-
1
Allah və Onun Peyğəmbərindən müqavilə bağladığınız müşriklərə bir xəbərdarlıq!
-
2
Yer üzündə dörd ay da gəzib dolaşın. Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rəzil-rüsvay edəcəkdir.
-
3
Ən böyük Həcc günü Allah və Peyğəmbərindən insanlara bildiriş! Şübhəsiz, Allah və Peyğəmbəri müşriklərdən uzaqdır. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Kafirləri acı bir əzabla müjdələ!
-
4
Ancaq sizinlə müqavilə bağladıqdan sonra sizə qarşı heç bir naqislik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi vaxtı bitənə qədər davam etdirin. Şübhəsiz ki, Allah müttəqiləri sevər.
-
5
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
-
6
Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür.
-
7
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə bir əhdi ola bilər?! Sizə qarşı düzgün davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.
-
8
Necə ola bilər ki?! Əgər sizə qalib gəlsəydilər, nə sizinlə olan müqaviləyə, nə də əhdə riayət edərdilər. Onların qəlbləri rədd etdiyi halda, ağızları ilə sizi razı salırlar. Onların çoxu fasiqlərdir.
-
9
Onlar az bir dəyər müqabilində Allahın ayələrini satdılar. Sonra da Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir!
-
10
Onlar bir mömin barəsində nə bir müqaviləyə, nə də bir əhdə riayət edərlər. Onlar əsil həddi aşanlardır!
-
11
Ancaq tövbə edər, namaz qılar və zəkat verərlərsə, onlar sizin din qardaşlarınızdır. Biz düşünən bir qövm üçün ayələri belə izah edirik.
-
12
Əgər müqavilə bağladıqdan sonra andlarını pozar və dininizi təhqir edərlərsə, küfrün öndərləri ilə vuruşun! Həqiqətən, onlar andları olmayan kimsələrdir. Ola bilsin ki, onlar son qoyarlar.
-
13
Andlarını pozan, Peyğəmbəri çıxartmağa cəhd göstərən və sizə qarşı ilk dəfə özləri başlayan bir qövmə qarşı döyüşməyəcəksinizmi? Yoxsa onlardan qorxursunuz? Əgər möminsinizsə, yalnız Allahdan qorxun. Məhz Onun buna haqqı catır.
-
14
Onlarla döyüşün ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rəzil-rüsvay etsin, sizi onlara qalib etsin və möminlər tayfasının qəlblərini fərəhləndirsin.
-
15
Eləcə də onların qəlblərindəki qəzəbi yox etsin. Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
-
16
Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, Peyğəmbərindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.
-
17
Müşriklər özlərinin kafir olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır və onlar cəhənnəmdə əbədi qalacaqlar.
-
18
Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.
-
19
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz!
-
20
İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.
-
21
Rəbbi onları, Öz tərəfindən bir mərhəmət, razılıq və onlar üçün içində bitməz-tükənməz nemətlər olan cənnətlərlə müjdələyir.
-
22
Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, böyük mükafat Allah yanındadır.
-
23
Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız iman gətirmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır.
-
24
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz.
-
25
Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz.
-
26
Sonra Allah Peyğəmbərə və möminlərə sükunət verdi. O, sizin görmədiyiniz əsgərlər endirdi və kafirlərə əzab verdi. Kafirlərin cəzası budur!
-
27
Bundan sonra Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhmlidir.
-
28
Ey iman gətirənlər! Müşriklər həqiqətən, murdardırlar. Ona görə də onlar bu ildən sonra Məscidi-harama yaxınlaşmasınlar! Əgər yoxsulluqdan qorxursunuzsa, Allah diləyərsə, Öz lütfü ilə sizi zəngin edər. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir.
-
29
Kitab verilənlərdən Allaha və axirət gününə iman gətirməyən, Allah və Peyğəmbərinin haram etdiyini haram saymayan, haqq dini qəbul etməyən kimsələrlə, boyun əyib əlləri ilə cizyə verənə qədər vuruşun!
-
30
Yəhudilər: “Üzeyr Allahın oğludur”, — dedilər. Xristianlar da: “Məsih Allahın oğludur”, — dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl kafir olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də döndərilirlər.
-
31
Onlar Allahı qoyub xaxamlarını, rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki onlara yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!
-
32
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz.
-
33
Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Peyğəmbərini hidayət yolu və haqq din ilə göndərən Odur.
-
34
Ey iman gətirənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!
-
35
O gün bu Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara deyiləcək) “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!”
-
36
Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.
-
37
(Haram ayı) təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.
-
38
Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.
-
39
Əgər döyüşə çıxmasanız, (Allah) sizi üzücü bir əzaba düçar edər və sizi başqa bir camaatla əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.
-
40
Əgər siz kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
-
41
Yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir.
-
42
Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.
-
43
Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmamış, yalançıları isə tanımamış nə üçün onlara (cihaddan yayınmağa) izn verdin?
-
44
Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izn istəməzlər. Allah müttəqiləri tanıyır.
-
45
Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.
-
46
Əgər onlar (döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “(Evdə) oturanlarla bərabər, siz də oturun!”– deyildi.
-
47
Əgər onlar sizinlə birgə (döyüşə) çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır.
-
48
Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axırı ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.
-
49
Onlardan eləsi də var ki: “Mənə izn ver, məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.
-
50
Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər.
-
51
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”
-
52
De: “Doğrudanmı siz bizlərə iki uğurdan birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz, biz də sizinlə birlikdə gözləyirik”.
-
53
De: “İstər könüllü, istərsəniz də könülsüz xərcləyin, onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir qövm oldunuz!”
-
54
Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər.
-
55
Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.
-
56
Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır.
-
57
Əgər onlar bir sığınacaq və ya (daldalanmaq üçün) mağaralar yaxud (gizlənməyə) bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər.
-
58
Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.
-
59
Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik”– deyəydilər.
-
60
Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məx-susdur. Allah Biləndir, Müdrikdir.
-
61
Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O) (hər sözü eşidən) bir qulaqdır!” deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə üzücü bir əzab vardır.
-
62
Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, (bilsinlər ki,) Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır.
-
63
Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır.
-
64
Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin (möminlərə) nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”.
-
65
Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?
-
66
Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.
-
67
Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.
-
68
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Bu) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
-
69
(Onlar da) sizdən əvvəl yaşamış (münafiqlər) kimidirlər. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar (batil fikirlərə) daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır.
-
70
Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
-
71
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
-
72
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.
-
73
Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
-
74
Allaha and içirlər ki, (nala-yiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.
-
75
Onlardan: “Əgər (Allah) Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”(– deyə) Allaha əhd edənləri də vardır.
-
76
(Allah) Öz lütfündən onlara verdikdə isə simiclik edərək üz çevirib getdilər.
-
77
Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan söylədiklərinə görə (Allah da) onların qəlblərinə Onunla qarşılaşacaqları günədək nifaq saldı.
-
78
Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir?
-
79
Möminlərdən könüllü su-rətdə sədəqə verənlərə və çətin-liklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları sarsıdıcı bir əzab gözləyir.
-
80
Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz.
-
81
(Döyüşə getməyib) arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar.
-
82
Qoy onlar etdikləri (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar.
-
83
Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar (döyüşə) çıxmaq üçün səndən izn istəsələr, de: “Siz bir daha mənimlə (döyüşə) çıxmayacaq və mənimlə birlikdə heç bir düş-mənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə (evdə) oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də (evdə) oturun!”
-
84
Heç vaxt onlardan ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər.
-
85
Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir.
-
86
“Allaha iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!”(– deyə) bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: “Bizi burax (evdə) oturanlarla birlikdə qalaq!”
-
87
Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar (haqqı) anlamayacaqlar.
-
88
Lakin (Allahın) Elçisi və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlar üçün nemətlər hazırlanmışdır. Məhz onlar uğur qazananlardır.
-
89
Allah onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.
-
90
Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər (evdə qalmaq üçün) onlara icazə verilsin deyə gəldilər. Allaha və Onun Elçisinə yalan danışanlar isə (evdə) oturdular. Onlardan kafir olanlara üzücü bir əzab üz verəcəkdir.
-
91
Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) vuruşmağa vəsait tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.
-
92
Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad üçün) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur).
-
93
Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərininaqibətini) bilməzlər.
-
94
(Döyüşdən) qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Sonrakı)əməllərinizi Allah da görəcək, Onun Elçisi də”. Sonra isə qeybi və aşkarı Bilənin dərgahına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.
-
95
Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları (günahların) cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır.
-
96
Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq camaatdan razı qalmaz.
-
97
Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir.
-
98
Bədəvilərdən eləsi də var ki, (Allah yolunda) xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah Eşidəndir, Biləndir.
-
99
Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
-
100
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.
-
101
Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.
-
102
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
-
103
Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir.
-
104
Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?
-
105
De: “İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
-
106
(Döyüşə getməyənlərdən) başqaları da Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir.
-
107
(Müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”(– deyə) and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.
-
108
Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir.
-
109
Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.
-
110
Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah Biləndir, Müdrikdir.
-
111
Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.
-
112
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ.
-
113
Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.
-
114
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi.
-
115
Allah bir camaatı doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir.
-
116
Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O həm dirildir, həm də öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir köməkçiniz vardır.
-
117
Allah, (müsəlmanlardan) bəzilərinin qəlbi (cihaddan) yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da (əvvəlcə) tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki (Allah) onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir.
-
118
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.
-
119
Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.
-
120
Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
-
121
Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın.
-
122
Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinələr.
-
123
Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir.
-
124
Bir surə nazil edildiyi zaman onlardan (istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (o surə) onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.
-
125
Qəlbində xəstəlik olanlara gəlincə, (o surə) onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər.
-
126
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.
-
127
Bir surə nazil edildiyi zaman onlar: “Sizi kimsə görürmü?”(–)(deyə) bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini (imandan) məhrum etmişdir.
-
128
Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.
-
129
Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!”