İmam Əhməd demişdir: “Bizə Sufyan danışdı, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, o da Ummu Sələmənin belə dediyini rəvayət etmişdir”: “Ey Allahın Rəsulu, kişilər döyüşə çıxır, biz çıxmırıq, mirasın da yarısını alırıq”. Buna görə Allah bu ayəni nazil etdi: “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin”.
Bunu Tirmizi də İbn əbu Ömərdən, o da Sufyandan, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, o da Ummu Sələmədən rəvayət etmişdir və onun qərib hədis olduğunu demişdir. Bunu bəziləri də İbn əbu Nəcihdən, o da Mucahiddən, o da Ummu Sələmədən rəvayət etmişdir…
Bunu İbn əbu Hatim, İbn Cərir, İbn Mərduveyh və Hakim də “Mustədrək” əsərində Səvridən, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, Ummu Sələmənin belə dediyini rəvayət etmişdir: “Ey Allahın Rəsulu, döyüşmürük ki, şəhid olaq, mirası da bölüb almırıq”. Allah bu ayəni nazil etdi: “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir”. Sonra da bu ayəni nazil etdi: “Mən, sizlərdən işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm” (Ali-İmran, 195).
Sonra da İbn əbu Hatim demişdir: “Sufyan ibn Ueynə də İbn əbu Nəcihdən bu mətnlə rəvayət etmişdir”. Yəhya əl-Qəttan vəVəki ibn Cərrah da, Səvridən rəvayət etmişlər, o da İbn əbu Nəcihdən, o da Mucahiddən, Ummu Sələmənin belə dediyini rəvayət etmişdir: “Ey Allahın Rəsulu…”. Muqatil ibn Həyyan ilə Xuseyfdən bənzəri rəvayət edilmişdir.
İbn Cərir də İbn Cureycdən, o da İkrimə ilə Mucahiddən rəvayət etmişdir.Onlar demişlər: “Bu ayə Ummu Sələmə haqqında nazil edilmişdir”. Abdurrəzzaq demişdir: “Bizə Mamər xəbər verdi, o da Məkkəli bir qocadan, onun belə dediyini rəvayət etmişdir”: “Bu ayə, qadınların belə demələrinə görə nazil edildi: “Kaş ki, kişi olardıq və onlar kimi cihad edib Allah yolunda döyüşərdik”.
İbn əbu Hatim həmçinin demişdir: “Bizə Əhməd ibn Qasım ibn Atiyyə danışdı, mənə Əhməd ibn Əbdurrəhman danışdı, mənə atam danışdı, bizə Əşas ibn İshaq danışdı, o da Cəfər ibn əbu Muğiradan, o da Səid ibn Cubeyrdən, İbn Abbasın “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir”: “Bir qadın, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: “Ey Allahın Rəsulu, kişi üçün iki qadın payı vardır, iki qadının şahidliyi də bir kişinin şahidliyinə bərabərdir. Bizim əməlimiz də elədir? Bir qadın yaxşılıq etsə, ona savabın yarısı yazılır?”. Buna görə Allah “təmənna etməyin” ayəsini nazil etdi və: “Bu mənim ədalətimdir, Mən belə etdim” – dedi.
Suddi ayə barəsində demişdir: “Kişilər dedilər: “Payımız onların iki qatıdırsa, savabımızın da iki qat olmasını istəyirik.” Qadınlar dedilər: “Biz də kişilər kimi şəhid savabı qazanmaq istəyirik. Biz döyüşə getmirik. Bizə yazılsa idi, bizdə gedərdik.” Allah təala bunu qəbul etmədi və onlara dedi: “Məndən lütfümü istəyin, dünya malını deyil”. Eynisi Qatadədən rəvayət edilmişdir.
Əli ibn əbu Talha, İbn Abbasın “Allahın birinizi digərinizdən üstün etdiyi şeyi təmənna etməyin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Kişi, kaş ki, filankəsin malı və ailəsi mənim olsun” – deməsin. Allah bunu qadağan etdi. Allahdan yalnız lütfünü istəsin”. Həsən, Muhəmməd ibn Sirin, Əta və Dəhhak da belə demişlər. Ayənin zahirindən başa düşülən də budur.
İki Səhihdə sabit olan hədis ilə bunun arasında heç bir ziddiyyət yoxdur. Hədisdə deyilir: “Yalnız iki nəfərə həsəd edilər: Allah bir adama mal verər, o da malını haqq yolda xərcləyər. Bir kişi də deyər: ”Əgər onda olan məndə olsa idi, eynisini edərdim.”Bu ikisi savabda bərabərdirlər”. Çünki bu, ayənin qadağan etdiyinə daxil deyil. Hədisdə, onun neməti kimi bir neməti təmənna etməyə təşviq edilir. Ayə isə o nemətin tamamən əldən çıxması istəyini qadağan edir “Allahın birinizi digərinizdən üstün etdiyi şeyə təmənna etməyin”. Yəni dünya işlərində, deməkdir. Din işləri də elədir. Çünki Ummu Sələmə və İbn Abbas bu barədə hədisi vardır.
Əta ibn əbu Rəbah demişdir: “Ayə, birinin əlindəkini təmənna etməyin, qadınların kişi olub döyüşmək istəklərinin qadağan olunması xüsusunda nazil edildi”. Bunu İbn Cərir rəvayət etmişdir.
Sonra Allah təala buyurdu: “Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır” yəni hər kəs əməlinin qarşılığını görür, xeyirsə xeyir, şərsə şər. Bu, İbn Cəririn fikridir.
Belə də deyilmişdir: Burada məqsəd mirasdır, yəni hər kəs öz vəziyyətinə görə varis ola bilər. Bunu əl-Valibi, İbn Abbasdan rəvayət etmişdir.
Sonra Allah təala onlara islah edəcək şeyləri göstərdi: “Allahdan, Onun lütfünü diləyin”. Birinizi digərinizdən üstün etdiyi şeyə təmənna etməyin. Çünki bu kəskin bir əmrdir. Təmənnanın faydası olmaz. Məndən lütfümü istəyin, verim. Çünki Mən, kərəm sahibiyəm, bol-bol bağışlayanam.
Tirmizi və İbn Mərduveyh rəvayət etmişlər ki, Hammad ibn Vaqid demişdir: İsraildən eşitdim, o da Əbu İshaqdan, o da Əbu Əhvasdan, o da Abdullah ibn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allahdan, onun lütfünü diləyin, çünki Allah ondan istənməsini sevər. İbadətin ən fəzilətlisi sıxıntının dəf olmasını gözləməkdi”.
Sonra Tirmizi demişdir: “Bunu Hammad ibn Vaqid rəvayət etmişdir. O, hədis hafizi deyil. Bunu Əbu Nuaym, İsraildən, o da Hakim ibn Cubeyrdən, o da bir adamdan, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir. Əbu Nuaymın hədisi səhihliyə daha yaxındır”.
Bunu İbn Mərduveyh də Vəkidən, o da İsraildən rəvayət etmişdir. Sonra onu Qeys ibn Rəbidən, o da Hakim ibn Cubeyrdən, o da Səid ibn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir. İbn Abbas demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdu: “Allahdan lütfünü diləyin, çünki Allah istənməsini sevər. Ən sevdiyi qul sıxıntını sevəndi”.
Sonra Allah buyurur: “Həqiqətən, Allah hər şeyi Biləndir”, yəni O, dünyaya haqqı çatanı bilir və ona ondan verir. Fəqirliyə layiq olanı bilir və onu fəqir edir. Axirətə layiq olanı bilir və ona axirət əməllərini nəsib edir. Məhrumiyyətə layiq olanı bilir, onu xeyirdən və səbəblərindən məhrum edir. Buna görə deyilmişdir: “Həqiqətən, Allah hər şeyi Biləndir“.