-
1
Əlif. Ləm. Ra. Bu, hikmətli Kitabın ayələridir.
-
2
İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların mükafatı vardır!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.
-
3
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?
-
4
Allahın həqiqi vədi kimi hamınızın dönüşü Onadır. O, məxluqu ilk dəfə yaradır, sonra onu yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır.
-
5
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara izah edir.
-
6
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında qorxan adamlar üçün dəlillər vardır.
-
7
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların
-
8
məhz onların qazandıqlarına görə sığınacaqları yer Oddur.
-
9
İman gətirib saleh əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim bağlarında onların altından çaylar axar.
-
10
Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, salamlaması: “Salam!” və dualarının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” olacaqdır.
-
11
Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.
-
12
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
-
13
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq.
-
14
Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.
-
15
Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.
-
16
De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”
-
17
Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar.
-
18
Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” O pakdır və qoşduqları şəriklərdən ucadır.
-
19
İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.
-
20
Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.