Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. Əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Eynilə varisin üzərinə düşür. Əgər özlərinin razılığı və məsləhəti ilə süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı əmizdirmək istəyirsinizsə və müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.

Bu, uşaqları əmizdirən qadınlara onları tam əmizdirmələrinə dair Allah Təalanın yol göstərməsidir. Bu iki ildir. Bundan sonrakı əmməyin hökmü yoxdur. Məhz elə buna görə “Bu, əmizdirməni tamamlamaq istəyanlər üçündür” buyurulmuşdu. İmamların çoxu yalnız iki ildən aşağı yaşda əmmənin məhrəm etdiyini demişlər. Əgər uşaq iki ildən yuxarı yaşda əmsə məhrəm olmaz.

Tirmizi bu məsələya dair demişdir: “Əmizdirmə yalnız kiçik yaşda edilməklə məhrəm edir” bölümü: Bizə Quteybə, bizə Əbu Əvanə, o da Hişam İbn Ürvədən, o da Fatimə bint Munzirdən,o da Ummu Sələmədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Süd qohumluğunu ancaq döşdən bağırsaqlara çatan və süddən kəsilmədən əvvəlki əmizdirmə edər.” O demişdir: “Həsən səhih hədisdir.Rəsulullahın (salləllahu aleyhi və səlləm) əksər səhabələrinin və elm adamlarının tətbiqi də belədir: Əmmə yalnız iki il daxilində süd qohumluğu edər, tamamlanmış iki ildən sonrakı əmmə heçnə etməz. Fatimə bint Munzir İbn Zubeyr İbn Əvvamdır. O, Hişam İbn Ürvənin zövcəsidir.

Mən də deyirəm ki, bu hədisi yalnız Tirmizi rəvayət etmişdir. Onun raviləri Buxari və Muslimin şərti üzrə olan raviləridir. “Ancaq döşdən” sözünün mənası, iki ildən əvvəl süd əmmək yerindən deməkdir. Necə ki, Əhməd hədisində demişdir: Vəki ilə Ğundərdən, onlar da Şubədən, o da Adiy İbn Sabitdən, o da Bəra İbn Əzibdən onun belə dediyini rəvayət etmişdir: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) oğlu İbrahim vəfat edəndə o dedi: “Oğlum öldü, onun cənnətdə bir süd anası olacaqdır.” Buxari, Şubədən bu şəkildə təxric etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi. Çünki oğlu İbrahim (aleyhi salam) bir il on aylıq vəfat etmişdir. O da: “Onun cənnətdə bir süd anası olacaqdır” buyurdu. yəni, onun əmməsi tamamlanacaq. Bunu Daraqutninin Heysəm İbn Cəmildən, o da Sufyan İbn Ueynədən, o da Amr İbn Dinardan, o da İbn Abbasdan rəvayət etdiyi aşağıdakı hədis də dəstəkləyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Süd qohumluğunu yalnız iki il daxilində olan əmmə edər.» Sonra Daraqutni demişdir: Bunu Heysəm İbn Cəmildən başqası İbn Ueynədən sənədlə rəvayət etməmişdir. O, etibarlıdır və hafizidir.

Mən də deyirəm ki, bunu imam Məlik “Muvatta” əsərində Səvr İbn Zeyddən, o da İbn Abbasdan məvquf olaraq rəvayət etmişdir. Bunu Dəraverdi, o da Səvrdən, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etmiş və: “iki ildən sonrakı, bir şey deyil” cümləsini əlavə etmişdir. Bu daha səhihdir.

Əbu Davud Təyalisi, Cabirdən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: «Süddən kəsildikdən sonra əmmə, həddi-buluğa çatdıqdan sonra da yetimlik yoxdur.» Bu hədisin tam dəlalət etdiyi məna “süddən kəsilməsi iki ildir, mənə şükür et” (Loğman, 14) və “daşıması ilə süddən kəsilməsi otuz aydır” (Əhqaf , 15) ayələrində gələcək. İki ildən sonra əmizdirmənin süd qohumluğu etməyəcəyi Əli, İbn Abbas, İbn Məsud, Cabir, Əbu Hureyrə, İbn Ömər, Ummu Sələmə, Səid İbn Musəyyab, Əta və cumhurdan rəvayət edilmişdir. Şəfii, Əhməd, İshaq, Səvri, Əbu yusuf, Muhəmməd və Məlikdən olan bir rəvayətdə, onlar da bu məzhəbdədirlər. Ondan olan başqa bir rəvayətdə bunun müddəti iki il iki aydır. Bir rəvayətdə isə, iki il üç aydır. Əbu Hənifə: «İki il altı ay» — demişdir. Zufər İbn Huzeyl isə: «Əmizdirdiyi vaxt üç ilə qədər uzanar» — demişdir. Bu Əvzaidən də rəvayət edilmişdir. Məlik demişdir: «Əgər uşaq iki ildən az vaxtda süddən ayrılarsa və onu ayrıldıqdan sonra başqa qadın əmizdirərsə, süd qohumluğu olmaz. Çünki o, yemək halındadır.» Əvzainin rəvayəti də belədir. Ömər və Əlidən də: «Süddən kəsildikdən sonra əmmə yoxdur.» – dedikləri rəvayət edilir. Ehtimal edilir ki, onlar cumhurun dediyi kimi, iki ili qəsd etmişlər. Burada süddən kəsilib kəsilməməsi eynidir. Başqa ehtimala görə onlar Məlikin dediyi kimi əməli qəsd etmişlər. Allah ən doğrusunu biləndir.

İki Səhihdə deyilmişdir: «Aişə, böyük uşağı əmizdirməklə də süd qohumluğu olmasını iddia edirdi.» Əta İbn əbu Rəbah ilə Leys İbn Sad da bu fikirdədir.  Aişə, qadınlara onların yanına gəlmək istəyan kişiləri qadınların onları əmizdirməyini əmr edərdi. Əbu Huzeyfənin mövlası olan Səlimin hədisini buna dəlil gətirirdi. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əbu Huzeyfənin zövcəsinə onu əmizdirməyi əmr etdi, o da böyük idi. O da bu əmmə ilə onun yanına girərdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) digər zövcələri bunu qəbul etməyib, xüsusi bir hal olduğunu söyləmişlər. Cumhur da bu fikirdədir. Cumhurun – dörd imamın, yeddi fəqihin, böyük səhabələrin və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Aişə xaric zövcələrinin – dəlili, İki Səhihdə Aişədən rəvayət edilən bu hədisdir: «yanınıza girən qardaşlarınıza yaxşı baxın, əmmə yalnız aclıqdan olar.» Əmmə məsələsi və böyüyün əmməsi ilə əlaqədar məsələlər “Sizi əmizdirən analarınızdır” (Nisə, 23) ayəsində gələcək.

Anaların yeməyi və geyimi müvafiq qaydada uşağın atasının üzərinə düşür” yəni, anaların dolanışığı və ürfə görə geyimi uşağın atasının üzərinə düşür. Burada yaşadığı yerin maddi əmsalları israf edilmədən və əskiltmədən diqqətə alınır. Burada zənginlik və orta hal durumu  nəzərdə tutulur. Allah Təala buyurur: “Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir” (Talaq, 7). Dəhhak demişdir: Adam zövcəsini boşasa və ondan bir uşağı olsa, qadın da onun uşağını əmizdirsə, qadının dolanışığı və geyimi müvafiq qaydada atanın üzərindədir.

Nə anayə öz övladına görə zərər yetirilməz” Məsələn, qadın uşağın ata tərbiyasindən məhrum etməsi və ya atasına zərər vermək üçün uşağı qəbul etməməsi. Amma qadın uşağı dünyayə gətirən zaman, əksər halda o süddən başqa heç bir şeya ehtiyacı olmadığından anası onu qəbul etməyə bilməz. Bundan sonra istəsə qəbul etməyə bilər. Amma atasına zərər yetirmək istəyirsə, bu da halal sayılmaz. Eyni zamanda atanın da anayə zərər yetirmək üçün uşağı ondan ayırması halal deyil. Buna görə də deyilmişdir: “nə də atayə” yəni, anayə zərər yetirmək üçün uşağı ondan ayırması. Bunu Mucahid, Qatadə, Dəhhak, Zuhri, Suddi, Səvri, İbn Zeyd və digərləri demişlər.

Onun eyni misli varisin üzərinə düşür” qohumlara zərər yetirməmək də deyilmişdir. Bunu Mucahid, Şəbi və Dəhhak demişdir. Bu cür də deyilmişdir: «Uşağın atasının üzərinə düşən ananın dolanışığı, haqlarını yerinə yetirilməsi, ona zərər verilməməsi eyni şəkildə varisin də üzərinə düşür.» Bu cumhurun görüşüdür. İbn Cərir bunu təfsirində geniş şəkildə açıqlamışdı. Hənəfi və Hənbəlilərdən, qohumların bir-birinə dolanışığında kömək etməsi vacibdir deyanlər bunu dəlil gətirmişlər. Bu, Ömər İbn Xəttab ilə sələfin cumhurundan da rəvayət edilmişdir. Həsənin Səmurədən mərfu olaraq rəvayət etdiyi “Kim məhrəm bir qohumunu kölə olaraq satın alsa, azad olar” hədisi də bunu gücləndirər.

Belə də deyilmişdir: iki ildən sonra əmizdirmək uşağın bədəninə yaxud ağlına zərər verir. Sufyan Səvri demişdir:  Aməşdən, o da İbrahimdən, o da Əlqamədən nəql etmişdir ki, o, iki ildən sonra uşağı əmizdirən qadını görüb, onu əmizdirmə demişdir.

Əgər özlərinin razılığı və məsləhəti ilə süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz” yəni, uşağı iki ildən öncə ona zərər vermədən süddən kəsmək barəsində məşvərət edib birgə qərara gələrlərsə ki, uşağa bu xeyirlidi onlara günah olmaz. Bu o deməkdir ki, bu məsələdə tək qərar vermək yetərli deyil. Bir-biri ilə məşvərət etmədən bir valideynin bu məsələdə özbaşına qərar verməsi icazəli deyil. Bunu Səvri və digərləri demişdir. Bu, uşaq üçün edilən ehtiyatdır və onun məsələsinə baxmağı tələb edir. Bu da Allahın qullarına olan rəhmətdir. Çünki O, uşağın tərbiyasini onun valideynlərinə həvalə etmiş, onlara və uşağa nə yararlıdırsa onu göstərmişdir. Necə ki, Talaq surəsində buyurur: “Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliya salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin”.

“Əgər siz müvafiq qayda üzrə ödəyib uşaqlarınızı əmizdirmək istəyirsinizsə, sizə heç bir günah olmaz” yəni, ana və ata, qadının yaxud kişinin üzrlü səbəbdən təşəbbüsü ilə uşağın ondan ayrılmasında və bir arayə gəlib onu əmizdirmək üçün başqa qadına verməkdə və keçmiş qarşılığını yaxşı şəkildə ödəmədə atayə günah yoxdur. Başqa qadın da, atanın uşağını bəlli ödənişi qəbul etməklə əmizdirər. Bunu çoxları demişlər.

Allahdan qorxun” yəni, bütün hallarınızda qorxun deməkdir. “Bilin ki, Allah nə etdiyinizi görür” yəni, halınızdan və sözünüzdən Ona heç nə gizli deyildir.