Allah təala deyir ki: Ey kişilər, “Əgər zövcələrinizin” dünyalarını dəyişdikdən sonra“övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, miraslarının yarısı sizindir. Yox əgər onların övladı varsa, miraslarının dörddə bir hissəsi sizindir.” Borcun vəsiyyətdən əvvəl olduğu yuxarıda qeyd edilmişdir. Ondan sonra vəsiyyət sonra da miras gəlir. Bu da alimlər arasında icma edilən bir şeydir. Nəvələr nə qədər aşağı ensələr də öz övladınız hökmündədir.
Sonra buyurur: “Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, mirasınızın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, mirasınızın səkkizdə bir hissəsi onlara çatır.” Bir, iki, üç, dörd zövcə dörddə birdə və ya səkkizdə birdə eynidir, ortaqdırlar. “Vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra” bu barədə yuxarıda danışdıq.
“Əgər kişi yaxud qadın kəlalə olaraq miras qoyarsa”, “kəlalə” sözü “iklil” kəlməsindən törəmədir. O da başı hər tərəfdən sarıyan çələngin dairəsidir. Burada məqsəd üsuldan və ikinci dərəcəlilərdən deyil, kənardan olan varislər qəsd edilmişdi. Necə ki, Şəbi rəvayət etmişdir: «Əbu Bəkr əs-Siddiqdən kəlalənin nə olduğunu soruşdular, o da dedi: Mən öz fikrimi deyəcəm, əgər doğru olsa Allahdandır, səhv olsa özümdən və şeytandandır. Allah və Rəsulu ondan uzaqdırlar.»O dedi: «Kəlalə uşağı və atası olmayandır.» Sonra Ömər xəlifəliyi zaman demişdir: «Əbubəkrin bəyan etdiyi fikrə müxalif olmağa utanıram və mən də həmin rəydəyəm.» Bunu İbn Cərir və digərləri rəvayət etmişdir.
İbn Əbu Hatim rahiməhullah öz təfsirində demişdir: Bizə Muhəmməd ibn Abdullah ibn Yəzid danışdı,bizə Sufyandanışdı, o da Suleyman əl-Əhvəldən, o da Tavusdan, o dedi: Abdullah ibn Abbasdan belə dediyini eşitdim: Öməri ən son görən mən idim, onun bu cür dediyini eşitdim: «Söz mənim dediyimdir, mənim dediyimdir, mənim dediyimdir.»O dedi: «Kəlalə uşağı və atası olmayandır.» Əli ibn əbu Talib ilə ibn Məsud da bu cür demişlər. Müxtəlif yollarla Abdullah ibn Abbasdan və Zeyd ibn Sabitdən öz təsdiqini tapmışdır. Şəbi, Həsən əl-Bəsri, Nəxai, Qatadə, Cabir ibn Zeyd və Həkəm də belə demişlər. Mədinə, Kufə və Bəsrə camaatı da bu cür demişlər. Yeddi fəqihlərin, dörd imamın, sələf və xələf cumhurunun, hətta hamısının fikri belədir. Bir çoxları da bunda icma olduğunu nəql etmişlər. Bu xüsusda mərfu hədis vardır.
Əbu Hüseyn ibn Ləbban demişdir: İbn Abbasdan buna müxalif görüş nəql edilmişdir ki, o da: «Kəlalə uşağı olmayandır.» – sözüdür. Doğrusu onun ilk görüşüdür. Bəlkə də rəvayətçi onun nə demək istədiyini anlamayıbdı.
“və onun bir qardaşı yaxud bir bacısı varsa” yəni anadan deməkdir. Necə ki, sələfdən bəzilərinin qiraətində belədir. Sad ibn əbu Vaqqas da onlardandır. Onu Əbubəkr əs-Siddiqdə,Qatadənin ondan etdiyi rəvayətdə bu cür təfsir etmişdir.
“onda o iki nəfərin hər birinə altıda bir hissə düşür. Əgər onlar bundan artıq olsalar, vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra zərər vurmadan üçdə birinə şərikdirlər.” Ana bir qardaşlar bir çox yöndən digər varislərdən fərqlənir:
Birincisi: Onlar mənsub olduqları ilə yəni, anaları ilə də varis olurlar.
İkincisi: Onların kişiləri və qadınları mirasda eynidir.
Üçüncüsü: Onlar yalnız kəlalə olaraq miras qoyan ölülərinə varis olurlar. Nə ata, nə baba, nə uşaq, nə də nəvə ilə mirasa sahib olmazlar.
Dördüncü: Onlar kişi və qadın sayı baxımından nə qədər çoxalsalar da,yenə üçdə birindən çox almazlar.
İbn əbu Hatim demişdir: Bizə Yunus danışdı, bizə İbn Vəhb danışdı, bizə Yunusxəbər verdi, o da Zuhridən, o dedi: Ömər (radiyallahuanhu) belə hökm verdi: “Ana bir qardaşlara qalan mirasöz arasında bölünür. Kişiyə qadının payı qədər verilir.”Muhamməd ibn ŞihabZuhri demişdir: Düşünürəm ki, Ömərin belə bir hökm verməsinə səbəb,Rəsulullahdan (salləllahualeyhi və səlləm) olan bilgisivə Allah təalanın bu ayəsidir: “Əgər onlar bundan artıq olsalar, üçdə birinə şərikdirlər”.
Alimlər şəriklik məsələsində ixtilaf etmişlər: Ər, ana, nənə, ananın iki uşağı, valideynin uşaqlarından bir və daha çoxu. Cumhura görə ər üçün yarısı, ana və nənə üçün altıda biri, ananın uşağı üçün üçdə biri verilir. Ananın və ya atanın uşağı ortaq miqdara qatılırlar ki, onlar da ananın qardaşlarıdır.
Bu məsələ möminlərin əmiri Ömər ibn Xəttabın zamanında baş verdi. O, ərə yarısını, anaya altıda birini, ananın uşaqlarına da üçdə birini verdi. Ata-ananın uşaqları ona dedilər: “Ey möminlərin əmiri, tutaq ki, atamız eşşək idi, məgər biz bir anadan deyilik?” O da onları ortaq etdi.
Ortaqlıq məsələsi Ömərdən və Osmandan səhih şəkildə gerçəkləşmişdir. İbn Məsuddan olan iki rəvayətin birində, Zeyd ibn Sabitdən və İbn Abbasdan bu cür rəvayət edilmişdir. Allah onlardan razı olsun. Səid ibn Musəyyəb, Şureyh əl-Qadi, Məsruq, Tavus, Muhəmməd ibn Sirin, İbrahim Nəxai, Ömər ibn Əbduləziz, Səvri və Şərik də bu cür demişlər. Məlik, Şəfii, İshaq ibn Rahaveyh məzhəbləri də eynidir.
Əli ibn əbu Talib isə onları ortaq etməzdi. O, üçdə biri ananın uşaqlarına verərdi. Valideynin uşaqlarına heç nə verməzdi. Çünki onlar bu halda əsabədirlər.
Vəki ibn əl-Cərrah demişdir: Ondan bu xüsusda ixtilaf rəvayət edilməmişdir. Ubey ibn Kəb və Əbu Musa əl-Əşarinin də fikirləri belədir. İbn Abbasdan məşhur olan da budur. Şəbi, İbn əbu Leyla, Əbu Hənifə, Əbu Yusuf, Muhəmməd ibn Sirin, Həsən ibn Ziyad, Zufər ibn Huzeyl, İmam Əhməd ibn Hənbəl, Yəhya ibn Adəm, Nuaym ibn Həmmad, Əbu Səvr və Davud ibn Əli əz-zahirinin məzhəbləri də belədir. Əbu Hüseyn ibn Ləbban əl-Fəradi də, «əl-İcaz» kitabında bunu tərcih etmişdir.
“vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra zərər vurmadan” yəni, vəsiyyəti ədalətli olsun, zərərli, haqsız və insafsız olmasın. Bəzi varisləri məhrum etməsin və ya haqqını əksik verməsin və yaxud Allahın ona yazdığı fərz hissəsindən artıq olmasın. Kim bunu etsə Allahın hikmətində və bölgüsündə Ona qarşı çıxmış olar. Buna görə İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Abunnadr əd-Diməşqi əl-Fəradisi danışdı, bizə Ömər ibn Muğira danışdı, o da Davud ibn əbu Hinddən, o da İkrimədən, o da İbn Abbasdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Vəsiyyətdə zərər vermək böyük günahlardandır.» Bunu İbn Cərir də Ömər ibn Muğira yolunda rəvayət etmişdir. O, əl-Missisada yaşayan Əbu Həfs Bəsridir. Əbu Qasım ibn Əsakir demişdir: O, miskinlərin müftisi olaraq tanınır. Ondan bir çox imamlar rəvayət etmişdir. Əbu Hatim ər-Razi onun haqqında demişdir: «O, şeyxdir.» Əli ibn Mədini demişdir: «O, naməlumdur, onu tanımıram.»
Amma bunu Nəsai «Sünən» əsərində Əli ibn Hucrdan, o da Əli ibn Mushirdən, o da Davud ibn əbu Hinddən, o da İkrimədən, o da İbn Abbasdan məvquf olaraq “Vəsiyyətdə zərər vermək böyük gunahdır” şəklində rəvayət etmişdir. Bunu İbn Əbu Hatim də Əbu Səid əl-Əşacdan, o da Aiz ibn Həbibdən, o da Davud ibn Əbu Hinddən rəvayət etmişdir. Bunu İbn Cərir də bir neçə hafizdən, onlar da Davuddan, o da İkrimədən, o da İbn Abbasdan məvquf olaraq rəvayət etmişdir. Bəzisində İbn Abbas “ğayru mudarrin” oxumuşdur.
İbn Cərir demişdir: Doğrusu məvquf olmasıdır. Buna görə də imamlar varisə iqrarla bildirmək keçərlidir yoxsa deyil mövzusunda ixtilaf etmişlər. Burada iki görüş vardır:
Birincisi: Keçərli deyil, çünki iqrar ilə vəsiyyət etməsi zənn altındadır. Səhih hədisdə sabit olduğuna görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Allah hər haqq sahibinə haqqını vermişdir, ona görə varisə vəsiyyət yoxdur.» Malik, Əhməd ibn Hənbəl, Əbu Hənifə və keçmiş rəyində Şəfiinin də məzhəbi budur. Allah onlara rəhmət etsin. Şəfii yeni rəyində, iqrarın icazəli olduğuna qərar vermişdir. Tavus, Əta, Həsən və Ömər ibn Əbdüləzizin də məzhəbləri belədir. Əbu Abdullah Buxarinin Səhihindəki tərcihi də budur. O, bunu dəlil gətirmişdir: «Rafi ibn Xadic zövcəsi əl-Fəzariyənin bağladığı qapını açmamağı vəsiyyət etmişdir. O deyir: Bəzi insanlar demişlər: Varis haqqında pis zənnə qapılmağa səbəb olacağından iqrar etməsi icazəli deyil. Rəsulullah da (salləllahu aleyhi və səlləm) demişdir: «Zəndən uzaq durun, çünki zənn, ən yalan sözdür.» Allah təala buyurur: “Həqiqətə Allah sizə əmanətləri sahibinə təslim etməyi əmr edər” (Nisə, 58). Burada varis ilə qeyrisini ayırmadı.» Buxarinin izahı burada bitdi.
Nə vaxt iqrar səhih və gerçəyə uyğun olarsa, o zaman bu ixtilaf baş verər. Nə zaman da iqrar, bəzi varislərin o birilərdən çox yaxud az almaları üçün hiylə və vəsilə olarsa, icmaya və bu ayənin “Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir” tələbinə görə haram sayılar.