• 1

    And olsun sərtliklə alanlara;

    ƏN-NAZİAT surəsinin təfsiri

    Məkkə surələrindəndir.

    (1-14 ayələr)

    İbn Məsud, İbn Abbas, Məsruq, Səid ibn Cubeyr, Əbu Saleh, Əbu Duha və Suddi “And olsun sərtliklə alanlara” ifadəsi ilə mələklərin nəzərdə tutulduğunu söyləmişlər. Onların sözlərinə görə, mələklər Adəm övladlarının ruhlarını dartıb aldıqları zaman, bəziləri sərtliklə ruhu alar, söküb qopardar. Bəziləri də Adəm övladlarının ruhlarını asanlıqla, rahatlıqla alar. Sanki bir ip düyününü açarmış kimi, mələk də insanın ruhunu alar. Sonuncusu Allah təalanın “And olsun rahatlıqla alanlara” ayəsinin açıqlamasıdır. İbn Abbas deyir ki, “sərtliklə alanlar”-da məqsəd kafirlərin canlarıdır. Onlar sərtliklə alınar, sonra da Cəhənnəm alovuna atılarlar. Bunu İbn əbu Hatim rəvayət etmişdir. Mucahid demişdir: Suddi “And olsun sərtliklə alanlara”-da nəzərdə tutulan ölümdür. Həsən və Qatədə “And olsun sərtliklə alanlara; And olsun rahatlıqla alanlara!” ayələri barədə demişlər: Bunlar ulduzlardır. Atə ibn Əbu Rabəh sərtliklə alanlar rahatlıqla alanlar döyüşə var güclə atılanlardır. Ən doğru rəy birincidir. Əksəriyyət həmin fikrin üzərində dayanmışlar.

    “And olsun üzdükcə üzənlərə!” İbn Məsud bunun mələklər olduğunu söyləmişdir. Əli, Mucahid, Səid ibn Cubeyr və Əbu Salehin də belə dedikləri rəvayət olunmuşdur. Rəvayət olunur ki, Mucahid “And olsun üzdükcə üzənlərə!” ayəsində ölüm nəzərdə tutulduğunu söyləmişdir. Qatədə isə ulduzlar olduğunu demişdir. Atə ibn Əbu Rabəh isə demişdir: Bu, gəmilərdir.

    “And olsun ötdükcə ötənlərə!” Əli, Məsruq, Mucahid, Əbu Saleh və Həsən əl-Bəsrinin belə dedikləri rəvayət olunur: “Onlar mələklərdir”. Həsən demişdir: Onlar iman yarışına qoşulub təsdiqdə yarışanlardır. Mucahiddən bunun ölüm, Qatədədən ulduzlar, Atədən isə Allah yolunda qaçan atlar olduğu rəvayət edilmişdir.

    “And olsun işi səhmana salanlara!” Əli, Mucahid, Atə, Əbu Saleh, Həsən, Qatədə, Rabi ibn Ənəs və Suddi ayədə mələklərin nəzərdə tutulduğunu söyləmişlər. Həsən əlavə edərək bildirmişdir ki, işin səhmana salınması göydən yerə istiqamətlənib. Yəni, mələklər izzət və cəlal sahibi Rəblərinin əmri yerinə yetirərlər. Bu barədə ixtilaf yoxdur. Ancaq İbn Cərir qəti olaraq nə nəzərdə tutulduğunu qeyd etməmişdir. O, sadəcə ayədə mələklərin nəzərdə tutulduğu barədə rəvayətlər gətirmiş, ancaq bunu nə təsdiq, nə də inkar etmişdir.

    “O gün sarsıntı baş verəcək. Ardınca daha bir sarsıntı!” İbn Abbas demişdir ki, üfürüləcək bu birinci və ikinci surdur. Eynilə bunu Mucahid, Qatədə, Həsən, Dahhak və bir çoxları söyləmişlər. Mucahidin belə dediyi rəvayət olunur: Birincisi – “O gün sarsıntı baş verəcək” ayəsi Allah təalanın aşağıdakı ayəsi kimidir: “O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək”. (əl-Muzzəmmil, 14) İkincisi – “Ardınca daha bir sarsıntı!” isə Allah təalanın bu ayəsi kimidir: “Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman…” (əl-Haqqə, 14) İmam Əhməd demişdir: Vaki Tufeyl ibn Əbu Kəbdən rəvayət edir ki, onun atası Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Bir sarsıntı, arxasınca da daha bir sarsıntı gələr. Ölüm də onlarla birgə gələcək”. Bir kişi soruşdu: “Ey Allahın rəsulu, mən sənə bolluca salavat gətirsəm…?!” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Onda Allah səni dünya və axirətin üçün maraqlandıran şeylərdə sənə bəs edər”. Tirmizi, İbn Cərir və İbn əbu Hatim Süfyan əs-Sövridən bunun isnadına oxşar hədis rəvayət etmişlər. Tirmizi və İbn Əbu Hatimin mətnlərində isə belə rəvayət olunur: gecənin üçdə ikisi keçmişdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qalxıb dedi: “Ey insanlar Allahı zikr edin! Çünki bir sarsıntı, arxasınca da başqa biri gələr. Onunla birgə də ölüm gələcək”.

    “O gün qəlblər tir-tir əsəcək”. İbn Abbas “qorxaraq” – deyə məna vermişdir. Eynilə Qatədə və Mucahid də belə qeyd etmişlər. “Gözləri isə yerə dikiləcəkdir”. Yəni qəlb sahiblərinin gözləri yerə dikiləcəkdir. Gözlərin qəlbə qoşulmasının səbəbi mülabəsə üçündür. Yəni gözlər həqirdir, gördüyü dəhşətdən yerə dikilməyə məhkumdur.

    “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! –deyə, söylənərlər. Burada qureyşli müşriklər və axirəti inkar edən kəslər nəzərdə tutulur. Onlar qəbrə girdikdən sonra yenidən dirilməyi ağıllarına heç cür sığışdıra bilməzlər. Bunu Mucahid demişdir. Onlar cəsədləri çürüyüb, sümükləri və ətləri məhv olduqdan sonra yenidən dirilməyi inkar edərlər. Ona görə də “Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” – deyərlər. Ayənin ərəbcəsindəki, nəxirə (نَخِرَةً ) naxira (ناخرة ) kimi də oxunmuşdur. İbn Abbas, Mucahid və Qatədə çürümüş mənasını vermişlər. Ibn Abbas isə deyir ki, bu, qurumuş və içərisinə külək girən sümükdür. Dedilər: “Elə isə bu ziyanlı dönüşdür”. İbn Abbas, Muhəmməd ibn Kəb, İkrimə, Səid ibn Cubeyr, Əbu Malik, Siddi və Qatədənin belə dedikləri rəvayət olunur: “Hafira” ölümdən sonrakı həyatdır. İbn Zeyd bu kəlmənin Cəhənnəm olduğunu söyləmişdir. Cəhənnəmin olduqca çoxlu adları var. Məsələn, Od, Cəhənnəm, Cəhim, Səqər, Haviyə, Hafira, Lazza və Hutamə bunlardan bir neçəsidir. “Elə isə bu ziyanlı dönüşdür”  ayəsinə gəlincə, Muhəmməd ibn Kəb demişdir: “Qureyşlilər deyirdilər ki, əgər öldükdən sonrta Allah bizi dirildəcəksə, biz mütləq ziyana uğrayacağıq”.

                Allah təala buyurdu: “Həqiqətən, o ancaq tək bir səsdir. Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar”. Bu Allah tərəfindən bir əmrdir. Burada iki dəfə təkrar və təkid yoxdur. Bu, baş verdiyi an ayağa qalxaraq gözləyəcəklər. Bu, Allah təalanın İsrafilə əmr etməsi ilə onun yenidən dirilmək üçün sura üfürməsidir. Bu üfürmə ilə əvvəlkilər və sonrakılar izzət və cəlal sahibi Rəbbin qarşısında ayağa qalxıb gözləyəcəklər. Digər ayələrdə buyurulduğu kimi: “O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək (qəbirlərinizdən) dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız!” (əl-İsra, 52) Həmçinin, “Bizim əmrimiz (buyurduğumuz) bir göz qırpımında yerinə yetər!” (əl-Qəmər, 50) Başqa bir ayədə uca Allah buyurur: “Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar”. (ən-Nəhl, 77)

    Mucahid “Həqiqətən, o ancaq tək bir səsdir” ayəsi haqda demişdir: “O, tək bir çığırtıdır”. İmrahim Teymi deyir ki, “İzzət və cəlal sahibi Rəbbin qullara ən hirsli olduğu gün onları yenidən dirildəcəyi gündür. Həsən əl-Bəsri bunun qəzəbdən bir çığırtı olduğunu bildirmişdir. Əbu Malik və Rabi ibn Ənəs isə demişlər: “Tək bir səs sonuncu sura sonuncu üfürmədir”. “Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar”. İbn Abbas deyir ki, ayənin ərəbcəsindəki (بِالسَّاهِرَة ) sözü bütünlüklə yer mənasını daşıyır. Səid ibn Cubeyr və Qatədə də belə demişlər. İkrimə, Həsən, Dahhak və İbn Zeyd isə bunun yerin üzü olduğu qənaətindədilər. Mucahid isə demişdir: “Onlar əvvəlcə yer altında idilər. sonra yerin üstünə çıxarıldılar. Bu kəlmə dümdüz yer deməkdir”. Sövri deyir ki, bu, Şam torpağıdır. Osman ibn Əbu Atikə isə bunun Beytul Məqdis torpağı olduğunu söyləmişdir. Vahb inb Münəbbih bunun Beytul Məqdisin ətrafında bir dağ olduğunu demişdir. Həmçinin Qatədə bunun Cəhənnəm olduğunu bildirmişdir. Bunların hamısı qərib rəylərdir. Ən doğru olan fikir odur ki, bu, yerin üst qatıdır.

    İbn Əbu Hatim deyir ki, bizə Əli ibn Hüseyn Səhl ibn Səd Saididən nəql etdi ki, o, ”. “Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar” ayəsi haqda demişdir: “Təmiz bir çörək loxması kimi ağappaq bir torpaqdır. Rabi ibn Ənəs isə bu ayəyə oxşar olan izzət və cəlal sahibi Allahın digər ayələrini qeyd etmişdir: “Elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz və onlar bir olan, qalib olan Allahın hüzurunda duracaqlar!” (İbrahim, 48) Həmçinin, “Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq; Dümdüz bir yer edəcək. Və sən orada heç bir eniş-yoxuş görməyəcəksən!” (Taha, 105-107) Başqa bir ayədə Allah təala buyurur: “O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri düzdüz görəcəksən”. (əl-Kəhf, 47) Üzərində dağlar yerləşən bu yer dümdüz görsənər. Bura isə üstündə günah işlədilməmiş və qan axıdılmamış bir yerdir. Bu yerdən tamamilə fərqlənir.

  • 2

    And olsun rahatlıqla alanlara;

    1-ci ayənin təfsirinə bax.

  • 3

    And olsun üzdükcə üzənlərə;

    1-ci ayənin təfsirinə bax.

  • 4

    And olsun ötdükcə ötənlərə;

    1-ci ayənin təfsirinə bax.

  • 5

    And olsun işi səhmana salanlara;

    1-ci ayənin təfsirinə bax.

  • 6

    O gün sarsıntı baş verəcək.

    1-ci ayənin təfsirinə bax.

  • 7

    Ardınca daha bir sarsıntı!

    1-ci ayənin təfsirinə bax.

  • 8

    O gün qəlblər tir-tir əsəcək;

    1-ci ayənin təfsirinə bax.

  • 9

    Gözləri isə yerə dikiləcəkdir.

    1-ci ayənin təfsirinə bax.

  • 10

    “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! –deyə, söylənərlər.

    1-ci ayənin təfsirinə bax.

  • 11

    “Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!”

    1-ci ayənin təfsirinə bax.

  • 12

    Dedilər: “Elə isə bu ziyanlı dönüşdür.

    1-ci ayənin təfsirinə bax.

  • 13

    Həqiqətən, o ancaq tək bir səsdir.

    1-ci ayənin təfsirinə bax.

  • 14

    Və dərhal onlar dümdüz bir yerdə toplanacaqlar.

    1-ci ayənin təfsirinə bax.

  • 15

    Musanın xəbəri sənə gəlib çatdımı?

    (15-26 ayələr)

    Allah təala elçisi Muhəmmədə (salləllahu aleyhi və səlləm) digər bir qulu və elçisi olan Musa əleyhissəlam barədə xəbər verir. Belə ki, Allah onu Firona göndərmiş, möcüzələrlə ona dəstək vermiş, ancaq buna baxmayaraq Firon küfründə və azğınlığında davam etmişdi. Allah da onu güclü və qüvvətli şəkildə onu həlaka uğratdı. Allah öz elçisinə bildirir ki, sənə və sənin gətirdiyinə də qarşı olanların aqibəti budur. Ona görə də Allah təala hekayətin sonunda buyurur ki, “Həqiqətən, bunda qorxan kimsələr üçün ibrət vardır”.

                “Musanın xəbəri sənə gəlib çatdımı?” Yəni sən onun barəsində eşitdinmi ki, Rəbbi təmiz olan Tuva vadisində ona xitab edərək səsləndi. Tuva doğru olan rəyə əsasən, vadinin adıdır. Necə ki, Taha surəsində bu haqda qeyd olunur. “Fironun yanına get. O, həddini aşıb”. Yəni, özünü ən böyük sayır, yekəxanalıq və inadkarlıq edir. “Və de ki,: “Təmizlənmək istəyirsənmi?” Yəni təslim olub itaət edəcək  və təmizlənəcək bir yolla, bir məsləklə getməyə arzu, istərin varmı? “Səni Rəbbinə tərəf gətirimmi ki, qorxasan?” Yəni səni Rəbbinə ibadət etməyə yönəldimmi ki, qorxasan, qəlbin itaət və tabeçelik etsin və sərtliklə, günahla dolu olub, xeyirdən uzaq düşdükdən sonra Allah qorxusu duyan qəlbə çevrilsin. “Və ona ən böyük möcüzəni göstərdi”. Musa peyğəmbər bu haqq dəvətlə yanaşı, ona özünün Allah tərəfindən gəldiyini təsdiq edən açıq-aşkar, güclü və tutarlı dəlillər göstərdi. “Ancaq o, təkzib edib asi oldu”. Yəni haqqı təkzib edib onun əmr etdiyi itaətkarlığa qarşı çıxdı. Onun qəlbi inkar edib nə batini və nə də zahiri ilə Musaya bağlılıq ifadə etmədi. O, Musanın ona gətirdiyinin həqiqət olduğunu bilirdi, ancaq bu onun iman gətirməsini təmin etmədi. Çünki bilmək qəlbin bilməsidir. Iman isə onun yerinə yetirilməsidir. İman haqqı qəbule dib ona boyun əyməkdir.

    “Sonra arxasını çevirib tələsdi”. Yəni haqqın əvəzində batilə üz tutdu, Musa əleyhissəlamın gətirdiyi parlaq möcüzələrin qarşısına bir şey çıxarmaq üçün sehrbazları toplama qaçdı. “Və toplayıb səsləndi”. Yəni öz camaatına səsləndi və “Həqiqətən, sizin ən uca Rəbbiniz mənəm!” – dedi. İbn Abbas və Mucahid deyirlər ki, Firon bu sözləri qırx il “Məndən başqa sizin ilahınız olduğunu bilmirəm” – dedikdən sonra söyləmişdir. Allah təala buyurur: “Allah da onu axirət və dünya əzabına düçar etdi”. Dünyadakı asilərə dərs verərək Allah təala ondan intiqam aldı və onu ibrət nümunəsi etdi. “Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!” (Hud, 99) Başqa bir ayədə uca Allah buyurur: “Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir”. (əl-Qəsəs, 41) Bu, ayənin ən doğru mənasıdır. Yəni ayə dünya və axirət mənasını ifadə edir. Həmçinin, bəziləri deyir ki, bununla onun birinci və ikinci sözləri nəzərdə tutulur. Bəziləri də onun küfr və asiliyini demişlər. Şübhə edilməyən doğru rəy isə birincisidir. “Həqiqətən, bunda qorxan kimsələr üçün ibrət vardır”. Bu, öyüd-nəsihət qəbul edib çəkinənlər üçündür.

  • 16

    O zaman ki, Rəbbi ona müqəddəs vadidə – Tuvada belə xitab etdi:

    15-ci ayənin təfsirinə bax.

  • 17

    Fironun yanına get. O, həddini aşıb.

    15-ci ayənin təfsirinə bax.

  • 18

    Və de ki: “Təmizlənmək istəyirsənmi;

    15-ci ayənin təfsirinə bax.

  • 19

    Səni Rəbbinə tərəf gətirimmi ki, qorxasan?

    15-ci ayənin təfsirinə bax.

  • 20

    Və ona ən böyük möcüzəni göstərdi.

    15-ci ayənin təfsirinə bax.

  • 21

    Ancaq o, təkzib edib asi oldu.

    15-ci ayənin təfsirinə bax.

  • 22

    Sonra arxasını çevirib tələsdi.

    15-ci ayənin təfsirinə bax.

  • 23

    Və toplayıb səsləndi:

    15-ci ayənin təfsirinə bax.

  • 24

    “Həqiqətən, sizin ən uca Rəbbiniz mənəm!” – dedi.

    15-ci ayənin təfsirinə bax.

  • 25

    Allah da onu axirət və dünya əzabına düçar etdi.

    15-ci ayənin təfsirinə bax.

  • 26

    Həqiqətən, bunda qorxan kimsələr üçün ibrət vardır.

    15-ci ayənin təfsirinə bax.

  • 27

    Sizi yaratmaq çətindir, yoxsa göyü? Hansı ki, onu inşa etdi.

    (27-33 ayələr)

    Allah təala ilk yaradılışdan sonra yenidən yaradılıb dirilməyi inkar edənlərə qarşı hüccət olsun deyə buyurur ki, ey insanlar, “sizi yaratmaq çətindir, yoxsa göyü?” Yəni yaradılış baxımından göyün yaradılması daha çətindir. Allah təala buyurur ki, “Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir”. (əl-Mumin, 57) Həmçinin, “Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə, yaradan, (hər şeyi) bilən Odur!” (Yasin, 81) “Onu inşa etdi” sonrakı ayə olan “Qübbəsini ucaltdı, düzəldib nizama saldı” sözləri ilə birgə təfsir edilmişdir. Yəni, qübbəsini, taxttavanını uca, geniş, ətrafı bir-birinə bərabər, qaranlıq gecələrdə ulduzlarla bəzədilmiş yaratdı. “Gecəsini qaranlıq, gündüzünü aydınlatdı”. Gecəsini zilqaranlıq və zülmət, gündüzünü isə açıq, parlaq, aydın və nurlu etdi. İbn Abbas deyir ki, ayədəki feilin qaranlıq mənasına gəldiyini söyləmişdir. Həmçinin, Mucahid, İkrimə, Səid ibn Cubeyr və böyük çoxluq İbn Abbasın fikri ilə razılaşmışlar. Gündüzünü isə nurlu və işiqlı etdi. “Bundan sonra yeri yayıb döşədi”. Bu ayə ondan sonra gələn “Ondan suyunu və otlağını çıxartdı” – ayəsi ilə təfsir edilmişdir. Fussilət surəsində (ayə 9) yerin göydən əvvəl yaradıldığı, ancaq yerin göyün yaradılışından sonra döşəndiyi xatırlanmışdı. Yəni yer üzərində olan şeylər qüvvədən feilə çıxarılmışdır. İbn Abbasın və bir çoxlarının görüşü budur. İbn Cərir bu görüşü üstün hesab etmişdir. İbn Əbu Hatim deyir: “Atam Səid ibn Cubeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: “Ondan suyunu və otlağını çıxartdı, çeşmələrindən su fışqırtdı, dağları, qumsallıqları, yolları və keçidləri yaratdı. “Bundan sonra yeri yayıb döşədi” – ayəsinin mənası budur. Bu izah Fussilət surəsində də öz təsdiqini tapır.

    “Dağları ona bərkitdi”. Yəni, onu dağlarla möhkəmlətdi, bərkitdi, onları öz yerlərinə yerləşdirdi. O, hikmət sahibidir, hər şeydən xəbərdardır, məxluqatına qarşı şəfqətlidir, mərhəmətlidir. İmam Əhməd deyir: Yezid ibn Harun Ənəs ibn Malikdən bizə nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Allah Yeri yaratdığı zaman Yer sallanırdı. Dağları yaradıb onun üstündə yerləşdirdi. Beləcə, yer sabitləşdi. Mələklər dağların yaradılışından heyrətə gəlib dedilər: “Ey Rəbbimiz, Sənin dağlardan daha qüvvətli yaratdığın bir şey varmı?” Allah buyurdu: “Bəli! Bu, dəmirdir”. Mələklər yenə dedilər: “Ey Rəbbimiz, Sənin dəmirdən daha qüvvətli yaratdığın bir varmı?” Allah buyurdu: “Bəli! Bu, oddur”. Mələklər yenə dedilər: “Ey Rəbbimiz, Sənin oddan daha qüvvətli yaratdığın varmı?” Allah buyurdu: “Bəli! Bu, sudur”. Mələklər yenə dedilər: “Ey Rəbbimzi, Sənin yaratdıqların içərisində sudan daha qüvvətli yaratdığın bir şey varmı?” Allah buyurdu: “Bəli! Bu, küləkdir”. Mələklər yenə dedilər: “Ey Rəbbimzi, Sənin küləkdən daha qvvətli yaratdığın bir şey varmı?” Allah buyurdu: “Bəli! Bu, Adəm övladıdır. Sağından sədəqə verər, onu solundan gizli saxlayar”. Əbu Cəfər ibn Cərir deyir: Abd ibn Humeyd əlinin belə dediyini nəql etmişdir: “Allah təala Yeri yaradarkən, yer oynamış və demişdi: “Mənim üzərimdə Adəmi və onun zürriyyətinimi yaradırsan? Onlar mənim üzərimə pisliklərini atacaq, günahlar işlədəcəklər”. Allah Yerə dağları yerləşdirdi və onlarla onu bərkitdi. Onların bəziləri görsənər, bəziləri isə görsənməz. Yerin ilk sabit qalması kəsilmiş dəvənin əti kimi idi: Əti kəsildikdə, titrəyərdi”. Bu, olduqca qərib olan rəvayətdir. “Ki, sizə və heyvanlarınıza faydalı olsun”. Yəni yer üzünü döşədi, çeşmələr fışqırtdı, gizli xəzinələri aşkara çıxartdı, arxları çayları axıdıb onlarla əkinlər, ağaclar və meyvələr bitirdi, sakinlərinin sakit və rahat yaşamaları üçün üstündə dağları yerləşdirdi. Bütün bunlar insanların öz yaşayışlarını təmin etmək, ehtiyac duyduqları və bu ehtiyacları ərzində ətindən yeyib minik kimi istifadə etdikləri heyvanlar üçündür. Nəhayət, vaxt tamam olar, ömür sona çatar.

  • 28

    Qübbəsini ucaltdı, düzəldib nizama saldı.

    27-ci ayənin təfsirin bax

  • 29

    Gecəsini qaranlıq, gündüzünü aydınlatdı.

    27-ci ayənin təfsirin bax

  • 30

    Bundan sonra yeri yayıb döşədi.

    27-ci ayənin təfsirin bax

  • 31

    Ondan suyunu və otlağını çıxartdı.

    27-ci ayənin təfsirin bax

  • 32

    Dağları ona bərkitdi.

    27-ci ayənin təfsirin bax

  • 33

    Ki, sizə və heyvanlarınıza faydalı olsun.

    27-ci ayənin təfsirin bax

  • 34

    O böyük batıran gələndə;

    (34-46 ayələr)

    Allah təala buyurur: “O böyük batıran gələndə” Bu, Qiyamət günüdür. İbn Abbas deyir ki, o, bütün dəhşət və vahiməli şeylərin hamısını əzib keçdiyinə görə, belə adlandırılıb. Necə ki, Allah təala buyurur ki, “Qiyamət gününün əzabı daha acıdır, daha şiddətlidir”. (əl-Qəmər, 46) “O gün insan can atdıqlarını yadına salacaqdır”. Həmin vaxt Adəm övladı etdiyi bütün yaxşı və pis əməlləri yadına salacaq. Allah təala başqa bir ayədə buyurur ki, “Məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!” (əl-Fəcr, 23) “Cəhənnəm hər baxana görünəcəkdir”. Yəni o, baxanlara görsənəcək və insanlar onu öz gözləri ilə görəcəklər. “Kim həddini aşmışsa”, yəni inadkarlıq göstərib asi olmuşsa, Dünya həyatını üstün tutmuşsa, yəni onu dininə və axirətinə aid olan işlərdən üstün tutmuşsa, önə keçirmişsə, Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir. Onun düşəcəyi yer cəhənnəm, yeyəcəyi zəqqum, içəcəyi isə qaynar sudur. Amma kim Rəbbinin qarşısında dayanmaqdan qorxmuş və həvəsi nəfsə qadağan etmişsə; Yəni izzət və cəlal sahibi Allahın qarşısında dayanmaqdan və Allahın onun barəsində verəcəyi hökmdən qorxmuş, öz istək və həvəslərini boğaraq onları öz Rəbbinə itaətə çevirmişsə, Həqiqətən, onun məkanı Cənnətdir. Yəni qayıdığı, düşəcəyi və sığınacağı yer yam-yaşıl Cənnətdir. Daha sonra Allah təala buyurur ki, Səndən Saatın nə vaxt gələcəyi haqda soruşarlar. Sən onu nə biləsən?! Yəni onun haqqında bilmək nə sənə, nə də başqa bir məxluqa məxsus olan bir şeydir. Əksinə, onu bütün təfərrüatı ilə bilmək yalnız izət və cəlal sahibi Allaha məxsusdur. Dəqiq şəkildə onun vaxtını yalnız Allah bilir. Uca Allah başqa bir ayədə buyurur ki, “Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (əl-Əraf, 187) Ayədə Allah buyurdu ki, Onu sonuna qədər bilmək ancaq Allaha məxsusdur”. Ona görə də Cəbrayıl əleyhissəlam Qiyamətin vaxtı haqda Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşduqda, o belə cavab vermişdi: “Bu haqda soruşulan soruşandan daha çox bilmir”.

    “Sən ancaq ondan qorxanı xəbərdar edənsən”. Yəni Mən səni ancaq insanları xəbərdar etmək, Allahın əzab və qəzəbindən agah edib çəkindirmək üçün göndərdim. Kim Allahdan qorxar, Onun hüzurunda dayanmaqdan və əzabına tuş gəlməkdən çəkinərsə, sənə tabe olar, nəticədə nicat tapıb uğur qazanar. Fəlakət və xüsran səni təkzib edib qarşı çıxanların nəsibi olar. Daha sonra Allah təala buyurur ki, “Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar”. Yəni qəbirlərindən qalçıb məhşər ayağına gətirildikləri vaxt dünya həyatının müddəti onların gözündə kiçiləcəkdir və onlara elə gələcək ki, sanki orada bir axşam və ya bir səhər qalmışdılar. Cubeyr Dahhakdan, o da İbn Abbasdan “Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar” – ayəsi haqda demişdir: Burada axşam mənasını verən (عَشِيَّة) sözü zöhrlə günəşin batması arasında olan vaxtdır. Səhər mənasını verən (ضُحَا) sözü isə günəşin çıxması ilə günortanın arasındakı qalan vaxtdır.

    Qatədə deyir ki, bu, həmin insanların axirəti gördükləri an gözlərində təsəvvür etdikləri dünya həyatının vaxtıdır.

    “Ən-Naziat” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.

  • 35

    O gün insan can atdıqlarını yadına salacaqdır.

    34-cü ayənin təfsirinə bax.

  • 36

    Cəhənnəm hər baxana görünəcəkdir.

    34-cü ayənin təfsirinə bax.

  • 37

    Kim həddini aşmışsa;

    34-cü ayənin təfsirinə bax.

  • 38

    Dünya həyatını üstün tutmuşsa;

    34-cü ayənin təfsirinə bax.

  • 39

    Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir.

    34-cü ayənin təfsirinə bax.

  • 40

    Amma kim Rəbbinin qarşısında dayanmaqdan qorxmuş və həvəsi nəfsə qadağan etmişsə;

    34-cü ayənin təfsirinə bax.

  • 41

    Həqiqətən, onun məkanı Cənnətdir.

    34-cü ayənin təfsirinə bax.

  • 42

    Səndən Saatın nə vaxt gələcəyi haqda soruşarlar.

    34-cü ayənin təfsirinə bax.

  • 43

    Sən onu nə biləsən?!

    34-cü ayənin təfsirinə bax.

  • 44

    Onu sonuna qədər bilmək ancaq sənin Rəbbinə məxsusdur.

    34-cü ayənin təfsirinə bax.

  • 45

    Sən ancaq ondan qorxanı xəbərdar edənsən.

    34-cü ayənin təfsirinə bax.

  • 46

    Onu gördükləri gün yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar.

    34-cü ayənin təfsirinə bax.