Bu, Allah təalanın Əhli kitab mənsublarını ayələri təkzib etmələrinə görə keçmişdə və indi etdikləri günahlara və haramlara görə qınamasıdır. Həmin ayələri məhz peyğəmbərlər onlara çatdırmışdır. Onlar da qürur və inadkarlıqlarından, haqqı tanımamalarından və ona tabe olmaq istəmədiklərinə görə belə etdilər. Bununla birlikdə özlərinə Allahın şəriətini təbliğ edən peyğəmbərlərdən bir çoxlarını səbəbsiz və günahsız yerə öldürdülər. Bunu yalnız onları haqqa çağırdıqları üçün etdilər. “Ədalətə çağıran insanları öldürənləri” bu da təkəbbürlüyün son mərhələsidir. Necə ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) “Təkəbbürlük haqqı tanımamaq və insanları kiçik görməkdir” demişdir.
İbn Əbi Hatim demişdir: Bizə Məkkədə qonaq olan Əbuz-Zubeyr Həsən ibn Əli ibn Muslim ən-Neysəburi danışdı, mənə Əbu Hafs Ömər ibn Hafs yəni, İbn Sabit ibn Zürarə əl-Ənsari danışdı, bizə Muhəmməd ibn Həmzə danışdı, mənə Əsəd oğullarının müttəfiqi Əbul-Həsən danışdı, o da Məkhuldan, o da Qabisa ibn Zueyb əl-Xuzaidən, o da Əbu Ubəydə ibn Cərrahdan (radiyAllahu anhudan) dedi: Mən dedim: “Ey Allahın Elçisi, Qiyamət günündə əzabı ən çətin olacaq kəs kimdir?” O buyurdu: “Bir peyğəmbəri və ya yaxşılığı əmr edib pis işlərdən çəkindirəni öldürən.” Sonra da Rasulullah (səlləllahu aleyhi və səlləm) “Allahın ayələrinə küfr edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ.“ ayəsindən « onların yardımçıları da olmayacaqdır.» qədər oxudu. Daha sonra Rasulullah (səlləllahu aleyhi və səlləm) buyurdu: «Ey Əbu Ubeydə, İsrail oğulları gündüzün əvvəlində bir saat içində qırx üç peyğəmbəri öldürdülər. Bu hadisədən sonra İsrail oğullarından yüz yetmiş nəfər qalxıb onları öldürənlərə yaxşılığı əmr edib pis işlərdən çəkindirmə vəzifələrini yerinə yetirməyə çalışdılar. Bu dəfə gündüzün sonunda onların da hamısını öldürdülər. Bax, Allah təalanın bəhs etdiyi kəslər bunlardır.» Bunu ibn Cərir də Əbu Ubeyd əl-Vassabi Muhəmməd ibn Hafsdan, o da ibn Humerdən, o da Əsəd oğullarının müttəfiqi Əbul-Həsəndən, o da Məkhuldan da bu cür rəvayət etmişdir.
Abdullah ibn Məsud (radiallahu anhu) demişdir: «İsrail oğulları gündüzün əvvəlində üç yüz peyğəmbər öldürdülər, sonunda da tərəvəz bazarlarını qurdular.» Bunu İbn Əbi Hatim rəvayət etmişdir. Buna görə də, haqqı qəbul etməyib yaradılanları alçaltdıqda, Allah təala da onlara bərabər şəkildə dünyada xor görülmək və alçaqlıq, axirətdə də alçaldıcı əzabla qarşılıq verdi və “onları üzücü bir əzabla müjdələ” buyurdu. Yəni, əzabverici və alçaldıcı deməkdir. “Onların əməlləri dünyada da, axirətdə də puç olmuşdur. Onlar üçün köməkçilər da yoxdur”.