Əgər aralarında ixtilaf olacağından (ayrılıq baş verəcəyindən) qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.

Birinci halı zikr etdi, o da nifrət və dikbaşlığın qadın tərəfindən olmasıdır. Sonra ikinci halı zikr etdi ki, o da nifrətin hər iki tərəfdən olmasıdır. Allah təala buyurur: “Əgər aralarında ixtilaf olacağından (ayrılıq baş verəcəyindən) qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin”. Fəqihlər demişlər: “Əgər çəkişmə iki tərəfdən olsa, hakim onları inandıqları bir nəfərin yanında oturdurar. O da onların işinə baxar, zülm edəni zülmdən çəkindirər. Əgər vəziyyət daha çıxılmaz olsa və mübahisə uzanarsa, hakim hər iki ailədən bir etibarlı adam göndərər. Onları görüşdürər, onlar da vəziyyətə baxarlar, ayrılma yaxud barışıq, hansı daha uyğun olsa onu seçərlər. Şəriət barışa təşviq etmişdir. Buna görə Allah təala buyurur: “Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar”.

Əli ibn əbu Talha demişdir: İbn Abbasdan onun belə dediyi rəvayət edilir: “Allah təala qadının ailəsindən bir saleh adam və kişinin ailəsindən də belə birini göndərməyi əmr etmişdir. Bunlar pisliyin kim tərəfindən olduğuna baxarlar. Pislik edən kişi olsa, qadını ondan uzaqlaşdırıb nəfəqəyə məhkum edər. Əgər pislik edən qadın olsa, onu kişidən uzaqlaşdırıb nəfəqədən məhrum edərlər. Əgər tərəflər ayrılmaq yaxud barışmaq istəsələr, dedikləri keçərlidir. Əgər onlar barışığı seçərlərsə, lakin ər arvadın ikisindən biri buna razı olub digəri istəməzsə və sonra da tərəflərdən biri vəfat edərsə, razı olan, olmayana varis olar. Razı olmayan, olana varis olmaz”. Bunu İbn əbu Hatim ilə İbn Cərir rəvayət etmişdir.

Əbdurrəzzaq demişdir: “Bizə Mamər danışdı, o da İbn Tavusdan, o da İkrimə ibn Xaliddən, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Məni və Muaviyyəni hakim olaraq göndərdilər”. Mamər dedi: “Mənə çatdığına görə onları Osman göndərmişdi və demişdi: “Əgər barışığı uyğun görsəniz barışdırın, ayrılmağı uyğun görsəniz ayırın”.

Həmçinin belə demişdir: “Bizə İbn Cureyc xəbər verdi, mənə İbn əbu Muleykə danışdı ki, Aqil ibn əbu Talib, Fatimə bint Utbə ibn Rabiə ilə evləndi”. Qadın dedi: “Sən mənim yanıma gəl nəfəqəni mən verim”. Aqil onun yanına girdi, qadın dedi: “Atam Utbə ibn Rabiə və əmim Şeybə ibn Rabiə haradadılar?” O da dedi: “Cəhənnəmə girdiyin zaman sol tərəfində”. O da libasını bağladı. Osmanın yanına gəlib, durumu izah etdi. Osman güldü. Sonra İbn Abbas və Muaviyyəni hakim olaraq göndərdi. İbn Abbas dedi: “Mən onları mütləq ayıracağam”. Muaviyyə isə dedi: “Mən, Abdimanaf oğullarından iki önəmli insanları ayıra bilmərəm”. Onların yanına gəldilər, qapıları üzlərinə bağlı idi, onlar da geri döndülər.

Abdurrəzzaq demişdir: “Bizə Mamər xəbər verdi, o da Əyyubdan, o da Muhəmməd ibn Sirindən, o da Ubeydədən, o dedi”: “Mən şahid oldum ki, Əlinin yanına bir qadın əri ilə gəldi. Hər birinin yanında bir dəstə insan var idi. Hərəsi bir hakim təyin etdi. Əli hakimlərə dedi”: “Nə edəcəyinizi bilirsiz? Əgər barışığı uyğun görsəniz barışdırın”. Qadın dedi: “Allahın Kitabında lehimə və əleyhimə nə varsa onunla razıyam”. Kişi dedi: “Mən ayrılmaq istəmirəm”. Əli (kişiyə) dedi: “Yalan danışırsan. Allah and olsun ki, Allahın Kitabı lehinə və əleyhinə dediyi ilə razı olmasan buradan getməyəcəksən”. Bunu İbn əbu Hatim rəvayət etmişdir.

İbn Cərir isə Yaqubdan, o da İbn Uleyyədən, o da Əyyubdan, o da İbn Sirindən, o da Ubeydədən, o da Əlidən eynisini rəvayət etmişdir. Bunu başqa bir yoldan İbn Sirindən, o da Ubeydədən, o da Əlidən rəvayət etmişdir.

Bu, əksər alimlərin məzhəbidir. Belə ki, hakimlərin barışdırma və ayırma haqqı vardır. Hətta İbrahim Nəxai demişdir: “Əgər hakimlər onları, bir, iki yaxud üç talaqla ayırmaq istəsələr, bunu edərlər”. Bu imam Məlikdən də rəvayət edilmişdi.

Həsən Bəsri demişdir: “Hakimlər barışığa qərar verirlər, ayrılmağa deyil”. Qatadə ilə Zeyd ibn Əsləm də bu cür demişlər. Əhməd ibn Hənbəl, Əbu Səvr və Davud da belə demişlər. Dəlilləri də Allahın bu ayəsidir: “Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar”, burada ayırmaq qeyd edilməmişdir. Amma ikisi də ər-arvad tərəfindən vəkil olsalar, barışıqda və ayırmada qərarları ixtilafsız keçərlidir. İmamlar, hakimlər barəsində ixtilaf etmişlər. İxtilafları belə idi ki, bu iki hakim qazi tərəfindən təyin edilirmi? Onlar ər-arvad razı olmasalar belə qərar verə bilərlərmi? Yoxsa onlar ər-arvad tərəfindən vəkillərdi? İki görüşlə ixtilaf etmişlər. Cumhur birinci görüşdədir. Çünki Allah təala buyurur: “kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin”. Onlara “hakim” demişdir. Hakim də əleyhinə qərar verilən razı olmasa belə, qərarını verir. Ayənin zahiri buna dəlalət edir. İmam Şəfiinin yeni görüşü belədir. Əbu Hənifə ilə məzhəb tərəfdarları da bu rəydədir.

İmamların ikinci rəyi, Əlinin (radiyallahu anhu) ayrılmaq istəməyən kişiyə o: “Mən ayrılmaq istəmirəm” – dedikdə, verdiyi cavabdan təxric edilmişdir. Əli ona demişdir: “Yalan danışdın, sən də arvadının razı olduğuna razı olmasan, olmaz”. Onlar (yəni, ikinci rəy sahibləri) deyirlər ki, əgər bu iki nəfər hakim olsaydı, ərin razılığına ehtiyac duyulmazdı. Allah ən doğrusunu biləndir.

Şeyx Əbu Ömər ibn Əbdül-Bərr demişdir: “Alimlər yekdilliklə bildirmişlər ki, iki hakimin sözü müxtəlif olarsa, birinin digəri üzərində heç bir əsası yoxdur. Onu da yekdilliklə bildirmişlər ki, ər və arvad onları vəkil etməsə belə, barışıqda qərarları keçərlidir. Qərarlarının ayırmada keçərli olub olmadığı barədə isə ixtilaf etmişlər”. Sonra da cumhurdan, vəkil olmasalar qərarların burada da keçərli olduğunu nəql etmişdir.