafir olanlar…” surəsinin qiraətini eşidir və deyir: Qulumu müjdələyirəm. İzzətimə and olsun ki, razı qalacağın qədər sənə Cənnətdə rahatlıq verəcəm”. Hədis çox qərib hədisdir. Hafiz Əbu Musa əl-Mədəni və İbn əl-Əsir Zuhri vasitəsilə Nəzir əl-Müzənnidən rəvayət etdiklərinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allah “Kitab əhlindən kafir olanlar…” surəsinin qiraətini eşidir və deyir: “Qulumu müjdəliyirəm. İzzətimə and olsun ki, səni dünya və axirətdə heç bir vəziyyətdə unutmayacam. Sənə Cənnətdə razı qalacağın şəkildə rahatlıq verəcəm”.
Kitab əhli yahudilər və xristianlardır. Müşriklər isə bütlərə və oda ibadət edən ərəb və ya qeyri-ərəblərdir. Mucahid “ayrılan” kəlməsi haqda deyir ki, yəni onlar özlərinə haqq bəyan edilməyincə uzaqlaş deyillər. Qatədə də bu cür qeyd etmişdir. “Açıq-aşkar bir dəlil” dedikdə Quran nəzərdə tutulmuşdur. Ona görə də uca Allah “Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər” ayəsini buyurur, arxası ilə də izah edərək “Açıq-aşkar bir dəlil”in nə olduğunu qeyd edir: “Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir”. Yəni Muhəmməd (salləllahu aleyhi və səlləm) və onun oxuduğu müqəddəs Quran. O Quran ki, uca dərgahda pak səhifələr üzərində yazılmışdır. Allah təala başqa bir ayədə buyurur: “Əzəmətli səhifələrdə; yüksək, tərtəmiz; elçilərin əlləriylə! Çox dəyərli, çox möhtərəmdirlər”. (Əbəsə, 13-16)
Daha sonra uca Allah buyurur: “O səhifələrdə doğru-dürüst yazılar vardır”. İbn Cərir deyir ki, bunlar içərisində doğru-dürüst, ədalətli, qüsursuz və xətasız yazılar olan Allah tərəfindən göndərilmiş pak səhifələrdir. Çünki bu yazılar izzət və cəlal sahibi Allahın dərgahından nazil olmuşdur. Qatədə söyləyir ki, “Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir” ayəsində Quran ən gözəl şəkli ilə zikr olunmuş və onun şəninə tərif deyilmişdir.
İbn Zeyd “O səhifələrdə doğru-dürüst yazılar vardır” ayəsinə doğru yolda olan və mülayim yazılar mənasını vermişdir.
“Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər” ayəsi Allah təalanın “(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”. (Ali İmran, 105) ayəsi ilə məna oxşarlıqğı təşkil edir. Burada bizdən əvvəl özlərinə kitablar nazil olmuş peyğəmbərlər nəzərdə tutulur. Allah təala həmin qövmlərə açıq aşkar haqqı bəyan edən dəlillər göndərdikdən sonra ayrılığa və ixtilafa düşdülər, Allahın kitabında nəzərdə tutulanların ziddinə gedib zəlalətə uğradılar. Belə ki, müxtəlif isnadlarla rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Yahudilər yetmiş bir firqəyə bölündülər. Xristianlar isə yetmiş iki firqəyə ayrıldılar. Bu ümmətə gəlincə, onlar yetmiş üçn firqəyə bölünəcəklər. Birindən başqa hamısı odda olacaqdır”. Soğruşdular: “Onlar kimlərdir, ya rəsulləllah?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Mənim və səhabələrimin yolunda olanlar!”
“Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” Bu ayə Allah təalanın digər bir ayəsi ilə oxşardır. Belə ki, uca Allah buyurur ki, “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək”. (əl-Ənbiya, 25) Ayədə dini yalnız Allaha məxsus edən “həniflər” kəlməsi qeyd edilmişdir. Yəni onlar şirkdən uzaqlaşıb tövhidə üz tutanlardır. Allah təala buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik”. (ən-Nəhl, 36) Hənif kəlməsi barəsində ətraflı məlumat “Əl-Ənam” surəsində verilib. “Namaz qılıb zəkat versinlər”. Namaz fiziki ibadətlərin ən fəzilətlisidir. Zəkat isə kasıblara və ehtiyacı olanlara yardım etməyin ən nümunəvi formasıdır. “Doğru-düzgün din budur!” Yəni nizamlı, doğru-dürüst, hakim və adil ümmət bu ümmətdir. Zuhri və Şafii kimi bir çox fikh alimləri bu ayəni imanın əməlləri də özündə ehtiva etdiyinə dəlil gətirmişlər. Bu səbədən də Allah təala “Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” – deyə buyurmuşdur.
-
2
Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir.
1-ci ayənin təfsirinə bax.
-
3
O səhifələrdə doğru-dürüst yazılar vardır.
1-ci ayənin təfsirinə bax.
-
4
Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər.
1-ci ayənin təfsirinə bax.
-
5
Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!
1-ci ayənin təfsirinə bax.
-
6
Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.
Allah təala kitab əhlindən kafir olub, Allahın nazil etdiyi kitablara və göndərdiyi elçilərə qarşı çıxan müşriklərin Qiyamət günü düşəcəyi vəziyyətdən xəbər verir və onların məskəninin əbədi Cəhənnəm odu olacağını bildirir. “Onlar yaradılmışların ən şərliləridir”. Allahın yaradıb yer üzündə yaydığı yaradılmışların ən şərliləri o kəslərdir. Daha sonra uca Allah qəlbləri ilə iman gətirib əzaları ilə saleh əməllər edənlərin halı barədə xəbər verir, onların yaradılmışların ən xeyirliləri olduğunu bildirir. Əbu Hureyrə və bir çox alimlər bu ayəni dəlil gətirərək əməlisaleh möminlərin mələklərdən stn olduğunu söyləmişlər. Çünki Allah təala ayədə buyurur ki, “Onlar yaradılmışların ən yaxşılarıdır”. Daha sonra Allah təala buyurur ki, “Onların mükafatı Rəbbələrinin dərgahındadır”. Yəni Qiyamət günü”. “Rəbləri yanında onların mükafatı altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar”. Yəni onlar bu diyarda əbədi həyata yaşayacaqlar. Bu həyatın sonu, fasiləsi və tükənişi yoxdur. “Allah onlardan razıdır, onlar da Allahdan”. Allahın onlardan razı qalması onlara bəxş etdiyi əbədi nemətdən də üstün məqamdadır. Onlar da Allahın onlara bəxş etdiyi mərhəmət və lütfdən razıdırlar.
“Bu, Rəbbindən qorxanlar üçündür!” Yəni bu mükafat Allahdan layiqincə qorxanlar, təqvalı olanlara və Onu görmədiyini bilə-bilə Onu görürmüş kimi ibadət edən kimsələrə müyəssər olacaq.
İmam Əhməd deyir: Bizə İshaq ibn İsa Əbu Hureyrədən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Sizə yaradılmışların ən xeyirliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Atının yüyənindən tutub gedən, ancaq qorxulu səs eşitdiyi an atının tərkinə minən insandır!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir daha dedi: “Sizə yaradılmışların ən xeyirliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Qoyun-quzusunun arasında olub, ancaq namaz qılıb, zəkatını verən kəsdir!” Daha sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Sizə yaradılmışların ən şərliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Allahdan istəyən, ancaq onun üçün bir şey verməyən kimsədir!”
“Əl-Beyyinə” surəsinin təfsiri sona çatdı. Həmd və səna yalnız Allaha məxsusdur.
-
7
İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
6-cı ayənin təfsirinə bax.
-
8
Rəbləri yanında onların mükafatı altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu, Rəbbindən qorxanlar üçündür!
6-cı ayənin təfsirinə bax.