Allah təala əksər insanlara qadağaları pozmaq əmr edilsəydi belə, onu əlbəttə etməyəcəkləri barəsində xəbər verir. Çünki xarab xasiyyətləri əmrə müxaliflik əsasında yaradılıb. Bu da Allahın olmayan və ya olmuş şeylərin necə və nə cür olacağının bildiyini göstərir. Buna görə Allah buyurur: Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!”– buyurmuş olsaydıq.
İbn Cərir demişdir: Bizə Əl-Musənna danışdı, mənə İshaq danışdı, bizə Əbu Zuheyr danışdı, o da İsmayıldan, Əbu İshaq əs-Subeyi demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!”” nazil olduğu zaman bir adam dedi: “Əgər bizə o cür əmr etsəydi, çəkinmədən edərdik, ancaq bizi bundan azad edən Allaha həmd olsun”. Bunu eşidən Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Ümmətimdə elə kişilər var ki, qəlbindəki iman bərkidilmiş dağlardan möhkəmdir”.
İbn əbu Hatim demişdir: Bizə Cəfər ibn Munir danışdı, bizə Rəvh danışdı, bizə Hişam danışdı, Həsən demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi nazil olanda Rəsulullahın (salləllahu aleyhi və səlləm) bəzi əshabələri dedilər: “Əgər Rəbbimiz bunu etsəydi, yerinə yetirərdik”. Bunu eşidən Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “İman, onun əhlinin qəlbində bərkidilmiş dağlardan möhkəmdir”.
Suddi demişdir: Sabit ibn Qeys ibn Səmmas ilə yəhudilərdən bir nəfər özlərini təriflədilər. Allaha and olsun ki, O bizə özümüzü öldürməyi əmr etdi, bizdə öldürdük. Sabit də dedi ki, Allah bizə də özümüzü öldürməyi əmr etsəydi, bizdə edərdik. Buna görə Allah təala bu ayəni nazil etdi.
Bunu İbn Əbu Hatim rəvayət etmişdir və demişdir: Bizə atam danışdı, bizə Mahmud ibn Ğeylan danışdı, bizə Bişr ibn Səriy danışdı, bizə Musab ibn Sabit danışdı, əmisi Amr ibn Abdullah ibn Zubeyr demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi nazil olanda Əbu Bakr dedi: “Ey Rəsulullah, Vallahi, əgər Allah mənə özümü öldürməyə əmr etsəydi, öldürərdim“. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Doğru söylədin, ey Əbu Bakr”.
Bizə atam danışdı, bizə Muhəmməd ibn Ömər əl-Ədəni danışdı: Sufyan “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi barəsində soruşuldu, o Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Əgər o ayə nazil olsaydı, İbn Ummi Abd onlardan olardı”.
Mənə atam danışdı, bizə əbul Yəmən danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Səfvan ibn Amrdan, Sureyh ibn Ubeyd demişdir: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!” ayəsi nazil olanda Rəsulullah (salləllahu aleyhi və səlləm) Abdullah ibn Rəvaha işarə edərək dedi: “Əgər Allah bunu nazil etsəydi, bu adam o azlardan olardı”. Buna görə Allah bu ayəni nazil etdi: “Əgər Biz onlara: “Özünüzü öldürün və yaxud yurdlarınızdan çıxın!”– buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha möhkəm olardı”. Yəni əmrə müxalif olmaqdan və qadağaları pozmaqdan deməkdir.
“Və daha möhkəm olardı”, Suddi demişdir: “daha təsdiq edici olardı”. “Onda Biz də onlara Öz tərəfimizdən” yəni bizim dərgahımızdan, “böyük bir mükafat” yəni Cənnət verərdik, “və onları doğru yola yönəldərdik” yəni dünya və axirətdə deməkdir.
Sonra Allah təala buyurur “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”. Yəni kim Allaha və Rəsuluna itaət edib onların qadağan etdiklərini tərk etsə, şübhəsiz ki, Allah onu şərəfli evinə yerləşdirər və onu Peyğəmbərlərə, sonra da onların dalınca gedənlərə dost edər, onlar isə sadiqlər, şəhidlər və ümumi möminlərdir ki, onlarda içləri və zahirləri təmiz olan salehlərdir. Sonra Allah onları tərifləyərək buyurur “Onlar necə də gözəl dostlardır”.
Buxari demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Havşəb danışdı, bizə İbrahim ibn Sad danışdı, o da atasından, Urvədən, Aişə demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Bir Peyğəmbər xəstələndiyi zaman dünya və axirət arasında seçim etməkdə azad buraxılır”. Can verən zaman şiddətli öskürəyə tutuldu “peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə” dediyini eşitdim. Bu zaman onun rahatlaşdığını gördüm. Bunu Muslim də Şubədən, Sad ibn İbrahimdən belə rəvayət etmişdir. Rəsulullahın (salləllahu aleyhi və səlləm) başqa bir hədisində “Allahım, ən şərəfli dostla” sözünün də mənası budur. Bunu üç dəfə dedi, sonra da ruhunu tapşırdı. Salləllahu aleyhi və səlləm.
Bu ayənin nazil olma səbəbi haqqında İbn Cərir demişdir: Bizə İbn Humeyd danışdı, bizə Yaqub əl-Kummi danışdı, o da Cəfər ibn Əbu Muğiradən, Səid ibn Cubeyr demişdir: “Ənsarlardan bir nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına üzgün halda gəldi, Rəsulullah (salləllahu aleyhi və səlləm) ondan soruşdu: ”Ey filankəs səni niyə üzgün görürəm?” O dedi: “Ey Allahın Rəsulu bir şey haqqında düşündüm”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Nəyin haqqında?” O da dedi: “Səhərdən axşama qədər sənin yanına gəlirik, səninlə otururuq, üzünə baxırıq. Bir gün sən Peyğəmbərlərə birgə olacaqsan, biz isə sənə qovuşa bilməyəcəyik”. Rəsulullah (salləllahu aleyhi və səlləm) cavab vermədi. Cəbrayıl ona bu ayəni gətirdi: “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə birlikdə olacaqlar”. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona xəbər göndərərək müjdə verdi.
Bu mürsəl olaraq Məsruqdan, İkrimədən, Amir Şabidən, Qatadədən, Rəbi ibn Ənəsdən rəvayət edilmişdir. İsnad olaraq ən gözəli budur.
İbn Cərir demişdir: Bizə Musənna danışdı, bizə ibn əbu Cəfər atasından danışdı, o da Rəbidən, “Allaha və Elçisinə itaət edənlər” ayəsi barəsində demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri dedilər ki, biz Rəsulullaha (salləllahu aleyhi və səlləm) iman edənlərdən, ona tabe olub onu təsdiq edənlərdən dərəcə etibarı ilə üstün olacağımızı bilirdik. Cənnətdə bir-birlərini necə görəcəyimiz barədə narahatlıq keçirirdik. Buna görə Allah təala bu ayəni nazil etdi və Rəsulunu qəsd edərək dedi: Yuxarıdakılar aşağıdakıların yanına düşər bir bağçada yığışarlar. Onlar da onlar üçün ürəkləri istədiklərini gətirərlər. Onlar bir bağçada sevinərək əmin-amanlıq içində qalarlar.
Bu hədis başqa bir yoldan mərfu olaraq rəvayət edilmişdir. Əbu Bakr ibn Mərduveyh demişdir: Bizə Əbdurrahim ibn Muhəmməd ibn Muslim danışdı, bizə İsmayıl ibn Əhməd ibn Useyd danışdı, bizə Abdullah ibn İmran danışdı, bizə Fudeyl ibn İyad danışdı, o da Mansurdan, İbrahimdən, Əsvəddən, Aişə demişdir: “Bir adam Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: Ey Allahın Rəsulu səni həqiqətən canımdan çox sevirəm, ailəmdən çox sevirəm, uşağımdan çox sevirəm; evdə olarkən səni düşünürəm, səbir edə bilmirəm yanına gəlirəm, üzünə baxıram. Özümün və sənin ölümünü düşünəndə sənin Cənnətdə peyğəmbərlərin dərəcəsinə yüksələcəyini bilirəm. Cənnətə girsəm belə səni görə bilməyəcəyimdən qorxuram”. Rəsulullah (salləllahu aleyhi və səlləm) cavab vermədi. Nəticədə ona bu ayə nazil edildi “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”. Bunu Hafiz Əbu Abdullah Maqdisi “Sifətul Cənnət” kitabında Təbərani yolundan, Əhməd ibn Amr ibn Muslim əl-Hallaldan, Abdullah ibn Amr əl-Abididən belə rəvayət etmişdir və isnadında bir əngəl olmadığını demişdir. Allah ən doğrusunu biləndir.
Yenə İbn Mərduveyh demişdir: Bizə Süleyman ibn Əhməd danışdı, bizə Abbas ibn Fadl əl-Əsfati danışdı, bizə Əbu Bakr ibn Sabit ibn Abbas əl-Misri danışdı, bizə Xalid ibn Abdullah danışdı, o da Əta ibn Səibdən, Amir Şabidən, İbn Abbas demişdir: “Bir nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: Ey Allahın Rəsulu səni o qədər sevirəm ki, səni evdə xatırlayıram, dayana bilmirəm. Cənnətdə səninlə eyni dərəcədə olmaq istəyirəm”. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir söz belə demədi. Buna görə Allah bu ayəni nazil etdi “Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”.
Bunu İbn Cərir də Humeyddən, Cərirdən, Ətadan, Şəbidən mürsəl olaraq rəvayət etmişdir. Səhih Muslimdə Hiql ibn Ziyad hədisindən, Əvzaidən, Yəhya ibn Kəsirdən, Əbu Sələmə ibn Əbdurrəhmandan, Rabiə ibn Kəb əl Əsləmidən belə dediyini rəvayət etmişdir: “Mən Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında gecələdim. Ona dəstəmaz suyunu gətirirdim və ehtiyaclarını qarşılayırdım. O mənə “istə” dedi. Mən də dedim ki, ey Allahın Rəsulu səninlə Cənnətdə birgə olmaq istəyirəm. O dedi: “Bundan başqa heç nə istəmirsən?” Mən də, yalnız budur, dedim. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Çoxlu səcdə edərək özünə yardım et”.
İmam Əhməd demişdir: Bizə Yəhya ibn İshaq danışdı, bizə İbn Ləhiyə danışdı, o da Abdullah ibn Cəfərdən, İsa ibn əbu Talhadan, Amr ibn Murrə əl-Cuhəni demişdir: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər gəlib dedi: Ey Allahın Rəsulu, Allahdan başqa ilah olmadığını və sənin onun Rəsulu olduğuna şahidlik etdim, beş vaxt namaz qıldım, malımın zəkatını verdim, ramazan ayının orucunu tutdum”. Rəsulullah (salləllahu aleyhi və səlləm) iki barmağını birləşdirərək dedi: Kim valideynlərinə asi olmadan bunları edib ölərsə Qiyamət günü Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə birlikdə olar”. Bunu yalnız Əhməd rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə Əbu Həşimin müttəfiqi Əbu Səid danışdı bizə İbn Ləhiyə danışdı, o da Zəban ibn Faiddən, Səhl ibn Muaz ibn Ənəsdən, atası Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kim Allah yolunda min ayə oxusa, Qiyamət günü Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə bərabər olar inşəAllah. Onlar da nə gözəl dostdur”.
Tirmizi Sufyan əs-Səvri yolundan rəvayət etmişdir, o da əbu Həmzədən, Həsən Bəsridən, Əbu Səid Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Doğru və etibar edilən tacirlər Peyğəmbərlər, sadiqlər və şəhidlərlə bərabərdir. Sonra da Tirmizi demişdir: “bu həsən hədisdir, bunu yalnız bu yoldan bilirik. Əbu Həmzənin adı Abdullah ibn Cəbirdir, Bəsrəli bir şeyxdir”.
Bütün bunlardan daha böyük bir müjdə Səhihlər, Musnədlər və digərlərində mütəvatir yollarla bir sıra səhabələrdən rəvayət edilən bu hədisdir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) dedilər ki, bir nəfər digərləri sevir, amma onlarla birgə deyildir. O da dedi: “Kişi sevdiyi ilə bərabərdir”. Ənəs demişdir: “Müsəlmanlar bu hədisə sevindikləri qədər başqa heç bir şeyə sevinmədilər”. Ənəsdən bir rəvayətdə də belə deyilir: “Mən Rəsulullahı (salləllahu aleyhi və səlləm) sevirəm, Əbu Bakr və Öməri (radiyallahu ənhumə) sevirəm, onlar kimi əməl etməsəm də, Allahdan bizi bir yerdə həşr etməsini umuram”. İmam Məlik ibn Ənəs demişdir, o da Sufyan ibn Suleymdən, Əta ibn Yasərdən, Əbu Səid əl-Xudri Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Cənnət əhli otaqlardakıları sizin şərq və ya qərb üfüqündə inci kimi parlayan ulduzu gördüyünüz kimi görürlər, çünki aralarında o qədər fəzilət fərqi vardır”. “Ey Allahın Rəsulu, bu başqalarının yetişə bilməyəcəyi peyğəmbərlər dərəcəsidir, deyil mi?” O da dedi: “Xeyir, Ruhumu əlində tutan Allaha and olsun ki, onlar Allaha iman gətirib peyğəmbərləri təsdiq edənlərdir”. Bunu iki Səhihdə Məlikin hədisindən rəvayət etmişlər. Mətni Muslimə aiddir.
İmam Əhməd demişdir: Bizə Fəzarə danışdı, mənə Fuleyh xəbər verdi, o da Hilal ibn Əlidən, Ətadan, əbu Hureyrə Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Cənnət əhli sizin üfüqdə çıxıb inci kimi parlayan ulduzu gördüyünüz kimi görürlər. Çünki aralarında o qədər fərq vardır”. “Ey Allahın Rəsulu, onlar peyğəmbərlərdir, deyil mi?” O da dedi: “Xeyir, Ruhumu əlində tutan Allaha and olsun ki, onlar Allaha iman gətirib peyğəmbərləri təsdiq edənlərdir”. Hafiz Ziya əl-Maqdisi demişdir: “Bu hədis Buxarinin şərtinə uyğundur”. Allah ən doğrusunu biləndir.
Hafiz Əbu Qasım əl-Təbərani “Mucəmul Kəbirdə” demişdir: Bizə Əli ibn Əbdüləziz danışdı, bizə Muhəmməd ibn Ammar əl Məvsili danışdı, bizə Əfif ibn Səlim danışdı, o da Əyyubdan, Utbədən, Ətadan, İbn Ömər demişdir: “Həbəşistandan bir nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək ona sual vermək istədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Soruş və anla”. O dedi: “Ey Allahın Rəsulu, siz bizdən sifət, rəng və peyğəmbərlik baxımından üstün oldunuz. Məndə sənin iman etdiyinə iman etsəm, sənin əməl etdiyinə əməl etsəm, Cənnətdə səninlə birgə ola bilərəm mi?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bəli, ruhumu əlində tutan Allaha and olsun ki, qaralığın ağlığı Cənnətdə bir illik yolu işıqlandırır. Kim Lə İləhə illəllah desə, Allah qatında ona bir vəd verilmiş olur. Kim Subhən Allahi və bihəmdihi deyərsə ona yüz iyirmi dörd min savab yazılar”. Adam dedi: “Ey Allahın Rəsulu bundan sonra necə həlak olarıq?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Qiyamət günü adam elə bir əməllə gələr ki, dağın üstünə düşsə onu çökdürər. Allahın verdiyi nemətlərdən biri qalxar o əməllərin hamısını bitirər ki, Allah öz mərhəmətini göstərsin”. Sonra bu ayələr nazil oldu “İnsanın xatırlanmağa layiq olmadığı uzun bir müddət ötüb-keçmədimi?!” bu ayəyə qədər “Orada hara baxsan, çoxlu naz-nemət və böyük bir səltənət görərsən” (İnsan, 1-20). Həbəşli soruşdu: “Bu iki gözüm Cənnətdə sənin gördüyünü görəcək mi?” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bəli”. Adam elə ağladı ki, hətta ruhunu tapşırdı. İbn Ömər dedi: “Allaha and olsun ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) onu əlləri ilə qəbir çuxuruna qoyduğunu gördüm”. Bu hədisdə qəriblik və munkərlik vardır. İsnadı zəifdir.
Buna görə Allah təala buyurur “Bu lütf Allahdandır” yəni Allah qatındandır, onun rəhmətindəndir. Onları buna layiq edən Odur, əməlləri deyildir. “Bilən olaraq Allah kifayət edər” yəni o hidayəti və müvəffəq olanı bilir.