Əsərin adı: Vasitiyyə əqidəsi. Müəllif: Şeyxul-İslam Əhməd İbn Əbdulhəlim ibn Teymiyyə.

Şeyx-ul-İslam Əhməd ibn Əbdülhəlim ibn Teymiyyə

VASİTİYYƏ ƏQİDƏSİ

Bismilləhir-Rahmənir-Rahim

Həmd Allaha məxsusdur. O, Öz Rəsulunu hidayət və haqq dinlə göndərdi ki, onu bütün dinlərdən üstün etsin. Allahın şahid olması kifayət edər!

Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. O təkdir və heç bir şəriki yoxdur. Onu iqrar edərək və təkləşdirərək.

Şahidlik edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. Ona və onun davamçılarına Allahın salavatı və artıq salamlı salamı olsun!

Sonra isə:

Bu, Qiyamət Gününə qədər kömək göstəriləcək nicat tapmış firqənin, Əhli Sünnə və camaatın əqidəsidir.

O, Allaha, Onun mələklərinə, kitablarına, rəsullarına, ölümdən sonra dirilməyə, qədərin xeyrinə və şərinə iman gətirməkdən ibarətdir.

Allaha imandan: Onun Öz Kitabında Özünü vəsf etdiyinə və həmçinin Rəsulu Muhəmmədin (salləllahu aleyhi və səlləm) Onu vəsf etdiyinə təhrif və inkar etmədən, keyfiyyət və bənzətmə vermədən iman gətirməkdir.

Onlar iman gətirirlər ki, Allah subhənəhu: “…Onun mislində heç bir şey yoxdur. O, eşidəndir, görəndir!” (əş-Şura, 11).

Onlar, Allahın Özünü vəsf etdiyini Ondan inkar etmir, sözlərin yerini dəyişib təhrif etmir, Allahın adları və ayələri barəsində başqa tərəfə meyl etmir, Onun sifətlərinə keyfiyyət vermir və məxluqlarının sifətlərinə bənzətmirlər.

Çünki nöqsansız Allahın adını daşıyan, bənzəri və tayı-bərabəri olan başqa birisi yoxdur. Allah subhənəhu və təalə, məxluqatı ilə müqayisə edilə bilməz.

Həqiqətən də Allah subhənəhu, Özünü və başqalarını daha yaxşı tanıyandır. Ən doğru sözü söyləyən və yaratdıqlarından daha gözəl danışandır.

Sonra isə, doğru danışan və dedikləri təsdiq olunan, Onun rəsullarıdır. Bu, Ona qarşı bilmədikləri şeyləri danışanların dediklərinə ziddir. Buna görə də Allah buyurur: “Sənin Rəbbin – yenilməz qüvvət sahibi olan Rəbb, Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” (əs-Saffat, 180-182). Elçilərinə müxalif olanların Ona verdikləri vəsflərdən Özünü uzaq tutmuş, sonra isə dediklərində nöqsan və eyiblərdən salamat qaldıqlarına görə elçilərinə salam demişdir.

Allah subhənəhu Özünü vəsf etdiklərini və adlandırdıqlarını bildirərkən, inkar və isbat formalarını bir yerə cəm etmişdir.

Elə buna görə də, Əhli Sünnə və camaat, elçilərin gətirdiklərindən uzaqlaşmamalıdırlar. Həqiqətən, bu doğru yoldur. Allahın nemət verdiyi kəslərin – peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və saleh insanların yoludur.

Bu cümləyə daxildir:

Quranın üçdə bir hissəsinə bərabər olan əl-İxlas surəsində Allahın Özünü vəsf etdiyi sifətlər. Belə ki, O buyurur: “De: O Allah birdir. Allah Möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!” (əl-İxlas, 1-4).

Kitabının ən əzəmətli ayəsində Özünə verdiyi vəsflər. Belə ki, buyurur: «Allahdan başqa ilah yoxdur. O, Yaşayandır, Qəyyumdur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heçdə çətin deyildir. O ucadır, əzəmətlidir!” (əl-Bəqərə,255). Yəni, Onu yormaz və Ona ağır gəlməz. Buna görə də, kim bu ayəni gecə oxuyarsa, Allahın göndərdiyi mühafizəçi onu davamlı qoruyar və şeytan səhərə qədər ona yaxın gələ bilməz.

Subhənəhu buyurur: “Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!”(əl-Hədid, 3).

Subhənəhu buyurur: “Ölməz, həmişə diri olana təvəkkül et…” (əl-Furqan, 58).

O buyurur: “O, hikmət sahibidir, xəbərdardır!”(Səba, 1).

O buyurur: “Yerə daxil olanı da, ondan çıxanı da, göydən enəni də, ona qalxanı da O bilir.” (Səba, 2).

O buyurur: “Qeybin açarları Ondadır. Onları ancaq O bilir. Quruda və suda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş və quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (əl-Ənam,59).

O buyurur: “…O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz…” (Fatir, 11).

O yenə buyurur: “…Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elmi ilə ehtiva etdiyini biləsiniz…” (ət-Talaq, 12).

O yenə buyurur: “Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (əz-Zəriyat, 58).

O, yenə buyurur: “…Onun mislində heç bir şey yoxdur. O, eşidəndir, görəndir!” (əş-Şura, 11).

O, yenə buyurur: “…Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir!” (ən-Nisə, 58).

O buyurur: “Bağına girdiyin zaman barı: “Maşallah, qüvvət yalnız Allaha məxsusdur!” – deyəydin!..” (əl-Kəhf, 39).

O, yenə buyurur: “…Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!” (əl-Bəqərə, 253).

O, yenə buyurur: “…İhramda olarkən ov sizə qadağan edilməklə, adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!” (əl-Maidə, 1).

O, yenə buyurur: “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar…” (əl-Ənam, 125).

O buyurur: “… yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” (əl-Bəqərə, 195).

O, yenə buyurur: “…ədalətli olun. Şübhəsiz ki, Allah ədalətliləri sevər!” (əl-Hucurat, 9).

O, yenə buyurur: “…Onlar sizinlə doğru-düzgün davrandıqca siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri sevir!” (ət-Tövbə, 7).

O, yenə buyurur: “…Allah tövbə edənləri və pak olanları sevər!” (əl-Bəqərə, 222).

O, yenə buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin…” (Ali İmran, 31).

O, yenə buyurur: “…Allah elə bir tayfa gətirər ki, O onları, onlar da Onu sevərlər…” (əl-Maidə, 54).

O, yenə buyurur: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (əs-Saff, 4).

O, yenə buyurur: “Çox bağışlayan, çox sevən də Odur.” (əl-Buruc, 14).

O, buyurur: “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” (əl-Fatihə, 1).

O, yenə buyurur: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi əhatə etmişdir…” (Ğafir, 7).

O, yenə buyurur: “…Allah möminlərə rəhm edəndir!” (əl-Əhzab, 43).

O, yenə buyurur: “…Mərhəmətim hər şeyi ehtiva etmişdi…” (əl-Əraf, 56).

O, yenə buyurur: “…Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır…”(əl-Ənam, 54).

O, yenə buyurur: “…O, bağışlayandır, rəhm edəndir” (Yunus, 107).

O, yenə buyurur: “…Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”(Yusuf, 64).

O buyurur: “…Allah onlardan, onlar da Allahdan razıdırlar…” (əl-Maidə, 119).

O, yenə buyurur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər…” (ən-Nisə, 93).

O, yenə buyurur: “Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və (Allaha) xoş gedən şeyi bəyənmədiklərinə görədir…” (Muhəmməd, 28).

O, yenə buyurur: (Firon əhli) Bizi qəzəbləndirdiyi zaman Biz onlardan intiqam aldıq…” (əz-Zuxruf, 55).

O, yenə buyurur: “…Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu…” (ət-Tövbə, 46).

O, yenə buyurur: “Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar” (əs-Saff, 3).

O buyurur: “Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər?”(əl-Bəqərə, 210).

O, yenə buyurur: (Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər?..”(əl-Ənam, 158).

O, yenə buyurur: “Xeyr! Yer dağılıb parça-parça olacağı; Rəbbinin gəlib, mələklər səf-səf duracağı zaman…” (əl-Fəcr, 21-22).

O, yenə buyurur: “Göyün buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endiriləcəyi gün…” (əl-Furqan, 25).

O buyurur: “Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin Üzü əbədidir” (ər-Rəhman, 27).

O yenə buyurur: “…Onun Üzündən başqa hər şey məhv olacaqdır…”(əl-Qəsəs, 88).

O yenə buyurur: (Allah) dedi: “Ey İblis! Sənə, Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?” (Sad, 75).

O yenə buyurur: “Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir…” (əl-Maidə, 64).

O buyurur: “Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən…” (ət-Tur, 48).

O yenə buyurur: “Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi” (əl-Qəmər, 13-14).

O yenə buyurur: “…Gözümün önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım” (Ta ha, 39).

O buyurur: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (əl-Mucadilə, 1).

O yenə buyurur: “Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözünü Allah eşitdi…” (Ali İmran, 181).

O yenə buyurur: “Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz vardır” (əz-Zuxruf, 80).

O buyurur: (Allah buyurdu:) “Qorxmayın, Mən sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!” (Ta ha, 46).

O yenə buyurur: “Məgər o bilmir ki, Allah görür?” (Ələq, 14).

O yenə buyurur: “O, səni (namaza) duranda da görür, səcdə edənlər içində hərəkət edəndə də. Həqiqətən də O, Eşidəndir, Biləndir!” (əş-Suəra, 218-220).

O yenə buyurur: “De: “İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər…” (ət-Tövbə, 105).

O buyurur: “…Allahın cəzası şiddətlidir” (ər-Rad, 13).

O yenə buyurur: “Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən xeyirlisidir” (Ali İmran, 54).

O yenə buyurur: “Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər” (ən-Nəml, 50).

O yenə buyurur: “Həqiqətən, (kafirlər) hiylə qururlar. Mən də hiylə qururam” (ət-Tariq, 15-16).

O buyurur: “Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, (hər şeyə) Qadirdir” (ən-Nisə, 149).

O yenə buyurur: “…Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir” (ən-Nur, 22).

O buyurur: “…Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur…” (əl-Munafiqun, 8).

O, İblis haqqında buyurur: (İblis) dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam” (Sad, 82).

O yenə buyurur: “Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir” (ər-Rahmən, 78).

O buyurur: “…Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Məryəm, 65).

O yenə buyurur: “…Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”(əl-İxlas, 4).

O yenə buyurur: “…bilə-bilə (heç kəsi) Allaha tay tutmayın” (əl-Bəqərə, 22).

O yenə buyurur: “İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər…” (əl-Bəqərə, 165).

O yenə buyurur: “De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut” (əl-İsra, 111).

O yenə buyurur: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir”(ət-Təğabun, 1).

O yenə buyurur: “Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!) O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cur olacağını) təqdir (əzəldən müəyyən) etmişdir”. (əl-Furqan, 1-2).

O yenə buyurur: “Allah heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əgər belə olsaydı, onda hər bir ilah əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır! O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır!” (əl-Muminun, 91-92).

O buyurur: “Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz” (ən-Nəhl, 74).

O yenə buyurur: “De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur” (əl-Əraf, 33).

O buyurur: “Ər-Rəhman Ərşə ucaldı” (Ta ha, 5).

Yeddi yerdə qeyd edilir:

Əl-Əraf surəsində buyurur: Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra da Ərşə ucalan Allahdır. (əl-Əraf, 54).

Yunus (əleyhis-salam) surəsində buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır.” (Yunus, 3).

Ər-Rad surəsində buyurur: “Gördüyünüz göyləri dirəksiz ucaldan, sonra da Ərşə yüksələn Allahdır.” (ər-Rəd, 2).

Tahə surəsində buyurur: “Ər-Rəhman Ərşə ucaldı” (Ta hə, 5).

Əl-Furqan surəsində buyurur: “…sonra da Ərşə ucaldı. O, Ər-Rəhmandır.” (əl-Furqan, 59).

Əlif, ləm, mim, əs-Səcdə surəsində buyurur: “Allah – göyləri, Yeri və onların arasındakıları altı gündə yaratdı və sonra da Ərşə ucaldı.” (əs-Səcdə, 4).

Əl-Hədid surəsində buyurur: “Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur…” (əl-Hədid, 4 ).

O yenə buyurur: “Ey İsa! Mən səni öldürüb Özümə tərəf qaldıracağam…”(Ali-İmran, 55).

O yenə buyurur: “Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır” (ən-Nisə, 158).

O yenə buyurur: “…Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir…” (Fatir, 10).

O yenə buyurur: “Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qala tik ki, bəlkə, yollara çatım — göylərin yollarına çatım və Musanın İlahını görüm. Həqiqətən, mən onu yalançı sayıram!” (Ğafir, 36-37).

O yenə buyurur: “Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir. Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz” (əl-Mulk, 16-17).

O yenə buyurur: “Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür”(əl-Hədid, 4).

O yenə buyurur: “…Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, O yenə də onlarladır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir” (əl-Mucadilə, 7).

O yenə buyurur: “…Qəm yemə, Allah bizimlədir!…” (ət-Tövbə, 40).

O yenə buyurur: “…Mən sizinləyəm, eşidirəm və görürəm!” (Taha, 46).

O yenə buyurur: “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir” (ən-Nəhl, 128).

O yenə buyurur: “…Səbir edin, Allah səbir edənlərlədir” (əl-Ənfal, 46).

O yenə buyurur: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir” (əl-Bəqərə, 249).

O buyurur: “…Allahdan daha doğru danışan kim ola bilər?!” (ən-Nisə, 87).

“…Sözündə Allahdan daha doğru kim ola bilər?” (ən-Nisə, 122).

“Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa!..” (əl-Maidə, 116).

“Rəbbinin kəlamı doğru (düzgün) və ədalətli şəkildə tamam oldu” (əl-Ənam, 115).

“…Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı” (ən-Nisə, 164).

“…Allah onlardan (peyğəmbərlərdən) bəzisi ilə danışmışdır” (əl-Bəqərə, 253).

“Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı…” (əl-Əraf, 143).

“Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq uçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq” (Məryəm, 52).

“Bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına…” (əş-Şuəra, 10).

“…Rəbbi onları çağırıb dedi: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi?” (əl-Əraf, 22).

“(Allah) həmin gün onları çağırıb belə buyuracaqdır: “Peyğəmbərlərə nə cavab verdiniz?”(əl-Qəsəs, 65).

“Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin” (ət-Tövbə, 6).

“…Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər” (əl-Bəqərə, 75).

“…Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur…”(əl-Fəth, 15).

“Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz…” (əl-Kəhf, 27).

“Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir” (ən-Nəml, 76).

O yenə buyurur: “Nazil etdiyimiz bu Quran mübarək bir kitabdır…” (əl-Ənam, 92)

“…Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin…” (əl-Həşr, 21).

“Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə Allah nə nazil etdiyini Özü daha yaxşı bilir (kafirlər Muhəmmədə): “Sən ancaq bir iftiraçısan” – deyərlər. Xeyr! Onların əksəriyyəti bilməz! (Yə Rəsulum!) De: “Ruhul-qüds (Cəbrayıl) onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” Biz (müşriklərin): “(Quranı) ona (Muhəmmədə) bir insan öyrədir!” – dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu isə açıq-aşkar ərəb dilidir!” (ən-Nəhl, 101-103).

O buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!” (əl-Qiyamə, 22-23).

“…və taxtlar üstündə baxacaqlar…” (əl-Mutaffifin, 35).

“Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir” (Yunus, 26).

“Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur!” (Qaf, 35).

Quranda bu mövzuya həsr edilmiş çoxlu ayələr vardır. Kim hidayət yolunu axtararaq Quran barəsində düşünərsə, haqqın yolu ona aydın olar.

FƏSİL

(Sünnədə Allahın ad və sifətləri)

Sonra Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsində; Sünnə Quranı təfsir və izah edir, ona yönəldir və onun mənasını ifadə edir. Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) öz qüdrətli və uca Rəbbini vəsf etdiyi və elm adamlarının qəbul etdiyi səhih hədislərə də iman gətirmək vacibdir. Belə hədislərdən, Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Rəbbimiz hər gecənin sonuncu üçdə bir hissəsində dünya səmasına enir və buyurur: “Mənə dua edən kimsə varmı, Mən ona cavab verim. Məndən istəyən varmı, Mən ona verim. Məndən bağışlanma diləyən kimsə varmı, Mən onu bağışlayım.” əl-Buxari və Muslim.

Həmçinin Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Həqiqətən, Allah, tövbə etmiş mömin qulunun tövbəsinə, sizlərdən hər hansı birinizin miniyinə olan fərəhindən daha çox fərəhlənir”. Əl-Buxari və Muslim.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: «Allah, biri digərini öldürüb sonra hər ikisi Cənnətə girən iki nəfərin halına gülür”. Əl-Buxari və Muslim.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Allah qullarının ümidsiz olmalarına təəccüblənir, halbuki (vəziyyətlərinin pisdən yaxşıya) dəyişməsi yaxındır; O sizin düşdüyünüz çətinliyə və ümidsizlik içində olmanıza baxır və gülür, çünki bilir ki, sizin sıxıntıdan qurtaracağınız vaxt çox yaxındadır”. Həsən isnadlı hədisdir.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Qiyamət günü, kafirlər Cəhənnəmə atıldıqca O: “Yenə də varmı?” – deyəcək və bu, qüdrətli Rəbb Öz ayağını”, bir rəvayətdə: “qədəmini onun üstünə qoyanadək davam edəcəkdir. Bu zaman Cəhənnəmin bir hissəsi digərinə tərəf yığılacaq və o deyəcək: “Bəsdir! Bəsdir!”. Əl-Buxari və Muslim.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Uca Allah buyurur: “Ey Adəm!” O da cavab verir: “Sənin əmrini gözləyərək qarşında durmuşam!” O, səslə çağıracaq: “Doğrudan da! Allah sənə əmr edir ki, zürriyyətindən Cəhənnəmə düşəcək bir dəstəni çıxarasan”. Əl-Buxari və Muslim.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Sizdən elə biriniz yoxdur ki, Rəbbi onunla Özü arasında heç bir tərcüməçi olmadan danışmasın”. Əl-Buxari və Muslim.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstəni ovsunla müalicə etmək haqqında buyurmuşdur: “Rəbbimiz göydə olan Allahdır. Sənin adın ucadır, Sənin Rəhmətin göydə olduğu kimi, hökmün də göydə və yerdədir, Öz rəhmətini yerdə də göstər. Bizim səhvlərimizi və günahlarımızı bağışla. Sən xeyirxahların Rəbbisən, bizə Öz rəhmətindən mərhəmət və şəfandan bu ağrıya şəfa nazil et ki, onunla sağalsın”. Hədisin isnadı həsəndir. Onu Əbu Davud və başqaları rəvayət etmişlər.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Siz mənə etibar etmirsiniz? Mən, göydə olanın (Allahın) etibar etdiyi insanam”. Səhih hədisdir.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Ərş bunun üstündədir. Allah isə Ərşin fövqündədir. O sizin nə etdiklərinizi bilir”. Həsən hədisdir. Onu Əbu Davud və başqaları rəvayət etmişdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) kölə qadından: “Allah haradadır?” – deyə soruşduqda, o belə cavab vermişdi: “Göydə”. Rəsulullah (salləllahu aleyhi və səlləm) ondan: “Mən kiməm?” – deyə soruşduqda isə, o: “Sən, Allahın Elçisisən” – demişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də buyurmuşdu: “Onu azadlığa burax, o mömin qadındır”. Muslim.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Ən əfzəl iman, harada olsan Allahın səninlə olmasını bilməndir”. Həsən hədisdir. Onu ət-Təbərani, Ubadə ibn Samitin danışdığı hədis olaraq nəql etmişdir.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Sizlərdən kimsə namaza duranda, nə qarşısına, nə sağ tərəfinə tüpürməsin, çünki Allah onun qarşısındadır; ancaq sol tərəfə, ya da ayağının altına tüpürsün”. Əl-Buxari və Muslim.

Onun (salləllahu aleyhi və səlləm) bu kəlamıdır: “Allahım! Yeddi göyün Rəbbi, əzəmətli Ərşin Rəbbi, bizim və hər şeyin Rəbbi, bitkiləri və çəyirdəyi cücərdən, Tövratı, İncili və Quranı nazil edən; nəfsimin şərindən və ixtiyarı Sənin əlində olan bütün canlıların şərindən Sənə sığınıram; Sən Əvvəlsən, Səndən əvvəl heç nə olmamışdır. Sən Axırsan, Səndən sonra heç nə olmayacaq. Sən Zahirsən, Səndən ucada heç nə yoxdur. Sən Batinsən, Səndən yaxında heç nə yoxdur. Məni borclardan qurtar və kasıblığı məndən uzaqlaşdır”. Muslim.

Səhabələr yüksək səslə zikr etdikləri zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlara buyurmuşdur: “Ey insanlar! Özünüzü ələ alın. Siz eşitməyənə və sizlə olmayana dua etmirsiniz; əksinə siz Eşidənə, görənə və yaxın olana dua edirsiniz. Həqiqətən, sizin dua etdiyiniz, hər birinizə miniyinizin boynundan da yaxındır”. Əl-Buxari və Muslim.

Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Siz Rəbbinizi, ayı bədirləndiyi gecədə gördüyünüz kimi görəcəksiniz; sizə Ona baxmağa heç nə mane olmayacaq; əgər siz günəş çıxmazdan öncə və batmazdan öncə qılınan namazlara riayət etməyi bacarsanız, bunu edin”. Əl-Buxari və Muslim.

Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) öz Rəbbi haqqında xəbər verdiyi bu kimi digər hədislərə də iman gətirmək vacibdir.

Nicat tapan firqə, Əhli Sünnə və camaat, Allahın Öz Kitabında xəbər verdiklərinə iman gətirdikləri kimi, bu hədislərə də təhrif və inkar etmədən, necəliyinə varmadan və bənzətmədən iman gətirirlər.

İslam ümməti digər ümmətlər arasında orta yol tutduğu kimi, Əhli Sünnə və camaat da firqələr arasında orta yol tutmuşdur. Əhli Sünnə və camaat, Allah sübhənəhu və təalənin sifətlərinə iman məsələsində inkar əhli olan cəhmilər ilə bənzətmə əhli olan muşəbbihlər arasında; habelə, Allahın felləri barədə qədərilərlə cəbərilər və qeyriləri arasında; həmçinin Allahın verəcəyi əzab məsələsində də murciələrlə qədərilərdən olan vaidiyyə və başqaları arasında; imanın və dinin təriflərində hərurilər və mötəzilələrlə murciə və cəhmilər arasında; həm də Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) səhabələrinə münasibətdə rafizilərlə xəvariclər arasında orta yol tutmuşlar.

FƏSİL

Bizim, Allaha iman haqqında qeyd etdiyimiz məsələlərə, Allahın göylərin fövqündə Öz Ərşi üzərində olmasına, məxluqlarından ucada olmasına, həmçinin harada olmalarından asılı olmayaraq onlarla birgə olmasına və onların nə etdiklərini bilməsinə iman gətirmək mövzuları da daxildir. Bunları Allah Öz Kitabında xəbər vermiş, Onun Elçisindən (salləllahu aleyhi və səlləm) bu haqda çoxsaylı hədislər rəvayət edilmiş və ümmətin sələfləri yekdilliklə qəbul etmişdir. Allah bütün bu məsələləri bir ayəyə toplayaraq buyurur: “Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə ucalan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!” (əl-Hədid, 4).“O sizinlədir” ifadəsi Allahın Öz məxluqları ilə qarışmasını bildirmir. Bunu heç ərəb dili də tələb etmir. Bu, ümmətin sələflərinin yekdilliklə qəbul etdiyinə ziddir. Eləcə də, Allahın yaratdıqlarının fitrətinə müxalifdir. Əksinə Allahın ən kiçik məxluqatlarından biri olan ay, səmada olduğu halda eyni zamanda harada olmasından asılı olmayaraq həm səfərdə olanlarla, həm də qeyriləri ilə bərabərdir. Allah subhənəhu Öz ərşinin fövqündədir, yaratdıqlarını müşahidə edəndir, onların üzərində hökmrandır, onların nə etdiklərindən xəbərdardır və sairə Onun rübubiyyətinə dəlalət edən mənalara sahibdir.

Allahın bütün bu dedikləri – Onun Ərşə yüksəlməsi və eyni zamanda bizimlə olması – tam həqiqətdir. Onların heç bir təhrifə ehtiyacı yoxdur. Lakin onları, məsələn, “göydə” sözünün zahiri mənası, göylər Onu saxlayır və ya Onu kölgələndirir kimi yanlış zənlərdən qorumaq lazımdır. Bütün elm və iman sahiblərinin yekdil rəyinə görə belə fikirlər batildir.

Həqiqətən də, Allahın “kürsüsü göyləri və yeri əhatə etmişdir.” (əl-Bəqərə, 255).

O, “göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır” (Fatir, 41).

“Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayır” (əl-Həcc, 65).

 “Göyün və yerin Onun əmrində durması… Onun qüdrət əlamətlərindəndir” (ər-Rum, 25).

FƏSİL

Allahın bəndələrinə yaxın və dualarına cavab verən olmasına iman gətirmək də həmçinin bu mövzuya aiddir. Allah bu iki məsələni bir ayədə cəm edərək buyurur: (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm” (əl-Bəqərə, 186). Allahın Elçisi (salləllahu aleyhi və səlləm) buyurur: «Həqiqətən sizin dua etdiyiniz (Allah) sizə miniyinizin boynundan da yaxındır».

Quran və Sünnədə Allahın yaxınlığı və birgəliyi haqqında açıqlananlar Onun ucalığı və yüksəkliyi ilə ziddiyyət təşkil etmir. Həqiqətən də, nöqsansız Allahın bütün sifətlərində Onun misli-bərabəri olacaq heç bir şey yoxdur. O, yaxın olduğunda ucadır və uca olduğunda isə, yaxındır.

FƏSİL

Quranın, Allahın kəlamı olmasına, Onun nazil edilməsinə və məxluq olmadığına iman gətirmək, Allaha və Onun kitablarına imandan sayılır. Ondan başlamış və Ona da qayıdacaqdır. Allah həqiqətən də onu danışmışdır. Onun Muhəmmədə (salləllahu aleyhi və səlləm) nazil etdiyi bu Quran, həqiqətən də Allahın kəlamıdır. O, bir başqasının kəlamı deyil. Quranın Allah kəlamının bir hekayəsi və ya ifadəsi olduğunu söyləmək olmaz. Əksinə əgər insanlar Quranı oxusalar və ya kitab səhifələrinə yazsalar belə, bu onu Allah təalənin həqiqi kəlamı olmaqdan xaric etmir. Çünki həqiqətdə kəlam, onu çatdırana və (qiraətini) əda edənə deyil, onu ilkin olaraq deyənə aid edilir. Quranın hərfləri də, mənası da Allahın kəlamıdır. Allahın kəlamı nə mənaları olmayan hərflər, nə də hərfləri olmayan mənalar deyildir.

FƏSİL

İnsanların aydın bir səmada günəşi, bədir gecəsi bədirlənmiş ayı bir-birilərinə mane olmadan gördükləri kimi, Qiyamət günü möminlərin öz gözləri ilə Allahı görəcəklərinə iman gətirmək də, həmçinin qeyd etdiyimiz Allaha, Onun kitablarına, mələklərinə və elçilərinə iman gətirmək mövzusuna daxildir. Möminlər Allahı, Qiyamətdəki Ərəsatda olduqda görəcəklər. Sonra Allahı Cənnətə girdikdən sonra, Onun istədiyi şəkildə görəcəklər.

FƏSİL

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ölümdən sonra olacaqlar barədə dediyi hər bir xəbərə, qəbir fitnəsinə, orada veriləcək əzaba və nemətlərə iman etmək, Axirət gününə iman gətirməkdən sayılır. Fitnəyə gəlincə, insanlar öz qəbirlərində imtahan olunacaqlar. İnsana: “Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir?” – deyiləcək. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabit qədəm edər. Mömin deyər: “Rəbbim – Allah, dinim – İslam və Peyğəmbərim – Muhəmməddir (salləllahu aleyhi və səlləm)”. Şübhədə olana gəlincə, o deyər: “Həh, həh, bilmirəm. Eşitdim ki, insanlar nə isə deyir, mən də onu dedim”. Sonra onu dəmir çəkiclə vuracaqlar, o da bərkdən bağıracaqdır. Onun səsini insanlardan başqa hər şey eşidəcəkdir. Əgər insan eşitsəydi huşunu itirərdi. Bu fitnədən sonra ya nemət ya da əzab var. Böyük Qiyamət qopana qədər belə davam edər. Sonra ruhlar cəsədlərinə qovuşar və Allahın Öz Kitabında və Rəsulunun (salləllahu aleyhi və səlləm) hədisində xəbər verdiyi və müsəlmanların yekdilliklə qəbul etdiyi Qiyamət qopar. İnsanlar qəbirlərindən çılpaq, ayaqyalın, sünnət olunmamış halda aləmlərin Rəbbinin qarşısında durmaq uçun çıxar.

Günəş onlara yaxınlaşar. Tər onları yüyənləyər. Sonra tərəzi qurular və insanların əməlləri çəkilər. (Allah buyurur:) “Məhz tərəziləri ağır gələnlər nicat taparlar. Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar” (əl-Muminun, 102-103). Səhifələr paylanar. Onlar əməl səhifələridir. Bəziləri kitabını sağ əli ilə, bir başqaları da kitabını sol əli ilə və ya arxa tərəfindən götürəcək. Allah subhənəhu və təalə buyurur: “Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Ona belə deyərik:) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!” (əl-İsra, 13-14).

Quran və Sünnədə bəyan edildiyi kimi, Allah yaratdıqlarını haqq-hesab edəcəkdir. O, mömin bəndəsi ilə təkbə-tək qalacaq və onun günahlarını xatırladacaqdır. Kafirlərə gəldikdə isə, onlar xeyir və şər əməlləri ölçülənlər kimi haqq-hesab olunmayacaqlar. Çünki onların xeyir əməlləri yoxdur. Lakin onların əməlləri sayılacaq, hesab ediləcək, bir-bir soruşulacaq və etiraf etdiriləcək.

Qiyamət günü Ərəsatda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hovuzu olacaqdır ki, suyu süddən ağ və baldan şirin, piyalələrin sayı göydəki ulduzların sayı qədər, uzunluğu və eni bir aylıq (yola) bərabərdir. Kim ondan bir dəfə içsə, ondan sonra bir daha susuzluq hiss etməyəcəkdir.

Sirat, Cəhənnəmin üzərindən salınmışdır. O, Cənnətlə Cəhənnəm arasında olan körpüdür. Adamlar öz əməllərinə müvafiq olaraq onu keçəcəklər. Bəziləri onu bir göz qırpımında, bəziləri ildırım sürəti ilə, bəziləri külək sürəti ilə, bəziləri cins at sürəti ilə, bəziləri minik dəvəsinin yerişi ilə, bəziləri qaça-qaça, bəziləri yeriyərək və bəziləri də sürünərək keçəcəklər. Kimisini də ani götürüb Cəhənnəmə atacaqlar. Həqiqətən də körpünün üzərində qarmaqlar var. Onlar insanları əməllərinə görə dərhal götürəcəklər.

Kim körpünü keçərsə, Cənnətə daxil olar. Siratı keçdikdə Cənnətlə Cəhənnəm arasında olan Qantara üzərində dayandırılarlar. Sonra bəzilərinin lehinə digərlərindən qisas alınar. Orada qaydaya salınıb təmizləndikdən sonra onlara Cənnətə girməyə icazə veriləcəkdir.

Cənnətin qapılarının açılmasını istəyən ilk şəxs Muhəmməd (salləllahu aleyhi və səlləm) olacaqdır. Ümmətlər arasında isə ilk olaraq Cənnətə girən Onun (salləllahu aleyhi və səlləm) ümməti olacaqdır. Qiyamət günü Peyğəmbərin (salləllahu aleyhi və səlləm) üç şəfaəti olacaqdır:

Birinci şəfaət: Peyğəmbərlər — Adəm, Nuh, İbrahim, Musa və Məryəm oğlu İsa (onlara salam olsun) şəfaət etməkdən boyun qaçırdıqlarından sonra növbə Muhəmməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatdıqda, o, məhşərə toplananlara şəfaət edəcəkdir.

İkinci şəfaət: Cənnət əhlinin Cənnətə daxil olması üçün edəcəyi şəfaətdir. Bu iki şəfaət ancaq ona məxsusdur.

Üçüncü şəfaət isə Cəhənnəmə atılmağa layiq olanlar üçün olacaqdır. Şəfaətin bu növü Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) və eləcə də digər peyğəmbərlərə, həmçinin siddiqlərə və başqalarına verilmişdir. O, Cəhənnəmə atılmağa layiq olan kəsin oraya düşməməsi üçün, həmçinin Cəhənnəmə atılmış insanın oradan çıxarılması üçün şəfaət edəcək.

Həmçinin Allah Öz lütfü və rəhməti ilə bir çox adamları Cəhənnəmdən şəfaətsiz çıxaracaqdır. Dünya əhlindən Cənnətə daxil olanlar daxil olduqdan sonra, orada boş yerlər qalacaqdır. Buna görə, Allah Cənnət üçün insanlar yaradacaq, sonra onları Cənnətə daxil edəcək.

Axirət həyatında olacaq şeylər: Haqq-hesab, mükafat, cəza, Cənnət, Cəhənnəm və s. bunlar hamısı səmadan nazil edilmiş (səmavi) kitablarda, peyğəmbərlərdən rəvayət edilmiş və Muhəmməddən (salləllahu aleyhi və səlləm) miras qalmış biliklərdə müfəssəl surətdə və kifayət edəcək qədər öz əksini tapmışdır. Hər kim istəsə bunları tapa bilər.

Nicat tapmış firqə — Əhli Sünnə və camaat, qədərin xeyrinə və şərinə iman gətirir. Qədərə iman iki dərəcədən, hər bir dərəcənin özü isə iki hissədən ibarətdir:

Birinci dərəcə — Uca Allahın yaradılanlar barəsində elmə malik olduğuna, onların Allahın əzəli və əbədi olaraq vəsf olunduğu qədim elminə uyğun əməl etmələrinə iman gətirməkdir. O bütün yaratdıqlarının itaətkar və ya asi olacağını, onların ruzilərinin miqdarını və nə zaman öləcəklərini bilir. Sonra Allah Lövhil-məhfuzda məxluqatların qədərini yazmışdır. Allah ən birinci qələmi yaratmış, sonra ona buyurmuşdur: «Yaz!» Qələm soruşmuşdur: «Nə yazım?» Allah buyurmuşdur: “Qiyamət gününə qədər nə baş verəcəyini yaz!” İnsanın başına gələcəklər heç vaxt ondan yan keçməyəcək və ondan yan keçəcəklər isə, heç vaxt ona toxunmayacaqdır. Qələmlər qurumuş və səhifələr isə bükülmüşdür.» Necə ki, uca Allah buyurur: (Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (Lövhil-məhfuzdadır) Kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır!” (əl-Həcc, 70). O yenə buyurur: “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhil-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (əl-Hədid, 22).

Pak Allahın elminə tabe olan bu təqdir, bəzi yerlərdə xülasə şəklində, bəzi yerlərdə isə müfəssəl olur. Allah Lövhil-məhfuzda istədiyini yazmışdır. O, ana bətnindəki uşağı yaratdıqda, ona ruh verməmişdən əvvəl, onun yanına mələk göndərir və ona dörd kəlməni əmr edir. Ona deyilir: «Ruzisini, əcəlini, əməlini, xoşbəxt və ya bədbəxt olacağını və bu kimi şeyləri yaz.»

Keçmişdə qədərin bu növünü Qədərilərin ifrata varan tərəfdarları inkar edirdilər. Zəmanəmizdə isə bunu inkar edən çox azdır.

İkinci dərəcə – Allahın həyata keçən istəyinə və hər şeyi əhatə edən qüdrətinə iman gətirməkdir. Bu, Allahın istədiyinin baş verib, istəmədiyinin isə həyata keçmədiyinə iman gətirməkdir. Şübhəsiz ki, göylərdə və yerdə baş verən hərəkət və ya sükunət yalnız nöqsansız Allahın istəyi və iradəsilədir. Onun səltənətində istəmədiyi bir şey baş verməz. Nöqsansız Allahın mövcud olan və mövcud olmayan hər şeyə gücü çatır. Nə yerdə və nə də göylərdə elə bir varlıq yoxdur ki, onun pak Allahdan başqa yaradıcısı olsun. Ondan başqa yaradan və Ondan başqa Rəbb yoxdur. Bununla yanaşı O, qullarına Özünə və elçilərinə itaət etmələrini əmr etmiş, asi olmağı isə qadağan etmişdir. Nöqsansız Allah müttəqiləri, muhsinləri, ədalətliləri sevir. İman gətirənlərdən və saleh əməllər edənlərdən razıdır. Allah kafirləri sevmir, fasiq insanlardan da razı deyildir. O, fahiş işləri (əxlaqsızlığı) əmr etmir. Qullarının küfr etməsinə razı deyildir və fəsadı sevmir.

Qullar öz əməllərinin həqiqi icraçısı, Allah isə onların əməllərinin xaliqidir. Qul, mömindir, kafirdir, salehdir, pis əməl sahibidir, namaz qılandır, oruc tutandır. Qulların öz əməllərini icra etməyə qüdrətləri var. Onların iradələri var. Allah onların özlərinin, onların qüdrətlərinin və iradələrinin xaliqidir. Necə ki, uca Allah buyurur: “Eləcə də sizdən doğru yolda olmaq istəyənlər doğru yolla da gedirlər. Lakin aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!” (ət-Təkvir, 28-29).

Qədərin bu dərəcəsini, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) «Bu ümmətin məcusiləri» adlandırdığı qədərilərin əksəriyyəti inkar edir. Bu məsələni qəbul edənlərdən bəziləri (yəni, Cəbərilər təriqəti) isə ifrata vararaq insanın gücü və ixtiyarı (seçimi) olmadığını iddia edirlər. Onlar Allahın etdiyi əməllərdən və verdiyi hökmlərdən onların hikmətlərini və faydalarını çıxarırlar.

FƏSİL

Əhli Sünnə və camaatın əsaslarından biri də budur: Din və iman, söz və əməldir. Qəlbin və dilin sözü; Qəlbin, dilin və əzaların əməlidir. İman, itaətlə artır və asiliklə azalır. Bununla yanaşı, onlar Qiblə əhlini mütləq asiliklərə və böyük günahlara görə təkfir etmirlər. Necə ki, bunu xəvariclər edir. Əksinə, iman qardaşlığı günahlarla birgə sabitdir. Necə ki, nöqsansız Allah qisasla bağlı ayədə buyurur:“… (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir.” (əl-Bəqərə, 178). O, buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin!..” (əl-Hucurat,9-10).

Həmçinin onlar, milli (yəni, İslam dininə mənsub) fasiqdən İslamı bütövlüklə götürmürlər. Onun əbədi olaraq Cəhənnəmdə qalacağını söyləmirlər. Necə ki, bunu Mötəzililər deyir. Əksinə, (Əhli sünnə etiqad edir ki,) fasiq də iman adının (kamilliyi və naqisliyi) çevrəsinə  daxildir. Necə ki, uca Allah buyurur:“…mömin bir qul azad etməlidir” (ən-Nisə, 92). Bəzən o, iman adının (kamillik) çevrəsinə daxil olmur. Necə ki, uca Allah buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman onların imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edər” (əl-Ənfal, 2). Allahın Elçisi də (salləllahu aleyhi və səlləm) belə demişdir: “Zinakar zina etdiyi zaman mömin deyil, oğru oğurluq etdiyi zaman mömin deyil, içki içdiyi zaman mömin deyil, insanların dəyər verdiklərindən ötrü başlarını qaldırıb baxdıqları qiymətli bir malı zorla alan, həmin malı zorla aldığı zaman mömin deyil.” (Əl-Buxari və Muslim). Biz deyirik: “O, naqis imanlı mömindir və yaxud imanına görə mömin və böyük günahına görə fasiqdir. Buna görə ona nə mütləq iman verilər, nə də ondan imanın əsli götürülməz.

FƏSİL

Əhli sünnə və camaatın əsaslarından biri də — Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrinə qarşı Allahın onları vəsf etdiyi kimi qəlbi və dili təmiz olmaqdır: “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (əl-Həşr, 10).

Həmçinin Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) buyurduğuna itaət edərlər: “Mənim səhabələrimi söyməyin. Canım əlində olana and olsun! Sizlərdən kimsə (Allah yolunda) Uhud (dağı) qədər qalaqlanmış qızıl xərcləsə də, onların hər hansı birinin xərclədiyi bir ovuc və ya onun yarısı ilə belə müqayisəyə gəlməz”.

Əhli Sünnə və camaat, səhabələrin fəziləti və yüksək məqamları haqqında Quranda, Sünnədə və müsəlmanların yekdil rəyində sabit olan bütün xəbərləri qəbul edir. Həmçinin onlar fəthdən yəni, Hudeybiyyə sülhündən öncə (Allah yolunda) xərcləyənləri və döyüşənləri bundan sonra xərcləyənlərdən və döyüşənlərdən, Mühacirləri də Ənsarlardan üstün tuturlar. İman gətirirlər ki, uca Allah sayları üç yüz ondan çox olan Bədr döyüşçülərinə buyurmuşdur: «Nə istəyirsinizsə edin. Artıq Mən sizi bağışlamışam. «Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xəbər verdiyi kimi, ağac altında ona beyət edənlərdən heç kəs Cəhənnəmə girməz. Əksinə Allah onlardan razı idi, onlar da Allahdan razı idilər. Həmin səhabələrin sayı min dörd yüz nəfərdən çox idi. Əhli sünnə on müjdələnmiş şəxsin, həmçinin Sabit ibn Qeys ibn Səmməsin və s. bu kimi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Cənnətlə müjdələdiyi səhabələrin Cənnətlik olacaqlarına şəhadət verir. Onlar, möminlərin əmiri Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) və başqalarından nəql edilən çoxsaylı rəvayətlərə əsasən bu ümmətin peyğəmbərindən sonra ən xeyirli adamlarının – Əbubəkr, sonra Ömər olmasını təsdiqləyirlər. Onlar, Osmanı üçüncü və Əlini dördüncü edirlər. Allah onların hamısından razı olsun. Necə ki, buna əsərlər dəlalət edir. Səhabələr yekdilliklə beyət məsələsində Osmanı irəli çəkmişlər. Buna baxmayaraq, Əhli Sünnədən bəziləri Əbubəkr və Ömərdən sonra Osmanın yoxsa Əlinin (Allah onlardan razı olsun) daha fəzilətli olmasında ixtilaf etmişlər. Bəziləri üstünlüyü Osmana verərək susmuş və ya Əlini dördüncü saymışlar. Digərləri isə üstünlüyü Əliyə vermişlər. Bir başqaları da bitərəf mövqe tutmuşlar. Lakin Əhli sünnə öncə Osmanın sonra isə Əlininin (əfzəl) olmasına qərar vermişlər. Baxmayaraq ki, bu, yəni, Osman və Əlinin məsələsi Əhli sünnənin əksər alimlərinə görə dinin əsaslarından deyil. Ona görə də ixtilaf edən hər hansı tərəf zəlalətə düşmüş hesab olunmur. Lakin xilafət məsələsində (ardıcıllığa) müxalif olan kəs zəlalətə düşmüş sayılır. Əhli sünnənin etiqadına görə Allahın Elçisindən (salləllahu aleyhi və səlləm) sonra xəlifə — Əbubəkr; sonra Ömər; ondan sonra Osman, sonra da Əlidir. Kim onlardan hər hansı birinin xəlifəliyinə tənə (etiraz) edərsə, o evindəki uzunqulaqdan da çox yanılmış olar.

Əhli sünnə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Əhli beytini (ailəsini) sevir, onları özlərinə dost tutur və Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) Qədirxum günündə onlar barəsində söylədiyi vəsiyyətini qoruyurlar. O buyurmusdur: “Əhli beytimlə davranışınızda Allahı (Onun rəhmətini və əzabını) xatırlamağınızı tövsiyə edirəm”. Peyğəmbər (salləllahu aleyhi və səlləm), Qureyşdən olan bəzi adamların Bəni Haşim qəbiləsinə qarşı sərt rəftar etmələri barədə şikayət edən əmisi Abbasa belə buyurmuşdur: “Nəfsim əlində olana (Allaha) and olsun ki, onlar sizi Allah üçün və mənimlə qohum olduğunuz üçün sevməyincə iman sahibi olmazlar”. O həmçinin buyurmuşdur: “Həqiqətən, Allah İsmayıl oğullarını (digərləri arasından) seçmişdir. Sonra İsmayıl oğulları arasından Kinanə tayfasını, Kinanə tayfasından da Qureyşi, Qureyşdən isə Bəni Haşimi, Bəni Haşimdən də məni seçmişdir”.

(Əhli sünnə) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələrinin — möminlərin analarının hörmətini sevgi ilə saxlayır və iman edirlər ki, onlar axirətdə də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri olacaqlar. Xüsusən də, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əksər övladlarının anası, ona ilk iman gətirən və işlərində ona dəstək olan Xədicəyə (Allah ondan razı olsun) ehtiram göstərirlər. Onun Peyğəmbər (salləllahu aleyhi və səlləm) tərəfindən qiymətləndirilən yüksək yeri vardır. Həmçinin Siddiqə bint Siddiqə (yəni, Əbubəkrin qızı Aişə, Allah ondan razı olsun) haqqında Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Aişənin başqa qadınlardan üstünlüyü səridin (yəni, əla yemək növünün) digər yeməklərdən üstün olduğu kimidir”.

(Əhli sünnə) səhabələrə nifrət bəsləyən və onları söyən Rafizilərin, həmçinin Əhli beytə söz və ya əməllə əziyyət verən Nəsibilərin (Xəvariclərin) yolundan uzaq dayanırlar. Əhli sünnə, səhabələrin aralarında baş verən ixtilaflı hadisələr barədə danışmır, əksinə bu haqda deyirlər: Onların səhvləri haqqında varid olan rəvayətlərin bir qismi yalandır, başqa bir qismi də əlavələrə və ya ixtisarlara yaxud da təhrifə məruz qalmışdır. Bu rəvayətlərin səhih olan qismində qeyd olunan hadisələrdə isə onlar, etdikləri ictihadın doğru və ya xəta olmasından asılı olmayaraq müctəhid olduqlarına görə üzürlüdürlər. Bununla yanaşı Əhli sünnə heç bir səhabəni böyük və ya kiçik günahlardan azad (məsum) hesab etmir. Əksinə ümumən onların da günah etməsi mümkündür. Lakin buna baxmayaraq, (Allah) onların etdikləri günahlarını bağışlayacaq, əgər ediblərsə, İslamda öncüllükləri və fəzilətləri vardır. Hətta onlara özlərindən sonra gələnlərə bağışlanmayan günahlar belə bağışlanmışdır. Çünki onların, özlərindən sonra gələnlərin edə bilmədiyi, günahları silən çoxlu savab əməlləri vardır. Onların bütün nəsillərin ən xeyirliləri olması, hər hansı birinin verdiyi bir ovuc sədəqənin, onlardan sonra gələnlərin verdikləri Uhud dağı boyda qızıldan daha üstün sayılması Peyğəmbərin (salləllahu aleyhi və səlləm) kəlamlarında öz təsdiqini tapmışdır. Bundan başqa, əgər onlardan kimsə hər hansı bir günah edibsə, ola bilsin ki, o bu günahı üçün tövbə etmiş, yaxud günahını siləcək savab işlər görmüş, ya da İslamı ilk qəbul edənlərdən olduğuna görə və ya Muhəmmədin (salləllahu aleyhi və səlləm) şəfaəti ilə bağışlanmışdır. Belə ki, səhabələr Peyğəmbərin (salləllahu aleyhi və səlləm) şəfaətinə ən layiq insanlardır. Yaxud da bu dünyada məruz qaldığı hər hansı bir bəla onun günahına kəffarə olmuşdur. Əgər onların doğrudan etdikləri  günahlara görə bu qədər üzr qazandırmaq mümkündürsə, bəs elə isə ictihad etdikləri məsələlərə nə demək olar? Əgər ictihadları doğru olarsa iki, yox əgər səhv olarsa bir savab qazanarlar. Səhv isə bağışlanar. Daha sonra, onların bəzilərinin etdikləri xoşagəlməz əməllər, Allaha və Onun Elçisinə iman, Allah yolunda cihad, hicrət, köməklik etmək, faydalı elm, saleh əməllər və s. bu kimi üstünlükləri və yaxşılıqları ilə müqayisədə çox cüzidir. Kim səhabələrin həyatına və Allahın onlara bəxş etdiyi fəzilətlərə elm və bəsirət gözü ilə nəzər salarsa, onların peyğəmbərlərdən sonra ən xeyirli insanlar olduğunu yəqinliklə bilər və görər ki, nə onlardan öncə, nə də onlardan sonra belə insanlar olmamışdır. Həqiqətən onlar, bütün ümmətlərin ən xeyirlisi və Allah yanında ən üstün olan bu ümmətin seçilmiş nəslidirlər.

Əhli sünnə və camaatın əsaslarından biri də övliyaların kəramətlərinin təsdiq edilməsidir. Allah onların əli ilə müxtəlif elmi sahələrdə, bir şeyi üzə çıxarmaqda, istedad və təsir etmə bacarıqlarında qeyri-adi hadisələri gerçəkləşdirir. Məsələn, “əl-Kəhf” və digər surələrdə keçmiş ümmətlərin kəramətləri qeyd olunmuşdur. Həmçinin bu ümmətin ilk nəsillərinin — səhabə və tabiinlərin və ümmətin digər nəsillərinin kəramətləri olmuş və Qiyamət gününə qədər olacaqdır.

FƏSİL

Əhli sünnə və camaatın yolundandır: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əsərlərinə daxilən və zahirən tabe olmaq, həmçinin (İslamda) ilklər və irəli düşənlər sayılan mühacir və ənsarların yoluna tabe olmaq və eyni zamanda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) aşağıdakı tövsiyəsinə riayət etmək. O buyurmuşdur: “Sizə sünnəmi və məndən sonra doğru yolu göstərən raşidi xəlifələrin sünnəsini tövsiyə edirəm. Ondan azı dişlərinizlə yapışın. Dində yeniliklərdən çəkinin. Çünki hər bir bidət zəlalətdir”. Əhli sünnə bilir ki, ən doğru söz – Allahın kəlamı və ən xeyirli hidayət yolu isə Muhəmmədin (salləllahu aleyhi və səlləm) hidayət yoludur.

Onlar Allahın kəlamını bütün insan sinfinin kəlamından üstün tutur və Muhəmmədin (salləllahu aleyhi və səlləm) hidayət yolunu hər bir kəsin yolundan irəli çəkirlər. Buna görə də onlar bəzən Əhli Kitab və Sünnə, bəzən də Əhli Camaat adlandırılırlar. Camaat dedikdə birlik qəsd olunur. Onun əksi isə təfriqəçilikdir. Baxmayaraq ki, həmin toplumun özü də “Camaat” adı ilə çağırılır.

Elmdə və dində söykənilən üçüncü əsas, yekdil rəydir (ərəb. icma). Əhli sünnə, insanların dinə aid olan gizli və aşkar dedikləri sözləri və etdikləri əməlləri bu üç əsasla (yəni, Quran, Sünnə və icma ilə) ölçürlər. Düzgün sayılan yekdil rəy (yəni, icma) saleh sələflərin üzərində olduğu rəydir. Çünki onlardan sonra ixtilaflar artmış və ümmət yayılmışdır.

FƏSİL

Sonra onlar (yəni, Əhli sünnə) bu əsaslarla yanaşı, şəriətin buyurduğu şəkildə yaxşı işləri tövsiyə edir və pis işlərdən çəkindirirlər. Onlar yaxşı və ya pis rəhbərlərlə birlikdə həccin yerinə yetirilməsini, cihad edilməsini, cümə və bayram namazlarının qılınmasını düzgün hesab edirlər. Camaatla birgə qılınan namazları qoruyarlar. Həmçinin ümmətə nəsihət verməyi dinə uyğun bir əməl hesab edirlər. Onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) aşağıdakı hədislərinin bu mənanı daşıdığını etiqad edirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) barmaqlarını bir-birinə keçirərək buyurmuşdur: “Bir mömin digər mömin üçün möhkəm tikili kimidir. Onlar bir-birilərinə bağlanarlar”. Digər hədisdə buyurur: “Möminlərin bir-birinə məhəbbəti, mərhəməti və bağlılığı bir cəsədə bənzəyir. Onun hər hansı bir üzvü ağrıyarsa, digər üzvləri də qızdırma və yuxusuzluqla ona şərik olarlar”. Əhli Sünnə, insanlara bədbəxtlik üz verdiyi zaman səbirli olmağı, rahatlıq zamanı şükür etməyi və qədərin acısına razı qalmağı əmr edirlər.

Onlar insanları gözəl əxlaqı mənimsəməyə və xeyirxah əməllərə çağırırlar. Onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) aşağıdakı hədisinin bu mənanı daşıdığını etiqad edirlər. O, buyurmuşdur: “Möminlərin ən kamil imanlısı gözəl əxlaqı olan kəsdir”.

Əhli Sünnə səninlə əlaqəni kəsənlə əlaqəni bərpa etməyə, qadağan edənə əta etməyə, zülm edəni bağışlamağa çağırırlar. Həmçinin valideynlərə yaxşılıq etməyi və qohumluq əlaqələrini saxlamağı, qonşulara qarşı xeyirxah olmağı, yetimlərə, kasıblara və müsafirlərə əl tutmağı, kölələrlə yumşaq davranmağı əmr edirlər. Onlar lovğalığı, təkəbbürlüyü, həddini aşmağı, haqlı və ya haqsız yerə özünü başqalarından üstün tutmağı qadağan edirlər. Onlar yüksək əxlaqi keyfiyyətləri əmr edərək bu əxlaqa zidd işləri qadağan edirlər. Əhli sünnə burada və ya digər yerdə dediyi bütün sözlərdə və etdiyi əməllərdə yalnız Qurana və Sünnəyə tabe olur.

Onların yolu, Allahın Muhəmməd ilə (salləllahu aleyhi və səlləm) göndərdiyi İslam dinidir. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəbər vermişdir ki, Onun ümməti yetmiş üç firqəyə bölünəcək və onların birindən başqa, hamısı Cəhənnəmə düşəcəkdir. Həmin firqə camaatdır. Başqa bir hədisdə isə o, buyurur: “Onlar (yəni, nicat firqəsi) mənim və səhabələrimin bu gün getdiyi yolla gedən şəxslərdir.” Deməli, təhriflərdən uzaq olan saf və xalis İslam dinindən yapışanlar məhz Əhli Sünnə və camaatdır. Onların arasında siddiqlər, şəhidlər, əməli salehlər, hidayətin öndərləri, qaranlığı işıqlandıran çıraqlar, yaddaşlardan silinməz xidmət və unudulmaz fəzilət sahibləri, (elm və ibadətləri ilə digərlərindən fərqlənən) əbdəllər, həmçinin doğru yolda olduqlarına bütün müsəlmanların yekdilliklə şəhadət verdiyi imamlar vardır. Onlar kömək olunan tayfadır (ərəb. taifətul-mənsura). Peyğəmbər (salləllahu aleyhi və səlləm) onların barəsində buyurmuşdur: “Mənim ümmətimdən haqq işlərində köməklik göstərilən bir tayfa Qiyamət Gününədək olacaq. Onlara müxalif olanlar və ya onları rəzil etmək istəyənlər buna müvəffəq ola bilməyəcəklər.”

Allahdan diləyirik ki, bizi onlardan etsin, hidayət etdikdən sonra qəlblərimizi haqq yolundan azmağa qoymasın və bizə Öz dərgahından rəhmət bəxş etsin. Həqiqətən, O bəxş edəndir. Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və çoxlu salamı olsun!