-
1
De: “Sığınıram sübhün Rəbbinə!
Mədinədə nazil edilmişdi.
İmam Əhməd demişdir: Bizə Əffən danışdı, bizə Həmməd ibn Sələmə danışdı, bizə Asim ibn Bəhdələ xəbər verdi ki, Zir ibn Hubeyş demişdir: Ubey ibn Kəbə dedim: “İbn Məsud muavizəteyni Mushafına yazmır?” O da dedi: “Şəhadət edirəm ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə xəbər verdi ki, Cəbrayıl (əleyhis-sələm ) ona dedi: “De: “Sığınıram sübhün Rəbbinə!”. O: “Məndə onu dedim” – dedi. Cəbrayıl dedi: “De: “Sığınıram insanların Rəbbinə”. O: “Məndə onu dedim” – dedi. Biz də Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini deyirik.”
Bunu Əbubəkr əl-Humeydi “Musnəd” əsərində Sufyan ibn Uyeynədən rəvayət etmiş və demişdir: Bizə Abdə ibn əbu Lubabə ilə Asim ibn Bəhdələ danışdılar ki, onlar Zir ibn Hubeyşdən eşitmişlər ki, o belə demişdi: Ubey ibn Kəbdən muhavizəteyn barəsində soruşaraq dedim: “Ey Munzirin atası, qardaşın İbn Məsud muavizəteyni mushafından çıxarıb?” O dedi: “Mən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdum. O dedi: “Mənə: “De” deyildi, mən də dedim”. Biz də Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyi kimi deyirik.
Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Sufyan, Asimdən danışdı ki, Zir demişdir: “İbn Məsuddan muhavizeteyn barəsində soruşdum. O dedi: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) o ikisi barədə soruşduqda buyurdu: “Mənə deyildi, mən də sizə dedim, siz də deyin”. Ubey dedi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi, biz də deyirik.
Buxari demişdir: Bizə Əli ibn Abdullah danışdı, bizə Sufyan danışdı, bizə Abdəh ibn əbu Lubabə danışdı, o da Zirdən, – bizə Asim, Zirdən danışdı – və dedi: “Ubey ibn Kəbdən soruşdum: “Ey Munzirin atası, qardaşın İbn Məsud bu cür sözlər deyir.” O da dedi: “Mən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşduqda, buyurdu: “Mənə deyildi, mən də dedim.” Biz də Rəsulullah (salləllahu aleyhi və səlləm) kimi deyirik.
Bunu yenə Buxari və Nəsai, Quteybədən, o da Sufyan ibn Uyeynədən, o da Abdəh və Asim ibn Əbin-nucuddan, o da Zir ibn Hubeyşdən, o da Ubey ibn Kəbdən belə rəvayət etmişdir. Hafiz ibn Yalə demişdir: Bizə Əzraq ibn Əli danışdı, bizə Həssən ibn İbrahim danışdı, bizə Salt ibn Bəhram danışdı, o da İbrahimdən, o da Əlqamədən dedi: “Abdullah muavizəteyni mushafdan çıxardaraq: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) onlarla Allaha sığınmaq əmr edilib” – deyirdi və onları (Quran surələri olaraq) oxumazdı.
Bunu Abdullah ibn Əhməd də, Aməşin hədisindən, o da Əbu İshaqdan, o da Əbdürrəhman ibn Yəziddən rəvayət etmişdir ki, o demişdir: “Abdullah muavizəteyni mushafdan silərək: “O ikisi Allahın kitabından deyil” – deyərdi.” Aməş demişdir: Bizə Asim danışdı, o da Zir ibn Hubeyşdən, o da Ubey ibn Kəbin belə dediyini rəvayət etmişdir: “Biz o ikisi barəsində Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşduq. O da dedi: “Mənə deyildi, mən də dedim”.
İbn Məsudun muavizəteyni öz mushafına yazmadığı barədə nəql edilən bu xəbər, bir çox Quran qariləri və fəqihlər arasında məşhurdur. Bəlkə də İbn Məsud bu iki surəni Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitməyib və onun üçün mütəvatir dərəcəsinə çatmayıb. Bəlkə də sonra camaatın fikrinə qayıtmışdır. Çünki səhabələr, Allah onlardan razı olsun, o iki surəni ana mushaflarında qeyd edirdilər və digər bölgələrə göndərirdilər. Həmd və minnət Allaha məxsusdur.
Muslim “Səhih” əsərində demişdir: Bizə Quteybə danışdı, bizə Cərir danışdı, o da Bəyandan, o da Qeys ibn əbu Həzimdən, o da Uqbə ibn Amirdən onun belə dediyini söylədi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bu gecə mənə nazil olan ayələri görmədinmi? Bunlar kimisi görülməyib: “De: “Sığınıram sübhün Rəbbinə!”, “De: “Sığınıram insanların Rəbbinə”.
Əhməd, Muslim, Tirmizi və Nəsai bu hədisi İsmayıl ibn əbu Xaliddən, o da Qeys ibn əbu Həzimdən, o da Uqbədən rəvayət etmişdir. Tirmizi: “həsən səhihdir” – demişdir.
Başqa bir yoldan imam Əhməd demişdir: Bizə Vəlid ibn Muslim danışdı, bizə İbn Cabir danışdı, o da Qasım əbu Əbdürrəhmandan danışdı ki, Uqbə ibn Amr demişdir: “Mən yürüşlərin birində Rəsulullahın (salləllahu aleyhi və səlləm) miniyini apararkən, birdən o mənə səsləndi: “Ey Uqbə, minməyəcəksən?” Məndə ona asilik etməkdən qorxaraq qısa müddətlik mindim. Sonra o, miniyinə mindi və dedi: “Ey Uqbə, sənə insanların oxuduğu ən xeyirli iki surəni öyrədimmi?” Mən də: “Bəli ey Rəsulullah” – dedim. Mənə: “Qul əuzu birəbbil fələq” və “Qul əuzu birabbinnəs” surələrini oxutdu. Sonra namaza iqamə verildi və Rəsulullah (salləllahu aleyhi və səlləm) irəli keçib namazda həmin iki surəni oxudu. Sonra yanımdan keçəndə mənə dedi: “Nə düşündün ey Uqbə, bunları hər dəfə yatanda və yuxudan duranda oxu.”
Nəsai də bunu Valid ibn Muslimin və Abdullah ibn Mübarəkin hədisindən, ikisi də İbn Cabirdən bu cür rəvayət etmişlər.
Əbu Davud və həmçinin Nəsai bu hədisi İbn Vəhbdan, o da Muaviyə ibn Salahdan, o da Alə ibn Hərisdən, o da Qasım ibn Əbdurrəhmandan, o da Uqbədən rəvayət etmişdir.
Başqa bir yol: Əhməd demişdir: Bizə Əbu Abdurrahman danışdı, bizə Səid ibn əbu Eyyub danışdı, mənə Yəzid ibn Abduləziz Rueyni və Əbu Mərhum danışdı, onlar da Yəzid ibn Muhəmməd Quraşidən, o da Əli ibn Rabahdan, o da Uqbə ibn Amirdən dedi: Rasulullah (sallallahu aleyhi və səlləm) mənə əmr etdi ki, muavizəteyn surələri hər namazın bitirdikdən sonra oxuyum.
Başqa bir yoldan Əhməd demişdir: Bizə Yəhya ibn İshaq danışdı, bizə İbn Lehiya danışdı, o da Muşərrih ibn Həandan, o da Uqbə ibn Amirdən danışdı ki, o demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə demişdir: “Muavizəteyni oxu, çünki onlar kimisini oxuya bilməzsən.” Bunu yalnız Əhməd rəvayət etmişdir.
Başqa bir yoldan Əhməd demişdir: Bizə Hayvə ibn Sureyh danışdı, bizə Baqiyyə danışdı, bizə Buheyr ibn Sad danışdı, o da Xalid ibn Madandan, o da Cubeyr ibn Nufeyrdən, o da Uqbə ibn Amirdən danışdı ki, o demişdir: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) boz bir qatır hədiyyə edildi. Ona mindikdə, Uqbə yedəyindən çəkməyə başladı. Rəsulullah (salləllahu aleyhi və səlləm) Uqbəyə dedi: “Qul əuzu birabbil fəlaq” surəsini oxu.” Onu təkrar etdi, o da oxudu. Buna yetərincə sevinmədiyimi görəndə, dedi: “Bəlkə də sən buna önəm vermədin, halbuki buna bərabər bir surə ilə namaz qılmadın.”
Nəsai də bunu Amr ibn Osmandan, o da Baqiyyədən bu cür rəvayət etmişdir. Nəsai yenə bunu Sovri hədisindən, o da Muaviyyə ibn Salihdən, o da Əbdürrəhman ibn Cubeyr ibn Nufeyrdən, o da atasından, o da Uqbə ibn Amirdən rəvayət etmişdir. O, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) muavizəteyn barədə soruşmuşdu. Sonra hədisin qalan hissəsini danışmışdır.
Başqa bir yol: Nəsai demişdir: Bizə Muhəmməd ibn Abdul-Ələ xəbər verdi, bizə Mutəmir danışıb dedi: Mən, Numəndən eşitdim, o da Ziyad əbi Əsəddən, o da Uqbə ibn Amirdən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “İnsanlar bu iki surə kimi bir surə ilə hələ sığınmayıb. Onlar, “Qul əuzu birabbil fələq” və “Qul əuzu birabbin-nəs” surələridir.
Başqa bir yoldan Nəsai demişdir: Bizə Quteybə xəbər verdi, bizə Leys danışdı, o da İbn Əclandan, o da Səid əl-Məqburidən, o da Uqbə ibn Amirdən danışdı ki, o demişdir: “Mən Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə yol gedirdim. Ey Uqbə: “de” – söylədi. Mən dedim: “Nə deyim?” O da susdu. Sonra “de” – dedi. Mən yenə dedim: “Nə deyim, ey Rəsulullah?” O susdu. Mən dedim: “Allahım məndən bir daha soruşsun.” O da dedi: “Ey Uqbə: “De”. Mən dedim: “Ey Rəsulullah, nə deyim?” O buyurdu: “Qul əuzu birəbbil fələq” de. Mən onu sona qədər oxudum. Sonra yenə “de”- dedi. Mən dedim: “Nə deyim, ey Rəsulullah?” O da “qul əuzu birabbinnəs de” dedi. Mən onu da sona qədər oxudum. Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Heç kəs onun kimisi ilə nə istəmiş, nə də sığınmışdı.”
Başqa bir yoldan, Nəsai demişdir: Bizə Muhəmməd ibn Yasər xəbər verdi, bizə Əbdürrəhman danışdı, bizə Muaviyyə danışdı, o da Alə ibn Harisdən, o da Məkhuldan, o da Uqbə ibn Amirdən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) sübh namazında bu ikisini oxudu.
Başqa bir yoldan Nəsai demişdir: Bizə Quteybə xəbər verdi, bizə Leys danışdı, o da Yəzid ibn əbi Həbibdən, o da Əbu İmran Əsləmədən, o da Uqbə ibn Amirdən belə danışdı: Rəsulullah (salləllahu aleyhi və səlləm) minikdə idi. Mən də onun arxası ilə gəlirdim. Əlimi onun ayağının üstünə qoyub dedim: “Mənə Hud və ya Yusuf surəsini oxutdur.” O dedi: “Allah dərgahında “Qul əuzu birabbil fələq” surəsindən daha faydalı bir şey oxumazsan.”
Başqa bir yoldan, Nəsai demişdir: Bizə Mahmud ibn Xalid xəbər verdi, bizə Valid danışdı, bizə Əbu Amr əl-Əvzai danışdı, o da Yəhya ibn əbu Kəsirdən, o da Muhəmməd ibn İbrahim ibn Harisdən, o da Əbu Abdullahdan, o da İbn Aiş əl-Cuhənidən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) ona demişdir: “Ey Aişin oğlu, sığınanların ən üstün sığındığı şey barəsində sənə xəbər verimmi?” O da dedi: “Bəli, ey Rəsulullah!” Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Qul əuzu birəbbil fələq” və “Qul əuzu birabbinnəs”, bu iki surədir.”
Bunlar Uqbə ibn Amirdən nəql edilən bu rəvayətlər, mutavatir kimidir. Əksər hədis tədqiqatçılarına görə dəqiq elm olduğunu bildirir.
Sudey ibn Əclan ilə Fərvə ibn Mucahidin ondan danışdıqları bu rəvayət yuxarıda keçdi: “Sənə nə Tövratda, nə İncildə, nə Zəburda, nə də Quranda oxşarı olmayan üç surəni öyrədimmi? Onlar İxlas, Fələq, Nəs surələridir.”
Başqa bir hədisdə imam Əhməd demişdir: Bizə İsmayıl danışdı, bizə Cüreyri danışdı, o da Əbu Alədən danışdı ki, bir kişi dedi: “Biz bir səfərdə Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. İnsanlar miniklərə növbə ilə minirdilər. Minik qıtlığı var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə mənim növbəm gəldi. Mənə çatdı, arxadan çiynimə vurdu və: “Qul əuzu birabbil fələq” de” – dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu oxudu və mən də onunla birgə oxudum. Sonra: “Qul əuzu birabbinnəs” de” –dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu oxudu. Mən də onunla birgə oxudum. O buyurdu: «Namaz qıldığın zaman onları oxu.”
Elə başa düşülür ki, bu adam Uqbə ibn Amirdir. Allah ən doğrusunu biləndir.
Bunu Nəsai də, Yaqub ibn İbrahimdən, o da İbn Uləyyədən bu cür rəvayət etmişdir.
Başqa bir hədisdə Nəsai demişdir: Bizə Muhəmməd ibn Musənna xəbər verdi, bizə Muhəmməd ibn Cəfər danışdı, o da Abdullah ibn Səiddən, mənə Yəzid ibn Ruman danışdı, o da Uqbə ibn Amirdən, o da Uneysin oğlu Abdullah əl-Əsləmidən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) əlini onun sinəsinə qoydu və sonra: “De” dedi. Mən də, nə deyəcəyimi bilmədim. Sonra mənə dedi: “De.” Mən də: “Qul huvəllahu əhəd” – dedim. Sonra: “De” – dedi. Mən də: “Qul əuzu birabbil fələqi min şərri mə xaləq” – dedim və axıra kimi oxudum. Sonra mənə: “De” – dedi. Mən də: “Qul əuzu birabbinnəs” – dedim və axıra kimi oxudum. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allaha belə sığın. Heç bir sığınan bunların mislində biri ilə sığınmayıb.”
Başqa bir hədisdə Nəsai demişdir: Bizə Amr ibn Əli əbu Hafs xəbər verdi, bizə Bədəl danışdı, bizə Şəddad ibn Səid əbu Talha danışdı, o da Səid əl-Cureyridən, bizə Əbu Nadra danışdı, o da Cabir ibn Abdullahdan danışdı ki, o demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: “Oxu, ey Cabir.” Mən də dedim: “Anam atam sənə fəda olsun, nə oxuyum?” O da dedi: “Qul əuzu birabbil fələq” və “Qul əuzu birabbinnəs” oxu. Mən də onları oxudum və o dedi: “Onları oxu. Sən onların mislində olanı oxumazsan.”
Aişənin (radiyallahu ənhə) də belə bir hədisi yuxarıda qeyd edilmişdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) onları oxuyar və ovuclarına üfürərdi. Sonra iki əli ilə başına, üzünə və bədəninin ön tərəfinə sürtərdi.
İmam Məlik demişdir: İbn Şihabdan, o da Urvədən rəvayət etmişdir ki, Aişə (radiyallahu ənhə) demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) narahat olduğu zaman özünə muavizəteyn surələrini oxuyub üfürərdi. Ağrısı artanda mən ona o surələri oxuyardım və əli ilə üstünə sürtərdim ki, daha bərəkətli olsun.”
Bunu Buxari, Abdullah ibn Yusufdan, Muslim isə, Yəhya ibn Yəhyadan, Əbu Davud da, Qanəbidən, Nəsai də, Quteybdən, İbn Qasımdən və İsa ibn Yunusdan nəql etməklə, İbn Macə də, Məan və Bişr ibn Ömərin rəvayəti ilə, onların səkkizi də Məlikdən bu cür rəvayət etmişlər.
Nun surəsinin sonunda təqdim edilən Əbu Nadranın, Əbu Səiddən olan rəvayətində deyilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) cinlərin və insanların gözdəyməsindən sığınardı. Muavizəteyn surələri nazil olanda onları götürdü və digərlərini buraxdı.” Bunu Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişlər. Tirmizi “həsən səhihdir” – demişdir.
İbn əbu Hatim demişdir: Bizə Əhməd ibn İsam danışdı, bizə Əbu Əhməd Zubeyri danışdı, bizə Həsən ibn Salih danışdı, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Cabirdən onun belə dediyini bildirdi: “Fələq — sübhdür.” Avfi demişdir: “İbn Abbas: “Fələq – sübhdür” – demişdir. Mucahid, Səid ibn Cubeyr, Abdullah ibn Muhəmməd ibn Aqil, Həsən, Qatadə, Muhəmməd ibn Kəb əl-Qurazi, İbn Zeyd, Məlik də Zeyd ibn Əsləmdən bu cür rəvayət etmişlər.
Qurtubi, İbn Zeyd və İbn Cərir: “Bu ayə, “Dan yerini də, O sökür” (Ənam, 96) ayəsi kimidir” – demişlər.
Əli ibn əbu Talha da, İbn Abbasın: “fələq” yaratmaqdır” – dediyini rəvayət etmişdir. Dəhhak da belə demişdir: “Allah Öz nəbisinə bütün yaratdıqlarından sığınmasını əmr etmişdir.” Kəb əl-Əhbərə görə “fələq” cəhənnəmdə bir evdir. Açıldığı zaman bütün cəhənnəm əhli şiddətli istidən fəryad qoparar. Bunu İbn əbu Hatim rəvayət etmişdir və demişdir: Bizə atam danışdı, bizə Suheyl ibn Osman danışdı, adını verdiyi adamdan, o da Suddidən, o da Zeyd ibn Əlidən, o da öz ata-babasından rəvayət etmişdir ki, onlar demişlər: “Fələq” cəhənnəmin dibində bir quyudur. Üstündə bir qapaq vardır. Qaldırıldığı zaman oradan elə bir od çıxar ki, cəhənnəm əhli onun şiddətindən çığırarlar.”
Amr ibn Abəsə, Suddi və digərlərindən də belə rəvayət edilmişdi. Bu xüsusda munkər bir hədis də rəvayət edilmişdi. İbn Cərir demişdir: Mənə İshaq ibn Vəhb əl-Vasiti danışdı, bizə Məsud ibn Musa ibn Mişkən əl-Vasiti danışdı, bizə Nasr ibn Xuzeymə əl-Xorasani danışdı, o da Şueyb ibn Safvandan, o da Muhəmməd ibn Kəb əl-Qurazidən, o da Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini danışdı: “Fələq” cəhənnəmdə ağzı bağlı bir quyudur.” Sənədi qəribdir. Rəsulullaha (salləllahu aleyhi və səlləm) nisbət edilməsi səhih deyildir.
Əbu Əbdürrəhman əl-Hubuli “fələq” cəhənnəmin verilən adlardan biridir” – demişdir.
İbn Cərir demişdir: “Doğrusu birincidir. O da “fələq” sübhdür.” Bu doğrudur. Buxari (rahmətullahi aleyh) Səhihində tərcih etdiyi də budur.
“Məxluqatının şərindən” yəni bütün məxluqatın şərindən, deməkdir. Sabit əl-Bunani ilə Həsən Bəsri: “Cəhənnəm, İblis və onun nəsli də yaradılanlardandır” – demişlər.
“Çökən zülmətin şərindən” Mücahid demişdir: “Zülmət, günəşin batması ilə gecənin qaranlığı deməkdir.” Bunu ondan Buxari rəvayət etmişdir. Ondan da İbn əbu Nəcih rəvayət etmişdir. Ibn Abbas, Muhəmməd ibn Kəb əl-Qurazi. Dəhhak, Xuseyf, Həsən və Qatadə demişdir: “O, qaranlığı ilə gələn gecədir.”
Zuhri isə ona “batan günəş” demişdir. Atiyyə ilə Qatadə “izə vəqab” gecənin getməsidir, demişlər. Əbu Muhəzzim demişdir: Əbu Hureyrə rəvayət etmişdir ki, o batan ulduzdur.
İbn Zeyd demişdir: Ərəblərdə zülmət, Surayyə ulduzunun batmasıdır. O ərəfədə xəstəliklər və bəlalar çox olur. O doğurkən bunlar da aradan qalxırlar.
İbn Cərir demişdir: Bunların əsaslandığı bir rəvayət vardır: Mənə Nasr ibn Əli danışdı, mənə Hammamın qardaşı oğlu Bəkkar ibn Abdullah danışdı, bizə Muhəmməd ibn Əbdüləziz ibn Ömər ibn Abdurrəhman ibn Avf danışdı, o da atasından, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “ğasiq” batan ulduzdur — demişdir.
Mən də deyirəm ki, bu hədisi Rəsulullaha (salləllahu aleyhi və səlləm) nisbət etmək doğru deyil. İbn Cərir deyir ki, başqaları isə o aydır – demişdir. Mən deyirəm ki, bu rəy tərəfdarlarının dəlili imam Əhmədin rəvayət etdiyi bu hədisidir: Bizə Əbu Davud əl-Hafəri danışdı, o da İbn əbu Zibdən, o da Harisdən, o da Əbu Sələmədən danışdı ki, Aişə (radiyallahu ənhə) demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) əlimdən tutdu və mənə doğan ayı göstərərək dedi: “Bunun şərindən Allaha sığın.” Bunu Tirmizi ilə Nəsai Sunənlərinin təfsir bölümündə, Muhəmməd ibn Əbdürrəhman ibn Əbu Zib hədisindən, o da dayısı Haris ibn Əbdürrəhmandan belə rəvayət etmişdir. Tirmizi də: “həsən, səhih” demişdir. Mətni də “bunun şərindən Allaha sığın” -“ğasiq izə vəqab” – dır. Nəsainin mətni isə belədir: “əl-ğasiq izə vəqab” – ın şərindən Allaha sığın. Birinci rəyin sahibləri deyirlər ki, o batdığı zaman gecənin əlamətləridir. Bu da bizim rəylə ziddiyyət təşkil etmir. Çünki ay gecənin əlamətidir və təsirini yalnız onda göstərir. Ulduzlar da, həmçinin, yalnız gecə işıq saçarlar. Bu da bizim dediyimiz sözə qayıdır. Allah ən doğrusunu biləndir.
“Düyünlərə üfürən qadınların şərindən” Mucahid, İkrimə, Həsən, Qatadə və Dəhhak demişlər: “Sehrbaz qadınların şərindən.” Mucahid demişdir: “Sehr edərkən düyünlərə üfürdükləri zaman.”
İbn Cərir demişdir: Bizə İbn Abdulalə danışdı, bizə İbn Səvr danışdı, o da Mamərdən, o da İbn Tavusdan, o da atasından belə nəql etmişdir: “İlan və dəliləri ovsun etməkdən şirkə daha yaxın bir şey yoxdur.”
Başqa bir hədisdə deyilmişdir: Cəbrayıl, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Muhəmməd! Şikayət edirsən?” O da: “Bəli” – dedi. Cəbrayıl dedi: “Allahın adı ilə sənə ruqyə oxuyuram. Sənə əziyyət verən hər bir xəstəlikdən, hər bir həsəd aparanın və gözü dəyənin şərindən, Allah sənə şəfa versin.” Bəlkə də bu şikayət, Rəsulullahın (salləllahu aleyhi və səlləm) sehr olunduğu vaxt idi. Sonra Allah təalə ona afiyət və şəfa verdi. Başlarında yəhudilərin durduğu sehrbazların və həsəd aparanların hiyləsini geri qaytardı. Onların tədbirlərini boşa çıxartdı və özlərini rəzil etdi. Bununla bərabər Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəfə belə onlara məzəmmət etmədi. Onları Allaha həvalə etdi. O da ona şəfa və rahatlıq verdi.
İmam Əhməd demişdir: Bizə Əbu Muaviyyə danışdı, bizə Aməş danışdı, o da Yəzid ibn Həyyandan, o da Zeyd ibn Ərqamdan onun belə dediyini nəql etdi: “Bir yəhudi Rəsulullaha (salləllahu aleyhi və səlləm) cadu etdi. Buna görə, o, bir neçə gün narahat oldu. Cəbrayıl gəlib dedi: “Yəhudi bir kişi sənə cadu edib. Düyünlər bağlayıb filan quyuya atıblar. Adam göndər onu gətirsin.” Rəsulullah (salləllahu aleyhi və səlləm) Əlini (Allah ondan razı olsun) göndərdi. O, cadunu çıxardıb gətirdi. Düyünləri açan kimi, Rəsulullah (salləllahu aleyhi və səlləm) sanki qandaldan açılmış kimi fəallaşıb özünə gəldi. Bunu ölənə qədər yəhudiyə demədi və üzünə vurmadı.” Nəsai bunu Hənnaddan, o da Əbu Muaviyyə Muhəmməd ibn Həzim əd-Darirdən rəvayət etmişdir.
Buxari Səhihin “Tibb” bölümündə belə rəvayət etmişdir: Bizə Abdullah ibn Muhəmməd danışıb dedi: Mən Sufyan ibn Uyeynədən eşitdim ki, o dedi: Bizə ilk öncə İbn Cureyc danışdı və dedi: Mənə Urvə ailəsi, Urvədən danışdı, onu Hişamdan soruşdum, o bizə atasından danışdı, o da Aişədən belə dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) cadu edildi. Sanki, qadınlarına yaxınlaşdığını sanırdı, amma elə deyildi.” Sufyan: “Cadunun ən ağırı belə olur” – demişdir. Belə olduqda Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Ey Aişə, bilirsənmi Allah mənim sualıma cavab verdi. Yanıma iki nəfər gəldi, biri baş tərəfdən, digəri ayaq tərəfdən oturdular. Başımın üstündə oturan digərindən soruşdu: “Ona nə olub?” Digəri dedi: “Cadu edilib.” O dedi: “Kim edib?” Digəri dedi: “Ləbid ibn Asam – o, yəhudilərin müttəfiqləri olan Zureyq qəbiləsindən idi və münafiq sayılırdı – . Baş tərəfdəki soruşdu: “Nə ilə edib?” Digəri dedi: “Daraq və saçları ilə.” Birinci soruşdu: “Haradadır?” O dedi: “Zərvan adlanan bir quyuda, xurma tumurcuğunun içində, suyun üzərindəki daşın altında.” Aişə dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) quyuya gəldi. Onu çıxartdı və dedi: Mənə göstərilən quyu budur. Suyu xınaya qarışmış kimi idi. Xurmalar şeytanın başları kimi idi.” O dedi: “Cadu vasitələri çıxarıldı.” Mən dedim: “O adamı ifşa et.” Rəsulullah (salləllahu aleyhi və səlləm) da dedi: “Allah mənə şəfa verdi, hər hansı bir insana şər toxunmasını istəmirəm.”
Bunu İsa ibn Yunus, Əbu Dəmra Ənəs ibn İyad, Əbu Sələmə və Yəhya əl-Qəttandan sənədlə rəvayət etmişdir. Aişə (radiyallahu ənhə) demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) sanki xəyallara dalırdı, bir şeyi etmədiyi halda onu etmiş kimi sanırdı.” Buxaridə deyilir: “Sonra quyunun üstünü torpaqla örtməyi əmr etdi.” Deyilənə görə bunu yenə Hişamdan, o da İbn əbu Zənad və Leys ibn Saddan rəvayət etmişdir. Bunu Muslim də, Əbu Usamə Hammad ibn Usamə və Abdullah ibn Numeyr hədisindən rəvayət etmişdir. Bunu Əhməd də, Afvandan, o da Vəhbdən, o da Hişamdan bu cür rəvayət etmişdir. İmam Əhməd bunu İbrahim ibn Xaliddən, o da Rəbahdan, o da Mamərdən, o da Hişamdan, o da atasından, o da Aişədən (radiyallahu ənhə) demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) altı ay ərzində etmədiyi şeyləri etmiş kimi bilirdi. Onun yanına iki mələk gəldi. Biri baş tərəfində, digəri isə ayaq tərəfində oturdu. Biri digərinə dedi: “Buna nə olub?” O biri dedi: “Sehrlənib.” Birinci soruşdu: “Kim edib?” Digəri dedi: “Ləbid ibn Asam.” Sonra hədisi tamamladı.
Təfsirçi alim, ustad əs-Sələbi öz təfsirində demişdir: “İbn Abbas və Aişə (radiyallahu ənhumə) demişlər: “Yəhudilərdən bir gənc Rəsulullaha (salləllahu aleyhi və səlləm) xidmət edirdi. Yəhudilər ona yol tapıb, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir neçə saç tükünü və daraq dişini onlara verməsinə nail oldular. Onlar da ona bu yolla cadu etdilər. Bunun başında yəhudilərdən olan Ləbid ibn Asam adında bir kişi dururdu. Sonra da cadunu Zureyq oğullarının Zərvan adlanan quyusunda gizlətdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) xəstələndi. Saçı töküldü, altı ay qadınlarına yaxınlığını düşünsə də, həqiqətdə belə deyildi. Əriyirdi və nə baş verdiyini bilmirdi. Bir gün yatarkən onun yanına iki mələk gəldi. Biri baş tərəfində digəri ayaq tərəfində oturdu. Ayaq tərəfdə oturan digərinə dedi:
- Ona nə olub?
- Cadu ediblər.
- Kim edib?
- Yəhudi Ləbid ibn Əsam.
- Nə ilə edib?
- Daraq və saç telləri ilə.
- Onlar haradadır?
- Zərvan quyusunda xurma tumurcuğunun içində.
Burada “cuf” xurma tumurcuğunun qabıdır. “Raufə” isə quyunun dibinə vedrəni doldurmaq üçün qoyulan daşdır. Rəsulullah (salləllahu aleyhi və səlləm) həyəcan içində oyanıb dedi: “Ey Aişə, Allah mənə xəstəliyim barəsində xəbər verdi.” Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm) Əli, Zubeyr və Ammar ibn Yəsiri ora göndərdi. Onlar quyunun suyunu çəkdilər, su xınaya qarışmış kimi idi. Daşı qaldırdılar, xurma tumurcuğunu çıxartdılar. İçində saçları ilə darağı var idi. Birdə on iki düyün atılmış və üzərinə iynə saplanmış vətər var idi. Bunun üçün Allah bu iki surəni nazil etdi. Hər ayəni oxuyarkən bir düyün açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) də son düyün açılan kimi rahatlıq hiss etdi. Qandalları açılmış kimi ayağa qalxdı. Cəbrayıl ona belə oxudu: “Allahın adı ilə, səni narahat edən hər bir şeydən, həsəddən və nəzərdən sənə ruqyə oxuyuram. Allah şəfa versin.” Səhabələr dedi: “Ey Rəsulullah! O xəbisi tutub öldürəkmi?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Mənə gəlincə, Allah şəfamı verdi. İnsanlara şər toxunmasını istəmirəm.” Bunu isnadsız rəvayət etmişdir. İçində qəribəlik və qəbul edilə bilməyəcək şeylər vardır. Bəzi hissələrinin də yuxarıda qeyd edilən şahidləri vardır. Allah ən doğrusunu biləndir.
-
2
Məxluqatının şərindən,
1-ci ayənin təfsirinə bax.
-
3
çökən zülmətin şərindən,
1-ci ayənin təfsirinə bax.
-
4
düyünlərə üfürən qadınların şərindən
1-ci ayənin təfsirinə bax.
-
5
və həsəd aparan zaman paxılın şərindən!”
1-ci ayənin təfsirinə bax.