Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və sağ əllərinizin sahib olduğuna yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.

Allah təala, qullarına, şəriki olmayan bir tək Özünə ibadət etməyi əmr edir. O, yaradan, ruzi verən, nemətlər ehsan edən, hər bir anda və hər bir halda məxluqatına yaxşılıq edəndir. Onu təkləşdirmək, Ona yaratdıqlarından heç bir şeyi şərik qoşmamaq, Onun haqqıdır. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Muazdan soruşdu: “Bilirsənmi Allahın qulları üzərindəki haqqı nədir?” O da dedi: “Allah və Rəsulu bilir”. O dedi: “Ona ibadət etmələri və Ona heç bir şeyi şərik qoşmamaları”. Sonra dedi: “Bilirsən əgər qullar bunu etsələr onların Allah üzərində haqqı nədir? Onlara əzab verməməsidir”.

Sonra da ata anaya yaxşılıq etməyi tövsiyə etdi. Çünki qüsursuz Allah, onları sənin yoxluqdan varlığa çıxmağına səbəb etdi. Nöqsansız Allah çox vaxt Özünə ibadəti zikr etdikdən sonra valideynə yaxşılığı zikr etmişdir, məsələn: “Mənə də şükür et, ana atana da” (Loğman, 14), “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi əmr etdi” (İsra, 23).

Sonra kişi və qadın qohumlarına yaxşılığı ata-anaya yaxşılığa bağladı. Hədisdə belə deyilmişdir: “Kasıblara sədəqə bir sədəqədir, qohuma edilən sədəqə isə sədəqə və qohumluq əlaqəsidir.”

Sonra Allah təala dedi: «Yetimlərə«. Çünki işlərini görəcək və nəfəqələrini təmin edəcək adamlarını itirdilər. Allah onlara yaxşılıq etməyi və mərhəmət göstərməyi əmr etmişdir.

Sonra «miskinlərə» dedi. Onlar da ehtiyaclarını ödəmək üçün kifayət qədər qazancı olmayanlardır. Onlara kifayət qədər kömək etmələrini və ehtiyaclarını ödəməyi əmr etdi. Fəqirlər və miskinlər haqqında söz Bəraət surəsində gələcək.

«Yaxın və uzaq qonşuya», Əli ibn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Yaxın qonşu, aranızda qohumluq olandır. Uzaq qonşu isə, aranızda qohumluq olmayandı”. İkrimə, Mücahid, Məymun ibn Mihran, Dəhhak, Zeyd ibn Əsləm, Muqatil ibn Həyyan və Qatadədən eynisi rəvayət edilmişdir.

Əbu İshaq, Nəvf əl-Bikalidən «yaxın qonşu», yəni müsəlman qonşu, «uzaq qonşu» yəni, yəhudi və xristian qonşu deyə, nəql etmişdir. Bunu İbn Cərir və İbn əbu Hatim rəvayət etmişdir.

Cabir əl-Cufi, Şabi, Əli və İbn Məsud, «yaxın qonşu» qadındır, demişlər. Mücahid də «uzaq qonşu» səfər yoldaşıdır, demişdir. Qonşuya tövsiyə haqqında hədislər varid olmuşdur. Onlardan nəsib olanı qeyd edək.  Kömək yalnız Allahdan istənilir.

Birinci hədisdə İmam Əhməd demişdir: “Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Ömər ibn Muhəmməd ibn Zeyddən, o da atasından eşitdi ki, Abdullah ibn Ömər, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Cəbrayıl mənə dayanmadan qonşu barədə tövsiyə etdi. O qədər ki, varis edəcəyini düşündüm”. Bunu İki Səhihdə, Ömər ibn Muhəmməd ibn Zeyd ibn Abdullah ibn Ömərdən təxric etmişlər.

İkinci hədisdə İmam Əhməd demişdir: “Bizə Sufyan danışdı, o da Davud ibn Şaburdan, o da Mücahiddən, o da Abdullah ibn Amrdan, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Cəbrayıl mənə dayanmadan qonşu barədə tövsiyə etdi. Hətta onu varis edəcəyini düşündüm”.

Əbu Davud və Tirmizi də, Sufyan ibn Uyeynədən, o da Bəşir ibn İsmayıldan oxşarını rəvayət etmişlər. Tirmizi “Davud ibn Şapur” sözlərini də əlavə etmişdi. Hər ikisi də bu ifadəni Mücahiddən rəvayət etmişlər. Sonra Tirmizi: “Bu baxımdan həsən, qəribdir” – demişdir. Mücahid, o da Aişə və Əbu Hureyrədən, onlar da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir.

Üçüncü hədisdə İmam Əhməd demişdir: “Bizə Abdullah ibn Yəzid danışdı, bizə Hayvə xəbər verdi, bizə Şurahbil ibn Şərik xəbər verdi, o da Əbu Əbdurrəhman əl-Hubulidən eşitdi, o da Abdullah ibn Amr ibn al-Asdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Dostların Allah qatında ən xeyirlisi, dostuna xeyirli olandır. Qonşuların Allah qatında ən xeyirlisi, qonşusuna xeyirli olandır”. Bunu Tirmizi də, Əhməd ibn Muhəmməddən, o da Abdullah ibn Mubarəkdən, o da Heyva ibn Şureyhdən bu mətnlə rəvayət etmiş və: “Həsən, qəribdir” – demişdir.

Dördüncü hədisdə imam Əhməd demişdir: “Bizə Əbdurrəhman ibn Mehdi danışdı, bizə Sufyan danışdı, o da atasından, o da Əbayə ibn Rifadan, o da Ömərdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qoy doymasın qonşusu ac olan kişi”. Bunu yalnız Əhməd rəvayət etmişdir.

Beşinci hədisdə imam Əhməd demişdir:  “Bizə Əli ibn Abdullah danışdı, bizə Muhəmməd ibn Fudeyl ibn Qəzvən danışdı, bizə Muhəmməd ibn Sad əl-Ənsari danışdı, Əbu Zabyə əl-Kulaidən eşitdim, Miqdad ibn Əsvəddən eşitdim, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) səhabələrinə dedi: “Zina haqqında nə deyərsiz?” Onlar dedilər: “Allah və Rəsulunun qiyamətə qədər haram etdiyi bir şeydir”. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Kişinin qonşusu ilə zina etməsi, digər on qadınla zina etməsindən daha ağırdır». O dedi: «Oğurluq necə?» Onlar dedilər: “Allah və Rəsulunun qiyamətə qədər haram etdiyi bir şeydir”. O dedi: «Bir insanın qonşusundan oğurluq etməsi, digər on evdən oğurluq etməsindən daha ağırdır”. Bunu yalnız Əhməd rəvayət etmişdir.

İki Səhihdə bunun İbn Məsuddan şahidi vardır; O dedi: “Ey Allahın Rəsulu günahların ən böyüyü nədir?” O dedi: «Səni yaradan Allaha şərik qoşmağın”. Mən: «Sonra hansıdır?” – dedim. O dedi: “Uşağın səninlə yemək yeyər deyə qorxundan onu öldürməyin” – dedi. Mən: «Sonra hansı?» – dedim. O dedi: “Qonşunun arvadı ilə zina etməyin”.

Altıncı hədisdə imam Əhməd demişdir: “Bizə Yəzid danışdı, bizə Hişam xəbər verdi, o da Hafsadan, o da Əbu Aliyədən, o da ənsardan olan bir nəfərdən, o dedi: Rəsulullahı (salləllahu aleyhi və səlləm) görmək üçün evdən çıxdım. Gördüm ki, ayaq üstə dayanıb, yanında da ona tərəf baxan bir adam var idi. Düşündüm ki, nə isə işləri var. Rəsulullahın (salləllahu aleyhi və səlləm) uzun müddət ayaq üstə dayanmasına çox təəssüfləndim. Kişi gedəndə dedim: “Ey Allahın Rəsulu, o adam səni o qədər ayaqda saxladı ki, çox təəssüfləndim”. Dedi: «Onu həqiqətən gördünmü?» Mən: “Bəli” – dedim. O: «Onun kim olduğunu bilirsinizmi?» – dedi. Mən: “Xeyr” – dedim. O dedi: “O, Cəbrayıl idi, mənə dayanmadan qonşu barədə tövsiyə etdi. Hətta onu mənə varis edəcəyini zənn etdim. Əgər ona salam versəydin, salamını alardı”.

Yeddinci hədis: Əbd ibn Humeyd, Müsnədində demişdir: “Bizə Yalə ibn Ubeyd danışdı, bizə Əbubəkr əl-Mədəni danışdı, o da Cabir ibn Abdullahdan, o dedi: Mədinənin yuxarı məhəlləsindən bir adam gəldi. Rəsulullahla (salləllahu aleyhi və səlləm) Cəbrayıl cənazə namazları qılınan yerdə namaz qılırdılar. Geri dönəndə adam dedi: «Ey Allahın Rəsulu, səninlə gördüyüm adam kim idi?» O dedi: «Onu həqiqətən gördünmü?» O: “Bəli” – dedi. O da dedi: “Çox xeyir gördün. O, Cəbrayıl idi. Mənə dayanmadan qonşu barədə tövsiyə etdi. Hətta onu mənə varis edəcəyini zənn etdim”. Hədisi bu yoldan yalnız o rəvayət etmişdir. O, əvvəlkinə şahiddir.

Səkkizinci hədisdə Əbubəkr ibn Bəzzar demişdir: “Bizə Ubeydullah ibn Muhəmməd Əbur-Rəbi əl-Harisi danışdı, bizə Muhəmməd ibn İsmayıl ibn Əbu Fudeyk danışdı, mənə Əbdurrəhman ibn Fudeyl xəbər verdi, o da Əta əl-Xorasanidən, o da Həsəndən, o da Cabir ibn Abdullahdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qonşular üçdür: Qonşu var ki, onun bir haqqı var. O da, ən az haqqı olan qonşudur. Qonşu var ki, onun iki haqqı var. Qonşu var ki, onun üç haqqı var. O da, ən fəzilətli haqqı olan qonşudur. Bir haqqı olan, qohum olmayan, müşrik qonşudur. Onun qonşuluq haqqı var. İki haqqı olan, müsəlman qonşusudur. Onun İslam və qonşuluq haqqı vardır. Üç haqqı olan isə müsəlman qohum qonşularıdır. Onun qonşuluq, İslam və qohumluq haqları vardır”. Bəzzar dedi: “Bu hədisi Əbdurrəhman ibn Fudeyldən, yalnız İbn Əbu Fudeykin rəvayət etdiyini bilirik”.

Doqquzuncu hədisdə imam Əhməd demişdir: “Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, o da Əbu İmrandan, o da Talha ibn Abdullahdan, o da Aişədən, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşdu: “İki qonşum var, hansına hədiyyə verim?” O da dedi: “Qapısı daha yaxın olanına ver”. Bunu Buxari də Şubədən rəvayət etmişdir.

Onuncu hədisdə Təbərani və Əbu Nuaym Əbdurrəhman ibn Əbu Quradan rəvayət etmişlər ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dəstəmaz aldı, insanlar isə suyunu üzlərinə sürtməyə başladılar. «Niyə belə edirsiz?» dedi. Onlar dedilər: “Allah və Rəsulunun sevgisindən”. O dedi: “Kim Allahı və Rəsulunu sevmək istəyirsə, danışdığı zaman düzgün danışsın və ona əmanət edildiyi zaman, onu təslim etsin”.

On birinci hədisdə imam Əhməd demişdir: “Bizə Quteybə danışdı, bizə İbn Ləhiyə danışdı, o da Əbu Aşşanədən, o da Uqbə ibn Amirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qiyamət günü ilk çəkişən iki qonşu olacaq”.

«Yaxın dost» barəsində Sevri, o da Cabir əl-Cufidən, o da Şəbidən, o da Əli və İbn Məsuddan: “Bu qadındır” – demişlər.

İbn Əbu Hatim demişdir: Əbdurrəhman ibn əbu Leylədən, İbrahim Nəxaidən, Həsəndən — bir rəvayətdə — Səid ibn Cubeyrdən, bənzəri rəvayət edilmişdir.

İbn Abbas, Mucahid, İkrimə və Qatadə: “Yol yoldaşı” – demişlər. Səid ibn Cubeyr: “Yaxşı dostdur” – demişdir. Zeyd ibn Əsləm demişdir: “Qeyri səfər zamanı dostun, səfər zamanı isə, yoldaşındır”.

İbn Abbas ilə bir camaat «yolda qalan» qonaqdır demişlər. Mucahid, Əbu Cəfər əl-Bəqir, Həsən, Dəhhak və Muqatil: “Səfərdə yanında olandır” – demişlər.

Bu da açıq aydındır. Əgər qonaq deyənin məqsədi yoldan keçəndirsə, bu ikisi birdir. Yolda qalanlar haqqında, Bəraət surəsində geniş dayanacağıq. Güvənimiz və dəstəyimiz Allahdır.

«Sağ əllərinizin sahib olduqlarına». Bu kölələrə vəsiyyətdir. Çünki kölə çarəsizdir, insanların əlində əsirdir. Bu səbəblə Rəsulullah (salləllahu aleyhi və səlləm) ölüm anında, namaz, namaz, birdə kölələr, dedi. Səsi kəsilənə qədər bunu təkrarladı.

İmam Əhməd demişdir: “Bizə İbrahim ibn əbu Abbas danışdı, bizə Baqiyyə danışdı, bizə Buheyr ibn Sad danışdı, o da Xalid ibn Madəndən, o da Miqdəm ibn Madiyəkrəbdən, o da, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Özünə yedirdiyin sənin üçün sədəqədir. Övladına yedirdiyin sənin üçün sədəqədir. Zövcənə yedirdiyin sənin üçün sədəqədir. Xidmətçinə yedirdiyin sənin üçün sədəqədir.” Bunu Nəsai də Baqiyyədən rəvayət etmişdir. İsnadı sağlamdır. Allaha həmd olsun.

Abdullah ibn Amr köməkçisinə dedi: «Kölələrə yemək verdinizmi?» O: “Xeyr” – dedi. O da dedi: “Get, onlara ver; çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Bir adamın sahibi olduqlarına yeməklərini gec verməsi, ona günahdır”. Bunu Müslim rəvayət etmişdir. Əbu Hureyrə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Qulun yemək və geyim haqqı vardır. Ona gücü çatmayan iş təklif edilməz”. Bunu da Müslim rəvayət etmişdir. Əbu Hureyrə, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Əgər birinizə köləniz yemək gətirsə, yanında oturmasa, ona bir iki loğma və ya bir iki tikə uzatsın. Çünki o, yeməyi bişirmək üçün alovu hazırlayıb onun istisində dayanmışdır”. Buxari və Müslim rəvayət etmişlər. Sözləri Buxarinindir. Muslimin mətni belədir: “Onu yanında oturtsun, o da yesin. Əgər izdiham olarsa və yemək azdırsa, əlinə bir iki loğma qoysun.” Əbu Zərr də, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Onlar sizin qardaşlarınızdır. Allah onları sizin əlinizin altına qoymuşdur. Kimin qardaşı bu vəziyyətdədirsə yediyindən ona yedirtsin, geydiyindən də ona geyindirsin. Onlara aşıra bilmədikləri bir iş təklif etməyin. Etsəniz, onlara kömək edin”. Bunu Buxari ilə Muslim təxric etmişlər.

«Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir», yəni təkəbbürlük edəni, özünü insanlardan üstün görənləri və qəlbindən onlardan daha yaxşı olduğunu keçirəni, sevmir. O isə, Allahın nəzərində dəyərsizdir və insanların gözündə sevilməzdi. Mucahid «İnnəllahə lə yuhibbu mən kənə muxtələn» ayəsi barəsində demişdir: “Muxtəl” təkəbbürlük edəndir, “fəxur” verdiyini sayan və Allaha şükür etməyəndi”. Yəni, Allahın verdiyi neməti insanların başına qaxar, Allaha az şükür edər.

İbn Cərir demişdir: “Mənə Qasım danışdı, bizə Hüseyn danışdı, bizə Muhəmməd ibn Kəsir danışdı, o da Abdullah ibn Vəqid Əbu Rəca əl-Hərəvidən, o dedi: “Nə qədər pis mal sahibi olarsa, bir o qədər öyünən və lovğalıq edəndir. Sonra bu ayəni oxudu “sağ əllərinizin sahib olduqlarına yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir”. Sonra davam etdi: “Nə qədər asilik edən varsa, mütləq lovğa və bədbəxt olduğunu görəcəksən” və bu ayəni oxudu “Həm də anama qarşı qayğıkeş; məni lovğa və bədbəxt etmədi” (Məryəm, 32).

İbn əbu Hatim, o da Avam ibn Havşəbdən, “təkəbbürlü və özünü bəyənən” haqqında oxşarını demişdir. O demişdir: “Bizə atam danışdı, bizə Əbu Nuaym danışdı, bizə Əsvəd ibn Şeyban danışdı, bizə Yəzid ibn Abdullah ibn Sixxir danışdı və dedi: Muttarif belə dedi: “Mənə Əbu Zərdən bir hədis çatdı, onunla görüşmək istədim, görüşdüm və dedim: “Ey Əbu Zərr, mənə çatdığına görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) «Həqiqətən, Allah üç nəfəri sevir və üç nəfərə də nifrət edir” dediyini rəvayət edirsən”. O dedi: “Bəli, dostuma yalan danışmağı belə düşünməzdim». Mən dedim: «Allahın nifrət etdiyi üç nəfər kimdir?» O dedi: «Özünü öyən və həmişə lovğalanan. Onu Allahın nazil etdiyi kitabda görmürsən?» Sonra ayəni oxudu: «Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir».

Bizə atam danışdı, bizə Musa ibn İsmayıl danışdı, bizə Vuheyb danışdı, o da Xaliddən, o da Əbu Təmimədən, o da Bəlhuceym oğullarından olan bir nəfərdən, o, dedi: “Ey Allahın Rəsulu, mənə nəsihət et”. O da dedi: “İzarının ətəyini qətiyyən uzatma, çünki izarın ətəyini uzatmaq lovğalıqdır. Allah da lovğalığı sevmir”.