-
1
Dini yalan hesab edəni gördünmü?
Məkkə surələrindəndir.
Allah təala buyurur ki, “Ey Muhəmməd, sən dini, yəni qayıdış gününü, o gün mükafat və ya cəza alınacağını yalan sayanı gördünmü? “O elə biridir ki, yetimi itələyib qovar”. O, yetimə təzyiq göstərib zülm edən, haqqını alıb, yedirməyən və ona əl tutmayan biridir. “Və yoxsulu yedirtməyə rəğbətləndirməz”. Allah təala başqa bir ayədə buyurur ki, “Xeyr! Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz. Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz”. (əl-Fəcr, 17-18) Ayədə yeməyi və içməyi olmayan kasıb və kimsəsiz kəslər nəzərdə tutulur. Sonra Allah təala buyurur: “Vay halına o namaz qılanların!” İbn Abbas və digərləri qeyd edirlər ki, onlar aşkarda insanlarla bir yerdə namaz qılıb, təkliyə çəkildikdə namaz qılmayan münafiqlərdir. Ona görə də Allah təala “o namaz qılanlar” deyə buyurdu. Onlar namaz qılarlar, ancaq namazlarından qafildirlər, ya İbn Abbasın dediyi kimi təklikdə onu heç qılmazlar, ya da Məsruq və Əbu Duhanın dedikləri kimi onu vaxtı-vaxtında qılmaz, ona səhlənkar yanaşarlar.
Atə ibn Dinar qed edir ki, “Onlar öz namazlarından qafildirlər” – deyə buyuran Allaha həmd olsun. Fikir verin, uca Allah “onlar namazlarında qafildirlər” demədi. Istər namazı ilk vaxtlarında qılmayıb, ya həmişə, ya da əksər hallarda gecikdirənlər, istər buyururlan qaydada namazı, onun ərkan və şərtlərini əda etməyənlər, istərsə də onu xüşu və qorxu ilə qılmayıb, hikmətini dərk etməyənlər – ayədəki ifadə bunların hamısına şamil olunur. Belə ki, bu vəsflərdən hər hansı biri kimdəsə olarsa, ayədən ona da pay düşür. Bütün bu vəsfləri özündə cəmləşdirən isə əməli münafiqlik sifətini də özündə cəmləşdirmiş olar. Bu barədə Buxari və Muslimin eyni adlı “Səhih” əsərlərində rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Bu, münafiqin namazıdır. Bu, münafiqin namazıdır. Bu, münafiqin namazıdır. Oturar, günəşi müşahidə edər. Günəş şeytanın iki buynuzu arasına girdikdə, qalxıb dörd rükət namaz qılar və namazında da Allahı çox az zikr edər”. Bu, əsr namazının son vaxtıdır. Namazın son vaxtının necəliyi barədə yuxarıda qeyd etdik. Qeyd edək ki, namazın son vaxtı kərahət vaxtı adlanır, yəni bu vaxt namaz qılmaq məkruhdur. Həmin kəs gözləyər və məkruh vaxtı qalxıb namaz qılar və namazında qarğanın qarıldaması kimi qarıldayar. O, namazda nə itaətkar, nə də xüşulu olar. Ona görə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) hədisdə buyurur ki, “Allahı çox az zikr edər”. Bəlkə də o, bunu da camaatın onu namaz qılan kimi tanıması üçün edər, Allah rızası üçün namaz qılmaz. Deməli, həmin kəs heç namaz qılan sayılmaz. Allah təala buyurur ki, “Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər”. (ən-Nisə, 142)
“Onlar riyakarlıq edər”. Təbərani deyir: Bizə Yəhya ibn Abdulla İbn Abbasdan (Allah ondan razı olsun!) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Cəhənnəmdə bir vadi vardır ki, Cəhənnəm gündə dördyüz dəfə ondan Allaha sığınır. Bu vadi Muhəmməd ümmətindən olan Allahın kitabına istinad edib Allahın razılığını qazanmaq niyyəti olmadan sədəqə verən, həcc edən və cihad edən riyakarlardır (göstəriş xatirinə edənlər)”.
İmam Əhməd hədis nəql edərək deyir: Bizə Əbu Nueym Amr ibn Murranın belə dediyini qeyd edir: “Biz Əbu Ubeydənin yanında oturmuşduq. Riyadan söhbət düşdü. Əbu Yezid künyəli bir kişi dedi: “Abdulla ibn Amrın Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə rəvayət etdiyini eşitmişəm: “Kim etdiyi əməli insanlara eşitdirmək istəyərsə, Allah o əməli eşidənlərə eşitdirər, amma özünü də xor görüb, onun dəyərini azaldar”. İmam Əhməd bu hədisi Qundər və Yəhya əl-Qəttan vasitəsilə Amr ibn Abdulladan da rəvayət etmişdir. “Onlar riyakarlıq edər” ayəsinə gəlincə, kim Allah üçün bir iş görər, insanların bundan da xəbəri olarsa və bu, onun xoşuna gələrsə, bu, riya sayılmaz. Buna sübut Əbu Yalə əl-Movsilinin öz “Müsnəd”ində rəvayət etdiyi hədisdir. Belə ki, Harun ibn Məruf Əbu Saleh vasitəsilə Səid ibn Bəşirdən, o da Əməşdən Əbu Hureyrənin (Allah ondan razı olsun) belə dediyini nəql edir: “Bir dəfə namaz qılırdım. Bu ərəfədə yanıma bir nəfər gəldi. Bu, mənim xoşuma gəldi. Bu halı Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xəbər verdim. O dedi: “Sənə iki savab yazıldı: Biri gizlində, digəri isə aşkarda namaz qılma savabıdır”.
Əbu Əli Harun ibn Məruf deyir ki, aldığım məlumata görə, Abdullah ibn Mubarək demişdir: “Bəli, bu hədis murailər (göstəriş xətrinə iş görənlər) üçündür”. Bu hədis bu baxımdan qərib hesab olunur. Ravi Səid ibn Bəşir qismən qəbulolunan ravidir. Onun Əməşdən olan rəvayəti “əziz” rəvayət hesab olunur. Başqaları da ondan rəvayət etmişdir. Həmçinin, Əbu Yalə deyir ki, bizə Muhəmməd ibn Musənnə ibn Musa Əbu Hureyrənin (Allah ondan razı olsun!) belə dediyini nəql edir: “Bir kişi dedi: “Ey Allahın elçisi, bir nəfər gizlində savab iş görər və başqası onu bilərsə və bu da həmin adamın xoşuna gələrsə, necə olar?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onun iki savabı var: Biri gizlində, digəri isə aşkarda olanın savabıdır”. Bunu Tirmizi Muhəmməd ibn Musənnə, İbn Macə isə Bəndər vasitəsilə Əbu Davud ət-Təyalisdən nəql etmişlər. Tirmizi hədisin qərib olunduğunu bildirmişdir. Hədisi Əməş də Həbib vasitəsilə Əbu Salehdən “mursəl” hədis kimi rəvayət etmişdir.
Əbu Cəfər ibn Cərir deyir: Bizə Əbu Kureyb Muaviyə ibn Hişam vasitəsilə Cabir əl-Cəfidən Əbu Bərza əl-Əsləminin belə dediyini nəql etmişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Onlar öz namazlarından qafildirlər” ayəsi nazil olduqda dedi: “Allahu əkbər! Bu sizə dünya qədər nemət verilməsindən daha xeyirlidir. O kəslər namazı unudar, namazın xeyrini istəməz, namazı tərk edərkən Allahdan qorxmaz”. Ravilər içində olan Cabir əl-Cəfi zəif ravidir, onun şeyxi naməlumdur. Ən doğrusunu Allah bilir. Həmçinin, İbn Cərir deyir ki, bizə Zəkəriyyə ibn Abban əl-Misri İkrimə İbn İbrahim vasitəsilə Səid ibn Əbu Vaqqasın belə dediyini nəql etmişdir: “Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) namazlarından qafil olan kəslər barəsində soruşdum. Bu haqda mənə dedi: “Onlar namazı öz vaxtından gecikdirənlərdir”. Namazı gecikdirmək dedikdə, onu tam tərk etmək və ya onu buyurulan vaxtından gecikdirmək anlamına gələ bilər. Bunu Əbu Yalə də Şibyan ibn Fərrux vasitəsilə İkrimə ibn İbrahimdən nəql etmişdir. Əbu Rəbi Musab vasitəsilə mövquf olaraq nəql edir ki, bu, səhih isnaddır. Beyhaqi bu hədisin isnadının Peyğəmbərə (salləllahu aleyhi və səlləm) gedib çatmasını səhih hesab etməmiş, onun mövquf hədis olduğunu bildirmişdir. Hakim də bu görüşdədir.
“Və zəkat verməyi qadağan edərlər”. Yəni onlar Rəblərinə ibadəti yaxşı yerinə yetirmədikləri kimi, Onun qullarına da yaxşı münasibətdə olmazlar. Əmanətlə bağlı məsələlərə də səhlənkar yanaşarlar. Hətta onlara etibar edilən şeyə xəyanət edib onu geri qaytarmazlar. Deməli, onlar zəkat da verməzlər, müxtəlif ibadətləri də yerinə yetirməzlər. İbn Əbu Nəcih Mucahiddən Əlinin belə dediyini nəql edir: “Ayədə “məun” kəlməsi zəkat mənasını verir”. Suddi də Əbu Saleh vasitəsilə Əlidən bu cür nəql etmişdir. Abdulla ibn Ömərdən də bu kimi nəql edilmişdir. Muhəmməd ibn Hənəfiyyə, Səid ibn Cübeyr, İkrimə, Mücahid, Əta, Atiyyə əl-Əvfi, Zuhri, Həsən, Qatədə və Dahhək ibn Zeyd də bu görüşdədirlər. Həsən əl-Basri deyir: “O, namaz qılarkən, riya edər, namazı gecikdirərkən, narahat olmaz, malının zəkatını verməz”. Başqa bir ifadədə “malının sədəqəsini verməz” – deyə bildirilir. Zeyd ibn Əsləm deyir ki, “onlar münafiqlərdir. Aşkarda olduğu üçün namaz qılarlar, ancaq gizlində olduğu üçün zəkat verməzlər”. Əməş və Şöbə Həkəm vasitəsilə Yəhya ibn Cəzzardən nəql edirlər ki, Əbu Ubeydinin Abdullah ibn Məsuda “məun” sözü barəsində sual verdikdə, dedi: “Bu, insanların öz aralarında bir-birilərinə alıb-verdiyi balta və qazan kimi şeylərdir”. Məsudi deyir ki, Sələmənin Əbu Ubeydindən nəql etdiyinə görə, Abdullah ibn Məsuddan “məun” sözü haqda soruşulduqda belə cavab vermişdi: “Bu, insanların bir-birinə alıb-verdiyi balta, qazan, dolça və bu kimi şeylərdir”.
İbn Cərir deyir: Muhəmməd ibn Ubeyd əl-Muhəribi Əbu Ubeydənin, Səd ibn İyaz isə Abdullahın belə dediklərini nəql etmişlər: “Biz – Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri öz aramızda “məun” sözü barəsində söhbət edirdik. Bu, dolça, qazan və qazan kimi şeylərdir”. Xəllad ibn Əsləm İbrahim ibn İshaqın belə dediyini nəql edir: “Mən Səd ibn İyazdan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrinin bu haqda belə danışdıqlarını eşitmişəm”. Əməş İbrahim vasitəsilə Abdulladan nəql edir ki, ona “məun” sözü haqda sual verildikdə, belə cavab vermişdi: “İnsanların bir-birilərinə alıb-verdikləri balta, dolça və bu kimi şeylərdir”.
İbn Cərir başqa bir hədis nəql edərək deyir: Bizə Amr ibn Əli Əbu Vail vasitəsilə Abdullahın belə dediyini rəvayət etmişdir: “Biz Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) bir yerdə idik və öz aramızda “məun” sözü haqda söhbət edərkən onun dolça və sair bu kimi şeylər olduğunu deyirdik”.
Bunu Əbu Davud və Nəsai də Quteybə vasitəsilə Əbu Avənədən eyni isnadla rəvayət etmişdir. Nəsainin Abdullahdan nəql etdiyi ləfz belədir: “Hər bir xeyir əməl sədəqədir. Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında “məun” sözünün qazan və dolça kimi şeylər mənasına gəldiyini hesab edirdik”.
İbn Əbu Hatim deyir: Mənə atam Abdullahın belə dediyini nəql etmişdir: “Məun” qazan, tərəzi və dolça kimi şeylərdir”. İbn Əbu Nəcih Mucahid vasitəsilə İbn Abbasın “Və (məun) verməyi qadağan edərlər” ayəsi barəsində belə dediyini nəql etmişdir: “Bunlar ev avadanlıqlarıdır”. Mucahid, İbrahim ən-Nəxai, Səid bin Cübeyr, Əbu Malik və digərləri də bu fikirdədirlər. Digər bir rəvayətdə Leys ibn Əbu Səlim İbn Abbasın belə dediyini nəql etmişdir: “Bəhs edilən kəslər hələ gəlməyiblər”. Həmçinin, əl-Əvfi ayə barəsində İbn Abbasın belə dediyini nəql edir: “İnsanlar bu barədə müxtəlif fikirlər söyləmişlər. Bəziləri “zəkat verməyi qadağan edərlər” – deyə təfsir etdikləri halda, bəziləri də “itaətkarlığı qadağan edərlər” – deyə təfsir etmişlər. Bir qisim insanlar da ayədəki “məun” sözünün qab-qacaq mənasında olduğunu söyləmişlər. Bunu İbn Cərir rəvayət etmişdir. O, həmçinin, Yaqub ibn İbrahim vasitəsilə Əlinin (Allah ondan razı olsun!) belə dediyini nəql edir: “məun” insanlara balta, qazan və dolça kimi şeyləri verməkdir”. İkrimə deyir ki, bunun ən alisi malın zəkatı, ən alçağı isə xəlbir, qazan və dolça kimi şeyləri verməkdir”. Bunu İbn Əbu Hatim rəvayət etmişdir. İkrimənin fikri məqbuldur. Çünki bu fikir hər şeyə şamil olunur və eyni mənaya qayıdır. Bu, alıb-verməklə və yaxud faydalı iş görməklə qarşılıqlı əməkdaşlığı tərk etmək deməkdir. Ona görə də Muhəmməd ibn Kəb ayə barəsində “yaxşı işlər görmək” demişdir. Burada bir hədisi də qeyd etmək yerinə düşər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur ki, “Hər bir xeyir əməl sədəqədir”.
İbn Əbu Hatim deyir: Bizə Əbu Səid əl-Əşəc Zuhrinin belə dediyini nəql etmişdir: “Ayədəki “məun” kəlməsi Qureyş dilində mal deməkdir. İbn Əbu Hatim deyir ki, bu haqda isnadı və mətni qərib və əcaib olan bir hədis rəvayət olunmuşdur. Belə ki, bizə atam və Əbu Zəra Qurra ən-Nimyəridən nəql etdi ki, onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına elçi kimi gəlib dedilər: “Ey Allahın elçisi, bizə nə əhd edirsən?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Məunu (zəkat mənasında tərcümə etdiyimiz söz) qadağan etməyin!” Dedilər: “Məun nədir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Daşda, dəmirdə və suda”. Yenə soruşdular: “Hansı dəmirdə?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Qazanlarınız mis, baltalarınız dəmirdir”. Soruşdular: “Bəs daş nədir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Qazanlarınız daşdır”. Bu hədis qərib hədisdir və isnadı Peyğəmbərə (salləllahu aleyhi və səlləm) gedib çıxmır. Rəvayətin isnadında naməlum şəxslər vardır. Ən doğrusunu Allah bilir.
İbn əl-Əsir “səhabələr” bəhsində Əli ən-Numeyrinin tərcümeyi-halını yazarkən qeyd edir ki, İbn Qani öz isnadı ilə Əli ibn Falan ən-Numeyridən nəql etdiyinə görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Müsəlman digər bir müsəlmanın qardaşıdır. Onunla qarşılaşdığı zaman ona salam verər və ondan da gözəl salamını alar. O, “məun”dan yayınmaz”. Mən soruşdum: “Ey Allahın elçisi, məun nədir?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Daş, dəmir və bu kimi şeylər”. Ən doğrusunu Allah bilir.
“Əl-Məun” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
-
2
O elə biridir ki, yetimi itələyib qovar;
1-ci ayənin təfsirinə bax.
-
3
Və yoxsulu yedirtməyə rəğbətləndirməz.
1-ci ayənin təfsirinə bax.
-
4
Vay halına o namaz qılanların ki,
1-ci ayənin təfsirinə bax.
-
5
Onlar öz namazlarından qafildirlər;
1-ci ayənin təfsirinə bax.
-
6
Onlar riyakarlıq edər,
1-ci ayənin təfsirinə bax.
-
7
Və (məun) zəkat verməyi qadağan edərlər.
1-ci ayənin təfsirinə bax.