-
1
Qüreyşin ülfəti xatirinə,
Məkkə surələrindəndir.
(Surənin fəziləti haqqında qərib hədis qeyd olunmuşdur). Belə ki, Beyhaqi “Xilafiyyat” kitabında deyir ki, bizə Əbu Abdulla Əbu Talibin qızı Ummu Hanidən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Allah təala Qureyşi yeddi cəhətlə fəzilətli etmişdir: “Mən Qureyşdənəm; peyğəmbərlik onlardandır; Məkkənin hacibliyi və su paylama vəzifəsi onlardadır; Allah fil sahibləri üzərində onlara qələbə vermişdir; onlar on il heç kəsin ibadət etmədiyi vaxt izzət və cəlal Allaha ibadət ediblər; Allah təala onlar haqqında Quranda surə nazil edib”. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu surəni oxudu: “Qüreyşin ülfəti xatirinə, Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə. Bu evin Rəbbinə ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin-amanlıq bəxş etdi”.
Bu surə İmam Mushafında özündən əvvəlki surə ilə ayrılmış və aralarına “Bismilləhir Rahmənir Rahim” yazılmışdır. Ancaq məzmun etibarilə özündən əvvəlki surə ilə əlaqəlidir. Muhəmməd ibn İshaq və Əbdürrəhman ibn Zeyd ibn Əsləm bu haqda izahlar vermişlər. Qeyd etdiyimiz kimi, Fil sahibləri Məkkəyə gəlmişdilər. Allah təala bildirir ki, Biz fil sahiblərinin Məkkəyə girməsinə imkan vermədik ki, Qureyş öz yurd-yuvasında bir-biriləri mehriban və əmin-amanlıq içərisində yaşasınlar. Deyilənə görə, burada qureyşlilərin qışda Yəmənə, yayda isə Şama ticarıt və sair şeylər üçün səfərlər təşkil etmələri nəzərdə tutulur. Onlar hər zaman bu səfərlərdən öz vətənlərinə sağ-salamat qayıdardılar. Çünki onlar Allahın müqəddəs torpaqlarının sakinləri idilər. Qureyş digər qəbilələr tərəfindən hörmət və ehtiram görürdü. Bu onların səfərləri haqqında verilən məlumatlardır. Onların öz yurd-yuvalarında qaldıqları barəsində isə uca Allah buyurur ki, “Məgər ətraflarındakı adamlar qamarlanıb götürüldüyü halda, onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?” (əl-Ənkəbut, 67) Ona görə də Allah təala surənin əvvəlində buyurur: “Qüreyşin ülfəti xatirinə!”
Növbəti ayədə Allah təala buyurur: “Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə”. İbn Cərir deyir ki, ayənin ərəbcəsindəki “ləm” hərfi təəccüblük bildirir. Yəni Qureyşin ülfətinə və Mənim onlara verdiyim nemətimə fikir verin! Qeyd edək ki, bütün müsəlmanlar bu iki surənin bir-birindən ayrı, müstəqil surə olduğunu qəbul etmişlər.
Daha sonra Allah onların bu böyük nemətə şükr etməli olduqlarını xatırladır və buyurur: “Bu evin Rəbbinə ibadət etsinlər!” Yəni ibadəti tək Allaha etsinlər, ondan qeyrisinə ibadət etməsinlər. Axı onları öz yurd-yuvalarında təhlükəsiz və əmin-amanlıqda yaşadan Allahdır. Allah təala buyurur: “Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq əmr edilmişdir!” (ən-Nəml, 91)
“O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi”. O, evin Rəbbidir, onları aclıqdan xilas edib yemək-içmək tapmalarına imkan verdi “Və onlara qorxudan sonra əmin-amanlıq bəxş etdi”. Allah təala bildirir ki, onlara həyatda ən əsas şey olan əmin-əmanlıq və əsayiş bəxş etmişdir. Buna görə də onlar yalnız Allaha ibadət etməli, Allahdan qeyrilərini – nə daşı, nə bütü, nə də digərlərini Ona şərik qoşmamalıdırlar. Allah bu əmrə tabe olanlar həm bu dünyada, həm də Axirətdə əmin-amanlıq əta edər. Bu əmrə qarşı çıxanların isə əlindən əmin-amanlıq və asayişi alar, hər zaman iztirab içində yaşayarlar. Allah təala buyurur: “Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab (Bədr müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı”. (ən-Nəhl, 112-113)
İbn Əbu Hatim deyir: Bizə Abdulla bin Amr Əsma bint Yezidin belə dediyini nəql etmişdir: “Mən Allahın elçisinin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Vay sizin halınıza, ey Qureyş! Qüreyşin ülfəti xatirinə!” İbn Əbu Hatim başqa bir rəvayət nəql edərək deyir: Muəmməl ibn Fadl Usamə ibn Zeyddən nəlq edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Qüreyşin ülfəti xatirinə, Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə” ayələrini oxudu və dedi: “Vay sizin halınıza, ey Qureyş camaatı! Sizi aclıqdan qurtarıb yemək verən və qorxudan sonra əmin-amanlıq bəxş edən Allaha ibadət edin!” Bu hədisin Usəmə ibn Zeyd tərəfindən nəql olunduğuna rast gəlmişəm, lakin əslində Əsma bint Yezid ibn Səkən əl-Ənsari (Allah ondan razı olsun!) tərəfindən nəql edilmişdir. Ola bilsin, nəsxdə və ya rəvayətin orijinalında bir yanlışlıq var. Ən doğrusunu Allah bilir.
“Qureyş” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
-
2
Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə.
1-ci ayənin təfsirinə bax.
-
3
Bu evin Rəbbinə ibadət etsinlər!
1-ci ayənin təfsirinə bax.
-
4
O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin-amanlıq bəxş etdi”.
1-ci ayənin təfsirinə bax.