Yeddinci: Müamilə fəsli

Bu fəsil, özündə iyirmi üç bölümü əhatə edir.

Birinci bölüm:

Alış-veriş haqqında

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Alış-verişin tərifi və onun hökmü:

  1. Alış-verişin tərifi:

Alış-verişin lüğəti mənası, bir şeyi almaq və bir şey verməkdir.

Şəriət mənası: Sələm və borcdan başqa,  hətta öhdəçiliklə və ya icazəli mənfətlə əbədi olaraq olsa belə malı malla mübadilə etmək — deməkdir.

  • Alış-verişin hökmü:

Alış-veriş etmək icazəlidir: Uca Allah buyurur: «Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir.»[1]

İbn Ömər -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «İki kişi alış-veriş edərsə, onlar bir-birlərindən ayrılmadıqca ixtiyar sahibidirlər (istəyərlər alış-verişi davam etdirərlər, istəyərlərsə tərk edərlər)»[2].

Müsəlmanlar alış-verişin caiz olmasına icma ediblər.

İnsanların öz ehtiyaclarını ödəmək üçün başqasının əlində olan şeylərə ehtiyacı var və bunu halal yol ilə əldə etmək üçün alış-verişin insanlar arasında olması zəruridir. Bu hikmət, hədəf qoyulan məqsədə çatılması üçün onun icazəli və şəriətə uyğun olmasını tələb edir.

İkinci məsələ: Alış-verişin ərkanları:

Alış-verişin üç ərkanı var: Əqd bağlayan, nəyin üzərində əqd bağlanıb və forması.

Əqd bağlayan, alan və satanı, nəyin üzərində əqd bağlanıb, satılan malı və alış-verişdə istifadə olunanı (pulu və s.), forması isə, satdım və aldım sözlərini əhatə edir.

Satdım sözü, satıcının məsələn: (mən malı) satdım deməsdir.

Aldım sözü isə, alıcının məsələn: (mən malı) aldım deməsidir.Bu sözlər alış-verişdə istifadə olunan sözlərdir.

Amma feil ilə olan alış-verişə gəldikdə isə, bu heç bir söz söyləmədən müştərinin məsələn, pulu verib, malı satıcıdan götürməsidir.

Üçüncü məsələ: Alış-veriş etdikdə başqasını bu alış-verişə şahid tutmağın hökmü:

Alış-veriş zamanı başqasını alış-verişə şahid tutmağın hökmü vacib deyil, müstəhəbdir. Uca Allah buyurur:«Alış-veriş etdiyiniz vaxt şahid tutun!»[3]

Allah alış-verişdə şahid tutmağı əmr etsə də, bu əmr müstəhəbliyi bildirir.Uca Allah digər ayədə buyurur:«Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun!»[4]

Bu ayə göstərir ki, alış-verişdə şahid tutmaq əmri təşviq, etibar və məsləhət baxımından buyurulubdur.

Umara ibn Xuzeymə rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrindən olan əmim mənə danışdı ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bədəvi ərəbdən bir at aldı, kişi dəvənin pulunu almaq üçün Peyğəmbərin (sallallahu aleyhi və səlləm) arxasınca gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) borcu ödəmək üçün tələsərək getdi. Bədəvi ərəb isə, yavaş-yavaş onun arxasınca gedirdi. Bu zaman bəzi insanlar, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həmin atı aldığını bilmədən, bədəvi ərəbdən atı onlara satmasını tələb etdilər[5].

Bu hədis göstırir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bədəvi ərəbdən aralarında heç bir şahid olmadan atı almışdı. Əgər alış-verişdə şahid tutmaq vacib olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) şahid tutmadan, atı bədəvi ərəbdən almazdı.

Səhabələr Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vaxtında bazarlarda alış-veriş edirdilər. Lakin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onlara alış-verişdə şahid tutmalarını əmr etməsi rəvayət edilməmişdir. Eyni zamanda səhabələr də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə etdiyini nəql etməyiblər.

Belə ki, alış-veriş insanların gündəlik həyatlarında çox zaman qarşılaşdıqları bir məsələdir və əgər hər şeyə şahid tutulmalı olsa, bu insanlar üçün çətinlik və məşəqqətə gətirib çıxarar.

Əgər alış-veriş, nisyə verilən böyük məbləğli maldırsa, bu zaman gələcəkdə iki tərəf arasında ixtilaf düşməməsi üçün həmin məbləği yazmaq və bu alış-verişə başqasını da şahid tutmaq lazımdır.

Dördüncü məsələ: Alış-verişdə seçim:

Alış-verişdə seçim: Yəni, alış-verişdə həm alanın, həm də satanın alış-verişi tamamlamağa yaxud da alış-verişi pozmağa haqqı olması deməkdir.

Alış-verişdə əsil budur ki, əgər mal, iki tərəf arasında bütün rükn və şərtləri əhatə edərək satılıbsa və alış-veriş tamamlanıbsa, bundan sonra iki tərəfdən birinin malı geri qaytarmağa heç bir haqqı yoxdur.

İslam dini qarşılıqlı hörmət və asanlıq dini olduğu üçün cəmiyyətdə insanlara fayda verən şeyləri daima nəzərə almışdır. Bunlardan biri də, müsəlmanın bir malı alması yaxud da hər hansı səbəbdən satması, lakin sonradan buna peşman olmasıdır. Belə ki, şəriət ona düşünmək, öz məsləhətini nəzərə almaq və həmin alqı-satqını həyata keçirmək və ya imtina etmək seçimi vermişdir.

Alış-verişdə seçim etməyin növləri:

Alış-verişdə seçim etməyin bir neçə növü var. Bunlardan ən önəmlisi aşağıdakılardır:

Birinci: Məclis seçimi: Bu, alış-veriş olan məkanda edilən seçimdir. Alıcı və satıcı bu məkanda olduqları müddətdə oradan ayrılmadıqca, istəsələr malı alıb alış-verişi bağlaya, istəsələr də malı geri qaytara bilərlər. İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər. Əgər onlar düz danışar və aydınlıq gətirərlərsə, alış-verişləri bərəkətli olar. Əgər (nəyisə) gizlədər və yalan danışarlarsa, alış-verişlərinin bərəkəti gedər»[6].

İkinci: Şərtləşmə ilə olan seçim: Bu seçim, alıcı və ya satıcının yaxud da ikisindən birinin, malı alıb alış-verişi bağlamaq, yaxud da ki, malı geri qaytarmaq üçün bir-birlərinə müəyyən vaxta qədər düşünməyə möhlət vermək üçün şərt qoymasıdır. Elə ki, aralarında şərtləşdikləri möhlət bitdi, artıq malı geri qaytarmağa heç birinin haqqı yoxdur.

Buna misal: Bir insan, başqasından maşın alarkən şərt kəsir ki, maşını alıram, lakin mənə bir ay möhlət ver, bu müddət ərzində maşını bəyənsəm alacam, əgər bəyənməsəm qaytaracam. Alıcı bu müddət ərzində maşını bəyənməsə, geri qaytarmağa haqqı var, amma şərt kəsdikləri bir ay müddəti bitdikdən sonra onun maşını geri qaytarmağa heç bir haqqı yoxdur.

Üçüncü: Eybə görə olan seçim: Satıcı malda eyib olduğunu alıcıya bildirmədən yaxud da eybin olmasını bilmədən satarsa, alıcı aldığı malda, malın qiymətini aşağı salan eyib gördükdən sonra ixtiyar sahibidir. İstəsə malı eyibli olduğu halda özündə saxlayar, istərsə də geri qaytarar. Malda eybin olmasını dəqiqləşdirmək üçün təcrübəli tacirlərdən soruşmaq lazımdır. Əgər onlar həmin maldakı eybi eyib saysalar eyibdir və qaytarıb-qaytarmamaq seçim qüvvədədir. Yox əgər eyib saymasalar eyib deyildir və seçim hüqüqu yoxdur.

Bu zaman alıcı ixtiyar sahibidir, istəsə alış-verişi davam etdirərək malı özündə saxlayar və eybin əvəzini ala bilər və bu, malın eyibsiz və eyibli qiymətinin arasında olan fərqi qeri qaytarmaqdır (məsələn: əgər malın eyibsiz qiyməti 100 manat, eyibli olduğu halda isə, qiyməti 80 manatadırsa, bu zaman satıcı alıcıya 20 manat geri qaytarmalıdır, buna ərəbcə «Arş» deyilir). İstəsə də malı qaytarıb mala ödədiyi pulu geri ala bilər.

Dördüncü: Malın qüsur ve nöqsanlarını gizlədərkən verilən seçim: Bu, satıcının alıcını aldadaraq malı baha qiymətə satmasıdır. Bu əməl haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Bizi aldadan bizdən deyildir»[7].

Buna misal, daxilində (yaxud da mühərrikində) eyib və qüsurları həddən artıq olan bir maşını gözəl rəngləyib zahiri görünüşünü dəyməklə, onu alıcıya qüsursuz maşın kimi tədqim etməkdir. Bu zaman alıcının maşını qayrtarıb ödədiyi qiyməti geri almaq hüququ var.

Beşinci məsələ: Alış-verişin şərtləri:

Alış-verişin şərtləri aşağıdakılardır:

Birinci: Alıcı və satıcı arasında razılığın olması: Uca Allah buyurur:“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin.”[8]

Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Alış-veriş yalnız tərəflərin razılığı ilə olur»[9].

İki tərəfdən biri haqsız yerə alış-verişə məcbur edilərsə, alış-veriş səhih olmaz. Əgər haqlı şəkildə məcbur edilərsə məsələn, hakim, bir şəxsi borcunu qaytarmaq üçün məyyən bir malını satdırarsa, bu zaman həmn adam malını məcbur satmasına baxmayaraq alış-veriş səhih sayılar.

İkinci: Alış-veriş edən insana bu işi etmək icazəli olmalıdır. Belə ki, o, həddi-büluğa çatmış, əqli qüsursuz və azad  bir insan olmalıdır.

Üçüncü: Satıcı, satdığı malın sahibi olmalıdır. Yaxud da sahibinin əvəz edən məsələn, vəkili, vəsiyyət etdiyi, vəlisi və ya mala nəzarət edən şəxs olmalıdır. İnsanın malik olmadığı bir malı satması düzgün deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Həkim ibn Hizəmə -Allah ondan razı olsun- demişdir: «Səndə olmayan malı satma»[10].

Dördüncü: Satılan mal, yemək, içmək, paltar, minik və daşınan və ya daşınmaz əmlaklar və sairə bu kimi istifadəsi icazəli olan şeylər olmalıdır. Spirtli içki, donuz və ölmüş heyvan əti və ya musiqi alətləri kimi istifadəsi haram olan şeylərin alqı-satqısı səhih deyidir.

Rəvayət edilir ki, Cabir ibn Abdullah -Allah ondan razı olsun- Məkkənin fəth edildiyi il, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Məkkədə ikən belə dediyini eşitmişdir:»Allah, şərabın, ölü heyvanın, donuzun və bütlərin satılmasını haram etmişdir»[11].

İbn Abbas -Allah onların hər ikisindən razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Allah bir qövmə, bir şeyi yeməyi haram edərsə, onun qiymətini də haram edər»[12].

İti satmaq qadağandır. Əbu Məsud əl-Ənsari -Allah ondan razı olsun- rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)»İtin müqabilində verilən pulu, zinakar qadının qazandığı pulu və kahinə verilən pulu götürməyi qadağan etmişdir»[13].

Beşinci: Satıcı, satdığı malı alıcıya təslim etməyə qadir olmalıdır. Əgər satılan malı, alıcıya təslim etmək mümkün deyilsə, bu halda o, malı olmayan sayılır və belə alış-veriş səhih deyildir. Həmin alış-verişdə alıcının aldanma ehtimalı böyükdür. Çünki, alıcı pulunu verib və malı əldə etməyə bilər. Buna misal aşağıdakılardır: Suda olan və tutmağa qadir olmadığı balığı, xurmanın işərsindəki tumu, göydə uçan quşu, əmcəkdəki südü, anasının bətnindəki balanı və sahibindən qaçmış və ya itmiş heyvanı satmaq olmaz.Əbu Hureyra -Allah ondan razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) «Əldə olmayan malı satmağı qadağan etmişdir»[14].

Altınci: Alıcı malı aldığı vaxt, hansı malı aldığını bilməli və görməlidir yaxud da mal alıcıya dəqiq vəsf olunmalıdır ki, onu başqasından fərqləndirə bilsin. Çünki bunlardan xəbərsiz olmaq, sonradan aldanmağa səbəb ola bilər. Bu isə qadağandır. Alış-veriş zamanı, olmayan və görmədiyi və ya görüb unutduğu malı almaq isə səhih deyildir.

Yeddinci: Satılan malın qiyməti dəqiq şəkildə alıcıya məlum olmalıdır.

Altıncı məsələ: Qadağan olunan alış-veriş:

Şəriət, vacib ibadəti əda etməyə yaxud da başqalarına zərər verməyə səbəb olan alış-verişi qadağan etmişdir:

Bu qadağan olunan alış-veriş aşağıdakılardır:

1- Cümə günü cümə namazının ikinci azanından sonra alış-veriş etmək.Cümə namazına getməsi vacib olan kimsənin, cümə namazının ikinci azanından sonra alıç-veriş etməsi səhih deyil, çünki Uca Allah buyurur:“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”[15]

Uca Allah bu ayədə ikinci azan verildikdən sonra alış-veriş etməyi qadağan etdi. Bu qadağan alış-verişin həmin vaxt haram olmasını və alış-verişin səhih olmadığını bildirir.

2- Allaha asiliyə və haram işlərə istifadə ediləcək şeylər satmaq. Məsələn: Şərab hazırlayan adama meyvə şirəsi, şərab içən adama şərab içmək üçün şərabqabı və müsəlmanlar arasında fitnə vaxtı müsəlmanlara silah satmaq olmaz. Uca Allah buyurur:“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin.”[16]

3- Müsəlman qardaşının malının üstünə mal satmaq.

Məsələn: On manata bir şey alan kimsəyə, mən sənə eyni malı ondan da ucuz yaxud da ondan da daha yaxşısını eyni qiymətə sataram demək. Abdullah ibn Ömər -Allah onların hər ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Biriniz digərinin alveri üstündən alver etməsin!»[17].

4- Malının üstünə mal almaq.

Məsələn: Alan və satan qiymətdə razılaşıb alış-verişi bitirdikdən sonra, başqa bir kimsə satıcıya: Malı geri qaytar, mən o malı səndən daha baha qiymətə alaram deməsidir. Az öncə yuxarıda keçən hədis, bu məsələyə də aiddir.

5- əl-İnə alış-verişi.

əl-İnə alış-verişinin forması belədir: Bir insan, başqa bir insana müəyyən vaxta qədər qiyməti bəlli olan nisyə mal satır. Sonra satdığı malı həmin insandan ucuz və nəğd qiymətlə geri alır. Sonda malı nisyə alan insan, məyyən vaxt yetişdikdə birinci danışdıqları qiyməti ödəyir. Məsələn: Nisyə əlli minə torpaq sahəsi alır, sonra satan insan, alıcıdan qırx minə nəğd qiymətlə torpaq sahəsini geri qaytarır və sonda alıcı əlli min borcunu ilin sonunda ödəyir. Satan insan satdığı eyni malı nəğd pul ilə geri aldığına görə bu alış-verişə əl-inə alış-verişi deyirlər.

Bu alış-veriş sələmə aparan bir hiylə olduğuna görə haram edilmişdir. Abdullah ibn Ömər -Allah onların ikisindən razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Əgər əl-İnə alış-verişi ilə məşğul olsanız, inəklərin quyruğundan yapışsanız (dünyaya uysanız) və cihadı tərk etsəniz, Allah üzərinizə zəlilliyi məhkum edəcək. Siz dininizə dönmədikcə onu üzərinizdən qaldırmayacaq»[18].

6- Malı əldə etməzdən qabaq başqasına satmaq.

Məsələn: Bir nəfərdən mal alır, lakin malın qiymətini ödəyib tam öz mülkünə keçirməzdən əvvəl onu başqasına satır.

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim bir yemək alırsa, həmin yeməyi tam öz mülkiyyətinə keçməzdən əvvəl başqasına satmasın»[19].

Zeyd ibn Sabit -Allah ondan razı olsun- rəvayət edir ki,»Peyğəmbər (sallallahu aleyhi və səlləm), malın satıldığı yerdə ticarət etdikdən sonra, tacirlər onu mənzillərinə aparmadıqca başqasına satmağı qadağan etmişdir»[20].

Bir kimsənin, malı alıb ona tam sahib olmazdan əvvəl başqasına satması caiz deyidir.

7- Meyvəni yetişməzdən əvvəl satmaq.

Meyvəni yetişməzdən əvvəl satmaq caiz deyil, çünki yığım vaxtından əvvəl meyvə tələf ola bilər yaxud da meyvədə hansısa xəstəliklər əmələ gələ bilər. Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) xurmalar yetişənədək onları satmağı qadağan etdi.(Bir nəfər) ondan: “Yetişənədək nədir?”– deyə soruşdu. O: «(Yəni) qızaranadək»– deyə buyurdu. Sonra (buna əlavə edib) dedi: «De görüm, əgər (ağac) Allahın istəyi ilə bar verməsə, siz nəyin əsasında qardaşınızın malını alacaqsınız?!»[21].

İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) meyvənin yetişməsi bəlli olanadək satmağı qadağan etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) məhsulun bu halında satıcıya onu satmağı və müştəriyə də almağı qadağan etdi. [22]

Məhsulun yetişməsini, xurmanın qızarması və ya saralması ilə, üzümün qaralması və dadının şirinləşməsi ilə və dənli bitkinin quruyub bərkləşməsi ilə bilmək mümkündür. Digər məhsullarda da yetişmə oxşar üsullarla təyin edilir.

8- Nəcəş.

Nəcəş: Satıcı malı satmaq istəmədiyi halda, başqalarını aldatmaq yaxud da malı almağa həvəsləndirmək məqsəd ilə malın qiymətini qaldırmasıdır.

İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəcəş alış-verişini qadağan etmişdir. [23]

Yeddinci məsələ: Alış-verişi pozmaq:

Alış-verişi pozmaq: Yəni, alan və satanın razılığı ilə alış-verişi pozmaq. Adətən bu hal, alan və satanın razılığı, alış-veriş bitdikdən sonra iki tərəfdən birinin peşman olması səbəbi ilə və ya müştərinin malı aldıqdan sonra o mala ehtiyacı olmadığı ona bəlli olduqdan sonra yaxud da ki, malın pulunu ödəməyə maddi imkanı olmadıqda baş verir. Bu zaman müştəri malı necə almışdısa, elə də qaytarmalı, satan da malın dəyərinə heç bir artıq və əksiklik etmədən məbləği geri verməlidir.

Alış-veriş tamam olduqdan sonra onu pozmaq icazəlidir və Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu işə həvəsləndirərək demişdir:»Kim bir müsəlmanın alış-verişini pozarsa, Allah da qiyamət günü onun qünahlarını pozar (silər)»[24].

Səkkizinci məsələ: Qazanc sazişi:

Qazanc sazişi: Yəni, malı alıcı və satıcı arasında bilinən qiymətə və məlum qazanca satmaq.

Buna misal: Satıcı malı alıcıya satdığı zaman: malın maya dəyəri 100 manatdır, mən isə malı sənə 110 manata satıram, qazancım on manatdır  — deyərək bildirməsidir.

Alan və satan malın qiymətini və maya dəyərindən əlavə olan qazancı bilərlərsə, alış-veriş səhihdir.

Uca Allah buyurur:“Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir.” [25]

İzzət və Cəlal sahib olan Allah buyurur:“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin!”[26]

Qazanc sazişi, iki tərəfin razılığı ilə olan sazişdir. Bəzi insanlar mal alarkən malın həqiqi qiymətindən baha alıb aldandıqlarına görə, onlar malı almazdan öncə, malın maya dəyərini soruşur və üstünə müəyyən bir məlum qazanc əlavə edərək razılaşır. Buna görə də bu saziş tərəflər arasında icazəli sazişdir.

Doqquzuncu məsələ: Kreditlə satmaq:

Kreditlə satmaq: Malın qiymətinin müəyyən olunmuş vaxt ərzində ödənilməsidir. Bu halda, malın qiyməti məlum vaxtlara bölünür və hər bir bölünmüş hissənin bəlli bir ödəmə vaxtı olur.

Buna misal: Satıcı müştəri ilə razılaşıb nəğd qiyməti qırx min, nisyə isə altımış min dəyəri olan maşının pulunu, hər ayın sonunda beş min verməklə, on iki dəfəyə ödəməsini bildirir.

Kreditlə satışın hökmü, caizdir. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz dəmir zirehini bir yəhudinin yanında girov qoymuş və bunun əvəzinə ondan ailəsi üçün nisyə, yəni, müəyyən vaxta ödəniləcək yemək almışdır[27].

Kreditlə alış-veriş etmək həm satana həm də alana sərfəlidir. Çünki satıcı malını tez müddətdə satıb, ticarətini daha da genişləndirməyə, malını nəğd və nisyə satmağa və niysə satdıqda da, möhlət verdiyinə görə artıq vəsat əldə etməyə imkan tapır. Ticarətin bu növü həmçinin müştəri üçün də faydalıdır. Çünki müştəriyə, ehtiyacı olub amma malı almağa pul olmadığı halda istədiyi malı istədiyi vaxt əldə edib, pulunu isə hissə-hissə ödəməyə imkan verir.

Kreditlə alış-veriş etməyin şətrləri:

Alış-verişin yuxarıda təqdim olunan şərtlərinə əlavə olaraq, kreditlə alış-veriş etməyin şərtləri aşağıdakılardır:

1- Mal, alış-veriş vaxtı satıcının yanında, onun ixtiyarında və mülkündə olmalıdır. Satıcının ixtiyarında və mülkündə olmayan malı, əvvəlcədən müştəri ilə kreditin ödəmə vaxtlarını təyin edib razılaşdıqdan sonra satıcının başqa yerdən malı alıb müştəriyə satması düzgün deyil və belə ticarət haram ticarətdir.Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Səndə olmayan malı satma»[28].

2- Kredit sazişini imzaladığı vaxt yaxud da saziş imzalanıb qurtardıqdan sonra, müştəri krediti gecikdirdiyi təqdirdə, ödəyəcəyi kreditdən əlavə məbləğ ödəməsinə məcbur etmək olmaz, çünki bu haram olan sələmdir (faizdir).

3- Krediti ödəməyə imkanı olan müştərinin, ödəmə vaxtı çatan krediti vaxtında ödəməməsi və vaxtından gecikdirməsi haramdır.

4- Satıcı malı satdıqdan sonra malı ozündə saxlayıb, müştəri krediti tam ödəyənə qədər ona sahib olmaq haqqı yoxdur. Lakin satıcı satdığı malın pulunun batmayacağından əmin olmaq üçün müştəridən girov qoymasını tələb edə bilər.

İkinci bölüm:

Sələm barəsində

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Sələmin tərifi və hökmü:

  1. Sələmin tərifi:

Sələmin lüğəti mənası: Artırmaq deməkdir.

Şəriət mənası: Eyni cinsdən olan iki malın birini, heç bir əvəzi olmadan artırmaq.

2- Sələmin hökmü:

Sələmin hökmü Allah təalənin Kitabında haramdır. Uca Allah bu barədə buyurur: “Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir.”[29]

İzzət və Cəlal sahibi olan Allah buyurur: “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!).”[30]

Allah -Sübhənəhu va Təala- sələmlə müamilə edənlərin şiddətli əzaba düçar olacağını xəbər vermişdir. Uca Allah buyurur:“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: «Alış-veriş də sələm kimi bir şeydir!» – dedikləri üzündəndir.”[31]

Yəni, sələm yeyənlər qiyamət günü qəbirlərindən, dünyada yedikləri sələmin səbəbi ilə qarınları həddən artıq böyük və şeytan toxunmuş dəli insan kimi qalxarlar.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), sələmi böyük günahlardan saymış və sələmlə yaxından və uzaqdan müamilə edən hər bir kəsi lənətləmişdir. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), sələm yeyəni, yedirdəni, sələmi yazanı və şahidlik edəni lənətləmiş və onların hamısı günahda bərabərdirlər, demişdir[32].

İslam ümməti də sələmin haram olmasında icma etmişdir.

İkinci məsələ: Sələmin haram olmasının hikməti:

Sələmlə müamilə etmək, sələm verənin, insanlar arasında təkəbbürlük edib özündən razı qalmasına və mal-dövləti Allahın izin verdmədiyi şəkildə çoxaltmasına səbəbdir. Sələmin haram olması, Allahın qullarına olan bir rəhmətidir. Çünki sələmlə müamilə edən, insanların malını haqsız yerə mənimsəyir. O, heç bir zəhmət çəkmədən fəqir və yoxsulların hesabına öz mal-dövlətini artırır. Sələmlə məşqul olan kəs, alın təri ilə halal pul qazanmağa deyil, başqalarının hesabına pul qazanaraq tənbəlliyə vərdiş edir.

Həmçinin sələmlə məşqul olmaq, insanların arasında yaxşı işlərin yayılmasının qarşısını alır və ehtiyaclı olanlara gözəl şəkildə borc verməyə mane olur. O, insanların pulunun və dövlətin iqtisadiyyatının cəmiyyətin bəzi təbəqələrinin əlində cəmləşməsinə qapı açır. Bundan dəhşətlisi isə, sələmin Allah qarşısında böyük günah olmasıdır. İnsanlara sələmlə pul verən zahirən malını çoxaltsa da, həqiqətdə Allah o malın bərəkətini götürmüş və onu bərəkətsiz etmişdir. Çünki Uca Alla buyurur: “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!”[33]

Ücüncü məsələ: Sələmin növləri:

Birinci növ: (Riba əl-Fadl) Artıq sələm:

Artıq sələm dedikdə burada eyni cinsli iki maldan birinin artırılması nəzərdə tutulur.

Buna misal: Razılaşma yerində, bir şəxsin min saa bugda verib, əvəzində min iki yüz saa buğda almasıdır. Heç bir müqabil ödəmədən aldığı bu iki yüz saa əlavə buğda, sələmin artıq növündəndir.

Sələmin artıq növünün hökmü: İslam şərəti sələmin artıq növünü, altı növ məhsullarda haram etmişdir. Bu məhsullar, qızıl, gümüş, buğda, arpa, xurma və duzdur. Əgər bir kimsə bu altı növ məhsuldan birini, eyni növü ilə dəyişmək istəsə, bu zaman iki eyni növdən birinin az, digərinin isə, çox olaraq dəyişdirilməsi haramdır. Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Qızılı qızıla, gümüşü gümüşə, arpanı arpaya, xurmanı xurmaya, duzu da duza eyni miqdarda və əlbəəl dəyişin. Kim artırarsa yaxud da artırmağı tələb edərsə, artıq sələmə girmişdir. Bu işdə alan da, verən də (günahda) eynidir[34].

Hədisdə deyilən altı növ məhsula, bu məhsulların haram olma səbəbi ilə eyni olan məhsullar da müqayisə olunur və həmin məhsulları da dəyişdikdə, artıq götürmək haramdır.

Bu məhsulların sələm olmasına səbəb, çəki və ölçüdür. Beləliklə hər bir çəki və ölçüylə satılan, eyni növdən olan məhsulu, artıq çəki və ölçüdə olanı ilə dəyişmək haramdır.

İkinci növ: (Riba ən-Nəsiyəh) Nisyə sələm:

Nisyə sələm: Hər ikisi də nisyə olanməhsulun birini o birindən artıq almaq. Bu, «Artıq sələm» növünün haram olma səbəbinidaşıyan iki eyni cinsli məhsullardan birini verib o birini gecikdirmək yaxud da ödənişi gecikdirmək müqabilində edilir.

Buna misal: Min saa buğdanı, bir il müddətinə nisyə olaraq min ikiyüzə satmaq. Burada əlavə qaytardığı ikiyüz saa, bir il möhlət verdiyinin müqabilidir. Yaxud da bir kq arpanı, bir kq buğda ilə hər ikisini də nisyə dəyişmək.

Nisyə sələmin hökmü haramdir. Çünki Kitab və Sünnə dəlilləri, sələmin hər bir növünü haram etmiş və sələm ilə müamilə etməkdən çəkindirmişdir. Bu növ, sələmə ilk daxil olanlardandı. Sələmin bu növü İslamdan öncə cahiliyyə dövründəki etdikləri əməldir. Baxmayaraq ki, bu günkü günümüzdə faizlə işləyən banklarda sələmin bu növü ilə müalilə edirlər.

Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qızılı qızıla ancaq (ikisi də) eyni olduğu halda dəyişin və birini digərindən artıq etməyin. Gümüşü də gümüşə ancaq (ikisi də) eyni olduğu halda dəyişin və birini digərindən artıq etməyin. Bir də ki, əldə olmayan (qızıl və gümüşü) əldə olana dəyişməyin».

Başqa rəvayətdə deyilir: «Əlbəəl olan icazəli, nisyə isə sələmdir»[35].

Dördüncü məsələ: Sələmə aid bəzi məsələlər:

«Sələm növünə daxil olan məhsul, eyni növü ilə satılırsa, burada iki şərt vardır» qaydasını bilməklə qarşımıza çıxan məsələnin sələmə aid olub-olmadığını bilmək mümkündür. Bu iki şərt aşağıdakıdır:

1- Hər iki tərəf alış-veriş məkanından ayrılmazdan öncə dəyişdirdikləri malı əlbəəl almalıdırlar (məsələn, bir kq qızıl verib, həmin yerdə bir kq qızıl almaq).

2- Dəyşdirdikləri malın ikisi də, şəriətdə buyurulduğu kimi, eyni çəkidə və ölçüdə olmalıdır.

Əgər sələm növündən olan bir mal, sələm növünə aid başqa bir mal ilə satılarsa (məsələn: qızıl verib xurma almaq), bu zaman bir şərt vardır. Bu da, ayrılmazdan əvvəl əlbəəl olmasıdır. Əgər sələm növündən olan bir mal, sələm növündən olmayan bir mal ilə satılarsa (məsələn: qızıl verib taxta almaq), bu zaman hər iki malın eyni çəkidə və ölçüdə olması şərt deyil və tərəflər malı əlbəəl almazdan əvvəl də bir-birilərindən ayrıla bilərlər.

Sələmin bəzi misalları və hər misalın hökmü:

  1. Yüz qram qızılı, bir aydan sonra veriləcək yüz qram qızıla satmaq. Bunun hökmü haramdır və sələmdən sayılır. Çünki tərəflər alış-veriş məkanından, malı bir-birindən almazdan öncə ayrılıblar.
  2. Bir kq arpa verib, bir kq buğda almaq. Hökmü caizdir. Çünkü növlər müxtəlidir. Lakin bu həmin məkanda, əlbəəl olmalıdır. Yəni, arpanı verib buğdanı almalıdır.
  3.  Əlli kq buğda verib əvəzində bir qoyun almaq. Hökmü, heç bir şərtsiz caizdir. İstər buğdanı verib qoyunu eyni məkanda alsın, istərsə də sonraya saxlasın.
  4. Yüz dolları, yüz on dollara satmaq. İcazəli deyil.
  5. Bir ay və ya daha çox müddətdən sonra, min ikiyüz dollar qaytarmaq şərti ilə, min dollar borc almaq. İcazəli deyil.
  6. Yüz dirhəm gümüşü, bir ildən sonra ödəyəcəyi, on cüneyh qızıla satmaq. İcazəli deyil. Çünki, eyni məclisdə əlbəəl olmalıdır. Yəni, yüz dirhəm gümüşü verib, on cüneyh qızıl almalıdır.
  7. Sələmlə müamilə edən banklardan səhmlər almaq və satmaq olmaz. Çünki bu, bərabər məbləğdə və əlbəəl olmayan iki valyutanı bir-biri ilə satmaqdır.

Üçüncü bölüm:

Borc barəsində

Bu fəsildə bəzi məsələlər var:

Birinci məsələ: Borcun tərifi və dəlili:

  1. Borcun lüğəti mənası:

Malın (pulun və s.) istifadə edənə verilməsi və onun əvəzinin qaytarılmasıdır.

  • Borc verməyin hökmü:

Borc vermək icazəlidir: Quran və sünnə dəlilləri, ümumən borc verməyin, müsəlman qardaşının ehtiyacını ödəyib, onun çətinliklərini asanlaşdırmağın fəzilətinə dəlalət edir. Həmçinin müsəlmanlar da borc verməyin caiz olmasına icma ediblər.

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir kişidən kiçik yaşlı bir dəvə borc aldı. Zəkat dəvələri gəldikdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Rafiyə kişidən borc aldığı kiçik yaşlı dəvəsini qayratmağı tapşırdı. Əbu Rafi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına qayıdıb, altı yaşı tamam olub, yeddi yaşa keçən dəvədən başqasını tapmadığını (bunun da o kişinin dəvəsindən üstün olduğunu)- dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Rafiyə dedi: «O dəvəni kişiyə verin, insanların xeyirlisi, borcunu daha yaxşı qaytarandır»[36].

Borc verməyin fəzilətini bildirən hədislərdən biri də, İbn Məsudun rəvayət etdiyi hədisdir. İbn Məsud -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Bir müsəlmanın başqa bir müsəlmana iki dəfə borc verməsi, ona bir dəfə sədəqə verməsi kimidir»[37].

İkinci məsələ: Borc verməyin şərtləri və bununla əlaqəli bəzi məsələlər:

1- Müsəlman, qardaşına borc verdikdə, borcu qaytardıqdan sonra, ona borc verməsini şərt kəsməli deyil, Çünki bu halda borc sahibi, özünə fayda verən şərt kəsir. Sahibinə fayda gətirən hər bir borc isə, sələmdir. Buna misal: Borc veridiyi kimsənin evində pulsuz və ya ucuz qiymətə qalması və ya miniyindən ya da başqa bir əşyasından istifadə etməsi və sairə özünə fayda gətirən şərtlərlə borc verməsidir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bəzi səhabələri bunun icazəli olmamadığına dəlalət edən fətvalar veriblər. Həmçinin fəqihlər bunun qadağan olmasına icma edib.

2- Borc verən: həddi-büluğa catan, əqli qüsursuz, alış-verişi edə bilən və borc verməsi düzgün olan insan olmalıdır.

3- Borc verdiyi zaman, borcu qaytardıqda borcdan əlavə müəyyən məbləğ artıq qaytarmasını şərt qoyması düzgün deyil. Çünki bu sələmdir və bu artığı götürmək olmaz. Yalnız verdiyi borcu götürüb, artığı isə tərk etməlidir.

4- Borcunu qaytardığı vaxt, borc sahibi ilə əvvəlcədən heç bir şərt kəsməyibsə, aldığı borcdan çox və daha gözəl şəkildə qaytarması düzgündür. Çünki bu borc alandan, borc verənə yaxşılıq və həmçinin borcunu gözəl şəkildə qaytarmasıdır. Buna dəlil yuxarıda qeyd edilən, Əbu Rafinin rəvayət etdiyi hədisdir.

5- Borc verdiyi pula sahib olmalıdır. Sahib olmadığı pulu borc vermək düzgün deyil.

6- Haram olunan sələm müamilələrdən biri də, günümüzdəki sələmlə çalışan bankların, ehtiyaclı insanlarla öz aralarında haram sazişlərə qol çəkməsidir. Məsələn, ehtiyaclı insan bankdan borc aldığı zaman, borcunu qaytardıqda ondan aldığından çox qaytarmağı tələb etmək yaxud bank, borc istəyənə müəyyən məbləğ borc verəcəyinə razılıq verdikdən sonra, həmin məbləğdən az verib, borcu qaytardıqda isə birinci razılaşdıqları məbləgi ödəyəcəyini şərt kəsməsi buna misaldır. Məsələn, bankdan yüz min borc tələb etdikdə, bank səksən min verib, borcu qaytardıqda isə yüz mini kamil qaytaracağını şərt kəsir. Bunların hamısı haram olan sələmin növlərindəndir.

Dördüncü bölüm:

Girov götürmək barədə

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Girov götürməyin tərifi və dəlilləri:

Girov götürmək: Yəni, qiymətli bir əşyanı, aldığı borcun əvəzinə qoymaq, pulu qaytara bilmədiyi təqdirdə həmin maldan yaxud da onu satıb pulundan götürməyə deyilir.

Girov götürməyin caiz olmasına dəlil: Uca Allah buyurur: «Səfərdə olub katib tapmasanız, girov saxlayın.»[38]

Ayədə yalnız səfərdə ikən girov götürməyə icazə verilsə də, bu heç də yerli olduğu halda girov götürməyin caiz olmamasını bildirmir. Çünki Sünnədə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Mədinədə olduğu halda girov qoyması varid olmuşdur. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz zirehini bir yəhudinin yanında girov qoymuş və bunun əvəzinə ondan yemək götürmüşdü[39].

İkinci məsələ: Girovla əlaqəli bəzi hökmlər:

1- Vəqf və it kimi satılması qadağan olunan şeyləri girov qoymaq olmaz. Çünki bunların satılması caiz deyil. Lazım gəldikdə, borc verilən pulu, bunlardan əldə etmək mümkün deyil. Həmçinin sahib olmadığı bir şeyi girov qoymaq caiz deyil.

2- Girov qoyduğu malın qədərini, növünü və sifətini bilmək şərtdir.

3- Girov qoyan: həddi-büluğa catan, əqli qüsursuz, girov qoyduğu malın sahibi və ya girov qoymasına icazə verilən insan olmalıdır.

4- Girov qoyan, girov alanın razılığı olmadan, həmçinin girov alan da, girov qoyanın razılığı olmadan, girovdan istifadə edə bilməz.

5- Girov alanın, girovdan istifadə etməsi caiz deyil. Əgər girov minik və sağılan heyvandırsa, miniyə və heyvana baxıb, qayğısına qaldığı üçün, minikdən istifadə edə və heyvanın südündən də içə bilər.

6- Girov, girov alanın əlində əmanətdir. Girovu qorumaqda səhlənkarlıq edib, qirov tələf edərsə, cavabdeh olar. Borcun ödəmə vaxtı yetişdikdə, borcu ödəmək vacibdir. Borcu ödəməkdən boyun qaçırarsa, hakim onu borcu ödəməyə məcbur etməlidir. Əgər yenə də borcunu ödəməzsə, hakim onu ya borcunu ödəyənədək ya da girovu satıb o puldan borcu ödəyənədək həbs edib cəza verməlidir.

Beşinci bölüm:

əs-Sələm barədə

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: əs-Sələmin mənası, dəlili və hikməti:

1- əs-Sələmin mənası:

əs-Sələm və əs-sələf sözlərinin ikisi də eyni məna daşıyır. Sələm, malın pulunu qabaqcadan alıb, öhdəliyinə götürdüyü müəyyən sifətli malı, müəyyən vaxtdan sonra satmağa deyilir.

2- əs-Sələmin caiz olmasının dəlili:

Rəvayət edilir ki, İbn Abbas -Allah ondan razı olsun- demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldiyi zaman (Mədinə) sakinləri bir il və ya iki ildən sonra alacaqları xurmanın pulunu qabaqcadan ödəyərdilər. Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Hər kim (alacağı xurmanın) pulunu qabaqcadan ödəmək istəyirsə, qoy müəyyən edilmiş çəkisinə və miqdarına görə (pul) ödəsin!»[40].

3- əs-Sələmin hikməti:

əs-Sələm, İslam şəriətinin onun fərdlərinə verdiyi bir genişlikdir. Məsələn, bəzən əkinçinin, torpağı əkib-becərmək üçün maddi imkanı olmur və o, bu işə borc da tapa bilmir. Elə bu baxımdan şəriət ona torpağını istismar etmək üçün əs-sələmdən istifadə etməyə icazə vermişdir.

İkinci məsələ: əs-Sələmin şərtləri:

əs-Sələm alış-verişin bir növüdür. Buna görə də onun şərtləri, alış-verişin şərtləridir. Həmin şərtlərə aşağıdakılar da əlavə edilir:

1- əs-Sələm verilən (yəni, qiyməti qabaqcadan ödənilən) mal, sonda mübahisə olmaması üçün çəki, ölçü, və miqdar ilə vəsfləri dəqiq bilinən mal olmalıdır.

2- əs-Sələm verilən (yəni, qiyməti qabaqcadan ödənilən) malın miqdarı dəqiq bilinməlidir. Çəki ilə satılan malı ölçü ilə satmaq və ölçü ilə satılan malı isə çəki ilə satmaq düzgün deyil.

3- əs-Sələm verilən malın, onu başqa mallardan ayıracaq növ və sifətləri qeyd edilməlidir.

4- əs-Sələm verilən mal,mal sahibinin öhdəliyində borc olmalıdır.

5- əs-Sələm verilən mal (alıcıya) müəyyən vaxtdan sonra təslim edilməlidir.

6- əs-Sələm verilən malın müəyyən vaxtdan sonrakı təslim müddəti iki tərəf arasında bilinən və təyin edilən vaxt olmalıdır.

7- Alıcı və satıcı bir-birindən uzaqlaşmazdan əvvəl, satıcı pulun hamısını alıcıdan almalıdır.

8- əs-Sələm verilən malın, alıcıya təslim edilən vaxt mövcud olması böyük ehtimalla mümkün olmalıdır ki, həmin vaxt verə bilsin. Əgər təslim edəcəyi vaxt, mövcud olmasa, məsələn, qışda xurmanın rutab növü kimi, əs-sələm düzgün deyil. Çünki bu, alış-verişdə aldatma sayılır.

Altıncı bölüm:

Həvalə etmək barədə

(Bir ödənişin başqa şəxsin adına keçirilməsi)

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Həvalə etməyin mənası və dəlilləri:

Həvalə etməyin mənası: Borcu, borclu insanın öhdəliyindən, başqa bir insanın öhdəliyinə buraxmaq.

İnsanlar arasında bir-biri ilə müamilələlərin asan və rahat olması və həmçinin cəmiyyətdə buna ehtiyac olduğu üçün şəriət həvaləyə icazə vermişdir.

Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İmkanlı adamın (ödəyəcəyi borcu) gecikdirməsi zülmdür. (Odur ki,) əgər birinizin borcu varlı adama həvalə edilərsə, qoy buna razılıq versin»[41].

Hədisin mənası budur ki, əgər borcu ödəmək varlı adama həvalə edilərsə, buna razı olub, qəbul etməsi lazımdır. Əgər müflis adama həvalə edilərsə, bu zaman həvalə edənin üstünə qayıtmalıdır. Çünki müflis olmaq nöqsandır və borcunu almaq istəyən buna razı olmayacaq. Onun bu borcu almaq üçün yenidən həvalə edənə qayıtarmaq hüququ var.

İkinci məsələ: Həvalənin şərtləri:

Həvalənin şərtləri aşağıdakılardır:

1- Həvalə edilən insan buna razı olmalıdır. Çünki o borcu ödəmək üçün ixtiyar sahibidir. Borcu ödəmək üçün hər hansı bir insanı məcbur etmək olmaz.

2- Həvalə edənin və həvalə olunanın malları, miqdarında, cinsində və vəsfində eyni olmalıdır.

3- Həvalə olunan borc, həvalə edilənin üzərində qərarlaşmış bir borc sayılır.

Əgər bu şərtlər gerçəkləşərlərsə, bu zaman borc, həvalə edən adamın öhdəçiliyindən, üzərinə həvalə olunan adamın öhdəçiliyinə keçir.

Həvalənin müasir misalları:

— Bank həvalələləri: Bank həvalələləri, müəyyən məbləği banka ödəyib, həmin məbləğin müqabilini ikinci tərəfə verməsini banka həvalə etməkdir. Məsələn, bir şəxs banka pul ödəyir və bankdan həmin pulun miqdarını, başqa dövlətdəki müəyyən bir adam çatdırmasını tələb edir.

— əs-Suftəcə: əs-Suftəcə də, həvalənin bir növdür. Onun iki mənası var. Birinci mənası: Borc alan və ya onun vəkili məktub yazaraq başqa dövlətdə olan borc sahibndən yaxud da onun vəkilindən, borcun qaytarılmasını tələb etməsidir. İkinci mənası: Bir insan bir ölkədə borc alır və onu borc aldığı şəxsə və ya vəkilinə başqa bir ölkədə özü və ya vəkili tərəfindən qaytarılacağını deyir. Borc verənin yazdığı kağız bu səbəbdən suftəcə adlanır. əs-Suftəcə sözü fars sözüdür. Bəzi alimlər əs-süftəcənin icazəli olmadığını desələr də, daha düzgün budur ki, süftəcə icazəlidir. Çünki bu, hər iki tərəf üçün faydalıdır və burada heç bir zərər və dini qadağan yoxdur.

Yeddinci bölüm:

Vəkalət haqqında

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Vəkalətin tərifi, hökmü və dəlili:

1- Vəkalətin tərifi:

Bir işi görmək üçün başqasına verilən hüquq.

  • Vəkalətin hökmü və dəlili:

Vəkalətin hökmü icazəıidir: Buna dəlil, Uca Allah bu ayəsidir:«İçərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.»[42]

İzzət və Cəlal sahib olan Allah buyurur: «Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara məxsusdur.»[43]

Allah -Subhənəhu- bu ayədə zəkatla bağlı işə icazə vermişdir. Belə ki, haqqı çatan insanlara vəkillik edilməsinə hökm vermişdir.

Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Xeybərə getmək istədikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə dedi: «Vəkilimi görsən ondan on beş vəsəq (yəni, altımış saa, təqribən 150 kq xurma) al.»[44]

Urvə ibn Caad -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) şəhərin kənarına satmağa gətirilən karvan mallarını görüb mənə bir dinar verdi və dedi: «Ey Urva! Bu karvan sahiblərinin yanına get və bizim üçün bir qoyun al»[45].

Müsəlmanlar vəkalətin ümumən caiz olmasına icma ediblər. Çünki zərurət bunu tələb edir. Belə ki, insan, ehtiyac duyduğu hər bir işi öz gücü ilə yerinə yetirə bilmir. Buna görə də, şəriətdə vəkalətin buyurulmasına ehtiyac oldu.

İkinci məsələ: Vəkalətin şərtləri və buna bağlı olan hökmlər:

1- Vəkil (yəni, vəkalətə əsasən iş görən şəxs) və müvəkkilin (yəni, vəkaləti başqasına həvalə edən) hər ikisi, bu işi yerinə yetirməyə hüququ çatan şəxslər yəni, həddi-büluğa çatmış, əqli qüsursuz və doğru-dürüst adam olmalıdırlar.

2- Başqasının onun yerinə edə biləcəyi bütün işlərdə vəkil tutulması səhihdir. Məsələn, alış-veriş və digər əqdlərdə, həmçinin talaq, xulu kimi əqdlərin pozulması hallarında vəkil tutula bilər. Həmçinin vəkillik icazə verilən ibadətlərdə də vəkil tutmaq səhihdir. Məsələn, zəkat çıxarmaq, kəffarə vermək, nəzir etmək, həcci yerinə yetirmək və sairə bu kimi ibadətləri icra etmək üçün vəkil tutula bilər.

3- Dəstəmaz və qüsl almaq, namaz qılmaq və sairə bu kimi başqasının onun yerinə etməsi səhih olmayan Allahın haqlarında (yəni, ibadətlərdə) vəkil tutmaq caiz deyildir.

4- Vəkil, müvəkkilin (vəkaləti başqasına həvalə edən şəxsin) izin verdiyi və ya insanların məlumatlı olduğu hər bir işi icra edə bilər.Bu da yalnız müvəkkilə heç bir zərər gətirməmək şərti ilə olmalıdır.

5- Vəkil, ona həvalə olunan işi görməyə aciz olduqda yaxud da işi yaxşı bacarmadıqda, müvəkkilin icazəsi olmadan ona həvalə olunan işləri icra etmək üçün başqasına həvalə edə bilməz. Əgər izin verilərsə, bu zaman vəkil, həvalə olunan işi, onu bacarana və icra etməyə gücü çatana verməlidir.

6- Vəkil ona həvalə olunan işə etibar olunan insandır. Amma o, zamin deyil. Yalnız işində səhlənkarlığa yol verməsi və ya həddini aşması müstəsnadır.

7- Vəkalət sazişi caiz sazişdir. İki tərəfin hər birinin istədiyi vaxt bu sazişi pozmaq hüququ var.

8- Vəkil və ya müvəkkilin ikisindən birinin ölməsi, dəli olması, vəkaləti pozması, müvəkkilin vəkili həvalə olunan işdən uzaqlaşdırması yaxud da vəkilin ağlının getməsinə görə malından istifadə etməyə qadağan qoyulması, vəkalət sazişini batil edir.

Səkkizinci bölüm:

 Kəfillik (Bir şeyin qorunub saxlanmasını, yerinə yetirilməsini, həyata keçirilməsini təmin edən amillər) və zaminlik barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Kəfilliyin mənası və icazəli olmasının dəlili:

1- Kəfilliyin mənası:

Üzərində başqasının haqqı olan bir kimsəni, haqq sahibi üçün, hökm məclisinə gətirib təslim etməyə boyun olmaqdır.

2- Kəfilliyin icazəli olmasının dəlili:

Kəfillik Kitab, sünnə və icma dəlilləri ilə sabitdir.

Uca Allah buyurur: «Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (muştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı: ) “Mən də buna zaminəm!” — (dedi).»[46] Yəni, kəfiləm və zaminəm.

Uca Allah buyurur:«(Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?»[47] Yəni, kəfiləm, zaminəm.

Sünnədən olan dəlillərə gəldikdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Başqasından istifadə üçün alınan mal geri qaytarılmalıdır, zamin duran cavabdehdir və borcda qaytarılmalıdır»[48].

Zamin kəfildir, zamin durmaq kəfil durmaq mənasındadır[49].

Alimlər, bəzi insanların kiminsə ona kəfillik etməsinə ehtiyacı olduğuna görə və həmçinin borclu adamdan zərəri uzaqlaşdırmaq üçün bir insanın başqasına kəfil durması zərurətinə görə, bu işin icazəli olmasına dair icma ediblər.

İkinci məsələ: Kəfilliyin ərkanları və şərtləri:

Kəfilliyin beş ərkanı var: Deyilən söz (yəni, zamin durarkən işlədilən kəlmə), kəfil (yəni, zamin duran şəxs), kəfilliyə götürülən şəxs, kəfillik sahibi, kəfillik edilən şey.

Kəfilliyə zamin duran şəxs, kəfil durmağı qəbul edib, razılıq verərsə kifayət edər. Kəfilliyə götürülən şəxin razı olması şərt deyil.

Zamin duran adam, kişi və qadın olmasından asılı olmayaraq, zamin durmağı bacaran adam olmalıdır.

Elə buna görə də dəlinin, əqli qüsurlunun, uşağın və səfehliyinə görə malından istifadə etməsi qadağan olunan adamın kəfil və zamin durması səhih deyildir.

Kəfillik sahibinin, bu sazişin səhih olması üçün razılığı şərt deyil, amma kəfilin razı olması isə şərtdir.

Kəfillik necə olur: Kəfillik müəyyən mala görə ola bilər, buna zaminlik də deyirlər. Həmçinin kəfillik bədənlə də ola bilər.

Üçüncü məsələ: Kəfilliyə aid bəzi hökmlər:

1- Üzərində başqasının əmlak haqqı olan hər bir kimsənin, hökm məclisinə gəlib bədənlə kəfil durması səhihdir.

2- Üzərində şəriət həddi (cəzası) olan kəsə bədənlə kəfil durmaq səhih deyildir.

3- Üzərində qisas (ölüm cəzası) olan kəsə bədənlə kəfil durmaq səhih deyildir.

4- Borc sahibinin ölməsi ilə kəfil, kəfillikdən azad olur.

5- Borcu ödəməyə öhdəilik götürən kəfil, borclu borcu ödəmədikcə və ya müflis olduqca zamindir.

6- Borcu ödəməyə öhdəilik götürməyən kəfil isə, zamin deyi. O, yanız borclunu yaxud da borcu ödəməyə öhdəilik götürən kəfili hökm məclisinə gətirməyə zamindir.

7- Kəfilin, borclu insanı borc sahibinə yaxud da hökm məclisinə gətirib təslim etmək üçün nəfsi ilə kəfillik etməsi səhihdir.

Dördüncü məsələ: Zəmanət, təminat vermək:

Zəmanət, təminat vermək: Başqasına vacib olan bir şeyə cavabdeh olmaq, zamin durmaq mənasını bildirir. Bu, icazəlidir. Çünki Allah təalə buyurur:«Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (muştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı: ) “Mən də buna zaminəm!” — (dedi).»[50] Yəni, Zaminəm.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Zamin duran cavabdehdir»[51].

Bəzən insanların başqa bir kimsənin onun yerinə zamin durmasına ehtiyacı olduğu üçün alimlər zamin durmağın caiz olmasına icma ediblər. Bu, ehtiyacların ödənilməsi və şəriət tərəfindən əmr edilən qarşılıqlı köməkləşmə qapısındandı.

Zamin durmağın hökmləri və şərtləri:

1- Zamin durmaq üçün qarşılıq götürmək olmaz.

2- Bir adam üçün, bir və ya daha çox kimsənin zamin durması caizdir.

3- Zamin durmaq üçün, zamin duran adam, zamin durduğu adamı tanıyıb bilməsi şərt deyil.

4- Məlum və ya elmə aparan məchul şeylərdə zaminlik səhihdir. Həmçinin satılan mala zamin durmaq və öhdəsinə götürmək caizdir.

5- Zamin duran adam: «Mən zaminəm» və ya «zaminəm» və sairə bu kimi sözlər deyərsə, artıq zamin durmağı öz öhdəsinə götürmüşdür.

6- Zamin durduğu adam, borcunu ödəyib qurtarmadıqca, zamin duran öhdəçilikdən xilas olmaz.

7- Zamin durmağın düzgün olması üçün şərtdi ki, zamin duran adam razı olsun. Əgər razılığı ilə olmasa, səhih sayılmaz. Borclunun yaxud da borc sahibinin razılığı şərt deyil.

Zamin durmağın şərtlərindən biri də, zamin duranın həddi-büluğa çatması, əqli qüsursuz və doğru dürüst adam olmasıdır.

Doqquzuncu bölüm:

Həcr (mülkdən, maldan və sairədən istifadə edilməsinin məhkəmə orqanları tərəfindən qadağan olunması) barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Həcrin mənası, icazəli olmasının dəlilləri və növləri:

1- Həcrin tərifi:

Həcr sözünün lügəti mənası, mane olmadır.

Şəriət mənası isə, insanın şəxsi malından istifadə etməyə mane olmaqdır.

2- Həcrin icazəli olmasının dəlilləri:

Bu haqda uca Allah buyurur:«Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin.»[52]

Yəni, onların mallarını onlar ağıllananadək verməyin. Ağılsız və səfeh insanların sahibi, onların mallarını qoruyub himayə etdiyi üçün, bu ayə, səfeh və ağılsız insanların sahiblərinə və vəlilərinə adiddir.

Uca Allah buyurur:«Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-buluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın.»[53]

Uca Allah buyurur:«Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir.»[54]

Bu ayələr, səfeh, yetim, dəli və azyaşlı insanların mallarının zay olmaması və fəsada uğramaması üçün, onlara mallarını verməməyin icazəli olmasına dəlildir. Bu kimsələr yalnız ağıllandıqdan və ya həddi-büluğa çatdıqdan sonra mallarını özlərinə qaytarmaq lazımdır. Bu insanları himayə edən adam, onların mallarını yalnız onlara fayda verəcək tərzdə istifadə etməlidir.

3- Həcrin növləri: Həcrin iki növü var:

Birinci növ: Uşaq, səfeh və dəli adamların xeyri üçün malını həcr etmək (əmlakını həbs etmək).

Uca Allah buyurur:«Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin.»[55]

İkinci növ: İnsanın mal-dövlətini, başqa kimsənin xeyri üçün, həcr etmək (əmlakına həbs qoymaq). Məsələn, borc sahiblərinə zərər dəyməməsi üçün, müflis olmuş adama əmlakını təsərrüf etməyə icazə verməmək və ya ölüm ayağında olan xəstənin varislərinə zərər gəlməməsi üçün, ona malının üçdə birindən çoxunu təsərrüf etməyə icazə verməmək yaxud da ağasının haqqına görə qulun malını həbs etmək, çünki qul, ağasının izni olmadan öz malından istifadə edə bilməz.

İkinci məsələ: Birinci növ həcr etməyə, yəni, malını onun xeyri üçün həcr etməyə, aid olan hökmlər:

1- Azyaşlı olduğu üçün yaxud buna oxşar səbəblərə görə əmlakına həbs qoyulan kimsə, başqasının malına və canına zərər vurub cinayət törədərsə, o buna cavabdehdir və cəriməsini ödəməlidir. Çünki o, ona izin verilməyən bir şeyi, öz iradəsi ilə etmişdir. Amma malını uşağa, səfehə və dəliyə verib zay etdirərsə, bu kimsələr həmin malı zay etdiklərinə görə cavabdeh olmazlar. Çünki o, öz istəyi ilə malını onların ixtiyarına buraxmışdır.

2- Uşağın malına qoyulan həbs qərarı yalnız iki yolla aradan qalxır:

Birinci:Həddi-büluğa çatmaq. Həddi-büluğ, məninin gəlməsi və ya övrət yerində tükün bitməsi yaxud da on beş yaşa çatması və ya da qızlarda heyz olması ilə bilinir.

İkinci: Doğru qərar verəcək səviyyədə olmaq. Bu da öz malından düzgün istifadə edib, onu zay etməməsi ilə bilinir. Çünki Uca Allah buyurur:«Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-buluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın.»[56]

Malından düzgün istifadə etməsi onu imtahan etməklə bilinir. Belə ki, bir neçə dəfə ona malından müəyyən qədər verilir. Əgər alış-veriş etdikdə aldanmazsa yaxud da malını israf, zay, haram və faydasız yerlərə sərf etməzsə bu onun ağıla dolduğunu göstərir və bu zaman malını ona vermək caizdir.

3- Dəlinin malına qoyulan həbs qərarı da həmçinin iki yolla aradan qalxır:

Birinci: Ağıllanması.

İkinci:Doğru qərar verəcək səviyyədə olmaq.

Səfeh insana gəldikdə isə, onun səfehliyi aradan gedərsə və malından düzgün istifadə edərsə, malından ona vermək olar.

4- Azyaşlı, səfeh yaxud dəli olduğuna görə əmlakından istifadə etməyə qadagan qoyulan kimsələrin atası, əgər o, əqli qüsursuz və adildirsə, onun işlərini yerinə yetirməli və qayğısına qalmalıdır. Əgər atası yoxdursa, atasının vəsiyyət etdiyi adam onun qayğısına qalmalıdır. Mallarına həbs qoyulan kimsələrin qayğısına qalan adam, onların malını onlara daha çox qazanc gətirəcək və daha çox fayda verəcək yerlərə qoymalıdır. Uca Allah buyurur:«Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin.»[57]

Ayədə yalnız yetimin adı çəkilməsinə baxmayaraq uşaq, səfeh, əqli qüsurlu və dəli kimi insanlar da yetimlə bir tutulur.

5- Yetimin himayədarı, onun malını qorumalı və həmin malı haqsızlıqla yeyib, zay etməməlidir. Çünki Uca Allah buyurur:«Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.»[58]

Üçüncü məsələ: İkinci növ həcr etməyə, yəni, başqasının xeyrinə görə digərinin malını həcr etməyə (əmlakına qadağan qoymağa) aid olan hökmlər:

1- Qaytarma vaxtı çatmayan borca görə, əmlaka həbs qoyulmur. Çünki borcu vaxtından qabaq qaytarmaq vacib deyil. Amma borclu adam uzaq bir səfərə getmək istəyərsə və səfərdən dönməzdən əvvəl borcun ödəmə vaxtı çatarsa, bu zaman borc sahibinin, onun borcunun əvəzini ödəyəcək girov və ya zəngin bir insanı zamin qoymadıqca, həmin adamın səfərə çıxmasına mane olmaq haqqı vardır.

2- Uşaq, yetim, səfeh və dəli olduğu üçün əmlakına həbs qoyulan kimsənin malı-dövləti borcundan çoxdursa, onu malından istifadə etməyə mane olmaq yalnışdır. Lakin borc sahibləri borclarını tələb etdikdə, ona borcu qaytarmağı əmr etmək lazımdır. Əgər borcu qaytarmaqdan imtina edərsə, borcu qaytaranadək həbs edilməlidir. Əgər yenə də qaytarmaqdan imtina edərsə, bu zaman onun malından zorla götürüb borcu qaytarmaq lazımdır. Amma malı borcundan azdırsa və borc sahibi borcunu tələb edirsə, borc sahibinə zərər gəlməməsi üçün malından istifadə etməyə izin verilmir. Malını xərcləməsi və ya sədəqə verməsi borc sahiblərinə ziyan vurursa bu zaman malı xərcləməsinə icazə vermək olmaz.

3- Kim, əmlakına həbs qoyulan adama, əmlakına həbs qoyulduqdan sonra bir şey satarsa yaxud da ona borc verərsə, əmlakına qoyulan həbs götürülmədikcə ondan malını tələb etməyə haqqı yoxdur.

4- Məhkəmə, borcunu ödəməkdən imtina edən adamın əmlakını satıb, yalnız yemək-içmək və qalacağı ev kimi zəruru ehtiyacına görə ona müəyyən qədər mal ayırmalı, qalan malını isə ödəmə vaxtı çatmış borclarını tələb edən borc sahiblərinin borclarına verməlidir. Çünki əmlaka həbs qoymaqda məqsəd, borc sahibinin malını qorumaqdır. Qaytarmağa imkanı olaraq borcu gecikdirmək isə zülmdür.

Onuncu bölüm:

Şəriklik barədə

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Şərikliyin tərifi, hökmü və dəlilləri:

1- Şərikliyin tərifi:

Şərikliyin lüğəti mənası, qarışmaq deməkdir. Yəni, bir malı başqa bir mala, bir-birindən ayrılmayacaq dərəcədə qarışdırmaq.

Şəriət mənası, bir necə nəfərin, bir mala sahib olmaq və ondan istifadə etmək üçün eyni hüquqa malik olmasıdır.

Bir necə nəfərin, bir mala sahib olması dedikdə burada, məsələn, bəzi insanların mirasda, onlar üçün olunan vəsiyyətdə və hədiyyədə yaxud da bunların mənfətində şərik olması nəzərdə tutulur. Buna həmçinin mülklər və ya mallar şərikliyi də deyilir.

Bir necə nəfərin, bir maldan istifadə etmək üçün eyni hüquqa malik olması dedikdə burada «əhdlər və ya sözləşmələr şərikliyi» nəzərdə tutulur. Şərikliyin məhz belə növü, bu bölümdə əsas hədəfdir. Şərikliyin sadalanan hər iki növü, yuxarıda deyilən tərifə müvafiqdir.

2- Şərikliyin icazəli olması barədə dəlilləri:

Şəriklik etmək caizdir və bu barədə Kitab və Sünnədə dəlillər mövcuddur.

Uca Allah buyurur:«Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər.»[59]

Allah -Sübhənəhu- buyurur:«Onlar malın üçdə birinə şərikdir.»[60]

Şəriklik icazə verilən əqdlərdəndir. Belə ki, cəmiyyətin, xüsusən də bir nəfərin icra edə bilmədiyi böyük layihələrin icrası üçün şərikliyə böyük ehtiyacı vardır.

İkinci məsələ: Əqdlər şərikliyinin növləri:

Birinci: «əl-İnən şərikliyi»: Bu növ şəriklik, iki və daha çox adamın ticarət etdiyi malda müştərək olmasından ibarətdir. İki atlı bir-biri ilə yanaşı getdiyi kimi, bu iki şərik də malda və maldan istifadə etməkdə eyni hüquqlu olduqlarına görə, şərikliyin bu növünə, «əl-İnən şərikliyi» deyilir. Bu şərikliyin səhih olması üçün, malın maya dəyərinin, onların hər ikisi yaxud da hamısı tərəfindən nəğd və bəlli məbləğ olaraq qoyulması və şəriklərin hər birinin qazanc payının bilinməsi şərtdir.

İkinci: əl-Mudarabə şərikliyi: Bu növ şəriklik, iki şərikdən birinin digərinə qazancın bəlli bir hissəsini ayırmaqla, ticarət etmək üçün mal verməsindən ibarətdir.

Üçüncü: «əl-Vucuh şərikliyi»: Bu növ şəriklik, iki şərikin insanlar arasındakı hörmətləri sayəsində və onlara olan etibarlarına görə, onlardan nisyə mal alıb, satılan malın qiymətini qaytardıqdan sonra qazanca şərik olmalarından ibarətdir. Şərikliyin bu növü insanların onlara inanaraq nisyə mal verməsindən asılıdır.

Dördüncü: «Əbdən şərikliyi»: Bu növ şəriklik, iki şərikin ot yığmaq, ov etmək, balıq tutmaq, odun yığmaq yaxud da paltar tikmək kimi əl zəhməti ilə görülən işləri birğə edib, qazancı aralarında bölmələrindən ibarətdir.

Əldə edilən qazanc, şəriklər arasında əvvəlcədən etdikləri razılaşmaya əsasən, ziyan isə qoyduqları malın nisbətində bölünməlidir. əl-Mudarabə şərikliyi bu hökmdən müstəsnadır. Hər bir şərikin istədiyi vaxt şərikliyi pozmaq haqqı vardır. Əgər iki şərikdən biri ölərsə yaxud da dəli olarsa artıq şəriklik pozulmuş hesab edilər.

On birinci bölüm:

İcarə barədə

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Onun mənası və şəriətdən dəlilləri:

1- İcarənin mənası və tərifi:

İcarənin lüğəti mənası: O, əcr sözündən götürülüb və əvəz deməkdir. Buna görə də savaba, əcr deyirlər.

İcarənin şəriət mənası: O, İstifadə edilməsi icazəli bir şeydən müəyyən müddət istifadə edib, müəyyən vaxtlarda qarşılığını vermək yaxud da müəyyən bir işi müəyyən qarşılıq müqabilində icra etmək üçün əqd bağlamağa deyilir.

2- İcarənin icazəli olmasının dəlilləri:

Bu haqda Uca Allah buyurur:«Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin.»[61]

Allahu Təala başqa ayədə buyurur: «(O iki qızın) biri dedi: «Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!»[62]

Təsdiqini tapan bir rəvayətdə deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Əbu Bəkr Məkkədən Mədinəyə hicrət etdikdə, Bəni Deyl qəbiləsindən yolu yaxşı tanıyan bir kişini bələdçi kimi icarəyə götürmüşlər[63].

Sünnədə muszdlu işçini işlədib haqqını verməyənlərə əzab olacağı barədə hədislər varib olmuşdur. Belə hədislərdən biri də, Əbu Hureyranın -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdir. Həmin hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah təalə buyurmuşdur: «Mən Qiyamət günü üç adama qarşı iddiaçı olacam: Mənim adımdan and içib sonra andını pozan adam, azad insanı satıb pulunu yeyən adam, işçi tutub ondan işini mükəmməl şəkildə yerinə yetirməyi tələb ediərək axırda da zəhmət haqqını verməyən adam»[64].

İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:»Muzdlu işçinin haqqını təri qurumazdan əvvəl verin»[65].

İkinci məsələ: İcarənin şərtləri:

1- İcarə verən: əqli qüsursuz, həddi-büluğa çatmış, azad və doğru qərar verəcək səviyyədə olan adam olmalıdır.

2- Mənfəət götürülən bəlli olmalıdır. Çünki məhz onun üzərində razılaşma əldə olunub. Alış-verişdə olduğu kimi icarədə də o, şərt sayılır.

3- İcarə qiyməti məlum olmalıdır. Çünki icarə qiyməti qarşılıqlı sazişin əvəzidir və malın qiymətinin bilindiyi kimi icarənin qiymətinin bilinməsi vacibdir.

4- İcarəyə verilən mal yaxud mənfəət halal mal yaxud mənfəət olmalıdır. Zina etmək, musiqi dinləmək və ya musiqi alətini satmaq üçün icarə müqaviləsi bağlamaq olmaz.

5- İcarəyə verilən maldan yaxud mənfəətdən istifadə edib faydalanmaq mümkün olmalıdır. Bir şeyi gözlə baxıb qorumaq üçün kor adamı muzdulu işçi tutmaq kimi, faydalanılması mümkün olmayan şeyləri icarəyə vermək düzgün deyil.

6- İcarə verdiyi şeyə ya sahib olmalı ya da ki, sahibinin icazəsi ilə olmalıdır. Çünki icarədə məqsəd mənfəəti satıb qazanc əldə etməkdir. Buna görə də alış-verişdə olduğu kimi, burada da satdığı mala da sahib olmaq yaxud da sahibinin izni olması şərtdir.

7- İcarəyə verilən malın icarə müddəti, icarə verənə və alana məlum olmalıdır. Müddəti bilinməyən icarə caiz deyil. Çünki bu, sonda tərəflər arasında mübahisəyə səbəb olur.

Üçüncü məsələ: İcarə ilə əlaqəli bəzi hökmlər:

İcarə ilə əlaqəli bəzi hökmlər aşağıdakılardır:

  1. Azan vermək, həcc etmək, fətva vermək, insanlar arasında hökm vermək, imamlıq etmək, Quran öyrətmək və sairə kimi Allaha yaxınlaşdıran ibadətləri yernə yetirmək üçün başqasını icarəyə götürmək caiz deyil. Çünki bu əməllər Allaha yaxınlaşdıran əməllərdir. Allaha yaxınlaşdıran əmələ görə qarşılıq almaq olmaz. Lakin ehtiyac olarsa, imam bu kimsələr üçün beytulmaldan müəyyən qədər mal ayıra bilər.
  2. İcarə verən, icarə verdiyi malı yaxud da mənfəəti icarə alan adama verməli və ondan istifadə etməsinə mane olmamalıdır. İcarəyə alan, aldığı malı qoruyub, düzgün istifadə etməsi və icarə vaxtı bitdikdə icarə məbləğini və malı vaxtında sahibinə qaytarması vacibdir.
  3. Bir tərəfin razılığı olmadan, o biri tərəfin icarə sazişini ləğv etməsi düzgün deyil. İcarəni ləğv etmək üçün mütləq hər iki tərəf razı olmalıdır. Əgər icarə verilən mal yaxud da mənfəət qaldığı halda tərəflərdən biri vəfat edərsə, icarə sazişi ləğv olunmur və bu haqq onun varisinə keçir.
  4. İcarəyə verilən mal tələf olarsa yaxud da ondan faydalanmaq mumkün olmazsa, məsələn, icarəyə verilən heyvanın ölməsi və evin dağılması kimi belə hallar olarsa, icarə sazişi ləğv olunur.

On ikinci bölüm:

Əkinçilik və suvarma barədə

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Əkinçilik və suvarmanın mənası və hökmü:

1- Əkinçiliyin mənası:

Əkinçilik: Torpağı yaxud da toxumu əkinçiyə verib, yığılan məhsulun müəyyən bir hissəsi əkinçinin və bir hissəsi də torpaq və ya toxum sahibinin olması şərti ilə əkib-becərmək üçün əkinçiyə verilməsinə deyilir.

Suvarmanın mənası: Suvarma: Əkilmiş və bəhrə verən bir ağacı, yığılan məhsulun müəyyən bir hissəsi ağaca xidmət edənin və bir hissəsi də ağac sahibinin olması şərti ilə ağaca baxıb, xidmət edən adama verilməsinə deyilir.

Əkinçilik və suvarma arasındakı əlaqə: Əkinçilik, əkilənlə məsələn toxumla, suvarma isə ağacla məsələn, xurma ilə olur.Hər iki halda muzdlu işçi məhsuldan müəyyən qədər haqqı olduqu üçün, bunların ikisi də bir-birlərinə olduqca yaxın sazişlərdir.

2- Əkinçilik və suvarmanın hökmü:

Əkinçilik və suvarmaya insanların ehtiyacı olduğu üçün icazəli sazişlərdən hesab edilir.

Rəvayət edilir ki, Abdullah ibn Ömər -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Xeybər sakinlərinə sahələrindən götürdükləri meyvənin və ya əkin məhsulunun yarısını vermək şərtilə o torpaqları onlara verdi»[66].

İkinci məsələ: Əkinçilik və suvarmanın şərtləri:

  1. Əkinçilik və suvarma sazişini bağlayan, buna səlahiyyəti çatan adam olmalıdır. Belə ki, o, həddi-büluğa çatan, azad və doğru qərar verəcək səviyyədəolmalıdır.
  2. Suvarmada ağac, əkinçilikdə isə toxum məlum olmalıdır.
  3.  Ağac xurma ağacı kimi meyvəsi yeyilən bir ağac olmalıdır.
  4. Muzdlu işçinin payı məlum olmalıdır. Bu, ağacdan və ya əkin sahəsindən yığılan məhsulun üçdə biri, dördə biri və ya digər bölgü ilə aparılmalıdır.

Üçüncü məsələ: Əkinçilik və suvarma ilə əlaqəli bəzi hökmlər:

Əkinçilik və suvarma ilə əlaqəli bəzi hökmlər aşağıdakılardır:

  1. Muzdlu işçi məhsulun yaxşı yetişməsi üçün tələb olunan bütün işləri etməlidir. Onu əkməli, su verməli, təmizləməli, qorumalı, xurmanı tozlandırmalı, məhsulu qurutmalı və sairə bu kimi tələbatları yerinə yetirməlidir.
  2.  Torpaq sahibi, torpağa qulluq etmək üçün su quyusu qazmalı, suyu çoxaltmalı, həmin yeri hasara almalı, lazım olarsa su çəkmək üçün mühərrikləri gətirməlidir.
  3.  Meyvə yetişməyə başladığı zaman, müzlu işçinin öz payını tələb etməyə haqqı var.
  4. Torpaq sahibi və ya müzdlu işçi nə zaman istəsə aralarındakı ittifaqı poza bilərlər. Çünki bu sazişi sona kimi çatdırmaq vacib deyil. Meyvə yetişdikdən sonra aralarındakı saziş pozularsa, meyvə, əvvəlcədən şərtləşikləri kimi aralarında bölünməlidir. Əgər muzdlu işçi, meyvə yetişməzdən əvvəl sazişi pozarsa, meyvə yetişdikdən sonra onun heç bir payı yoxdur. Çünki o, öz ixtiyarı ilə öz haqqından vaz keçmişdir. Amma torpaq sahibi, muzdlu işçi işə başladıqdan sonra və meyvə yetişməzdən əvvəl sazişi pozarsa bu zaman muzdlu işçiyə gördüyü işin zəhmət haqqını verməlidir.
  5. Əgər muzdlu işçi, meyvənin yetişdiyi nisbi bir müddət qədər torpağa və ya ağaca qulluq edibsə, lakin torpaq və ya ağac həmin il bəhrə verməyibsə, bu zaman muzdlu işçiyə heç bir pay düşmür.

On üçüncu bölüm:

Şüfa və civar (qonşuluq)

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Şüfanın mənası və icazəli olmasının dəlilləri:

1- Şüfanın lüğəti mənası:

Şüfa, bir şeyi bir şeyə qoşmaq, əlavə etmək, cütləşdirmək mənasını bildirir. Şüfanın şəriət mənası isə: Bir şərikin öz şərikinin payını onun əlindən alıb öz mülkünə qaytarmaq haqqının olmasıdır. Bu, mal mübadiləsi ilə onun mülkiyyətinə keçmişdir. Bu cür adlanmasının səbəbi, onun icraçısının satılanı öz mülkünə qatmasıdır. Belə ki, o, öz mülkündə tək paya sahib olaraq şərikinin malını öz mülkünə əlavə edir. Malın cütləşdiyi üçün buna şüfa deyilir. Bəziləri deyir ki, şüfa, məcburi sahib olma haqqıdır. Ona, şəriklik səbəbi ilə köhnə şərik malik olur. Bununla da yeni gələn şərikdən ona dəyə biləcək zərəri aradan qaldırır.

2- Şüfanın icazəli olmasının dəlilləri:

Əsas dəlil, Cabirin -Allah ondan razı olsun- rəvayətidir. O deyir:»Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər bir bölünməyən malın alınmasında (şərikin) daha çox haqqı olduğuna hökm vermişdir. Əgər sərhədlər çəkilmiş və yollar bəlli edilmişsə, şufa yoxdur»[67].

Başqa rəvayətdə deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər bir bölünməyən malın və ya divarın alınmasında şəriklər arasında şufa ilə (şəriklərdən birinin daha çox haqqı olduğuna) hökm vermişdir. Şərikinə bildirmədən malını satması qarşı tərəfə halal deyildir. Şərik istəyərsə, tərk edər. Əgər ona demədən satarsa, şəriki həmin mala daha haqlıdır»[68].

Başqa rəvayətdə deyilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Evin qonşusu evə daha haqlıdır»[69].

Alimlər hər bir bölünməyən əmlakda şərikin daha çox haqqı olduğu üçün, onun şufa hüququna malik olmasında icma ediblər. Bu, satılan torpaq, ev yaxud divar ola bilər.

Artıq bəlli oldu ki, şüfanın caiz olması sünnə və icma ilə sabitdir.

İkinci məsələ: Şüfa ilə əlaqəli bəzi hökmlər:

1- Şərikinə bildirmədən və malını ona ərz etmədən başqasına satması caiz deyildir. Əgər ona bildirmədən satarsa, şəriki mala başqasından daha haqlıdır.

2- Şüfa yalnız daşınmaz əmlaklara aiddir. Daşınan yüklər, heyvan və digərləri şüfaya daxil deyil.

3- Şüfa, şəriki zərərdən qorumaq üçün, şəriət tərəfindən təyin olunmuş haqdır və bu haqqı pozmaq üçün hiyləgər yollara əl atmaq olmaz.

4- Hər bir şərikin, malının qiyməti dəyərində, şərikinin malını alması haqqı var. Kimin şərikinin malını alması haqqı varsa, yaxın zamanda və ya keçmişdə satılmasından asılı olmayaraq, qiymətini ödəyib alması hüququ var.

5- Bölünməyən mal, şəriki tərəfindən açıq-aydın və ya oxşar bir satış yolu ilə başqa bir insanın mülkiyyətinə keçibsə, şərikinin malını qeri qaytarmaq hüquqü vardır. Əgər heç bir qarşılıqsız, məsələn, hədiyyə, miras, vəsiyyət və sairə bu kimi yollarla başqa bir insanın mülkinə keçibsə, bu zaman onun şərikinin o malını geri qaytarmaq hüququ yoxdur.

6- Daşınmaz əmlakı şərikə geri qaytarmaq üçün onun bölünməsi mümkün olmalıdır. Kiçik ölçülü hamam, su quyusu və yol kimi bölünməyən əmlakları, şufa (şəriklik yolu ilə qaytarmaq haqqı) yoxdur.

7- Şəriki, aralarında bölünməyən malın satıldığını bildiyi ilk vaxt, həmin malı şufa hüququ ilə öz əmlakına qaytara bilər. Əgər şərikinin, malı satdığını bilib tələb etməzsə, bundan sonra tələb etməyə haqqı yoxdur. Əgər şufa hüququ ilə geri qaytarmaq haqqının olduğunu bilmədiyinə görə yaxud da şəriətdə belə bir hökmün olmasından xəbərsiz olduğuna görə və sairə buna oxşar başqa üzürlər səbəbindən tələb etməzsə, hətta uzun müddət keçsə də, şərikinin malını öz əmlakına geri qaytara bilər.

8- Şufa hüququna malik torpaq, bölünməyən və sərhədləri çəkilməyən ərazidir. Torpağın üzərində əkilənlər və tikililər torpağa tabedir. Torpaq bölündüyü vaxt, iki qonşu arasında divar, yol, su quyusu və sairə buna oxşar bölünməsi mümkün olmayan yerlər qalarsa, həmin yerlər iki qonşu arasında müştərək qalıb istifadə olunmalıdır. Bu halda şufanın qüvvədə qalması alimlərin daha səhih görüşündə bildirilmişdir.

9- Şufa (şəriklik) hüququ ilə, şərikinin malını almaq istəyən kimsə, müştəriyə zərər dəyməməsi üçün, satılanın hamısını almalıdır. O, bir hissəsi götürüb digər hissəsi tərk etməməlidir.

Ücüncü məsələ: Qonşuluq barədə hökmlər:

Qonşunun, qonşu üzərində haqqı var. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qonşuya ikram etməyi onunla gözəl ünsiyyətdə olmağı vəsiyyət etmişdir. Aişə -Allah ondan razl olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Cəbrail qonşu haqqında mənə o qədər tövsiyə etdi ki, qonşuya da mirasdan pay düşəcəyini güman etdim»[70].

Kim qonşusunun həyətindən və ya torpağından su axıtmaq yaxud da sahib olduğu yerdən keçmək istəyərsə, qonşu, istər qarşılıq və ya qarşılıqsız qonşusunun ehtiyacını ödəməlidir.

Qonşunun öz evindən, qonşusunun evinə tərəf pəncərə açması, yaxud da həyətində səs-küyü ilə qonşusunu narahat edən fabrik tikməsi və s. buna oxşar işlər edib qonşusunu narahat etməsi caiz deyil. Əgər iki qonşunun arasında müştərək bir divar varsa, məsələn, tavan düzəltmək kimi zərurət olmadan, divarın üstünə ağac qoyması düzgün deyil. Əgər ağac qoymağa zərurət olarsa, bu zaman qonşu buna mane olmalı deyil. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Heç kəs öz qonşusuna onun divarı dibində ağac basdırmasına mane olmamalıdır» Sonra Əbu Hureyra (onu dinləyənlərə) dedi: «Nə üçün siz bu işdən boyun qaçırırsınız? Vallahi, mən bunu sizə daim xatırladacam»[71].

Dördüncü məsələ: Yollar haqqında bəzi hökmlər:

1- Müsəlmanları yollarda sıxışdırmaq və rahatsız etmək olmaz.

2- Sahib olduğu torpaqda, yolu darlaşdıran iş görmək olmaz.

3- İnsanların keçdiyi yolda miniyini və ya heyvanını saxlamaq üçün tutmaq olmaz.

4- Yol bütün insanların haqqıdır, yolu insanlara əziyyət verən, zibildən və xoşagəlməz şeylərdən qorumaq vacibdir. Çünki yoldan əziyyət verən şeyi görürmək imanın şöbələrindən bir şöbədir.

On dördüncü bölüm:

 Əmanət qoyulan və tələf edilən mallar

 Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Əmanət sözünün tərifi və dəlilləri:

1- Əmanət sözünün tərifi:

Əmanət sözü: Mal sahibinin və ya onun köməkçisinin öz malını, heç bir qarşılıq almayan və onu qoruyan insanın yanında saxlamasına deyilir.

2- Əmanət qoymağın icazəli olmasının dəlilləri:

Bu haqda Uca Allah buyurur:«Əgər bir-birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs əmanəti geri qaytarsın!»[72]

Uca Allah buyurur:«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir.»[73]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Əmanəti sahibinə qaytar, sənə xəyanət edənə xəyanət etmə»[74].

Həmçinin zərurət və ehtiyac, insanları əmanət qoymağa məcbur edir.

Başqasının əmanətini özündə qoruyub saxlamağa qadir insanın, əmanəti qəbul etməsi müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qul, müsəlman qardaşına kömək etdikcə, Allah da onun köməyində olar»[75].

Amma başqasının malını qoruyub saxlamağa qadir deyilsə, əmanəti qəbul etməsi düzgün deyil.

İkinci məsələ: Əmanətin şərtləri:

Əmanət verən və saxlayan bunu etməyə səlahiyyəti çatan, və həddi-büluğa yetişən mükəlləf insan olmalıdır. Əgər malını uşağın, dəlinin və səfehin yanında qoyarsa və malı da tələf olarsa, onlar həmin mala görə cavabdehlik daşımırlar. Çünki onun özü səhlənkarlığa yol vermişdir. Uşaq və digər bu kimi insanlar mallarını başqasının yanında əmanət qoysarlarsa, əmanəti qəbul edən cavabdehlik daşıyır. Çünki malı qəbul etməklə özünü mükəlləf etmişdir.

Üçüncü məsələ: Əmanət ilə əlaqəli bəzi hökmlər:

1- Qorunub saxlanılması üçün veilən mal, əmanətçinin əlində əmanətdir. Başqa əmanətlər kimi bu əmanət də, ondan asılı olmayan səbəbdən tələf olarsa, həmin mala cavabdeh olmaz. Çünki əmanətçi səhlənkarlıq etmədən tələf olan mallara cavabdeh deyil. Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Etibar edilən cavabdeh deyil»[76].

2- Əmanətçi, əmanəti qorumaqda səhlənkarlıq edərsə və ya əmanəti qorumayıb tələf edərsə, əmanətə cavabdehdir.

3- Əmanət mala münasıb yerdə saxlamalıdır. Çünki Allahu Təala əmanəti sahiblərinə qaytarmağı əmr etmişdir. Əmanəti sahibinə qaytarmaq üçün mütləq əmanəti möhkəm yerdə qorumaq vacibdir. Çünki əmanət verməkdə məqsəd, onu qoruyub saxlamaq və sahibinə salamat çatdırmaqdır və bunu etmək əmanətçiyə vacibdir. Əgər belə etməsə, üzərinə vacib olan haqqı yerinə yetirməmiş sayılar.

4- Əmanətçi əmanəti qoruyub saxlamaq üçün onu, həyat yoldaşına, quluna, xəzinədarına yaxud da qulluqçusuna verə bilər. Əgər əmanət bu insanların yanında onlardan asılı olmayan səbəbdən tələf olarsa, onlar əmanətə cavabdehlik daşımırlar.

5- Əmanətçi, əmanəti üzrlü səbəb olmadan başqasının yanında qoya bilməz. Amma səfər yaxud da ölüm kimi üzrlər olarsa, qoyması icazəli sayılır. Əgər üzrlü səbəbə görə başqasının yanında qoyarsa, sonra əmanət tələf olarsa, əmanətə cavabdeh olmaz. Əgər üzr olmadan qoyarsa, səhlənkarlıq etdiyinə görə əmanətə cavabdehlik daşıyar.

6- Əmanətçi, əmanətin tələf olacağından qorxarsa yaxud da səfər etmək istəyərsə, əmanəti ya sahibinə ya da ki, onun vəkilinə qaytarması vacib sayılar. Əmanət sahibini və ya onun vəkilini tapmazsa və əmanəti özü ilə səfərə aparmaqda əmanət üçün təhlükə yoxdursa, əmanəti özü ilə səfərə aparmalıdır. Əks təqdirdə hakimin yanında qoymalıdır. Əgər hakimin yanında qoymaq mümkün deyilsə, bu zaman inandığı, etibarlı insanın yanında saxlamalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrət etməzdən öncə, onda olan əmanətləri Ummu Əymənə -Allah ondan razı olsun- vermişdi. Əliyə -Allah ondan razı olsun- də onları sahiblərinə çatdırmağı əmr etmişdi. Həmçinin, əmanətçi qorxulu bir xəstəliyə düşar olarsa, əmanəti sahibinə çatdırması vacib sayılır. Əgər bacarmasa hakimin yanında qoymalıdır. Əgər bunu da bacarmasa inandığı, etibarlı insanın yanında saxlamalıdır.

7- Əgər əmanət heyvandırsa, əmanətçi heyvana xidımət edib, yemini vaxtında verməlidir. Əgər heyvan baxımsız qalıb ölərsə, heyvanın qiymətini ödəməlidir. O, heyvanın ölməsinə səbəb olduğuna görə günah qazanmışdır. Çünki hər bir canlıya göstərilən qayğıya görə savab vardır.

8- Əmanətçi, sözü qəbul olunan əmin bir insandır. Əgər əmanəti sahibinə və ya onun vəkilinə qaytardığını yaxud da ondan asılı olmayan səbəbdən heyvanın öldüyünü idda edirsə, sözü and içmək şərti ilə qəbul olunar.

Əmanət sahibi, əmanəti geri qaytarmağı tələb etdikdə, əmanətçi, əmanəti gecikdirmədən sahibinə qaytarmalıdır. Əgər üzrsüz səbəbdən əmanəti sahibinə qaytarmazsa və əmanət tələf olarsa, əmanətə cavabdehdir.

9- Əmanət qoymağın müasir növlərindən biri də: Bankalara qoyulan əmanətlərdir. Bu növ əmanət, bir kimsənin banka müəyyən müddətə qədər yaxud da müddətsiz pul qoymasından, bankın həmin puldan istifadə etməsindən və pul sahibinə müəyyən qədər qazanc verməsindən ibarətdir. Əmanətin bu növü borc hökmündədir. Belə ki, bank pulu sahibindən alıb öz mülkünə və öhdəliyinə keçirir və sahibi pulu tələb etdiyi zaman ona geri qaytaracağına söz verir. Bu növ borc, haram olunan sələmdir (faizdir). Müsəlman belə müamilədən özünü qorumalıdır. Amma heç bir fayda götürməmək şərti ilə banka pul qoymaq caizdir. Buna «cari hesab» da deyirlər. (Cari hesab hər bir müştərinin adına açılır. Bu hesabdan pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir). Amma zərurət üzündən banka pul qoyan insan, pulundan əlavə verilən sələmi götürməyə məcbur edilərsə, o pulu götürüb müsəlmanlara ümumi fayda verən (məsələn, yol salmaq, su çəkmək və s.) yerlərə sərf etməlidir.

Dördüncü məsələ: Malın tələf olması haqqında:

İnsanların malını zay etmək və haqsız yerə mənimsəmək haramdır. Kim başqasına zülm edib, malını zay edərsə, malını yaxud da onun əvəzini sahibinə qaytarması vacibdir. Həmçinin başqasının malının zay olmasına səbəb olan da eyni hökmdədir. Bunu istər heyvanın kəndirini açması və ya qapını açıq qoyması yaxud da digər yollarla etməsi fərq etməz.

Əgər bir insan mal-qaraya, qoyun-keçiyə sahibdirsə, heyvanlarını gecə vaxtı, insanların əkin səhələrini zay etməkdən yaxud da insanlara zərər verməkdən qorumaldır. Əgər gecə vaxtı heyvanlarını qorumayıb başqasının əkin sahəsinə və ya hər hansı bir insana zərər verərsə, heyvan sahibi zərəri ödəməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) əkin sahibinin öz malını gündüz, mal-qara sahibinin isə, heyvanını gecələr qorumalı olduğuna hökm vermişdir. Heyvan gecə vaxtı başqasının malını zay edərsə, zərəri heyvan sahibi ödəməlidir. Çünki müsəlmanların malı və canı haramdır. Bu məsələdə həddi aşmaq və ya malın zay və tələf olmasına səbəb olmaq qadağandır.

Əgər insana bir kimsə və ya heyvan hücum edərsə və hücum edilənin onu öldürməkdən başqa yolu qalmazsa, onu öldürə bilər. Özünü ondan müdafiə etdiyi üçün öldürdüyünə görə heç bir məsuliyyət daşımaz. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Kimin malını haqsız yerə onun əlindən almaq istəyərlərsə və o da vuruşub ölərsə, şəhid sayılar»[77].

Kim musiqi alətini, xaçı, şərab qablarını, zəlalət və bidət kitablarını, əxlaqsız kaset və jurnalları və s. buna oxşar Allahın haram etdiyi şeyləri tələf edərsə, məsuliyyət daşımaz. Lakin bu iş hər kəsin səlahiyyəti deyil və mütləq hakimin göstərişi və müşahidəsi ilə icra olunmalıdır. Bununla da o, məsləhət bilinənə zamin duraraq fitnə-fəsadı dəf etmiş olur.

On beşinci bölüm:

Qəsb (zəbt etmək) barəsində

Bu bölümdə ik məsələ var:

Birinci məsələ: Qəsbin tərifi və hökmü:

1- Qəsbin tərifi:

Qəsb sözünün lüğəti mənası, bir şeyi zülmlə almaqdır.

Şəriət mənası isə, başqasının haqqını, heç bir haqqı olmadan zorla, zülmlə və düşmənçiliklə ələ keçirməkdir.

2- Qəsbin hökmü:

Qəsb etməyin hökmü alimlərin icması ilə haramdır. Çünki Uca Allah buyurur:«Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin.»[78]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Müsəlmanın malı başqa müsəlmana yalnız könül xoşluğu ilə halal ola bilər»[79].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Kim (başqasının) torpağını haqsızcasına zəbt etsə, (Qiyamət günü) torpağın yeddi qatı onun boynuna keçər»[80].

Kim müsəlman qardaşına zülm edibsə, qoy bu dunyada Allaha tövbə etsin, ondan halallıq alsın və onu əfv etməsini diləsin.Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qoy birisinin namusuna toxunmaqla və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin olmadığı gün gəlməzdən əvvəl, elə bu gün ondan halallıq diləsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər), yox əgər savabı olmazsa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyular»[81].

İkinci məsələ: Qəsb etməklə əlaqəli bəzi hökmlər:

1- İnsanların əmlakını qəsb edən, götürdüyünü mütləq sahibinə qaytarmalıdır və əgər tələf edibsə əvəzini ödəməlidir.

2- Qəsb etdiyi əmlakı qaytardığı zaman, əmlaka birləşik (məsələn, qoyunun yunu və əti kimi) və ayrı (məsələn, qoyunun balası kimi) artımları da sahibinə qaytarmalıdır.

3- Qəsb etdiyi torpaqda bina tikərsə və ya ağac əkərsə, qaytardığı zaman torpağın sahibi binanı sökməyi və ağacı çıxartmağı əmr etsə, binanı sökməli və ya ağacı çıxartmalıdır.

4- Qəsb edilən əmlak, sahibinə qaytarıldığı vaxt dəyişərsə və ya azalarsa yaxud da qiyməti aşağı düşərsə, əmlaka dəyən zərər qəsbkar tərəfindən ödənilməlidir.

5- Qəsb, mübahisə etmək və yalandan and içməklə də ola bilər.

6- Sahibinin izni olmadan, qəsb etdiyi əmlakda gördüyü bütün işlər batildir.

On altıncı bölüm:

Sülh barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Sülhün mənası və icazəli olmasının dəlilləri:

1- Sülhün lüğəti mənası:

Müvəffəq olmaq deməkdir. Yəni, mübahisəyə son qoymaq.

Şəriət mənası isə: Mübahisə edən iki tərəfin arasındakı barışıq əqdidir ki, bununla da onların arasındakı mübahisəyə son qoyulur.

2- Sülhün icazəli olmasının dəlilləri:

Bu barədə Kitab, Sünnə və ümmətin icmasında bir çox dəlillər mövcuddur.

Uca Allah buyurur: «Barışmaq daha xeyirlidir.»[82]

Uca Allah buyurur:«Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın.»[83]

Uca Allah buyurur:«Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!»[84]

Sünnədən olan dəlillərə gəldikdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sülh, müsəlmanlar arasında caizdir. Yalnız Allahın haram etdiyini halallaşdıran və halal etdiyini də haramlaşdıran sülh müstəsnadır»[85].

Peyğəmbər də (sallallahu aleyhi və səlləm) insanların arasını barışdırar və onların arasında sülh elan edərdi.

Birinci Allahı, sonra isə iki mübahisə edəni razı salmaq üçün insanları barışdırmağın caiz olması, ümmət tərəfindən icma şəklində qəbul edilib.

Kitab, Sünnə və icmadan olan dəlillər insanlar arasında sülh etməyin caiz olmasına dəlalət edir.

İkinci məsələ: Sülhün növləri:

İnsanlar arasında bağlanan sülh bir neçə növdən ibarətdir:

1- Ər-arvad arasında ixtilaf düşdüyü zaman, ayrılmalarından qorxaraq onları barışdırmaq. Allah təalə buyurur:«(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!»[86]

Yaxud qadın, ərinin ondan üz çevirməsindən və ya boşamasından qorxarsa, onların arasını barışdırmaq.

Uca Allah buyurur:«Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir.»[87]

2- Bir-biri ilə vuruşan iki dəstə müsəlmanların arasını barışdırmaq. Uca Allah buyurur:«Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın.»[88]

3- Bir-biri ilə döyüşən müsəlman və kafirlərin arasında sülh müqaviləsi bağlamaq.

4- Mübahisəsi mal-dövlətə görə olmayan iki mübahisə edənin arasını barışdırmaq.

5- Mübahisəsi mal-dövlətə görə olan iki mübahisə edən tərəfin arasını barışdırmaq. Araşdırmamızın mövzusu məhz bu barədədir. O, iki növdən ibarətdir:

  1. İqrar etməklə əldə olunan barış (sülh).

Bunun özü də iki növdür:

1- Borcu bağışlamaqla barışmaq (sülh əldə etmək): Barışın bu növü, etiraf edilən haqqın bəzi hissəsinin bağışlanmasıdır. Buna misal, bir kimsənin başqasına borclu olduğunu etiraf etməsindən sonra borc sahibinin borcun bəzisi hissəsini alıb bir qismini isə bağışlamasıdır. Bu növ, borcun bir qismini bağışladım deməklə barışmaqdır. Belə etmək, bir şərtlə icazəlidir. Gərək borc sahibi, bu işə səlahiyyəti çatan (həddi-büluğa yetişən və s.) insanlardan olsun və həmçinin əvvəlcədən aralarında borcun bir hissəsini ödəyib o biri hissəsini bağışlamaq şərti kəsilməsin.

2- Əvəzini ödəmə barışı (sülhü): Bu növ, etiraf etdiyi şeyi yaxud da ödəməli olduğu haqqı başqa bir şeylə ödəyib, barışmaqdır. Buna, başqasına müəyyən bir şeyi borclu olduqunu etiraf etdikdən sonra, borcunu başqa bir şeylə tam ödəməsini misal çəkə bilərik. Barışın bu növünün hökmü alış-verişlə eyni hökmdədir. Əgər bu, müəyyən bir mənfəətə görədirsə, icarə ilə eyni hökmdədir.

  • İnkar edərək barışmaq.

Barışın bu növünə misal, bir kimsənin müəyyən bir adamın ona konkret bir şey verməli olduğunu və ya borclu olduğunu iddia etməsidir. Lakin ittiham olunan tərəf bunu inkar edir yaxud da xatırlamadığı üçün sakit durur. Sonda ittiham olunan tərəf, ittiham edənə müəyyən qədər qarşılığı nəğd və ya nisyə ödəməyə razılıq verib barış əldə edir. Əgər inkar edən iddianın batıl olduğunu etiqad edirsə, bu vəziyyətdə barış əldə etmək səhihdir. Çünki ittiham olunan həm mübahisədən canını qurtarmaq, həm də Allaha and içməmək üçün ittiham edən tərəfə müəyyən qədər qarşılıq ödəyir. İttiham edən də, iddasında dogru olduğunu zənn etdiyi üçün, təsdiq etdiyi haqqının əvəzi olaraq malı götürür.

Üçüncü məsələ: Barışla (sülhlə) əlaqəli bəzi hökmlər:

1- Keçmişdə iki şəxsin arasında olmuş və sonradan unudulmuş və heç birinin yadında qalmayan borca və ya mala görə barışmaq və bir-biri ilə halallaşmaq səhihdir.

2- Qarşılıq (əvəz) alması caiz olan hər bir şeyə görə barışmaq və ya sülh etmək caizdir. Məsələn, başqasını öldürdüyü zaman onu öldürməmək üçün şəriət tərəfindən müəyyən edilmiş qan pul verib barışmaq və s.

3- Qarşılıq (əvəz) alması caiz olmayan hər bir şeyə görə barışmaq düzgün deyil. Məsələn, üzərinə şəriət həddinin tətbiq olunmaması üçün barışmaq. Belə barışıq yolverilməzdir. Çünki həddlər insanların haramlardan uzaq durması üçün təyin edilmişdir.

On yeddinci bölüm:

Müsabiqə

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Müsabiqənin mənası və hökmü:

1- Yarışmağın mənası:

Bu, at, dəvə və ox yarışçılarının bir-biri ilə mərcləşərək yarışmasıdır. Kim ötərsə, mərci o götürər.

Ərəb dilində müsabiqə, heyvanlar və digərləri arasında, munadalə isə ox və buna oxşar şeyləri atmaqla keçirilən yarışmaya deyilir.

2- Müsabiqənin hökmü və icazəli olmasının dəlilləri:

Müsabiqə, Kitab, Sünnə və icma ilə caizdir.

Kitabdan dəlilə gəlincə, Uca Allah buyurur:«Kafirlərə qarşı bacardığınız qədər qüvvə tədarük edin.»[89]

Sünnədən dəlillərə gəlincə, Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) əhilləşdirilmiş atlarda Həfyadeyilən yerdən Vədə keçidinə qədər, əhilləşdirilməmiş atlarda isə Vəda keçidindən Bəni Zureyq məscidinədək cıdır yarışı təşkil etdi[90].

Rəvayət edilir ki, yarışlarda Abdullah ibn Ömər -Allah onların hər ikisindən razı olsun- də iştirak edirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Dəvə, ox və at yarışından başqa yarış yoxdur»[91].

Müsəlmanlar, yarış keçirməyin caiz olmasına icma ediblər.

İkinci məsələ: Yarış keçirməklə əlaqəli bəzi hökmlər:

1- At və başqa minik heyvanları ilə, qaçışla, ox və silah atmaqla yarışmaq caizdir.

2- Dəvə, at və ox atmaqla yarışmaq olar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Dəvə, ox və at yarışından başqa yarış yoxdur».

3- Döyüşə hazırlıq, elmi müsabiqələr və digər şəriət tərəfindən məsləhət bilinən işlərə görə müsabiqə keçirmək və bunun əvəzində mükafat almaq caizdir.

4- Şəriətin izin verdiyi və zərərli olmayan hər bir oyun və əyləncə üçün, namaz və s. dinin vacib əməllərindən yayındırmamaq şərti ilə, yarış keçirmək caizdir.Bu növ yarışmada mükafat və ya pul götürmək olmaz.

5- Yarışçı yoldaşının qalib olduğunu bilməyən hər iki tərəfin, yarışı pozmaq hüququ var. Əgər yoldaşının qalib olduğunu bilərsə, məğlub olan deyil, qalib gələn tərəf yarışı poza bilər.

6- Yarış, iki yarışanlardan birinin ölməsi ilə batil olur.

7- Yarışda iştirakçıların iki yarışanlardan birini tərifləməsi yaxud da pisləməsi məkruhdur.

Üçüncü məsələ: Müsabiqədə mükafat götürməyin şərtləri:

  1. Oxçular və minik üzərində yarışanlar təyin olunmalıdır. Belə ki, yarışanlar bir-birilərini görməlidirlər.
  2. Yarışda istifadə olunan atlar, dəvələr və yaylar hamısı eyni növdə olmalıdır. Belə ki, ərəb atı ilə əcəm atı, həmçinin ərəb yayı ilə fars yayı arasında yarış keçirmək düzgün deyil.
  3. Qət ediləcək məsafə və ya hədəf, görmə yaxud da məsafə ölçüsü ilə bilinməlidir.
  4. Qalib gələnə verilən mükafat, istifadə edilməsi icazəli olan şeydən olmalıdır. Çünki bu, aralarında olan əhdə görə verilən mükafatdır. Başqa əhdlər kimi burada da mükafatın və ya qarşılığın halal olmasını bilmək vacibdir.
  5. Yarışda qalıb gələnə verilən mükafat, qumara oxşamaması üçün iştirakçılar tərəfindən veilməlidir. Əgər mükafat yarışanlar tərəfindən olarsa yaxud da onların ikisindən biri tərəfindən olarsa, müsabiqə səhih deyildir.

On səkkizinci bölüm:

əl-Ariyyə

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: əl-Ariyyənin mənası və icazəli olmasının dəlilləri:

1- əl-Ariyyənin mənası:

Bir şeydən istifadə edilməsinə, onun özünün qaytarılması şərtilə icazə vermək — deməkdir. Ərəb dilində əl-Ariyyə sözü: İstifadə üçün götürülən bir şeyə deyilir. İnsanın səfər etmək üçün başqasından onun maşınını alıb istifadə etməsi, səfərdən sonra isə, sahibinə qaytarması buna bir misaldır.

2- əl-Ariyyənin icazəli olmasının dəlilləri:

əl-Ariyyənin hökmü müstəhəbdir. Çünki Uca Allahın ayəsi ümumi şəkildədir. O buyurur:«Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin.»[92]

Uca Allah buyurur:«(Xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).»[93]

Ayədə məqsəd, qonşuların istifadə etmək üçün bir-birilərindən aldığı qab-qacaqdır. Belə ki, Uca Allah bunları insanlara verməyənləri məzəmmət etmişdir. Bu ayə, əl-Ariyyənin müstəhəb və məndub olmasına dəlalət edir. Saffan ibn Umeyyə -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hüneyn günü ondan zirehli geyimini istifadə üçün almışdı[94].

Rəvayət edilir ki, Ənəs ibn Malik -Allah ondan razı olsun- demişdir: “(Bir dəfə) Mədinədə (insanları təşvişə salan) bir gurultu qopdu. Bu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Talhadan Məndub adlı atı istifadə üçün aldı (və atı dördnala çapıb getdi. Geri qayıtdıqdan sonra isə) dedi: «Qorxulu bir şey yoxdur; ancaq bu (Məndub) olduqca itiqaçan bir atdır»[95].

İkinci məsələ: əl-Ariyyənin şərtləri:

  1. Ariyyəni verən və alan, bu işə səlahiyyəti çatan adam olmalıdır. Verilən əşya da verən adamın şəxsi mülkü olmalıdır.
  2. İstifadə etmək üçün verilən əşya, dini baxımdan istifadə edilməsi caiz olan əşya olmalıdır. Məsələn: müsiqi çalmaq üçün musiqi alətini və ya su içmək üçün qızıl və gümüş qabı istifadəyə vermək yolverilməzdir. İstifadə edilməsi haram olan digər əşyaları da, başqasının istifadəsinə vermək olmaz.
  3. İstifadə etmək üçün verilən əşyanın, istifadə olunduqdan sonra qalması şərtdir. Əgər istifadə edildikdən sonra qalmayan bir şeydirsə, məsələn, yemək kimi, istifadəyə vermək düzgün deyil.

Üçüncü məsələ: əl-Ariyyə ilə əlaqəli bəzi hökmlər:

1- Başqasından istifadə etmək üçün aldığı əşyanı, sahibinin izni olmadan digər bir şəxsə istifadəyə və ya icarəyə verə bilməz. Çünki o, həmin əşyaya sahib deyil.

2- Başqasından aldığı əşya əmanətdir. Onu qoruyub, aldığı kimi salamat şəkildə sahibinə qaytarması vacibdir. Əgər əşyanı qorumayıb tələf və ya zay edərsə, əvəzini yaxud da qiymətini ödəməlidir.

3- Başqasına istifadə etmək üçün verdiyi əşyanı, heç də möhlət verdiyi vaxta qədər gözləmək şərt deyil, istədiyi vaxt malını tələb edib qeri qaytara bilər və bu da əşyanı istifadə üçün alana zərər dəyməmək şərti ilə edilməlidir. Əgər zərər dəyərsə, o zaman möhlət verdiyi vaxta qədər gözləməlidir.

4- Başqasından istifadə etmək üçün aldığı əşyanı, aşağıda qeyd edilən hallarda qaytarması vacibdir:

  1. Əşya sahibi malını geri qaytarmağı tələb etdikdə, hətta aldığı əşyadan tam istifadə edə bilməsə də, sahibinə qaytarmalıdır.
  2. Əşyanı tam istifadə edib qurtardıqda.
  3. Müəyyən vaxta qədər aldığı əşyanın, qaytarma vaxtı çatdıqda.
  4. Əşya sahibi yaxud da əşyanı istifadə etmək üçün alan şəxs vəfat etikdə.

5- Əşyanı istifadə etmək üçün alan şəxs, icarəyə götürənlə eyni hökmdədir. Əşya sahibinin ona tam istifadə etmə izni verdiyi üçün, onun özü və ya yerinə təyin etdiyi adam həmin əşyadan istifadə edə bilər.

On doqquzuncu bölüm:

Ölmüş torpağı diriltmək

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Ölmüş torpağı diriltməyin mənası və hökmü:

1- Ölmüş və ya ölü sözünün lüğəti mənası:

Ruhu olmayan — deməkdir. Amma mövzumuzdakı ölü sözü, kimsənin mülkiyətində olmayan və üzərində heç bir bina tikilməyən ərazi mənasındadır.

Ölmüş torpağı diriltmək sözünün şəriət mənası: İnsanların ümümü mənfəətləri üçün istifadə olunmayan (məsələn, mal-qara otarılan yer) və heç bir kimsənin şəxsi mülkü olmayan, istifadəsiz qalmış torpaq sahəsi — deməkdir. Ölmüş torpaq: Heç kimsənin mülkündə olmayan və üzərundə heç kimə məxsus bina tikilməyən yaxud da üzərində sahibi bilinməyən xaraba qalmış torpaq ərazisidir.

2- Ölmüş torpağı diriltməyin hökmü və dəlilləri:

Buna dəlil, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözüdür: «Kim ölmüş torpağı dirildərsə, ona sahib olar. Zalımın tər tökdüyündə isə, heç bir payı yoxdur»[96].

Zalımın tər tökdüyündə sözü, ondan qabaq başqası tərəfindən dirildilmiş bir torpaqda ağac əkərək və ya əkib-becərərək torpağı mənimsəmək mənasındadır.

Bəzən də, insan və heyvanların faydalanması üçün ölmüş torpağı diriltmək müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim ölmüş torpağı dirildərsə, buna görə əcr qazanar, onun meyvəsindən insan, heyvan və quş yedikcə ona sədəqə yazılar»[97].

İkinci məsələ: Ölmüş torpağı diriltməyin şərtləri və ölmüş torpağı diriltməyin yolları:

Ölmüş torpağı dirildib ona sahib olmağın iki şərti var:

1- Torpaq sahibsiz torpaq olmalıdır, əgər torpağın sahibi varsa, şəriətin izni olmadan, müsəlmanın həmin torpağı dirildib ona sahib olması haramdır.

2- Torpağı dirildən kimsə müsəlman olmalıdır, kafir kimsənin İslam diyarındakı ölmüş torpağı dirildib ona sahib olması yol verilməzdir.

Ölmüş torpağı diriltmək aşağıdakı yollarla olur:

  1. Kimsəsiz ölmüş ərazini möhkəm bir hasara alarsa, artıq oranı dililtmişdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hər kim heç kəsə məxsus olmayan bir ərazinin ətrafına hasar çəkərsə, o yer onundur»[98].
  2. Ölmüş yerdə quyu qazıb, suya çatarsa, artıq oranı diriltmişdir. Əgər quyu qazıb amma suya çata bilməzsə, o, həmən əraziyə başqasından daha haqlıdır. Çay qazsa da eyni hökmdür.
  3. Ölmüş, kimsəsiz torpağa, bulaqdan və ya çaydan su çəkərsə, bununla o həmin torpağı dilitmiş sayılar.
  4. Ağac əkmək üçün səmərəli olmayan ölmüş yeri təmizləyib, gübrə verdikdən sonra ağac əkərsə, artıq həmin yeri dilitmişdir.
  5. Alimlərdən bəziləri deyir ki, ölmüş ərazini diriltmək heç də yuxarıda qeyd edilənlərdən ibarət deyil və bu məsələ insanların ürf-adətinə qayıdır. İnsanlar nəyi ölmüş ərazini diriltmək sayarlarsa o diriltməkdir və nəyi də diriltmək saymazlarsa, demək o, ditilmək deyildir.

Üçüncü məsələ: Kimsəsiz ölmüş ərazini diriltməklə əlaqəli bəzi hökmlər:

1- Yuxarıda qeyd edilən hədislərin ümumiliyinə əsasən kim, kimsəsiz və ölmüş ərazini dirildərsə ona sahib sayılar. Bu hədislərdən biri də, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözüdür:»Kim ölmüş torpağı dirildərsə, ona sahib olar».

2- Tam dirildilməmiş ölü torpağı diritməklə, o yerə sahib çıxılmır. Çünki tam dirildilməyən torpağın sahibi, onun dirildilməsinin davamına daha haqlıdır.

3- Müsəlmanların başçi, ölmüş ərazini diriltmək üçün onu müsəlmanlara paylaya bilər. Vail ibn Hucr -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hadramovtda bir yeri diriltmək üçün ona verdi[99].

4- Başçı əgər ehtiyac olarsa və bununla başqa müsəlmanlara çətinlik törəməzsə və ya zərər dəyməzsə, ölmüş və kimsəsiz ərazilərdə, zəkat dəvələrinin və döyüş atlarının otlaması üçün, otlaq yerlərini qoruq edib başqasının ora daxil olmasına qadağa qoya bilər. Bu ümumi məsləhətə görədir və yalnız başçıya aiddir. Sab ibn Cəssamə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qoruqlar ancaq Allaha və Onun elçisinə (sallallahu aleyhi və səlləm) aiddir»[100].

Qoruq, daxil olmağa qadağan qoyulan əraziyə deyilir.

İyirminci bölüm:

Cualə

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Cualənin mənası və hökmü:

1- Cualənin mənası:

Cualə: İşi edən insanın kimliyindən asılı olmayaraq, bəlli bir işi görmək üçün müəyyən qarşılıq verəcəyinə boyun olmaq — deməkdir.

Buna: İtmiş maşınımı tapana, min riyal verəcəm — deməsini misal çəkmək olar.

2- Cualənin hökmü və caiz olmasının dəlilləri:

Cualə caiz əhdlərdəndir və buna dəlil Uca Allahın bu ayəsidir:“Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (muştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı:) “Mən də buna zaminəm!” — (dedi).” [101]

Rəvayət edilir ki, Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- demişdir: “(Bir dəfə) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əshabələrindən bir dəstə səfərə yola düşdü. Nəhayət, onlar gəlib bədəvi qəbilələrindən birinə məxsus bir kənddə dayandılar. Əshabələr onların evində qonaq olmaq istədilər, lakin onlar əshabələri (yeməyə) qonaq etmək istəmədilər. Bu əsnada qəbilə başçısını (əqrəb) sancdı. Kənddəkilər ona əllərindən gələn köməyi göstərməyə çalışdılar, lakin bu cəhdlərin heç bir faydası olmadı. Onlardan bəzisi dedi: “Yaxşı olar ki, gedib (kəndimizə) təşrif buyurmuş adamlara müraciət edəsiniz, bəlkə onlarda nə isə tapıla.” Onlar əshabələrin yanına gəlib dedilər: “Ay camaat! Qəbilə başçımızı (əqrəb) sancmışdır. Nə qədər çalışdıqsa, əlac tapa bilmədik. Bəlkə sizdən birinizdə bir şey tapıla?” Əshabələrdən birisi dedi: “Bəli, vallahi ki, mən ruqya oxuya bilirəm. Vallahi, biz sizin qonağınız olmaq istədik, lakin siz bizi (yeməyə) qonaq etmədiniz. Elə buna görə də bizə zəhmət haqqı verməyincə, mən sizin (xəstəniz) üçün ruqya oxumayacağam.” Sonra onlar (müalicə müqabilində) əshabələrə bir sürü qoyun verəcəklərinə razılaşdılar. Bundan sonra o, (qəbilə başçısının yanına gəlib onun yarasına) yüngülcə tüpürdü və “əl-Fatihə” surəsini oxudu. (Bir az keçdikdən) sonra qəbilə başçısı sanki buxovdan azad oldu və xəstə deyilmiş kimi ayağa qalxıb gəzməyə başladı. Onlar əshabələrə razılaşdıqları zəhmət haqqını verdilər. Bu vaxt əshabələrdən biri: “(Qoyunları) bölüşdürün!”– dedi. Ruqya oxuyan əshabə isə: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gedib hadisəni ona danışmayınca və onun nə hökm verəcəyini öyrənməyincə, heç (bir şey) etməyin!”– deyə etiraz etdi. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib hadisəni ona danışdıqda o soruşdu: «Sən nə bilirdin ki, bu, ruqyadır?»Sonra əlavə edib dedi: «Siz düz etmisiniz. (Qoyunları) bölüşdürün və özünüzlə yanaşı mənim üçün də bir pay ayırın»[102].

İkinci məsələ: Cualə ilə əlaqəli bəzi hökmlər:

Cualə ilə əlaqəli bəzi hökmlər aşağıdakılardır:

1- Cualə sazişində onun tələbini yerinə yetirənə müəyyən qədər mal verəcəyinə boyun olan kimsə, mükəlləf adam, işi görənin isə, işi görməyə qadir insan olması şərtdir.

2- Görüləcək iş mubah olmalıdır. Mahnı oxumaq, şərab hazırlamaq və s. buna oxşar haram işlər görmək olmaz.

3-  İşi görmək üçün müəyyən vaxt təyin olunmalı deyil. Əgər: Kim həftənin sonuna qədər dəvəmi taparsa ona bir diynar verəcəm deyərsə, cualə sazişi düzgün olmaz.

4- Cualə sazişi icazəli sazişdir, hər iki tərəfin istədiyi vaxt bu sazişi pozmaq hüququ var. Bu sazişdə iş görməyi tələb edən, işi görən adamın işə başlamasından sonra, sazişi pozarsa, işçinin gördüyü işin zəhmət haqqını verməlidir, əgər sazişi işçi pozarsa ona heç nə veriımir.

İyirmi birinci bölüm:

İtmiş əşya və uşaq

Bu bölümdə bəzi məsələlər var.

Birinci məsələ: İtmiş əşya sözünün mənası və onun hökmü:

1- İtmiş əşya sözünün lüğəti mənası:

Yerdən tapılıb götürülən əşyalara — deyilir.

İtmiş əşya sözünün şəriət mənası: Sahibindən düşüb itmiş qiymətli əşyanı yerdən tapıb, sahibinə qaytarmaq yaxud da elan etdikdən sonara həmin mala sahib olmaq.

2- Hökmü və dəlili:

Zeyd ibn Xalid əl-Cühəni -Allah ondan razı olsun- rəvayət edir ki, bir adam Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), tapılmış qızıl və ya gümüş əşya barəsində soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «(Əvvəlcə) o əşyaya bağlanılmış ipin və (yaxud əşyanın saxlanıldığı) qabın (kimə məxsus olduğunu) öyrənməli, sonra da bir il ərzində bu tapılmış əşya barədə (insanlara) bildirməlisən. Bundan sonra sən ondan istifadə edə bilərsən. Hərgah o əşyanın sahibi gəlib çıxarsa, onda onu sahibinə qaytarmalısan». Adam: “Bəs itmiş dəvə necə?”– deyə soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) o qədər qəzəbləndi ki, yanaqları (və ya üzü) qızardı. Dedi: «Ondan sənə nə? Onun tuluğu və pəncəsi yanında ikən bulaq başına gəlir, ağaclardan yarpaq yeyir. Elə isə sahibi onu tapıncaya qədər ona toxunma!» Adam: “Bəs itmiş qoyun necə?”– deyə soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Götür onu. O ya sənə, ya sənin qardaşına, ya da canavara çatacaq»[103].

İkinci məsələ: Tapılan əşyanın qisimləri:

1- Qamçı, çörək, meyvə və əsa kimi insanların axtarmağa cəhd göstərmədikləri itmiş şeyləri yerdən tapıb, istifadə edib və elan etmədən bunlara sahib olmaq caizdir.

2- Dəvə, at, inək , qatır və s. özünü kiçik yırtıcı heyvanlardan qoruya bilən itmiş heyvanları götürmək haramdır və elan etsə də bu heyvanlara sahib olmur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zeyd ibn Xalid əl-Cühəni -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə demişdir: «Ondan sənə nə? Onun tuluğu və pəncəsi yanında ikən bulaq başına gəlir, ağaclardan yarpaq yeyir. Elə isə sahibi onu tapıncaya qədər ona toxunma!».

3- Yuxarıda qeyd edilən Zeyd ibn Xalid əl-Cühəninin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisə əsasən, qızıl, gümüş, qiymətli əşya, qoyun və toyuq kimi özünü kiçik yırtıcı heyvanlardan qoruya bilməyən itmiş qiymətli əşya və heyvanları götürmək və sahibini tapmaq üçün elan etmək lazımdır. Bu hökm, elan edib sahibinə çatdiracağına qadir olan insana aiddir.

Üçüncü məsələ: İtmiş əşya ilə əlaqəli bəzi hökmlər:

1- Əgər tapılan şey əti yeyilən heyvandırsa, heyvanın vəsfini yadda saxladıqdan sonra, hevyanı kəsib ətini yeyib, sahibi gəldiyi vaxt qiymətini ödəyədə bilər, yaxud heyvanı satıb qiymətini sahibi üçün saxlaya bilər, yaxud da ki, heyvanı özündə saxlayıb, ona qulluq edib, sahibi gəldiyi vaxt heyvanı ona qaytarıb və xərclədiyinin mədləği heyvan sahibindən tələb edə bilər. Əgər heyvanın ətini yeməzdən əvvəl sahibi gələrsə, əti ondan ala da bilər.

2- Əgər tapdığı, meyvə kimi tez xarab olan şeydirsə, mevyəni yeyib, qiymətini sahibinə ödəyə bilər, yaxud da meyvəni satıb məbləğini saxlayıb, sahibi gəldiyi vaxt ona qaytara bilər.

3- Tapılan şey pul, qab-qacaq və digər əşyalardırsa, qorunub saxlanılması vacibdir. Çünki bunlar onda əmanətdir və o, insanların toplandığı yerlərdə həmin əşyaları elan etməlidir.

4- Tapılan əşyanı elan etmək vacib olduğuna görə, itmiş əşyanı yalnız özünə əmin və sahibini tapmaq üçün elan etməyə qadir olan insan götürməlidir. Əgər bir əşya taparsa, onun vəsfini yadda saxlamalı yaxud da yazmalıdır. Sonra tam bir il insanların toplandığı yerlərdə elan etməlidir. Əgər sahibi gəlib, itirdiyi əşyanı düz vəsf edərsə, ona qaytarmalıdır. Tam bir il elan etdikdən sonra sahibi gəlməzsə,həmin əşya onun şəxsi mülkü olur.

5- Əşyanı tapan insan, tapdığını tam bir il elan etdikdən sonra həmin əşyaya sahibdir, lakin əşyanın vəsflərini yadda saxlamadıqca və ya yazmadıqca istifadə etməsi yalnışdır və nə zaman sahibi gəlib, əşyanı düzgün vəsf edib ona qaytarmasını tələb edərsə, Zeyd ibn Xalid əl-Cühəninin -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət etdiyi hədisdəki əmrinə əsasən, ondan heç bir dəlil və and içməsini tələb etmədən, sahibinə qaytarmalıdır.

6- Uşaq və səfehin tapdığı qiymətli əşyanı, qabaqda keçdiyi kimi onların himayəçisi elan etməlidir.

7- Məkkənin haram hüdudları daxilində tapılan əşyaya heç bir halda sahib çıxmaq olmaz və bütün ömrü boyu elan etmək vacibdir.

Dördüncü məsələ: Çölə atılmış yaxud itmiş uşaq barədə:

Çölə atılmış yaxud itmiş uşaq: Bu, küçəyə atılmış və ya məscidin qapısının yanına və s. buna oxşar yerlərə qoyulmuş yaxud da ailəsi və ya məsuliyyət daşıyanı naməlum olan itmiş uşaqdır.

Çölə atılmış yaxud itmiş uşağı baxımsız tərk etmək olmaz. Çünki uca Allah buyurur:“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin.”[104]

Bu ayənin zahiri, çölə atılmış yaxud itmiş uşağı götürüb ona baxmağı və qayğı göstərməyi vacib edir. Çölə atılmış uşağı götürmək fərz kifayədir. Çünki çölə atılmış uşağı götürüb ona qayğı göstərmək, ölmüş insanı diriltmək kimi bir şeydir. Onunla birgə tapılan, yanında olan mal da onundur və həmin maldan ona xərcləmək lazımdır. Əgər malı olmazsa bu zaman ona beytulmaldan xərcləmək lazımdır.

Çölə atılan uşaq bütün hökmlərində azad müsəlmandır və yalnız küfr ölkəsində tapılarsa, bu zaman kafir olduğuna hökm verilər.

Əgər bir kimsə, çölə atılmış uşağın, onun nəslindən olduğunu yaxud da onun uşağı olduğunu idda edərsə və uşağın da ondan olması mümkündürsə (məsələn, bir yaşlı çölə atılmış uşağı, iyirmi yaşlı insan, onun övladı olduğunu idda edərsə), uşaq ona verilir və onun nəslindən olduğu hesab olunur. Əgər uşağın sahibi olduğunu dəlilləri olmadan bir neçə nəfər iddia edərsə, bu zaman uşaq, zahiri görünüşdən bir adamın başqa birisinə doğma və ya qohum olduğunu təyin etməyi bacaran adama göstərilər. Əgər o, uşağın sahibini təyin edərsə, uşaq həmin adama verilər.

Əgər çölə atılmış uşağı tapan şəxs, azad, əmin, adil, əqli qüsursuz və rəşadətli insandırsa, uşağa dayəlik etməyə, baxmağa və tərbiyə etməyə başqasından daha haqlıdır. Kafir və fasiq insanın isə müsəlman uşağa dayəlik etməyə haqqı yoxdur.

Çölə atımış uşağı götürən şəxsin, əqli qüsursuz, həddi-büluğa çatmış, azad, müsəlman, adil və rəşadətli insan olması şərtdir. Çölə atımış uşağı, uşaq, dəli, qul, kafir, fasiq və səfeh insanların götürməsi düzgün deyil.

İyirmi ikinci bölüm:

Vəqf etmək

Bu bölümdə iki məsələ var:

Birinci məsələ: Vəqf etməyin mənası və hökmü:

1- Vəqf etməyin mənası:

Vəqf etmək: Davamiyyətli olaraq istifadəsi mümkün olan, faydalı bir malı və ya mülkü, Allah üçün ayırmaq, vermək, bağışlamaq, təxsis etmək mənasını bildirir. Həmçinin vəqf etmək: Bir şeyin əslini saxlayıb, mənfəətini isə Allah yolunda sərf etməyə, xərcləməyə də deyilir.

Buna misal: Bir kimsə Allah üçün bir evi vəqf edib, icarəyə verir və bu icarədən gələn gəliri yoxsullara və ya məscidlərə yaxud da dini kitabların çap edilməsi və s. faydalı işlər üçün sərf edir.

2- Vəqfin hökmü və dəlili:

Vəqfin hökmü müstəhəbdir. Buna əsas dəlil: Rəvayət edilir ki, Xeybər deyilən yerdən Ömərin -Allah ondan razı olsun-payına xurma ağacları olan yer düşür və o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib deyir: “Ya Rəsulullah, Xeybərdən payıma yer düşüb, bu mənim üçün çox dəyərli olan bir maldır, onu nə etməyimi əmr edirsən?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Əəgər istəyirsənsə əslini (Allah üçün) saxla və ondan sədəqə ver. Amma əslini satmaq, hədiyyə etmək və mirasdan bölmək olmaz»[105].

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Adəm övladı vəfat etdikdə, əməlləri kəsilər yalnız üç şeydən başqa: Axar sədəqə, fayda götürülən elm və onun üçün dua edən saleh övlad»[106].

Hədisdə deyilən: «Axar sədəqə» sözündə məqsəd, vəqfdir.

İkinci məsələ: Vəqflə əlaqəli bəzi hökmlər:

Vəqflə əlaqəli bəzi hökmlər aşağıdakılardır:

1- Vəqf edən: əqli qüsursuz, həddi-büluğa çatan, azad və rəşadətli adam olmalıdır.

2- Vəqf etdiyi malın əsli qalmaq şərti ilə daima ondan istifadə etmək mümkün olmalı və vəqf etdiyini təyin edib göstərməlidir.

3- Vəqf, Allaha yaxınlaşdıran saleh əməl olduğu üçün, məscidlər, yoxsullar və faydalı elm kitabları kimi saleh və xeyirli yerlərə edilməlidir. Kafirlərin məbədlərinə və haram şeyləri almaq üçün vəfq etmək haramdır.

4- Əgər vəqf edilən maldan istifadə etmək mümkün olmazsa bu zaman həmin vəqf satılmalı və məbləği eyni növdən olan başqa vəqf üçün sərf edilməlidir. Məsələn: Əgər vəqf məsciddirsə (və məscid uçulduğuna görə namaz qılmaq mümkün deyilsə, bu zaman həmin yer satılıb, onun məbləğinə başqa məscid tikilməli yaxud) başqa məscidə sərf edilməlidir. Əgər vəqf evdirsə, ev satılmalı və yerinə başqa ev alınmalıdır. Çünki belə etmək vəqf edən insanın məqsədinə daha yaxındır.

5- Vəqf, əməl edilməsi vacib olan əhdlərdəndir. Vəqf: «Allah üçün vəqf etdim» və s. buna oxşar sözlərlə vəqf hömkünə keçir və bu əhdi pozmaq və həmin malı satmaq olmaz.

6- Vəqf edilən mal müəyyən edilməlidir. Təyin olunmayan malı vəqf etmək düzgün deyil.

7- Vəqf heç bir şərtsiz edilməlidir. Ölümündən sonra etdiyi vəqfdən başqa (məsələn: mən öldükdən sonra, kitablarım Allah üçün vəqf edirəm), müəyyən şərtə və ya vaxta bağlanan vəqf səhih deyildir.

8- Vəqf edənin şərti şəriətə müxalif deyilsə, onun bu şərtinə əməl etmək vacibdir.

9- Əgər övladlarına vəqf edərsə, vəqfdən oğul və qız uşaqları eyni səviyyədə istifadə edə bilərlər.

İyirmi üçüncü bölüm:

Hədiyyə etmək və bağışlamaq

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Hədiyyə etməyin mənası və dəlilləri:

1- Hədiyyə etməyin mənası:

Hədiyyə etmək, mükəlləf bir insanın sağlığında ikən heç bir qarşılıqsız, bilinən yaxud da bilinməyən bir malı başqa birisinə bağışlamasıdır.

2- Hədiyyə etməyin hökmü və dəlilləri:

Allah üçün saleh, fəqir insana və ya qohumluq əlaqələrini birləşdirməyə görə hədiyyə etmək, müstəhəbdir. Əbu Hureyrə -Allah ondan razı olsun- rəyavət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Bir-birinizə hədiyyə verin, bir-birinizi sevin»[107].

Aişə -Allah ondan razı olsun- rəyavət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədiyyəni götürər və (onu verən adama) bir şey hədiyyə edərdi”[108].

İnsanlara özünü göstərmək və ya eşitdirmək yaxud da öyünmək, təriflənmək üçün hədiyyə etmək, məkruhdur.

İkinci məsələ: Hədiyyə etməyin şərtləri:

Hədiyyə etməklə əlaqəli bəzi hökmlər aşağıdakılardır:

  1. Hədiyyə edən mükəlləf, əqli qüsursuz, azad və malından düzgün istifadə etməyi bacaran insan olmalıdır.
  2. Hədiyyəni könül xoşluğu ilə etməlidir. Hədiyyə etməyə məcbur edilənin hədiyyəsi səhih deyil.
  3. Hədiyyə edilən, alıb-satılması icazəli olan olmalıdır. Şərab və donuz kimi haram olan şeylərdən hədiyyə etmək düzgün deyil.
  4. Hədiyyə edilən insan, hədiyyəni qəbul etməlidir. Çünki hədiyyə bir mülkün başqa bir insanın mülkünə keçməsidir və buna görə də hədiyyə etdiyi zaman, hədiyyə edilən kimsənin hədiyyəni qəbul etməsi şərtdir.
  5. Hədiyyə heç bir şərt kəsilmədən verilməlidir. Məsələn: «Bunu sənə bir aylıq və ya bir illik hədiyyə etdim» deməsi kimi müvəqqəti edilən hədiyyə səhih deyildir. Çünki hədiyyə etdikdən sonra, o mal insanın tam ixtiyarına keçir və bunu müvəqqəti emək düzgün deyil.
  6. Hədiyyə başqasına yaxşılıq etmək olduğu üçün, bu qarşılıqsız olmalıdır.

Üçüncü məsələ: Hədiyyə etməklə əlaqəli bəzi hökmlər:

Hədiyyə etməklə əlaqəli bəzi hökmlər aşağıdakılardır:

1- Əgər hədiyyə edilən insan, hədiyyə edənin razılığı ilə hədiyyəni qəbul edərsə, hədiyyə onun şəxsi mülkü olar və hədiyyəni verən heç vaxt hədiyyəsini qeri qaytara bilməz. İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Verdiyi hədiyyəni geri götürən adam, qusduqdan sonra qayıdıb qusduğunu yeyən itə bənzəyir»[109].

Yalnız atadan başqa, çünki ata övladına hədiyyə etdiyi bir şeyi ondan geri ala bilər. İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kişiyə, başqasına etdiyi hədiyyəni geri alması halal deyil, yalnız atanın övladına etdiyi hədiyyə müstəsnadır»[110].

2- Ata övladlarına hədiyyə etdikdə, hədiyyəni onların arasında eyni səviyyədə paylaması vacibdir. Onların bəzilərinə hədiyyə verib, bəzilərinə verməməsi yaxud da onların razılığı olmadan bəzi övladına bəzisindən çox hədiyyə verməsi düzgün deyildir. Əgər hamısı buna razı olarsa, caizdir. Rəvayət edilir ki, Nomən ibn Bəşirin -Allah ondan razı olsun- atası ona bir hədiyyə verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: «O biri övladlarına da bu cür hədiyyə verdinmi?» (Atam): “Xeyr!”– deyə cavab verdi. Onda Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Allahdan qorxun və övladlarınıza (olan münasibətdə) ədalətli olun!». Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa rəvayətdə demişdir: «Məni zülmə şahid tutma»[111].

3- Əgər ata ölüm xəstəliyində övladlarının bəzisinə, digərlərindən çox hədiyyə edərsə yaxud da bəzi övladına hədiyyə verib digərlərini bundan məhrum edərsə, ata öldükdən sonra varislər buna icazə verməsələr hədiyyə səhih sayılmaz. Varislər buna icazə verərsə olar.

4- «Müsafir səfərdən qayıtdıqda» yaxud «yağış yağdıqda» sənə hədiyyə edəcəm» şərti qoyaraq hədiyyə etmək səhihdir.

5- Borclu insana, borcunu hədiyyə etməsi səhihdir. Artıq o, borcunu ödəmiş hesab edilir.

6- Hətta hədiyyə kiçik bir şey olsa belə, hədiyyəni geri qaytarmaq olmaz. Əksinə onu qəbul etmək və hədiyyə edənə başqa bir şeyi hədiyyə etmək sünnədir. Çünki Aişə -Allah ondan razı olsun- rəyavət edir ki,»Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədiyyəni götürər və (onu verən adama) bir şey hədiyyə edərdi»[112].


[1]əl-Bəqərə surəsi, ayə: (275).

[2]Buxari: 2112, Müslim: 1531.

[3]əl-Bəqərə surəsi, ayə: (282).

[4]əl-Bəqərə surəsi, ayə: (283).

[5]Əhməd: 5/215, Əbu Davud: 3607, Nəsai: 7/301. Albani, Səhih Sünən ən-Nəsai: 4332 də hədisin “səhih” olduğunu bildirmişdir.

[6]Buxari: 2110, Müslim: 1532.

[7]Müslim: 101.

[8]ən-Nisa surəsi, ayə: (29).

[9]İbn Maca: 2185, İbn Hibban: 11/340, Beyhəqi: 6/17. Albani, İrva əl-Ğalil: 5/125 də hədisin “səhih” olduğunu bildirmişdir.

[10]Əhməd: 3/402, Əbu Davud: 3503, Nəsai: 7/289, Tirmizi: 1232, İbn Maca: 2187. Albani, İrva əl-Ğalil: 5/132 də hədisin “səhih” olduğunu bildirmişdir.

[11] Buxari: 2236, Müslim: 1581.

[12]Əhməd: 1/247, Ədu Davud: 3488. Arnaut, Müsnə Hafiyəsi: 4/95 də hədisin “səhih” olduğunu bildirmişdir.

[13]Buxari: 2237, Müslim: 1567.

[14]Müslim: 1013.

[15]əl-Cumuə surəsi, ayə: (9).

[16]əl-Maidə surəsi, ayə: (2).

[17]Buxari: 2165, Müslim: 1413.

[18]Əhməd: 2/28, Əbu Davud: 3462. Albani, Silsiləh əl-Əhədis əs-Sahiyhə, nömrə: 11 də hədisin “səhih” olduğunu bildirmişdir.

[19]Buxari: 2136, Müslim: 1525.

[20]Əbu Davud: 3499, İman Nəvavi, əl-Lülü əl-Masnu: 1691 də isnadının “səhih” olduğunu bildirmişdir.

[21]Buxari: 2198, Müslim: 1555.

[22]Buxari: 2194, Müslim: 1534.

[23]Buxari: 6963, Müslim: 1516.

[24]Əhməd: 2/225, Əbu Davud: 3460, İbn Maca: 2199, İbn Hibban: 11/405. Albani, Səhih Sünən İbn Maca: 1800 də “səhih” olduğunu bildirmişdir.

[25]əl-Bəqərə surəsi, ayə: (275).

[26]ən-Nisa surəsi, ayə: (29).

[27]Buxari: 2068, Müslim: 1603.

[28]Əhməd: 3/402, Əbu Davud: 3503, Tirmizi: 1232, Nəsai: 7/289, İbn Maca: 2187. Albani, Səhih Sünən ən-Nəsai: 4299 da hədisin “səhih” olduğunu bildirmişdir.

[29]əl-Bəqərə surəsi, ayə: (275).

[30]əl-Bəqərə surəsi, ayə: (278).

[31]əl-Bəqərə surəsi, ayə: (275).

[32]Müslim: 1598.

[33]əl-Bəqərə surəsi, ayə: (276).

[34]Buxari: 2175, 2176, Müslim: 1584. Hədisin ləfzi Müslimə aiddir.

[35]Müslim: 1589.

[36]Buxari: 2393, Müslim: 1601. Hədisin ləfzi Müslimə aiddir.

[37]İbn Maca: 2430. Bu hədis “həsən” hədisdir. Bax: İrva əl-Galil: 5/226.

[38]əl-Bəqərə surəsi, ayə: (283).

[39]Buxari: 2068, Müslim: 1603.

[40]Buxari: 2240, Müslim: 1404.

[41]Buxari: 2287, Müslim: 1564.

[42]əl-Kəhf surəsi, ayə: (19).

[43]ət-Tovbə surəsi, ayə: (60).

[44]Əbu Davud: 3632, Dəraqutni: 4/155.

[45]Buxari: 3642.

[46]Yusuf surəsi, ayə: 72.

[47]əl-Qələm və ya Nun surəsi, ayə: 40.

[48]Əbu Davud: 3565, Tirmizi: 1265. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, Silsiləh əl-Əhədis əs-Sahiyhə, nömrə: 610 da “səhih” olduğunu bildirmişdir.

[49]Məalim əs-Sünən: 3/177.

[50]Yusuf surəsi, ayə: 72.

[51]Əbu Davud: 3565, Tirmizi: 1265. Tirmizi hədisə “həsən” hökmü = vermişdir. Albani, Silsiləh əl-Əhədis əs-Sahiyhə, nömrə: 610 da “səhih” olduğunu bildirmişdir.

[52]ən-Nisa surəsi, ayə: (5).

[53]ən-Nisa surəsi, ayə: (6).

[54]əl-Bəqərə surəsi, ayə: (282).

[55]ən-Nisa surəsi, ayə: (5).

[56]ən-Nisa surəsi, ayə: (6).

[57]əl-Ənam surəsi, ayə: (152).

[58]ən-Nisa surəsi, ayə: (10).

[59]Sad surəsi, ayə: (24).

[60]ən-Nisa surəsi, ayə: (12).

[61]ət-Talaq surəsi, ayə: (6).

[62]əl-Qasas surəsi, ayə: (26).

[63]Buxari: 2263.

[64]Buxari: 2227.

[65]İbn Maca: 2443. Albani, Səhih Sünən İbn Maca: 1995 də hədisin “səhih” olduğunu bildirmişdir.

[66]Buxari: 2329, Müslim: 1551.

[67]Buxari: 2257, Müslim: 1229. Hədisin ləfzi Buxariyə aiddir.

[68]Müslim: (1608) – 134.

[69]Əbu Davud: 3517, Tirmizi: 1368. Hədisin ləfzi Tirmiziyə aiddir. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 5/377 də “səhih” olduğunu bildirmişdir.

[70]Buxari: 5669, Müslim: (2624) – 140.

[71]Buxari: 2463 Müslim: 1609. Hədisin ləfzi Buxariyə aiddir.

[72]əl-Bəqərə surəsi, ayə: (283).

[73]ən-Nisa surəsi, ayə: (58).

[74]Əbu Davud: 3535, Tirmizi: 1264. Albani, İrva əl-Ğalil: 5/381 də “səhih” olduğunu bildirmişdir.

[75]Müslim: 2699.

[76]Dəraqutni: 4113, Beyhəqi: 6/289. Albani, İrva əl-Ğalil: 5/386 də hədisin çoxlu yolları vasitəsi ilə “həsən” olduğunu bildirmişdir.

[77]Tirmizi: 1420, İbn Maca: 2582. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. əl-Busuri, əz-Zəvaid də isnasının “həsən” olduğunu demişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 1148 də “səhih” olduğunu bildirmişdir.

[78]əl-Bəqərə surəsi, ayə: (188).

[79]Əhməd: 5/72, Dəraqutni: 3/26. Albani, İrva əl-Ğalil: 5/279 da hədisin “səhih” olduğunu bildirmişdir.

[80]Buxari: 2452, 2453, Müslim: 1610. Hədisin ləfzi Müslimə aiddir.

[81]Buxari: 2449.

[82]ən-Nisa surəsi, ayə: (128).

[83]əl-Hucurat surəsi, ayə: (9).

[84]ən-Nisa surəsi, ayə: (114).

[85]Əbu Davud: 3594, Tirmizi: 1302, İbn Maca: 2352. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən İbn Maca: 1905 də “səhih” hökmü vermişdir.

[86]ən-Nisa surəsi, ayə: (35).

[87]ən-Nisa surəsi, ayə: (128).

[88]əl-Hucurat surəsi, ayə: (9).

[89]əl-Ənfal surəsi, ayə: (60).

[90]Buxari: 2868, Müslim: 1870.

[91]Əbu Davud: 2574, Tirmizi: 1700,  Nəsai: 3616. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 5/333 də “səhih” olduğunu bildirmişdir.

[92]əl-Maidə surəsi, ayə: (2).

[93]əl-Maun surəsi, ayə: (7).

[94]Əhməd: 4/222, Əbu Davud: 3563. Albani, İrva əl-Ğalil: 5/344 də “səhih” olduğunu bildirmişdir.

[95]Buxari: 2627, Müslim: 2307.

[96]Əbu Davud: 3073, Tirmizi: 1378. Albani, İrva əl-Ğalil: 6/6 da hədisin “səhih” olduğunu bildirmişdir.

[97]Dəraqutni: 2/267, Əhməd: 3/313. Albani, İrva əl-Ğalil: 6/4 da hədisin “səhih” olduğunu bildirmişdir.

[98]Əbu Davud: 3077. Albani, İrva əl-Ğalil: 6/10 da hədisin “səhih” olduğunu bildirmişdir. Hədisi Səmura bin Cundub (ra) rəvayət etmişdir.

[99]Tirmizi: 1381. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 1116 da hədisin “səhih” olduğunu bildirmişdir.

[100]Buxari: 2370.

[101]Yusuf surəsi, ayə: (72).

[102]Buxari: 2276, Müslim: 2201.

[103]Buxari: 2372, Müslim: 1722.

[104]əl-Maidə surəsi, ayə: (2).

[105]Buxari: 2737, Müslim: 1632.

[106]Müslim: 1631.

[107]Beyhəqi: 6/169. Albani, İrva əl-Ğalil: 6/44 də hədisin “həsən” olduğunu bildirmişdir.

[108]Buxari: 2585.

[109]Buxari: 2622, Müslim: 1620.

[110]Əbu Davud: 3522, Tirmizi: 1299, İbn Maca: 2377. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 6/65 də “səhih” olduğunu bildirmişdir.

[111]Buxari: 2587, Müslim: 1623.

[112]Buxari: 2585.