Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.

Allah Təala Rəsuluna xitab edərək möminlərlə xeyirxah davrandığını bildirir. Çünki əmrinə tabe olan və qadağasını tərk edən ümmətinə, onun mülayim rəftar etməsini və onlarla xoş danışmasını Allah lütf etmişdir. O, Rəsulunun sözlərini  onlara xoş etmişdir. “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin” yəni, səni onlara qarşı mülayim edən hər bir şey Allahın sənə və onlara olan mərhəmətidir.

Qatadə demişdir: “fəbimə rahmətin min Allahi lintə ləhum” “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin” bu kəlam “fəbi rahmətin min Allahi lintə ləhum” deməkdir. Ayədəki “mə” ədatı bağlayıcıdır. Ərəblər gah onu müəyyənlikdə olan ismə bağlayırlar, məsələn “fəbimə naqdihim misaqahum” (Nisə, 155) ayəsində olduğu kimi, gah da qeyri-müəyyənlikdə olan ismə bağlayarlar, məsələn “Əmmə qalilin” (Muminun, 40). Burada da “fəbimə rahmətin min Allahi lintə ləhum” demişdir, yəni “birahmətin min Allah” deməkdir. Həsən Bəsri: «Bu, Muhammədin (səlləllahu aleyhi və səlləm) əxlaqıdır. Allah Təala onu bununla göndərmişdir.» – demişdir. Bu ayə, «Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (Tövbə, 128) ayəsinə bənzəməkdədir.

İmam Əhməd demişdir: Bizə Hayvəh danışdı, bizə Baqiyyə danışdı, bizə Muhamməd ibn Ziyad danışdı, mənə Əbu Rəşid əl-Hubrani danışıb dedi: Əbu Ümamə əl-Bəhili əlimdən tutub dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) əlimdən tutdu və: «Ey Əbu Ümamə, möminlərdən elələri var ki, qəlbi mənə qarşı yumşalır» – dedi.» Bunu ancaq Əhməd rəvayət etmişdir.

Sonra Allah Təala dedi: «Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar.» Burada keçən “fazzan” kəliməsi kobud deməkdir. Bundan məqsəd kobud danışıqlı olmaqdır. Çünki Allah Təala bunun ardınca “daş qəlbli” demişdir. Yəni, sən onlarla kobud danışaydın və onlara qarşı daş qəlbli olsaydın, onlar ətrafından dağılışar və səni tərk edərdilər. Ancaq Allah Təala onları sənin başına yığdı və səni yumşaq davrandırdı ki, qəlblərini birləşdirəsən. Necə ki, Abdullah ibn Amr demişdir: «Mən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) sifətini keçmiş kitablarda belə görürdüm: O, kobud sözlü və daş qəlbli deyildi. Bazarlarda qışqırıb-bağırmaz, pisliyi pisliklə qarşılamaz, ancaq əfv edər və bağışlayardı.

Əbu İsmayıl Muhamməd ibn İsmayıl Tirmizi demişdir: Bişr ibn Ubeyd əd-Darimi rəvayət etdi, bizə Ammar ibn Abdurrahman danışdı, o da əl-Məsudidən, o da İbn Əbi Muleykədən, o da Aişədən (radiyallahu anhə) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Allah mənə fərzləri yerinə yetirməyi əmr etdiyi kimi, insanları yola verməyimi də əmr etdi.» Bu, qərib bir hədisdir.

Bu səbəbdən Allah Təala “Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş”. – demişdir. Buna görə də Rəsulullah (salləllahu aleyhi və səlləm) bir hadisə baş verdikdə əshabı ilə məşvərət edərdi. Onların qəlblərini xoş etmək istəyərdi ki, etdikləri işlərdə daha fəal olsunlar. Necə ki, Bədir döyüşündə karvana hücum etmək barəsində onlarla məşvərət etdi. Onlar da: «Ey Allahın Rəsulu, əgər bizə dənizə girin  desən, hamımız sənin ardınca dənizə baş vurarıq. Əgər bizə Bərkul-Ğamada qədər gedin desən, hamımız səninlə birlikdə gedərdik. Sənə Musa qövmünün Musaya: “Sən və Rəbbin gedin vuruşun, biz burda qalacağıq” dediyi kimi demərik. Əksinə “Sən get, biz də səninləyik, önündəyik, arxandayıq, sağındayıq, solundayıq, döyüşərik” – dedilər.

Onlarla harada köç salacaqlarını da məşvərət etdi. Hətta əl-Muniq Liyəmutə ləqəbli Munzir ibn Amr, ölmək üçün əsgərlərin qabağında getməyi təklif etdi. Həmçinin onlarla Uhudda şəhərdə qalmaq yaxud düşmənə tərəf səfərə çıxmaq barədə də məşvərət etdi. Çoxluq çıxmağı təklif etdi. O da çıxdı. Eyni ilə Xəndək döyüşündə də həmin il Mədinə xurmalarının 3-də birini verərək sülh imzalamaq barədə məsləhətləşdi. Sad ibn Muaz ilə Sad ibn Ubadə bunu qəbul etmədiyi üçün bu fikrindən daşındı. Onlarla Hudeybiyə səfərində də müşriklərin uşaqlarına  hücum etməyi məşvərət etdi. Əbubəkr əs-Siddiq (radiyallahu anh): «Biz heç kimlə döyüşməyə gəlmədik, biz ancaq ümrə etmək üçün gəldik» – dedi. O da buna uyğun qərar verdi. İftira qissəsində də: “Ey müsəlmanlar, ailəmə iftira atan insanlar barədə mənə fikirlərinizi deyin. Allaha and içirəm ki, mən ailəmdən də, günahlandırdıqları adamdan da bir pislik görmədim. Allah and içirəm ki, ondan həmişə yaxşılıq görmüşəm» – dedi.

Aişədən (radiyallahuanhə) ayrılma haqqında Əli (radiyallahu anh) və Usamə ilə məşvərət etdi.

Döyüş və buna bənzər vəziyyətlərdə də onlarla məşvərət edərdi. Fəqihlər bu, onun üçün vacib idimi, yaxud müstəhəblik babından qəlblərini xoş etmək üçün edərdi – deyə iki rəy bildirərək ixtilaf etmişlər.

Hakim, Müstədrəkində demişdir: Bizə Əbu Cəfər Muhamməd ibn Muhamməd əl-Bağdadi xəbər verdi, bizə Yəhya ibn Eyyub əl-Allaf Misirdə danışdı, bizə Said ibn Əbi Məryəm danışdı, bizə Süfyan ibn Uyeynə xəbər verdi, o da Amr ibn Dinardan, o da İbn Abbasdan “işlər barədə onlarla məsləhətləş” kəlamı haqqında demişdir: «Onlar Əbubəkr ilə Ömərdir (radiyallahuanhum)» – demişdir. Sonra Hakim: «Səhihdir, iki şeyxin şərtlərinə uyğundur, təxric etməmişlər» – demişdir. Əl-Kəlbi də Əbu Salehdən, o da İbn Abbasdan demişdir: “Bu ayə, Əbubəkr ilə Ömər haqqında endi. O iki nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) həvariləri, vəzirləri və müsəlmanların ataları idilər.»

İmam Əhməd rəvayət etmişdir: Bizə Vəki danışdı, bizə Abdulhamid danışdı, o da Şəhr ibn Havşəbdən, o da Abdurrahman ibn Ğanəmdən rəvayət edir ki,  Rəsulullah (salləllahu aleyhi və səlləm), Əbubəkr ilə Ömərə: “Əgər bir məşvərətdə sizinlə bir yerdə olsaydım, sizə müxalif olmazdım” – demişdir.

İbn Mərduveyh də Əli ibn Əbu Talibdən (radiyallahuanh) onun belə dediyini rəvayət etmişdir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Qərar nədir” – deyə soruşdular. O da dedi: “Müşavirlərlə məşvərət edib onlara tabe olmaqdır.”

İbn Macə demişdir: Bizə Əbubəkr ibn əbi Şeybə danışdı, bizə Yəhya ibn əbi Bukeyr danışdı, o da Şeybandan, o da Abdulməlik ibn Umeyrdən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Müşavir etibarlı olmalıdır” – demişdir. Bunu Əbu Davud ilə Tirmizi də rəvayət etmişdirlər. Tirmizi: “Həsəndir” – demişdir. Nəsai də Abdulməlik ibn Umeyrdən daha ətraflı şəkildə rəvayət etmişdir.

Sonra İbn Macə demişdir: Bizə Əbubəkr ibn Əbi Şeybə danışdı, bizə Əsvəd ibn Amir danışdı, o da Şərikdən, o da Aməşdən, o da Əbu Amr əş-Şeybənidən, o da İbn Məsuddan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Müşavir əmin insan olmalıdır” – demişdir. Bunu yalnız İbn Macə rəvayət etmişdir.

O yenə demişdir: Bizə Əbubəkr danışdı, bizə Yəhya ibn Zəkəriyya ibn Əbi Zaidə ilə Əli ibn Haşim danışdı, onlar da İbn Əbi Leyladan, o da Əbuz-Zubeyrdən, o da Cabirdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Biri sizdən məsləhət istədiyi zaman ona məsləhət verin.” Bunu da yalnız İbn Macə rəvayət etmişdir.

Qəti qərara gəldikdə isə Allaha təvəkkül et” yəni bir iş barəsində onlarla məsləhətləşib qərar verdiyin zaman Allaha təvəkkül et. “Həqiqətən, Allah təvəkkül edənləri sevir”.

Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər”. Bu da yuxarıda qeyd edilən bu ayə kimidir: “Qələbə yalnız əziz və hakim olan Allahın qatındadır” (Ali-İmran, 126). Sonra Ona təvəkkül etmələrini buyurub dedi: “Qoy möminlər Allaha təvəkkül etsinlər”.

Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”. İbn Abbas, Mucahid, Həsən və digərləri demişlər: “Peyğəmbərə xainlik etmək yaraşmaz.” İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Musəyyəb ibn Vadih danışdı, bizə Əbu İshaq əl-Fəzari danışdı, o da Sufyan ibn Xusifdən, o da İkrimədən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Bədr döyüşündə bir məxmər itirmişdilər. Onlar dedilər: “Bəlkə bunu Rəsulullah (salləllahu aleyhi və səlləm) götürüb?” Allah bu ayəni nazil etdi “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”.

İbn Cərir demişdir: Bizə Muhəmməd ibn Abdulməlik ibn Əbuş-Şəvarib danışdı, bizə Abdulvahid ibn Ziyad danışdı, bizə Xasif danışdı, bizə Miqsəm danışdı, mənə İbn Abbas danışdı ki, “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz” ayəsi Bədr döyüşündə itən bir qırmızı məxmərə görə nazil olmuşdur. Bəziləri: “Bəlkə onu Rəsulullah (salləllahu aleyhi və səlləm) götürüb” – deyərək bunu çox müzakirə etdilər. Buna görə Allah təala bu ayəni nazil etdi: “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr”.

Əbu Davud (rahiməhullah) ilə Tirmizi, ikisi də Quteybədən, o da Abdulvahid ibn Ziyaddan bu cür rəvayət etmişlər. Tirmizi: “həsən qəribdir” – demişdir. Bəziləri isə onu Xasifdən, o da Miqsəmdən, mürsəl olaraq rəvayət etmişlər.

İbn Mərduveyh də Əbu Amr ibn Alə yolundan, o da Mucahiddən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: Munafiqlər Rəsulullahı (salləllahu aleyhi və səlləm) itmiş bir şeyə görə ittiham etdilər. Allah da bu ayəni nazil etdi “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz”.

İbn Abbasdan da bir çox yoldan yuxarıda keçdiyi kimi rəvayət edilmişdi. Bu, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üçün əmanəti çatdırmaqda, qəniməti bölməkdə və sairə bu kimi işlərdə hər növ xəyanətlərdən bir bəraətdir.

Avfi də İbn Abbasdan “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz” ayəsi barəsində belə demişdir: “Yəni, bölüklərin bəzisinə pay verib, bəzisinə verməmək.” Dəhhak da bu cür demişdir. Muhəmməd ibn İshaq isə demişdir: “Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz” yəni, nazil olanın bir qismini saxlayıb ümmətinə təbliğ etməməsi mümkün deyil.

Həsən Bəsri, Tavus, Mucahid və Dəhhak “va mə kənə linəbiyyin ən yəğullə” ayəsindəki “yəğullə” sözünü “yə” hərfi damməli şəkildə “yuğallə” kimi oxumuşlar ki, bu da “bir peyğəmbərə xəyanət edilməz” deməkdir.

Qatadə ilə Rəbi ibn Ənəs demişlər: “Bu ayə, Bədrdə nazil oldu. Səhabələrdən bəziləri xəyanət etmişdi”. Bunu o ikisindən İbn Cərir rəvayət etmişdir. Sonra da bəzilərindən bu qiraəti, xəyanətdə ittiham edilmək mənasında oxuduğunu nəql etmişdir.

Sonra Allah təala buyur: “Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir”. Bu da şiddətli bir hədələmə və qüvvətli bir xəbərdarlıqdı. Bunun qadağan olduğu çoxlu hədislərdə varid olmuşdur. İmam Əhməd demişdir: Bizə Abdulməlik danışdı, bizə Zuheyr yəni, İbn Muhəmməd danışdı, o da Abdullah ibn Muhəmməd ibn Aqildən, o da Əta ibn Yasərdən, o da Əbu Malik əl-Əşcaidən (radiyallahu anhu), Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Allah qatında xəyanətin ən böyüyü bir arşın torpaq xəyanətidir. İki adamın bir ərazidə və ya bir evdə qonşu olduğunu görürsünüz, biri digərinin torpağından bir arşın oğurlayar. Onu oğurladığı halda Qiyamətə kimi yeddi qat yerin dibinə qədər kəmər kimi boynuna taxılar.”

İki Səhihdə Səid ibn Zeyd demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim bir qarış torpaq qədər zülm edərsə, Qiyamət günü yeddi qat yer boynuna kəmər kimi taxılar.”

Başqa bir hədisdə İmam Əhməd demişdir: “Bizə Musa ibn Davud danışdı, bizə İbn Ləhiya danışdı, o da Əbu Hubeyrədən, o da Haris ibn Zeyddən, o da Abdurrəhman ibn Cubeyrdən deyir: Mustəvrid ibn Şəddaddan eşitdim ki, o deyir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim bizim bir işimizi üzərinə götürsə evi olmasa bir ev götürsün, zövcəsi yoxdursa evlənsin, xidmətçisi yoxdursa xidmətçi götürsün, miniyi yoxdursa bir minik götürsün. Bunlardan başqa nə götürsə quldurluq etmiş olar”. İmam Əhməd bu cür rəvayət etmişdir. Bunu Əbu Davud da başqa isnad və mətnlə rəvayət edərək demişdir: Bizə Musa ibn Mərvan ər-Raqqi danışdı, bizə əl-Muafa danışdı, bizə Əvzai danışdı, o da Haris ibn Yəziddən, o da Cubeyr ibn Nufeyrdən, o da Mustəvrid ibn Şəddaddan dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Kim bizim üçün bir iş görərsə, zövcə götürsün. Əgər xidmətçisi yoxdursa, xidmətçi götürsün. Evi yoxdursa ev götürsün”. Əbubəkr dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi barəsində mənə xəbər verildi: “Kim bunlardan başqasını götürsə, o quldur və ya oğrudur”. Şeyximiz Hafiz əl-Mizzi demişdi: Bunu Cəfər ibn Muhəmməd əl-Firyabi, o da Musa ibn Mərvandan rəvayət edib: Cubeyr ibn Nufeyl yerinə Abdurrəhman ibn Cubeyr – demişdir. Bu doğruya daha çox oxşayır.

Başqa bir hədisdə İbn Cərir demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Hafs ibn Bişr danışdı, bizə Yaqub əl-Qummi danışdı, bizə Hafs ibn Humeyd danışdı, o da İkrimədən, o da İbn Abbasdan dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdi: “Biriniz, dəqiq bilirəm, qiyamət günü mələyən bir qoyun daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim. Biriniz, dəqiq bilirəm, qiyamət günü nərildəyən bir dəvəni daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Biriniz, dəqiq bilirəm, qiyamət günü kişnəyən bir atı daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Biriniz, dəqiq bilirəm, qiyamət günü bir parça dərini daşıyaraq gəlir və: “Ey Muhəmməd, Ey Muhəmməd” — deyə haraylayır. Mən də deyirəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Bunu altı kitabdan heç biri rəvayət etməmişdi.

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Sufyan danışdı, o da Zuhridən, o Ürvədən eşitmişdir ki, deyir: Bizə Əbu Umeyd əl-Səidi xəbər verdi və dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) Əzd qəbiləsindən İbn Lutbiyyə adı ilə tanınan bir adamı zəkatda çalışmaq üçün işə götürdü. O gəlib dedi: “Bu sizindir, bu da mənə hədiyyə edildi.” Rəsulullah (salləllahu aleyhi və səlləm) minbərə çıxıb dedi: “Göndərdiyimiz məmura nə olub ki, “Bu sizindir, bu da mənə hədiyyə edildi” deyir. Atasının anasının yanında evində oturduğu halda ona hədiyyə edilərdi, edilməzdi? Muhəmmədin ruhunu əlində tutan Allaha and olsun ki, biriniz zəkatdan götürsəniz, qiyamət günü mütləq onu boynunda daşıyaraq gələcəksiz. İstər nərildəyən bir dəvə olsun, istər böyürən bir inək olsun, istər mələyən bir qoyun olsun.” Sonra əllərini göyə qaldırdı. Hətta biz onun qoltuq altının ağartısını gördük. Sonra da üç dəfə təkrar etdi: “Allahım, təbliğ etdimmi?”

Hişam ibn Ürvə bunu əlavə etmişdir: Əbu Humeyd dedi: “Bunu mən gözümlə gördüm, qulağımla eşitdim. İstəsəniz Zeyd ibn Sabitdən soruşun”. İki Şeyx bunu Sufyan ibn Ueynədən təxric etmişlər. Buxaridə bu şəkildədir: “Zeyd ibn Sabitdən soruşun.” Başqa yollarla da Zuhridən rəvayət edilmişdi. Bir yoldan da Hişam ibn Urvədən, ikisi də Urvədən bu cür rəvayət etmişdir.

Başqa bir hədisdə, İmam Əhməd demişdir: Bizə İshaq ibn İsa danışdı, bizə İsmayıl ibn Əyyaş danışdı, o da Yəhya ibn Səiddən, o da Urvə ibn Zubeyrdən, o da Əbu Humeyddən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Məmurların hədiyyəsi talandır.” Bu hədis imam Əhmədin tək olaraq rəvayət etdiyi hədislərdən sayılır. Sənədi zəifdir. Sanki əvvəlkindən ixtisar edilibdi. Allah ən doğrusunu biləndir.

Başqa bir hədisdə, Əbu İsa Tirmizi “Əl-Əhkam” kitabında demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Əbu Usamə danışdı, o da Davud ibn Yəzid əl-Əvdidən, o da Muğira ibn Şibldən, o da Qeys ibn Əbu Həzimdən, o da Muaz ibn Cəbəlin belə dediyini rəvayət etmişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) məni Yəmənə göndərdi. Gedən kimi dalınca adam göndərdi. Mən də qayıtdım. O dedi: “Sənin dalınca niyə adam göndərdiyimi bilirsən? Mənim icazəm olmadan heç nə alma, çünki o talandır. Kim də talançılıq etsə talan etdiyini qiyamət günü gətirər. Səni buna görə çağırdım, indi isə işinə qayıt”. Bu hədis həsən qəribdir. Bunu yalnız bu isnadla bilirik. Bu mövzuda Adiy ibn Umeyrə, Bureydə, Mustəvrid ibn Şəddad, Əbu Humeyd və İbn Ömərdən hədislər vardır.

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə İsmayıl ibn Uleyyə danışdı, bizə Əbu Həyyan Yəhya ibn Səid ət-Teymi danışdı, o da Əbu Zura ibn Ömər ibn Cərirdən, o da Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gün qalxıb bizə talandan bəhs etdi. Onu çox böyütdü və durumunu qabartdı. Sonra da dedi: “Birinizi qiyamət günü boynunda nərildəyən bir dəvə ilə mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Birinizi qiyamət günü çiynində kişnəyən bir atla mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Birinizi qiyamət günü çiynindən sallanan bir parça dəri ilə mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Birinizi qiyamət günü çiynində qızıl və gümüş torbası ilə mənə belə səsləndiyini görməyim: “Ey Allahın Rəsulu mənə yardım et.” Mən də deyərəm: “Mən sənin üçün heç nə edə bilmərəm, sənə təbliğ etmişdim.” Bunu iki Şeyx Əbu Həyyandan bu cür rəvayət etmişdir.

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Yəhya ibn Səid danışdı, o da İsmayıl ibn Əbu Xaliddən, mənə Qeys danışdı, o da Adiy ibn Umeyrə əl-Kindidən dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Ey insanlar, içərinizdən kim bizə bir iş gördüyü halda bizdən bir iynə və ya daha sadə bir şey gizlədərsə, o talançıdır. Onu qiyamət günü gətirər.” Ənsardan qara dərili bir adam ayağa durdu – Mücalid dedi: O, Said ibn Ubadə idi. Hələ də gözümün qabağındadır – və dedi: “Ey Allahın Rəsulu, məni vəzifəmdən azad et.” O da: ”Nə olub?” – dedi. Kişi: “Sənin belə-belə dediyini eşitdim” — dedi. O da: “Mən indi də deyirəm; kimi bir işə cəlb etdiksə azı da, çoxu da bizə gətirsin. Ondan özünə veriləni götürər, verilməyəni də götürməz” –dedi.” Müslim ilə Əbu Davud da İsmayıl ibn Əbi Xaliddən belə rəvayət etmişdir.

Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Əbu Müaviyə danışdı, bizə Əbu İshaq əl-Fəzari danışdı, o da İbn Cüreycdən, mənə Əbu Rafi ailəsindən olan Mənbuz rəvayət etdi, o da Fadl ibn Ubeydullah ibn Əbi Rafidən, o da Əbu Rafidən rəvayət edərək dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) əsr namazını qıldıqdan sonra bəzən Abdul-Əhşəl oğullarının yanına gedər, məğrib yaxınlaşana qədər onlarla danışardı. Əbu Rafi deyir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) sürətlə məğrib namazına qayıdarkən, Bəqi qəbiristanlığının yanından keçərkən iki dəfə dedi: “Uf sənə, uf sənə.” Mənə tərəf təkbir aldı, mən də geri çəkildim, məni qəsd etdiyini düşündüm. Sonra dedi: “Nə olub sənə?.. Yeri.” Mən də: “Ey Allahın Rəsulu, nə isə bir hadisə baş verib?” – dedim. O da: “Bu nə deməkdir?” – dedi. Mən də: “Mənə uf dedin” – söylədim. O da: “Xeyr. Bu filankəsin qəbridir. Onu filan qəbiləyə zəkat məmuru olaraq göndərmişdim. O da cızıqlı bir əba oğurladı. İndi oğurladığı qədər alovdan köynək geyindirildi”- dedi.

Başqa bir hədis, İmam Əhmədin oğlu Abdullah demişdir: Bizə Abdullah ibn Səlim əl-Kufi əl-Məfluc Məkkədə danışdı, bizə Ubeydə ibn Əsvəd danışdı, o da Qasım ibn Vəliddən, o da Əbu Sadiqdən, o da Rabia ibn Nəciddən, o da Ubadə ibn Samitdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) qənimət dəvəsinin yanından bir təzək götürdü və sonra dedi: “Mənim nəzərimdə bu, sizlərdən birinin nəzərindəki ilə eynidir.” Əli-əyrilikdən çəkinin. Çünki əli-əyrilik qiyamət günü insan üçün bir rüsvayçılıqdı. Sap, iynədən tutmuş daha kiçik nə varsa hamısını təhvil verin. Allah yolunda yaxınla, uzaqla, yaşadığınız yerdə və səfərdə cihad edin. Çünki cihad cənnət qapılarında bir qapıdır. Bu bir həqiqətdir ki, Allah onunla insanı qəm və kədərdən xilas edir. Allahın hədlərini yaxına və uzağa tətbiq edin. Bu xüsusda qınayanın qınağından qorxmayın.” İbn Macə də bir qismini Məfluçdan eyni ilə rəvayət etmişdir.

Başqa bir hədis, Amr ibn Şuaybdan, o da atasından, o da babasından rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)  demişdir: “İynədən ipliyə hər şeyi təhvil verin. Çünki əli-əyrilik qiyamət günündə sahibi üçün ardır, alovdur və alçaqlıqdır.”

Başqa bir hədis, Əbu Davud demişdi: Bizə Osman ibn Əbu Şeybə danışdı, bizə Cərir danışdı, o da Mutarrifdən, o da Əbul-Cəhmdən, o da Əbu Məsud əl-Ənsaridən demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) məni zəkat toplamağa göndərdi, sonra da dedi: “Get, ey Əbu Məsud, qiyamət günündə səni zəkat dəvələrindən oğurlayıb nərildəyən bir dəvəni kürəyində daşıyan görməyim” – dedi. Mən də: ”Elə isə getməyim” – dedim. O da: “Sən bilərsən, səni məcbur etmirəm” – dedi. Bunu yalnız Əbu Davud rəvayət etmişdir.

Başqa bir hədis, Əbubəkr ibn Mərduveyh demişdir: Bizə Muhamməd ibn Əhməd ibn İbrahim rəvayət etdi, bizə Muhamməd ibn Osman ibn Əbi Şeybə rəvayət etdi, bizə Abdulhamid ibn Saleh rəvayət etdi, bizə Əhməd ibn Əban rəvayət etdi, o da Alqamə ibn Mərsəddən, o da İbn Bureyrədən, o da atasından rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Cəhənnəmə bir daş atılar, 70 il düşər amma dibinə çatmaz, oğurlanmış mal da gətirilər, onu da Cəhənnəmə atarlar, sonra onu oğurlayana: “Onu gətir” deyilər. Məhz Allah Təalanın  “Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr” deməsi budur.

Başqa bir hədis, İmam Əhməd demişdir: Bizə Haşim ibn Qasım danışdı, bizə İkrimə ibn Ammar danışdı, mənə Simak əl-Hənəfi Əbu Zəmil danışdı, mənə Abdullah ibn Abbas danışdı, mənə Ömər ibn Xəttab danışıb dedi ki, Xeybər döyüşü bitəndə Rəsulullahın  (salləllahu aleyhi və səlləm) bəzi əshabı: “Filankəs şəhiddir”, “filankəs şəhiddir” dedilər. Sonda: “Filankəs də şəhiddir?” – dedilər. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Xeyr, mən onu oğurladığı bir arxalığa, bir rəvayətdə isə əbaya görə Cəhənnəmdə gördüm” – dedi. Sonra Rəsulullah  (salləllahu aleyhi və səlləm): “Ey Xəttabın oğlu, get insanlara “Cənnətə ancaq möminlər girər” deyə elan et” – dedi. O da dedi: “Çıxıb: “Cənnətə ancaq möminlər girər !” – deyə səsləndim”. Müslim ilə Tirmizi də İkrimə ibn Ammar hədisindən eyni cür rəvayət etmişlər. Tirmizi: ”Həsən, səhihdir” – demişdir.

Ömərdən (radiyallhuanh) başqa bir hədis: İbn Cərir demişdir: “Mənə Əhməd ibn Abdurrahman ibn Vəhb danışdı, mənə Abdullah ibn Vəhb danışdı, mənə Amr ibn Haris xəbər verdi ki, ona Musa ibn Cübeyr danışdı ki, Abdullah ibn Abdurrahman ibn Habbab əl-Ənsari, ona da Abdullah ibn Uneys danışdı ki, o və Ömər ibn Xəttab bir gün zəkat haqqında danışırdılar. Ömər ibn Xəttab: “Rəsullahın (salləllahu aleyhi və səlləm) zəkatdan oğurlama haqqında: ”Kim bir dəvə və ya qoyun oğurlayarsa, qiyamət günü onu yüklənərək gələr” – dediyini eşitmədinmi?” – dedi. Abdullah ibn Üneys də: “Bəli” – dedi.” Bunu İbn Macə də Amr ibn Səvbandan, o da Abdullah ibn Vəhbdən eyni ilə rəvayət etmişdi.

Başqa bir hədisdə İbn Cərir demişdir: Bizə Səid ibn Yəhya əl-Əməvi danışdı, bizə atam danışdı, bizə Yəhya ibn Said danışdı, o da Nafidən, o da İbn Ömərdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Sad ibn Ubadəni zəkat məmuru olaraq göndərdi və dedi: “Ey Sad, nə badə, qiyamət günündə belində nərildəyən bir dəvə daşıyaraq gələsən”. O da: “Nə bu vəzifəni alaram, nə də onunla gələrəm” – dedi və istefa verdi. Peyğəmbərimiz də istefasını qəbul etdi.” Sonra bunu İbn Cərir, Ubeydullah Nafi vasitəsi ilə də eyni cür rəvayət etmişdir.

Başqa bir hədisdə İmam Əhməd demişdir: Bizə Əbu Said danışdı, bizə Abduləziz ibn Muhamməd danışdı, bizə Saleh ibn Muhamməd ibn Zaidə danışdı, o da Salim ibn Abdullahdan nəql etdi ki, o Məsləmə ibn Abdulməlik ilə birlikdə Rum torpağında idi. Bir adamın əşyaları arasında oğurluq bir mal tapıldı. O dedi: Bu haqda Salim ibn Abdullahdan soruşdu, o da: “Mənə atam Abdullah danışdı, o da Ömər ibn Xəttabdan (radiyallahu anh) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kimin əşyaları arasında oğurluq mal tapsanız onu yandırın”. Bir rəvayətdə isə, səhv etmirəmsə: “Onu döyün” – demişdir. Həmin adamın əşyasını bazara çıxartdı. Arasında bir mushaf tapdı. Salimdən soruşdu, o da: “Onu sat və pulunu sədəqə ver” – dedi. Bunu Əli ibn Mədini, Əbu Davud və Trimizi də Abdulaziz ibn Muhamməd əd-Dəraverdinin hədisindən rəvayət etmişdir. Əbu Davud ilə Əbu İshaq əl-Fəzari bunu əlavə etmişlər, ikisi də Əbu Vaqid əl-Leysi əs-Sağir Salih ibn Muhamməd ibn Zaidədən eynisini rəvayət etmişlər.

Əli ibn Mədini, Buxari və digərləri də demişlər: “Bu Əbu Vaqidin rəvayəti olaraq münkər bir hədisdir.” Daraqutni: “Doğru olan bunun Salimin fətvası olmasıdır” – demişdir. İmam Əhməd ibn Hənbəl ilə onun ardınca gedənlər bu hədisin tələbinə uyğun əməl edilməsi rəyində olmuşlar. Bunu Əl-Əməvi Muviyədən, o da Əbu İshaqdan, o da Yunis ibn Ubeydədən, o da Həsəndən rəvayət etmişdir. Həsən: “Çırpışdıranın yükü çıxardılar, içindəkilərlə birlikdə yandırılar” – demişdir. Sonra Muaviyədən, o da Əbu İshaqdan, o da  Osman ibn Atadan,  o da atasından, o da Əlidən (radiyallahu anh) onun belə dediyini rəvayət etmişdir: “Oğurlayanın yükü bir yerə yığılar, yandırılar, özü isə kölədən bir az daha yüngül şəkildə kötəklənir, payına düşən də verilməz.” Əbu Hənifə, Malik, Şafii və cumhur bunun əksini iddia etmiş və: “Oğurlayanın malı yandırılmaz, hər bir kəs kimi cəzalandırılar” — demişdir. Buxari demişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) qənimətdən oğurluq edənin namazını qılmaq istəmədi, əşyalarını da yandırmadı.” Allah ən doğrusunu biləndir.

İmam Əhməd demişdir: Bizə Əsvəd ibn Amr danışdı, bizə İsrail rəvayət etdi, o da Əbu  İshaqdan, o da Cubeyr ibn Malikdən rəvayət edib dedi: “(Oğurlanmış) Mushafların qaralanması əmr edildi.” Davam edib deyir ki, İbn Məsud demişdir: “Aranızdan kim, mushaf oğurlaya bilirsə oğurlasın, çünki qiyamət günü oğurladığı şeylə gələr.” Sonra dedi: “Mən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) ağzından yetmiş surə eşidib oxudum, Rəsulullahın (salləllahu aleyhi və səlləm) ağzından eşitdiyimi tərk edərəmmi?”

Vəki təfsirində Şərikdən, o da İbrahim ibn Muhacirdən, o da İbrahimdən rəvayət edir ki, Mushafların yandırılması əmr edildikdə, Abdullah ibn Məsud dedi: ”Ey insanlar, mushaflları oğurlayın, çünki insan qiyamət günü oğurladığı şeylə gələr. Birinizin qiymət günü oğurladığı mushafla gəlməsi nə gözəldir.” Əbu Davud demişdir: Səmurə ibn Cündəbdən, o belə demişdir: ”Rəsulullah (salləllahu aleyhi və səlləm) bir qənimət əldə etdiyi zaman Bilala əmr edərdi ki, insanlara çar çəksin. Sonra qənimətlərini gətirərdilər. Onu beş yerə bölər və paylayardı. Bir adam elandan sonra bir nazik yüyən gətirdi və: “Ey Allahın Rəsulu, bu qənimətdən əldə etdiyim bir şeydir” – dedi. O da: ”Bilalın üç dəfə car çəkdiyini eşitdinmi?” – dedi. Kişi: “Bəli” – dedi. O da: “Nə üçün o zaman gətirmədin?” – dedi. Adam üzr istədi. O da: “Xeyr, onu qiyamət günü gətirəcəksən. Mən bunu səndən qəbul etmərəm.” – dedi.

Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!” Yəni, Allahın halal etdiyi şeylərdə rızasını axtarıb, razılığını və bol savabını haqq edən və ağır əzabından qurtulanla, Allahın qəzəbinin haqq edən, ondan heç cürə xilas ola bilməyən birdirmi? Onu yeri qiyamət günü Cəhənnəmdir, ora nə pis qayıdış yeridir! Qurani Kərimdə bu ayənin bir çox bənzərləri vardır; “Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? ” (Rad, 19). ” Məgər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü gətiriləcək kimsə ilə eyni ola bilərmi?”(Qasas, 61).

“Onlar Allah dərgahında dərəcələrdə olacaqlar”. Həsən Bəsri ilə Muhaməd ibn İshaq demişlər: “Yəni xeyir əhli ilə şər əhli dərəcə dərəcədirlər.” Əbu Ubeydə ilə Kisai də demişlər: Mənzilləri yəni, qaldıqları yerlərdə, cənnətdəki dərəcələrdə və cəhənnəmdəki qatlarda fərqlidirlər.” Bu ayədə də belədir: “Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir.”(Ənam, 132). Buna görədir ki, “Allah onların nə etdiklərini görür!” demişdir. Yəni, onlara bunun əvəzini ödəyəcək; onlara nə zülm olaraq xeyirlərini azaldar, nə də şərlərini artırmaz; Əksinə hər əməl edənə əməlinin əvəzini verər.

Allah möminlərə, öz aralarından bir Elçi göndərməklə mərhəmət göstərmişdir.” Yəni, öz cinslərindən deməkdir. Bu zaman onunla bir yerdə danışa, sual soruşa,  oturub dura və faydalana bilərlər. Necə ki, belə demişdir: ”Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması da Onun dəlillərindəndir.” (Rum, 21).Yəni cinsinizdən deməkdir. Allah Təala belə demişdir: De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur” (Kəhf, 110).Yenə Allah Təala belə buyurmuşdur:  “Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar” (Furqan, 20).“Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik”(Yusif, 109) və belə buyurmuşdur: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən elçilər gəlmədimi?” (Ənam, 130). Onlara göndərilən elçilərin öz cinslərindən olması onlar üçün daha böyük nemətdir.  Çünki o zaman onunla danışa bilər, onunla qarşı-qarşıya söhbət edə bilərlər. Bunun üçün də Allah Təala demişdir: “onlara ayələrini oxuyan” yəni, Quranı oxuyar. “onları təmizləyən” yəni, onlara yaxşı işləri əmr edər və pis işləri qadağan edər ki, onların nəfslərini təmizləsin. Onları şirk və cahiliyyə hallarında yoluxduqları piş və murdar işlərdən pak etsin. “onlara Kitabı və Hikməti öyrədən” – yəni, Quranı və Sünnəni deməkdir. “Halbuki əvvəllər onlar” yəni, bu elçidən əvvəl “açıq-aydın azğınlıqda idilər.”  Yəni, aydın görünən azğınlıq və cəhalət içində deməkdir ki, bu da hər kəs üçün bəllidir.